Cənubi Koreyaya güclü leysan yağışları gətirən “Mitaq” qasırğası indiyə qədər altı nəfərin həyatına son qoyub, bir o qədər insanın isə itkin düşməsinə səbəb olub.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirləri üzrə mərkəzi qərargahın məlumatına görə, həlak olanların əksəriyyəti torpaq sürüşmələri zamanı çökən evlərin dağıntıları altında qalan yaşlı insanlardır.
Ölkənin şərq rayonlarına gecə ərzində 500 millimetrə qədər yağıntı düşüb, bir çox bina su altında qalıb. Ölkənin turizm mərkəzlərindən biri olan Kannın şəhərində avtobusların hərəkəti tam dayanıb. Bəzi rayonların elektrik təminatında problemlər yaranıb, minlərlə insan işıqsız qalıb. Yerli hakimiyyət orqanları təbii fəlakətdən daha çox zərər görən ərazilərdən mindən çox insanı təxliyə edib.
“Mitaq” qasırğası bu gün yerli vaxtla saat 6:00-da Koreya yarımadasını tərk edib. Lakin leysan yağışların və güclü küləklərin gün ərzində davam edəcəyi gözlənilir. Cənub istiqamətində aviasiya əlaqəsi bərpa edilib. Gəmilərin dənizə çıxışına isə əvvəlki kimi məhdudiyyətlər tətbiq olunur.
Azərbaycandakı qoruqlarla bağlı inkişaf strategiyası hazırlanır
Hazırda Dövlət Turizm Agentliyi (DTA) tabeliyində olan hər bir qoruqla bağlı inkişaf strategiyasını, onların inkişaf modellərini hazırlayır.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin sektor müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, strategiyadakı məsələlər qoruqların turizm baxımından əlçatanlığının, cəlbediciliyinin artırılması, turizm şirkətləri üçün yeni paketlərin verilməsi və s. kimi məsələləri əhatə edir.
E.Cavadov qeyd edib ki, hazırda qoruqların mühafizə strategiyaları da hazırlanır. Strategiyalar dünya təcrübəsi nəzərə alınmaqla, eyni zamanda UNESCO-nun tələblərinə və tövsiyələrinə uyğun olaraq tərtib edilir:
“Burada texniki tələblər öz əksini tapır. Buna görə də bu, texniki sənəd hesab edilir. Bu sənədə istinad edərək qoruqların mühafizə işini təşkil etmək olar”.
Qeyd edək ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruq fəaliyyət göstərir. Onlar “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kiş” Tarix-Memarlıq Qoruğudur.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin regiona və ümumlikdə Azərbaycana çox böyük mənfəət gətirəcəyi bildirilir. Bu istiqamətdə isə nəzərəçarpacaq rəqəmlər qeydə alınıb. Belə ki, bu ilin I yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan hissəsi ilə 1 milyon ton tranzit yük daşınıb. Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 milyon ton tranzit yük daşınıb. Bunun da 25%-i BTQ-nin payına düşüb. Azərbaycan yarım il ərzində bu daşımalardan 150 milyon manat gəlir əldə edib.
İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionda Azərbaycanın tranzit mövqeyinin möhkəmləndirməsi üçün əhəmiyyətli addımdır: “Hazırda bir sıra parametrlərinə görə sözügedən dəmir yolu alternativlərindən daha əlverişli mövqeyə malikdir. Eyni zamanda, Azərbaycan üçün əhəmiyyətə malik olan məqam isə odur ki, ölkənin geoiqtisadi mövqeyini gücləndirməsidi”.
O əlavə edib ki, bu dəmir yolu vasitəsilə yüklərin Asiyadan Avropoya çatdırılma müddəti iki həftəyə qədər azalır: “Həmçinin, layihə ölkədə istehsal edilmiş məhsulların da həm Asiyaya, həm Avropa bazarlarına ixracının daha asan şəkildə təşkilini nəzərdə tutur. Gələcəkdə yerli istehsalçılar belə bu layihənin üstünlüklərindən istifadə etməklə, məhsullarını daha aşağı qiymətlə ixrac edə bilərlər. Bu isə qiymət rəqabətliliyinin təmin edilməsində vacib şərtlərdən biridir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu kifayət qədər potensiala malik layihədir”.
R.Həsənov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin vacibliyinin digər məqamına da toxunub. O, Bakı-Tbilisi-Qars vasitəsilə sərnişin daşımanın Azərbaycanın turizm sektoruna böyük töhfə verə biləcəyini vurğulayıb: “Bu dəmir yolu vasitəsilə həm Avropadan, həm Asiyadan insanların daha ucuz şəkildə daşınması həyata keçirilərsə, bu, ölkənin turizm sektorunun inkişafını dəstəkləyə bilər”.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daha bir neçə yeni növ yük daşımağa başlayıb. Məlumata görə, buna BTQ-nin yaratdığı yeni cəlbedici imkanların hesabına nail olunub. Belə ki, aparılan danışıqlar nəticəsində, bu dəfə sınaq məqsədilə Türkiyədən Türkmənistana qarışıq yüklər daşınıb. 12 yük avtomobili ilə Türkiyənin Qars stansiyasına çatdırılan yüklər, burada “ADY Express”ə məxsus və təqdim etdiyi 4 ədəd yarımvaqona aşırılaraq, yola salınıb. Gürcüstanın Axalkalaki stansiyasında təkər cütləri dəyişdirildikdən sonra, vaqonlar Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılıb, buradan isə Türkmənbaşı limanına bərə vasitəsi ilə nəql edilib.
220 tonadək yük Türkiyədən Türkmənistana qısa müddət ərzində – 5 günə çatdırılıb. Bu isə ənənəvi avtomobil yolu ilə daşımadan fərqli olaraq, tranzit vaxtının azı 2 dəfə azalması deməkdir. Bunu avtomobil yollarında və sərhədlərdəki sıxlıq ilə yanaşı, dəmir yolunun sürət və çevikliyi ilə əlaqələndirmək olar. İmzalanmış müqaviləyə əsasən, “ADY Express” 50 min ton bu növ yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəqlini həyata keçirəcək.
Almaniyanın “Eberhardt” turizm şirkətinin internet səhifəsində Almaniyanın Drezden, Leypsiq və Berlin şəhərlərində yaşayan almanlardan ibarət on doqquz nəfərlik turist qrupunun bu yaxınlarda baş tutmuş Azərbaycana səfərinə dair məlumat yerləşdirilib.
Məlumatda Almaniyanın Frankfurt şəhərindən Bakıya gələn turistlərin ilk növbədə Heydər Əliyev Beynəlxalq Hava Limanının müasirliyinə, arxitekturasına heyran olduqları bildirilir.
Səfərin ölkənin paytaxtı Bakı şəhəri ilə tanışlıqla başladığı, şəhərin son illərdə sürətlə inkişaf edir. Bu inkişafda neftin böyük rolunun olduğu vurğulanır. 1870-1914-cü illərdə Bakı şəhərindəki neft bumu zamanı varlanan dövrün neft milyarderlərinin villaları təsvir olunur, Bakı şəhərindəki Filarmoniya, Opera və Kukla teatrlarından, Xalça Muzeyindən söz açılır. 2000-ci ildən UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər haqqında məlumat verilir. İçərişəhəri ziyarət edən qrupun Şirvanşahlar sarayı, Karvansaray, Qız Qalasında olduğu diqqətə çatdırılır. Qız Qalasının üzərindən şəhəri seyr etdiyi, şəhərdəki müasir tikililərlə şəhərin qədim hissəsi arasındakı kontrastın turistləri heyran etdiyi vurğulanır.
Şəhəri gəzdikdən sonra qrupun 2007-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət etməsi, buradakı qayaüstü rəsmlərin qədim dövrlərdə regionda yaşayan insanların həyatını təsvir etməsi barədə məlumat verilir. Qobustan qoruğundan ayrılan turistlərin palçıq vulkanlarını görmək üçün yola düşdükləri bildirilir. Bələdçinin sözlərinə istinadən bu vulkanlardan çıxan palçığın insan səhhəti üçün faydalı olduğu qeyd olunur.
Azərbaycana səyahətin ikinci günü qrup üzvlərinin Abşerondakı Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət etdikləri bildirilir. Günün ikinci yarısında turistlərin Nobel qardaşlarının ev-muzeyi və Heydər Əliyev Mərkəzinə baş çəkdikləri nəzərə çatdırılır.
Qrupun Azərbaycanın tarixi Şamaxı şəhərinə və Lahıc kəndinə də səfər etdiyi nəzərə çatdırılır. Şamaxıya gedərkən turistlərin Diribaba türbəsini ziyarət etdikləri vurğulanır. Vaxtilə Azərbaycanın paytaxtı olmuş Şamaxı şəhərinin zəlzələ nəticəsində dağıldığı, buranın qədim abidələrlə zəngin olduğu, şəhərdə min ildən artıq tarixi olan Cümə məscidinin yerləşdiyi diqqətə çatdırılır. Günün ikinci yarısında Azərbaycanın Lahıc kəndinə üz tutan qrup üzvlərinin buradakı dulusçuların hazırladıqları əl işləri ilə tanış olduqları, müxtəlif suvenir və ədviyyatlar əldə etdikləri qeyd olunur.
Səfərin növbəti günü Qəbələ şəhərinə yollanan turistlərin burada arxeoloji muzeyə baş çəkdikləri və qazıntıların aparıldığı yerlərdə olduqları bildirilir. Burada alman arxeoloqların da iştirak etdiyi beynəlxalq arxeoloqlardan ibarət komandanın qazıntılar aparmasından söz açılır. Qəbələdən ayrılan qrupun Azərbaycanın tarixi Şəki şəhərinə səfər etdiyi vurğulanır. Zəngin tarixə malik olan Şəkidə qədim dövrlərdə Albaniya dövlətinin mövcud olduğu, burada qədim Alban xristian kilsəsinin yerləşdiyi nəzərə çatdırılır. Ərəb istilasından sonra Şəkinin Abbasilər xilafətinə daxil edildiyi, sonralar isə XVIII əsrdə müstəqil dövlətin paytaxtına çevrilməsi barədə məlumat verilir. Məlumatda qrupun Kiş kəndindəki X-XII əsrlərə aid olan kilsəyə baş çəkdiyi qeyd olunur. Kilsənin “Qafqaz kilsələrinin anası” hesab edildiyi bildirilir. Şəkinin məşhur Xan Sarayını ziyarət edən turistlərin sarayın divarlarındakı əl işləri, rəngli şüşələrdən hazırlanmış şəbəkələrinə heyran olduqları vurğulanır. Xan Sarayının mismar və yapışqandan istifadə edilmədən inşa edildiyi diqqətə çatdırılır.
Qrupun 200 il öncə Azərbaycana köç edərək burada özlərinə məskən salmış almanların yaşadığı Helenendorfa, indiki Göygölə səfər etdiyi bildirilir. İlk növbədə burada yaşamış almanların qəbirlərini ziyarət edən turistlərin şəhərdəki alman evangelik kilsəsinə baş çəkdikləri, buradakı muzeylə tanış olduqları, şəhərdə yaşamış sonuncu alman – Viktor Klaynın ev-muzeyində olduqları diqqətə çatdırılır. Qrupun Azərbaycanın tarixi Gəncə şəhərinə gələrək Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etməsi barədə məlumat verilir. Turistlərin Gəncədən sonra Göyçaya oradan da Bakı şəhərinə yollandıqları qeyd olunur.
Azərbaycana səyahətin sonuncu gününü Bakı şəhərində keçirən almaniyalı turistlərin Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdikləri qeyd olunur. Muzeydə XIV əsrə və bürünc dövrünə aid olan, keramika və metaldan hazırlanmış on mindən çox tarixi eksponatın, XVII-X əsrlərə aid xalçaların nümayiş olunduğu diqqətə çatdırılır. Muzeyin birinci mərtəbəsində gözəl suvenirlər əldə etməyin mümkün olduğu vurğulanır.
Səyahətin sonuncu günü turistlərin Heydər Əliyev Hava Limanına gələrək, heç bir problemlə üzləşmədən qısa zaman kəsiyində qeydiyyatdan keçdikləri və rahat şəkildə Almaniyaya qayıtdıqları qeyd olunur. Ölkəmizin, onun tarixi yerlərinin, milli təamlarının turistlərdə unudulmaz təəssüratlar buraxdığı nəzərə çatdırılır.
Məlumatın sonunda alman turistlərin Azərbaycana səfər zamanı çəkdikləri ölkəmizin şəhərlərini, tarixi abidələrini, Bakı şəhərindəki qədim və müasir tikililəri, ölkəmizin milli mətbəxini və adət-ənənələrini əks etdirən fotoşəkillər yerləşdirilib.
Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialının təbliği və tanıdılması istiqamətində hər kəsdən dəstək gözləyir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanın turizm brendi “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edir.
Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqə onlayn səsvermə əsasında aparılır.
Oktyabrın 25-dək davam edəcək müsabiqədə səs çoxluğu ilə qalib gələcək film və ya videoçarx Avstriyanın Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək. 140 ölkənin qatıldığı müsabiqədə seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mübarizə aparır.
Hirkan Milli Parkında bir neçə yeni marşrutlar açılacaq.
REAL xəbər verir ki, bunu Parkın direktoru Azər Mirzəyev “Azərbaycanın Milli parklarında ekoturizm fəaliyyəti” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.
O bildirib ki, Amerika, Norveç və bir neçə xarici ölkələrdən gələn əcnəbi turistlər daha çox bəbirləri görmək üçün gəlirlər: “Təbii ki, bəbirlərin olduğu yerlərə çıxa bilməsələr də, müəyyən hissəyə qədər iki günlük marşrut xətti ilə həmin ərazilərə yaxın çıxırlar. Onlara sayını 25-ə qədər artırdığımız foto tələlər vasitəsilə son bir ildə çəkilən şəkillərlə sübut edirik ki, parkda mühafizə sisteminə tam əməl olunur. Bəbirlərin yem bazası çoxalmaqdadır və onların sayı 4-dən 6-ya qədər artıb. Hazırda park ərazisində 12-ci marşrut xəttinin açılması üzərinə iş gedir. Bu Kəklik- turac marşrutu adlanacaq. Məqsəd turistləri Züvand və Rvarod dövlət yasaqlığında yüksəkliyində quraşdırılacaq müşahidə qülləsində binokol vasitəsilə kəklik və turacların necə uçmasının canlı şahidi olmaqlarını təmin etməkdir. Son 3 ayda parka gələcək turistlərin sayında artım gözlənilir. Buna səbəb payız fəsli ilə əlaqədar dəmir ağacının qızılı rəngə boyanmasıdır”.
“Hazırda parkda “Sağlam həyat” marşrutunun layihələndirilməsi üzərində işlənilir. Bu marşrut 2.4 km məsafədən ibarətdir. Məqsəd parka gələn turistləri və ətrafda yaşayan kənd insanlarınının maşınlarını parkın sərhədində saxlamaqla 2 manat ödəniş edib bileti almaqla həmin marşrutu piyada gəzə bilərlər. Həmin müddətdə də parkın ərazisində olan və Qırmızı kitaba düşən təbiət nümunələri ilə tanış ola biləcəklər”- deyə rəsmi bildirib.
?”Alma Bayramı? Oktyabr ayında keçiriləcək bu möhtəşəm tədbirdə iştirak etmək istəyənlər Qeydiyyat ola bilər! ?Festivala qeydiyyat başlamışdır. ?Turun Qiyməti: 22 AZN ?Tarix :7 Oktyabr ? Qiymətə daxildir : ?Komfortlu nəqliyyat ?Səhər Yeməyi (Restoranda) ?Çay süfrəsi ?Limitsiz Fotosessiya ? Tur Rəhbəri ?Yol boyu əyləncəli oyunlar və hədiyyələr ?Musiqi ? Diskoteka
Ekskursiyalar : ? Festivalda İştirak ?Qəçrəş meşəsi ?Çənlibel gölü
Qeyd: Nahar əlavə 12 AZN. Qeyd: 10+1 kompaniyası davam edir. Qeyd: 5 yaşadək 1 uşaq pulsuz (avtobusda yer verilməzsə) Qeyd: Tur zamanı spirtli içkilərdən istifadə qəti qadağandır.
Toplaşma: 06:30-07:00 (Gənclik m/s Stadion tərəfə çıxış) Geri dönüş: 22:00 Bakıya çatma vaxtı
Şahdağ Milli Parkında turistlər üçün artıq 50-yə yaxın cığır salınıb. Bu il ərzində daha iki cığır salınacaq.
Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə ekodəhlizlərin yaradılması layihəsi çərçivəsində əməkdaşlıq edən Regional Ekoloji Mərkəzinin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova deyib.
Onun sözlərinə görə, hazırda bu işlər Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində aparılır.
M.Şükürova qeyd edib ki, Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq: “Ekodəhlizlərin yaradılması sahəsində ETSN ilə birlikdə 2 ilə yaxındır işlər aparılır. Bu ilin may-iyul ayına kimi bu proqrama icmaları da dəvət etdik. İcmalara təlimlər keçirildi. Onlarla birlikdə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlandı. Həmin proqram tərkibində ekocığırların inkişafı komponenti də var idi. Bizim layihənin əsas funksiyası infrastrukturların salınmasıdır. Hazırda mütəxəssislər yerində işləyir. Bununla bağlı işlər davam edir. Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da həyata keçirəcəyik”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə ekoturizmin inkişafı üçün milli parklarla bağlı milli proqram hazırlayacaq.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə “Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycanın milli parklarının bioloji baxımdan potensialı çox olsa da, buraya səfər edən turistlərin sayı o qədər də qənaətbəxş deyil: “Buna görə də ölkədəki milli parkların inkişafı üzrə milli proqram hazırlanacaq. Milli parklara səfər edənlərin sayını artırmaq yollarını fikirləşmək, bu sahədəki boşluqları müəyyən etmək lazımdır. Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Bu ilin ilk 8 ayında isə milli parklara 74 217 turist səfər edib”.
H.Əlizadə qeyd edib ki, bu il milli parklara səfər edənlərin 7286-sı əcnəbi, 66 931-i yerli vətəndaşlar olub.
Nazirlik rəsmisi hesab edir ki, ekoturizmi inkişaf etdirməklə həm ölkəmizi daha çox tanıda, həm də ölkənin gəlirlərini artıra bilərik.