Ev Blog Səhifə 29

Hotelçilik turizmini necə dirçəltməli?

0
Hotel

Məlum olduğu kimi, mart ayından koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilir. Bununla əlaqədar olaraq ticarət, istehsal və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər qoyulub.

Vətəndaşların təhlükəsizliyi önə çəkilərək könüllü surətdə iqtisadi fəallığın azalmasına gedilir. Bununla yanaşı, sahibkarlara və əhaliyə maddi dəstək məqsədilə müxtəlif mexanizmlərdən istifadə edilir.

Eyni zamanda, fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, operativ qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi monitorinqlər keçirir, sahibkarlara yeni fəaliyyət qaydaları, Yeni Həyat Tərzinin mahiyyəti ətraflı izah edilir.

Bu sahədə görülən işlər sayəsində son günlərdə koronavirusa yoluxma halları kəskin azaldı. Karantinlə bağlı müəyyən yumşalmalar mümkün oldu.

Yoluxmaların hazırkı dinamikası isə əlavə yumşaldılmalara yol aça bilər. Bunun üçün isə xidmət, ticarət, və s. sahələrdə fəaliyyət göstərən sahibkarların, eləcə də, istehlakçıların müvafiq qaydalara əməl etməsi vacibdir.

Cəmiyyət də, sahibkarlar da virus təhlükəsindən daha az itkilərlə çıxmaq üçün birinci növbədə, müvafiq qayda və tələblərə əməl etməlidir. Yeni Həyat Tərzinə uyğunlaşmalıdır. Yeni Həyat Tərzinə uyğunlaşma nə qədər tez baş verərsə, yoluxma da bir o qədər də sürətlə azalar və karantinin tətbiqi ilə bağlı yumşalmalar da çoxalar.

Yumşalmalar gözləyən sahələr sırasında hotelçilik də var. Bununla belə, mehmanxanaların fəaliyyəti zamanı pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunması olduqca vacibdir. Məhz buna görə, beynəlxalq təcrübə və standartlar nəzərə alınmaqla, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.

Əsas məqsədlərdən biri koronavirus infeksiyasının ölkədə yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin, o cümlədən mehmanxanaların fəaliyyətinin bərpası zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir. Bu baxımdan mehmanxanaların gələcək fəaliyyətində nəzərə alınmalı olan əsas məqamlara xüsusi diqqət yetirilməlidir.

Nə tökərsən aşına…

Beləliklə, digər sahələrdə olduğu kimi, mehmanxanaların fəaliyyəti zamanı da istər sahibkarlar, istərsə hotel qonaqları sanitar-epidemioloji normalara, fiziki məsafə gözlənilməsinə və s. tam əməl etməli, davranışlarında sosial məsuliyyət prinsipini əsas götürməlidirlər. Qaydalar bununla bağlı konkret göstərişləri diktə edir.

Məsələn, mehmanxanaların işçi heyətinin yeni şərtlərə uyğun qonaq qəbul etməyə tam hazırlıqlı olması, düzgün və dolğun təlimatlandırılması, qonaqların mehmanxanalarda tətbiq edilən zəruri qaydalar və tələblərlə bağlı əvvəlcədən tam məlumatlandırılması, işçi heyətlə qonaqların təmasını minimuma endirmək üçün ünsiyyət məqsədilə telefon, elektron poçt və s. vasitələrdən istifadə edilməsi, tələb olunan gigiyena və sanitariya tədbirləri və məsafə gözləmə barədə bukletlərin və plakatların bütün otaqlarda və mehmanxanaların gözə çarpan yerlərində olması, şəxsi gigiyena və dezinfeksiya vasitələrinin bina daxilində hər yerdə əlçatanlığı, hoteldə toplaşma ilə bağlı müəyyən olunmuş say məhdudiyyətinə əməl edilməsi, təmassız ödəniş üsullarına üstünlük verilməsi, fiziki məsafənin qorunmasını təmin edən növbə sisteminin qurulması və s. tam təmin edilməlidir.

… o da çıxar qaşığına

Bu tələb və qaydalara əməl edilməsi mehmanxana sahibləri, işçiləri, eləcə də qonaqlar üçün eyni dərəcədə vacibdir. Belə ki, mehmanxana sahibləri üçün yeni şəraitə, yeni həyat tərzinə uyğun şəkildə biznes fəaliyyətini davam etdirmək üçün yeni rəqabət şərti – pandemiya şəraitinin tələblərinə və təhlükəsizliyə tam cavab vermək kriteriyası meydana çıxıb. Mehmanxanaların gələcəkdə nə qədər uğurlu fəaliyyət göstərəcəyi də ilk növbədə, məhz bu kriteriyadan asılı olacaq.

Nəzərə alınmalıdır ki, qonaqlar, xüsusilə, xarici turistlər birinci olaraq məhz bu kriteriyaya diqqət yetirəcəklər. Bu isə bir daha mehmanxanalar üçün pandemiya dövrünün çağırışlarına tam cavab verməyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Eləcə də, mehmanxananın virus baxımından təhlükəsizliyi xeyli dərəcədə personaldan asılıdır. Sahibkar qeyd edilən kriteriyaya cavab vermək üçün hazırlıqlı, dəqiq, səliqəli və təmizkar işçi saxlamaqda maraqlı olacaq.

İş yerini itirmək istəməyən işçi heyəti isə bu kriteriyalara cavab verməlidir. Nəhayət, sağlamlığının və təhlükəsizliyinin qədrini bilən istənilən qonaq pandemiya dövründə müvafiq kriteriyalara tam cavab verən mehmanxanada yerləşməyə və zəruri qayda və tələblərə əməl etməklə, virus təhlükəsindən uzaq olmağa üstünlük verəcək.

Bir sözlə, cəmiyyətin bütün üzvləri kimi, hotelçilik turizmi və bu sahənin xidmətçiləri və müştəriləri də sosial məsuliyyət və həmrəylik nümayiş etdirilməlidir. Pandemiya şəraitinin tələb etdiyi qayda və standartlara əməl etməli, bundan irəli gələn Yeni Həyat Şəraitinə uyğunlaşmalıdırlar.

Məhz belə olduğu halda, mehmanxanaların fəaliyyətinin dirçəlişi arzuolunan səviyyədə, turizm isə təhlükəsiz olacaq.

Bakıdan Şahdağa istirahət qatarı

0
Şahdağ

Artıq nəinki Azərbaycanda, bütün dünyada məşhur olan Şahdağ qış-yay turizm mərkəzinə çəkiləcək dəmiryolu Qubadan da keçəcək.

Gezmeli.az İstiPress-ə istinadən xəbər verir ki şimal bürosuna bu məlumatı Quba İH başçısı Ziyəddin Əliyev verib. Onun sözlərinə görə, Xaçmazın Xudat dəmiryolu stansiyasından çəkiləcək yeni xətt Qubanın Vladimirovka kəndi ərazisindən kecəcək, burada Vladimirovka stansiyası fəaliyyət göstərəcək. Qubadan sonra xətt Qusar-Şahdağ ərazisinə çəkiləcək.

Artıq Quba İH-nə Baş nazir Əli Əsədovun imzaladığı rəsmi məktub daxil olub. Ziyəddin Əliyev uzun illərdən sonra bölgəyə yeni dəmir yolu çəkilməsinin çox böyük strateji əhəmiyyətinin olduğunu deyərək, qeyd edib. Şahdağla yanaşı bölgədə turizmin hərtərəfli inkişafına bu dəmiryolunun çəkilişi çox böyük təkan verəcək. Quba rayon İH başçısı məlumat verib ki, Xaçmaz – Quba – Şahdağ dəmiryolunun çəkilməsinə hazırıq işləri gedir, Azərbaycan Dəmir Yolları Agentliyində yeni xəttin layihələndirilməsi işləri apatılır.

Qeyd edək ki, Xaçmaza ilk dəmiryolu 1898-1902-ci illərdə çəkilib. Bu dəmiryolunun inşası Quba quberniyasiyasından çara göndərilən rəsmi müraciətdən sonra reaallaşıb. Xaçmaz ərazisində 7 dəmiryolu stansiyası tikilib və indi hər biri böyük tarixi əhəmiyyətə malik tikilidir.

İndoneziya 2020-ci ilin sonuna qədər turistlər üçün sərhədləri açmayacaq

0
İndoneziya

İndoneziya hakimiyyəti 2020-ci ilin sonuna qədər xarici turistlər üçün sərhədləri açmayacaq.

Bu barədə İndoneziyanın Dəniz İşləri və İnvestisiyalar üzrə əlaqələndirici naziri Luhut Binsar Pancaitanın bəyanatında deyilir.

İndoneziya hakimiyyəti mart ayının sonlarından etibarən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkə sərhədlərini bağlayıb.

“Hökumət iqtisadiyyatın bu sektorunun bərpası üçün daxili turizmə diqqət ayıracaq”, – deyə Luhut Binsar Pancaitan bildirib.

Onun sözlərinə görə, hakimiyyət daxili turizmin ümumi turizm sektorunun ən azı 70 faizini əhatə etməsinə çalışacaq. Beləliklə, bu il xarici turistlər üçün sərhədlər açılmayacaq.

“Hesablamalara görə, hər il milyona yaxın indoneziyalı qonşu Malayziya və Sinqapura səyahət edir və orada milyardlarla dollar pul xərcləyir. Hökumət bu vəsaitlərin ölkə daxilində xərclənməsinə nail olmaq istəyir”, – deyə Luhut Binsar Pancaitan sözlərinə əlavə edib.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, İndoneziyada koronavirus infeksiyasına yoluxanların sayı 132 min 816 nəfərə, ölənlərin sayı isə 5 min 968 nəfərə çatıb. Eyni zamanda, 87 min 558 nəfər COVID-19 xəstəliyindən sağalıb.

İsmayıllıda gəzməli yerlər

0
İsmayıllı

Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşən, dağların və meşələrin əhatəsində yaşıllıqlara qərq olmuş İsmayıllı rayonu Azərbaycanın ən dilbər guşələrindən biridir. Şirvanın bir hissəsi olan bu diyarın ərazisi Şimali Azərbaycanın bütün torpaqları kimi, Qafqaz Albaniyasının tərkibində olub. Burada müxtəlif dövrlərə aid çoxlu sayda qədim abidələr var. Rayonun rəngarəng kəndləri də diqqətəlayiqdir.

İsmayıllının görməli məkanlarını təqdim edirik.

Qız qalası

Rayon mərkəzindən 10 kilometr məsafədə, Xanəgah kəndi yaxınlığında, İsmayıllı Dövlət Qoruğunun ərazisindəki sıldırım dağın zirvəsində ucalan Qız qalası bu yerlərin ən məşhur tarixi abidəsidir. Sıx meşə ilə örtülü dağın zirvəsinə günəş şüaları düşmədiyi üçün bura hər zaman sərin olur. Qaladan dövrümüzə bürclər, divarlar və səkinin bir hissəsi gəlib çatıb. Qala bürcündən qonşu kəndin bir neçə kilometrliyində yerləşən Cavanşir qalasına aparan yeraltı tunel mövcuddur.

Qız Qalası

Qalanın tikilmə tarixi müxtəlif mənbələrdə VII əsrdən XI-XII əsrədək göstərilir. Sahəsi 1,5 hektar olan bu müdafiə qalası dik qayaların əhatəsindəki dağın zirvəsində, Ax-ox çayının sağ sahilində tikilib. Eyniadlı istirahət zonasına avtomobillə getmək olar, lakin qalaya doğru bir kilometr məsafəni piyada getmək lazım gələcək. Qız qalasına çatmaq üçün gur axan dağ çayını keçmək isə səyahəti daha macəralı edir. Özünüzlə yerli sakinlərdən bələdçi götürməyiniz yaxşı olar. Qız qalasından açılan əsrarəngiz mənzərə sizin bu tarixi abidəyə qalxmaq üçün çəkdiyiniz əziyyətə dəyər.

Cavanşir qalası

Rayon mərkəzindən 7 kilometr və Talıstan kəndindən 4 kilometr aralıda, Ağçayın sağ sahilində yerləşən bu qala İsmayıllının iftixarı sayılır. İsmayıllının ən qədim kəndlərindən biri olan Talıstan isə rayon mərkəzindən 4 kilometr şimalda yerləşir. Kəndin toponimi “tala məskəni” mənasını daşıyır. Talıstanın ətrafında 4 qədim məskən və 5 qəbiristanın izləri var. Burada ilk arxeoloji qazıntılar ötən əsrin 60-cı illərində aparılıb. Ərazinin 2000 illik tarixi olduğu güman edilir.

Cavanşir qalası

Maşınla kəndə çatdıqdan sonra Cavanşir qalasına at belində, yaxud piyada getmək olar. Qala xarici və daxili (İç qala) hissələrdən ibarətdir. Cənub divarlarının əsas hissəsinin eni 2 metr, hündürlüyü 10 metrə çatır. İki hektar ərazisi olan İç qala dağın zirvəsində tikilib. Bu, erkən orta əsrlərin güclü müdafiə istehkamıdır. Deyilənə görə, günah iş görənləri buradakı qayadan uçuruma atırmışlar. Qala məşhur alban sərkərdəsi və hökmdarı Cavanşir Mehraninin (642-681) adı ilə bağlıdır. Əsası mehranilər sülaləsi tərəfindən qoyulmuş Girdiman knyazlığı müasir İsmayıllı rayonunun ərazisində meydana gəlib və sonralar bütün Albaniyaya yayılıb. Buradan 7 kilometr məsafədə yerləşən Qız qalasına yeraltı tunel qazılıb. Tunel zaman keçdikcə dağılsa da, onun bəzi hissələri dövrümüzə gəlib çatıb. Qalanın ərazisində sıx meşələrlə əhatə olunmuş şəlalə var. Bu məkanda piknik üçün gözəl şərait var.

Heydər Əliyev Parkı

Musiqili fəvvarəsi, rahat oturacaqları və Avropadan gətirilmiş yaraşıqlı fənərləri olan Heydər Əliyev Parkı axşamlar və istirahət günləri sakinlərlə dolub-daşır. Buraya gələn gənclər və yaşlılar yüzillərlə yaşı olan əzəmətli çinarların altında sərinləyir, musiqiyə qulaq asır və İsmayıllı Mədəniyyət Mərkəzinin binasında quraşdırılan monitordan xəbərləri izləyirlər. Parkda “Amerikan təpəcikləri”, “Qazlar-ördəklər”, “Gündüz və gecə” karuselləri kimi uşaq attraksionları, uşaq dəmir yolu, balacaların oynaması üçün hava ilə doldurulan poliqon, maqnit yastıqlar üzərində kiçik maşınlar və s. var.

Heydər Əliyev parkı

Restoran və kafelər həmişə açıqdır. Parkın bir guşəsində düzülmüş mənzərəli daşların arasında dekorativ ağaclardan ibarət yapon bağı salınıb. Burada köşklərdə oturub ətrafdakı gözəlliyi seyr etmək olar.

Parkdakı çəmənlikdə səhənglər və müxtəlif heykəl kompozisiyaları qoyulub. Çoxpilləli düzbucaqlı forması olan mərkəzi fəvvarə parkı iki hissəyə bölür. Ətrafa modern tərzdə işıq saçan şüşə körpücük diqqəti cəlb edir.

Diyarşünaslıq muzeyi

Heydər Əliyev Parkının ərazisində bu diyarın zəngin tarixi ilə əyani şəkildə tanış olmağa imkan verən İsmayıllı Diyarşünaslıq Muzeyi də yerləşir. 1980-ci ildən fəaliyyət göstərən muzey 2009-cu ildə yeni binaya köçürülüb. Muzeydə toplanmış mindən çox eksponat arasında nadir əşyalar, məsələn, dünyada aşkar olunmuş ən qədim kərə yağı sərgilənir. Onu Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı Mollaisaqlı kəndində amforanın içində tapıblar. Paytaxt muzeyinin mütəxəssislərinin apardıqları ekspertiza nəticəsində məlum olub ki, kərə yağı eramızdan əvvəl III-I əsrlərə aiddir. 

Diyarşünaslıq muzeyi

Qafqaz Albaniyasında yaşamış etnik qruplardan olan hapıtların məskunlaşdığı Mollaisaqlı kəndində eramızdan əvvəl II-I əsrə aid olan gildən düzəldilmiş qablar, bürünc bəzək əşyaları, məzarlar da aşkar olunub. Muzeydə saxlanılan və kosmosun dərinliklərindən gələn meteorit olduğu güman edilən daşı xüsusilə qeyd etmək lazımdır. Daşın ərinmiş qeyri-adi səthi, kiçik həcminə rəğmən ağır çəkisi onun mənşəyi ilə bağlı şübhə yeri qoymur.

Qalacıq kəndi

Qalacıq kəndi

Kənd rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir və bu istiqamətdə sonuncu yaşayış məntəqəsidir. “Ögey ana” filmində İsmayılın itburnu topladığı zaman partlayan dağın olduğu məşhur fraqment də burada lentə alınıb. Çəkilişlərin aparıldığı dağ kəndə gedən yolun tam ortasında yerləşir. Filmin çəkilişi zamanı burada həqiqətən yol çəkilirmiş və əsl partlayış olubmuş. O zamanlar Qalacığın yolu çətin və uzun idi. Təbiətin dilbər guşələrindən birində yerləşən və gözəl havası olan kənd iri şabalıdları ilə məşhurdur. Kəndin hər yerində əkilmiş böyük şabalıd ağacları ətrafa kölgə salır.

İvanovka

İvanovka kəndi dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə olan Acınohur dağlarında, Göyçay və Dəvəbatan çaylarının arasındakı yaylaqda yerləşir. Kəndin ümumi ərazisi 8 min hektardan çoxdur. Kəndə aparan yolboyu taxıl zəmiləri və qara əkin sahələri görünür. Uzaqdan yanmış torpağa bənzəyən sahələrə yaxınlaşdıqca, əslində, onların əkin yerləri olduğu məlum olur. Kəndin yolları hamar və abaddır. Adət-ənənələrini, folkloru və məişətini qoruyub saxlayan İvanovka rayon mərkəzindən 14 kilometr aralıda yerləşir.

İvanovka

SSRİ-nin süqutundan sonra bütün kolxozlar dağıldı və ləğv edildi. Yalnız kollektiv-ictimai əmək sisteminin əvvəlki kimi fəaliyyət göstərdiyi İvanovkada bu təsərrüfata uzun illər rəhbərlik etmiş Nikitinin adını daşıyan kolxoz qorunub saxlanıldı. Kolxozda 2200 baş iribuynuzlu heyvan, 7 000 baş qoyun və quş saxlanılır. Bu kolxozun məhsulları paytaxt sakinləri arasında populyardır. Bakıda fəaliyyət göstərən xüsusi mağazada İvanovkanın ekoloji cəhətdən təmiz məhsulları satılır. Kənddə taxıl, günəbaxan, tərəvəz becərilir, süd məhsulları – kərə yağı, xama, pendir, habelə bal istehsal olunur.

İvanovkanın qədim adı Həftəran olub və sonralar molokanların Azərbaycana köçürülməsi kampaniyasına başçılıq edən polkovnik İvanovun şərəfinə dəyişdirilib. Rusiyada kilsə islahatını qəbul etmədikləri üçün sürgün edilən kənd sakinləri özlərini “molokan” adlandırıb və köhnə ayinləri icra ediblər. Bütün hallarda, XIX əsrin birinci yarısında molokanların Azərbaycana köçürülməsi çar rejiminin işğal etdiyi torpaqlarda ruslaşdırma siyasətinin tərkib hissəsi idi.

İvanovkadakı evlər qədim, oyma üzlükləri olan və yan-yana tikilmiş klassik standart taxta tikililərdir. Onları geniş küçələr ayırır və hər bir evin qarşısında kiçik dükan var. Bağçalarda meyvə, fərdi təsərrüfatlarda isə bostan məhsulları, qarğıdalı və günəbaxan yetişdirilir.

İvanovkada molokanlarla yanaşı, ləzgi və azərbaycanlılar da yaşayırlar.

Bado-Basqal turizm zonası

Bu marşrutun ilk dayanacağında – Badoda müalicəvi əhəmiyyətli kükürdlü mineral bulaq var. Yolun kənarında yerləşən bulağın ətrafı hər zaman, xüsusilə yay aylarında adamlarla dolu olur. Yaxınlıqda isə turistlərin sevimli yeri olan “Yeddi bulaq” adlı məkan yerləşir. Meşədə qaynayan və yanaşı olan yeddi bulaq səyahətçiləri yayın qızmar istisindən qoruyur.

Bado-Basqal turizm zonasında olan tarixi abidələri gəzmək üçün bir neçə gün vaxt lazımdır. Oraya atla, yaxud piyada getmək mümkündür. XII-XIII əsrlərə aid Xan qalası abidəsindən isə yalnız bir neçə metr hündürlükdə divarlar qalıb. Qala Şirvan hökmdarlarının yay iqamətgahı olub.

Bado-Basqal turizm zonası

Digər tarixi abidə – Haram qalası eyniadlı çayın sağ sahilindəki Sulut kəndi yaxınlığındakı mənzərəli təpədə yerləşir. Yerli sakinlər onu Qırx qız, yaxud Qırx otaq da adlandırır. Burada qırx otaq var. Rəvayətə görə, Şirvanşah onların hər birində bir qız saxlayırmış. Zina üçün istifadə edilən qala xalq arasında “Haram” adlandırılıb.

Fit qalası isə adını dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fitdağdan götürüb. Şirvanşahların bu qədim iqamətgahı strateji əhəmiyyət daşıyıb və ondan sığınacaq kimi istifadə edilib. Bu qala haqqında rəvayətlərin biri də Makedoniyalı İsgəndərlə bağlıdır.

Rus qoşunlarına qarşı döyüşlərdə Şamaxı xanı Mustafa bu qaladan qərargah kimi istifadə edib. Onun ətrafında müdafiə istehkamları çəkilib. Haramçaydan qalayadək qayalıq yolları ancaq atla və piyada qət etmək olar. Qalanın ətrafında orta əsrlər hamamı, meydanlar və müdafiə istehkamları var.

Basqal

İlk baxışdan Bakıdakı İçərişəhərə bənzəyən Basqal kəndi (rayon mərkəzindən 56 kilometr aralı) abadlığı ilə seçilir. Bu kənd 1933-cü ilədək rayon mərkəzi olub. Kəndin şərəfinə “Basqalı” musiqi nömrəsi də var. 1958-ci ildə “Uzaq sahillərdə” filminin bəzi fraqmentləri burada lentə alınıb. Altmış hektar ərazisi olan kənd dövlət qoruğu elan edilib. Basqalın əhalisi azdır, belə ki, 20 il əvvəl burada yaşayan 3 min sakindən indi 1500 nəfər qalıb.

Basqal

Çay daşı döşənmiş dar küçələr və həmin daşdan tikilmiş evlər xüsusi ab-hava yaradır. Basqalın maraqlı cəhəti bütün evlərin üzü qibləyə tərəf tikilməsidir. Kəndin digər xüsusiyyəti isə XVII əsrdən hamamların evlərin içində olmasıdır. Yol boyunca səliqə ilə düzülmüş ikimərtəbəli evlər və onların həyətləri göz oxşayır. Evlərin birinci mərtəbəsi təsərrüfat, ikincisi isə yaşayış üçün nəzərdə tutulub. Tikinti zamanı hər 5-6 çay daşı qatından sonra ağac kətilləri qoyulub. Mütəxəssislər buna “seysmik kəmər” deyirlər. Bütün evlər zəlzələyə davamlıdır.

Basqalda XVI əsrdə əkilmiş çinar ağacının yarılmış gövdəsində bir zamanlar çayxana, sonradan bərbərxana olub. Ağac dövlət tərəfindən qorunur. XII əsrdə kəndə çəkilmiş “kürəbənd” adlanan kanalizasiya sistemi isə bu gün də fəaliyyət göstərir.

Kəlağayı

Basqal orta əsrlərdə sənətkarlıq və ipəkçilik mərkəzi olub. Şəkililər də ipəkçiliyi basqallılardan öyrəniblər. Demək olar ki, son zamanlaradək bütün ailələrdə ipək toxuyan dəzgahlar vardı. Boyaqçı, toxucu, baramaçı və ipəkçi sənətləri nəsildən-nəslə ötürülürdü. Kəlağayı isə ipəkdən toxunan ən populyar məmulat idi.

Yalnız Azərbaycanda istehsal olunan kəlağayı Azərbaycan xalq sənətinin gözəl nümunəsidir və sosial statusundan asılı olmayaraq qadın geyiminin əsas atributlarından biri olub. Qızlar və müxtəlif yaşlı qadınlar üçün fərqli kəlağayılar toxunurdu. Bu baş örtüyü müxtəlif rənglərdə və ölçülərdə olur və adətən bitki, yaxud həndəsi naxışlarla kənarları boyu (yeləni) və mərkəzi hissədə (xonça) dekorasiya edilirdi. Toyda qızlar adətən qırmızı, yas mərasimlərində isə qara kəlağayı örtürdülər. Gündəlik həyatda isə qadınlar ağ və qəhvəyi kəlağayıdan istifadə edirdilər. Kəlağayının necə bağlanması da ayrıca məna daşıyırdı. Gənc qızlar onu örpək kimi başlarına atır, yaşlı qadınlar isə çalma kimi bağlayırdılar.

Ən qiymətli kəlağayılar 6-7 rəngdən ibarət olur və bugünədək onları məhz Basqalda istehsal edirlər.

Basqalda ötən əsrin 60-cı illərinədək hər evdə kəlağayı toxunurdu. SSRİ-nin süqutundan sonra ölkədəki mağazalarda müxtəlif baş örtükləri bolluğu yarandı. Milli kəlağayı isə dəbdən düşdü. Buna baxmayaraq, Basqalda indi də İpək Mərkəzi fəaliyyət göstərir. Burada kəlağayı ilə yanaşı, digər ipək məmulatlarının da toxunduğu emalatxana, həmçinin kiçik kəlağayı muzeyi var.

Lahıc

Lahıc

Hələ VII əsrdən tarixi mənbələrdən məlum olan və Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə diqqətəlayiqdir. Dağlarda salınmış bu kiçik qəsəbə Azərbaycanın ən maraqlı sənətkarlıq mərkəzlərindən biridir. Lahıc qədimdən bəri mis silah və qab-qacağı ilə məşhur olub. Bütün Qafqazda bu məmulatları həvəslə alırdılar. Lahıcda emalatxana və dükanların əksəriyyəti qəsəbənin mərkəzi küçəsi boyunca yerləşir. Çətinliklərə baxmayaraq, yerli ustalar indiyədək öz əcdadlarının sənətini davam etdirirlər. Onların arasında misgərlər, dəri ustaları, dulusçular, dəmirçilər, papaqçılar, ağac üzərində oyma sənətkarları var. Həmçinin burada xalça toxuyur, suvenir və milli geyimlər hazırlayırlar.

Qəbələdə gəzməli yerlər

0
Qəbələ

Respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr), ən hündür dağ gölü olan Tufangöl (4191 metr), ən hündür şəlaləsi olan Mucux şəlaləsi (96 metr) Qəbələdə yerləşir.

Qəbələ

600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ Böyük Qafqaz dağlarının cənub ətəyində Azərbaycanın paytaxtı Bakıdan 250 km məsafədə yerləşir. Nadir təbii iqlim şəraiti, mineral bulaqları ilə seçilən Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. İqlimi – Bölgənin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətli, illik yağıntı cənubda 500-600, şimaldakı yüksək dağlıqda isə 1600 millimetrədək olur. Bu amillər rayonda yay və qış turizminin inkişafına əlverişli imkanlar açır.

  • Çayları – (Dəmiraparançay, Türyançay və onların qolları Tikanlıçay, Bum çay, Vəndam çay və s.)
  • Şəlalələri – ( Mucux şəlaləsi, Yeddi gözəl şəlaləsi və s.)
  • Meşə örtüyü – ( rayonda 60 min ha sahə meşə ilə örtülüdür və meşələr əsasən fıstıq, palıd, vələs, ardıc və s. ağaclarından ibarətdir )

Qəbələnin hər daşı, hər ağacı, hər qayası canlı bir tarix, ulularımızın bizə yadigar qoyub getdiyi əvəzsiz incilərdir. Qəbələdə günümüzə qədər gəlib çatmış 90-dan çox ölkə əhəmiyyətli tarixi, etnoqrafik və mədəni abidələr vardır. Bu abidələrin bir çoxu nəinki Qəbələ şəhərində, həmçinin ətraf rayon və kəndlərdə yerləşir. Qəbələnin mühüm tarixi abidələri siyahısına 18-ci əsrə aid olan Cümə məscidi, 1-ci minilliyə aid Böyük Əmirli kəndində daş kurqan, Kilsə dağındakı 4-cü əsrə aid olan alban məscidi, Həzrə kəndində türbələr, Yengicə kəndinin cənubunda Qızlar qalası (15-ci əsr), Surxay Qalası (10-12-ci əsrlər) və digər bir çox mühim abidələr vardır.

Qəbələ

Qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri də turistlərin böyük marağına səbəb olur.
Asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq aeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir. Arxitekturası gündən-günə dəyişən və gözəlləşən müasir Qəbələ Azərbaycanın əsas turizm məkanlarından biri sayılır.

İqlimi

İqlimi

Təbii iqlim şəraiti, füsünkar təbiəti ilə seçilən rayon həm yay, həm də qış turizmin inkişafı üçün yeni perspektivlər açır.
Beşulduzlu otellərin, yüksək səviyyəli brend restoranların fəaliyyətə başladığı Qəbələdə qonaqların və turistlərin istirahəti üçün müasir standartlara uyğun hər bir şərait yaradılıb.
Azərbaycanda açıq səma altında ən böyük park atraksionu olan “Gabaland” uşaqlı ailələrin ən sevimli məkanıdır. Burda ekstremal idman növləri atraksionları, buz arenası, kartinq, idman meydançaları, XD teatrı, ləzzətli yeməklər, restoran və kafelər xüsusi ilə diqqət çəkir.

Turizm Mərkəzi

Rayonda turistlərin diqqətini çəkən daha bir böyük məkan “Tufandağ” qış turizm mərkəzidir. Burda idmanın qış növləri üzrə – kanatla gəzintilər, xizək sürmə, restoran, kafe, otel turları, həm böyüklər, həm də uşaqlar üçün ekskursiya və əyləncə xidmətləri təklif olunur.

“Tufandağ” qış turizm mərkəzi

Məşhur “Şabalıd meşəsi”, mənzərəli Vəndam, Qəmərvan, Yengicə, Nohurqışlaq, Bum, Həmzəli, Durca, Bunut, Nic kəndləri turistlərin ən çox səfər etdikləri məkanlardandır. Həmçinin rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bum çay, Vəndam çay digər kiçik çaylar, Mucux Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineral və qeyri-mineral bulaqlar da əcnəbi qonaqların gəzdikləri yerlərdəndir.

Gəzməli-görməli yerlər

Əzəmətli Qafqaz Dağları, təmiz havası və duru suyu ilə göz oxşayan Nohur gölü Qəbələnin ən görməli yerlərindəndir.

Nohurgöl


Nohur gölü — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. Öz gözəlliyi ilə görənləri heyran edən Nohur göldə, sakit atmosfer və quşların səsi, şəhər səs-küyündən istirahət etmək üçün ideal mühit yaradır. Göldə insanların çimməsinə icazə verilməsə də (göl həm də su rezervuarl kimi fəaliyyət göstərir və Qəbələ və ətraf rayonların içməl su ehtiyatını təmin edir) balıq tutmaq üçün ideal məkandır. Burada həmçinin kiçik qayıqlarla və katamaranlarla gəzməklə ətraf mənzərədən zövq almaq olar.

Tufangöl dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir.
Rayonun dağ yaylaqlarının Şimal sərhəddində yerləşən Tufan gölün əhatəsi ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Tufan dağ, ,,Tufan çay ” və ,,Tufan göl” adları çox güman ki, qeyd olunan coğrafi ərazinin sərt, tufanlı-qasırğalı təbiəti ilə əlaqədardır. Dağlarla əhatə olunmuş bu göl qar və buzlaq suları ilə qidalandığından suyu şirindir.

Bazardüzü zirvəsi

Bazardüzü zirvəsi — Azərbaycan Respublikasının ən yüksək nöqtəsi, yüksəkliyi 4466 metrdir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə yerləşir. Zirvə daimi buzlaq sahədir. Bu zirvədən Qızılqaya, Şahdağ, Tufandağ, Bazaryurd, Olimp zirvələri, Dağıstanın Kuruş kəndi və Şalbuzdağ dağına qədər uzanan geniş mənzərəni görmək mümkün olur.

Duruca kəndi

Qəbələnin təmiz havası və xüsusi, cəlbedici təbiəti ilə tanınan Duruca Kəndi. Kənd Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarətdir. Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir. Kənddə eyni adlı çay axır. Burada 3 təpə dağını, bir çox yaylaqları gəzə, sərin bulaqlarından su içə bilərsiniz. Kəndin təbiəti olduqca zəngindir. İsti yay günlərində elə ki, axşam düşdü pencəksiz və ya qalın paltarsız burada oturmaq müşküldü. Gecəni isə yun yorğanla yatmağın ayrı ləzzəti var. Səhər süfrəsinin balını, yağını, pendirini, çörəyini heç şəhərin ən ləzzətli kababına da dəyişmək olmaz.

Qəbələ Mətbəxi

Qəbələ özünəməxsus, dadlı-tamlı mətbəxi ilə də diqqəti cəlb edir. Müxtəlif növ paxlavaları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa heç yerdə görmək olmur. Döşəməli plovdaşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır.

Qəbələ mətbəxi

1980-ci il mayın 15-də yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir.
Muzeydə 13 ekspozisiya zalı, muzey fondu, rəsm qalereyası, elmi kitabxana, habelə açıq məkanda fəaliyyət göstərən qədim daş eksponatlardan ibarət sərgi var. Burada eramızdan əvvəl II-I əsrlərə aid küp qəbirlərin nümunələri mövcuddur. Arxeoloji, etnoqrafik və numizmatika materialları, xalq yaradıcılığı nümunələri, qədim əlyazma və kitablar xüsusilə diqqəti cəlb edir.

Rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir.
Bum kəndində 1882-ci ildə tikilmiş qədim Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb.

Respublikada ən böyük kəndlərdən biri olan Vəndam kəndi rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Burada çoxlu meyvə, xüsusilə alma bağları var.
Turistlərin marağını çəkən bu kəndin cazibədar yerləri çoxdur. Elə rayondakı əksər turizm obyektləri də burada fəaliyyət göstərir. “Duyma” sağlamlıq və istirahət mərkəzi, “Semerana”, “7 gözəl pansionatı” və 7 gözəl şəlaləsi ilə məşhurdur. Kənddə xalça sexi, ağac üzərində oyma emalatxanası fəaliyyət göstərir.
Dağın ətəyində yerləşən “Duyma” istirahət zonasında at kirayələyib ətrafı gəzmək də mümkündür.

Yeddi gözəl şəlaləsi

Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir.
Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir. Aşağıdan yalnız iki kiçik şəlalə görünür. Qalan beş şəlaləyə baxmaq üçün sərt pillələrlə yuxarı qalxmaq lazımdır ki, bu da müəyyən fiziki güc tələb edir. Lakin bu çətin yolu qət edənləri əsrarəngiz panorama gözləyir. Burada restoran və çayxana da var. Şəlalə günəş şüalarının sirayət etmədiyi qalın meşəlikdə yerləşdiyindən həmişə qaranlıq və sərin olur.

Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında, terraslarda Mucuğun xarabalıqları yerləşir. Qədimdə bu kəndi nəhəng qayanın altında salıblar. Qayadan düşən daşlar kəndi xaraba qoyub. Kəndin ətraf yaşayış məntəqələri ilə əlaqəsi çətinləşib və insanlar bu yerləri tərk ediblər. Lazanın 7 kilometrliyində Mucuq kəndinin xarabalıqlarının şimal-şərq hissəsində böyük şəlalə var. Şəlaləyə çatmaq üçün at belində 1,5 saata qət edəcəyiniz yolu yerli bələdçilərin köməyilə getmək məsləhətdir, çünki təcrübəsiz adam üçün bu ərazidə at sürmək çətin olar.

“Qəbələnd”, yaxud “Qafqaz Park” təkcə Qəbələdə deyil, həmçinin bütün bölgədə ən böyük əyləncə mərkəzidir. Ümumi ərazisi 16 hektar olan bu nəhəng attraksion parkı 40-dan çox əyləncə obyektindən – attraksionlar, karusellər, katamaranlı süni göllər, hovuz-su parkı, futbol, basketbol, voleybol meydançaları, kartinqdən ibarətdir.

Qəbələnd


Burada qayaya dırmananlar üçün kompleks, ekstremal idman növləri üçün tikililər, qapalı buz meydançası, 8 metr yüksəklikdən suya düşən qayıqlar və başqa əyləncə vasitələri ziyarətçilərin ixtiyarına verilir. Bu mərkəzə gündəlik minə yaxın insan gəlir, onun xidmətlərindən isə eyni vaxtda 800 nəfər istifadə edə bilər.

Mürəbbə festivalı

Avqust ayında Qəbələyə gələnlər qeyri-adi mürəbbə növlərinin dadına baxmaq üçün burada keçirilən Beynəlxalq Mürəbbə Festivalına baş çəkə bilərlər. Ötən il festivalda dünyanın 25 ölkəsindən və Azərbaycanın 45 şəhər və bölgəsindən 3500 növ mürəbbə təqdim olunub. Tədbirin münsiflər heyətinin tərkibinə kulinariya sahəsində adlı-sanlı beynəlxalq ekspertlər və müxtəlif ölkələrdən gəlmiş ən yaxşı aşpazlar daxildir. Onlar festivalın rəsmi hissəsində müxtəlif nominasiyalar üzrə ən yaxşı mürəbbə növlərini seçir və mükafatlandırırlar.
Çiyələk, ərik, gavalı, böyürtkən, heyva, gilənar və digər meyvələrdən hazırlanan ənənəvi mürəbbə növləri ilə yanaşı, burada ekzotik çeşidlər – kartof, xiyar, badımcan, bibər, zəncəfil, nanə, zəncirotu, balqabaq tumu, rozmarin, çuğundur və başqa inqrediyentlərin istifadə olunduğu mürəbbələrə də rast gəlmək olar.

Şəkidə gəzməli yerlər

0
Şəki

Şəkiyə səfərimin kökündə bu şəhərə uşaqlıqdan olan marağım dayanırdı. Buranın yumor hissi yüksək olan insanları, tarixlə zəngin tikililəri və möhtəşəm təbiəti həmişə diqqətimi çəksə də, heç vaxt imkan edib bura yollana bilmirdim. Ancaq bu dəfə Şəkini internetdə araşdırıb, Şəkili dostlarımla müzakirə edib yola çıxdım.

Şəki

Bakıdan Şəkiyə təxminən 300-350 km-dir və avtomobil ilə hardasa 5-6 saata getmək olar. Şəhər və şəhərətrafı yerlərin gəzintisinə daha çox vaxt ayırmaq üçün yola səhər saat 7-də çıxdım və hardasa saat 1-də Şəkiyə çatdım.

Çələbi Xan Restoranı

Şəhər ilə tanışlığım Şəki yeməklərini dadmaqla başladı. Şəkiyə çatanda günorta saatları olduğu üçün bütün Şəkilililərin təriflədiyi Çələbi Xan restoranında nahar elədim. Çələbi Xan restoranı Bəxtiyar Vahabzadə adına olan yamyaşıl parkda yerləşir. Buraya hər növbəti gəlişinizdə mütləq Xan və Koroğlu kabablarını, Xan aşını, Nar qovurması, Dobu dolması, Girs, Maça, Dobu bozbaşı və Piti kimi yeməklərin dadına baxmağınızı tövsiyə edirəm. Qiymətlərə gəldikdə isə buranın qiymətləri Bakı restoranlarındakından daha ucuzdur. 6 böyük və 2 uşaq üçün verdiyim sifarişə 100-120 AZN civarında xərc çıxdı. Çələbi Xan restoranındakı yeməklər ilə restoranın saytında tanış ola bilərsiniz.

Şəki Xan Sarayı

Şəkinin qürur mənbəyi, keçmişini bugününə bağlayan və UNESCO-nun Ümumdünya irsi siyahısına namizəd ən önəmli tarixi-əhəmiyyətli xəzinəsi – Şəki Xan Sarayı … 300 illik tarixi qoruyub saxlayan və bugünə qədər günümüzə gətirən bu saray 18-ci əsrdə sonuncu Şəki xanı Hüseyn Xan Müştaq tərəfindən inşa etdirilmişdir. 30 metr uzunluğunda iki mərtəbəli 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvana sahib olan saray fars memarlıq üslubunda tikilmişdir və İslam Şərqinin memarlıq incilərindən hesab edilir.

Şəki Xan Sarayı

Tikildiyi zaman daha çox Divanxana, yəni şəhər məhkəməsi olaraq nəzərdə tutulsa da, bəzən Şəki xanı tərəfindən yay iqamətgahı kimi də istifadə edilirdi. Sarayın ən maraqlı xüsusiyyətlərindən biri fasadında və pəncərələrində “şəbəkə” adlanan taxta işləmələrin mismar istifadə edilmədən keçirmə üsulu ilə hazırlanmasıdır. Hal-hazırda saray muzey olaraq fəaliyyət göstərir və giriş biletinin qiyməti böyüklər üçün 2 AZN təşkil edir.

Dairəvi Məbəd və ya Nuxa Üçmüqəddəs Kilsəsi

Bu məbədlə bağlı fikirlər birmənalı olmasa da, 20-ci əsrdə buraya tədqiqata gəlmiş mütəxəssislər tərəfindən məbədin 19-cu əsrdə ruslar tərəfindən tikilməsi qənaətinə gəlinmişdir. Bəzi mütəxəssislər isə məbəd-kilsəni Qafqaz Albaniyası dövrünə aid edirlər.

Dairəvi Məbəd və ya Nuxa Üçmüqəddəs Kilsəsi

Burada diqqətimi çəkən digər bir xüsusiyyət isə məbədin bağçasında rastlaşdığım qəbirlər oldu. Sən demə bu qəbirlər Nuxada vəfat etmiş bir neçə yüksək çinli rus məmuruna məxsusdur. Hal-hazırda məbədinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi fəaliyyət göstərməkdədir. Şəki Xan sarayından qayıdandan sonra bura mütləq baş çəkməlisiniz.

Yuxarı Karvansaray

Yuxarı Karvansaray

Şəkinin ən gözəl küçəsi olan Mirzə Fətəli Axundov küçəsində yerləşən Yuxarı Karvansaray, 18-19-cu əsrlərdə tikilmiş 5 böyük karvansaraydan bugünə qədər gəlib çatmış 2 karvansaraydan biridir. 3 mərtəbəli bu karvansarayın sahəsi 6000 m2, otaqlarının sayı isə 300-dən çoxdur. Karvansarayın 1-ci mərtəbəsi tacirlərin mallarını yığması, 2-ci mərtəbəsi ticarət etməsi, 3-cü mərtəbəsi isə yaşamaları üçün nəzərdə tutulmuşdu. Karvansarayda ən diqqətimi çəkən məqam isə buranın Mərakeşdəki ənənəvi “riad”lara (daxili hovuzu və həyəti olan evlər) bənzəməsi idi.

Kiş Alban Məbədi

Şəkinin mərkəzindəki görməli yerlərdən sonra üz tutdum Kiş Alban məbədinə. Bəzi mənbələrdə Kiş kəndində yerləşən məbəd nəinki Qafqaz Albaniyasının, ümumiyyətlə bütün cənubi Qafqazın ilk kilsəsi olaraq qeyd edilir. Kilsəyə gedən yol kəndin dolanbaclı küçələrindən keçir və kəndin ən hündür nöqtələrindən birində yerləşir.

Kiş Alban Məbədi

Kilsə bugünə qədər yaxşı qorunub saxlanıb və 2000-2001-ci illərdə restavrasiya  olunub. Elə həmin illərdə burada tədqiqat aparan Norveç alimlərinin gəldiyi qənaətə görə kilsə 10-11-ci əsrlərdə inşa edilmişdir.

Kilsədə ən çox diqqətimi çəkən nüans kilsənin altının tamamən xristian qəbirləri ilə dolu olmasını öyrənmək oldu. Bu qəbirlərdən bəzilərini kilsə ətrafında qazılmış quyular vasitəsilə görmək də olur. Hal-hazırda bura muzey kimi fəaliyyət göstərir və giriş 2 AZN-dir.

Qubada gəzməli yerlər

0

Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın – Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin təbiətinə görə Quba turistlərin ən sevimli yerlərindən biridir. 

Quba qədimdən bəri simvoluna çevrilən  almaları ilə tanınır. Bundan başqa, Quba  tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var.  Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Heyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.

Xınalıq kəndi

Xınalıq kəndi

Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə – red.). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsində – Şahdağın yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə yerləşən Xınalıq kəndi Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çoxlu bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir.

Afurca şəlaləsi

Afurca şəlaləsi

Vəlvələ çayının Yan silsiləsinin kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında, eyniadlı çayın üzərindədir. Rayon mərkəzindən 42 km məsafədə yerləşir. Afurca sözünün mənası “Abifirucəstə”, yəni “Yuxarıdan tökülən su” deməkdir. Hündürlüyü 60 metrdir. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə olunur.

Təbii Minarə

Təbii Minarə

Qrızdəhnə yolunun başlanğıcında, Qudyalçayın daş qayanı dəlib keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik proseslər və çayın eroziyası nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur. Minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır.

Çənlibel gölü

Çənlibel gölü

Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km məsafədə yerləşir və görənlərə “Göygölü” xatırladır.

Qəçrəş

Qəçrəş

Quba rayonunun ən böyük kəndlərindən biridir. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. Ərazisi hər tərəfdən meşə ilə örtülüb. Çoxlu təbii bulaqları var. Bitki aləminə gəldikdə, zəngin olduğunu demək olar. Meşədə yabanı halda qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil ağacları var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlara da sıx-sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə, burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudyalçayda isə balıq tutmaq mümkündür.

Təngəaltı

Təngəaltı

Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası “Dağ arası yer”deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələçay keçir. 2 dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda “Qaçaq Mayıl”ın mağarası diqqət çəksə də, oraya çıxmaq sadəcə peşəkar dağçıların işidir.





Qaxda gəzməli yerlər

0
Qax

Əgər siz Qaxa səyahət etməyi planlayırsınızsa o zaman buranın tərtəmiz havası, yamyaşıl dağları, gursulu çayları ilə zəngin möhtəşəm təbiəti və Qafqaz Albaniyasına dayanan tarixi sizi heyran edəcək.

Marşrut

Əvvəla onu qeyd edim ki, Qax rayonu Bakıdan 330-350 km məsafədə yerləşir. Əgər indiyə qədər Şəkidə olmamısınızsa, Şəki-Qax gəzintisini birləşdirə bilərsiniz. Çünki onsuz da Qaxa Şəkidən keçib çatacaqsınız. 

Əgər bütün yolu dayanmadan getsəniz ortalama 5-6 saata çatmaq olar. Amma özünüzü yormağa dəyməz, çünki yol onsuz da kifayət qədər uzundur. Ona görə də, Şamaxı, İsmayıllı və ya Qəbələdə dayanıb istirahət eləməyə dəyər. Beləcə, səyahətinizə də əlavə rəng qatmış olacaqsınız.

Gəzməli yerlər

Qaxda aşağıdakı yerləri mütləq ziyarət etmənizi məsləhət görürəm. Çünki buralar həm maraqlı tarixə malikdir, həm də foto-video çəkiliş etmək istəyənlər üçün fotogenikdir.

1.    Kürmük Məbədi 

Kürmük məbədi

Məbəd 1-3-cü əsrlərdə Qax rayonunda mövcud olmuş qədim Alban məbədinin qalıqları üzərində 19-cu əsrdə Çar Rusiyası tərəfindən tikilmişdir. Hündür təpədə yerləşdiyi üçün yaxınlığından yoldan məbədə baxarkən görüntüdən zövq alacaqsınız. Əlverişli yerləşməsi olduğu üçün məbədi gözdən qaçırmanız mümkün deyil.

2.    Ulu Körpü 

Ulu körpü

İlisu kəndinə gedən yolda Kürmük çayının üzərində yerləşən bu körpünün 18-ci əsrdə inşa edildiyi düşünülür. Körpü tağ formasındadır və tikintisində kəpricdən və yumurtadan istifadə olunubdur. Dağlardan gələrkən özü ilə çoxlu çöküntü gətirdiyi üçün üzərində yerləşdiyi Kürmükçayın rəngi həmişə qara olur. Burada şəkil çəkdirmək üçün çayın yatağına belə enə bilərsiniz. Çayın yatağından körpüyə gözəl mənzərə açılır.

3.   Sumuq Qala 

Sumuq qala

Ulu Körpüdən ayrıldıqdan sonra ilk qarşınıza çıxacaq maraqlı yer elə Sumuq Qaladır. Qala 17-18-ci əsrlərdə gözətçi qalası məqsədilə tikilmişdir. Ətrafdakı yaşayış yerlərindən bir qədər hündürdə tikilməsi əraziyə nəzarət etməyə kömək olur. Burada məşhur Azərbaycan filmlərindən biri “Qorxma, mən səninləyəm!” filmi çəkilmişdir. Əgər bəxtiniz gətirsə, qalanın içərisinə də daxil olma imkanınız olacaq. Mən gedən zaman, təəssüf ki, heç kəs olmadığı üçün içəri daxil ola bilmədim.

4.    Qalaça və ya Şamil Qala 

SSS Qala İlisu kəndinə gedən yolda yerləşir. Sumuq Qala və Ulu körpüyə çox yaxın bir dağın zirvəsində yerləşir. Qala 19-cu əsrdə Rusiya tərəfindən Şeyx Şamilə qarşı aparılan mübarizədə müşahidə məqsədilə tikilib. Bu qalanı ziyarət etmək üçün hündür dağın diki yamacından keçən cığır ilə dağın zirvəsinə qalxmaq lazımdı. Qala çox kiçik olsa da, dağın zirvəsindən ətrafa olan panoramik görüntü çox möhtəşəmdir. Ona görə də, buraya çıxmağa dəyər!

5.    İlisu kəndi

İlisu kəndi

Bu kənddə məskunlaşma 13-cü əsrdən başlayıb. Kənd dağların arasında yerləşir və yuxarıdan baxanda möhtəşəm görüntüyə sahibdir. Kəndin əsas özəlliklərindən biri də kənddəki evlər arasındakı dar küçələrdi. Bu dar və dolanbaclı küçələr fotoqraflar üçün əsl cənnətdir.

6.    Ramramay şəlaləsi

Ramramay şəlaləsi

 Bu şəlalə İlisu kəndində yerləşir. Çox gursulu olmasa da, 25 metrdən axan su şəlaləyə zəhm qatır. Şəlalənin suyu isə bumbuzdu. Gedib baxmağa dəyər.

7.    Mamırlı şəlalə

Mamırlı şəlalə

Bu şəlalə Azərbaycanın ən gözəl şəlalələrindən biridir və Qaxın Ləkit-Kötüklü kəndindəki sıx meşədə yerləşir. Hündürlüyü 15 metrdir. Şəlalənin axdığı qayalıq mamır ilə örtülü olması bura qeyri-adi gözəllik qatır.

Qaxda otellər və qiymətləri

Qaxda qalmağa yerlər müxtəlifdir. İstəsəniz lüks otellərdə, istəsəniz də lüks otellərdən heç də geri qalmayan özəl villalarda qala bilərsiniz.

Səngər Qala

Səngər Qala

Qaxın İlisu kəndində yerləşən Səngər Qala dizaynına görə digər otellerdən xüsusilə seçilir. Çünki otel, tam olaraq bir qalanı xatırladır və özünüzü orta əsrlər Azərbaycanında hiss etdirəcək.

Səngər Qala

Bu oteli seçməklə siz həm də Qaxın bir çox görməli yerlərini daha rahat ziyarət edə bilərsiniz. Çünki,  Ulu Körpü, Sumuq Qala, Şamil Qala və Ramramay şəlaləsi kimi yerlər otelə çox yaxındır.

Otel qonaqlarına 6 otaq tipi, 1 açıq, 1 qapalı hovuz, 2 restoran, spa və əyləncə mərkəzi təklif edir. Qapalı hovuzun havanın temperaturuna görə isitmə-soyutma sistemi də var.

Səngər Qala

Burada 2 nəfərlik otaqların qiyməti 98 AZN-dən başlayır. Bu qiymətə səhər yeməyi də daxildir. Ən bahalı otağı isə 378 AZN-ə rezerv edə bilərsiniz. Bütün otaqlar Wifi, televizor, kondisioner, telefon və seyf ilə təchiz olunub.

Səngər Qala

Otelin təmin elədiyi digər bir xidmət isə maşın kirayəsidir. Qaxa gələnədək uzun yolda maşın sürmək istəməyənlər üçün bu seçimin olmağı çox yerinə düşür. Qaxa kimi sizi özəl sürücü gətirir, Qax da isə Səngər Qalada kirayələdiyiniz maşınla gəzirsiniz.

El Resort Qax

Qaxda dağların ətəyində həm istirahət, həm də əyləncə imkanları təqdim edən lüks otel axtarırsınızsa o zaman El Resort Qax-ı seçməlisiniz. Otelin elə bir mövqedə yerləşir ki, buradan həm isti, həm də qarlı soyuq aylarda çox zövq alacaqsınız.

El Resort Qax

Otel qonaqlarına 7 kateqoriyada 134 otaq təklif edir. Otelin lüks şəraiti təbii ki, öz əksini otaqların qiymətində də tapıb. Otaqların qiyməti 150 AZN ilə 500 AZN arasında dəyişir.

El Resort Qax

Bundan əlavə oteldə spa və fitness mərkəzi, kinozal, bowling, masaüstü tenis, bilyard, hava xokeyi, masa futbolu, PlayStation və XBox kimi oteldaxili, paintball, futbol, basketbol, tenis kimi açıq hava oyunları da istirahətinizdən maksimum zövq almağınızı təmin edəcək.

El Resort Qax

Otelin əsas restoranı olan Növbahar restoranı sizə Qax ləziz yeməklərini dadmaq imkanı verəcəkdir. Təbii ki, restoranın mətbəxi təkcə Qax mətbəxi ilə limitlənməyib, beynəlxalq mətbəxdən də müxtəlif yeməklər təklif olunur. Restoranın təqdim etdiyi yeməklər və qiymətləri ilə Növbahar restoranının menyusunda tanış ola bilərsiniz.

El Resort Qax

Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi…

0
Antalya

Antalyaya yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində dayandırılan təyyarə səfərlərinin bərpa edilməsilə gün ərzində Rusiyadan 80 təyyarə gəlib.

Gezmeli.az TRT-yə istinadla xəbər verir ki, Antalya Vilayət Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, keçən il şəhərə gələn 15 milyon 644 min 108 turistdən 5 milyon 582 min 763-ü Rusiyadan gəlib.

Türkiyə ilə Rusiya arasında martda dayandırılan təyyarə səfərlərinin avqustun 10-da başlaması ilə Antalyaya 23 mindən çox turist gəldi.

Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Antalya eyni zamanda ruslar üçün əvəzolunmaz turizm yerlərindən biridir.

Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq

0
Malayziya

Malayziya hökuməti müəyyən istiqamətlər üzrə “yaşıl dəhliz” prinsippi ilə turistlər üçün sərhədləri açmaq niyyətindədir.

Gezmeli.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Turizm, incəsənət və mədəniyyət naziri Nenesi Şukri deyib.

O bildirib ki, bununla belə, Malayziya əcnəbi turistləri kütləvi şəkildə qəbul etməyə hələlik hazır deyil.

Nazirin sözlərinə görə, epidemiloji vəziyyətdən asılı olaraq bir ölkə ilə sərhədin tam açılması baş verməyə bilər:

“Məsələn, Melburn şəhərində ikinci dalğa yaşandığı üçün Avstraliya koronavirusdan tam azad olmuş ölkə hesab edilə bilməz. Amma digər tərəfdən, Pert şəhərindən turistlərin qəbulu məsələsini müzakirə etməyə hazırıq”.