Ev Blog Səhifə 382

Sakinlərinin hamısı qadın olan kənd

0

Keniyada yerləşən Umoja adlı kənddə ancaq qadınlar yaşayır.

1990-cı ildə ingilis əsgərləri tərəfindən zorlanan 15 qadın tərəfindən yaradılan kənd zamanla uşaq yaşda evləndirilən, qadın sünnətinə məruz qalan, ailədaxili şiddət, təcavüz və oxşar digər zorakılıqlarla üzləşən qadınlara da sığınacaq olub.

Rebeka Lolosoli adlı qadın tərəfindən yaradılan kənd kişilərin etirazına səbəb olub. Mühafizəkarlığı ilə tanınan Samburu xalqının kişi nümayəndələri Rebekaya dərs vermək məqsədilə onu vəhşicəsinə döyüb. Lolosoli bu vəziyyətə etiraz edərək, əməli addımlar atmaq barədə qərar qəbul edib. Samburu xalqının özünəməxsus qaydaları var.

Sakinləri yalnız qadın olan kənd

Müəyyən yaşa çatmış qız uşaqları yaşlı və döyüşçü kişiyə müvəqqəti olaraq verilir. Bu dövrdə qızlar hamilə qala bilməzlər. Əgər bu, baş versə, uşaq abort edilir.

Lolosoli kəndin əsasını qoyandan sonra kişilər tərəfindən təhdid edilib. Lakin qadın fikrini dəyişməyib. Hazırda kənddə 47 qadın və 200 uşaq yaşayır. Əraziyə çox sayda turist gəlir və qadınlar hazırladıqlarını onlara sataraq ehtiyaclarını qarşılayırlar. Kənd sakinləri həmçinin maarifləndirmə prosesində də fəal iştirak edirlər.

Sakinləri yalnız qadın olan kənd

Sakinlərdən olan 38 yaşlı Ceyn heyvanları otardığı zaman 3 əsgərin təcavüzünə məruz qalıb. Başına gələnləri həyat yoldaşına danışıb. Həyat yoldaşı buna görə onu döyüb. Hadisədən sonra o, 3 uşağını da götürərək kəndə üz tutub. Digər bir qadın isə 11 yaşında 1 inək qarşılığında atası tərəfindən 57 yaşlı adamla evləndirilməyə məcbur edilib. O da toydan 1 gün sonra Umojaya qaçıb.

Sakinləri yalnız qadın olan kənd
Umoja sakinləri burada, yeni həyatlarında kişilərə yer olmadığını və kənddə özlərini təhlükəsiz hiss etdiklərini bildirirlər.

Turizm şirkətləri Musiqili Teatrla əməkdaşlıq edəcəklər

0

Turizm şirkətlərinin fəaliyyəti

Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il start verdiyi layihəni bu il də uğurla davam etdirir.

Teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri “dəyirmi masa” arxasında görüş keçirib.

Səmimi şəraitdə keçən görüşdə Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə yanaşı, “Baku Travel-Tourism”, “ALDE Tour”, “Aristokrat Travel”, “E&C Travel”, “Zdtravel”, “Zenit tour”, “İntravel” və digər turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq belə işgüzar münasibətlərin mədəni turizmin inkişafına daha böyük töfhələr verəcəyinə ümidvar olduğunu bildirib: “Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın möhtəşəm binasını da əlavə edəsiniz. Əminəm ki, Musiqili Teatr öz maraqlı tamaşaları və tarixi baxımdan qədimliyi ilə yanaşı, müasir üslubda yenidən qurulan binası ilə də turistlərin diqqətini cəlb edəcək. Mədəniyyətimizin təbliği baxımından bu istiqamətdə əməkdaşlığımızı genişləndirsək, daha uğurlu layihələrə imza ata bilərik”.

Turizm şirkətləri

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın gələcək inkişafı və daha da genişlənməsi üçün bu mövzuda görüşlərin mütamadi keçirilməsinin vacibliyini vurğulayıb və turizm sektorunun nümayəndələrinə öz tövsiyyələrini verib.

Sonda qonaqlar SSRİ Xalq artisti R.Hacıyevin “Qafqazlı qardaşqızı” ikihissəli operettasını izləyiblər. Onlar Əməkdar incəsənət xadimi, rejissor Əli Usubovun quruluşunda teatrın rus bölməsinin hazırladığı bu tamaşa haqqında xoş təəssüratlarını dilə gətiriblər və gələcəkdə buranın xarici turistlərə tanıtımı baxımından məqsədyönlü addımlar atacaqlarını bildiriblər.

Bakı – Əbu-Dabi reysi açılır

0

Bakı – Əbu-Dabi reysi açılır

Cahangir Əsgərov: Bakı – Əbu-Dabi reysinin açılması Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək

2 mart 2018-ci il, Bakı – Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcıları  – AZAL və “Etihad Airways” arasında razılaşmaya əsasən Əbu-Dabi (AUH) – Bakı (GYD) – Əbu-Dabi (AUH) marşrutu üzrə birgə reyslərin ilk dəfə yerinə yetirilməsinə başlanılmışdır. Uçuşlar hər həftə – çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

İlk reys “EY297” martın 2-də göyərtəsində “Etihad Airways” aviaşirkətinin rəhbər heyəti, diplomatlar, KİV təmsilçiləri və digərlərinin də daxil olduğu xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən uçmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportuna enən təyyarə ənənəvi “su arkası” ilə qarşılanmış, pilot kabinəsindən Azərbaycan və BƏƏ-nin bayraqları dalğalanmışdır.

Elə həmin gün AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov və “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru Piter Baumqartnerin görüşü keçirilmişdir. Görüşdə Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcılarının əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Cahangir Əsgərov qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir. Son illərdə mülki aviasiyanın maddi-texniki bazasının gücləndirilməsi və onun müasir səviyyəyə çatdırılması istiqamətindəki işlər ardıcıl və sistemli xarakter daşıyır.

“AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində köhnə tərəfdaşlardır. Azərbaycan və BƏƏ-ni müntəzəm sərnişin daşımaları əlaqələndirir, aviaşirkətlər arasında birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək. Əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq”, – deyə AZAL QSC-nin Prezidenti bildirmişdir.

Piter Baumqartnerin sözlərinə görə, yeni reys BƏƏ-dən sərnişin axınının daha da artmasına və iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə səbəb olacaq. “Əbu-Dabi və Bakını birləşdirən müntəzəm reyslərin açılmasına çox şadıq. 2015-ci ildə Azərbaycan tərəfindən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza alınması proqramı ölkəyə olan marağı əhəmiyyətli dərəcədə stimullaşdırdı. Bu da yüksək turist axını artımına səbəb oldu”, – “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru qeyd etmişdir.

Madridin real üzü

0

             Madridin gözəllikləri

Ətrafımdakılardan kimə İspaniyaya gedəcəyimi deyirdim hamısı bir ağızdan “mütləq Barselonanı gör”, – məsləhəti verirdi. Sözü Madridin üstünə gətirəndə, bu dəfə də “standart, darıxdırıcı şəhərdir”, – sözlərini eşidirdim. Yenə də Madridi görmək istəyim ölmürdü. Bəlkə də, sevimli futbol klubum Real Madridə görədir, bilmirəm, xüsusi simpatiyam var bu şəhərə. Nəhayət, kimsəni dinləmədən oktyabrda Madridə 3 günlük səyahət planladım.

madrid

BAKIDAN MADRİDƏ – 93 AVROYA

Madrid

“Wizzair”lə Bakıdan Budapeştə 45, Budapeştdən Madridə 48 avroya uçdum. Evdən səhər saat 5-in yarısı çıxmışdım,  Madridə gecə saat 11-də çatdım. Tutduğum otel şəhərin mərkəzi küçəsi Gran Viada (G.M: böyük yol deməkdir) idi. 3 gecəsinə 78 avro ödəmişdim. Tapmaq çətin olmadı. Küçənin adı ilə eyni olan Gran Via metro stansiyasında endim. Stansiya çıxışından 30-40 addım irəlidə idi.

YA BƏYƏNMƏSƏM?

madrid

Yol boyu içimdə qəribə hiss vardı. Ya bəyənməsəm? Yuxu gözümdən tökülsə də yatmadım. Bir az dincimi alandan sonra düşdüm şəhərin canına. Gran Via küçəsinin gecələr çox gözəl işıqlandırıldığını səyyahların qeydlərindən oxumuşdum. Həqiqətən də möhtəşəm idi. Yaxın ətrafı gəzəndən sonra ispanların Tapas bar adlandırdığı kiçik kafelərdən birində oturdum. Unlanmış kalmar qızartması ilə ləzzətli sangriyanın (G.M: şərab növü) dadına baxdım.

TURİST KİMİ YOX, ŞƏHƏR SAKİNİ KİMİ DAVRAN, ZÖVQ AL

madrid

Madridin necə şəhər olmasına keçmədən öncə, burada özünüzü qonaq kimi yox, 2-3 günlük də olsa, şəhər sakini kimi aparsanız, daha çox ləzzət alacağınızı demək istəyirəm.

Madrid İspaniyanın ən qaynar şəhərlərindən biridir, paytaxtıdır. Düz şəhərdir, velosiped üçün əlverişlidir. Düzdür, Amsterdam kimi velo mədəniyyəti yoxdur, amma orada pedallamaq Bakıdakı kimi çətin də deyil. Şəhərin ortasından Madridi 2 yerə ayıran Manzanares (ispanca Ribera del Manzanares) çayı keçir. Əvvəllər məskunlaşma daha çox çayın ətrafında olub. Ancaq getdikcə şəhərin mərkəzi yerini dəyişib. Bu gün çay şəhərin aşağı hissəsində itib-batıb.

HARALARI, NECƏ GƏZƏK?

madrid

Madridin yaxşı cəhətlərindən biri də gəzilib-görülməli yerlərinin bir-birinə yaxın yerləşməsidir. Bir gün ərzində heç bir nəqliyyat vasitəsinə pul xərcləmədən şəhəri piyada gəzə bilərsiz.

Vaxt azdırsa, “Hop-on,Hop-off” turist avtobuslarından da istifadə etmək olar. Mən etmədim, həm baha, həm mənasız bildim. Əslində, bu turist gəzdirən avtobuslara özlüyümdə “peşmançılıq” adını vermişəm. Avtobusda gəzənlərin peşman olduqlarını düşünürəm. Onlar ya gözəl şəhərləri gənc vaxtı gəzməyib, 50-60 yaşından sonra gəlib, vaxtında gəlmədikləri üçün peşman olanlar, ya da bu şəhərə 1 gün ayırıb, piyada gəzməyə vaxtı qalmayanlardır – deyə düşünürəm ? .

Bu fikrin məntiqli olduğunu iddia etmirəm.

MADRİDİN VƏ İSPANİYANIN ÜRƏYİ

madrid

 

Madridi gəzməyə Puerta del Sol meydanı ilə başladım. Bura həm Madridin, həm də İspaniyanın mərkəzidir. Giriş qapısı, İspaniyanın ürəyi də adlandırırlar. Nə vaxtsa AZTV-də Madrid dağılır, camaat ayağa qalxıb xəbərinə rast gəlsəniz, bilin ki, insanların etiraz aksiyası keçirdikləri yer Puerta del Soldur. Ta qədimdən etiraz aksiyaları bu meydanda keçirilir. Buradan yeriyərək Plaza Mayor (G.M: böyük meydan) deyilən yerə gedə bilərsiniz.

ÜZLƏRİNDƏN XOŞBƏXTLİK, SEVİNC YAĞAN TURİSTLƏR

madrid

Qırmızılı, köhnə binalarla  əhatələnmiş, böyük, dördbucaq  meydan keçmişdə ölüm cəzası verilmiş insanların asıldığı, başlarının kəsildiyi yerdir. Hər cür toplantıların keçirildiyi bu yerə “edam meydanı”da deyirlər. Elə havasının ağırlığı da keçmişdən gəlir. Burada siz ispanların milli geyimlərində fotolar çəkdirə, tarixi restoranların birində ətrafa qoxusu yayılan kofedən içə-içə meydanda şəkil çəkdirən, üzlərindən xoşbəxtlik, sevinc yağan turistlər və onları turları ilə tanış edən tur rəhbərlərini izləyə bilərsiniz. Meydanın ətrafındakı rəssam və heykəltaraşlar əsərlərini nümayiş etdirir. Bəyəndiyinizi alıb ölkənizə apara bilərsiniz.

KRAL SARAYINDAN BAŞLAYAN BÖYÜK YOL

Plaza Mayordan üzü aşağı düşəndə qarşınıza Royal Palace (G.M: kral sarayı) çıxacaq. Bilet təxminən 12-15 avroyadır. Saraydan aşağıya doğru addımlayıb Gran Via küçəsinə çıxdıq. Madridin ən önəmli yoludur. Küçənin sağ-solunda bildiyimiz məşhur geyim mağazaları, şirniyyat, kofe məkanları, restoranlar var. Yerli insanlar bu yolda ehtiyyatlı olmağı məsləhət görürlər. “Hər an çantanızı alıb qaça bilərlər”, – deyirlər. Bu küçədə həm də ən məşhur Flamenco (G.M: məşhur ispan rəqsi) klubları var.

VELOSİPEDLƏ YOXSA PİYADA?

Madridə getmişkən mütləq Buen Retiro Parkına da baş çəkin. Buradakı süni yaradılmış göldə katamaranla gəzə, kristal sarayı görə bilərsiniz. Bütünlükdə şüşədən tikilmiş sarayın ətrafında flemenco rəqqasələrinin saçlarına taxdıqları gül, ispan qızlarının simvoluna çevrilmiş yelpik, suvenir və s. maraqlı hədiyyələr almaq olar. Bu parka həm də Madridin ciyərləri deyilir, başdan-ayağa yaşıl parkı həm piyada, həm də girişdə kirayələdiyiniz velosipedlə gəzə bilərsiniz.

VAĞZAL İÇİNDƏ MEŞƏ ?

madrid

 

Vaxtınız qalsa, Madridin Atocha adlandırılan qatar vağzalını da görün. İçində ölkənin müxtəlif yerlərindən gətirilmiş yüzlərlə çiçək, ağac əkilib. Kiçik meşədir sanki. Meşənin sakinləri də var, balıqlar, tısbağalar, kirpilər ? Görmədiyimiz, rastlaşmadığımız abu-havaya sahibdir.

MADRİDDƏ GECƏ HƏYATI

madrid

 

Özü kimi hərəkətli, rəngarəng, maraqlı gecə həyatı var Madridin. Bir çox gecə klubuna, Flamenco və Tapas barlara ev sahibliyi edir. Həftə sonları əksər əyləncə məkanlarında canlı musiqi olur. Turistlərin əsas maraqlandıqları isə Flemencodur. Gran Via və ona yaxın mərkəz hissələrdə Flemenco barlara gedib, həm əylənə, həm də yemək yeyə bilərsiniz.

NƏ YEYİB, NƏ İÇƏK?

Acqarına gəzmək mümkün olmadığına görə Madriddə harada, nə yeyib-içəcəyimizi də bilməliyik. Başlayaq səhər yeməyindən. Madriddə xüsusi açıq bufetlər olur. Girişdə adambaşına 5 avro ödəməklə bufetdə istədiyinizi yeyib-içə bilərsiniz. Belə bufetlər səhər 11-dək açıq olur. İlk gün o qədər yemişdim ki, bir də axşam acdım ? .

madrid

 

Sangriya və tapanın dadına mütləq baxın. Tapa sözünün hərfi mənası qapaq deməkdir. Tapas isə müxtəlif çeşidli qəlyanaltılardır. Tapalar xüsusi Tapas Barlarda verilir. Bu, müxtəlif növ dəniz məhsullarından, pendir çeşidlərindən, kartof qızartmasından ibarət ola bilər. Qiyməli kartof, içinə sala və ya balıq hissəsi qoyulan zeytun da tapas sayılır. Növləri çoxdur, qızarmış kalmardan tutmuş, mürəkkəb balığı parçalarına qədər. Həcmi kiçikdir. Məncə, azərbaycanlılar biri ilə doymaz. Odur ki, oturanda bir yox, 2-3 növdə tapas sifariş etməyi məsləhət görürəm. Sangriya isə adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz qoyulmuş formasıdır. Dadlı və şirin olduğundan içdikcə içirsən, bir də ayılırsan ki, ayağa dura bilmirsən, sərxoş olmusan ? Bir də var ispanların paella adlandırdıqları yemək. Bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plovdur. İçində istəyə uyğun krivetka, toyuq, ət, balıq, tərəvəz və s. ola bilir. Boşqabda yox, qulplu, dəmir tavada servis edilir.

Mən sizə Madridə gedin və ya getməyin məsləhəti verməyəcəyəm. Özümü orada necə hiss etdiyimi anladacağam:

Madriddəykən qulağımda məni coşduran, səbəbsiz mutlu və həyacanlı saxlayan ritmik musiqi vardı. Uşaq vaxtı anam “hazırlaşın, sizi dənizə aparacam”, – deyəndə bu qədər xoşbəxt olurdum. Sizə adi gəlməsin, böyüdükcə xoşbəxt olmaq çətinləşir…?

Amsterdamın qayıq evləri – Fotolar

0

                 Qayıq evlər

Hollandiyanın Amsterdam şəhərində “boathouse”lar yəni qayıq evlər geniş yayılıb.

qayıq ev

Bu evlər Amsterdam kanallarının sahilində yox, kanalın içində yerləşir.

qayıq ev

Turistlərin marağına səbəb olan qayıq evlərdə yaşayanlar var. Bu evlər həm də muzey və hostel kimi də fəaliyyət göstərir.

qayıq ev

Gezmeli.az qayıq evlərin fotolarını oxucularına təqdim edir:

Qayıq ev
qayıq ev

İki Avropa ölkəsinin paytaxtları birləşir?

0

2 ölkə  1 paytaxt

Finlandiya və Estoniya çox iddialı bir layihəni həyata keçirməyə hazırlaşır.

İki ölkənin paytaxtlarını birləşdirəcək, dünyanın ən uzun sualtı metro xəttinin layihəsinin hazırlanmasına başlanılıb.

Layihə planı

İki şəhər arasında 90 kilometr məsafə olsa da, quru yolu ilə bir şəhərdən o birinə 10, gəmi ilə 2 saata getmək olur. Yeni layihə başa çatdıqdan sonra isə bu yolu cəmi 30 dəqiqəyə başa vurmaq mümkün olacaq.

 

Avropanın yeni sualtı tunelinin uzunluğu Fransa ilə Böyük Britaniyanı birləşdirən Manş tunelinin uzunluğundan 2 dəfə çox olacaq. Belə ki, Helsinki ilə Tallin arasında çəkiləcək xəttin uzunluğunun 102 kilometr olması planlaşdırılır. Bu yoldan həm sərnişin, həm də yük daşımaları üçün istifadə ediləcək.

 

Tunel bəzi yerlərdə 200 metrə qədər dərinlikdən keçəcək. Bunun üçün Finlandiya körfəzində 2 süni ada da yaradılacaq. Avropa Birliyinin bu layihə üçün 40 faiz investisiya yatırması düşünülür. Tunelin inşasının 13-20 milyon avroya başa gələcəyi bildirilir. Dəqiq məlumatlarda isə bütün işin 16 milyona başa çatdırılacağı proqnozlaşdırılır.

Tikintisi 7 ilə ərsəyə gələn Manş tunelinin də ümumi xərcləri 16,3 milyon avro olmuşdu.

 

Hər iki ölkə arasında razılıq əldə edilsə, tunelin inşasına 2025-ci ildə başlanılacaq və təxminən 15 ilə bütün işlər başa çatdırılacaq. Layihə bitdikdən sonra gündəlik 40 sərnişin qatarı, 17 yük maşını və 11 avtomobil transferi, 3 yük qatarı səfərinin gerçəkləşdiriləcəyi proqnozlaşdırılır.

Xanımlar sayəsində Avropanı havayı gəzdi

0

Ah XANIMLAR…

25 yaşındakı Antoni Botta bir qəpik də xərcləmədən bütün Avropanı gəzib. O, səyahəti boyunca “Tinder” tanışlıq saytı vasitəsilə tanıdığı qadınların evində qalıb. Botta bunun sayəsində səyahətini demək olar ki, havayı edib.
Botta

Brüsseldə yaşayan Botta 20 fərqli şəhəri gəzib. Tanış olduğu 21 qadının evində qonaq qalan Botta bu səfər kəşfinə “Tinder-Surfing” adını verib. Botta Avropanı heç pul xərcləmədən gəzən ilk insan olduğunu iddia edir.

Botta

O, “Instagram” və “Youtube”-da səfəri ilə bağlı paylaşımlar edib. Gənclərə “Tinder”dən istifadə etməyi və bu sosial şəbəkə vasitəsilə yeni tanışlıqlar qurmağı məsləhət görür. Antoni iki aylıq səfəri zamanı Belçika, Hollandiya, Almaniya, Avstraliya, Macarıstan, Polşa, Slovakiya və Çexiyanı gəzib. O, bəzən ev sahibi ilə, bəzən də divanda gecələdiyini deyir:

“Vasvası deyiləm. Son nəticədə tək istədiyim şey qalacaq bir yerdir” – deyən, Botta Vyanadan başqa istədiyi hər şəhərdə qalmağa ev tapa bilib. Vyanaya isə Bratislavada qalaraq gedib-gəlib.

Dünyanın ən təhlükəli və ən qorxunc pilləkənləri (FOTOLAR)

0

Dünyada elə pilləkənlər var ki, onu görənlər liftə minmək üçün dua edirlər.

Qaynarinfo Çindən Kolumbiyaya qədər dünyanın müxtəlif yerlərində olan ən təhlükəli və ən qorxulu pilləkənləri sizlərə təqdim edir:

Anqkor Vat

anqkor
Anqkor Vat və ya  Anqkorvoat Kambocada yerləşən və tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm məbədi kompleksidir. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınıb. Tikilinin pilləkəni də özü qədər məşhurdur. Belə ki, nərdivanın meyilliliyi çox dik – 70 dərəcədir. Bu da çox adamı qorxuya salır. Nərdivanın kənarlarında yapışıb qalxmaq üçün iplər var.

Paylon del Diablo şəlaləsi

paylon del diablo
Şəlalə Ekvadorun Banos şəhərindən 30 dəqiqəlik məsafədə yerləşir. Hündürlüyü 61 metrdir. Şəlaləyə bitişik pilləkən tropik mənzərəni seyr edib zövq almaq üçün xüsusi olaraq bu şəkildə inşa edilib. Lakin qorxulu olmadığını demək də olmaz. Bu səbəbdəndir ki, şəlalənin yerli dildə adı “Şeytanın qazanı” tərcümə edilir.

Half Dome zirvəsi

Half Dome zirvəsi ABŞ-ın Kaliforniya ştatında olan Yosemit Milli Parkının ərazisində yerləşir. Çıxıla bilən yüksəklik 120 metrdir.
Half dome zirvəsi

El Penon de Quatape

El penon de quatepe
Kolumbiyadadır. 740 pilləsi var. Qalxmaq çətin deyil, sadəcə yorucudur. Bura yerli əhalənin ibadət yeridir.

Hua Şan dağı

Hua Şan
Çin ərazisindədir. Pillələrin dəqiq sayı bilinmir. Burada hərəkət etmək olduqca qorxuludur. Klassik nərdivandan fərqlənsə də bu yol bir növ dağa dırmanmaq istəyənlərin gücünü və əsəblərini yoxlamaq üçündür. Yolun kənarlarında heç bir ehtiyat tədbiri görülməyib. Buraya risk edib çıxan şəxsi zirvədə mənzərəli çay evi qarşılayır.

Maçu Piçu

Antik İnk şəhəridir. Buranı “inklərin itmiş şəhəri” də adlandırırlar. Şəhər yer üzərindən silinən inklərin rəmzi hesab edilir. 3000-dən artıq pillə var. 2400 metr yüksəklikdə yerləşir. Qalxmaq olduqca çətindir, amma inklərin bu qeyri-adi memarlıq nümunəsini görmək üçün çıxmağa dəyər.

Qasteluqaçe

“Game Of Thrones” izləyiciləri bu yeri xatırlayacaqlar. Qasteluqaçe İspaniyadadır. Pillələrin sayı 237-dir. Düşüb qalxmaq asandır. Əfsanəyə görə pillələri səbrlə çıxıb zirvədəki 10-cu əsrdən qalan zəngi 3 dəfə çalan adamın arzuları yerinə yetirir

21 yaşdan aşağı bu adaya giriş qadağandır (FOTOLAR)

0

                     Qeyri-adi ada

Mərkəzi Amerikanın turizm cənnətlərindən olan Belizedəki “Coco Plum” adasına 21 yaşdan aşağı şəxslər buraxılmır. Adada dünyanın bir çox yerində yasaq olan şeylər sərbəstdir. İstəyənlərin çılpaq gəzə bildiyi adada istirahət etmək üçün böyük büdcənizin olması vacibdir.
Ada
“Coco Plum”da dünyanın ən lüks otelləri yerləşir. Adada bir həftə qalmaq üçün 6 min dollardan artıq pul lazımdı. 6 min dollar vermək adaya girmək üçün yetərli deyil. Tətil üçün müraciət etdikdən sonra növbənin sizə gəlib çatmasını gözləməlisiniz. Çünki adaya hər həftə sadəcə 48 nəfər buraxılır.
Ada
Adada istirahət etmək istəyənlərdən tələb olunan əsas şərt 21 yaşından yuxarı olmaqdı. Sadəcə 21 yaşdan yuxarıların girə bildiyi adada sərhədsiz azadlıqlar var. İstəyənlər adada çılpaq gəzə bilər.
ada
Otellərdə qalacağınız otaqlar ev tiplidir və bir-birindən çox uzaqdır. Çox sayda sifarişlərin olduğu adaya bu ilin iyun ayınadək bütün girişlər alınıb.

Dünyanın ən güclü pasportları – SİYAHI

0

Dünyanın ən güclü pasportlarının yeni reytinqi açıqlanıb.

Gezmeli.az xarici KİV-ə istinadən xəbər verir ki, “Henley & Partners” təşkilatının açıqladığı siyahıda Yaponiya və Sinqapur vətəndaşlarının azad hərəkəti baxımından ilk pillədə qərarlaşıblar.

Yaponiya və Sinqapur pasportları 180 ölkəyə səfər etməyə imkan verir. Bu zaman onlardan heç bir viza tələb olunmur. 2014-cü ildən bu reytinqdə hər il lider olan Almaniya birinciliyini itirib. Almanlar hazırda 179 ölkəyə sərbəst səfər edə bilərlər.

pasport

Reytinqin 3-cü pilləsində isə eyni vaxtda 7 ölkə – İtaliya, Finlandiya, İspaniya, Danimarka, İsveç, Fransa və Cənubi Koreya yer alıb.

Onların hər biri 178 ölkəyə səfər etməyə şərait yaradır.