PAYLAŞ

    Şotlandiya mədəniyyət mərkəzi

Səddam Bilalov: “Şotlandiyada hər kəs öz işi ilə məşğuldur”

“Həddindən artıq sakit yerdir. Bu ölkədə hər kəs öz işi ilə məşğul olur. Heç kim heç kimi narahat etmir. Şəhərin hər tərəfi tarix qoxuyur. Tarixi binaları, alçaq mərtəbəli evləri ilə turistlərin diqqətini çəkir”.

Söhbət bir çox insanın gəzmək və yaşamaq xəyalına çevrilən Şotlandiyadan gedir. Bir çox mənbələrdə bu ölkə haqqında maraqlı faktlar mövcuddur. Məsələn, göldəki suyun həcminə görə Şotlandiyanın ən böyük gölü Lox Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır. Bəli, onlar hələ də bu ölkədə divin yaşadığına inanırlar.

şotlandiya

Şotlandiya haqqında məlumatlar yəqin ki çoxlarını maraqlandırır. Bu ölkə hətta müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayıb. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verir. Məhz bu zaman Birləşmiş Krallıq yaradılır. Birləşmiş Krallıqda Uels, Şimali İrlandiya, İngiltərə və Şotlandiya yerləşir. Bu krallıqda ən böyük əhaliyə sahib olan İngiltərədən sonra əhalinin sayına görə ikinci ölkə Şotlandiyadır. Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır.

Qəsəbəni xatırladan paytaxt


Biz də bu fərqli ölkəni kəşf etmək üçün həmsöhbətimizlə birlikdə Şotlandiyanı qiyabi səyahətə çıxdıq. Müsahibimiz Təhsil Nazirliyinin təqaüd proqramı ilə Şotlandiyanın Edinburq Universitetində təhsil alan həmyerlimiz Səddam Bilalovdur. Səddam dissertasiyasını müdafiə etmək üçün Şotlandiyanın paytaxtı Edinburqun məktəblərində çalışır. Səddamı bu ölkədə təəccübləndirən insanların sakitliyi və rahatlığıdır: “Bu ölkədə hər kəs öz işi ilə məşğuldur. Cəmiyyət olaraq sakit təbiətlidirlər. Sanki öz dünyaları var və orada sakit şəkildə yaşayırlar. Heç kim heç kimin işinə qarışmır. Bu, məni ilk təəccübləndirən fakt idi”.

şotlandiya

Müsahibimiz deyir ki, Şotlandiyanın təbiəti çox gözəldir: “Şotlandiyanın dillərə dastan bir gözəlliyi var. Bir çox filmə mövzu olan Şotlandiya yaşıllıqların arasında böyük bir gözəlliyə malikdir. Şotlandiyada çox sayda ada mövcuddur. Gölləri, adaları, dağları ilə olduqca zəngin təbiətə malik ölkələr arasındadır. Şotlandiya tam müstəqil ölkə deyil. Amma buna baxmayaraq, bu ölkənin öz bayrağı, parlamenti və paytaxtı mövcuddur. Şotlandlar tarixlərinə, mədəniyyətlərinə, ənənələrinə olduqca əhəmiyyət verirlər. Həmçinin öz mədəniyyətlərini, ənənələrini yaşatmağa qayğı göstərirlər. Edinburq küçələri dardır və səkiləri orta əsr ab-havasını hiss etdirir. Paytaxt olmasına baxmayaraq, şəhərdən daha çox kiçik qəsəbəni xatırladır”.

Qəsrlər şəhəri



Həmsöhbətimiz deyir ki, xüsusilə Edinburq tarixi şəhərdir. Onun sözlərinə görə, bu şəhərdə hündürmərtəbəli binalar demək olar, yoxdur: “Edinburqun tarixi çox qədimdir. Bunu hər bir küçə, hər bir bina deyir. Edinburqu əbəs yerə qalalar və qəsrlər şəhəri adlandırmırlar. Buradakı hotellər və hostellər belə yaşı əsrlərlə ölçülən qədim qəsrlərdə yerləşir. Elə bu şəhəri turistlərə daha çox sevdirən də qədimiliyi və təkrarsızlığıdır”.

 

Müsahibimiz deyir ki, Edinburqun gecə həyatı çox maraqlı olur. Bu şəhər tarixi abidələri ilə yanaşı, pabları (pivəxanaları) ilə də məşhurdur: “Təsadüfi deyil ki, bütün dünyada məşhur olan viski Şotlandiyanın milli içkisi hesab edilir. Tərcümədə isə mənası “həyat suyu” deməkdir”.

Pis ruhlar, kişilərin geydiyi ətəklər…



Adət-ənənələrinə gəldikdə isə həmsöhbətimiz deyir ki, Şotlandiyada ənənəvi Yeni il festivalı keçirilir: “Şotlandiyada ənənəvi Yeni il festivalı – “Hagmonay” hələ də önəmini qoruyur. Bu özəl gecədə insanlar məşəl yandıraraq pis ruhları qovmaq üçün əllərində alovla gəzirlər.Yeni il gecəsi evin bütün qapı və pəncərələri açıq qoyulur. İnanclara görə, “Cwn Annwn” adlı qara it əvvəlki ilə aid hər şeyi açıq yerlərdən keçərək özü ilə aparır. Şotlandlar bayram gecəsi edilən evlənmə təklifinin uğursuzluq gətirəcəyinə, yeni ildə evə ilk girən şəxsin isə özü ilə uğur və ya kədər gətirəcəyinə inanırlar. Əgər bu adam tünd saçlı və əli hədiyyəlidirsə, ev sahibləri onları qarşıda çox yaxşı il gözlədiyinə inanırlar”.

şotlandiya

Şotlandlar dünyada fərqli geyimləri ilə də tanınır. Xüsusilə ətək geyinən kişi deyəndə ağla gələn millət heç şübhəsiz ki, şotlandlardır. Müsahibimiz deyir ki, ətək adlandırdığımız geyim əslində kiltdir: “Şotland kişiləri həmişə kiltlə gəzmirlər. Şotlandlar kilti ancaq ənənəvi olaraq toylara və turizm məqsədiylə geyinirlər. Ənənəvi şotland toylarında bəy və kişi cinsindən olan qonaqlar bəyin xahişi ilə kilt geyinə bilir, amma təbii ki, toyda kilt geyinmək kimi bir məcburiyyət yoxdur. Toylardan əlavə, kilt geyinən kişilərə ən çox turistik məkanlarda rast gəlmək olur. Kilt geyinən və tuluq zurnası çalan şotland kişilərini Edinburq, Qlazqo kimi şəhərlərdə məşhur muzeylərin, qalaların, qalereyaların və tarixi binaların yaxınlığında görmək mümkündür”.

“Açıq fikirli şotland uşaqları”



İnsanların xarakteri və davranışlarına gəldikdə, müsahibimiz deyir ki, Avropanın bütün ölkələrində insanların xarakterləri demək olar, eynidir: “Dissertasiyaya görə məktəblərdə işləyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, insanlar bir-birinə qarşı çox diqqətcil və nəzakətlidirlər. Açıq fikirlidirlər və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacarırlar. Mənə elə gəlir ki, bunun kökündə təhsil dayanır. Hətta uşaqlar belə azad fikirli böyüdülür. Məktəblərdə onların fikirlərinə önəm verilir. Uşaqlara uşaqlıq çağından diskussiyanı öyrədirlər.”.

şotlandiya

Məlumat üçün bildirək ki, dünyanın ən qısa aviareysi də məhz Şotlandiyaya məxsusdur. Sərnişinlərə təyyarə ilə Şotlandiyanın iki adası – Vestrey və Papa Vestrey adaları arasında gedib-gəlmək üçün cəmi 2 dəqiqə lazımdır.