2020-ci ilin iyulunda Azərbaycandan Türkiyəyə 10 018 turist səfər edib ki, bu da 2019-cu ilin iyulu ilə müqayisədə 92,19 faiz azdır.
Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,07 faiz təşkil edib.
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 137 397 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,37 faiz azdır.
2020-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,53 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin iyulunda Türkiyəyə 932 927 turist səfər edib. Bu da ötən ilin iyulu ilə müqayisədə 85,9 faiz azdır.
2020-ci ilin yanvar-iyul aylarında 5 440 406 turist səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,97 faiz azdır.
Gələn həftə Çexiyanın paytaxtı Praqada Qədim Misir artifaktlarından ibarət “Günəş tanrısı” adlı böyük sərginin açılışı olacaq.
Sərginin açılışında Misirin Turizm və Qədim Abidələr naziri Xalid Ananinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
Nazirliyin mətbuat açıqlamasında qeyd olunub ki, sərgidə çexiyalı arxeoloqların Misirin Əbu Sir arxeoloji zonasında aşkar etdikləri 90 artifakt nümayiş etdiriləcək. Onların arasında çariça Nefertitinin heykəlinin bir hissəsi, bərəkət ilahəsi İsisin heykəli və başqa qiymətli tapıntılar var. Avropalıların böyük marağına səbəb olacaq sərgi 2021-ci ilin fevralınadək davam edəcək.
Bundan başqa, Misir abidələri ABŞ-ın Virciniya Muzeyində təşkil olunmuş “Yox olmuş şəhərlər: Misirin ecazkar dünyası” adlı sərgidə də nümayiş etdirilir. Misirin Qədim Abidələr Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, bu sərginin eksponatları İsgəndəriyyənin Heraklion və Kanopus qədim məkanlarında tapılmış 293 artifaktdan, o cümlədən İsis və Serapis ilahələrinin, habelə Sfinks heykəllərindən ibarətdir.
Lerik özünün səfalı yay günlərini yaşayır. Məlum pandemiya çətinliklərinə baxmayaraq, ucqar bölgədə həyatın axarı səngiməyib. Burada gerçəkləşdirilən infrastruktur layihələri əhalinin rahat yaşayışının təminatına xidmət edir. Dağlar diyarının sakinləri 2018-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfərini iftixarla xatırlayırlar. Dövlətimizin başçısı həmin gün “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşmasına həsr olunan mərasimdə iştirak edib.
Bundan başqa, rayonda 16 meqavat gücündə yeni elektrik stansiyası açılıb. Piran-Hamarat-Vijaker yolu istismara təhvil verilib ki, bununla da Lerikin kəndləri 88 faizi müasir yollarla əhatə edilib. Prezidentin səfəri çərçivəsində Lerik şəhərində Bayraq muzeyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi–uşaq bağçası da istifadəyə verilib.
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 14, Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində yaşayış evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün 30 fərdi yaşayış evi inşa edilib. Yeni il ərəfəsində Lerik şəhərində inşası başa çatdırılmış 48 mənzilli, 4 mərtəbəli yeni yaşayış binasında tam təmirli və fərdi istilik sistemi olan mənzillər vətəndaşlara verilib. 56 kilometrlik Lənkəran-Lerik və 22 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolunun tikintisi başa çatdırılıb. Monidigah və Lüləkəran kənd sakinlərinin müraciətləri nəzərə alınaraq 2,5 kilometrlik Blaband-Monidigah və Lüləkəran kəndinə gedən 1,5 kilometrlik yolun asfaltlaşdırılması həyata keçirilib.
Bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 28 ev tikilir. İlin sonuna qədər daha 30 belə ev inşa olunacaq. Fövqəladə Hallar Nazirliyi tərəfindən isə daha 6 ev tikilməkdədir.
Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 53 yaşayış məntəqəsi, o cümlədən son vaxtlarda Peştətük, Vizəzəmin və Cəngənəvud kəndləri tam qazlaşdırılıb. Hazırda rayon üzrə daha 10 yaşayış məntəqəsinə “mavi yanacaq” verilməsi nəzərdə tutulur. Artıq Bibiyanı, Kornədi və Sipyərevon kəndlərində bu yöndə işlər gedir. Şəhərin 10-dan çox küçəsi asfaltlaşdırılıb. Rayon sakinlərinin ən çox istirahət etdiyi Nizami küçəsindəki mərkəzi park yenidən qurulub, orada müasir oturacaqlar, işıqlandırma sistemi quraşdırılıb, Həzi Aslanov, Elmar Qarayev küçələrində yüzlərlə metrlik istinad divarı inşa edilib. İndi şəhərin əksər küçə və dalanları işıqlandırılır. Asfaltlaşdırma, su arxlarının qurulması və digər abadlıq-quruculuq işləri ardıcıl aparılır.
“Relax” turizm istirahət mərkəzində dəyəri 1 milyon 280 min manat olan yeni otellər, Piran kəndində yanacaqdoldurma məntəqəsi inşa edilib. Çayrud kəndində görülən abadlıq işləri əvvəlki illərdə rayon ərazisində görülənlərdən miqyasca fərqli olub. Sakinlər, yurdun vətənsevər övladları da abadlıq tədbirlərində yaxından iştirak edirlər. Soru kənd qəbiristanlığının mişar daşları ilə hasarlanması, ətrafının abadlaşdırılması, Rvarud kənd sakinlərinin dəstəyi ilə Monidigah-Rvarud avtomobil yolunda təmir-bərpa işləri aparılması bu sıradandır.
Ötən ilin dekabrında Orand kənd tam orta məktəbinin 180 yerlik yeni binası istifadəyə verilib. Ümumiyyətlə, dövlət proqramlarına müvafiq olaraq, son 15 ildə Lerikdə 70-dən çox məktəb binası tikilib və əsaslı təmir edilib. Ərazinin Vizəzəmin, Hamarmeşə, Bibiyanı, Almu, Sivəkəran və Sipyəreqon kəndlərində tikilmiş yeni məktəb binalarının, Almu və Təbrizli kəndlərinə gedən avtomobil yollarında yeni körpülərin, Cəngənəvud kəndində Ağsaqqallar evinin, Vizəzəmin kəndində yeni ATS və poçt binalarının tikilməsi, Almu, Bıbiyani və Peştətük kəndlərində elektron ATS-lərin quraşdırılaraq istifadəyə verilməsi diqqətəlayiq tədbirlərdəndir.
Dövlətin nəzərdə tutduğu infrastruktur layihələr rayonda icra hakimiyyətinin başçısı Rövşən Bağırovun gündəlik nəzarəti, diqqəti ilə həyata vəsiqə qazanır. Təkcə ötən il Təhsil Nazirliyinin sifarişi ilə 620 şagird yerlik 11 modul tipli, Orand və Əvilə kəndlərində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılıb, hazırda 120 şagird yerlik 10 modul tipli və hər biri 180 şagird yerlik Siyov (Heydər Əliyev Fondunun sifarişi ilə) və Burkandil kəndlərində (dövlət hesabına) tam orta məktəblərinin tikintisi davam etdirilir. Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusunda əsaslı təmiri işləri həyata keçirilir, müasir tələblərə cavab verən yeni yataqxananın tikintisi aparılır. Heydər Əliyev Fondunun sifarişi ilə podratçı təşkilat tərəfindən Piran kəndində 75 yerlik uşaq bağçasının tikintisi sona yetib. Noda kəndində inşa edilmiş 50 yerlik uşaq bağçası da tezliklə istifadəyə veriləcək.
Bu gün Lerikdə həyatın nəbzini düzgün tutmaq üçün konkret əməli tədbirlər görülür. Rayon icra hakimiyyəti rəhbərliyinin vaxtaşırı videokonfranslar formatında iclasları, onlayn qəbulları keçirilir, COVID-19 pandemiyasının yayılmasının qarşısını almaqdan ötrü zəruri addımlar atılır, əhalinin qayğı uman təbəqəsinə yardımlar edilir, zəruri maarifləndirici tədbirlər həyata keçirilir. Elə videokonfrans şəklində keçirilmiş son müşavirədə mövcud sanitar-epidemioloji vəziyyət müzakirə olunub və inzibati-ərazi dairəsi üzrə nümayəndələrə müvafiq tapşırıqlar verilib. Koronavirusla mübarizə naminə mobil könüllü qrupların fəaliyyəti də əhalinin rəğbətini qazanıb. Xəstəliyə qarşı ayıq-sayıqlıq göstərilməsinin nəticəsidir ki, rayonda yoluxma halları minimal saydadır.
Masallıdan gələn səyyar “Asan xidmət” avtobusu artıq 5-ci dəfə Lerik şəhərində əhaliyə xidmət üçün buraya gəlib. Səyyar xidmət briqadası şəhərdə 1200-ə yaxın vətəndaşa müxtəlif sahələr üzrə yardımçı olub, onların tələblərini yerinə yetirib. Daxili işlər, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri üzrə Dövlət komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə müxtəlif xidmətlər yerinə yetirilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz, bölgələrimiz, bax, beləcə, ildən-ilə inkişaf edir. Əhalinin rifah halı daha da yaxşılaşır. Lerikdə olduğu kimi.
“Turistlər otel infrastukturtuna maraq göstərmirlər”
“Onlara beş ulduzlu otellər yox, hostellər, gəzməli yerlər, avtomobil icarəsi olan məkanlar lazımdır”
“Viza verilməsi qaydası bizdə çox çətindir”
“İnhisarçılıq və məmur özbaşınalığı turizmi iflic vəziyyətə salıb”
Dünya turizm sənayesi 2020-ci ilin əvvəlindən, təxminən, 195 milyard ABŞ dolları itirib. Bu barədə BMT yanında Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatında deyilir.
Hesabat müəllifləri bildiriblər ki, turizm pandemiya zamanı ən çox təsirlənən sahələrdən biridir və hökumətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan şokdan yaxa qurtara bilməz.
Hesabatda vurğulanıb ki, karantinin tətbiq olunmağa başlandığı mart ayında beynəlxalq turistlərin sayı 55 faiz azalıbsa, apreldə dünyada turist səfərlərinin sayında 97 faizlik azalma qeydə alınıb. Ümumilikdə 2020-ci ilin yanvar-aprel aylarında xaricə səyahət edənlərin sayı 44 faiz azalıb.
Bu ilin ilk üç ayında dünyanın demək olar ki, bütün bölgələrinə səyahət edən beynəlxalq turistlərin sayı kəskin şəkildə azalıb: Asiya-Sakit okean regionu ölkələrinə – 51 faiz, Avropaya – 44 faiz, Yaxın Şərqə – 40 faiz, Şimali və Cənubi Amerikaya – 36 faiz, Afrikaya – 35 faiz.
UNWTO rəhbəri Zurab Pololikaşvili hesabatı şərh edərkən deyib ki, hər yerdə turizmin bərpası başlayana qədər bütün ölkələr sektora iqtisadi dəstək verməlidir. O, Avropa İttifaqı və ayrı-ayrı dövlətlərin, o cümlədən Fransa və İspaniyanın bu sahənin xilas edilməsinə yönəlmiş bir sıra tədbirlər gördüyünü qeyd edib.
UNWTO 2020-ci ildə ölkələrin tətbiq etdiyi məhdudiyyətlərdən asılı olaraq, beynəlxalq turist axınının 58-78 faiz azalacağını, dünyada beynəlxalq turistlərin sayının 850 milyon – 1,1 milyard nəfər azalacağını, habelə sektorun itkisinin 910 milyard – 1,2 trilyon ABŞ dolları təşkil edəcəyini, turizm sahəsində çalışan 100-120 milyon insanın işsiz qalacağını gözləyir.
Dünya turizmində baş verən bu mənfi tendensiyaların Azərbaycana da təsirsiz ötüşməyəcəyi heç kimə sirr deyil. Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, itkilərlə yanaşı, turizmimizi inkişaf etdirməyi düşünməliyik:
“Azərbaycanın turizm sektorundan qazancı çox azdır. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Birincisi, ölkəmiz müharibə şəraitində yaşayır. Əcnəbilər də adətən təhlükəli, döyüşlər başlanma ehtimalı olan yerə getmirlər. Əvvəlki illərdə ölkəmizə gələnlərin səfərləri isə kütləvi tədbirlər hesabına olub. Yəni turistlər ciblərindən pul xərcləməyib, əksinə, Azərbaycan büdcəsi hesabına reallaşan müxtəlif layihələrin hesabına maliyyələşirdilər. İkinci bir tərəfdən isə nəzərə almaq lazımdır ki, biz neft gəlirləri hesabına beş ulduzlu, bərli-bəzəkli otellər tikdik. Amma turistlər otel infrastukturtuna böyük maraq göstərmirlər. Onlara beş ulduzlu otellər yox, hostellər, gəzməli yerlər, avtomobil icarəsi olan məkanlar lazımdır”.
N.Bəydəmirli, həmçinin çıxış yollarını da göstərib:
“Belə bir şəraitdə biz daxili turizmi inkişaf etdirməliyik. Təkcə Bakıda yox, regionlarda da işlər görülməlidir. Təəssüf ki, hətta regionlarda sosial-iqtisadi inkişaf layihəsi də bu məsələyə kömək etmədi. Potensialımız böyük olsa, turizmin inkişafına mane olan kifayət qədər məqam var. Düzdür, koronavirus pandemiyasının təsirləri də az deyil. Amma problem bunlarla bitmir. Qonşu ölkələrlə müqayisə etsək görərik ki, viza verilməsi qaydası bizdə çox çətindir. İnhisarçılıq və məmur özbaşınalığı turizmi iflic vəziyyətə salıb. İlk növbədə inhisarçılıq aradan qaldırılmalı və daxil turizm inkişaf etdirilməlidir. Həmçinin turizm alətləri ucuz, əlçatan olmalıdır. Sadaladığım problemlər həll olunsa, vəziyyət yaxşılaşa bilər”.
Ukraynada karantin rejimi noyabrın 1-dək uzadılıb.
Gezmeli.az Turizmplus.az istinadən xəbər verir ki Ukrayna mətbuatına istinadən xəbər verir ki, bundan başqa Ukrayna höküməti sentyabrın 30-dək xarici ölkələrə uçuşları da dayandırıb.
Ukraynaya yalnız bu ölkədə yaşamaq hüququ olan şəxslər buraxılacaq. Ümumi karantin rejimi isə noyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, Ukraynada son günlər koronavirusa yoluxanların sayı artıb.
Xəbər verdiyimiz kimi avqustun 8-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qanunda göstərilmiş müddəalardan biri də (4.14.2.) mehmanxanaların işçi heyətinin həftədə bir dəfə COVİD-19 testindən keçirilməsinin vacibliyi ilə bağlıdır. Turizmplus.az saytı bu qaydanın hotelçilər tərəfindən necə qarşılanmasına dair sorğu keçirib.
Azərbaycan Hotellər Assosiasiyasının İcraçı direktoru Günay Sağlam bu müddəaya təəccübləndiklərini bildirib.
“Biz də bu qərarı təəccüblə qarşıladıq. Çünki bu hotellər üçün əlavə maddi yük deməkdir. Bununla əlaqədar Azərbaycan Hotel Assosiasiyasının üzvləri toplanıb rəylərini bildirdilər və Dövlət Turizm Agentliyinə müraciət etdik. Yaranmış suallar həm qonaqların testdən keçirilib hoteldə yerləşməsi ilə əlaqədar, həm də işçilərin hər həftə test verməsi ilə bağlı idi.
Biz təklif etdik ki, test ya birdəfəlik, ya da ayda bir dəfə lakin daha münasib qiymətlərlə həyata keçirilsin. Bununla yanaşı biz xahiş etmişdik ki, həkimlər hotellərə gəlib testi həyata keçirsinlər. Çünki, işçilərin xəstəxanalara getməsi əlavə riskdir. Hər halda təkliflərimizi vermişik, cavab gözləyirik” – deyə Günay Sağlam bildirib.
“SKAL International Baku”nun prezidenti Ceyhun Aşurov da fikirlərini Turizmplus.az saytı ilə bölüşüb:
“Biz hər birimiz sanitar-gigiyenik normaların yerinə yetirilməsinin tərəfdarıyıq. Ancaq yeni qərarda nəzərdə tutulan işçi heyətinin müəssisənin hesabına həftədə bir dəfə COVİD-19 testindən keçməsi tələbi sahibkarlar üçün ciddi maliyyə yükü yaradır. Bu testin qiyməti təqribən 100 AZN-dir ki, hoteldə 20 nəfərlik işçi heyətinin olduğunu nəzərə alsaq bir ayda 8000 AZN maliyyə yükü deməkdir. Otaqların doluluğunun 20% olduğu bir müddətdə təbii ki, hotellər bunu ödəmək qabliyyətində deyillər. Xüsusən burada cərimələr nəzərdə tutulubsa mən düşünürəm ki, onsuz da çətinliklə açılmış hotellərin yenidən bağlanmasına, işçilərin isə ixtisarına gətirib çıxaracaq.
Fikrimcə, testlər ya dövlət hesabına, ya da hər hansı bir simvolik məbləğ qarşılığında olmalıdır. Müqayisəli baxsaq belə bir sual yaranar: Niyə məhz mehmanxana işçilərinin COVİD-19 testi tələb olunur? Niyə marketlərlə tələb olunmur? İnfeksiyanın yayılma tezliyinə, insan sıxlığına baxdıqda hotellər o qədər də təhlükəli deyil.
Bir daha qeyd edirəm ki, testi etmək mütləqdirsə, bu ya dövlət hesabına ya da simvolik məbləğlə həyata keçirilməlidir”.
Növbəti həmsöhbətimiz Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi olub.
“Biz yeni qaydaların qəbulundan sonra sevinmişdik, lakin, yaxından tanış olandan sonra qərarda boşluqların olduğunu gördük. Bunlardan biri də sizin toxunduğunuz məsələdir. Mehmanxanaların öz işçilərini hər həftə COVİD-19 testindən keçirməli olduğu qərar onsuz da çətin vəziyyətdə olan hotellərin xərclərini daha da artırır. Bir tərəfdən deyirik ki, hotellərin qiymətləri qalxmasın, digər tərəfdən belə qərarlarla hotelçilərin üzərinə yeni xərclər qoyulur, hansı ki, son nəticədə bu göstərilən xidmətlərin maya dəyərinə təsir göstərəcək, qiymət artımına səbəb olacaq.
Mənim fikrimcə, bu testlər dövlət hesabına olmalıdır. Ümumiyyətlə bizim səhiyyəmiz pulsuzdur. Düşünürəm ki, dövlətin bunun üçün ayrılmış büdcəsi var və bu testlər üçün ayrılan klinikalar digər sahələr üçün də bunu ödənişsiz həyata keçirə bilərlər” – deyə Samir Dübəndi bildirib.
Koronavirus pandemiyası qlobal turizm sənayesinə ağır zərbə vurub. İlin ilk beş ayı bu sənaye 320 milyard dollar itirib, 120 milyondan çox iş yeri risk altındadır.
BMT-nin Baş katibi Antonio Quterres avqustun 25-də videomüraciətində deyib ki, turizm qlobal iqtisadiyyatın həcmcə üçüncü yerdə gedən ixrac sektorudur. 2019-cu ildə qlobal ticarətin 7 faizini təşkil edib. “Yer üzündə hər 10 nəfərdən biri bu sektorda çalışır yüzmilyonlarla insanın dolanışığı turizmdən çıxır”, – o söyləyib.
2020-ci ilin ilk beş ayında pandemiyadan dolayı beynəlxalq səfərlər yarıdan da çox azalıb, gəlirlərdə düşüş qeydə alınıb.
Quterres daha zəngin inkişaf etmiş ölkələrin böyük şok yaşadığını, inkişaf etməkdə olan ölkələr, xüsusilə kiçik ada və Afrika ölkələri üçün isə fövqəladə vəziyyət yarandığını vurğulayıb.
Onun sözlərinə görə, bu ölkələrin bəzilərindən ötrü turizm ÜDM-nin 20 faizindən artığını verir.
BMT-nin Dünya Turizm Təşkilatından Sandra Karvaonun sözlərinə görə, 320 milyard dollar 2009-cu ildə – sonuncu qlobal maliyyə böhranının pik dövründə yaşanan itkidən 3 dəfə çoxdur. Brifinqdə bildirildiyinə görə, 2020-ci ildə turizmdən ixrac gəlirləri 910 milyard dollar azalaraq 1,2 trilyon dollara, qlobal ÜDM 1,5 faiz azalaraq 2,8 faizə bərabərləşə bilər. Turizmə bağlı, ərzaq xidməti sektoru daxil, dünya üzrə 144 milyon nəfərin çalışdığı sahələr də risk altındadır.
Dünya üzrə yeni koronavirusa təsdiqlənmiş yoluxmalar 24 milyona yaxınlaşır, 813 mindən çox xəstə vəfat edib.
Yeni Turizm Mərkəzi kəndin qədimliyini özünə qaytarır
…Maşın yolu daraldıqca ünvana çatdığımı başa düşürəm. Yaxınlıqdakı taksi sürücülərinin birindən soruşuruq: “Balaxanıda yenidən qurulan bir hissə var, ora necə gedə bilərik?”. Hə, məhz Balaxanıda-Azərbaycanın ən böyük neft yataqlarınn olduğu ərazidə. Təkcə XIX dünyanın nəhəng neft şirkətləri Bibiheybətdə, Suraxanıda, həmçinin Balaxanıdakı qara qızıldan ötrü ölkəmizə gəlib. Burada elə indi də nəft çıxarılır, gərgin iş gedir. Yol boyu rastıma çıxan texnikalar onu deməyə əsas verir ki, qara qızıla tələbat həmişə olub və olacaq. Şükür, Yaradan bu sərvəti bizdən əsirgəməyib.
Nə isə…35-40 yaşlarındakı sürücü elə bu suala bənd imiş kimi, cəld yaxınlaşır və izah etməyə başlayır: “100 metrdən sonra sağa dönərsiniz. İki yol var. Növbə ilə ikisini də gəzərsiniz”. Təşəkkürümüzü bildirir və yolumuza davam edirik.
Necə deyilibsə, elə də olur. Çox keçmədən iki paralel yolla qarşılaşır və birinciyə daxil oluruq. Daş və dolanbaclı yollar… Bir-iki mərtəbəli evlər… Əlbəttə, burada hündürmərtəbəli “Novostroyka”lara rast gəlmək təəccüblü olar. Ləngimədən fotolar çəkməyə başlayıram. Düzü, hava yağışlı və küləkli olduğu üçün maşından düşməyə ərinirəm.
Amma mühitlə daha yaxından tanış olmaqdan ötrü buna məcburam. Həm də bir də Allah bilir, “ikinci İçərişəhər” adlanan bu yerlərə nə vaxt yolum düşər. Sözsüz ki, mövcud hava şəraiti yerli əhalini narahat etmir. Onlar qədimliklə müasirliyin qovuşduğu yollarda addımlamaq, təmiz hava qəbul etmək üçün münasib vaxtı gözləyə bilərlər. Mənim kimi şəhərin o biri başından gəlmirlər axı…Odur ki, taksinin pulunu ödəyir və maşından düşürəm.
Rastıma çıxan küçələrdən biri diqqətimi çəkiir. Divara vurulan lövhədə yazılıb: “Səfəvilər küçəsi”. Bu dövlətin təxminən iki əsrlik fəaliyyətini, hökmdarlarını xatırlayıram. Əlbəttə, küçəyə məhz bu dövlətin adının verilməsi təsadüfi deyil. Axı sələfləri Qaraqoyunlulardan fərqli olaraq 58 il, Ağqoyunlulardan fərqli olaraq 32 il yaşamayıb, əksinə, Azərbaycanın ən uzun ömürlü dövlətlərindən biri olub. Ərazisi də ki 200 min kvadrat kilometr. İndi bizə ərazi iddiaları ilə çıxış edən, təxribatlar törədən ermənilər var ha, o vaxt onların heç izi-tozu da yox idi. Bu düşüncələrlə addımlayıram.. Bir də baxıram ki, üzünü tük basmış 50-60 yaşlarındakı kişi qarşısındakı yeşiyin üstünə qoyduğu qarpız, yemişə işarə edərək yüksək səslə, daha doğrusu, bacardığı qədər ucadan deyir: “Gəl, ay müştəri…”. Lap, elə bil, XIX, XX əsrdir. İndi belə mal satan var ki? Az qala, qarpız, yemişi də onlayn qaydada, evdən çıxmadan alırıq. Vallah, işimiz qalıb Allaha.
Yaşıl darvazalı bir evin qabağında iki-üç uşaq futbol oynayır. Onları dialoqa nə cür cəlb edəcəyimi düşünürəm. Yaxınlaşıb salam verib və soruşuram:
-Yaxınlıqda dükan varmı?
Gözümə nisbətən daha böyük kimi görünən “əmi, qabaqda var” deyir. “Əmi” sözünə təəccüblənsəm də, özümü o yerə qoymuram və növbəti sualımı verirəm:
-Hava buludludur, qəfil yağış yağsa nə edəcəksiniz?
-Evimiz yaxındadır. Onsuz da çox oynamağa imkanımız olmur? -Bu dəfə başqası mənimlə dialoqa başlayır
-Niyə?
-Bu küçələr salınandan bura turistlər tez-tez gəlir. Bir də görürsünüz ki, 10-15 nəfər gəlirlər. Ona görə oynaya bilmirik.
Uşaqlardan informasiya ala bildiyimə görə sevinirəm. Deməli, Balaxanının bu hissəsi artıq əcnəbilər arasında da tanınır. Onlardan fərqli olaraq mən yağışdan qorxuram. Odur ki, “Həə…” deyir və “futbolçu”lardan uzaqlaşıram.
Dar və əyri-əyrü küçələrlə yoluma davam edirəm. Evlər, onların rəngli qapıları, kiçik pəncərələri diqqətimi çəkir. Məşədi İbadın heykəlini görən kimi qeyri-iradi gülürəm. Qonşunun həyətinə baxır. Belinə çıxdığı da, yəqin ki, nökəridir…Hasarın üstünə də pişik heykəlləri qoyulub. Həqiqətən, maraqlıdır.
Niyə məhz pişik?
Bir fotoaparat tapıb götürmədiyimə görə özümü qınayıram. Çəkiləsi o qədər yer var ki. Telefonla çox foto çəkmək də olmur axı. Qeyri-ciddi görünür. Ətrafa diqqətlə baxır, hər daş-divarda nə isə bir detal axtarmağa çalışıram. Lap kəşfiyyatçılar kimi. Arxadan qəfil səs eşidir və çevrilirəm. Xudmani, o qədər də təmtəraqlı olmayan “Gözəllik salonu”nun pəncərəsindən boylanan xanım mehribanlıqla haranı axtardığımı soruşur. Bir anlıq duruxuram. Doğrudan da, adama deyərlər ki, nəyi itirmisən, tapa bilmirsən. Ağlıma ilk gələn və həqiqətə daha uyğun cavabı verirəm: “Elə-belə gəzirəm”. Daha heç nə demir. Çiynini çəkir, pəncərəni bağlayır.
Tini burulan kimi yerdə oturan, yanlarında bir neçə butulka su olan, köynəklərinin yuxarıdan bir neçə düyməsi açıq ustaları görürəm. Hiss olunur ki, yerə daş düzürlər və indi işlərinə fasilə veriblər. “Yorulmayasız” deyirəm. Başlarını təsdiq mənasında tərpədir, təşəkkürlərini bildirirlər. Deyəsən, yazıqların heç danışmağa da halı qalmayıb. Danışdırmaq istəyirəm. Ancaq cəsarət etmirəm. Qayıdıb “istədik, beş dəqiqə istirahət edək, imkan ver də” deyəcəklərindən qorxuram. Yadıma rəhmətlik Mirzə Ələkbər Sabirin eyni adlı şeirindəki “Fəhlə, sən də özünü insanmı sanırsan?” misraları düşür. Çox mütəəssir oluram. Və qəti qərara gəlib, yaxınlaşıram:
-Bayaqdan gəzirəm, maşallah, yaman yaxşı düzəltmisiniz. Əliniz, qolunuz dərd görməsin.
Təşəkkür edirlər. Bir tikə çörək pulu naminə günəş, yağış bilmədən çalışırlar. Şeirin növbəti misralarını öz-özümə pıçıldayıram: “…Dövlətlilərin kəndini yeksanmı sanırsan, axmaq kişi, insanlığı asanmı sanırsan…?”. İnsanlıq haçan asan olub ki, indi-bu zəhrimara qalmış koronavirusun dünyanı sınağa çəkdiyi vaxtda da asan olsun? Amma evinə halal pul aparmaq istəyən çörəyini daşdan da çıxarar. Eyni ilə bu ustalar kimi.
Bəlkə də buranın arxitekturasının müəllifləri konkret məqamlara əsasən insanların Sabiri xatırlayacaqlarını təxmin ediblər. Ən görünən yerlərdən birinə mərhum şairimizin heykəlini qoyublar. Əlini belinə qoyub ətrafa-gedib-gələnə baxır. Görəsən, sağ olsa, indiki hadisələri, məsələn, bütün gücləri ilə koronavirusa inanmayanları, bu xəstəliyin varlığını dananları necə, hansı sözlərlə təsvir edərdi?
…Məndən təxminən 100 metr aralıda bir xeyli adam var. Çox güman, bayaqkı uşaqların haqqında danışdıqları turist qrupudur. Elə görkəmlərindən də əcnəbilərə bənzəyirlər. Yəqin, dünyanın düz vaxtında gəliblər. Bir də ki, bəzi reyslər artıq açılıb axı. Gün o gün olsun hamısı açılsın…Yaxınlaşıb onlarla da danışmaq istəyirəm. Haralı olmaqlarından asılı olmayaraq hər halda, ingilis dilini bilərlər. Yadıma bir hadisə düşür: hələ idman jurnalistikası ilə məşğul olduğum vaxtlarda bir dəfə orada uzun illər cüdo ilə məşğul olduğum idman zalına getmişdim. Zalda xeyli adam var idi. Amma məsələdən xəbərdar deyildim. Məşqçi ilə görüşəndən dərhal sonra ingilis dilini bilib-bilmədiyimi soruşmuşdu. Təsdiq cavabı vermişdim. Dəqiqləşdirmək məqsədilə sualı təkrarlamışdı:
“Danışa bilirsən, hə?”. Niyyətinin nə olduğunu bilmədən “bəli” demişdim. Əli ilə bir az aralıdakı 30-35 yaşlı idmançıya işarə edərək “Bunlar Avstriyadan gəliblər. Təlim-məşq toplanışı keçirilir. O da məşqçidir. Get, bir müsahibə al” demişdi. Sualları doğma dilində hazırlayanda belə düşünürsən. O ki qaldı ingiliscə. Nə isə, 4-5 sual verib, necə deyərlər, çulumu sudan çıxarmışdım. Ancaq sonradan öyrənmişdim ki, sən demə, zalda tərcüməçi var imiş…
Bu hadisəni xatırlaya-xatırlaya onlara yaxınlaşır və təbəssümlə deyirəm: “Welcome to Baku” (“Bakıya xoş gəlmisiniz”). Gözlədiyim kimi də olur, nəzakətlə təşəkkür edirlər.
Bir telefonumdakı elektron saata, bir də səmaya baxıram. Yox, riskə getmək olmaz. Yağış yağsa, vəziyyət pisləşəcək. Deməli, nağıllar aləmindən və ya zamanlar arasında səyahət elətdirmək gücündə olan “sehrli xalat”dan çıxmaq lazımdır. Yadınızdadırsa, “Sehrli xalat” filmində Rəşid və dostları məhz bu geyim vasitəsilə keçmişdən gələcəyə gedə bilirdilər. Bir neçə saat əvvəl məni bura – XIX-XX əsr mühitinə gətirən isə taksi idi. İndi bu günə qayıtmaqdan ötrü yenə də eyni nömrəyə zəng vurur və sifariş edirəm.
Sabirin heykəli mənə baxır, uşaqlar top oynayır, yaşlı kişi qarpız, yemişini satır…
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, yeni növ koronavirusun dünyanın ən vacib iqtisadi sektorlarından biri olan turizmə təsiri ilə bağlı hesabatını açıqlayıb.
Baş katib hesabatda pandemiyanın 1,2 trilyon dollar gəlirin itirilməsinə və 120 milyon insanın işsiz qalma ehtimalı olduğuna işarət edib.
Maraqlıdır, Azərbaycan bu təsirlərdən necə yayına bilər?
İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın bu təsirlərdən yayınması mümkünsüzdür:
“Mümkün deyil ki, Azərbaycan bu proseslərdən kənarda qalsın. Azərbaycanda digər problem də budur ki, hələ daxili turizm də açılmayıb. Baxmayaraq ki, artıq yay mövsümü də bitmək üzrədir. Daxili turizmin açılmaması, xarici turizmlə də mart ayının ortalarından sərhədlərin bağlanması Azərbaycanın pandemiyadan itkisiz çıxmasını mümkünsüz edir. Rəqəmlər də göstərir ki, ən çox itki görən sahə turizmdir və dövriyyəsinin az qala tamamını itirən də turizmdir”.
N.Cəfərli yaranmış vəziyyətdən az itki ilə çıxmaq üçün heç olmasa, daxili turizmin açılmalı olduğunu deyib:
“Az itki ilə çıxmaq üçün sərhədlər açılmalıdır. Bu yolla Azərbaycan turizmində də canlanma ola bilər. Rəsmi rəqəmlərə görə, ölkəmizdə 24 min insan turizm sahəsində çalışırdı. Qeyri-rəsmi, günəmuzd çalışanları da hesablasaq, burada on minlərlə insanın iş yerini itirməsi də təəssüf ki, fakta çevirilib. Daxili turizm mövsümün sonuna qədər açılsa, buna da olsa, rayonlardakı turizm obyektlərinə müsbət təsir göstərə bilər, müəyyən dərəcədə itkiləri sığortalamaq olar. Amma ümumilikdə dünyada gedən proseslər Azərbaycanda da təkrarlanacaq, ölkə turizmi böyük itkilərlə rastlaşacaq”.
İranda turizm sektoru COVİD-19 pandemiyasına görə 600 milyon dollar zərərə uğrayıb. Gezmeli.az Azvision.az istinadən xəbər verir ki, bunu İran Mədəni İrs, Əl Sənətləri və Turizm naziri Əli Əsgər Munisan yeni növ koronavirusun turizmə təsiri barədə danışarkən deyib. Dünya miqyasında turizm sektorunda böyük bir geriləmə olduğunu bildirən nazir İranda turist sayının sıfıra yaxınlaşdığını bildirib.
“Keçən ilin aprel, may və iyun aylarında 300 min turist ölkəmizə gəlmişdi. İlin sonunda isə ümumi say 8 milyon 700 minə çatmışdı. Bu ilin eyni aylarında turistlərin sayı 74-ə düşdü və demək olar ki, sıfıra yaxınlaşdı. İranda turizm 12 trilyon tümən (600 milyon dollar) məbləğində zərərə uğrayıb”.