Ekspert tur agentlərinin də üzərinə böyük iş düşdüyünü vurğulayır:“Adını “tour agency” qoyan şirkətlər bəzi hallarda yalnız tur biletlərinin satışı ilə məşğul olur, hansısa turizm məhsulu ortaya çıxarmaq iqtidarında deyillər. Qonaq cəlb etmək bilavasitə otelin işi deyil. Tur agentliklər, tur operatorlar bu işlə məşğul olmalıdır. Onlar bu işi qismən görürlər”. Hesab olunur ki, qeyd edilən bu problemlərin mümkün qədər tez həlli turizmin inkişafına, onun ölkə iqtisadiyyatında rolunun artmasına mühüm töhfələr vermək iqtidarındadır.
2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq – Agentlik
2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana səyahət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb.
Bu, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.
Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycana səyahət edənlərin 51.9%-ni təşkil edir.
Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9% və 37.8% artım müşahidə edilib.
2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib. Bu da 52 min nəfər və ya 24.7% artım deməkdir.
Ən yüksək artım 74.3%-lə İran və 65.1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb.
Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18% artım) və Rusiyadan (9.2 min nəfər və ya 14.4% artım) gələnlər arasında müşahidə edilib.
Qaranlıq və “soyuq” şəhər, adı şəraba verilən futbolçu – REPORTAJ
AVRO-2020-nin son seçmə oyunu üçün Azərbaycan millisi ilə birgə Slovakiyanın paytaxtı Bratislavada idik. “Report”un əməkdaşı kimi ilk dəfə yığmanın oyununu işıqlandırmağa ezam olunmuşdum.
Təbii ki, səfər öncəsi futbolçuların əhval-ruhiyyəsi elə də yüksək səviyyədə deyildi. Bu da başa düşülən idi. Səfərdən bir gün əvvəl komanda Bakıda Uelsə məğlub olmuşdu.
3 saat 40 dəqiqəlik uçuşdan sonra təyyarə Bratislavaya endi. Yığmanın oyunu Trnava şəhərində olsa da, komanda və media nümayəndələri paytaxtda qaldı. Hava limanına yerli vaxtla saat 17:00-da çatarkən ilk olaraq, hər tərəfin qaranlıq olması diqqətimizi cəlb etdi. Düşündük ki, ilk gündə Bratislavanı, az da olsa, aydınlıq içində görə bilərdik. Burada sanki səhərlər də gec açılır. Slovakiya xalqı, sözün əsl mənasında, gün üzünə həsrətdir.

Bratislava paytaxt şəhər olsa da, Milan Rastislav Ştefanik adına hava limanında demək olar ki, sıxlıq yox idi. Bunu da hardasa anlamaq olardı. Avropanın mərkəzi, əhalisi yarım milyondan bir az çox olan şəhər üçün normal haldır. Burada turistlər də azdır. Nə də olsa, turizm Çexiyadakı qədər inkişaf etməyib. Yaxınlıqda Vyana kimi şəhərin olması da bu baxımdan Bratislavanın işinə yaramır.
Dunay çayının sahilindəki “soyuq” Bratislava
Burada yenilərlə yanaşı, köhnə binalara da rast gəlmək mümkündür. Hətta şəhərin mərkəzində eyvanlarında həsir olan evlər də var. Şəhər boyu demək olar ki, binaların 99 faizinin üzərində müxtəlif yazılar, fotolar, rəsmlər (qraffiti) həkk olunub. Bəziləri var ki, göz oxşayır. Lakin əksəriyyəti şəhərin görkəmini, gözəlliyini demək olar ki, pis edir.
Şəhərdaxili sərnişin daşımasında trolleybus və tramvaydan istifadə olunur. Bu da ekologiyanın təmizliyi baxımından önəmlidir. Payızın daha çox hiss olunduğu və Dunay çayının sahilində yerləşən Bratislavada insanların münasibəti də nədənsə soyuq idi. Bəlkə də düşünərsiniz ki, üç günə görə hansısa şəhərin əhalisi ilə bağlı fikir yürütmək düzgün deyil. Amma üç gün ərzində belə münasibətlə qarşılaşdığımız halların sayı üçdən çox olubsa, deməli, düşünməyə dəyər.

İlk gündəcə polis işçisinə yolu soruşmaq üçün müraciət edəndə bunun şahidi olduq. Onun bizə cavabı, kobud şəkildə “Tez yolu qarşı tərəfə keçin” oldu. Halbuki, əsas məqsəd, sadəcə, axşam saatlarında şəhərdə market tapmaq idi. Onu da qeyd edim ki, ümumiyyətlə şəhərdə market çox azdır. Vətəndaşların bizə belə münasibəti yalnız polis işçisi tərəfindən göstərilmədi. Ertəsi gün cavan oğlanı saxlayıb yolu soruşmaq istədiq. Bizə “Hi” (“Salam”) dedikdən sonra yoluna davam etdi. “Macəra” bununla da yekunlaşmır. Universitetin qarşısında tələbədən bizim şəklimizi çəkməyini istəsək də, “No” (“Yox”) cavabını aldıq. Bu kimi daha 2-3 şəxs bizlərə cavab vermədi.

“Karvan”ın tarix yazdığı, “İnter”in uduzduğu Slovakiyadan Nikola Yurçeviç də məğlub ayrıldı
Ölkədə ən çox inkişaf etmiş idman növlərindən biri də buzüstü hokkeydir. İlk gündə şəhərlə tanış olmaq istədik. Bu məqsədlə otelin yaxınlığında “Slovan” klubuna məxsus hokkey mərkəzinə baş çəkdik. Öyrəndik ki, arenada həvəskarlar liqasının oyunu da keçirilir. Peşəkar komandaların oyunlarında isə yetərincə azarkeş olur.
Futbol matçı isə Bratislavada deyil, Trnavada keçirildi. Cəmi 50 km aralıdakı şəhərin 99 illik tarixə və 20 minədək tamaşaçı tutumuna malik Anton Malatinski adına stadionunda. Bu şəhərin “Spartak” komandasına qarşı əvvəllər Azərbaycanın iki klubu oynamışdı. Artıq tarixə qovuşmuş “Karvan” “Spartak”ı həm səfərdə, həm də evdə 1:0 hesabı ilə məğlub edərək, UEFA Kubokunda mərhələ keçən ilk komandamız olmuşdu. Amma həmin qarşılaşma Trnava ilə Bratislava arasındakı Senets şəhərində keçirilmişdi. Əvəzində hazırkı “Keşlə” (əvvəlki “İnter”) 10 il əvvəl “Spartak”a məhz Trnavadakı stadionda 1:2 hesabı ilə uduzmuşdu.

Oyunöncəsi mətbuat konfransına və oyun üçün isə Trnava şəhərinə yollanarkən yığmanın yaxşı nəticə qazana biləcəyinə ümid edirdik. Nə də olsa, bu, bizim komandadır. Dünənki matçda da sadəcə ümid etdik. Oyun başlayanadək komandalar arasındakı fərq hiss olunurdu. İkinci hissədə komandamızın nisbətən aktiv görünməyinin səbəbi digər oyunla bağlı idi. Uels Macarıstanla görüşün ikinci hissəsi başlar-başlama növbəti qolunu vuraraq, qrupdan ikinci vəsiqənin taleyini həll edirdi. Bu, slovakiyalılar üçün qane edici nəticə sayılmırdı…
Beləliklə, Slovakiya yığmasının ən parlaq siması Marek Hamşikin bəlkə də sonuncu Avropa çempionatında oynamaq arzusu ürəyində qaldı. Amma hər halda, oyunda son nöqtəni özü qoya bildi. Adını daşıyan şərabdan isə ürəklə dada bilmədi…
Yurçeviçin seçmə mərhələdəki uğursuzluğu barədə isə çox danışmaq olar. Bəzi oyunçulara şans verilməməsi, heyətin düzgün qurulmaması və sair və ilaxır. Amma son sözü AFFA İcraiyyə Komitəsi deyəcək.
Mən isə yazımın əvvəlində “Milli ilə ilk səfərim idi” dedim. Yəqin ki, Yurçeviçin son səfəri olar…
Astara Mandarin-Sitrus bağlarına ekskursiya
Ətirli Mandarin bağlarına heyran qalacaqsınız!
Astara-Lənkəran-Lerik turu
Tarix : 23-24 Noyabr
Qiymət : 75 manat (2 gün,1 gecə)
2 günlük tura daxildir: ( Lerik-Astara Mandarin bağları turu)
*VİP nəqliyyatla gediş gəliş (Yeni istifadəyə verilmiş ƏLƏT-ASTARA yolu ilə)
qiymətə daxildir:
Lerikdə təbiət qoynunda yerləşən , bütün xidmətlərlə təhciz olunan istirahət mərkəzində gecələmə
komfortlu nəqliyyat
*qidalanma (2 səhər,1 nahar,1 şam yeməyi)
**Səhər yeməyi :yağ,pendir,yumurta,xama,bal
**Nahar yeməyi : Assorti kabab,mərci supu,salat,pomidor xiyar,pendir,acika
** Şam yeməyi : Talış plovu,Ləvəngi,paytaxt salatı,süzmə,acika,pendir,pomidor xiyar,dovğa
*Diskoteka və Mafia gecəsi
*Karaoke
*Mandarin bağlarında gəzinti,mandarim təsərrüfatı ilə yaxından tanışlıq.
*Ekskursiyalar: Lerik Günəşli şəlaləsi,Lənkəran Xanbulan gölü,Astara Bulvarı,Yanarbulaq,dağlıqda ərazidə yerləşən füsunkar mənzərəli Mandarin-Sitrus bağında gəzinti,Lənkəran Samovar heykəli)
*(Yerli düyü,çay meyvə və s alış veriş etmək imkanı)
*Professional tur rəhbəri
Əlaqə nömrəsi 070-264-60-30
“Şahdağ Turizm Mərkəzi” sığortaçı seçir
Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC III şəxslər qarşısında mülki məsuliyyət sığortasının satın alınması məqsədi ilə açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 9-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 18-nə qədər dövlət satınalmalarının vahid internet portalına (www.etender.gov.az) təqdim etməlidirlər. Tenderin nəticəsi dekabrın 18-də həmin portalda açıqlanacaq.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546 775 725 manatdır.
Şirkət maliyyə hesabatını açıqlamır.
Şahin Mustafayev: “Çin şirkətlərinin Azərbaycana daha çox investisiya qoymaqda maraqlıdırlar”
“Bu il biz Çin şirkətlərinin Azərbaycan məhsullarına və ölkəyə investisiya qoymaq istəkləri ilə bağlı daha çox maraqlarının yarandığını görürük”.
“Report” xəbər verir ki, bunu Çinin “Global Times” qəzetinə müsahibəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev mənim yeni vəzifəmin icrası zamanı Azərbaycan-Çin iqtisadi əlaqələri təşviqini davam etdirməyimi mənə həvalə edib: “İqtisadiyyat və ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, rabitə və texnologiya sahələrində əməkdaşlığı daha da irəli aparmaq üçün iki dövlət başçısının siyasi iradəsinə, iki xalq arasındakı dostluq və xoş münasibətə, iki ölkənin iqtisadi potensialına əsaslanacam”.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 1,7 milyard dollara çatıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 96% çoxdur.
Qonağın altından palaz çəkməzlər və ya sadə bakılılar beşulduzluları necə aldadırlar?
Bu gün Azərbaycanda üç mindən artıq turizm agentliyi fəaliyyət göstərir. Bəs onlar ölkəmizin tanıtımı və gəlirlərinin daha da artması üçün üzərlərinə düşən öhdəliyi necə həyata keçirir, bundan başqa, turistləri Azərbaycandan narazı salan səbəblər hansılardır? Sputnik Azərbaycan-ın suallarını Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi cavablandırdı:
– Ölkəmizə gələn əcnəbiləri daha çox nə narazı salır?
– Turistlərin əsas şikayətləri restoranlarda qiymətlərin yüksəkliyi, yerli və əcnəbi vətəndaşlar üçün fərqli, yəni ikili menyudan istifadə olunması ilə əlaqədardır. Restoranlarda əcnəbilər üçün fərqli qiymətlərin olması restoran biznesinin konseptinə yaddır. Amma onu vurğulayım ki, bizdə otellərin qiyməti normaldır. Lakin ölkəmizdə turizmin bahalı olduğunu deyə bilərik. Buna görə də kütləvi turizmə nail ola bilmirik.
Turistlərin qarşılaşdığı digər problemlərdən biri də otellərin ulduz təsnifatı ilə bağlıdır. Əcnəbi turistlər ölkəmizə gəlməzdən öncə internet üzərindən otellər haqda məlumatları araşdırırlar. Təəssüf ki, bu saytlarda bizim yerli otellərin ulduz dərəcəsi çox zaman düzgün göstərilmir. Biz assosiasiya olaraq mütəmadi qaydada bu aqreqatorlara baxırıq və bir çox otelin ulduz dərəcəsinin düzgün qeyd olunmadığını görürük. İstehlakçının aldadılması isə düzgün deyil. Çünki otellər yalnız özlərini deyil, həmçinin ölkəmizi təmsil edirlər.
– Bu problemin qarşısını almaq üçün nə etmək olar?
– Bəzi ölkələrdə bu kimi problemlərin dövlət səviyyəsində aradan qaldırılması üçün müəyyən addımlar atılıb. Məsələn, belə ölkələrdə dövlət tərəfindən həmin aqreqatorlara müraciət edilir, xahiş və tələblə bildirilir ki, bizim ərazimizdən qəbul etdiyiniz otellərin ulduz dərəcələrini göstərmək üçün dövlət şəhadətnamələrini tələb edin. Belə olan halda otel eyni zamanda ulduzunu, qiymətlərini, hava limanından nə qədər uzaqda yerləşdiyini, otaqlardakı şəraitini və dövlət şəhadətnamələrini göstərməli olacaq. Əcnəbi turistlərin aldadılmaması üçün biz də bu təcrübədən istifadə etməliyik.
– Ümumiyyətlə ulduz dərəcəsinə görə təsnif olunmayan otellər də var…
– Bəzən binanın üzərində təsnifatına görə saxta ulduz qoyulur. Hətta elə otellərimiz var ki, onlar ulduz dərəcəsinə görə təsnif olunmayıb. Son nəticədə bu, istehlakçının aldadılmasıdır. Ulduzların təsnifatı ilə bağlı Azərbaycandakı vəziyyətdən danışdıqda onu qeyd etməliyəm ki, hazırda bu iş dayandırılıb. Bizdə olan məlumata görə, 2020-ci ildən sonra otellərin təsnifat sisteminə qoşulmasına start veriləcək.
– Otellər arasında hazırda hansılar üstünlük təşkil edir?
– Bu gün sayı 5 ulduzlu otellərdən daha çox olanlar təsnif olunmamışlardır. Təsnif olunanlar arasında isə 4 ulduzlu otellər üstünlük təşkil edir. 2016-cı ilin statistikasına görə, otellərin 22-23 faizi təsnif olunanlardır. Bu proses könüllü xarakter daşıyıb. O səbəbdən deyərdim ki, Azərbaycanda bu cür könüllü işləri icbari ilə əvəzləmək daha məqsədəuyğundur. Çünki otel ulduzsuz olmamalıdır. Amma problem bununla da bitmir. Təəssüf ki, bu gün biz bir qədər ucuz turlarımızı da sata bilmirik. Bu isə təkcə otelçiliyin bəlası deyil. Əlbəttə, burada nəqliyyat məsələsi də çox önəmlidir. Çünki AZAL-ın qiymətləri yüksək olduğu üçün yerli vətəndaşlarımız Gürcüstana getməklə oradan aşağı qiymətlər təklif edən müxtəlif aviaşirkətlərin xidmətlərindən yararlanırlar. Bu da Azərbaycan üçün maliyyə itkisi deməkdir.
– Sizcə, gəlmə turizmə başın qarışması yerli turistlərin yaddan çıxması anlamına gəlmədimi?
– Düzdür, son illər gəlmə turizmə daha çox başımız qarışdı və biz yerli turistləri unutduq, onların bir hissəsini itirdik. İl ərzində 700 min Azərbaycan vətəndaşı dincəlmək üçün Gürcüstana gedir. Bu təkcə onun göstəricisi deyil ki, Gürcüstanda ucuzluqdur. Bu həm də onun göstəricisidir ki, insanlar daha yeni təəssüratlar axtarırlar. Ona görə yerli turistlərin xaricə üz tutmalarının səbəbini yalnız qiymətə bağlamaq düzgün deyil.
– Digər əsas problemlərdən biri də otellərin daxilində keyfiyyətə nəzarət sisteminin qurulmamasıdır.
– Düzdür, bu gün bir çox otellər daxilində keyfiyyətə nəzarət sistemi qurmur. Bu sistemi qurmaq üçün anketlər təsis etmək olar. Ölçülməsi vacib olan məsələlərlə bağlı otellərdə otaqlarda hər bir qonaq üçün anket forması hazır olmalıdır. Bununla otellər nöqsan və istəklərin nədən ibarət olduğunu öyrənə bilər. Bunu elektron qaydada, otelin saytına anket forması yerləşdirməklə də həyata keçirtmək olar. Bundan başqa, qonağın rahatlığı məqsədilə onun üçün televizorda bələdçi xidmətini də aktivləşdirmək olar. Bu bələdçi otaqlar haqda və cihazlardan istifadə haqda müəyyən məlumatları verə bilər. Azərbaycanda keyfiyyətə nəzarət sistemləri işləmir. Bütün bu kimi problemlərin kökündə işini bilməyən, nizamsız şəxslər dayanırlar. Hansı ki, biz bir çox hallarda bu şəxslərin, yəni işçilərin təhsilsiz olduğunu görürük. Əfsus ki, otelçilik sahəsində çalışan şəxslərin təhsilinə nəzarət üçün mexanizmimiz yoxdur.
– Otellərdə təşkil olunan müxtəlif tədbirlərə qatıldıqda burada milli xörəklərə üstünlük verilmədiyini, ümumiyyətlə milli xörəklərin təqdim olunmadığını görürük…
– Otellərimizdə milli xörəklərin tanıtımı ilə bağlı problem var. Bunun da kökündə oxumuş, təhsil almış aşpazlarımızın sayının azlığı dayanır. Düzdür, bu gün bir çox peşə məktəblərində aşpazlar hazırlanır. Lakin baxsaq, orada işləyən müəllim heyətinin, onların texniki bazalarının zəif olduğunu görə bilərik. Qeyd etməliyəm ki, brend hesab edilən otellərin baş aşpazları əcnəbilərdirlər. Bu cür otellərin menyularında konkret standart yemək növləri var. Bu problemin aradan qaldırılması üçün otellərdə milli mətbəxin daha geniş təbliği üçün yerli baş aşpazlar yetişdirilməli, baş aşpazlar yerli kadrlardan seçilməlidir. O ki qaldı oteldəki xörəklərin neçə faizinin milli olmasına, ulduzsuz otellərdən 4 ulduzadək olan otellərdə təqdim olunan xörəklərin 100 faizini Azərbaycan mətbəxi təşkil edir. İri və 5 ulduzlu otellərdə isə bu rəqəm 50 faizdən aşağıdır.
– Əcnəbilər bizim mətbəxi bəyənirlərmi?
– Bizim mətbəx bir çox millətlərin ağız tamına xoş gəlir. Milli mətbəximizin təbliği üçün bu gün Avropa və bir çox qabaqcıl ölkələrdə Azərbaycan mətbəxi ilə bağlı ustad dərsləri, tədbirlər təşkil edirik.
– Otellərdə nikah şəhadətnamələrinin tələb olunması yerli turistlər tərəfindən heç də xoş qarşılanmır.
– Nikah şəhadətnaməsinin tələb olunması ilə bağlı qanunvericilikdə hansısa maddə nəzərdə tutulmayıb. Yəni belə hal aşkarlanarsa, müəssisənin cərimə olunması nəzərdə tutulmur. Düşünürəm ki, qonaqpərvərlik bazarımız bir qədər sivilləşməlidir. Konkret olaraq belə faktlara gəldikdə isə, onu deyim ki, nikah şəhadətnaməsi ilə bağlı məsələ əsas problemlərdən biri olmasa da, bəzi hallarda qonaqların bu cür hallarla rastlaşdığını etiraf etməliyik.
Daha çox da yerli vətəndaşlar bu cür problemlərlə üzləşirlər. Bəzən bizə müraciət edərək deyirlər ki, nikah kağızımız evdə qalıb və bizi otelə buraxmırlar. Otelin nəzarətçiləri rəhbərliyin belə bir qayda-qanun qoyduğunu deyirlər. Rəhbərin özü ilə danışmaq istədikdə isə o, üzə çıxmır. Bir çox hallarda bu cür rəhbərlər qonaq qarşısına çıxmaqdan da imtina edirlər. Otel rəhbəri özü də qonaqları qarşılamağa hazır olmalı, onların problemlərini öyrənməlidir.
– “Day user”lər haqda danışaq.
– “Day user” (günlük istifadəçi) adlananları otelçilik bazarında “ekstra”, yəni əlavə müştəri, əlavə satış adlandırırlar. Lakin otellərimizə bu işlə məşğul olmağı tövsiyə etməzdim. Ümumiyyətlə, otelin fəaliyyəti yalnız “day-user”lərə bağlıdırsa, onu otel adlandırmaq düzgün olmaz. Təəssüf ki, Azərbaycanda sırf bu işlə məşğul olan otellər var və həmin yerləri fahişəxana da adlandırmaq olar.
– Yerli turistlər də ölkədə 2-3 ulduzlu otellərin sayının azlığından şikayətlənirlər. Bu istiqamətdə olan problemləri aradan qaldırmaq üçün nələr edilməlidir?
– Otelçilik və restoran sahəsində kiçik və orta biznesi inkişaf etdirmək üçün xüsusi maliyyə alətlərindən istifadə edirik. Maliyyə alətləri dedikdə ilk növbədə vergi yükünü nəzərdə tuturam. Çünki hansı iqtisadi sektorun vergi yükü azalsa, ona maraq daha da çox olacaq. İnkişafa nail olmaq istəyiriksə, o zaman vergilərlə bağlı müzakirələrin aparılmasına ehtiyac var.
– Daha az büdcəli otellərin sayı çox azdır…
– Kütləvi turist varlı yox, cəmiyyətin orta təbəqəsinə aid olan şəxsdir. Bizim təklif olunan turların qiyməti normaldır. Lakin ondan daha aşağı qiymət təklif edə bilmirik. Yəni büdcəsi nisbətən az olan turist sinfinə aid otellərimizin sayı az, demək olar ki, yox səviyyəsindədir.
– Günlük icarəyə verilən mənzillər də otellərə rəqib olub. Bununla necə, mübarizə aparılırmı?
– Kiçik orta biznesə qeyri-ədalətli rəqabət mühiti yaranıb. Qısa müddətli icarəyə verilən mənzillər bu cür biznes üçün əsas rəqibə çevrilib. Bu cür evlərlə müqayisədə otellərin xərcləri daha çoxdur. Çünki otel götürdüyü işçiyə görə vergi ödəyir, kommunal qiymətləri hüquqi şəxs olduğu üçün fərqli qiymətlərlə ödəyir. Lakin mənzil sahibinin işçisi olmadığı və buna görə vergi ödəmədiyi üçün onun təklif etdiyi qiymətlər daha sərfəlidir. 2017-ci ildə biz Bakı şəhərinin mərkəzində təxminən 1200 mənzilin bu məqsədlə icarəyə verildiyini aşkarladıq. Bu mənzillər orta hesabla 3 nəfərlik qonağı qarşılaya bilirsə, bu, təxminən 3 min yarım insanın yerləşdirilməsi və otellərin bu qədər müştərini itirməsidir. Düzdür, bu cür yerləşmə üsulu bütün dünyada var və biz də bunu qadağan etməməliyik. Amma onların vergidən qaçmaları böyük problemdir. Bu mənzillərə görə vergi ödənilməlidir. Bunun üçün VÖEN açılmalı, qeydiyyata düşməli, xidmətlər göstərməli, vergi ödənilməlidir. Bu o demək deyil ki, mənzil olduğu üçün oraya qəbul edilməmiş standartlar tətbiq edilməlidir. Çünki son nəticə olaraq qonaq ölkəmizdən narazı qalır. Yerləşmə müəssisəsi minimal qaydalara əməl edərək yataqları səliqəyə salmalı, sanitar qovşaqlar olan yerlərdə təmizləmə aparmalıdır.
– Hostellərlə bağlı durum necədir?
– Son iki-üç ildə hostellərdə canlanmanın şahidi oluruq. Bunlar daha çox yataqxana tipli yerləşmə müəssisələridir. Təəssürat üçün gələn turistlər yolüstü gecələməkdən ötrü bu cür yataqxanalara üz tuturlar. Onlar üçün yerləşdikləri yerin dəbdəbəli olması önəmli deyil. Bu şəxslər sadəcə təəssürat axtarmaq üçün gəlirlər və bu səbəbdən də hostellər otellərə rəqib ola bilməz. Hətta deyirlər ki, 3 ulduzlu otellər inkişaf edərsə, onlar 5 ulduzlu otellərə rəqib ola bilər. Bu, yanlış düşüncədir, çünki onların hərəsinin öz müştəriləri var. Amma onu deyim ki, keyfiyyətli xidmətlər ulduz kateqoriyasından asılı olmamalıdır. Ulduz dərəcələri sadəcə olaraq otellərin komfortluluğuna görə verilir. Məsələn, bir oteldə hovuz var, digərində isə yoxdur. Buna görə də onların ulduzları fərqlənir. Amma ulduzların fərqli olması o demək deyil ki, bir otel yaxşı təmizlənməlidir, digəri – pis.
– Daha çox turist cəlb etmək üçün nə etmək olar?
– Daha çox turist cəlb etmək, müştərilərin otellər tərəfindən təkrar istehlakını həyata keçirtmək üçün atçılıq, mətbəx turizmi inkişaf etdirilməli, müxtəlif maraqlı turlar təşkil edilməlidir. “Bird watching”, yəni quşları seyr etmə adlanan turizm növü bizdə yoxdur. Bu cür növlər, rəngarənglik olmalıdır ki, biz hər il bir yeniliklə turistləri özümüzə cəlb edək. Ümumi mənzərəyə nəzər saldıqda görürük ki, bizdə ovçuluq, balıqçılıq belə düzgün qurulmayıb.
– Belə şayiələr dolaşır ki, 5 ulduzlu otellərdə əcnəbilərə daha aşağı qiymətlər təklif olunur…
– Əcnəbi turistlər üçün qiymətin aşağı olmasının yalnız bir izahı ola bilər. Ola bilər ki, əcnəbi turistləri gətirən şirkətlər öncədən otellə müqavilə bağlayır və otaqları bron edir. Agentlik 100 faiz ödəniş etdiyi halda onun üçün qiymət daha aşağı başa gəlir.
– 5 ulduzlu otellərdə müştərilərin əksəriyyəti əcnəbilərdir desək, yanılmarıq…
– Bəli, onların qonaqlarının 95 faizi əcnəbilərdir. Şahdağda, Qəbələdə olan otellərdə mövsümdən, ərazidən asılı olaraq bu rəqəm dəyişə bilər.
– Otellərin DİM-ə (Dayanıqlı İnkişaf Məsələləri) necə əməl etməsi haqda danışaq və vəziyyəti qiymətləndirək.
– Bina tikiləndən sonra onun otel üçün istifadə olunacağı haqda qərar vermək düzgün deyil. Binanın layihələnməsi sırf otelə uyğun olmalı və standartlara cavab verməlidir. Lakin bəzən otel binalarının standartlara cavab vermədiyini görürük. Oteldə split-kondisonerlərdən istifadə enerji və vəsait itkisi deməkdir. Pəncərə açıldıqda, bu itki daha da çox olur. Bundan başqa, DİM-ə əməl etmək və itkinin azaldılması üçün sensorlu su kranlarının olması müsbət hal kimi qiymətləndirilə bilər. Bundan başqa, regionlarda inşa edilən otellərin alternativ enerjidən istifadə etmək imkanları böyükdür. Otellərdə bu cür enerjidən istifadə edilsə, daha yaxşı olar. Lakin təəssüf ki, kiçik və orta sahibkarlıq müəssisələrində DİM-ə əməl olunmur.
– Tur agentliklərin fəaliyyəti sizi qane edirmi?
– Adını “tour agency” qoyan şirkətlər bəzi hallarda yalnız tur biletlərinin satışı ilə məşğul olur, hansısa turizm məhsulu ortaya çıxarmaq iqtidarında deyillər. Qonaq cəlb etmək bilavasitə olaraq otelin işi deyil. Tur agentliklər, tur operatorlar bu işlə məşğul olmalıdırlar. Onlar bu işi qismən görürlər.
Dünya Tualet Günündə SEÇİLƏN ÖLKƏLƏR – “Wi-Fi”LI AYAQYOLULAR…
Dünya Tualet Təşkilatı Çində böyük inkişaf qeydə alıb.
Publika.az xəbər verir ki, təşkilatın rəhbəri Cek Sim RİA “Novosti“yə Dünya Tualet Günü münasibətilə verdiyi açıqlamasında bildirib ki, Çin son 4 ildə sanitar şərtlərdə uğura imza ataraq “tualet inqilabı“na nail olub:
“Turizm ölkənin əsas gəlir mənbəyidir. Bu baxımdan Çin daxili və xarici turistlərin ehtiyaclarının ödənməsində inkişafa nail olub. Dünya Tualet Təşkilatı Çinlə sıx əməkdaşlıq çərçivəsində bir neçə layihə reallaşdırıb. Son 4 ildə Xenan və Quansi-Çjuan əyalətində 15 məktəbdə tualet quraşdırılıb”.
Qeyd edək ki, Çində tualet problemi xüsusilə qəsəbələrdə ənənəvi xarakter daşıyır. Bu isə sanitar qaydaların pozulmasına və xəstəliklərə yol açır.
Ölkə 2015-ci ildə sosial şərtlərin yaxşılaşdırılması məqsədilə tualet inqilabına başladı. 2015-2017-ci illərdə turist məkanlarında 70 min ayaqyolunun tikilməsinə büdcədən 1,6 milyard yuan (225 milyon dollar) ayrıldı.
2018-2020-ci illərdə 64 min tualetin tikilməsi və ya bərpası nəzərdə tutulur. Çin parklarındakı ayaqyolular kağız, maye sabun və əl qurutma aparatı ilə təmin edilib. Bəzi tualetlər isə “Wi-Fi“la təchiz edilib.
Budapeşt – Yeni ili qarşılamaq üçün Mərkəzi Avropanın ən gözəl şəhəri
Macarıstanın paytaxtı Budapeştdə Yeni ili qarşılamaq üçün tədbirlərə indidən hazırlıq görülür. Bu qədim şəhərdə turistlər üçün hər addımda təzə ilin gəlişini xatırladacaq ecazkar mənzərələr və mənalı istirahət təklif ediləcək. AZƏRTAC CNN telekanalının reportajına istinadla Dunayın incisi adlanan Budapeştin qış mənzərələrini və istirahət, habelə şopinq məkanlarını oxuculara təqdim edir.
Yeni il bazarları
Mərkəzi Avropanın Yeni il bazarları bütün dünyada məşhurdur. Budapeştin Vörösmarti meydanında və Müqəddəs Stefan bazilikasının yaxınlığında olan bazar isə onların arasında xüsusi yer tutur. Turistlər buradakı restoranlarda macar şərabının və milli yeməklərin dadına baxa, öz yaxınlarına Yeni il hədiyyəsi ala bilərlər. Vörösmarti meydanı bazarı Macarıstanın ən qədim məkanı və Mərkəzi Avropanın populyar istirahət yeri hesab olunur. Kafelərdə lanqos, təndirdə bişmiş keks və yerli sosiskaların da təklif edildiyi zəngin menyu var.
Müqəddəs Stefan bazilikasının gözəlliyi isə turistləri heyran edəcək. Burada sizə müxtəlif çeşiddə tortlar, başqa şirniyyatlar, əyləncələr, şərab və ənənəvi Yeni il hədiyyələri təklif ediləcək. Hər iki bazara giriş pulsuzdur.
Şəhər Parkının buz meydançası
Yeni il axşamı buz üstündə sürüşməyi sevənlər üçün Macarıstan paytaxtının Şəhər Parkının buz meydançası ideal məkandır. Qədim Vaydahunyad qəsrinin qarşısında yerləşən buz meydançası noyabrdan fevralın ortalarına qədər yerli sakinlərə və turistlərə xidmət göstərir. 1870-ci ildə açılmış meydança Avropada ən qədim və geniş istirahət yeridir. Meydança yay aylarında su il doldurulur və həmin müddətdə qayıqla şəhərin mərkəzində gəzintiyə çıxanların ixtiyarına verilir. Noyabr ayında isə dondurulan meydançada buz üzərində sürüşmək, onun ətrafındakı restoranlarda isə nahar və şam etmək olar.
Buraya giriş qiymətləri uşaqlar üçün 3,50 dollar, böyüklər üçün 5,25 dollar, ailə üçün isə 12,30 dollardır.
Spa və termal hamamlar
Qışın şaxtalı havasında isti termal hamamlarda istirahət etmək istəyənlər Budapeştin spa və termal hamamlarında dincələ bilərlər. Qeyd edək ki, Macarıstan paytaxtı Avropada “spalar şəhəri” adlandırılıb. Belə ki, hər gün 118 termal bulaqdan daxil olan 70 milyon litr termal su terapevtik vasitə kimi də istifadə olunur. Qədim Osmanlı ənənələrini yaşadan türk hamamları isə istər dincəlmək, istərsə də tibbi baxımdan çox faydalıdır.
Yeni il axşamı və ondan sonra məşhur Szeçenyi hamamında dincəlmək isə turistlərə xüsusi zövq verir. Hamamın içindəki 10 pillədən hoppanaraq hovuza girmək xüsusi ayinə bənzəyir. Burada çalışan təcrübəli masajçılar turistlərə bayırda şaxtalı qış havası olduğunu unutdurur. Macarıstan paytaxtının mərkəzində Rudas, Gellert, Lukaks, Çzaszar, Kırali, Palatinus hamamlarında saunalar, buxar kürsüləri, masaj otaqları fəaliyyət göstərir.
Yeni il işıqları ilə bəzədilmiş tramvay
Budapeştin mərkəzində gəzintiyə çıxanların diqqətini Yeni il işıqları ilə bəzədilmiş tramvay cəlb edir. Onu üzərində parlaq qar dənələrini xatırladan 39 min işıq lampacığı var. Tramvay səhər saat 5-dən gecəyarısına qədər işləyir. Romantik səyahət həvəskarları bu əsrarəngiz nəqliyyat vasitəsində Macarıstan paytaxtının qış mənzərəsini seyr edə bilərlər. “Ganz UV” adlanan və 50 yaşı olan bu tramvayda şəhərin mərkəzində Yeni il gecəsi keçirilən şənliklərin hamısını müşahidə etmək mümkündür. Onun vasitəsilə Budapeşti iki yerə bölən Dunay çayının bir sahilindən o birisinə də keçmək mümkündür.
Tramvayla gəzintiyə çıxmaq üçün xüsusi bilet satılmır. Paytaxtda 1,35 dollar qiyməti olan gediş kartlarından istifadə etmək olar.
Dunay çayında kruiz
Avropanın mərkəzində – Almaniyadan Qara dənizə qədər uzanan Dunay çayı Budapeştə xüsusi gözəllik verir. Yay və qış aylarında turistlərin ən populyar istirahət məkanı olan Dunayda kruiz zamanı səyahətçilər Macarıstanın parlament binasını, Buda qəsrini, Azadlıq heykəlini və Marqarita adasını seyr edə bilərlər.
Dunay kruizi qışda da gözəl olur. Yeni ilə qarşılayan turistlər komfortlu gəmilərdə şəhərin bir ucundan o biri ucuna gedərək Milad bayramı şənliklərini kənardan seyr edə bilərlər. Kruiz gəmisində onlara iaşə xidmətləri də göstərilir. Gündüz və gecə gəzintisi qiymətləri seçdiyiniz xidmətlərdən asılı olaraq fərqlidir. İçki ilə gündə üç dəfə yeməyin də daxil edildiyi daha bahalı kruizlə yanaşı, sadəcə gəzintinin daxil olduğu ucuz turist paketləri də təklif olunur. Qiymətlər 13,50 dollardan başlayır.
Andrassi prospekti və Moda küçəsi
Budapeştdə qış şopinqi ayrı bir aləmdir. Siz şəhərin mərkəzindəki butik dükanlardan sərfəli alış-veriş etməklə yanaşı, yaxınlıqdakı bulvarda gəzintiyə də çıxa bilərsiniz. Andrassi prospekti və Moda küçəsi bu baxımdan istər yay, istərsə də qış aylarında turistlərin ən çox sevdikləri məkandır. Yeni il gecəsi isə prospekt və küçənin əlvan işıqları və bulvarda qurulmuş gözəl küknar ağacı şəhərin mərkəzinə xüsusi gözəllik verir.
Səyahətçilər Qəhrəmanlar meydanı və Elizabet meydanını keçdikdən sonra Andrassi küçəsində Gucci, Ralph Lauren, Louis Vuitton, Burberry və Rolex kimi məşhur brendlərin mağazalarına rast gələcəklər. Onların ətrafını minlərlə işıq lampaları bəzəyir, prospektdə isə Yeni il ərəfəsində və fevralın ortalarına qədər qış attraksionları fəaliyyət göstərir.
Buda qəsri və Varkert bazarı
Budapeştin tacının inciləri Buda qəsri və Varkert bazarı hesab edilir. Orta əsrlərə aid olan Buda qəsri Macarıstan paytaxtının ən əzəmətli, gözəl və mənzərəli tikilisidir. Qəsrin həyətindəki Varkert bazarı isə özünün restoranları və barları ilə məşhurdur. Turistlərin sevimli istirahət məkanı olan bu restoranlarda yerli sakinlər əlamətdar günləri də qeyd edirlər. Hər iki tarixi memarlıq abidəsi qış aylarında, xüsusən Yeni il axşamı xüsusilə əsrarəngiz olur. Hündür təpənin üzərində yerləşən qəsrdən Budapeştin qarlı mənzərəsi açılır.
Buda qəsrində ilboyu mədəniyyət tədbirləri – konsertlər, balet və teatr tamaşaları təşkil olunur. Yeni il şənliyi isə dekabrın ikinci yarısı və yanvarın əvvəlində keçirilir. Şənlikdə yerli şairlər, aktyorlar, müğənnilər və rəqqaslar iştirak edirlər.
İki gün ərzində Riqada gördüklərimiz
Az şəhər tapılar ki, onunla tanış olmaq üçün iki gün kifayət etsin, lakin o demək deyil ki, buna cəhd etmək lazım deyil. Bəzən hətta şəhərin mərkəzində gəzişmək, bir-iki görməli məkana baş çəkmək bir həftəlik istirahətə bərabər təəssüratlar bəxş edə bilər.

Biz də Riqada natamam iki gün ərzində çox yer görməyə macal tapdıq: Köhnə şəhərin küçələrində gəzişdik, zooparkda olduq, Riqa parklarında dolaşdıq və Mərkəzi bazarda alış-veriş etdik.

Köhnə şəhər
Köhnə Riqa Latviya paytaxtının ən qədim hissəsi və mərkəzi, turistlərin sevimli istirahət və əyləncə yeridir. 1997-ci ildə Riqanın tarixi hissəsi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Köhnə Riqa üçün müxtəlif tipli tikililər səciyyəvidir, binaların çoxunun mədəniyyət abidəsi statusu var. XIII əsrdə inşa edilmiş ən qədim daş ev məhz burada yerləşir. Köhnə şəhərin arxitekturasında müxtəlif istiqamətlər – romantika və qotika, barokko və klassisizm üslublarında tikililər, modernizm nümunələri əks olunub. Latviyanın müstəqilliyi bərpa olunandan sonra onun tarixi simasını bərpa etmək üçün Köhnə şəhərdəki binaların çoxunda yenidənqurma işləri aparılıb, yaxud onlar yenidən inşa olunub.

Köhnə Riqanın küçə və meydanlarında hər zövqə uyğun çoxsaylı otel, restoran və kafelər yerləşir.
Bastion təpəciyi
Riqanı mübaliğəsiz parklar şəhəri adlandırmaq olar. Verman bağı, Kronvald Ziyedondarzs Parkı və bir çox digər bağlar şəhər landşaftının bəzəyidir. Şəhərin ən gözəl parklarından biri Basteykalns və ya Bastion təpəciyidir.

Basteykalnsın dar cığırları, kölgəli xiyabanları, daş döşənmiş bağı və şəlalələr kaskadı Riqanın ən mənzərəli gəzinti yerlərindən biridir. Park düz Köhnə şəhərin yanında yerləşir. Onun əsrarəngiz mənzərələri uzun əsrlərdir riqalıların gözünü və ruhunu oxşayan cənnətməkandır.
Əslinə baxılırsa, parkın qalan ərazisi üzərində bir qədər ucalan Bastion təpəciyi insan əməyinin bəhrəsidir. Basteykalnsda bir necə səviyyədə xiyabanlar salınıb. Bu xiyabanlardan biri ilə təpəciyin başına çıxmaq, skamyada oturub qürub çağına və şəhərin arxayın həyatına tamaşa etmək, digəri ilə bütün parkdan keçib onun səfalı yerlərindən zövq almaq olar.

Təpəcikdən aşağı doğru şəlalələr kaskadı yerləşir. Parkda bir neçə abidə ucalır, insanların rahat istirahəti üçün hər addımbaşı skamyalar qoyulub.
Park boyunca şəhər kanalı axır, kanalın üzərindən daş körpülər salınıb. Onların bəziləri çox gözəl işıqlandırılıb.
Burada böyük ördək dəstələri toplaşır, tez-tez qu quşlarını görmək olar. Bəxtiniz gətirsə, parkın ən qeyri-adi sakinləri – qunduzlarla qarşılaşa bilərsiniz. Hava yaxşı olanda kanalda çay tramvayında və ya qayıqda üzmək olar. Körpü düz parkın yanında yerləşir.

İlin hər fəslində Bastion təpəciyində qələbəlikdir, lakin payızda buranın bir ayrı ab-havası var. Otelimiz düz Basteykalnsın qarşısında yerləşir. Rəngarəng yarpaqlardan ibarət qalın xalı üzərində addımlamaq adama ləzzət edir.
“Grand Poet Hotel”
Gecələməli olduğumuz dəbdəbəli “Grand Poet Hotel” oteli Latviyanın “Semarah Hotels” şəbəkəsinin yeni məhsuludur.
Otel Riqanın düz mərkəzində, Köhnə şəhər, Barıt qülləsi və Bastion təpəciyinin yaxınlığındakı Raynya küçəsində yerləşir. Odur ki, otel nömrələrinin pəncərələrindən necə gözəl mənzərələrin açıldığını təsəvvür etmək çətin deyil.

Otelin klassika, ar-deko və modern üslublarının ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən bənzərsiz dizaynı var. Yüz illik tarixi olan tikili əsaslı bərpa olunandan sonra gözəl təchizatlı müasir otelə çevrilib. Dizayn-oteldə cəmi 168 modern nömrə, o cümlədən 20 lüksdən ibarət unikal kolleksiya var.
Yüksək dərəcəli SNOB restoran, hovuzu, saunası və hamamı olan komfortlu SPA kompleks qonaqların istirahətdən sözün həqiqi mənasında ləzzət almasına xidmət edir.

Oteldə gecələmənin qiymətinə daxil edilən doyumlu səhər yeməyi yerli mətbəx barədə təsəvvür yaradır. Burada beynəlxalq mətbəx nümunələri ilə bərabər, Latviyaya şöhrət qazandıran geniş çeşiddə balıq yeməkləri, süd məhsulları, şirniyyat və digər yerli delikateslər təqdim olunub.
Mərkəzi bazar
Riqanın Mərkəzi bazarı təkcə yerli sakinləri deyil, turistləri də cəlb edir. Bazar Köhnə şəhərin yaxınlığında, Dauqava (Qərbi Dvina) çayının sahilində yerləşir.
Mərkəzi bazarın yaradılmasının zəruriliyi Riqa Ratuşasında hələ 1909-cu ildə müzakirə edilib. Tikinti işlərinə 1924-cü ildə başlanıb. Hazırda bazarda pavilyon kimi istifadə olunan binalar Riqanın simasının ayrılmaz hissəsinə və unikal əlamətinə çevrilib. Lakin bu tipli tikililər əvvəlcə Almaniya ordusunun hava gəmiləri – “zeppelinlər” üçün anqarlar kimi Kurzyomda və Vaynededə inşa edilib. Pavilyonların altında beton zirzəmilər – 2 hektar ərazidə keçidi 337 metr olan yeraltı şəhərcik salınıb. 1938-ci ildə 27 dondurucu kamerada çəkisi təqribən 310 min kiloqram olan 33 növ mal yerləşdirmək mümkün idi. Üç yeraltı tunel kanalın sahilinə çıxışlarla birləşdirilmişdi. Malları yuxarı yük liftlərində qaldırırdılar.

1930-cu ildə Riqada Mərkəzi bazarın təntənəli açılışı olanda o, nəinki Avropanın ən iri, həm də ən yaxşı və müasir bazarı sayılmışdı. Köhnə şəhərlə vahid məkan təşkil edən bazarın ərazisi 1997-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Burada ilboyu nə desən – geniş çeşiddə təzə balıq, qənnadı məmulatı, meyvə-tərəvəz, bal, qoz-fındıq və sair və ilaxır almaq olar.
Payızda piştaxtalar yerli fermerlərin məhsulları, habelə meşə giləmeyvələri və göbələklərlə dolu olur. Geniş çeşiddə hisə verilmiş balıqlara da diqqət yetirin. Belə balıq məhsullarını uzaq məsafəyə daşımaq üçün vakuumlu qablaşdırmadan istifadə etmək olar.

Riqa Mərkəzi bazarında keyfiyyətli məhsul almaqla bərabər, Latviyanın ənənələri, qidalanma və ticarət mədəniyyəti barədə zəngin təəssürat əldə etmək olar.
Riqa Motor Muzeyi
Riqa Motor Muzeyində Baltikyanı ölkələrdə qədim nəqliyyat vasitələrinin ən böyük kolleksiyası təqdim olunub.
Muzeyin ekspozisiyası müasir texnoloji həllər və multimedia vasitələri ilə hadisələr, insanlar və avtomobillər barədə maraqlı interaktiv söhbətdir.
Riqa Motor Muzeyi yenidənqurmadan sonra nəinki gözəl sərgi otaqlarına, rahat və abad əraziyə, həm də yeni və müasir ekspozisiyaya sahib olub.

Muzeyin 4 min kvadratmetrdən çox sahəsi olan ekspozisiyası üç mərtəbədə yerləşir. Burada Baltikyanı ölkələrdə qədim nəqliyyat vasitələrinin ən böyük və çoxplanlı kolleksiyalarından biri – 100-dən çox unikal avtomobil və motosiklet təqdim edilib. Ekspozisiya unikal nəqliyyat vasitələri, tanınmış şəxsiyyətlər və əhəmiyyətli tarixi hadisələr haqqında maraqlı söhbətdir.
Sərgi barədə məlumat müasir dizaynın, müxtəlif multimedia vasitələrinin köməyi ilə təqdim edilir. Ziyarətçilər müxtəlif interaktiv tədbirlərdə iştirak edə bilərlər. Müasir tərtibatda təqdim edilmiş tarixi texnika ilə tanışlıq Riqa Motor Muzeyinə ekskursiyanı maraqlı və unudulmaz hadisəyə çevirir.
Ziyarətçilərin özlərini rahat hiss etmələri və muzeylə ətraflı tanış olmaları üçün burada uşaqlar üçün oyun zonasında interaktiv tədbirlər, bələdçinin müşayiəti ilə maarifləndirici ekskursiyalar, kafe və suvenir mağazası kimi geniş çeşiddə xidmətlər təqdim olunub.

Riqa zooparkı
Riqanın ən yaşıl rayonunda – Mejaparkda 1912-ci ildən Riqa zooparkı yerləşir. Bura uşaqların və böyüklərin istirahəti üçün əla yerdir. Gölün yaxınlığında, şam ağaclarının kölgəsində darıxmadan bir neçə saat dincəlmək olar. Zooparkın girəcəyində ziyarətçiləri dünyanın müxtəlif dillərində, o cümlədən Azərbaycan dilində “Riqanın zoologiya bağına xoş gəlmisiniz!” sözləri ilə salamlayan bilbord qarşılayır.
Zoopark ilboyu işləyir. Bura ilin hər fəslində maraqlıdır. Zoopark 11 nömrəli tramvayın dayanacağının yüz metrliyindədir.
