Ev Blog Səhifə 210

Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

0
Azərbaycan

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistandan olan turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşü baş tutub. Həmçinin Rusiyanın işgüzar turizm sahəsini təmsil edən şirkətlərlə həmin sahə üzrə ixtisaslaşmış yerli turoperatorlar arasında görüş keçirilib.

Görüşlərin əsas məqsədi Bakının və Azərbaycanın digər regionlarının turizm potensialının tanıdılması, təcrübə mübadiləsinin aparılması, Bakıda və regionlarda Azərbaycanın işgüzar tədbirlərin keçirilməsi üçün mövcud potensialının təqdimatı və ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli işgüzar görüşlərin sayını artırmaqdır.

Azərbaycan

Hindistan turoperatorları ilə B2B xarakterli tanışlıq görüşündə 50 yerli turizm şirkəti iştirak edib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri qiymətləndirilib və mümkün tərəfdaşlıq üçün ikitərəfli əlaqələr müzakirə olunub.

Rusiya turoperatorları ilə eyni xarakterli görüş zamanı Azərbaycan və onun işgüzar turizm imkanları barədə geniş məlumat verilib. Əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan

Dehli Moskva şəhərlərini təmsil edən şirkətlərin Azərbaycanın turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı, Xızı, Siyəzən, Qəbələ, Quba və Qusarda yerləşən hotellər, turizm xidmət obyektləri və tarixi məkanlara səfərlər təşkil edilib.

Xatırladaq ki, 2018-ci ilin sonlarından etibarən Azərbaycan Turizm Bürosunun Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərində rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.

Gürcüstanın rus turistləri itirməsi perspektivi nə dərəcədə realdır? – ANALİTİKA

0
Gürcüstan

İyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi qonşu ölkədə etiraz aksiyasının başlamasına səbəb oldu. İnsidentin ardından parlamentin spikeri İrakli Kobaxidzeistefa verdi, ölkə başçısı isə öz “Facebook” səhifəsində Rusiyanı “düşmən” və “işğalçı” adlandırdı. Bundan sonra Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstanla sərnişin avia daşınmalarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzaladı. Rusiyanın Nəqliyyat Nazirliyi 8 iyuldan Gürcüstan avia şirkətlərinin də Rusiya ərazisinə uçuşlarının dayandırılacağını elan edərək bunu lazımi təhlükəsizlik səviyyəsinin təmin olunmasının gərəkli olması və vaxtı keçmiş borcun mövcudluğu ilə əlaqələndirdi. Qadağanın məhz iyulun 8-də quvvəyə minməsi isə əksər turların məhz həmin tarixə kimi başa çatması ilə bağlıdır.

Iki ölkə arasında sərnişin avia daşınmalarının müvəqqəti olsa da, dayandırılması Rusiyadan qonşu ölkəyə edilən səfərlərin azalmasına gətirib çıxarsa da, əhəmiyyətli olmayacaq. Belə ki, səfərlərin çox az bir hissəsi turlar vasitəsilə həyata keçirilir. Rusiyanın Turoperatorlar Assosiasiyasının məlumatına görə, hazırda Gürcüstanda turoperatorların xətti ilə 5-7 min turist var. Sərbəst şəkildə səyahət edənlər isə 2-3 dəfə çoxdur.

Gürcüstan

Hadisələrin ənənəvi olaraq Gürcüstana səfər edən rus turistlərin digər ölkələrin xeyrinə seçim etməsi həddinə gəlməsi üçün bir sıra faktorların reallaşması vacibdir. Əvvəla Rusiyaya qarşı aqresiv ictimai fikir artan proyeksiya üzrə inkişaf etməlidir və turistlərin təhlükəsizlik məsələsi ön plana çıxmalıdır. Digər bir faktor isə milli qürurdur. Bunun bariz nümunəsi kimi 2015-ci ilin noyabr ayında Türkiyə tərəfindən Rusiyaya məxsus Su-24 bombardımançının vurulmasıdır. O zaman Rusiyanın Türkiyədən üzrxahlıq gözlədiyi bir halda bunu ala bilməməsi iki ölkə arasında münasibətlərin kəskin pisləşməsinə gətirib çıxardı ki, bu da Türkiyənin turizm sektoruna ciddi zərbə vurdu.

İndiki halda isə Gürcüstanda fəaliyyət göstərən kinoteatrların rusdilli filmlərin nümayişini dayandırması, futbol üzrə milli liqasında iştirak edən bəzi klubların futbolçularının “Gürcüstan ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunub” şuarlı yazılı köynəklərlə çıxmaları gərginliyin eskalasiyasından xəbər verir. Gürcüstan Turoperatorları Assosiasiyasının sədri Saba Kiknadzenin turizm sektorunun rusdilli xidmət göstərən işçilərinin bundan sonra fokusu MDB-nin digər ölkələrinə və Şərqi Avropa ölkələrinə çevirməli olduqlarını deməsi isə hazırkı mərhələdə optimizm üçün arqumentlərin kifayət qədər az olmasından xəbər verir. Kiknadze daha da irəli gedərək Rusiyadan gələn turistlərin sayının azalacağını və yenilərinin cəlb olunmasının vacibliyini deyərək bu prosesin il yarıma yaxın vaxt alacağını əlavə edib.

Gürcüstan

Rusiyadan gələnlərin Gürcüstan üçün əhəmiyyətini statistik göstəricilərdə daha aydın görmək olur. Rəsmi statistikaya əsasən, ötən il Gürcüstana 8,7 milyon əcnəbi ziyarətçi səfər edib ki, onların 4,7 milyon nəfərini turistlər təşkil edib. Azərbaycandan sonra (1 424 610 nəfər) Gürcüstana 2018-ci ildə ən çox səfər edənlər arasında ikinci yeri məhz Rusiya (1 404 757 nəfər) tutur.

Təkcə bu ilin mayında Rusiya vətəndaşları qonşu ölkəyə 172 min səfər ediblər ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 53,2% çoxdur.

Ötən ilin 11 ayının göstəricisinə əsasən, Gürcüstan turizmdən 3,2 milyard ABŞ dolları əldə edib.

Rus turistlərlə bağlı ən pis ssenarinin reallaşması Gürcüstan üçün hansı iqtisadi itkilərə gətirib çıxaracağını rəsmilər də yaxşı anlayırlar. Gürcüstan prezidenti xanım Zurabişvilinin “Rusiyalı turistlər Gürcüstana gəlməyə davam etməlidirlər, çünki bu ölkəni sevirlər” yönündəki son bəyanatı da bu qəbildəndir.

Baş verənlər fonunda region ölkələrinin rus turistlərin marağını cəlb etmək istiqamətində aktivləşəcəyi şübhə doğurmur. Bu ölkələr arasında daha inkişaf etmiş dənizkənarı turizm infrastrukturuna və geniş ekoloji turizm imkanlarına malik Azərbaycan favorit sayıla bilər. Azərbaycan mədəniyyətinin ruslara yad olmaması, yerli əhalinin qonaqpərvərliyi onların burada özlərini komfortda hiss etməsini təmin edəcək. Bir məqamı isə diqqətdən qaçırmaq lazım deyil. Rus turistlər Ərəb turistləri deyil. Gürcüstana gələn rus turistlər, əsasən, çox da baha olmayan istirahətdən yararlanırlar. Bütün hallarda turizmdən tək onun özünün yox, ətraf sahələrin də qazandığını nəzərə alaraq 100 minlərlə rus turistin Azərbaycana üz tutmasının artıq olmayacağı şübhəsizdir. 




Minskdə idman və turizm bayramı – Uduzan ermənilər, qazanan belaruslar – REPORTAJ

0
Minsk

Artıq 5 gündür Minskdəyik. Artıq 8 medalımız var. İlk 3 yarış gününə sığan bu qədər medalın 3-ü akrobatlardan ibarət Ruhidil QurbanlıAbdulla əl-Məşayxi duetindən gəlib. Eyni sayda medalı samboçular əldə edibsə, daha 2 medal cüdoçuların aktivinə yazılıb.

Lakin qızıl medal olmadıqca Azərbaycan ümumi sıralamada medal əyarında geriləyir. Bir qızıl medal vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Əslində belə şanslar ötən gün var idi. Əvvəlcə bu imkanı cüdoçu Rüstəm Orucov qazanmışdı.73 kq çəki dərəcəsində yer alan bayraqdarın finaldakı rəqibi elə də tanınmayan isveçli Tommi Masias idi. Artıq bu görüşədək eyni çəkidəki Hidayət Heydərov 51 saniyəyə gürcü Laşa Şavdatuaşvilinin kürəyini yerə vuraraq, bürünc medal əldə etmişdi. Bu isə zaldakı azərbaycanlı azarkeşlərin, eləcə də görüşləri izləməyə gələn gənclər və idman naziri Azad RəhimovMilli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və müxtəlif federasiyaların rəsmilərinin əhvalını xeyli yüksəltmişdi. Lakin Orucov hesabda öndə olduğu halda, öz səhvindən ipponla uduzdu. Bəlkə də arxayınlığın qurbanı oldu…

Minsk

Görüşdən sonra mükafatlandırma mərasimində Orucovun gümüş medaldan heç də məmnun olmadığını görmək elə də çətin deyildi. Elə miks-zonada da o, bikef idi. Danışmaq istəməyən Orucovu anlamaq elə də çətin deyildi. Əvəzində Heydərov bürünc medalından məmnun görünürdü. Belaruslu jurnalistin müsahibə istəyi qarşısında nə rusca, nə də ingiliscə bildiyini deyən gənc cüdoçuya tərcüməçiliyi bəndəniz etdi.

Bu ərəfədə isə şəhərin mərkəzindəki İdman Sarayından samboçu Ağasif Səmədovun erməni rəqibinə finalda uduzması xəbəri gəldi. Yeri gəlmişkən, Azərbaycan – Ermənistan rəqabəti Minsk arenalarında demək olar ki, hər gün baş verir. İlk belə duel samboda ilk yarış günündə Mehman Xəlilovun Maksim Manukyanı məğlub edərək, bürünc medal qazandığı görüşə təsadüf etdi. Daha sonra estafeti boksçu Lorenso Sotomayor aldı. Kubalı legioner Qurgen Madoyana qalib gəldikdən sonra azərbaycanca açıqlamaları ilə də fərqləndi. Ötən gün isə həm Rüstəm Orucov, həm də Hidayət Heydərov Ferdinand Karapetyanı məğlub etdilər.

Minsk

Hər nə qədər məsələni siyasiləşdirməməyin gərəkliyindən danışılsa da, Manukyanın Xəlilova məğlubiyyəti həzm etmək istəməməsi anlaşılmaz idi. Halbuki o, kifayət qədər böyük fərqlə – 1:9 hesabı ilə uduzmuşdu.

İlk dəfədir ki, kompleks yarışa ölkənin aparıcı nəşrləri və televiziyalarından bir qrup jurnalist ezam olunub. Bu məsələdə Gənclər və İdman Nazirliyinin xüsusi rolunu qeyd etmək lazımdır. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın jurnalistlərə göstərdiyi diqqət, yarış məkanlarında özünün belə açıqlamalar alaraq, bizə köməyini təqdirəlayiqdir. Təkcə bir faktı xatırlatmağa dəyər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Atletlər Kəndinə gəlişindən xəbər tutan kimi o, dərhal jurnalistlərin məkana gəlişini təmin etdi.

Bir qədər də idman obyektləri barədə. Burada əksər arenalar şəhərin mərkəzində yerləşir. Nisbətən uzaqdakı arenalara isə əsasən metrodan yararlanmaqla çatmaq mümkündür. Eyni zamanda Minskdə trolleybusların xidmətindən geniş yararlanmaq mümkündür. Obyektlərin əksəriyyəti əvvəlcədən hazır olduğundan, çox da ciddi xərc çəkmək lazım gəlməyib. Yalnız açılış mərasiminin keçirildiyi “Dinamo” Milli Olimpiya Stadionu yenidən təmir edilərək müasir görkəmə salınıb.

İdman obyektləri dəbdəbəli olmasa da, müasirdirlər. Olduğumuz məkanların hər birinin təmirli, səliqəli olduqları diqqətdən yayınmır. Demək olmaz ki, Belarus Avropa Oyunlarına ev sahibliyi etməklə sayca ikinci belə kompleks yarışın əhəmiyyətini öldürür. Hər bir arenanın girişində mühafizəçilər tamaşaçıların əl çantalarını yoxlayır, böyük çantaları isə saxlama kamerasına göndərirlər. Könüllülər isə lazım olduqda səni zala və ya digər yerə müşayiət edirlər. Düzdür, aralarında məsələn, media tribunasının yerini belə tanımayanlar olur. Amma belə hallara Bakıda keçirilmiş ilk Avropa Oyunlarında da rast gəlinirdi. Zallar tam dolu olmasa da, bilet alıb içəri keçənlər yetərincədir. Aralarında ailəsi, yaxınları ilə gələnlər də var. Ən böyük zallardan sayılan “Çijovka Arena” əslində buzüstü hokkey üçün tikilib. Ölkə prezidenti Aleksandr Lukaşenkonun da böyük maraq göstərdiyi bu idman növü Belarusda kifayət qədər populyardır.

Minsk 2019“un “Bakı 2015“dən əsas fərqi fan-zonalarla bağlıdır. Demək olar ki, əksər idman obyektində və yaxınlığında azarkeşlər üçün əyləncə məkanları qurulub. Ən çox fəallıq şəhərin mərkəzində müşahidə olunur. Azərbaycan gününün də keçirildiyi fan-zonaya hər gün gələn insanların sayı minlərlədir. Qiymətlər də normal olduğundan, onlar istədikləri içki və yeməyi sifariş edə bilirlər. Tam əminliklə demək olar ki, Belarus Oyunlardan qazanc da əldə edə bilir. Xüsusən, asiyalı ərəb, iranlı turistlərlə qarşılaşa bilərsən.

Bir sözlə, Belarus II Avropa Oyunlarının mövcud imkanları daxilində yüksək səviyyədə keçməsi üçün əlindən gələni edib. İndiyədək hər hansı ciddi insident baş verməyib. Burada həm Avropa Oyunlarının, həm də idman ölkəsi imici qorunmaqdadır. Qalır yarışlarda özünü göstərmək…




Antalyaya gələn turistlərin sayı onun əhalisinin sayını iki dəfə ötüb

0
Antalya

İyunun 15-ə qədər Türkiyənin Antalya şəhərinə 180 ölkədən 4,943 milyondan çox turist gəlib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Türkiyənin turizm mərkəzinə keçən il təxminən 14 milyon xarici turist səfər edib. 2019-cu ildə 2,5 milyon nəfər əhalisi olan Antalyaya yeni rekord sayda turistlərin gələcəyi gözlənilir.

Antalyanın Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, dünyanın məşhur turizm mərkəzləri sırasına daxil olmuş Türkiyənin turizm paytaxtına iyunda 1,643 milyondan çox xarici turist səfər edib. İyunun 22-ə olan məlumata görə, Antalyaya baş çəkmiş əcnəbilərin sayı 4,943 milyon nəfəri ötüb.

Antalyada gələn turistlərin sayında Rusiya və Almaniya vətəndaşları liderlik edir. Qeyd edilir ki, 2018-ci ilin analoji dövründə Antalyaya 4,214 milyondan çox insan gəlib.

İlin sonuna kimi Türkiyənin turizm paytaxtına 14 milyondan çox insanın baş çəkəcəyi gözlənilir.

“Gürcüstan hava yolları”: Rusiyaya uçuşlar davam etdirilir

0
Təyyarə

Rusiyaya uçuşlar qrafikə uyğun olaraq normal qaydada davam etdirilir.

Bu barədə “Gürcüstan hava yolları” aviaşirkətinin yaydığı məlumatda bildirilib.

Milli aviadaşıyıcı Gürcüstana səfər etmək istəyən sərnişinlərə müraciət edib:

“Sizi turizm mövsümündə Gürcüstana səfər etməyə dəvət edirik. “Gürcüstan hava yolları” sizin təhlükəsiz və rahat birbaşa uçuşlarınızı təmin edəcək”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti V.Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib.

Gürcüstan hava yolları” şirkəti Tbilisidən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe vodı, Voronej və Ufa şəhərlərinə birbaşa uçuşlar həyata keçirir. Bu şirkətlə yanaşı Gürcüstanın “My way airlines” şirkəti də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinə uçuşlar yerinə yetirir. Bu arada Gürcüstanın aviaşirkətlərinə Rusiyaya uçuşların dayandırlması ilə bağlı xəbərdarlığın iyunun 24-də təqdim olunacağı gözlənilir. 

Quba Destinasiya Menecmenti Təşkilatı ictimaiyyətə təqdim edilib

0
Quba Destinasiyası

İyunun 21-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Quba Destinasiya Menecmenti Təşkilatının ictimaiyyətə təqdim edilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edib. Təmsil etdiyi qurumun regional turizmə böyük önəm verdiyini və regionlarda turizmin inkişaf etdirilməsinin əsas məqsədlər sırasında olduğunu diqqətə çatdırıb.

O, ilk pilot layihə olaraq Destinasiya Menecmenti Təşkilatı üçün Quba Qusarın seçilməsinin təsadüfi deyil. Bu rayonların Azərbaycana gələn turistlərin ən çox üz tutduğu rayonlar sırasında yer aldığını bildirib. Agentliyin sədri layihənin davamı olaraq Şəkidə də Destinasiya Menecmenti Təşkilatının açılacağını söyləyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid gələcəkdə turizm potensialı yüksək olan digər rayonlarda da bu növ idarəetmə modellərinin tətbiqinin planlaşdırıldığını qeyd edib. O, həmçinin cənub bölgəsində Lənkəran, qərb bölgəsində isə Gəncə şəhərində Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlayacağını açıqlayıb.

Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək. Həmçinin qeyd olunan təşkilatlar yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulması və insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasına xidmət edəcək.

Xarici turistlər üçün “Yanardağ”a giriş haqqı artırılıb

0
Yanardağ

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma və bərpa işləri aparılıb. İstifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari il avqustun 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 AZN olacaq.

Qiymət artımı yerli turistlərə şamil olunmur. Yerli ziyarətçilər üçün bu qiymət 2 AZN, tələbə biletini təqdim etməklə tələbələr üçün 1 AZN təşkil edir. 18 yaşınadək yeniyetmələr, Milli qəhrəmanlar, müharibə veteranları, I II qrup əlillər üçün qoruğa giriş ödənişsizdir.

Bundan əlavə, “Yanardağ” və “Atəşgah məbədi” qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 manatlıq biletlər var. Həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur.

Xarici turistlər üçün paket olaraq turlar təşkil edən turizm agentlikləri özləri haqqında məlumatı (ad, soyad, VÖEN, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış)iyulun 1-dək turizm xidmətlərinin göstərilməsinə dair rəsmi olaraq bağlanılmış müqavilələr var. İyulun 20-dək info@yanardag.az email ünvanına göndərməklə qeydiyyatdan keçə və bununla da cari ilin sonunadək əvvəlki qiymətlərlə bilet əldə edə bilərlər.

Qeyd olunan şərtlər yalnız göstərilən tarixə qədər (20 iyul 2019-cu il) qeydiyyatdan keçən şirkətlərə şamil olunacaq.

Turistlərin rahatlığı üçün qoruğa giriş biletləri bilet satışı ofisi ilə yanaşı, www.iticket.az və qoruğun rəsmi veb-saytından (www.yanardag.az) onlayn əldə edilə bilər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 17 iyul 2018-ci tarixli Sərəncamına əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılıb. Bərpa-yenidənqurma işlərinin başa çatdırılması ilə əlaqədar iyunun 12-də
açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevada açılışda iştirak edib.

Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır

0
turizm

İyunun 19-da BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında iştirak etmək üçün ölkəmizə gələn üzv dövlətlərin rəsmiləri Qobustan və Şamaxı şəhərlərində olublar.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Qobustan ərazisində yerləşən “Diri baba” türbəsinə ziyarətlə başlayan turda qonaqlara türbənin tarixi, orijinal memarlıq forması, dekorativ və zərif bəzək elementləri barədə ətraflı məlumat verilib.

turizm

Daha sonra qonaqlar Cənubi Qafqazda ən qədim məscidlərdən hesab olunan Şamaxı Cümə məscidində olublar. Onlar məscidin tarixi, memarlıq üslubu, naxış və ornamentləri barədə məlumatlandırılıblar.

Tur çərçivəsində qonaqlar Şamaxı şəhərinin mövcud turizm potensialı, xidmət obyektlərinin fəaliyyət istiqamətləri və şərabçılıq ənənələri ilə tanış olublar.

turizm

Xatırladaq ki, iyunun 18-də BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işini başa çatdırıb. 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələri iştirak edib. İki gün davam edən sessiya “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” mövzusuna həsr olunub.

Bakı rusiyalı turistlər üçün Batumini əvəz edə bilər? – Böhranı xeyrimizə dəyişə bilərik

0
turistlər

Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir və hər il turistlərin hesabına dövlət büdcəsinə 500 milyon dollara yaxın pul daxil olur. İndi isə Rusiya vətəndaşlarının Gürcüstana gedə bilməməsi bu ölkədə ciddi problem, digər ölkələrin turizm sektorunda isə canlanma yaradıb.

Məlumdur ki, yay mövsümü ilə əlaqədar olaraq turistlər, eləcə də rusiyalı turistlər daha çox çimərlikdə istirahət etməyə üstünlük verir. Batumi bu baxımdan Rusiya vətəndaşları üçün ən yaxşı seçimlərdən biri idi.

Bəs indi qonşu ölkənin turistlərinin seçimi hansı ölkə ola bilər?

Ümumiyyətlə, mövcud vəziyyətdən maksimum faydalanmaq və ölkəyə turist axınını artırmaq üçün bu istiqamətdə hansı addımlar atılmalıdır? Daha dəqiq desək, Azərbaycan rusiyalılar üçün Gürcüstanı əvəz edə bilərmi?

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, düzgün istiqamət seçilərsə, turistlərin ölkəyə maraq göstərməsini təmin etmək olar:

“Mövcud vəziyyətdən mümkün qədər faydalanmaq üçün ciddi tədbirlər görülməlidir. Bu gün rusiyalıların Gürcüstanı seçmələrinə səbəb xüsusilə çimərliklərdə istirahətə üstünlük vermələridir. Növbəti seçimləri Türkiyə ola bilər. Biz çimərlik turizmində Batumi ilə rəqabət apara bilmərik. Amma bu, bu gün üçün belədir. Ciddi müzakirlər aparılarsa, həmin iki milyona yaxın turisti ölkəmizə cəlb edə bilərik.

Mədəni, tarixi turizmlə bağlı Tbilisi turistlərini cəlb edə bilirik. Təəssüf ki, bizdə dəniz turizmi Batumi ilə müqayisədə, dəniz sahilində yerləşən cəmi dörd istirahət mərkəzi (hotel) var. Bu isə kifayət qədər azdır. Düşünürəm ki, turizm elə bil sahədir ki, hər dəqiqə yenilik axtarışında olmalısan.

Əlverişli vəziyyətləri dəyərləndirməlisən. Əminəm ki, Rusiya özü həmin turistləri ölkədə saxlamaq üçün maksimum tədbirlər görəcək. Mən inanıram ki, yerli turizm şirkətlərimiz bu istiqamətdə aktivlik göstərsə, bu il üçün daha çox turist artımı müşahidə edilə bilər”.

Xatırladaq ki, bir müddət əvvəl “TurStat” agentliyi Azərbaycanın paytaxtı Bakının Rusiya vətəndaşları arasında yay istirahəti üçün ən populyar istiqamətlər siyahısına başçılıq etdiyini açıqlamışdı.


Putindən aviaşirkətlərə qadağa – Gürcüstana sərnişin aparmayın

0
Putin

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsi barədə fərman imzalayıb.

Prezident sərnişindaşımanın dayandırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinə Gürcüstanda olan ölkə vətəndaşlarının Rusiyaya qayıdışına kömək etməyi tapşırıb.

Bundan başqa, turizm operatorlarına və agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan spiker İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar, ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər. Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da, müxalifət bununla razılaşmayıb.

Parlamentin qarşısına toplaşan nümayişçilər İ.Kobaxidzenin istefasını tələb ediblər.

Gürcüstan Səhiyyə Nazirliyinin son məlumatına görə, parlamentin binası qarşısında yaranan qarşıdurma zamanı 240 nəfər xəsarət alıb.

Gürcüstan DİN-in məlumatına əsasən, cümə axşamı və cümə günü aksiyalarda iştirak etmiş 300 nəfərdən çox insan saxlanılıb.