“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviareyslərinə bilet satışı prosesini asanlaşdırıb.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, tələbatın çox olması səbəbindən aviaşirkətin bu istiqamət üzrə uçuşlarına aviabilet satışı növbə əsasında həyata keçirilir:
“Növbəyə yazılmaq üçün çağrı mərkəzimizlə əlaqə saxlamaq və sərnişinlərin sənədlərini saytımızdakı əks əlaqə forması və yaxud aşağıda qeyd olunan votsap nömrələri vasitəsilə yazılı şəkildə göndərmək lazımdır”.
“Azərbaycan Hava Yolları“ nəzərə çatdırıb ki, sözügedən uçuşlarla bağlı çağrı mərkəzlərinə telefonla müraciət etmək üçün ehtiyac yoxdur.
BƏƏ İsraillə tam diplomatik münasibətlər quran üçüncü ərəb ölkəsidir. Bundan əvvəl Misir və İordaniya müvafiq olaraq 1979 və 1994-cü illərdə İsrail ilə sülh razılaşmasına nail olublar.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin üzərindən boykotu götürdüyünü elan edib.
Sputnik Azərbaycan “Reuters” agentliyinə istinadən xəbər verir ki, məhdudiyyətlər BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zaid Əl Nəhyanın 1972-ci il tarixli dekreti ləğv etməsindən sonra aradan qaldırılıb.
Bildirilir ki, tədbir “ikitərəfli münasibətlərin qurulması məqsədi ilə ikitərəfli əməkdaşlığı dəstəkləməyə” yönəlib.
Boykotun ləğvi ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər və fərdlər İsraildən olan həmkarları ilə işləyə biləcəklər.
Bir qədər əvvəl İsrail və BƏƏ ABŞ-ın vasitəçiliyi ilə münasibətlərin normallaşdırılmasına dair razılaşma əldə edib. Sövdələşmənin şərtlərinə görə, İsrail İordan çayının qərb sahilində öz suverenliyini yaymaq qərarını müvəqqəti olaraq təxirə salacaq. Sazişin rəsmi imzalanmasından əvvəl tərəflər danışıqlar aparmalı və səfirliklərin, həmçinin ticarət və turizm əlaqələrinin açılmasını müzakirə etməlidirlər.
BƏƏ İsraillə tam diplomatik münasibətlər quran üçüncü ərəb ölkəsidir. Bundan əvvəl Misir və İordaniya müvafiq olaraq 1979 və 1994-cü illərdə İsrail ilə sülh razılaşmasına nail olublar.
San-Marino İtaliyanın Emiliya Romanya bölgəsində Adriatik Dənizi sahilindən 10 kilometr qərbdə yerləşir, ölkənin tək qonşusu İtaliyadır.
Paytaxtı Monte-Titano üzərindəki San-Marino şəhəridir.
San-Marino Avropada Vatikan və Manakodan sonra ən kiçik ölkədir.
San Marinonun ordusu da dünyanın ən kiçik ordularındandır və cəmi 225 əsgəri vardır. Ordunun vəzifəsi sərhədlərin patrul keşiyini çəkmək, hökumət binalarını qorumaq, cinayətkarları tutmaqda polisə kömək etmək və ölkəni müdafiə etməkdir. San Marinonun 700 nəfərlik şəxsi heyəti olan polisi var.
San Marino çox partiyalı, demokratiya ilə idarə olunan bir demokratik respublikadır. Dövlət başçısı iki nəfərdən ibarət kapitan-qəyyumlardır. Bu kapitanlar hər 6 aydan bir baş tutan seçkilərlə yenilənir. Kapitan seçkiləri Böyük Şurada reallaşır. Böyük Şuranın 60 üzvü 5 illik sərbəst seçkilər ilə seçilirlər. İdarəedici qüvvə hökumətdir. Məhkəmə sistemi müstəqildir.
Ölkə Avropanın ən köhnə konstitusiyası olan 1600 illik tarixli bir konstitusiyaya malikdir. İcra vəzifəsini iki kapitan yerinə yetirir. Bu sistem 1243-cü ildə formalaşıb. Dünyada ən çox qadın dövlət başçısı görmüş ölkədir.
San-Marino mətbəxi İtalyan mətbəxi ilə oxşardır. Xüsusilə Emilia-Romanya bölgəsinin mətbəxinə bənzəyən San-Marino mətbəxinin ən xüsusi yeməyi şokoladlı kekslərdir. Həmçinin ölkə kiçik bir şərab sənayesinə də malikdir.
San-Marino turizmdə böyük inkişaf yolu qət edib . Ölkənin ümumdaxili gəlirinin 50% ni turizm təşkil edir. San Marinonu hər il 4 milyondan çox insan ziyarət etməkdədir. Bu il isə buranı ziyarət edənlərin sayı pandemiya səbəbindən xeyli azalıb.
San-Marino əhalisinin əhəmiyyətli bir hissəsi əkinçiliklə məşğul olmaqdadır. Ölkə kənd təsərrüfatı sektorunda ən çox pendir və şərab istehsal edir. San Marinonun çap etdirdiyi pullar və markalar kolleksiyaçılar tərəfindən rəğbət görür. Ölkə Kiçik Avropa Məktub Birliyinə üzvdür.
“Turizm sektoru tək Azərbaycanda deyil, dünyada ən çox zərər çəkmiş sektordur”.
Gezmeli.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransı keçirilib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, turizm sektorunun özünü nə zaman bərpa edəcəyi ilə bağlı müxtəlif fikirlər var: “Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir. Regionlarda turizm obyektləri ilə bağlı tibbi-epidemioloji qaydalar qəbul edilib. Ancaq təbii ki, turizm obyektlərinin fəaliyyəti rayonlara gediş-gəlişdən daha çox asılıdır”.
Şimali Afrikanın üç ölkəsi – Misir, Tunis və Mərakeşin COVID-19 pandemiyası dövründə turizm sektorunun fəaliyyətini bərpa etməsi risklidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İnvestisiya Bankının (EIB) son hesabatında bildirilib.
Qeyd olunub ki, iqtisadiyyatları turizm gəlirlərindən asılı olan ölkələr pandemiya dövründə daha dərin böhrana məruz qalıblar. Lakin hazırkı şəraitdə beynəlxalq turizmin bərpa edilməsi yeni növ koronavirusun daha çox yayılmasına səbəb ola bilər.
Hesabatda bildirilir ki, Şimali Afrika ölkələrində turizm sektorundan əldə olunan gəlir ümumi daxili məhsulun 20-40 faizini təşkil edir. Ümumilikdə əhalinin gəliri az və orta səviyyədə olan ölkələrin 25 faizi, yüksək gəlirli dövlətlərin isə 56 faizi pandemiya səbəbindən ciddi böhranla üzləşib. Misir Avropa İttifaqının Cənub Tərəfdaşlığı Proqramına daxil olan ölkələr arasında ciddi iqtisadi böhran yaşayan ölkələr sırasında yer alıb. Demək olar ki, humanitar fəlakətin yaşandığı Livan isə ən dərin böhran keçirən ölkədir. Bundan başqa, Mərkəzi Asiyada iki ölkə – Qırğızıstan və Tacikistan da ən dərin böhranla üzləşən ölkələr kateqoriyasına daxil edilib.
Bankın hesabatında bildirilir ki, Afrika və Sakit okean ölkələrinin yarıdan çoxu COVID-19 pandemiyası səbəbindən ağır iqtisadi problemlərlə qarşılaşıb.
Tunis Otelçilər Federasiyasının məlumatına görə, ölkədə 800 oteldən yalnız 300-ü açıqdır.
AZƏRTAC xəbər verir ki, Tunis Mərkəzi Bankının qiymətləndirmələrinə əsasən, yanvar–avqust ayları dövründə turizmdən gələn gəlir keçən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz aşağı düşüb. İtkilər isə ilin sonunda 2 milyard avroya yüksələcək. Bu da hələ pandemiyadan əvvəl qeyri-sabit vəziyyətdə olan iqtisadiyyat üçün həyəcan doğuran rəqəmdir.
Tunis hökuməti itkiləri minimallaşdırmaq niyyətindədir, çünki hər hansı gəlirdən danışmaq belə olmaz.
Ölkədə koronavirusa 3323 yoluxma halı və bu xəstəlikdən 73 ölüm faktı qeydə alınıb. Sərhədlər iyunun 27-də açılıb. Virusa yoluxma halı istənilən Avropa ölkəsi ilə müqayisədə daha aşağıdır, buna görə də Tunis Aİ üçün təhlükəsiz ölkələrin seçilmiş siyahısına daxildir. Lakin son həftələr təyyarələr yalnız yarıya qədər sərnişinlərlə dolu gəlirdi. Əlcəzair hər il bir milyondan çox turistin gəlməsi sayəsində Tunis üçün əsas gəlir mənbəyidir.
ÜDM-in 8 faizindən çoxunu təşkil edən və 400 min insanı işlə təmin edən turizm sektorunda böhran ilin ikinci rübündə ÜDM-in 21,6 faiz azalmasına əhəmiyyətli dərəcədə təsir etdi. Otelçilikdən savayı, sənaye və tikintiyə mart ayında hökumət tərəfindən tətbiq edilmiş sərt məhdudiyyətlər səbəbindən ziyan dəydi. Bu qaranlıq mənzərə 161 min iş yerinin itirilməsinə gətirib çıxardı, işsizliyin səviyyəsi isə 18 faizə çatdı.
Maliyyə naziri Nizar Yaiş dövlət maliyyəsi üçün tələb olunan yardımın məbləğini təxminən 3 milyard avro həcmində hesablayıb.
Türk Hava Yolları Ukrayna istiqamətində olan 28 Avqust 2020 və ondan öncə yazılmış biletlərin qaydalarına dəyişiklik edib.
Turizmplus.az xəbər verir ki, bundan öncəki qaydalar qüvvədən düşür və aşağıdakı qaydalar keçərli olacaq:
28.08.2020 – 28.09.2020(daxil) tarixləri arasında uçuşu olan biletlər üçün qaydalar
1. Uçuş tarixi və ya uçuş istiqamətinin dəyişdirilməsi
Aşağıdakı şərtlərlə ödənişsiz dəyişdirilə bilər:
– Yeni istiqamət eyni IATA bölgəsində olarsa
– Tələb edilən dəyişiklik eyni kabində( ekonom/biznes) olarsa
– Dəyişiklik 28 Sentyabr 2020-dək edilərsə
– Yeni yaradılacaq olan rezervasiyada uçuş 31.05.2021 tarixinədək olan TK operating uçuşlardan birinə seçilərsə
– Eyni kabində yer varsa, biletdəki qiymət sinfindən fərqli bir sinif də seçilə bilər.
Yeni yaradılacaq olan rezervasiyada uçuş tarixi 31.05.2021-dən sonra seçilərsə
– Eyni qiymət sinfində yer olarsa, original biletdəki səyahət tarixindən sonrakı 1 il ərzində həyata keçiriləcək olan uçuşlar üçün cəza alınmadan ödənişsiz dəyişdirilə bilər.
– Əgər eyni qiymət sinfindən yer olmazsa, dəyişiklik cəzası alınmayacaq, siniflər arasındakı fərqdən qaynaqlanan ödəniş sərnişindən alınacaqdır.
2. Refund Qaydaları
28.09.2020 tarixinə qədər ediləcək dəyişikliklər üçün keçərli olan qaydalar
Heç istifadə olunmamış bilet: qiymət qaydalarına baxılmadan cəzasız refund edilir.
İstifadə olunmuş bilet: invol refund edilir.
3. Bilet müddətinin uzadılması
Hər hansısa bir qiymət fərqi və ya cəza alınmadan biletin istifadə müddəti 28.09.2021 tarixinə qədər uzadıla bilər.
Bütün qeyd olunan qaydalar çərçivəsində dəyişiklik sadəcə bir dəfə edilə bilər. Sərnişinin istəyi ilə növbəti dəyişiklik tələblərində qiymət qaydaları və cəzalar nəzərə alınmalıdır.
Boliviya ilk iki ölkə – İspaniya və ABŞ ilə sentyabrın 1-dən etibarən koronavirus səbəbiylə kəsilmiş müntəzəm uçuşları bərpa edəcək.
Gezmeli.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət müqavilələri, xidmətlər və yaşayış tikintiləri naziri İvan Arias bildirib.
“Kommersiya sərnişin və yük hava daşımalarını sərhədlərini açmış ölkələrlə bərpa edirik”, – nazir deyib. Onun sözlərinə görə, “istənilən şəxs” Boliviyaya təyyarə, o cümlədən turizm məqsədləri ilə gələ bilər. Giriş üçün sərnişinlər uçuşdan yeddi gün əvvəldən çox olmamaq şərti ilə alınan koronavirus testinin nəticələrini təqdim etməlidirlər.
Nazir qeyd edib ki, yaxın günlərdə ölkənin müvəqqəti hakimiyyəti Uruqvay və Braziliya ilə hava reyslərini də bərpa etmək üçün danışıqlara başlamağı planlaşdırır.
Boliviyada sentyabrın 1-dən karantinin yumşaldılma mərhələsi başlayır. Ölkəyə təyyarə ilə gəlmək mümkün olsada, yerüstü sərhəd bağlı qalacaq. Boliviya sakinlərinin evdən kənarda qalma müddətləri də uzadılacaq.
“Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır”
Pandemiya dövründə ən çox zərər çəkən sahələrdən biri, əlbəttə ki, turizm sektoru oldu. Koronavirus təhlükəsi dünya ölkələrini qapılarını bağlamağa, dünya əhalisini yalnız öz ölkəsinin sərhərdləri daxilində qalmağa məcbur etdi.
Bu məşum koronavirus bəlası olmasaydı, həyat öz axarında davam edəcək, səyahət azarkeşləri, dünyanı gəzmək arzusu olanlar bir ölkədən digərinə səfər edəcək, ürəkləri istədiyi şəkildə istirahət edəcəkdilər. Xarici turizm bir yana, yerli turizm də ənənəvi qaydada davam edəcəkdi. Xüsusilə də yay mövsümündə insanlar regionlara səyahət edəcək, yaxşıca dincəlib payız mövsümünü yeni həvəslə qarşılayacaqdılar. Amma… Bunların heç biri olmadı. Karantin qaydalarını pozaraq bölgələrə səfər edən, bir çox hallarda cərimə olunan, bəzən də cəzadan, nəzarətdən yayınanlar hesabdan deyil. Söhbət kütləvi turizm, kütləvi istirahətdən gedir.
Məlumdur ki, yerli turizmin inkişafı bir çox hallarda xeyirlidir. İnsanların səyahət imkanlarının artması, vətəndaşların rahat istirahət imkanı əldə etməsi, turizm sektorunun inkişafı fonunda sahibkarlığın da dinamik inkişafı, ümumilikdə dövlət maraqlarına xidmət edir. Vətəndaş razıdır, sahibkarların timsalında vətəndaş da qazanır, vergi ödəyicisi olan sahibkarların büdcəyə ödəmələr etməsi hesabına dövlət də qazanır. Lakin pandemiya vətəndaşları da bu imkanlardan məhrum etdi, dövlət büdcəsinə də ziyan vurdu.
“Bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayarından artıq, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir”. Bunu BMT-nin Baş katibi Antonio Quterres deyib. İqtisadiyyatın mühüm sahələrindən olan turizm sektorunda dünya əhalisinin onda birinin çalışdığını xatırladan təşkilat rəhbəri turizm sektorunun dolayı olaraq əlavə yüz milyonlarla insana qazanc gətirdiyini qeyd edib.
Turizm sektorunda fəaliyyət göstərən orta və kiçik sahibkarlıq qurumlarında çoxlu sayda gənclərin və qadınların da çalışdığı, beləliklə, əhalinin ən həssas təbəqələrinin təhlükə altına düşdüyünü bildirib.
BMT baş katibi turizm sektorunun bərpa olunması zamanı sosial ədalət, ictimai təhlükəsizlik, ətraf mühitinin mühafizəsi kimi məsələlərin əsas tutulmasının vacibliyini də vurğulayıb. Ən azından götürsək, son 10 ildə turizm sektorunun yüksəlişi müşahidə olunan ölkəmizin turizm sektoru pandemiya səbəbindən nə qədər ziyan çəkir?
Dövlət ziyan çəksə də, sərhədləri bağlamaq ən düzgün qərardır
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə videoformatda görüşü olmuşdu. Prezident görüş zamanı qeyd etmişdi ki, bütün dünyada olduğu kimi pandemiya dövründə Azərbaycana da turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq: “Bildiyiniz kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu.
Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar.
Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır.
Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır”. Prezident qeyd edib ki, təhlükənin minimuma enməsiylə sərhədlər yenidən açılacaq və o zaman turizm sektorunun bərpasına dair ÜTT-nin tövsiyələri çox gərəkli olacaq”.
Yeni qaydalar postpandemiya dövrünə hesablanıb
Qeyd edək ki, mehmanxanaların fəaliyyəti ilə bağlı yeni qaydalar işlənib hazırlanıb. Bu, turizm sektorunda yavaş-yavaş canlanmanın müşahidə edilməsiylə bağlıdır. Karantin rejiminin mərhələli şəkildə yumşaldılması, kafe və restoranların fəaliyyətinə hələlik yalnız açıq havada icazə verilməsi yaxın vaxtlarda bu sektorda daha artıq canlanmanın olacağını söyləməyə əsas verir.
Mümkündür ki, Azərbaycan payız mövsümündə xaricdən turizm qəbuluna icazə versin. Yerli turizmin canlanması da karantin rejimi qaydalarına riayət edilməklə mümkündür. Ölkəmizdə çalışan əcnəbilər səyahət istəklərinin onsuz da önünə keçmir. Bu, kiçik miqyasda olsa da, turizm sektorunun çökməməsi baxımından müsbət haldır.
Yeni növ koronavirus pandemiyası dövründə fəaliyyət göstərən mehmanxanalarda COVİD-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qaydalara əməl olunmalıdır.
Müştərilər arasında növbəlilik sisteminin qurulması, qabaqlayıcı tədbirlər, mehmanxanaların əhatə etdiyi ərazidə dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması, qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlarda maskası olmayan şəxslərə əlavə maskalar, digər gigiyena vasitələri təqdim olunmalıdır. Həmçinin müəssisənin bütün xidmət ərazilərində nağd ödənişlər məhdudlaşdırılmalı və təmassız ödəniş üsullarına üstünlük verilməsi təmin edilməlidir.
Mehmanxanaların ictimai iaşə zonalarında işçi heyət şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməlidir. Həmçinin mehmanxanaya daxil olarkən onların termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülməlidir. Mehmanxanaların ictimai iaşə sahəsində çalışan işçi heyətin dəyişəkli təmiz iş geyimində olması əsas şərtlərdəndir.
Profilaktik tədbirlər çərçivəsində mehmanxanaların bütün ərazisində səthlərin xüsusiyyətinə uyğun olaraq, dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilməlidir. Qeyd edək ki, hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirklənmənin növü, səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.
Mehmanxanaların ictimai iaşə zonalarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmalıdır. İctimai iaşə sahəsinin qarşısındakı (girişində) xüsusi lövhələrdə qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları əks olunmalıdır.
Mehmanxanaların mətbəxində qida ilə təmasda olan səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidir. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanmalıdır.
Qida məhsullarına işçi heyətdən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır.
Mehmanxanaların ictimai iaşə zonalarında – mətbəxdə işçi heyətin şəxsi gigiyenaya əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət olunması, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub, təmizlənməsi təmin olunmalıdır və sair.
Bütün bu qaydalar vətəndaşların təhlükəsizliyi, yoluxma riskinin minimuma endirilməsi məqsədi daşıyır. Şübhəsiz ki, postpandemiya dövründə, ölkəmizə səyahət edəcək xarici turistlər təmizlik məsələlərinə xüsusi diqqət edəcək. Çünki dünya artıq qorxu içindədir. Mədəni insanlar başqa ölkəyə səyahət etməzdən öncə sanitar-gigiyenik normaların qorunmasına, sosial məsafə məsələlərinə önəm verəcəklər. Koronavirus bəlası bitsə belə. Həmin dövrə hazır olmalıyıq.
Turizm sektorunda çalışanların gəlirləri azalıb
Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Koronavirusun iqtisadiyyatımıza təsirlərinin minimallaşdırılması Azərbaycan hökuməti üçün növbəti mərhələlərdə də prioritet olacaq. Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun fikrincə, pandemiyanın ilk günlərindən Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Bununla Prezident koronavirusun həm sahibkarlara, həm də ölkə vətəndaşlarının fəaliyyətinə göstərdiyi təsirlərin minimumlaşdırılması ilə bağlı siyasi iradəsini bir daha ortaya qoydu. Bu, ondan xəbər verir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini məhz vətəndaşlarımızın təhlükəsizliyi və onların sosial təminatının gücləndirilməsi təşkil edir.
V.Bayramov deyib ki, koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər fərqli sektorlarda, o cümlədən turizm, xidmət, ictimai iaşə, nəqliyyat və loqistika sektorlarında çalışan sahibkarların fəaliyyətinə mənfi təsir göstərir:
– Koronavirusun təsiri nəticəsində xidmət, ictimai iaşə və turizm sektorunda çalışanların gəlirlərində azalmalar müşahidə olunur. Bu baxımdan yeni fondun formalaşmasında məqsəd sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması, onlara dövlət dəstəyinin daha da gücləndirilməsidir. Sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı yaradılan işçi qrup fərqli sahələrdə çalışan sahibkarların fəaliyyətinə mənfi təsirlərin minimumlaşdırılması ilə bağlı fəaliyyət göstərir.
Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır. Dəstəyin gücləndirilməsi ilə bağlı təkliflərdə də məhz fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni dəstək mexanizminin tətbiqi nəzərdə tutulur. Koronavirusun Azərbaycan sahibkarlarına, eləcə də vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması əsas hədəfdir.
Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli, 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən, bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə avqustun 24-dən etibarən ölkə üzrə monitorinqlərə start verilib.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Monitorinqlərdə qurumun nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir.
Bu məqsədlə artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda hər bir hotel üzrə məsul şəxs təyin edilib. Həmin şəxslərə əvvəlcədən təlimlər keçirilib.
COVID-19-la mübarizə çərçivəsində işçilərinin və qonaqların sağlamlığının qorunması məqsədilə hotellərdə monitorinq aparan şəxslər üçün də xüsusi təlimlər təşkil olunub.
Qeyd olunan qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin ediləcək.