Ev Blog Səhifə 404

Azərbaycanda kənd turizmi üçün yeni standartlar hazırlanır

0

       Yeni standartlar

Mədəniyyət və Turizm Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) əməkdaşlığı çərçivəsində “Kənd yerlərində yerləşdirmə vasitəsi. Yerləşdirmə vasitələrinin təsnifatı, kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi” standartı layihəsinin hazırlanması üzrə işlər aparılır.

Elektron portal

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinə dəstək göstərilib. Kənd turizminin inkişaf etdirilməsi və fəaliyyətinin dəstəklənməsi məqsədilə elektron portal (www.ruraltourism.az) yaradılıb.

Fermer təsərrüfatları

Quba, Qusar, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən kəndli fermer təsərrüfatlarında maarifləndirmə işlərinin aparılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi İctimai Birliyə dəstək göstərib.

 Kənd turizminə özəl sektorun cəlb olunması məqsədilə bir neçə turizm şirkətləri ilə danışıqlar aparılıb.

Bavariya krallarının xəzinəsi Münhen-Foto

0

                 Münhen

Əhalisinin sayı 1,4 milyon nəfərdən çox olan Münhen Almaniyanın böyüklüyünə görə üçüncü şəhəri və sahəsinə görə ən böyük federal əyalətinin – Bavariya Azad Dövlətinin paytaxtıdır. Şəhər turistləri möhtəşəm sarayları, qədim meydanları və böyük parkları ilə dərhal ovsunlayır. BMW konserninin vətənində məzmunlu istirahəti sevənlər üçün bütün imkanlar var.

 

Mənzil başına çatmağın incəlikləri və Mariyenplatsda şou

Hannoverdən Münhenə qatarla gəldik və şəhərin mərkəzinə düşdük. İş elə gətirib ki, Avropa ölkələrində iri şəhərlərin çoxunda əsas dəmir yolu vağzalları, demək olar, həmişə mərkəzdə yerləşir. Hannoverdən Münhenə yol təqribən 4,5 saat çəkdi. Qatara biletləri isə qabaqcadan almışdıq. Axı bütün Avropa boyu dəmir yolu daşımalarını idarə edən “Rail Europe”nin satışlar üzrə baş agentinin – “SI Travel” şirkətinin Bakıdakı ofisində Avropanın istənilən qatarına bilet almaq mümkündür.

İngilis parkı və Gözəllər qalereyası

Münhenin mərkəzinin, demək olar, bütün nöqtələrindən soğanaq şəkilli günbəzlərlə bəzədilmiş, suvenir və hədiyyə maqnitlərinin çoxunda təsvir olunan iki qüllə görünür. Bunlar şəhərin rəmzi sayılan, Mariyenplats və Odeonsplats meydanları arasında yerləşən Frauenkirxe kilsəsinin qüllələridir.

Ay kralı və günəş enerjisi

Bavariya kralları arasında ekssentrikliyi ilə seçilən, 1864-1886-cı illərdə hökmranlıq etmiş II Lüdviq siyasətdən çox incəsənətlə maraqlanırdı. O, xəyallar dünyasında yaşayır və sənaye inqilabı dövründə cəngavərlərə layiq dəbdəbəli qəsrlər inşa etdirirdi. Fransanın Günəş Kralı XIV Lüdovik II Lüdviq üçün ideal monarx idi. O, hətta Herremkimzedəki tikintisi yarımçıq qalmış qəsrlərindən birini Versal sarayının tam surətinə çevirməyi planlaşdırırdı.

BMW dünyası

Hər tərəfində tarixin nəfəsi duyulan məkanlardan uzaqlaşıb, müasir dövrümüzə qayıtmaq üçün BMW Dünyasına yollanırıq. Burada Bavariyanın maşınqayırma zavodlarının istehsal etdikləri avtomobillərin kapotunu açıb baxmaq olar. Münhendə BMW qərargahının bilavasitə yaxınlığında yerləşən çoxfunksiyalı sərgi mərkəzində konsernin yeni məhsullarının təqdimatı keçirilir.  Maraqlıdır ki, BMW Dünyası sistemlərinin fəaliyyət göstərməsi üçün bütün enerji kompleksin düz damında yerləşən günəş elektrik stansiyasından daxil olur. Bax, bu, həqiqətən də, konsernin parlaq ideyalarının ardıcıl təcəssümünün nümunəsidir.

 

Türkiyəyə gedənlərin nəzərinə – BAQAJLA BAĞLI YENİLİK

0

Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqi

Yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək.

Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çamadanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.

Pasport qeydiyyatından keçdikdən sonra sərnişinlərə baqajları üçün xüsusi kod təqdim olunacaq. Qeyd edək ki, bu sistem hələ ki beynəlxalq reyslərdə tətbiq olunur. Yaxın günlərdə sistemin daxili uçuşlarda tətbiqinə də başlanacaq.

Ölkəyə gələn turistlərin təhlükəsizliyi dövlət orqanları tərəfindən təmin olunur

0

Turistlərin təhlükəsizliyi Dünya Turizm Təşkilatının fəaliyyətində prioritet istiqamətlərdən biridir.

Biz də bu sahədə mövcud olan müqavilələrə tam məsuliyyətlə qoşulmuşuq. Bu gün Azərbaycanda turistlərin təhlükəsizliyi təkcə Mədəniyyət və Turizm Nazirliyi deyil, ümumiyyətlə, dövlət orqanları tərəfindən təmin olunmaqdadır. Turistin ölkəyə girişindən tutmuş gedişinədək bu məsələ ciddi nəzarət altındadır.

Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə vətəndaşların qəbulu zamanı jurnalistlərə müsahibəsində səsləndirib. Bu sahədə mövcud problemlərə toxunan nazir deyib: “Bəzən məsuliyyətsizlikdənmi, səriştəsizlikdənmi bizi narahat edən faktlar ortaya çıxır. Həm qida baxımından, bəzən də asudə vaxtın keçirildiyi yerlərdə təhlükəsizliyin tam təmin olunmaması baxımından müəyyən problemlər var. Nazirlik olaraq biz müəyyən qaydalar hazırlayaraq bütün müəssisələrə təqdim etmişik. Turizm tamamilə özəl sektordur və bu gün müvafiq sahədə çalışan işgüzar insanlar bu məsuliyyəti hiss etməlidirlər”.

Dövlət tərəfindən bu sahəyə nəzarət funksiyasının gücləndirilməsinin vacibliyini önə çəkən nazir Əbülfəs Qarayev deyib: “Yeni qanun layihəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm obyektlərinə nəzarətin gücləndirilməsinə dair müvafiq təkliflər irəli sürülüb. Bu qanun qəbul olunduqdan sonra onların icrasına başlanılır”.

Turistlər ayaqqabı və geyimə təxminən 1,2 milyard dollar xərcləyiblər

0
Man on the top of mountain and airplane

Türkiyəyə səfər edən turistlər ayaqqabı və geyimə təxminən 1,2 milyard dollar xərcləyiblər. 

Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar-iyun aylarında ölkəyə 13 milyon 708 min 152 nəfərin səfər etdiyini açıqlayıb.

Turizm gəlirləri təxminən 8,8 milyard dollar olub. Bunun 6,8 milyard dollarını xarici ziyarətçilərin, təxminən 2 milyard dollarını isə xaricdən gələn türk vətəndaşların xərcləri formalaşdırıb.

Türkiyəyə gələn turistlərin ümumi turizm xərclərinin 7,5 milyard dolları şəxsi, 1,2 milyard dolları tur paketləri çərçivəsində xərclər olub.

Turistlərin fərdi xərclərində yemək-içmək xərcləri daha çox paya malik olub. Bu istiqamətdə xərclər 1 milyard 326 milyon dollar təşkil edib. 1 milyard 36 milyon dollar isə yerləşməyə yönəldilib.

ABŞ-a gedənlər bunları bilməlidirlər

0

 ABŞ-a gedərkən nələrə diqqət etmək lazımdır?

Telefon və noutbuk “adaptr”ı ABŞ-dakı “razetka”lara uyğun gəlməyəcək. Ona görə öncədən bunu nəzərə almanız və özünüzlə xüsusi başlıq gətirməyiniz lazımdır.

İkincisi, Vaşinqton və Nyu-Yorkda küçə adları həm rəqəmlərlə, həm də hərflərlə adlandırılıb. Misal: A, K küçəsi, 1-ci, 2-ci küçə və s.

Sietl isə dünyanın ən zəngin iki şəxsinin yaşadığı şəhərdir. Həm “Microsoft” (1975), həm də “Amazon.com” (1994) şirkətlərinin əsası Sietl şəhərində qoyulub.

Nyu-York hündür mərtəbəli binaları ilə turistlərin ən çox gəldiyi və olduqca bahalı bir şəhərdir. Avtomobillərin tıxacından və insan sıxlığından tərpənmək çətindir. Nyu-York həm də siçovulların çoxluq təşkil etdiyi çirkli bir yerdir.

ABŞ-da dünyanın müxtəlif xalqlarının nümayəndələrinə rast gəlmək olar. Buna görə burada millət yox, vətəndaşlıq anlayışı müqəddəsdir. Demək olar ki, 50 ştatın hərəsi Avropanın bir ölkəsinə bərabərdir.

Acı və şirin yeməklər 

ABŞ-da insanlar çox ünsiyyətcil və mehribandır. Tanımadığınız şəxs sizə gülümsəyib salamlaşsa, təəccüblənməyin. İnsanlar bir-birlərinə qarşı çox nəzakətlidirlər. Hər addımda bir-birlərindən üzr istəməyi bacarırlar.

ABŞ-da bütün yeməklər ya çox şirin, ya da çox acıdır. İnsanların əksəriyyəti artıq çəkidən əziyyət çəkir. Lakin insanlarda özünə əminlik çox yüksək olduğundan buna görə heç də narahat görünmürlər. Buna baxmayaraq, küçələrdə qaçan, idman edənlərin sayı da az deyil. Çin, Hindistan və Meksika restoranları üstünlük təşkil edir. Ağız dadınıza uyğun yemək dadmaq istəsəniz, gərək Türk restoranlarına üz tutasınız. Menyuda qiymətlər təxminən 10-20 dollar arasında dəyişir.

Sənədsiz içməyə icazə verilmir 

ABŞ-da içki içərkən diqqətli olmaq lazımdır, çünki ictimai yerlərdə bu, qadağandır və Avropadan fərqli olaraq, küçədə spirtli içki içən adama çox az hallarda rast gələ bilərsiniz. Alkoqol, adətən, xüsusi mağazalarda satılır və onu alarkən sizdən şəxsiyyəti təsdiq edən sənəd tələb edilə bilər. “Pub”lara gedərkən də sənədlərinizi özünüzlə götürməyi unutmayın, əks halda içəri buraxılmaya bilərsiniz.

Təhsil və tibb bahadır

ABŞ- a gəlmədən öncə mütləq diş həkiminə getməyi unutmayın, çünki dişin müalicəsi olduqca bahadır. Bir dostum sırf dişini düzəltdirmək üçün Azərbaycana gəlib-gedib. Bununla yanaşı, tibbi xidməti olduqca bahadır. İnsanların sığortası olmadan müalicə alması, demək olar, mümkünsüzdür. Sığortanın olması üçün də mütləq işləməlisən. Burada əsl vəhşi kapitalizmi görmək olar. ABŞ şanslar ölkəsi olmaqla yanaşı, həm də olduqca yüksək rəqabət var.

Tibblə yanaşı, təhsil də çox bahalıdır, buna görə də əksər amerikalının təhsillərini davam etdirmək istəkləri ürəklərində qalır. Bunun üçün ya varlı ailən olmalı, ya dövlətdən uzunmüddətli təhsil krediti götürməlisən, ya da işləyərək təhsil üçün pul yığmalısan. Tanıdığım bir amerikalının təhsilə görə dövlətə 20 min dollar borcu var və deyir ki, 10 il ərzində işləyib geri ödəməlidir.

Əməkhaqqı 

Maaşlar da Azərbaycanla müqayisədə xeyli yüksəkdir.  Bir saatlıq əməyin minumum dəyəri 8 dollardır. Əgər həftədə 40 saatdan çox işləsən, bir saatın dəyəri 50% artacaq (12 dollar).

Bir sözlə, “American dream” arzulardakı kimi olmasa da, istedadlı və bacarıqlı insanların məkanıdır.

Xaricə uğurla köçmək üçün – 12 QIZIL QAYDA

0

Miqrasiyanın 12 qızıl qaydası

1. Birinci və əsas qayda – miqrasiya üçün düzgün, məhz sizə uyğun gələn proqramı seçmək. Bunun üçün köçmək istədiyiniz ölkənin səfirliyi və ya XİN-in saytındakı bütün proqramlarla maraqlanmaq lazımdır.

Əgər sizə uyğun gələn proqram tapa bilməsəniz, həmin (yəni getmək istədiyiniz) ölkədə xaricilərlə məşğul olan vəkillə məsləhətləşin. Bu zaman heç bir ümumi cavab ola bilməz, hər bir hal özünə görə unikaldır və fərdi qaydada baxılmalıdır. Heç vaxt forumlarda və ya sosial şəbəkələrdə bu sahəni bilməyən adamların yazdıqlarına əsaslanmayın. Çünki problem olsa, onun mənfi nəticələrini o yox, siz görəcəksiniz. Yadda saxlayın, uğurlu emiqrasiya etmək üçün köçəcəyiniz ölkədə leqallaşma birinci dərəcəli və ən vacib işdir.

2. Gedəcəyiniz ölkənin dilini əvvəlcədən öyrənin. Bunu etməsəniz, özünüzün qiymətli vaxtınızı və pulunu itirməli olacaqsınız.

Sizinlə öz dilinizdə yalnız öz ölkənizdə danışacaqlar. Başqa dillərə – rus, türk, hətta ingilis dilinə də ümid etməyin (əgər ingilisdilli ölkəyə getmirsinizsə), məhz gedəcəyiniz ölkənin dilini örənməlisiniz. Çox tez-tez insanlar şikayətlənirlər ki, onlar İspaniya, Fransa və ya Almaniyaya köçüblər, amma ingilis dilləri əla olsa da, onları işə qəbul etmirlər. Bu, təbiidir – həmin ölkədə ingilis dili əsas deyil və əhalinin də çox az hissəsi ingilis dili bilir. Əgər ingilis dilini bilirsinizsə və başqasını da öyrənmək istəmirsinizsə (ya da bacarmırsınızsa), onda köçmək üçün ingilisdilli ölkə seçin.

Bəziləri fikirləşər: köçəndən sonra insanların arasında düşüb həmin ölkənin dilini məcbur öyrənərəm. Bu, mümkün deyil, həmin nağıllara inanmayın. Çünki siz insanların sizə nə dediyini başa düşməyəcəksiniz və heç kim də sizin nazınızı çəkməyəcək. Dil bilmədən, heç bir ünsiyyət imkanı olmadan siz tezliklə öz həmsöhbətiniz üçün maraqsız olacaqsınız. Ona görə də dili əvvəlcədən öyrənin. İndi bunun üçün bütün imkanlar var: kurslar, internet dərslər, kitablar, öyrədici filmlər. Həmin dildə heç nə başa düşməsəniz də, mahnılara QULAQ asıb kitab oxuyun.

3. Uğurlu miqrasiya üçün növbəti vacib məqam – sizin şəxsi iqtisadi durumunuz.

Əgər sizin kənardan sabit gəliriniz varsa, bu, əladır və bu bənd haqqında düşünməyə bilərsiniz. Amma kənardan gəliriniz yoxdursa, yeni ölkədə necə pul qazanacağınız barədə əvvəlcədən düşünməlisiniz. Ümid eləməyin ki, siz, məsələn, yüksək səviyyəli həkim, Avropa və ABŞ-a gəlib bir həftə sonra öz ixtisasınız üzrə işə düzələcəksiniz. Xeyr, bizim istənilən diplomumuz yeni ölkədə təsdiq olunmalıdır və buna bəzən bir neçə ay, hətta bir neçə il vaxt tələb oluna bilər. Hətta ola bilər ki, siz bu ixtisas üzrə yenidən təhsil almalı olasınız. Amma əks hallar da olur. Məsələn, musiqi müəllimi xadimə işləyir. Halbuki, musiqi müəllimi kifayət qədər gəlirli peşə sayılır. Sadəcə, bu potensialı reallaşdırmaq lazımdır. Bir sözlə, yeni ölkədə pulu necə qazanacağınız barədə əvvəlcədən düşünməlisiniz, lazım olarsa, həmin ölkədə tələbat olan peşə öyrənmək də pis olmaz.

4. Hətta siz ölkəyə pulla gəlmisinizsə, çalışıb özünüzü qazancınızla dolandırın, nəinki, gətirdiyiniz pulları xərcləməklə.

Əgər bu prosesi yoluna qoymasanız, bütün pulları, hətta böyük məbləğ olsa da, itirmək mümkündür. Əgər siz dərhal biznesə başlamağa və ya sizi maraqlandıran işə düzəlməyə hazır deyilsinizsə, istənilən işə gedir. Bu sizə maliyyə cəhətdən üzdə qalmağa və ehtiyatınızı xərcləmədən məqsədinizə çatmağa imkan verər. Digər tərəfdən, işləmək sizə yeni ölkənin cəmiyyətinə qaynayıb-qarışmağa, özünüzə yeni dost-tanış tapmağa, dil biliklərinizi artırmağa da kömək edəcək.

5. Köçəcəyiniz ölkənin regionlarını seçəndə ucuzluq olan yeri deyil, iş çox olan yeri seçin. Miqrantların əksəriyyəti bu məsələdə səhv buraxırlar.

Onlar ucuz ev axtararkən necə qazanacaqlarını fikirləşmirlər. Nəticədə daha çox pul itirirlər. İnsanlar hesab edirlər ki, ucuz yer seçəndə, özləri ilə gətirdikləri pul onlara daha uzun müddət kifayət edəcək. Nəticədə vaxt gedir, iş tapılmır və nəhayət, pul qurtarır. Bu o qədər çox baş verən haldır ki, onun dəfələrlə təkrarlanması adamı təəccübləndirir. Sonra isə öz səhvləri ucbatından gəldikləri ölkəni lənətləyirlər. Ona görə də yeni ölkəyə gələndə elə birinci gündən məqsəd qoymaq lazımdır ki, artıq bir aydan sonra pul qazanmağa başlayacaqsan. Deməli, iş çox olan yerləri seçmək lazımdır.

6. Əgər emiqrasiya etməyə qərar vermisinizsə, tərəddüd etməyin.

Ölkədən köçəndə özünüzə “Gedim baxım, alınmasa, geri qayıdacam” deyirsinizsə, deməli, artıq indidən heç nə alınmayacağı ilə razılaşırsınız. Çünki evdə hər şey aydındır, bir tikə çörək var, bir şey baş verəndə də qohumlar yaxınlıqdadır və s.

Amma əgər siz birdəfəlik getmək niyyətindəsinizsə, geriyə qayıtmaq üçün bütün yolları kəsməlisiniz – onda komfort zonasına qayıtmayacaqsınız. Bunun üçün isə vətəndəki hər şeyinizi satmalısınız, geri çəkilməyə yolunuz olmayanda bütün diqqətiniz yeni ölkəyə yönələcək və burada işləriniz daha yaxşı gedəcək.

7. Müftəxorluq – çox pis aludəçilikdir.

Əgər siz heç nə vermədən hər şey əldə etmək üçün yer axtarırsınızsa, heç nə alınmayacaq. Pulsuz heç nə axtarmayın, ən yaxşısı, qazanc yolları arayın ki, özünüz-özünüzü təmin edib normal həyat qurasınız.

8. Xaricə köçməklə bağlı həmin ölkədə yaşayan “təcrübəli” həmvətənlərinizin dediklərinə o qədər də fikir verməyin.

Çünki onların həmin ölkə haqqında bilikləri yalnız orada yaşadıqları illərdə toplanıb. Xüsusilə də əgər onların təcrübəsi yalnız mənfi hallardan ibarətdirsə. Yadda saxlayın ki, bu neqativ bütün ölkənin deyil, həmin adamların öz uğursuzluqlarının nəticəsidir. Əvəzində yeni gəldiyiniz ölkədə yaxşı cəhətləri görməyə öyrəşin. Əgər sizi həddən artıq optimistlikdə günahlandırırlarsa, qoy olsun, bu, bədbinlikdən daha yaxşıdır. Digər məsələ, xaricdə öz yerlilərinizdə dostluq sizə yeni ölkəyə uyğunlaşmağa kömək etməyəcək. Bu, böyük səhvdir. Siz daha yox yerlilərlə dostluq edin, onların vasitəsilə yerli ənənələri, yerli şəraiti öyrənin. Üstəlik də daimi praktika ilə dil biliklərinizi təkmilləşdirin. Özünüzə tərcüməçi axtarmayın, nə qədər ki, yanınızda tərcüməçi var, siz dil öyrənə bilməyəcəksiniz.

9. Xaricdə, elə öz ölkənizdə də mənfi enerji saçan adamlardan uzaq olun, onları həyatınızdan uzaqlaşdırın, belələri hədəflərinizə çatmaqda sizə mane olur.

Özünüzü uğurlu, enerjili, pozitiv, məqsədi olan və artıq nələrəsə nail olan şəxslərlə əhatə edin.

10. Yeni ölkədə bütün pullarınızı dərhal daşınmaz əmlaka yatırmayın.

Bu da emiqrantların ən çox yol verdiyi səhvlərdəndir. Bəziləri ölkə haqqında geniş məlumatları olmadığı halda rieltorların elanlarına aldanıb pullarını perspektivsiz əmlaka yatırırlar. Bundansa, ölkəni səyahət edin, bütün cəhətlərinə görə sizə uyğun gələn yer seçin. Daimi gəlir mənbəyi tapın, yalnız bundan sonra daşınmaz əmlak barədə düşünün. Yalnız o halda pulu daşınmaz əmlaka qoymaq olar ki, bu, sizin sonuncu pullarınız deyil və alınan əmlakın likvidliyi 100%-dir (yəni lazım olarsa, onu dərhal sata biləcəksiniz).

11. “Gəmidə oturub gəmiçi ilə dava etmək” olmaz.

Gəldiyiniz ölkəni və buradakı insanları sevin, onun mədəniyyətini və ənənələrini qəbul edin. Sizin xoşladığınız və seçdiyiniz ölkəni yaradan insanlara hörmətlə yanaşın. Bəzi miqrantlar getdikləri ölkədə çox şeydən şikayətlənirlər. “Çörəyi pis bişirirlər”, “səmimi gülmürlər”, “evləri pis tikirlər”, “qadınları kifir, kişiləri kobuddur”, “təmizkar deyillər” və sair və ilaxır. Siz də belə sözlər deyəcəksinizsə, unutmayın ki, bu ölkəyə sizi heç kim çağırmayıb, özünüz seçib, özünüz də gəlmisiniz. Ona görə də ölkəni olduğu kimi qəbul edin. Ən əsası, xırda məsələlərdə də yaxşı cəhətlər görün. Miqrasiya böyük stress deməkdir. Mənfi fikirlərlə onu daha da ağırlaşdırmayın. Sadəcə, bütün gözəlliklərə valeh olub, ləzzət alın.

12. Nəhayət, ən əsas məsələlərdən biri.

Başa düşməlisiniz ki, siz hansı yeri, hansı həyatı seçmisinizsə, həmin yerin bir parçasısınız. Əgər miqrant məhəlləsində məskunlaşmısınızsa, buradakı problemlər həmin yerin problemləridir. Əər siz fəhlə və işsizlərin arasındasınızsa, bu, o demək deyil ki, bütün ölkə savadsızdır. Bu, yalnız sizin seçdiyiniz dairədir. Buradan çıxmaq da sizin öz əlinizdədir.

Azərbaycandan xaricə ucuz qiymətə necə getmək olar?

0

Xaricə getməy üçün qiymətlər

Kim “Azərbaycandan xaricə minimum büdcə ilə səyahət etmək mümkün deyil” deyirsə, yanılır.

Bakıdan müxtəlif istiqamətlərə uçuşlar üzrə qiymətləri paylaşılıb.

Paylaşımdan məlum olur ki, müxtəlif büdcəli avişirkətlərin biletləri ilə Avropa, Asiya, hətta Afrikaya həddən artıq ucuz qiymətə səyahət etmək mümkündür. Aviabiletlərin qiymətləri aşağıdakı kimidir:

Qiymətlər

1) Bakıdan Münhenə (Almaniya) gediş-dönüş 184 AZN
2) Bakıdan Stokholma (İsveç) gediş-dönüş 235 AZN
3) Bakıdan Sürixə (İsveçrə) gediş-dönüş 255 AZN
4) Bakıdan Barselonaya (İspaniya) gediş-dönüş 300 AZN
5) Bakıdan Amsterdama (Niderland) gediş-dönüş 350 AZN
6) Bakıdan Tel-Əvivə (İsrail) gediş-dönüş 385 AZN
7) Bakıdan Tel-Əvivə (İsrail) gediş-dönüş 400 AZN

8) Bakıdan Kasablankaya (Mərakeş) gediş-dönüş 512 AZN
9) Bakıdan Mexikoya (Meksika) gediş-dönüş 1300 AZN

Ətraflı:

– Bakı-Kutaisi-Münhen (gediş-dönüş) 4 Noyabr-6 Dekabr
– Bakı-Kutaisi-Varşava-Stokholm (gediş-dönüş) 17 Noyabr-3 Dekabr
– Bakı-Kutaisi-Münhen-Sürix (gediş-dönüş) 4 Noyabr-6 Dekabr
– Bakı-Kutaisi-Varşava-Barselona (gediş-dönüş) 17 Noyabr-3 Dekabr
– Bakı-İstanbul-Amsterdam (gediş-dönüş) 4-13 Dekabr
– Bakı-İstanbul-Tel Əviv (gediş-dönüş 385 AZN) 25 Dekabr-5 Yanvar
– Bakı-Tiflis-Tel Əviv (gediş-dönüş 400 AZN) 24 Dekabr-1 Yanvar
– Bakı-Kiev-Kasablanka (gediş-dönüş) 10-30 Yanvar
– Bakı-İstanbul-Mexiko (gediş-dönüş) 19 Yanvar-1 Fevral

Nəqliyyat vasitəsi olaraq avtobus və təyyarələrdən istifadə etmək mümkündür.

 

Azərbaycan rusiyalı iş adamlarının ən çox səfər etdiyi 5 ölkədən biridir

0

Azərbaycan rusiyalı iş adamlarının ən çox səfər etdiyi 5 ölkədən biridir

Rusiyanın turizm agentliyi “Aeroklub” ölkənin biznes səyahətçilərinin seçdikləri ən məşhur istiqamətləri açıqlayıb.

Rusiyalı iş adamları Qazaxıstana, Özbəkistana, Gürcüstana, eləcə də, Belarusa səfər ediblər.

Gürcüstan son illər bu siyahıda üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes məqsədilə uçuşlar 2,5 dəfə artıb.

Ukrayna siyahıda 6-cı yeri tutub. Rusiya ilə Ukrayna arasında hava əlaqəsinin dayandırılmasından sonra bu ölkəyə uçuşlar Belarus və Azərbaycandan tranzit yolu ilə reallaşdırılır.

“ASAN Viza” sistemi vasitəsilə e-viza almaq mümkün olacaq

0

“ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində e-viza almaq mümkün olacaq

2017-ci il tarixindən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.

“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 21 iyun 2017-ci il tarixli, 1482 saylı Fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir.

Asan Viza

“ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli, 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Elektron viza

Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Qeyd edək ki, bu günə kimi “ASAN Viza” vasitəsilə 167.337 əcnəbi və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.