Ev Turizm Xəbərləri Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib

Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib

Şəki Xan Sarayı

Avqustun 9-dan etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

Yerli və xarici mütəxəssislərin, dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib. Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi birgə rəydə hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu açıqlanmışdı. Səhər saatlarından Xan sarayını ziyarət edənlər özlərini tam təhlükəsiz məkənda his etdikərini bildirir.

Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü. Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı. 

Bədbəxt hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada dünyasını dəyişib. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. 

Digər yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunmuşdular.