İstanbulda Beynəlxalq Kitab Sərgisi açılıb
İstanbulda 38-ci Beynəlxalq Kitab Sərgisi açılıb.
“Report”un Türkiyə bürosu xəbər verir ki, “50-ci illərin ədəbi nəsli” mövzusuna həsr olunan builki kitab sərgisinə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Sərgi çərçivəsində 300 ədəbi-bədii tədbirin, 3 minə yaxın imza günün keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və ölkəmiz İstanbuldakı Baş Konsulluğun dəstəyi ilə sərgidə iki xüsusi stendlə təmsil olunur. Beynəlxalq salondakı milli stend 4, “Zəngin Yayıncılıq” nəşriyyatı vasitəsilə təşkil olunan “Azərbaycan” stendi isə 9 gün fəaliyyət göstərəcək. Azərbaycan bölməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və yerli nəşriyyatlar tərəfindən çap olunan, ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələri əks etdirən 300 adda, 600 nüsxədən çox nəşr sərgilənir. Eyni zamanda Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində türk dilinə tərcümə edilən 45 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilir.
Azərbaycan bölməsində, həmçinin “Kaspi nəşrləri” seriyasından ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat xadimlərinə həsr olunan kitablar da sərgilənir. Azərbaycan və türk dillərində olan bu nəşrlər də ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Xatırladaq ki, bu kitablar “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti tərəfindən nəşr edilib.
Milli stenddə quraşdırılmış monitorda ölkəmizin tarix-mədəniyyət abidələri, müasir memarlığı, ədəbiyyat xadimləri, xalq yaradıcılığı və musiqisi barədə videoçarxlar nümayiş olunur.
Sərgi çərçivəsində bölməmizdə türk dilinə tərcümə edilən Nizami Gəncəvinin “Xəmsə”sinin, “Nesimi İrak Divanı” və Sona Vəliyevanın “Yurd sevdası” kitablarının təqdimatı keçiriləcək.
Tədbirdə iştirak edən Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy Azərbaycan bölməsinə də baxış keçirib. Nazir ölkəmizin sərgidə yüksək səviyyədə iştirakına görə məmnunluğunu bildirib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Dövriyyəsi və Nəşriyyatlarla İş şöbəsinin müdiri Aslan Cəfərov Azərbaycan bölməsinin sərgidəki fəaliyyəti, “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi barədə Məhmət Nuri Ərsoya məlumat verib və Nizami Gəncəvinin “Xəmsə”sini və Nəsiminin “İrak Divanı”nı nazirə hədiyyə edib.
Milli stenddə nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq, bir qismi isə Türkiyədəki kitabxanalara hədiyyə olunacaq.
Kitab sərgisinin “Fəxri yazarı” Adnan Özyalçınerdir.
Sərgi noyabrın 10-dək davam edəcək.
Nabranın böyük turizm potensialı indiyə kimi havayı yanıb – Prezidentin ideyası…
Son illər Azərbaycanın turizm infrastrukturunun inkişaf etməsi nəticəsində ölkəmizə gələn turistlərin sayı ilbəil artır. Ölkəmizin unikal təbiəti turistlərin diqqətini cəlb edir. Lakin bəzi turizm bölgələrində göstərilən xidmətin səviyyəsi elə də ürəkaçan deyil. Üstəlik də, qiymətlərin bahalığı müəyyən narahatlıqlar doğurmaya bilmir. Bu istiqamətdə hələ çox işlər görülməlidir ki, bu sahə ən üstün səviyyədə inkişaf etsin.
Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən turizmin inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Prezident Xaçmaz Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin etdiyi E.Rzayevin qarşısına bir sıra tələblər qoyub, o tələblərdən biri də Nabranda turizmin daha yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı olub. “…Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil. Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir…” – deyə ölkə başçısı qeyd edib.
Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli baki-xeber.com-a bildirdi ki, bu gün həqiqətən də bu sahədə yenilənməyə, yeni qaydalar tətbiq edilməsinə ehtiyac var. Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərin sözügedən turizm məkanında turistlər üçün daha müasir, daha əlverişli şərait yaradılması ilə bağlı olduğunu deyən N.Cəfərli hesab edir ki, bu bölgəyə daha çox sayda turist cəlb etmək üçün mütləq vurğulanan məsələlər həllini tapmalıdır. “Əslində, turizm infrastrukturu cəlbedici olmasa və həm qiymətə, həm də xidmətə görə kifayət qədər təqdirini qazanmasa bu sahədə ciddi uğurların əldə edilməsi ciddi problemə çevrilir. Doğrudan da, Nabran bölgəsində illərdən bəri formalaşan bir yanaşma var idi ki, yalnız təbiətin verdiyi imkanlardan istifadə edərək bölgəyə turist cəlb edilməlidir. Yəni hər şey təbii imkanlara hesablanmışdı. Hələ Sovet dövründən universitetlərin, bəzi müəssisələrin Nabranda turist bazaları tikilirdi. Bu yenə də təkrar edirəm yalnız təbiətin verdiyi üstünlüklərdən qaynaqlanırdı. Amma müasir XXI əsrin turizm, turist profili, insanların öyrəşdiyi xidmət və qiymət dəhlizi Nabran və ümumiyyətlə həmin bölgənin istirahət yerlərində hələ də tam təmin edilməmişdi, bu sahədə kifayət qədər problemlər vardı. Müasir turist isə daha başqa xidmət və əyləncə növlərindən istifadə etməyi düşünür, amma Azərbayanın bir çox turizm bölgələrində, o cümlədən də Nabranda turistə xidmət deyəndə yalnız yataq və yemək xidməti ilə kifayətlənirlər. Burada da bəzən qiymətlər çox baha olur. Bu amil də turist potensialının həmin turizm bölgəsinə gəlməməsinə, başqa bölgələri seçməsinə səbəb olur. Nabran bölgəsində təbiətin verdiyi kifayət qədər üstünlüklər var. Bölgənin həmin üstünlüklərindən normal şəkildə istifadə edərək, o üstünlükləri gəlirə çevirmək tam mümkündür. Burada infrastrukturun yenilənməsi, cəlbedici hala gətirilməsi, ekoturizmin inkişafı çox vacibdir. Hətta bu bölgədə bu gün insanları özünə cəlb edən ekstrimal turizm növlərinin inkişafına da ehtiyac var. Nabranın təbii, coğrafi şəraiti ekstrimal turizmin inkşafına böyük şərait yaradır, imkanlar açır. Burada ekstrim turizimin kifayət qədər inkişaf etmiş bazarını yaratmaq olar, ekstrimi sevən turistlər buranı seçərlər. Hesab edirəm ki, turistə və turizmə primitiv baxışa son qoyulmalı, bu sahənin inkişafına diqqət yetirilməlidir. Turist yalnız yemək və yatmaq haqqında düşünmür. Nədənsə Azərbaycanın bəzi turizm bölgələrində belə düşünürlər ki, turistin yeganə istəyi yemək və yatmaqdır. Belə deyil. Turisti başqa məsələlərlə cəlb etmək lazımdır. Kifayət qədər problem ondan ibarətdir ki, rəqiblərimiz öz qonşularımızdır”.
Turist cəlbetmə sahəsində ən böyük rəqiblərimizin Türkiyə və Gürcüstan olduğunu deyən N.Cəfərli hesab edir ki, Azərbaycanın turizmin inkişafı ilə bağlı gec start götürməsi bu dövlətlərin bu sahədə bizi önləməsinə səbəb olub. N.Cəfərlinin sözlərinə görə, biz bu sahəni elə inkişaf etdirməliyik ki, rəqiblərimiz bizim turistləri özlərinə cəlb edə bilməsinlər. “Biz xarici turistlərə normal xidmət göstərə bilməsək onlar rəqiblərimizi seçəcəklər və bu işdə rəqiblərimizə uduzacağıq. Biz Gürcüstan və Türkiyə təcrübəsində görürük ki, onlar turistlərə daha maraqlı marşrutlar təklif edirlər. Onlarda tarixi, ekstrim idman növləri, ekoturizm və s. bağlı xidmətlər var. Nabran da turizm üçün coğrafi baxımdan çox böyük potensialı olan bölgədir və ekoturizm, ekstrimal turizm baxımından ideal bir məkandır. Amma bizdə turizmlə məşğul olan şirkətlər və dövlət qurumları nədənsə bu məsələyə çox az diqqət yetirirlər” – deyə N.Cəfərli bildirdi.
Bizi tanıyanlar çoxalır – TURİZM POTENSİALI
Heç kimə sirr deyil ki, turizm iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Neft, tibb, maşınqayırma sahəsindən sonra dördüncü ən gəlirli sahə məhz turizmdir. Buna görə də Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkə rəhbərliyi bu sahəni inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Əlbəttə, bu, təbii bir haldır, çünki təkcə neft sahəsi ilə inkişaf etmək olmaz və qeyri-neft sektorunun inkişafı vacibdir. Bu mənada müstəqilliyimizin ilk aylarından Azərbaycanda turizm bazarının hüquqi əsasları bərqərar edilməyə başlandı. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün sosial-mədəni servis xidmətləri yenidən təşkil olundu.
Azərbaycan turizm ölkəsi kimi…
Şübhəsiz ki, bütün bunları şərtləndirən ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanların mövcud olması idi. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yenilənməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu, insanların qonaqpərvərliyi, mövcud tolerantlıq ənənələri, multikultural dəyərlərin qorunması, zəngin milli mətbəximiz, tariximiz, ədəbiyyatımız, ölkəmizdə olan davamlı ictimai-siyasi və iqtisadi sabitlik turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövcuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan “İçəri şəhər”, Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məşhurdurlar. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoyub.
Dövlət Turizm Agentliyi yaradılmasının başlıca məqsədi
Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi üçün 2018-ci ilin aprelində yaradılan Dövlət Turizm Agentliyi (DTA) də bu istiqamətdə olduqca böyük işlər görməkdədir. Agentlik aşağıdakı əsas vəzifələrin icrasını hədəfləyib: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına cəlb etmək. Əlbəttə, bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir ki, DTA da bunun öhdəsindən layiqincə gəlir.
Belə ki, turizm sahəsi yalnız paytaxt Bakıda deyil, ölkəboyu, bütün rayonlarda inkişaf etdirilir. Bu gün bütün turistik rayon və kəndlərdə mehmanxanalar, əyləncə və istirahət məkanları inşa olunur, müasir standartlara cavab verən parklar salınır. Təbiətin bəxş etdiyi əsrarəngiz məkanlarda və ya mötəbər tarixi abidələrin yaxın ətrafında turizm obyektləri yaradılır. Bütün bunlar da turizm sektorunun ölkəboyu inkişaf etdirilməsinə böyük bir töhfədir. Bir sözlə, son illər ölkəmiz beynəlxalq turizm ənənələrinin inkişafı, turizm şirkətlərinin və mehmanxanaların sayının artırılması, turizm sektorunun dünya standartlarına uyğun səviyyədə təşkili və Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində ardıcıl işlər aparır. Məhz bunun nəticəsidir ki, respublikamıza dünyanın bütün ölkələrindən turistlər axın edir. Bir zamanlar paytaxtda, eləcə də regionlarda turistə az-az rast gəlinirdisə, indi az qala hər addım başı dünyanın ən qabaqcıl ölkələrindən Azərbaycana təşrif buyuran turistlərə rast gəlirik. Azərbaycanda idman, hərbi, mədəni, tarixi, ədəbi və hüquqi sahədə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər də məhz ölkəmizə çoxsaylı turistin axın etməsinə geniş imkan açıb.
Turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var
Qeyd edək ki, Azərbaycanda turizmin inkişafını daha çox iki prizmadan yüksək dəyərləndirmək olar. Birincisi, ölkəmizə gələn hər bir turist Azərbaycan tarixi, mədəniyyəti, çoğrafiyası, ərazisi ilə tanış olur. Və ən ağrılı məsələmiz olan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri və münaqişəyə dair həqiqətləri öyrənir. Bununla da Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırıq. İkinci başlıca məqsəd isə ölkə başçısı cənab İlham Əliyevin təbirincə desək, turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və xarici iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Bir sözlə, ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır və turistlərə xidmət yüksək səviyyədə təşkil olunur.
Azərbaycan – turistik və multikultural dəyərlərin qorunduğu ölkə
Biz də “Şərq” qəzeti olaraq ölkəmizdə turizmin inkişafı ilə bağlı vəziyyəti real olaraq ictimaiyyətə çatdırmaq üçün, paytaxt küçələrinə düşüb, reportaj hazırlamaq qərarına gəldik.
Metronun “Elmlər akademiyası” stansiyası yaxınlığındakı Hüseyn Cavid parkında gəzən hindistanlı turist Dipul Patel bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda turistlər üçün geniş imkanlar yaradılıb və bura multikultural dəyərlərin qorunduğu bir ölkədir:
“5 gündür ki, buradayam. Azərbaycan xalqından yalnız diqqət və qayğı görmüşəm. Bizi çox xoş qarşılayırlar. Heç kim bizə irqimizə, dinimizə görə fərq qoymur. Gedəcəyimiz yeri soruşduğumuz insanlar da mənimlə çox səmimi davranırlar. Dincəlmək üçün istirahət məkanlarına gedirik. Çox zəngin mətbəxiniz var. İstirahət məkanlarında xidmət səviyyəsi də yüksəkdir. Azərbaycanda bir dostum var. İndi onunla görüşməliyəm. O mənə “Sən bizim ölkədə qonaqsan” – deyib, bütün xərclərimi qarşılayırdı. Əvvəlcə, mənim yerimə pul xərcləməsi mənə qəribə gəlirdi, amma sonradan mənə anlatdı ki, bu məsələlər Azərbaycan xalqının qonaqpərvərliyindən irəli gəlir. Sizin qonaqpərvərliyinizə və ürəyiaçıqlığınıza heyranam. Mən şəxsən Azərbaycan xalqından çox razıyam. Mən burada sərbəst şəkildə gəzirəm, dəyib-dolaşan yoxdur”.
Əsrarəngiz təbiət, maraqlı mətbəx və zəngin adət-ənənələr…
Bir müddət əvvəl Fransanın ölkəmizdəki səfirliyində çalışmış və hazırda Bakıya turist kimi səfər edən ukrayn mənşəli fransız Dmitri Kupinovun da münasibətini öyrəndik.
O da bildirdi ki, Azərbaycanda əylənmək və dincəlmək üçün bütün turistik təchizat mövcuddur: “Azərbaycanda çalışan vaxtlar az qala ölkənizin möhtəşəm və heyranedici təbiətə malik rayonlarını gəzmişəm. Qəbələ, İsmayıllı, Quba, Qusar, Şamaxı, Qax, Zaqatala, Gəncə və Qazaxa da gedib çıxmışam. Olduqca nəfis təbiətiniz, mətbəxiniz, adət-ənənələriniz var. Burada insanlar, eləcə də turistik məkan sahibləri əcnəbi turistləri əllərinin içində saxlayırlar. Üstəgəl, Azərbaycan insanların sakit, dinc və əminaman şəkildə yaşadığı bir ölkədir. Üstəgəl, burada müxtəlif dinlərin daşıyıcıları arasında mehribanlıq mövcuddur.
Bu, bir tolerantlıq nümunəsidir. Azərbaycandakı fəaliyyətim müddətində sizin ölkədə xristianlara dini görüşlərinə görə təzyiqlərin göstərilməsi halına bir dəfə də olsun rast gəlmədim. Hər kəs öz adət-ənənəsini və dini inancını rahat şəkildə yerinə yetirir.
İnanıram ki, Azərbaycan çox qısa bir müddətdə dünyanın turistik guşələrindən birinə çevriləcək”.
Tarixi qədim, təhlükəsiz, insanları mehriban, yeməkləri dadlı məkan…
“Tarqovı” küçəsində gəzən ərəb turistə yaxınlaşıb, Azərbaycanda turizmin inkişafı və multikultural dəyərlərlə bağlı onun da fikirlərini öyrəndik. Najah Əl-Muhammad adlı xanım turistin sualımıza cavabı qısa oldu:
“Biz burada çox rahatıq. Azərbaycan insanları mehriban, gülərüz, yeməkləri dadlı, təamlı, təhlükəsiz bir ölkədir. Heç kim bizə təzyiq, basqı göstərmir. Bakı küçələrində rahat şəkildə gəzişirik”.
“Çox xoşbəxt xalqsınız…”
2008-2015-ci illərdə Azərbaycan Dillər Universitetində (ADU) müəllim kimi çalışmış, Fransanın Tuluz şəhərindən olan Döni Möniye də Azərbaycanda turizmin inkişafına böyük diqqət yetirildiyini söylədi və ölkəmizdə multikultural dəyərlərin yüksək səviyyədə qorunduğunu diqqətə çatdırdı:
Çox xoşbəxt xalqsınız… 10 ilə yaxın Azərbaycanda yaşadım. Çoxsaylı tələblərim var. Demək olar ki, əksər tələbəmlə feysbuk sosial şəbəkəsi üzərindən əlaqə saxlayıram. Azərbaycanda olduğum müddətdə Azərbaycandan və azərbaycanlılardan yalnız diqqət gördüm. Azərbaycan insanı yeniliyə açıqdır. Ünsiyyətçil və qayğıkeşdirlər. Azərbaycanda çalışanda müəllimlərdən biri mənə “kaklikotu” (red – kəklikotu) hədiyyə etdi və onu evə aparıb çay hazırladıq. Hələ də onun qoxusu burnumdadır. Çox bəyəndik. Azərbaycan xalqı qaynayıb-qarışmağı sevir. Azərbaycanda heç vaxt özümü narahat hiss etmirdim. Adama elə səmimi münasibət göstərirlər ki… Dinimə, etnik mənşəyimə və dilimə görə, heç vaxt nifrətlə rastlaşmamışam. Əslində mağazada, kafedə kimsə biləndə ki, Fransa vətəndaşıyam, fransızca “Bonjour”, “bonjour” (salam) deyirdilər. Azərbaycan əsl yaşanmalı ölkədir. İrqçilik, ksenofobiya və rasizmdən əsər-əlamət yoxdur. Təbiətiniz, turistik məkanlarınız isə göz oxşayır. Çox xoşbəxt xalqsınız ki, belə bir ölkənin, belə bir təbiətin qoynunda yaşayırsınız.
“Dincəlmək üçün hər cür şərait var”
Metronun “20 yanvar” stansiyası yaxınlığındakı balaca bir butikdən telefon alan pakistan vətəndaşı Kenan Ahmedi də söylədi ki, Azərbaycana dincəlməyə gəlib və hətta mümkün olarsa, iş tapıb işləməyə də çalışacaq:
“Ölkənizə ilk dəfədir gəlirəm. Çox bəyəndim. Bəzi dostlarım var, onlara da demişəm. Onlar da gəlmək istəyirlər. Azərbaycanda qalıb işləmək haqqında da düşünürəm. Burada da alqı-satqı ilə məşğul olan pakistanlı dostlarım var. Heç bir çətinlik çəkmədən burada işləyib, pul qazanırlar. Çox səmimi millətiniz var. Heç kim mənə dərimin rənginə, başqa millət olduğuma görə fərq qoymur. 10 gündür ki, buradayam kirayədə qaldığım binada qonşularla dostlaşmışıq. Azərbaycanlı gənclərlə futbol oynamağa gedirəm. Onlardan Murad adlı bir dostum məni tez-tez evlərinə qonaq dəvət edir və anası bizim üçün aş, dolma bişirir. Demək olar ki, Azərbaycan milli kulinariyası ilə yaxından tanışam. Çox zəngin mətbəxiniz var. Burada bizim hüquqlarımız tamamilə qorunur. Öz ölkəmdə necə rahat gəzib-dolaşıramsa, Azərbaycanda da bu şəkildə yaşayıram. Siyasi baxımdan da Azərbaycanla Pakistan arasında çoxsaylı müqavilələr mövcuddur. Bunun da bizə olan münasibətə çox böyük müsbət təsirləri var”.
“Özümü evimdəki kimi hiss edirəm”
Azərbayanda bakalavr təhsili alan türkiyəli tələbə Enes Sarıoğlu da ölkəmizin turistik imkanlarını çox yüksək qiymətləndirib. Bundan başqa o söyləyib ki, Azərbaycanda özünə və digər qonaqlara qarşı aryrıseçkilik və təzyiqlər müşahidə etməyib:
“Biz iki dövlət bir millətik. Hamımızın soyumuz eynidir. Biz hamımız bir soyun, qanın daşıyıclarıyıq. Bu mənada Azərbaycanda olarkən özümü Türkiyədə öz baba yurdumda, öz evimdə olduğum kimi hiss edirəm. Dilimiz, dinimiz, məsləkimiz eynidir. Nəinki Türkiyə vətəndaşlarına, digər xalqların və millətlərin nümayəndələrinə də çox dözümlü yanaşılır. Sən də bilirsən ki, bizim qrupda kamerunlu tələbə təhsil alırdı. Ona qarşı qrupda, küçədə, yolda hiç bir irqi, dini ayrıseçkilik baş vermirdi. Hətta o da bir neçə dostuna Azərbaycanda təhsil almağı tövsiyə etmişdi. Azərbaycan qapısını bütün dünyaya açıb. Dilindən, dinindən, irqindən, məsləkindən və etnik kökənindən asılı olmayaraq bu ölkədə hər kəs qaynayıb, qarışıb. Hətta bu günAzərbaycanda olan multikultural dəyərlər, digər xalqlara tolerant yanaşma bəzi Avropa ölkəsinin özündə belə yoxdur. Baxın, bir fransız vətəndaşına ingilis dilində sual verəndə o dili bilsə də, sənə cavab vermir. Və yaxud da bir gürcüyə rusca sual verirsən, sənə çox çətinliklə cavab verir. Bu mənada Azərbaycan doğrudan da əsl multikultural və turistik bir ölkədir.
“Bakıda, rayon və kəndlərinizdə çox möhtəşəm məkanlar var”
Rusiyalı turist Qonçarova Lyüba Dmitri qızı da Azərbaycana səfər etməkdən çox məmnundur:
Artıq 2 ildir ki, dincəlmək üçün Azərbaycanı seçirəm. Bakıda, rayon və kəndlərinizdə çox gözəl, möhtəşəm mənzərələr var. Təbiət, mətbəx, xidmət, qiymətlər və insanlar vəhdət təşkil edir. Hər şey yüksək səviyyədədir. Rahat şəkildə gəzirəm, tarixi binalar və mədəniyyət abidələrinə baş çəkirəm. Kimsə mənə dinimə, irqimə və etnik kimliyimə görə fərq qoymur. Azərbaycan xalqı çox səmimi, mehriban xalqdır. Azərbaycanın ənənələrini də bəyənirəm və burada olmağımdan çox razıyam”.
Günay Arda : Naxçıvan Azərbaycanın gözüdür
Femida.az xəbər saytının redaktoru-Günay Arda Əlincə Qalasına və Naxçıvana heyranlığını ifadə edib.
Günay Arda-Femida.az xəbər saytının redaktoru, Azərbaycan Televiziyasının kinoproqramlar və dublyaj redaksiyasının redaktoru: – Naxçıvan ənənələrinə sadiq qalan, əsl Azərbaycançılığın nəfəsinin duyluduğu bir diyardır. Tariximizi, ənənələrimizi belə qoruyub saxlamaq hər yerdə mümkün deyil. Naxçıvanın yerləşdiyi strateji nöqtəni nəzərə alanda təhlükəsizliyi qorumaq hər kəsin bacaracağı iş deyil. Mən deyərdim, Naxçıvan dahi Nizami Gəncəvinin əsərlərində tanış olduğumuz utopik cəmiyyətdir. Naxçıvanda bir çox yeri gəzmişik. Bu gün Cəmşid Naxçıvanski Muzeyində olduq. Elə zənn etdim ki, Naxçıvanskinin özü oradadır. Onun ruhunu o qədər qoruyub saxlaya biliblər ki, muzey təsiri bağışlamır, sanki Naxçıvanski zamanındasan, onunla üzbəüz dayanmısan.
Naxçıvana bir neçə dəfə gəlmişəm. Ancaq, bu gəzintim xüsusilə seçildi. Qədim diyarın bir sıra gəzməli-görməli yerlərində olduq. Bu yerlərdə hər sahədə infrastruktur o qədər inkişaf edib ki, nümunə model kimi başqa bölgələrimizə də onu tətbiq etmək lazımdır. Əshabi-Kəhfə, Batabata getdik, Arpaçayı gördüm, şəhərin mərkəzini gəzdik, indi isə məğlubedilməz Əlincədəyik. Naxçıvan turizm üçün geniş imkanlara sahibdir. Turizm perspektivini nəzərə alsaq mən deyərdim, Naxçıvan Azərbaycanın gözüdür. Qədim tarixi ilə dünyada tanınan Gəmiqaya abidəsi, Nuh türbəsi, Əshabi-Kəhf və digər bu kimi mədəni nümunələr bir dəyərdir. Naxçıvanda bu dəyərlər qorunub saxlanılır, yaşadılır. Biz jurnalistlər də bütün bunları layiqincə təbliğ etməli, Naxçıvan kimi sözün əsl mənasında mədəniyyətin, qədim tarixin beşiyi olan bu məkanı bütün dünyaya nümunə kimi göstərməliyik. Bir gün Naxçıvan haqqında sənədli film çəkilsə, bu film Hüseyn Cavidin türbəsindən başlayıb, Əlincədə bitəcək
Dünyanın ən qəribə nəqliyyat növləri
Adətən, bir yerdən digərinə getmək üçün daha rahat və əlverişli nəqliyyat vasitəsini seçirik. Müasir dövrdə isə nəqliyyat vasitəsi böyül rol oynayır.
Nəqliyyat vasitələri istehsal edən şirkətlər iqtisadi və texnoloji inkişaf üçün güclü təkanverici qüvvədir. Lakin bəzi ölkələrdə hələ də köhnəlmiş və hətta qəribə görünən nəqliyyat növlərinə rast gəlmək olar.

Dünyanın ən qəribə nəqliyyat növlərini təqdim edirik:
Kanada: atlı bərələr

Belə gəmilərin ən geniş yayılmış növü 1790-cı ildən 1920-ci ilə qədərki dövrdə istifadə edilən at bərələri idi.
Bu nəqliyyat vasitəsinin ilk növlərində atlar dairəvi gəzərək darvazaları fırladırdılar ki, bu da hərəkətverici qurğunu işə salırdı.
Kamboca: bambukdan qatarlar (norri)
Norri köhnə vaqonetlərin oxu üzərində quraşdırılmış bambuk döşəmədir. Aparıcı ox motosiklet və ya traktor motoru ilə hərəkətə gətirilir.
Əldəqayırma qatarlar dəmir yolu boyunca hər iki istiqamətdə hərəkət edir. İki platforma qarşılaşdığı halda isə, onların birinin sərnişi düşüb, öz “vaqonu”nu relslərdən çıxarırlar. Belə “vaqon”un çəkisi onu bir neçə kişinin qaldırmağına imkan verir.

Qarşıdakı nəqliyyat keçib getdikdən sonra, norri asanlıqla yerinə qoyulur və marşrut üzrə yoluna davam edir.
Kambocanın bu unikal və ənənəvi relsli nəqliyyat vasitəsini 2017-ci ildə ləğv etmək istədilər. Lakin yerli sakinlər və turistlər tərəfindən ona böyük ehtiyac olduğu üçün norri 2018-ci ilin yanvarından yenidən relslərə buraxıldı.
Portuqaliya: toboqqan
Bir çox məşhur turistik əyləncə və attraksionları kimi, dağ yollarında xizək sürmək də öz kökləri ilə keçmişə gedir. XIX əsrdə Madeyra adasında Funşal şəhərinin Monte dağ kəndinə tez çatmaq üçün bu nəqliyyat növünə ehtiyac vardı.
Toboqqan söyüd çubuqlarından hörülür və taxta zolaqlara bərkidilir. Bu konstruksiya Montedən olan iki karreyros – arabaçı tərəfindən idarə olunur. Toboqqan dağ yolunda 48 km/saata qədər sürət yığa bilir.

Arabaçılar ənənəvi olaraq ağ paltar, samandan papaq və qalın bir kənarlı xüsusi ayaqqabı geyinirlər. Belə ayaqqabı onlara döngələrdə sürəti zəiflətməyə imkan verir. Marşrut təxminən 2 km və təxminən 10 dəqiqə təşkil edir.
Kuba: koko-taksi
Ən qeyri-adi taksi Kubanın paytaxtı Havana küçələrində işləyir. Burada hətta bugün də koko velosiped taksilərini görmək olar.
Taksi iki sərnişin və sürücü üçün nəzərdə tutulub.
Bu, ən yavaş və ən “tozlu” taksi növüdür, lakin şəhərlə tanış olmaq istəyən turistlər üçün ən uyğun vasitədir.

Niderland: Amfibua
Niderlandda amfibuslar adlandırılan amfibiya-avtobuslar kifayət qədər geniş yayılıb. Onlar ən çox turistlərin daşınması üçün istifadə olunur.
Amfibus burada turistlərə avtobusdan çıxmadan yalnız küçələrə ekskursiya etməklə deyil, həm də su gəzintisindən zövq almağa imkan vermələ danılmaz üstünlüyə malikdir. Elə amfibusun özü də turizm obyektidir.

Filippin: cipni
Cipni Filippində ictimai nəqliyyat və marşrut taksilərinin növüdür. Manilada cipni əsas taksi növüdür.
İlk vaxtlar bunlar İkinci Dünya müharibəsindən sonra ABŞ hərbi hissələrindən işlənmiş vəziyyətdə çatdırılan Amerika hərbi cipləri idi.
Avtomobil sökülərək, sərnişin yerini artırmaq üçün cipin daşıyıcı çərçivəsi uzadılırdı, sonra yenidən birləşdirilir və boyanırdı. Tədricən bu, Filippin mədəniyyətinin xüsusiyyətlərində birinə çevrildi.
Cipnidə hər skamyada 12 nəfərə qədər adam otura bilir, pik saatlarda isə sərnişinlərin sayı daha çox ola bilər, belə ki, bəzi sərnişinlər ayaq üstə dayana bilər.
Tayland: tuk-tuki
Tuk-Tuki şəhər və kurortlarda hərəkət etmək üçün Taylandda ən məşhur nəqliyyat vasitəsidir. Tay dilində “tuk-tuk “ “ucuz” kimi tərcümə olunur.
Tuk-Tuki müxtəlif şəhərlərdə fərqli görünə bilər. Məsələn, bu, bəzən üç təkərli nəqliyyat (Banqkokdakı kimi), bəzən kiçik yük maşını – pikap (Pattaya və ya Ko Çanqdakı kimi) ola bilər.
Ona görə də bu nəqliyyat vasitəsində müvafiq olaraq iki və ya eyni zamanda 12 nəfər gedə bilər.
Yeni Zelandiya: “Shotover Jet”
Şotover çayının ərazisindəki Yeni Zelandiya kanyonları Okeaniya ilə hərəkət etmək üçün ən maraqlı yollardan biri üçün fon kimi xidmət edir. “Shotover Jet”lər xüsusi olaraq Şotover çayı ərazisindəki kanyonlar üzrə turlar üçün tikilib.
İki V8 mühərriki və 700 at gücünə malik olan qayıq sürətini saatda 85 km-ə qədər çatdıra bilir.
“Shotover Jet Services” ekskursiya şirkəti kimi 1965-ci ildə açılıb. Şirkət 1970-ci illərin əvvəllərində öz qayıqlarını modernləşdirərək, macəralı gəzinti təklif etməyə başlayıb.
