“Azərbaycanın milli parklarında noyabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır.
Milli parklarda təşkil olunacaq tədbirlərin siyahısını təqdim edirik:
3 noyabr, saat 8:00 – Şirvan milli parkı – həvəskar balıq ovu turniri;
5 noyabr, saat 9:00 – Samur-Yalama milli parkı – milli parkın yaradılması günü ilə əlaqədar açıq qapı günü;
9 noyabr, saat 10:00 – Abşeron milli parkı – qaçış marafonu;
11 noyabr, saat 11:00 – Hirkan milli parkı – veloyürüş;
14 noyabr, saat 11:00 – Göygöl milli parkı – macəra turizmi;
17 noyabr, saat 10:00 – Şirvan milli parkı – quşların müşahidəsi və ornitoloji seminar;
19 noyabr, saat 10:00 – Ağgöl milli parkı – həvəskar balıq ovu turniri;
21 noyabr, saat 10:00 – Şahdağ milli parkı (İsmayıllı bölməsi) – atla yürüş;
23 noyabr, saat 10:00 – Altıağac milli parkı – piyada yürüş marafonu;
27 noyabr, saat 10:00 – Qızılağac milli parkı – həvəskar balıq ovu turniri;
29 noyabr, saat 10:00 – Şahdağ milli parkı (Şabran bölməsi) – ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması ilə əlaqədar seminar.
İştirak etmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin əməkdaşı Aytac Tağıyeva ilə (012) 566-26-10 əlaqə saxlaya bilərlər.
Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Görüş çərçivəsində Azərbaycan Turizm Assosiasiyası və Esvatini Krallığının Turizm Təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumu AZTA rəhbəri Nahid Bağırov və Esvatini Turizm Təşkilatının rəhbəri xanın Lindia Nxumalo imzalayıblar.
Anlaşma memorandumunun əsas məqsədi iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Qarşılıqlı turizm axınının təmin olunması, eləcə də Afrikanın azərbaycanlı turistlər tərəfindən kəşf edilməsidir. Memorandum, həmçinin AZTA-nın turizm təbliğatı təcrübəsinin Esvatini Turizm Təşkilatının mütəxəssisləri ilə bölüşməsini nəzərdə tutur.
İmzalanma mərasimində, həmçinin Esvatininin İctimai xidmət naziri Kristian Ntshanqase, Ticarət naziri, senator Manqoba Khumalo, İnvestisiyaların Təşviqi Təşkilatının nümayəndələri Sibahi Mnqomezulu Martin Masilela və digərləri iştirak ediblər.
2020-ci ildə Bakıda reallaşacaq Formula 1 Azərbaycan Qran-Prisi yarışlarının və “EURO 2020” oyunlarının təşkilat komitələri və digər qurumların nümayəndələri ilə görüş keçirilib. Birgə işçi qrupunun yaradılmasına qərar verilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Hotellər Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması üçün çalışacaqlar. Qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər.
Görüş çərçivəsində təkcə Bakı iştirak etmiyib. Regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması əsas məsələlərdən hesab olunub. Eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
“Michelin”, “Gault & Millau” və “The World’s 50 Best Restaurants” – “sobaka.ru”ya istinadla dünyanın bu üç əsas restoran reytinqi arasındakı fərqdən danışır.
“Michelin”
1900-cü ildə şin istehsalçısı Andre Mişlen tərəfindən səyyahlar üçün yerlərin siyahısı kimi buraxılmış məşhur “Michelin” reytinqini qırmızı bələdçi adlandırırlar. Restoranlar bu reytinqə sonralar daxil edilib. Öz ulduzlarını 1920-ci ildən paylayan “Michelin”in nüfuzunu hələ heç bir reytinq üstələyə bilməyib.
Əvvəllər qırmızı bələdçidə yalnız yüksək mətbəx layihələri təmsil olunurdu. Lakin zaman keçdikcə dəyişikliklər tələb olundu. İndi “Michelin” bazarlardakı əlüstü yemək obyektlərinə də ulduz təqdim edir. Məsələn, 2016-cı ildə “Michelin” ekspertləri Sinqapurdakı “Tai Hwa Pork Noodle” qəlyanaltıxanasını ulduzla qiymətləndiriblər. “Michelin” öz ulduzlarını aşağıdakı meyarlarına əsasən təqdim edir:
Bir ulduz – öz kateqoriyasında (mətbəxin növü nəzərdə tutulur) ən yaxşı restoran;
İki ulduz – əla mətbəx. Bu restoran naminə marşrutdan azacıq kənara çıxmaq olar;
Üç ulduz – baş aşpazın işi mükəmməldir. Bura ayrıca səyahət etməyə dəyər.
Mətbu bələdçi şəklində çıxan “Michelin”in öz saytı və mobil əlavəsi var. Düzdür, reytinqin saytı bir o qədər də rahat deyildir. Burada konkret yeri adına, xəritəyə və ya ünvana əsasən tapmaq olar. Restoranlar barədə çox az məlumat və şəkil var. Yalnız telefon nömrəsi, üç sətirlik təsvir və qiymətlər yerləşdirilir.
“Gault & Millau”
“Qo Miyo” kimi tələffüz edilən sarı rəngli bələdçi 1965-ci ildə Fransada təsis edilib. Bu reytinqi restoran tənqidçiləri Anri Qo və Kristian Miyo lap əvvəldən yalnız yüksək mətbəxi qiymətləndirən “Michelin”ə rəqib olaraq yaradıblar. “Gault & Millau” öz diqqətini yeni dalğa (nouvelle cuisine) layihələri üzərində cəmləşdirib. Onilliklər sonra bu fərqlər silinib.
“Gault & Millau” ekspertləri restoranlara anonim gedir və hər bir layihəni 1-20 bal arasında qiymətləndirirlər. 10 baldan aşağı qiymət alan iaşə müəssisələri soraq kitabçasına daxil edilmir. Hər bir layihə 200 sualdan ibarət siyahı üzrə qiymətləndirilir. Bu sualların 60 faizi yeməyə, o cümlədən baş aşpazın kreativliyinə, mövsümiliyə, dad uyğunluğu harmoniyasına, məhsulların keyfiyyətinə və digər meyarlara, 40 faizi yerdə qalanlara, interyerə, mühitə və servisə aiddir.
Beş aşpaz papağı — 19–19,5 и 20;
Dörd aşpaz papağı — 17–18,5;
Üç aşpaz papağı — 15–16,5;
İki aşpaz papağı — 13–14,5;
Bir aşpaz papağı — 11–12,5;
Sıfır aşpaz papağı — 10–10,5.
2019-cu ilin yanvarında bələdçini rusiyalılar satın alıblar. “Michelin” kimi bu soraq kitabı da mətbu versiyada, sayt və mobil əlavə şəklində çıxır.
“The World’s 50 Best Restaurants”
“The World’s 50 Best Restaurants” Britaniyanın “Restaurant” jurnalının 2002-ci ildən hər il 1000-dən çox restoran sahibi, baş aşpaz, fud və qastrojurnalist arasında gizli səsvermə əsasında tərtib etdiyi dünyanın ən yaxşı restoranlarının reytinqidir. Bu siyahını britaniyalı jurnalist Co Uorvik çox köhnə metodlarla işləyən qırmızı bələdçiyə – “Michelin”ə müasir alternativ kimi düşünüb. Uorvik illik “Where Chefs Eat” sorğu kitabının müəllifi kimi də məşhurdur.
Əgər “Michelin” və “Gault & Millau” restoranları hesabı özləri ödəyən beynəlxalq anonim inspektorların köməyi ilə şəhər və ölkə səviyyəsində qiymətləndirirlərsə, “The World’s 50 Best Restaurants” adları açıqlanmayan 100 ekspertin səsverməsi əsasında bütün dünya üzrə cəmi 100 restoran seçir.
Dövlət Turizm Agentliyi 27 sentyabr – Dünya Turizm Günü ilə əlaqədar KİV nümayəndələri və fotoqraflar arasında müsabiqə elan edib.
Müsabiqəyə dəstəkçi qismində Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası iştirak edir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda keçirilən müsabiqə cari ilin 27 sentyabr–10 noyabr tarixlərini əhatə edəcək.
Göndərilmiş materialların yoxlanılması və qiymətləndirilməsi prosesindən sonra noyabrın 29-da baş tutacaq Milli Turizm Sammitində qaliblər elan ediləcək.
Müvafiq nominasiyalar üzrə 1, 2 və 3-cü yerləri tutmuş şəxslərə ardıcıllığa uyğun olaraq noutbuklar, planşetlər və smartfonlar hədiyyə olunacaq. Digər yerlərin sahibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar (tel: +994512296043, Fikrət Təhməzov).
Göyçayda möhtəşəm Nar Festivalı keçiriləcək. “Nar bayramı” ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir.
Tarix 9-10 Noyabr Qiymət 22 azn Qiymətə daxildir 1⃣Komfortlu VİP nəqliyyat 2⃣ Səhər yeməyi (Yağ,Bal, Pendir,Yumurta,Çörək və Pünrəngi Çay ) 3⃣Təcrübəli Tur Rəhbəri 4⃣Limitsiz Foto çəkiliş (Şəkillər 3 gün sonra link vasitəsiylə göndərilir) 5⃣Çay 6⃣Avtobusda eyləncəli oyunlar
Ekskursiyalar Göyçay Nar Festivalına Giriş
Toplanış vaxtı: 06:30 Toplanış Yeri Genclik m
07:00 Yola düşmə
Qeydlər
2⃣10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz. 3⃣Tur zamanı spirtli içkilər qəti qadağandır 4⃣0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilməmək şərti ilə) 6 yaşdan yuxarı tam ödəniş.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüşüb.
Heyətin ölkəyə səfəri ABŞ-ın Azərbaycandakı, Azərbaycanın ABŞ-dakı səfirliklərinin, “Azərbaycan Hava Yolları”nın (AZAL) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutub. Məqsəd Bakı-Nyu-York reysinin fəaliyyətinə təkan vermək, ABŞ-da Azərbaycanın turizm potensialı haqda məlumatlılığı artırmaq və turizm sahəsində özəl sektor nümayəndələri arasında əlaqələr qurmaqdır.
Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə qonaqlara Azərbaycanda yəhudi irsi barədə danışılıb. Həmçinin ölkənin multikulturalizm siyasəti və Azərbaycan xalqının tolerantlıq ənənələri haqda geniş məlumatlar verilib.
Fuad Nağıyev tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini fərqləndirən gözəl bir ənənə halına gəldiyini bildirib.
Xarici qonaqlar öz növbələrində ABŞ-da Azərbaycan haqda təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.
Görüş çərçivəsində diqqətə çatdırılıb ki, Bakı ABŞ-dan Asiyaya səyahət edənlər üçün qovşaq rolunu oynaya bilər.
Qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-dan gələn turistlərin sayı 15 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 8 faiz artım deməkdir.
Honq Konq iqtisadiyyatı 2-ci rüb ilə müqayisədə 3-cü rübdə 3.2% azalaraq texniki durğunluğa girib. İqtisadçılar 0.6% geriləmə gözləyirdilər.
“Marja” xəbər verir ki, Honq Konq iqtisadiyyatı ötən əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 2.9% azalıb.
Honq Konq iqtisadiyyatı 2-ci rübdə də azalmışdı. İqtisadiyyat 2 rüb ardıcıl kiçildiyindən texniki olaraq durğunluğa daxil olmuş sayılır.
İlk öncə şübhəlilərin Çinə qaytarmasını asanlaşdıran qanun layihəsinə etiraz üçün başlayan, qanunun geri götürülməsinin ardından “demokratik islahat” tələbi ilə davam edən nümayişlər Honq Konq iqtisadiyyatına mənfi təsir edir.
Çinin Honq Konq muxtar bölgəsinin Baş İdarəçisi Carrie Lam, yazdan bu yana təşkil edilən kütləvi etirazların sona çatması lazım olduğunu bildirib, şəhər iqtisadiyyatı və turizminə zərbə vuran hadisələrin iqtisadi durğunluq təhlükəsi yaratdığı xəbərdarlığını etmişdir.
Əbu Dabi şəhərində Azərbaycan Respublika Xarici İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında 2-ci siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, BƏƏ tərəfindən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə Şahin Al Marar rəhbərlik ediblər.
Görüş əsnasında siyasi, iqtisadi, ticarət, turizm, elm-təhsil, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərdən danışılıb. Azərbaycan-BƏƏ əlaqələri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, o cümlədən iki ölkə arasında regional, eləcə də BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətiləri müzakirə olunub.
Siyasi sahədə əlaqələrdən məmnunluğunu ifadə edən R.Həsənov iqtisadi əlaqələrimizin iki ölkə arasında mövcud olan potensialı əks etdirmədiyini təəssüflə qeyd edib. O, iqtisadi-ticarət sahəsində geniş imkanların olduğuna işarə edib. Bu istiqamətdə hüquq-müqavilə bazasının daha da genişləndirilməsindən danışıb. Həmçinin hər iki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin intensivləşməsinin vacibliyini vurğulayıb.
R.Həsənov hər iki ölkənin dövlət başçılarlı, həmçinin xalqları arasında sıx dostluq əlaqələrinin mövcud olduğunu, müxtəlif səviyyələrdə qarşılıqlı rəsmi səfərlərin həyata keçirildiyini bildirib. Azərbaycan Respublikasının tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
X.Al Marar Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunması münasibəti ilə təbrik edib. Tədbir çərçivəsində BƏƏ nümayəndə heyətinə göstərilmiş diqqətə görə təşəkkürünü ifadə edib.
R.Həsənov, öz növbəsində beynəlxalq təşkilatlarıda əməkdaşlıqdan razılıq ifadə edib. Xüsusilə də BMT və İƏT çərçivəsində Azərbaycana göstərilən dəstəyə görə BƏƏ tərəfinə təşəkkürünü bildirib.
R.Həsənov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Münaqişənin həll olunması istiqamətində danışıqlar prosesi aparılıb. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi məqsədilə ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb.
R.Həsənov, həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər ərazilərində istehsal olunan məhsulların müxtəlif adlarla BƏƏ bazarına çıxarılmasının qarşısının alınmasından danışıb. BƏƏ tərəfinin beynəlxaq qanun və qaydalara riayət edərək göstərdiyi mövqeyə görə təşəkkürünü bildirib.
Tərəflər cari ilin noyabr ayında Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə İqtisadi Komissiyanın 7-ci iclasının əhəmiyyətini qeyd edib. Həmçinin sözügedən iclasda müzakirə olunacaq. Sahələr, o cümlədən enerji, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşundan danışılacaq. Baxılmaqda olan saziş və anlaşma memorandumu layihələri ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər turizm sahəsində iki ölkə arasında mövcud əlaqələrə toxunaraq, əvvəlki illərlə müqayisədə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının üç dəfə artdığı məmnunluqla qeyd ediblər. Öz növbəsində R.Həsənov qarşlılıqlı turizm əlaqələrinin təşviq olunması və turist axınının daha da artırılması məqsədilə ümumvətəndaş pasportlarına malik olan Azərbaycan turistlərinin BƏƏ-yə giriş vizasından azad edilməsi məsələsini qaldırıb.
Tərəflər qarşılıqlı mədəniyyət günlərinini keçirilməsindən danışıblar. Sərgi və simpoziumların təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı tərəflər, habelə regional və beynəlxalq təhlükəsizlik, qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı anlaşma şəraitində keçirilmiş görüşün sonunda Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə Şahin Al Mararı Azərbaycana səfərə dəvət edib.