Azərbaycanla Çin arasında saziş imzalanıb. Bizim infrastrukturmuz və insan potensialımız hazır olandan sonra, ildə təxminən 200 min çinli turist Azərbaycana gələcək.
Bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadədir İTV-də yayımlanan 3D proqramında bildirib.
O, verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran həmçinin deyib ki, hazırda Azərbaycana daha çox Cənubi və Mərkəzi Asiya ölkələrindən turistlər səfər edir:
“Bizim konsepsiyamız 2018-2023-cü illəri əhatə edir. 12 prioritet bazar seçmişik ki, onlardan Azərbaycana daha çox turist cəlb etmək istəyirik. Hazırda üstün rəqəmləri Cənubi və Mərkəzi Asiya ölkələri təşkil edir. Hindistan, Pakistan, Qazaxıstan və Türkmənistan daha çox rəqəm verir. Çindən çox böyük axın olacaq. Bu sahədə iki ölkə arasında saziş də imzalanıb. Bizim infrastrukturmuz və insan potensialımız hazır olandan sonra, ildə təxminən 200 min çinli turist Azərbayacana gələcək.
Avropada da çox böyük işlər görülür. Prioritet seçdiyimiz Almaniya və Böyük Britaniyadan müsbət nəticələr artıq əldə etmişik. Əlbəttəki, qonşu ölkələr Rusiya bazarı artır və İran bazarı artıq özünə gəlməyə başlayıb. Bu ölkədən azalma müşahidə edilirdi. Türkiyədən gələnlərin sayı çoxdur. Bazarlar müxtəlifdir, ümumi tendensiya müsbətdir”.
Və Digər Turlar… * Qiymətə Daxildir* Nəqliyyat Xidməti (komfortlu)
Muzeylərə giriş bileti Bələdçi xidməti( Azəri-Rus-İngilis) Fotosessiya(Şəkillər Pulsuz olaraq teqdim olunacaq) İntellektual və Əyləncəli oyunlar qaliblərə hədiyyələr… TOPLAŞMA YERİ VƏ TARİXİ SİZ TƏYİN EDİRSİNİZ
Ətraflı məlumat üçün mob wp. 070 264 60 30 ?Qobustan Mektebli Turu? ?Qiymete Daxildir ⬇ ?Gediş – Dönüş ?2 Beledçi Xidmeti ?Yol Boyu İntellektual Oyunlar ?Muzeylere Giriş ♦️Etraflı Melumat Üçün ⬇ ♦️+994 70 264 60 30 ? Ofisimiz Genclik Metrosunun Çıxışında Yerleşir
Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzalayıblar.
Əməkdaşlıq haqqında memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi aparır. Qarşılıqlı turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turizm axınının təmin edilməsi məqsədi ilə turizm potensialının fəal təşviqi tədbirlərini nəzərdə tutur.
“Memorandumun Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanması bizim üçün əlamətdar hadisədir. AzTA ölkənin turizm potensialının təbliğinin bütün dünyada, o cümlədən qonşu ölkələr arasında genişləndirilməsi fəaliyyətini davam edir. Həm Azərbaycan turistləri, həm özbək turistləri üçün təşkil olunacaq tədbirlər bir mənalı şəkildə maraqlı olacaq. İnanıram ki, bu tədbirlərin nəticəsində qarşılıqlı turizm axınını təmin edə bilərik”, – deyə N. Bağırov bildirib.
ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində festival keçirilib. Azərbaycan oktyabrın 12-13-də keçirilən “Irvine Global Village Festival” adlı beynəlxalq mədəniyyət festivalında geniş təmsil olunub.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan “Report”a verilən məlumata görə, Kaliforniyanın ən böyük beynəlxalq mədəniyyət sərgilərindən olan sözügedən festivalda 50-dən çox ölkə iştirak edib.
Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulan Azərbaycan stendində müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına ölkəmiz haqqında geniş məlumat verilib.
Sərgi iştirakçıları Azərbaycanın coğrafi mövqeyi, əsrarəngiz təbiəti, memarlıq abidələri, qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, musiqisindən danışıblar. Həmçinin turizm imkanları barədə ətraflı məlumat əldə ediblər. Bundan başqa, milli geyimlərimiz, rəqslərimiz və mətbəximizdən nümunələr festival ziyarətçilərində xüsusi maraq oyadıb.
Festival iştirakçılarının Azərbaycan və onun mədəniyyəti ilə bağlı çoxsaylı sualları icma fəalları və Baş Konsulluğun əməkdaşları tərəfindən cavablandırılıb.
12 oktyabr tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin həyata keçirdiyi “Həmkar Könüllü” Proqramının üzvləri Quba şəhərinə baş tutan turda iştirak ediblər.
“Aqrar Tədarük və Təchizat” ASC-nin ” Şəhərdən kəndə” layihəsi çərçivəsində təşkil edilən tur, ölkəmizdə gənclərin aqrotruzmin inkişafına dəstək məqsədi daşıyır.
“Həmkar Könüllü” Proqramının üzvləri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunan “Alma Festivalı” iştirak ediblər. “Alma Festivalı” milli adət-ənənələrimizin, ölkəmizin turizm imkanlarının tanıdılmasıdır. Almanın və ondan hazırlanan məhsulların təbliği məqsədi daşıyır. Tələbələrə bayram mərasimində müxtəlif kompozisiyalar, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Quba
“Həmkar Könüllü” Proqramının üzvləri günün ikinci yarısında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD Factory” İstehsalat Kompleksində baş tutan seminar və müzakirədə iştirak ediblər. Kompleksdə tələbələr, bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 istehsalat sahəsi ilə tanış olublar.
Gün boyu tələbələr Qubanın önəmli güşələrindən olan Quba Memorial Kompleksi və Qırmızı qəsəbəyə ekskursiya ediblər.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən sosial layihədir. Layihənin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının inkişafını stimullaşdırmaq və regionlarda yaşayan əhalinin sosial rifahının yüksəlməsinə dəstək göstərməkdir. Bu turlarda iştirakçılar bir və ya bir neçə günlük fermer təsərrüfatlarına səfər edərək kənd həyatı ilə tanış olurlar. Heyvandarlıq, əkinçilik, bağçılıq, balıqçılıq və s. kənd təsərrüfatı sahələri ilə bağlı yeni biliklərə yiyələnirlər.
Şəhərin bütün səs-küyündən və tıxacından uzaq yaşıllıqlar qoynunda sadə və səliqəli həyətyanı ev, təmiz hava, qarşıda sarı-qızılı yarpaqlı ağaclarla əhatə olunmuş göl və bu gözəlliklərə baxa-baxa ətirli samovar çayı. Bütün bunlar, rəssamın çəkdiyi tablo, ya da xəyal deyil. Reallıqdır. Əgər təbiət mühitində, kənd həyatında dincəlməyi sevirsinizsə, o zaman “Aqrar” Tədarük və Təchizat ASC şirkətinin töəşkilatçılığı ilə “Şəhərdən kəndə” start verdiyi layihəsi çərçivəsində “Beş mövsüm” tur şirkəti tərəfindən başlanan turlar sizin üçün əla füsrət ola bilər.
Artıq Azərbaycanda aqrar ekoturizm sahəsinə diqqət artmaqdadır. Odur ki, “Aqro” Tədarük və Təchizat ASC şirkətinin həyata keçirdiyi “Şəhərdən kəndə” layihəsinin məqsədi ölkəmiz üçün yeni olan aqrar ekoturizmin təşviq edilməsi, insanlarda bu sahəyə marağın artmasına nail olmaqdır.
Qeyd edək ki, bu il “Şəhərdən kəndə” layihəsinin təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxışında bu layihənin aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyət olduğunu bildirmişdi: “Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da töhfə verəcək”.
Layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır.
Artıq yaydan başlayan turlar qısa zaman ərzində populyarlıq qazanıb. Bu dəfə media nümayəndələrinin də qatıldığı tur İsmayıllı rayonunun Təzəkənd kəndinə oldu. Bakıdan İsmayıllıya bir neçə saatlıq səyahət zamanı “Beş mövsüm” tur şirkətinin bələdçiləri Məsud ağa və Nərgiz xanımın təşkil etdiyi əyləncəli interaktiv və intellektual oyunlarla vaxtın necə keçdiyinin fərqinə varmadıq.
Nəhayət gəlib Təzəkəndə çatdıq. “Adım Ramtiqdir, bizim kəndə və evə xoş gəlmisiz”—deyə bizi gülərüz gənc qarşıladı. İlk dəfə belə bir ad eşitdiyimdən adının mənasını soruşdum. “Adımı hansısa hind filmindən bəyənib qoyublar.”—deyə gülümsünür gənc. Ramtiqgilin həyətinə daxil oluruq, Sadə və səliqəli kənd evi. Ən önəmlisi isə mehriban və zəhmətkeş ailə–ana, ata, bacı-qardaş.
Təbiətinin gözəlliyi ilə seçilən İsmayıllının bu kəndi də payız olsa da, yaşıllıqlar göz oxşayırdı. 1936-cı ildə salınmış kənd Bakı-İsmayıllı magistral yolunun üzərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, sıx meşə massivinin ətrafında yerləşir. Dağətəyi yerdə olan kənd əhalisinin dolanışıq mənbəyi əsasən təsərrüfat işləridir. Qonağı olduğumuz ailə də həmçinin. Elə ilk dəqiqədən ailənin bağçasından görünən gözəl mənzərə– ətrafı ağaclarla əhatələnmiş göl çəkir. Vəlbinə gölü. Sanki tabloya baxırsan…
İlk turun həyəcanı
Ailənin orqanik məhsullardan hazırladığı tədarüklərlə tanış oluruq. Ramtiqin anası deyir ki, hamısı öz təsərrüfatında yetişdirdikləri meyvə və tərəvəzdən hazırlanıb; cürbəcür mürəbbələr, tərəvəzlər, ağartı məhsulları, yumurta və s. Şəhərdən qonaqlar gələndə onun məhsullarını bəyənib alan da az olmayıb. “Min bərəkət, əkirik, hazırlayırıq. Hamısı öz həyətimizin məhsuludur.”– o deyir.
Ramtiq Alızadə ilə söhbətimizdə “Şəhərdən kəndə” layihəsinə necə qoşulmasını soruşuruq. Həmsöhbətim deyir ki, İsmayıllıda kəndlərinin gözəl mənzərəsi və turistik imkanları var. Layihə haqqında eşidəndə qərara aldıq ki, “Şəhərdən kəndə” layihəsinə biz də qoşulaq. Müraciət etdik, həyətyanı təsərrüfatımızla, həyətimizlə bağlı fotolar çəkib göndərdik, daha sonra mütəxəssislər gəlib bizim təsərrüfatla tanış oldular, bizə öz məsləhətlərini verdilər. Məsləhətlərə uyğun olaraq, dekorativ işlər etdik. Hazır olduqdan sonra qonaqları qəbul etdik. Artıq bir neçə tur çərçivəsində qonaqlar qəbul etmişik, çalışırıq ki, hər şey qonaqların ürəyincə olsun.”
İlk turun həyəcanını hələ də unutmayan Ramtiq deyir ki, ilk dəfə yağış yağsa da, ilk tur özünəməxsusluğu ilə seçilib. “Hətta heç gözləməzdim ki, dəmlədiyimiz bitki çayı qonaqların daha çox xoşuna gələr. Çayın faydaları haqqında soruşurdular. Təsərrüfatımızda əkib becərdiyimiz təbii məhsulların yetişməsi ilə tanış olur, onların dadına baxırlar. Gələcəkdə qonaqların ürəyincə olan bir çox yeniliklər etməyi planlaşdırıram. İndiyə kimi ən çox bir tur çərçivəsində 28 nəfər qonaq qəbul etmişik. Artıq Vəlbinə gölü və kəndimizi tanıyırlar. Fərdi şəkildə də gəlib istirahət etmək istəyənlər olur. Hərdən kəndimizin və gölün şəklinə baxanda yaxşı mənada təəccüblənirəm. Deyirəm, görəsən bu mənim illərdir, ətrafında yaşadığım göldür?! O qədər gözəl şəkillər paylaşılır ki, sosial mediada.”
Ramtiq deyir ki, bu hələ son deyil, gələcəkdə gecələmək üçün şərait yaradılması da planları arasındadır. Daha sonra indiyə kimi turları əks etdirən fotostend yaratmaq, eləcə də qonaqlar üçün rəylər kitabı təşkil etməyi düşünürəm.
Ramtiqlə söhbətdən və nahardan sonra iştirakçıların əsl istirahət və əyləncəsi başladı. Kimi valeybol oynadı, kimisi atla gəzdi, kimisi də bağda yelləncəkdə yelləndi, kimisi də buzovu sığallayıb onu oxşadı. Bir sözlə, bu xudmani həyətdə hər kəs özünə bir məşğuliyyət tapdı.
Oyundan sonra kəklikotulu samovar çayının isə özgə ləzzəti var. Özü də havaların sərinləşdiyi, buludların gah tutulub-gah da açıldığı vaxtda. Reyhan ananın hazırladığı təamlar da elə istər ətri, istərsə də ləzzətinə görə əsl orqanik təamlardan idi.
Əsrarəngiz Vəlbinə gölündə
Nahardan sonra piyada gəzə-gəzə uzaqdan hamının gözlərini qamaşdıran gölə –Vəlbinə gölünə gedirik. Yaşıllıqlar içində kiçik göl bura gələn turistlərin əsas baş çəkdiyi yerlərdəndir. Kimisi şəkil çəkdirir, kimisi göl qurağında uzanıb hava alır, kimisi də tilovunu atıb balıq gözləyir. Burada balıq ovu əslində balıq tutmaqdan çox əsəbləri sakitləşdirmək, insanın təbiətlə və onun gözəllikləri ilə baş-başa qalmaq üçün əla məşğuliyyətdir.
Tursitlər aqrar ekoturizmlə daha çox maraqlanırlar
“Beş mövsüm” tur şirkətinin bələdçisi Məsud Ağa ilə aqrar ekoturizmlə bağlı söhbətləşirik. Şirkət bələdçisi deyir ki, bu sahə ölkəmiz üçün yenidir və onun inkişafı üçün “Şəhərdən kəndə” layihəsi də bu baxımdan əhəmiyyətlidir. Artıq “Aqro” Tədarük və Təchizat ASC ilə layihə çərçivəsində əməkdaşlıq etdiklərini bildirən həmsöhbətim artıq yaydan başlayaraq, 4-5 tur həyata keçirdiklərini bildirdi. Onun sözlərinə görə, ekoturizmdən fərqli olaraq, aqrar ekoturizmdə yaşayış yerlərinə səfərlər nəzərdə tutulur. Turistlər kənd yerlərində ailələrin həyətyanı təsərrüfatı ilə yaxından tanış olur, kənd həyat tərzini yaxından görür. Təbiət gözəlliklərindən zövq almaqla yanaşı, həm də müxtəlif aktivitələrə qatılır. Belə ki, insanların əylənməsi üçün əraziyə uyğun infrastruktur yaradılır.
“Bu dəfəki turumuzda Ramtiq bəyin qonağı olduq. Onların təsərrüfatı və burada yaradılmış şərait qənaətbəxş olduğuna görə layihə çərçivəsində buraya gəldik. Düşünürəm ki, tur uğurlu alındı. Ailə kənddə yaşaya, öz təsərrüfatı ilə məşğul olan zəhmətkeş bir səmimi, mehriban ailədir. Qonaqlara xidmət etdi.
Düşünürəm ki, yorulmadan bu yeni sahə üzrə çalışsaq, aqrarekoturizm sahəsi ölkəmizdə daha da populyarlaşar və uğurlu olar. Çünki bunun üçün potensial var. İndiyə kimi insanlar daha rayonlara səfər edəndə daha çox təbiət kənarında restoranlarda yeyib-içməklə dincəlirdilər. İndi isə artıq son vaxtlar ekoturizmə maraq artmaqdadır. Son iki ildə ekoturizm şirkətlərinin sayında da artım var. İnsanlar artıq yenilik axtarır, fərqli şəkildə istirahət etmək istəyirlər. Odur ki, aqrar ekoturizm növünü seçənlər gəlib kənd evində istirahət edir, vaxtını səmərəli keçirir, razı qalırlar. Restoran və kafe mühiti ilə müqayisədə qonaqlar özlərini isti bir ailə mühitində vaxt keçirirlər. Bu layihə həm də bölgələrimizdə ailə təsərrüfatı və biznesinin inkişafı üçün də bir stimuldur.”
Xarici ölkələrdə, eləcə də qonşu Gürcüstanda ekoturizmin populyar olduğunu bildirən Məsud Ağa ölkəmizə gələn xarici turistlərin də bu turizm növünə üstünlük verməsinin şahidi oluruq. “İnanıram ki, yaxın gələcəkdə aqrar ekoturizm yerli və xarici turistlər arasında daha da geniş yayılacaq.”– deyə bələdçi fikrini yekunlaşdırdı.
Bir neçə saatlıq göl qırağında gəzintisindən sonra hər kəs təmiz havanı ciyərlərinə çəkib göl mənzərəsinin fonunda şəkil çəkdirirdi. Sanki günün bitməsini istəmirdilər. Ancaq getmək vaxtı idi. Ramtiq və ailəsi bizi yenidən ətirli samovar çayına qonaq edir. Göl ətrafında yürüşdən sonra çay ətrafında maraqlı səyahət söhbətləri başlayır, yaddaqalan səfər xatirələri yada düşür. Artıq hava tutqunlaşır, yavaş-yavaş yağış damlaları üzümüzü isladır. Ailə ilə sağollaşıb, Bakıya yola düşürük. “Aqro” Tədarük və Təchizat ASC şirkətinin “Beş mövsüm” tur şirkəti ilə birgə təşkil etdikləri bir günlük “Şəhərdən Kəndə” layihəsi çərçivəsində olan İsmayıllı turu xoş xatirələrlə başa çatır.
Yaponiyanın mərkəzi hissəsindən keçən “Hagibis” tufanı nəticəsində baş vermiş daşqınlar və torpaq sürüşmələri səbəbindən həlak olanların sayı 50-yə çatıb.
AZƏRTAC rəsmi mənbələrə əsasən xəbər verir ki, təbii fəlakət nəticəsində daha 17 nəfər itkin düşüb, 200 nəfər isə xəsarət alıb.
Təbii fəlakət üzrə yaradılmış xüsusi qrupun iclasında iştirak edən Baş Nazir Şinzo Abe bildirib ki, hökumət tufan nəticəsində zərərçəkənlərə kömək etmək üçün lazım olan bütün tədbirləri görəcək. Bununla əlaqədar yaradılan idarələrarası qrup ehtiyacı olanların yaşayış yerləri ilə təminatını xüsusi diqqətdə saxlayacaq.
Yanğın və Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına əsasən, oktyabrın 14-də günorta saatlarınadək 17 prefektura üzrə 38 min nəfər öz evlərini tərk edib.
Baş Nazir müvafiq nazirliklərə elektrik enerjisi və su təchizatının bərpa edilməsi ilə bağlı tədbirlərin təcili icrası barədə də göstəriş verib. Vurğulayıb ki, yerli hakimiyyət orqanlarının müraciətinə əsasən gözlənilmədən fəlakət zonasına ərzaq məhsulları, su və digər ilkin tələbat malları göndərilməlidir.
Müdafiə naziri Taro Kono da müdafiə qüvvələrinin rəhbərliyindən fəlakətlə bağlı tədbirlərin təcili qaydada icrasını tələb edib.
Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın şərq sahillərinə çatan “Hagibis” tufanı 11 prefekturada çayların daşmasına, yaşayış məntəqələrinin su altında qalmasına, torpaq sürüşmələrinə səbəb olub. Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatına görə, Naqano, Fukuşima, İbaraki və digər üç prefekturada 37 çay məcrasından çıxıb.
Naqano şəhərində Çikuma çayının daşması nəticəsində yolları və yaşayış məntəqələrini basmış suyu çəkmək üçün 20-dən çox nasos quraşdırılıb.
“Booking.com” saytı mobil əlavələrin istifadəsi barədə tövsiyələrdən tutmuş daha az populyar istiqamətlərin tədqiqatınadək qarşıdakı ildə səyahətçiləri daha nələrin gözləyəcəyindən yazır.
Təkcə növbəti ilin yox, həm də yeni onilliyin gəlməsi ilə səyahətçilərin tələbatları, davranışı və meyilləri dəyişir. Müasir dünya və onun sakinləri bir yerdə durmur. “Booking.com” şirkəti 2020-ci ilin misli görünməyən kəşflər, travel-texnologiyalar, getdikcə artan məsuliyyət, insanların getdikləri yerlə bağlı daha dərin əlaqələr ili olacağını gözləyir.
“Booking.com” 29 ölkədən olan 22 mindən çox səyahətçi arasında aparılan qlobal tədqiqatın nəticələrinə əsasən bu qənaətə gəlib.
1. Daha az populyar olan şəhərlərə səyahət
Gələn il səyahətçilər populyar yerlərə səfərdən imtina etməyi planlaşdırırlar. Bu, overturizmin ətraf mühitə vurduğu ziyanı azaltmaq məqsədi daşıyır. Bu sorğuya istifadəçilərin üstünlük verdiyi amillər nəzərə alınmaqla, şirkətlərin müvafiq funksiyaların tətbiq olunması ilə cavab verməsi gözlənilir. Nəticə etibarilə, turizm ekosistemi çərçivəsində əməkdaşlığın genişləndirilməsi dərk edilmiş turizm və daha az populyar olan regionların infrastrukturunun yaxşılaşdırılması barədə maarifçilik kampaniyalarının sayının artmasına gətirib çıxarır.
2. Texnologiyalar köməyə gəlir
Səyahətçilər 2020-ci ildə əsas qərarları qəbul edərək texnologiyaların köməyindən daha çox istifadə edəcəklər. Bizim gözəl planetimizin müxtəlif guşələrinə səyahət üçün istiqamətlərin seçimi baş gicəlləndirir. Qarşıdakı ildə müəyyən qərar qəbul etməkdə “ağıllı” texnologiyalar bizə yardımçı olacaq. Biz sərfəli fərdi tövsiyələr alacaq və daha əvvəllər ağlımıza gətirmədiyimiz milyonlarla yeni imkan barədə öyrənəcəyik. Bu, məlumatların axtarışında vaxta qənaət etməyə və səyahətin hər anından həzz almağa imkan yaradacaq.
Belə sorğuya cavab olaraq, 2020-ci ildə sizin zövqünüz, əvvəlki səyahətləriniz və hava, populyar yerlər kimi digər amillərə əsaslanan variantlar təqdim edən süni intellekt elementləri ilə xidmətlər daha çox meydana çıxacaq.
3. Müntəzəm tempdə səyahət
Mühüm olan nəyi isə əldən buraxmaq qorxusu və hansısa yeniliyin ardınca qaçmağın əvəzinə 2020-ci ildə müntəzəm templə səyahət arzusu gələcək.
Yerləşmə üsullarının müxtəlifliyi səyahət tempini azaltmağı arzu edənlərə çox uyğun gələcək: velosipedlə, tramvayla, xizək və qayıqda, hətta piyada! Bir sözlə, bizi tələsik olmayan və xüsusi səyahətlər gözləyir.
4. “Hər şeyə çatdırmaq” devizi ilə səyahət
Müasir həyat tempi ucbatından bizim sevimli məşğuliyyətimizə az vaxtımız qalır. Lakin bu, bizə səyahət etməkdə mane olmur. 2020-ci ildə insanlar səyahətlərin maksimum dərəcədə faydalı keçməsinə səy göstərəcəklər. Öz vaxtlarını müəyyən bir məşğələyə həsr etmək əvəzinə səyahətçilər bir yerdə daha çox görməli yerləri seyr etməyə çalışacaqlar. Maraqlı səyahətdən maksimum imkanlar əldə etmək üçün travel-sənayenin inkişafının davam edəcəyi və bizə müxtəlif marşrutlar təklif edəcəyi gözlənilir.
Şəxsi villanın eyvanından gözəl mənzərəni seyr etməkdən tutmuş, tarixi abidələr, gün ərzində yorulduqdan sonra dincəlmək mümkün olan möhtəşəm parklar və çimərliklər və ya yerli restoranlarda gözəl şam yeməyinə qədər hər şeyin olduğu yerləri təsəvvür edən “Booking.com” istifadəçiləri Montevideo (Uruqvay), İlyabela (Braziliya) və Nahanın (Yaponiya) adını daha çox çəkirlər.
5. Sevimli ev heyvanları ilə birgə səyahət
2020-ci ildə sevimli ev heyvanları ilə səyahət yeni mərhələyə keçəcək. Gələcəkdə biz görəcəyik ki, söhbət istiqamət seçimindən və səfərdə yerləşmə məkanından getdiyi bir vaxtda səyahətçilər ev heyvanlarının rahatlığını öz rahatlıqlarından necə üstün tuturlar.
Artan tələbatla əlaqədar “Booking.com” saytında yerləşdirilən, ev heyvanları ilə bərabər müsafir olmağa icazə verilən məkanların sayı artır. Ev heyvanlarını ən müxtəlif xidmətlər və rahatlıq, o cümlədən spa, nömrələrin xüsusi xidməti və hətta restoran gözləyir. Bir sözlə, 2020-ci ildə “dördayaqlı” müsafirləri beşulduzlu otellərin təəssüratları gözləyir.
6. Nəvələrlə ürəyinizcə olan istirahət
2020-ci ildə nənə və babaların orta nəsli evdə qoyaraq öz nəvələri ilə səyahət edə biləcəkləri səfərlər populyar olacaq.
Yaşlı nəslin nümayəndələrinin hazırda daha gümrah və sağlam olmalarını nəzərə alsaq, nənə və babalar, həmçinin onların nəvələri üçün aktiv istirahət məqsədilə səfərlərin sayı artırılacaq.
7. “Dadlı” təəssüratlar
2020-ci ildə səyahətçilər səfər üçün istiqamət seçərkən özlərinin qastronomik maraqlarını rəhbər tutacaqlar. Bir çoxları üçün səyahət vaxtının seçilməsi onların yerli mətbəxə malik restoranlardan birində stolu bronlamasından asılı olacaq. Çünki həmin restoranlarda yerlər aylarla qabaqcadan tutulur. Bununla yanaşı, sosial şəbəkələrdə tövsiyələrin müxtəlifliyini nəzərə alsaq, seçiminiz restoranın gurultulu adı ilə heç də üst-üstə düşməyə bilər. Qastronomik səyahət həvəskarlarını, ilk növbədə, turistlərə az məlum olan, yerli əhali arasında isə populyar olan yerlər cəlb edir. Onlar oraya əsl ev mətbəxi yeməklərindən dadmaq üçün gedirlər.
Sizin qastronomik turunuzu əvvəlcədən planlaşdırmağınızı tövsiyə edirik. Bu, yeni restoran yaranan kimi hamıdan əvvəl ən maraqlı olanı görmək fürsəti əldə etmək üçündür.
8. “Qızıl illər”də səyahətin planlaşdırılması
Təqaüdə çıxmaq dedikdə çox vaxt bu, müəyyən yaşa çatmaq və işdən getmək, çox vaxt da macəralı səfərlər təsəvvürü yaradır. 2020-ci ildə dünyagörüşünün dəyişməsi tendensiyası nəzərdə tutulur: səyahətçilər özlərinin “qızıl illər”ində gözəl səyahətlər planlaşdırırlar.
Rusiyadan olan səyahətçilərin təxminən yarısı (48 faiz) maraqlı səyahəti təqaüdə çıxdıqdan sonra planlaşdırır. Rəyi soruşulanların 27 faizi isə qeyd edirlər ki, uzunmüddətli səyahətlər hər yaşda maraqlı ola bilər. Təqaüdə çıxmaq müxtəlif yaş qruplarında səyahətə yollanmaq təsəvvürü yaradır. Bununla bağlı turistlərin bazarda gördükləri ərzaqlar onları çox tezliklə həyatlarının ən uzunmüddətli məzuniyyəti üçün vəsait yığaraq, səfərin planlaşdırılmasına sövq edə bilər.
“Booking.com” portalının baş vitse-prezidenti və marketinq üzrə direktoru Aryan Deyk deyib: “Biz travel-sənayenin anlayan, hər şeyi bilmək istəyən və texniki cəhətdən yetişmiş səyahətçilərin sorğularına səyahəti hər kəs üçün əlçatan edən xidmətlər və məhsullar təklif etməklə cavab verəcək yeni onilliyə qədəm qoyuruq. Biz turist axınının səviyyəsini azaltmaq məqsədilə səfərlər üçün alternativ variantlar təklif edirik. Biz daha fərdi tövsiyələr təklif edir və dünyanın hər yerindən olan istifadəçilərin qala biləcəyi yerləşmə obyektlərinin müxtəlifliyini dəstəkləyirik. Çünki biz səyahətçilərin zəruri vasitələrlə, 2020-ci ildə və sonrakı illərdə səyahət perspektivləri ilə təchiz edilməsinə əmin olmaq istəyirik”.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, otellərdə sənədlərin girov kimi saxlanması otel və müştəri arasında güvənsizliyin olmasını göstərir
Qeyri-peşəkar kadrlar Azərbaycan mehmanxanalarının reputasiyasını ciddi şəkildə korlaya bilər. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov otel xidmətçilərinin qanunsuz tələbləri və sualları ilə rastlaşan müştərilərin şikayətlərini şərh edərkən deyib.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, otellə müştəri arasında qeydiyyata alınma anından hüquqi münasibətlər yaranır. “Qonaqların təhlükəsizliyinin təmin olunması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. Təcrübələr göstərir ki, bəzi otellər sənəd tələb etmədən müştəri qəbul edirlər. Yaxud iki şəxsdən yalnız birinin sənədini götürürlər. Ümumiyyətlə isə otellərdə sənədlərin girov kimi saxlanması doğru deyil. Bu otel və müştəri arasında güvənsizliyin olmasını göstərir”.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin, pasportun və ya şəxsin xidməti vəsiqəsinin verilməsi qaydaları pozulur. Sənədinin qanunsuz götürülməsi və ya girov kimi qəbulu olunması 500 manatdan 800 manata qədər cərimə ilə cəzalandırılır.
Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz