Yeni qərar ölkə turizmində yaranan durğunluğa son qoya biləcək?
Turizm Azərbaycan üçün labüd və zəruri olan bir sahə kimi artıq hər ötən gün öz əhəmiyyətini daha çox göstərir. COVİD-19 epidemiyasının iflic duruma saldığı sahələrdən biri də turizm sektoru oldu. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən, karantin şərtlərinin yumşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tətbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin yenidən öz işini bərpa etməsi ilə bağlı qərar verildi. Yeni qərar daxili turizmdə yaranan durğunluğa son qoyacağı ümidlərini artırır.
Bəs pandemiya şəraitində turizm şirkətləri həm böhran vəziyyətindən çıxmağı, həm də vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm vermək kimi mühüm vəzifənin öhdəsindən gəlməyi bacaracaq?
Bununla bağlı Milli.Az Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü və Ekspertlər Şurasının rəhbəri Göydəniz Qəhrəmanovun fikirlərini öyrənib:
“Bildiyiniz kimi, mart ayından etibarən turizm sektoru pandemiya səbəbindən tam olaraq fəaliyyətini dəyandırmışdı. Bir neçə ay gözləmədən sonra turizm sənayesi ilk addımlarını atmağa başladı. Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsilə sentyabr ayının 8-dən ölkədaxili şəhərlərarası gediş-gəlişə icazə verildi (böyük avtobuslar istisna olmaqla). Bununla yanaşı turizm şirkətlərinin və otellərin sanitar normaları qorumaqla işləmələrinə icazə verildi. Eyni zamanda, bildirmək istəyirəm ki, Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış “SAHMAN” (Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı) proqramı üzrə Respublikada olan otellərin monitorinqi keçirilir. Bu standartlar otellərdə COVİD-ə yoluxma risklərini azaldır. Vətəndaşlarımız regionlarda rahatlıqla istirahət edə bilərlər.
Getmə turizmdə də ilk addımları görürük, artıq bir neçə ölkəyə birbaşa uçuşlar başlayıb. Hər iki ölkənin razılığı əsasında həyata keçirilən uçuşlar zamanı sərnişinlər mütləq qaydada COVİD testlərinin neqativ cavabından sonra təyyarəyə buraxılır. Aydın məsələdir ki, insanların sağlığı daha vacibdir.
Ümid edirik, yaxın gələcəkdə dünyada pandemiya bitər və gəlmə turizm də öz işinə başlayar. Beləliklə, turistlərin də Azərbaycana yenidən axını reallaşar. Bu məsələlər mərhələli şəkildə öz həllini tapacaq. Buna bir az vaxt lazımdır”.
Rayon yolları açıldı, otelə gedənlər bu qaydalara əməl etməlidir
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirus pandemiyası dövründə Azərbaycanda otellərin fəaliyyətinin təşkili qaydalarında dəyişiklik edib. Yeni qaydalara görə, mehmanxanalarda dezinfeksiya tədbirləri gücləndirilməlidir. Otel daxilində insanların kütləvi toplaşması ilə bağlı say məhdudiyyəti tətbiq edilməlidir. Sosial məsafənin gözlənməsi üçün baryerlər qoyulmalıdır. Həmçinin işçi heyətlə təması minimuma endirmək üçün qonaqlara telefon, elektron poçt və digər tətbiqlər vasitəsilə əlaqə imkanları yaradılır. Bütün bunlar hotelləri öz işini pandemiya şərtləri çərçivəsində yenidən qurmağa məcbur edir. Digər tərəfdən, artıq bir neçə gündür ki, Bakı və regionlar arasında gediş-gəliş də bərpa olunub. Bu da daxili turizmdə canlanma vəd edir. Artıq Dövlət Turizm Agentliyi pandemiya dövründə karantin məkanları kimi istifadə olunan hotellərin kütləvi şəkildə rezervasiya edildiyini açıqlayıb.
Bəs hazırda bölgələrdəki turizm məkanları yeni qaydalar çərçivəsində qonaqları necə qarşılayır? “Qafqazinfo” bununla bağlı cənub bölgəsində mehmanxanalara baş çəkib, vəziyyətlə maraqlanıb.
İlk səfərimiz Lənkəran rayonunda yerləşən beş ulduzlu “Khazar Palace” hotelinə oldu. Otelin girişində park olunan avtomobillərin sayı göstərirdi ki, qonaqların sayı kifayət qədərdir.
Otelin İnsan resursları şöbəsinin müdiri Elnur Əliyevin sözlərinə görə, rayonlararası gediş-gəliş məhdudiyyətlərinin aradan qaldırılmasından sonra hotelə onlayn şəkildə rezervasiyalar daxil olur: “Sevindirici haldır ki, insanlar istirahət üçün müraciət edirlər. Nazirlər Kabinetinin son qərarı və “Səhman” proqramına əsasən, bütün qabaqlayıcı tədbirləri tamamlamışıq. Təlimatlar bütün şöbələrə paylanıb, işçilər məlumatlandırılıb. Çalışırıq ki, rezervasiyalar maksimum onlayn şəkildə olsun. Ödənişlər də onlayn formada, ən azı post-terminallar vasitəsilə həyata keçirilir. Otelin ictimai-iaşə zonalarında da həmçinin masalar arasındakı məsafə də qorunur. Qonaqlar yola salındıqdan sonra minimum 3 saat otaqların havalandırılmasına vaxt ayrılır. Bütün qonaqlara maska təklif edirik. Hər mərtəbədə, otaqlarda dezinfeksiyaedici məhlullar qoyulub. Çalışırıq ki, liftdən deyil, pilləkənlərdən istifadə olunsun”.
Oteldə ən diqqətçəkən məqam girişdə xüsusi dezinfeksiya aparatı var. Hotelin həyətinə daxil olan şəxs əşyaları ilə birlikdə həmin aparatdan keçirilirək dezinfeksiya olunur. Həmçinin hər bir turistin məsafədən ölçə bilən termometrlə hərarəti ölçülür. Bundan əlavə, hoteldə xüsusi karantin otağı da ayırıb. Əgər hotelə gələn müştəridə virus əlamətləri aşkarlanarsa, o izolyasiya edilərək həmin otağa yerləşdirilir. Aidiyyati orqanlara məlumat verilir və onun tibbi müayinəsi həyata keçirilir.
E. Əliyevin bildirdiyinə görə, sentyabrın 8-dən etibarən rezervasiyalarda yavaş-yavaş artım müşahidə olunur. Hazırda hotelin doluluğu 40 faizdir.
Masallı rayonunda yerləşən “Vilesh Palace Hotel”də də eyni mənzərə ilə qarşılaşırıq.
Gələn qonağın hotelin girişində hərarəti yoxlanır. Əllərinə dezinfeksiyaedici məhlul vurulduqdan sonra həyətə daxil olur. Hotelin direktoru Loğman Qarayevin sözlərinə görə, koronavirus infeksiyası ilə əlaqədar bütün lazımi dezinfeksiya işləri görülüb. Aparatlar quraşdırılıb, işçilərə təlimlər keçilib. “Qonaqlar çek-aut etdikdən 3 saat sonra otağı yenidən satışa veririk. Hər iki saatdan bir otaqlar havalandırılır. Çox istifadə olunan yerlər, məsələn resepşn, qapı qolları dezinfeksiya olunur. Hovuz ərazilərindən istifadə ilə bağlı da şərtlər var. Bir nəfər üçün 8 kv metr ərazi müəyyənləşdirilib. Bütün işçilər bununla bağlı məlumatlandırılıb. Otelə gələn qonaqlardan təhlükəsizliyə riayət etmək üçün kovid testi verib-vermədiyi soruşulur. Biz bunun qeydiyyatını aparırıq. Rezervasiyalar, hətta yemək sifarişləri də telefon vasitəsilə həyata keçirirlər. Hoteldə nəğdsiz ödənişlərə üstünlük verilir”.
L. Qarayev də sentyabrın 8-dən bəri rezervasiyalarda artım olduğunu deyib. Onun sözlərinə görə, hazırda otelin doluluğu 50 faiz üzərindədir, həftə sonuna isə yüz faiz doluluq gözlənilir.
Baş çəkdiyimiz otellərdə istirahət edən qonaqlar da yaradılan şəraitdən razılıq edirdilər. “Khazar Palace Hotel”də bir neçə gündür dincələn Yaşar Əhmədov oteldə yeni qaydalara tam riayət olunduğunu bildirib: “Dezinfeksiya işləri görülür, sosial məsafə saxlanır. Biz hətta axşamlar müşahidə edirik ki, bəzən müştərilər masaların yaxın yerləşdirilməsi üçün israr edirlər, amma otel rəhbərliyi buna qarşı çıxır. Qaydalara tam riayət olunur və bu da yoluxmaların sayının azalmasına öz töhfəsini verəcək”.
Nurlana Məmmədova da yeni qaydalara və onlara əməl olunmasına görə məmnundur: “Uzun müddət idi ki, tətildən istifadə edə bilmirdik. Tətil imkanı yaranan kimi istirahət zonaları öz xidmətlərini təqdim etdilər. İki gündür ki, burada dincəlirik. Xidmətlərdən razıyıq. İstirahət edənlərin sayı azdır. Bu da görünür pandemiya şərtlərinə görə belədir. İstər qidalanma, istər istirahət yerində sosial məsafə qorunur. Uşaqlar hovuzda əylənərkən belə nəzarətdədirlər. Hovuza 3-4 uşaqdan artıq buraxılmır”.
Yollar açılıb: Daxili turizmdə canlanma varmı? – RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Belə ki, qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minib.
Maraqlıdır ki, daxili turizmdə vəziyyəti necədir? Bölgələrdə canlanma varmı?
Bu barədə Cebhe.info-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, edilən monitorinqlərin nəticəsinə görə, sifarişlər intensivləşib:
“Müxtəlif regionlardan aldığımız məlumata görə, bu sahədə sifarişlər intensivləşib, canlanma gözlənilir. Yay mövsümü bitməyib, ona görə də insanların gediş-gəlişi artıb. Biz monitorinqlərimizi davam etdiririk. Monitorinqlərimizin cavabları müsbətdir. Yəni otellər pandemiya dövründə Nazirlər Kabineti tərəfindən verilən qaydalara əməl edir. Otellərə “sahman” nişanı verilib. Bu da vətəndaşımızda əminlik yaradır ki, həmin oteldə qaydalar əməl olunur. Əsas məsələ odur ki, insanlarımızın sağlamlığını təmin edək. Bu çərçivədə də maarifləndirici işlər görülür. Eyni zamanda vətəndaşlara da bildirmişik ki, otellərdə hansısa təhlükə var, qaydalara riayət olunmur, dərhal Dövlət Turizm Agentliyi ilə əlaqə saxlasınlar”.
Gələn il turizm sektoru rekord qıracaq
Proqnozlara görə, 2021-ci ildə ölkəmizdə ən sürətli inkişaf tempinə 35.7%-lə turizm sektoru başçılıq edəcək. Gezmeli.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, daha sonra informasiya və rabitə (9%), kənd təsərrüfatı (4.9%) sektorlarının artımı gözlənilir.

Dünyanın ən varlı kəndi: Qızıldan hazırlanan heykəl, 826 otaqlı otel…
Çinin Cianqsu əyalətində yerləşən bu kənd bəlkə də dünyanın ən maraqlı və qeyri-adi yerlərindən biridir. Huaxi kəndi sözün əsl mənasında yeganə kənddir.
Bura Çinin ən zəngin kəndi kimi tanınır. Təxminən 1500 nəfər əhalisi və 380 ailəsi olan bu kəndin tayıbərabəri yoxdur. Kəndin bir çox gəlir mənbəyi var. Kəndin əmlakından əldə olunan gəlirin artığı kəndlilər arasında bölüşdürülür. Kənddəki hər ailəyə bir maşın verilib.

Huaxi, əslində bir kənddən daha çox bir müəssisə kimi işləyir və kəndlilər “bu müəssisənin səhmdarları”dır. Kəndin əsas gəlir mənbələri dəmir və polad, ağır sənaye və toxuculuqdur, lakin kənd hər gün əhalisinə yeni qazanc mənbələri taparaq sərvətinə zənginlik qatır. Ən zəngin kənd adına sahib olan Huaxi, yeni başlatdığı turizm ilə ildə milyonlarla turisti qəbul edir.
Kənddə hamı icazəsiz işləyir. Bu kənddəki fabriklərdə Çinin digər bölgələrindən gələn işçilər də çalışır. Həftənin 7 günü işləyən kəndlilər qazancları ilə hər kəsi təəccübləndirir.
Bəs həftənin 7 günü işləyən bu insanlar dünyanın qalan hissəsini necə görəcəklər?
Kəndin qurucusu və başçısı Yu Renbao buna da bir həll yolu tapıb. Huaxi kəndində dünya şöhrətli turistik yerlərin təkrarları var. Ölkənin şimalındakı Çin səddi, Pekindəki “Qadağan olunan şəhər”, Nyu-Yorkdakı “Azadlıq heykəli”, Sidneydəki Opera Evi və Parisdəki “Triomphe Ark” bunlardan yalnız bir neçəsidir.
72 mərtəbəli göydələn, helikopterlər, lüks avtomobillər və evləri olan bu kənd ziyarətçiləri şoka salır. Kənddə turizm məqsədləri üçün istifadə edilən helikopterlərdən əlavə 2 yük gəmisi də var.

Kəndin göydələninin 60-cı mərtəbəsində təmiz qızıldan hazırlanmış nəhəng bir heykəl də var. Bundan əlavə, kənddə 826 otaqlı lüks və nəhəng bir otel tikilib. Buranın zənginliyini görmək üçün dünyanın hər yerindən turistlər gəlir. Kəndə girər-girməz fərq gözə çarpır. Nəhəng yollar, gözəl evlər və lüks avtomobillər …
Kənddə pulsuz təhsil və səhiyyə xidmətləri də mövcuddur. Bu kənd üçün çalışmalısan ki, bütün bunlardan bəhrələnə və lüks yaşaya biləsən.
Burada lüks villa və avtomobillərdən başqa bir kəndin sahib olması lazım olan şeylər də var. Restoranlar, parklar, bazar, market və bir neçə geyim mağazası. Hətta kənddə 800 antik qalıqların olduğu bir muzey də var. Kənddəki bəzi evlərin tikintisində qızıldan istifadə edildiyi iddiaları da var. İddialara görə, kimsə bu kəndi tərk etmək istəsə, özləri ilə heç bir şey götürə bilməzlər. Bankdakı pullarından istifadə etmək üçün icazə almaları lazımdır. Pullarını bankdan çıxardıqları təqdirdə, yenə də kənddən bir əmlak və ya torpaq almaq üçün istifadə etməlidirlər. Əks halda banklardan pul çəkmələrinə icazə verilmir. Burada nə qədər zəngin olsan da, var-dövlətini kənddən çıxara bilməzsən.
Kəndin qurucusu və başçısı Yu Renbao 2013-cü ildə vəfat edib.
Ölkəmizdəki turizm şirkətlərinə şad xəbər
Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən karantin şərtləri yumuşaldılıb. Bir sıra sahələrin fəaliyyəti bərpa olunub. Rayonlara giriş-çıxışa tətbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün turizm şirkətləri yenidən öz işini bərpa edə bilər.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, artıq turizm şirkətlərinə Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləmələrinə icazə verilir.
“ATAA olaraq turizmin bu çətin dönəmində fəaliyyətini davam etdirən bütün turizm şirkətlərinə işlərində uğurlar diləyirik. İnanırıq ki, qısa zamanda hökumətin və turizmlə birbaşa əlaqəsi olan dövlət qurumlarının dəstəyi və yardımı ilə bu böhran vəziyyətindən də çıxa biləcəyik.
Bir daha turizm şirkətlərinə müraciət edərək metodiki göstərişlərin tələblərinə əməl edilməsini bildiririk. Vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verməyə çağırırıq”, – açıqlamada qeyd olunub.
Azərbaycan Çin beynəlxalq xidmət ticarəti sərgisində təmsil olunub
İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan sentyabrın 4-dən 9-dək Pekində keçirilən Çin beynəlxalq xidmət ticarəti sərgisində (China International Fair for Trade in Services – CIFTIS) iştirak edib. Bu, Azərbaycanın CIFTIS sərgisində ardıcıl ikinci iştirakıdır.
AZƏRTAC xəbər verir ki, Çin dövlətinin bu ildən daha çox əhəmiyyət verdiyi sərgi xidmət ticarəti sahəsində önəmli beynəlxalq platformaya çevrilib. Tədbir Çinin “açılım siyasəti”ndə Çin İdxal və İxrac Sərgisi (Canton Fair) və Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) ilə birgə ən vacib üç sərgidən biri hesab olunur.
Sərginin ölkə və regionlar pavilyonunda vahid stenddə Azərbaycanın investisiya mühiti, nəqliyyat-tranzit və turizm potensialı, sənaye parkları, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, habelə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), “Azərbaycan Hava Yolları” QSC-nin, “Silk Way West Airlines” və “SOCAR-Foster Wheeler Engineering LLC” şirkətlərinin göstərdiyi xidmətlər nümayiş etdirilib. Bununla yanaşı, stendimizdə “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və nar şirələrinin dequstasiyası təşkil edilib. Bu məhsullar sərgi iştirakçılarının böyük marağına səbəb olub və potensial müştərilərlə Azərbaycan məhsullarının Çinə idxalına dair danışıqlar aparılıb.
Qeyd edək ki, Çində cari il ərzində keçirilən ilk irimiqyaslı beynəlxalq sərgi olan CIFTIS onlayn və oflayn rejimdə keçirilib. Sərginin açılış mərasimində Çin lideri Si Cinpin videokonfrans formatında çıxış edib. Tədbirdə 18 minədək yerli və xarici müəssisə öz xidmətlərini nümayiş etdirib və 100 mindən çox insan sərgini ziyarət edib. Səkkiz tematik sektordan ibarət olan sərginin ekspozisiyası sahəsi 200 min kvadratmetrdən çox olub. Sərgi çərçivəsində 240 kommersiya razılaşması imzalanıb.
Dövlət Turizm Agentliyi: Vətəndaşlardan xahiş edirik ki, hotellərdəki problemlər barədə məlumat versinlər
Biz vətəndaşlardan xahiş edirik ki, hotellərdə pandemiya ilə əlaqədar qaydaların tətbiqi məsələsində hər hansı problemin yarandığını gördükdə bu barədə mütləq Dövlət Turizm Agentliyinə (DTA) məlumat versinlər.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiqləyib. Artıq 3 həftədir ki, DTA digər dövlət qurumları ilə birlikdə həftədə 2 dəfə olmaqla, bu qaydaların icrası ilə əlaqədar monitorinqlər keçirir.
Monitorinqlərin nəticələrinin hələlik müsbət olduğunu deyən K.Quluzadə tədbirlərin 229 hoteli əhatə etdiyini nəzərə çatdırıb:
“Hotellərdə qaydaların tətbiqinə nəzarət, hazırkı şəraitdə fəaliyyətin hansı formada qurulması sahəsində sahibkarların və vətəndaşların maarifləndirilməsi məqsədilə yoxlamalar aparılır. Monitorinqlər başlayanda 229 hotellin 70-dən çoxu fəaliyyətini dondurmuşdu. Monitorinq başladıqdan sonra isə 5 hotel fəaliyyətini bərpa etdi. Çünki sahibkarlar gördülər ki, bu qaydalara riayət edə bilirlər”.
K.Quluzadə qeyd edib ki, hazırda hotellər üçün hazırlanan SAHMAN nişanı qaydalara riayət edən hotellərin üzərinə vurulur:
“Biz vətəndaşlardan xahiş edirik ki, hansısa hoteldə qaydaların tətbiqi ilə bağlı problem yarandıqda mütləq DTA ilə əlaqə saxlasınlar. İctimaiyyətin bizi bu barədə məlumatlandırması çox önəmlidir”.
Ekspert: Bu ilin sonuna qədər turizm sektorunda əvvəlki canlanmanı müşahidə edə bilərik
Pandemiya ilə əlaqədar karantin qaydalarının getdikcə yumşaldılması sayəsində bu ilin sonuna qədər turizm sektorunda əvvəlki illərə bənzər canlanma müşahidə edə bilərik.
Bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.
Onun sözlərinə görə, ümumilikdə pandemiyadan sonra rayonlara gediş-gəlişin açılması ölkə turizminin yenidən ayağa qalxması üçün atılmış addımlardan biri oldu:
“Buna qədər Dövlət Turizm Agentliyi ölkə turizminə bu çətin durumda fayda gətirə biləcək bir sıra layihələr hazırlamışdı. Hesab edirəm ki, rayonlara gediş-gəlişin bərpası nəticəsində həmin işlərin effektivliyini yavaş-yavaş görəcəyik. Bunlardan biri SAHMAN proqramıdır ki, burada turizm şirkətlərinin, bələdçilərin, turizm nəqliyyatı əməkdaşlarının və bütün hotellərin pandemiya dövrü turizmində nələr etməli olmaları barədə bütün qaydalar əks edilib. Eyni zamanda, burada həm də turizm müəssisələrinə marketinq dəstəyinin göstərilməsi nəzərdə tutulub”.
Ekspert qeyd edib ki, rayonlara gediş-gəlişin açılması bütün bölgə hotellərində canlanmaya səbəb olacaq:
“Nəinki hotellərdə, eyni zamanda magistral yol kənarlarında fəaliyyət göstərən bütün ictimai iaşə obyektlərində bu canlanma hiss olunacaq. İstənilən halda ölkə turizminin yenidən aktivləşməsi üçün bir addım atılıb. Ümid edirik ki, yumşalmalar davamlı olacaq, bunun sayəsində turizm tədricən əvvəlki həyatına qayıdacaq. Belə olduğu halda turizmçilər ardıcıl yumşalmalar fonunda bu ilin sonuna qədər əvvəlki illərə oxşar aktivliyi görə biləcəklər”.