AZƏRTAC “tourister.ru” saytına istinadla dünyanın müxtəlif ölkələrinin bazarlarında satılan qeyri-adi meyvələrlə tanışlığı davam etdirir.
Magik meyvə
Bu əcaib giləmeyvənin digər adı şirintəhər puteriyadır və o, tamamilə haqlı olaraq ekzotik meyvə adlanır. Əslində, puteriyanın dadı heç nə ilə fərqlənmir. Sadəcə, bu giləmeyvəni yeyən adam bir saat ərzində nə yeyirsə-yesin, ona elə gəlir ki, dadı şirindir. Məsələ bundadır ki, magik giləmeyvənin tərkibindəki xüsusi zülal – mirakulin dad reseptorlarını aldadır. Həqiqətən şirin olan məhsullar isə adama dadsız gəlir.
Puteriyanın dadına Qərbi Afrika, Puerto-Riko, Tayvan, Yaponiya, Avstraliya və Cənubi Floridada (ABŞ) baxmaq olar. Onun mövsümü ilboyu davam edir.
Tamarind
Tamarind, yaxud Hindistan xurması paxlalar fəsiləsinə aid olsa da, meyvə kimi də yeyilir. 11 santimetrə qədər uzunluğunda olan qəhvəyi rəngli bu meyvənin turşaşirin dadı var. Ondan ədva kimi də istifadə olunur. Tamarind qəlyanaltı, desert və müxtəlif içkilərin hazırlanmasında istifadə olunan məşhur Vuster sousunun tərkibinə daxildir. Tamarind qurusundan şirniyyat hazırlanır. Turistlər Hindistan xurması əsasında hazırlanmış ət yeməkləri üçün sous və kokteyllər üçün siropları alıb özləri ilə vətənə aparırlar.
Bu meyvəni Tailand, Avstraliya, Sudan, Kamerun, Oman, Kolumbiya, Venesuela və Kanadada yemək olar. Onun mövsümü oktyabr ayından fevral ayına qədərdir.
Marula
Təzə marulanı ancaq Afrika qitəsində görmək olar, çünki yetişən kimi qıcqırmağa başlayır. Yetişmiş marula sarı rəngində olur və gavalını xatırladır. Ətli hissəsi ağ rəngdə, çəyirdəyi bərkdir. Qıcqırmamışdan əvvəl xoş ətirli və turşməzə olur.
Bu meyvənin dadına Cənubi Afrikada, o cümlədən Mavriki, Madaqaskar, Zimbabve və Botsvanada baxmaq olar. Mövsümü mart ayından başlayır.
Sitron
Bu meyvə sedrat və Korsika limonu da adlanır. Uzunsov meyvə, demək olar, qabıqdan ibarətdir. Dadına görə limonu, ətrinə görə bənövşəni xatırladır. Bu meyvədən yalnız kompot, jele və sukatların hazırlanmasında istifadə etmək olar. Korsika limonunu çox vaxt dekorativ bitki kimi dibçəkdə əkirlər.
Onu Çin, Yaponiya, Malayziya, İndoneziya, Tailand, Vyetnam və Hindistan bazarlarında görmək olar. Mövsümü oktyabr ayından dekabr ayınadəkdir.
Pepino
Pepinonu şirin xiyar, qovun armudu da adlandırırlar. Formal olaraq giləmeyvə olsa da, çox iridir. Meyvələrinin ölçü, forma və rəngi müxtəlifdir, bəziləri qırmızı və ya bənövşəyi cizgiləri olan tünd sarı rəngindədir. Ətli hissəsinin dadı qovun, balqabaq və xiyarı xatırladır. Yetişməmiş pepino nə qədər dadsızdırsa, yetişib ötmüş pepino da eynən onun qədər dadsızdır.
Bu meyvənin dadına Peru, Çili, Yeni Zelandiya, Türkiyə, Misir və İndoneziyada baxmaq olar. Onun mövsümü ilboyu davam edir.
Mameya
Başqa adı sapotadır. Dəyirmi formalı kiçik meyvəsi var. Ətli hissəsi narıncı rəngindədir. Ərik dadı verir. Onu piroq və tortlara əlavə edir, konservləşdirir, yetişməmiş meyvələrindən jele hazırlayırlar.
Bu meyvənin dadına Kolumbiya, Meksika, Ekvador, Venesuela, Antil adalarında, habelə ABŞ-ın Florida ştatı və Havay adalarında, Cənub Şərqi Asiyada baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayına qədər davam edir.
Narahilla
Bu meyvəni narahilya, lulo, And dağlarının qızıl meyvəsi də adlandırırlar. Görkəminə görə tüklü pomidora bənzəyir, dadına görə ananas və çiyələyi xatırladır. Onun şirəsindən və ətindən meyvə salatları, dondurma, yoğurt, biskvit, şirin sous və kokteyllərin hazırlanmasında istifadə olunur.
Dadına Venesuala, Panama, Ekvador, Kosta-Rika və Çilidə baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayınadək davam edir.
Xama alması
Digər adları annona, quanabana və qravioladır. Planetimizdə bitən ən böyük tropik meyvələrdən biridir. Bir meyvənin çəkisi 7 kiloqrama çata bilər. Forması oval və ya ürəkşəkilli, yumşaq tikanlarla örtülmüş qabığı sərtdir. Kremvari-ağ rəngində olan əti xoş turşməzə dadı olan limonadı xatırladır. Kokteyl, şirə, püre, şərbət və dondurmanın hazırlanmasında istifadə olunur. Qara rəngli toxumları zəhərlidir.
Dadına Bermud və Baham adalarında, Meksika, Peru və Argentinada baxmaq olar. Mövsümü ilboyu davam edir.
Noni
Hindistan tutu, pendirli meyvə, donuz alması da adlandırılır. Kartof və ya iri gavalı boyda olan bu meyvənin qabığı yarımşəffafdır. Noni yetişən zaman onun yaşıl rəngi sarımtıl ağ rəngə çevrilir. Onun kəskin ətri, acı dadı var. Buna görə də bəzən onu “qusdurucu meyvə” adlandırırlar. Xalq arasında nonini xəstəliklərin yarısının dərmanı adlandırırlar. Bəziləri onu ən faydalı ekzotik meyvə hesab edirlər.
Bu meyvəyə Malayziya, Polineziya, Avstraliya, Cənub Şərqi Asiyada təsadüf etmək olar. Mövsümü isə ilboyu davam edir.
Jabotikaba
Bu meyvə cabotikaba, Braziliya üzüm ağacı da adlandırılır. Üzüm gilələrinə və ya qarağata bənzəyən meyvələri salxım şəklində ağacın gövdəsində və əsas budaqlarında bitir. Qabığı acıdır. Onun ətindən şirə, jele və marmelad hazırlayırlar.
Bu meyvənin dadına Brazilya, Paraqvay, Boliviya, Argentina, Uruqvay, Panama, Peru, Kolumbiya, Kuba və Filippində baxmaq olar. Mövsümü aprel ayından oktyabrın sonunadək davam edir.
Kuruba
Yaşıl rəngində yetişməmiş meyvələri iri xiyarı xatırladır. Yetişəndə tünd sarı rəngdə olur. Narıncı-qəhvəyi rəngli, xırda tumları olan əti turşməzə və ətirlidir. Kuruba susuzluğu çox yaxşı yatırır. Onun ətindən şirə, mürəbbə, jele və müxtəlif salatlar hazırlanır.
Bu meyvə Boliviya, Uruqvay, Argentina, Ekvador, Peru, Hindistan və Yeni Zelandiyada bitir. Mövsümü ilboyudur, lakin Hindistan və Yeni Zelandiyada mart ayından noyabr ayınadək davam edir.
Kupuasu
Şirəli və ətirli kupuasu meyvələri formasına görə qovunu xatırladır. Onun uzunluğu 25 santimetrə, eni 12 santimetrə çatır. Qırmızımtıl qəhvəyi rəngli qabığı bir qədər sərtdir. Ətli hissəsi ağ rəngdədir. Dadı turşaşirindir. Toxumları beş yuvada yerləşir. Onu təzə olanda yeyirlər, şirə, yoğurt, cem, konfet və şokoladın hazırlanmasında istifadə edirlər. Özü qopub yerə düşən kupuasu ən dadlı kupuasu hesab olunur.
Bu meyvəni Braziliya, Kolumbiya, Venesula, Ekvador, Meksika və Peruda dadmaq olar. Mövsümü ilboyudur.
Maranq
Maranqın meyvələri uzunsovdur, tikanlı qalın qabığı meyvə yetişdikcə sərtləşir. İçərisindəki toxumlu ağ dilimlər yetərincə iridir. Bir dilim ovucun üçdəbir hissəsi boydadır. İnsanlar onun dadını birmənalı şəkildə təsvir edə bilmirlər. Bəzilərinin fikrincə, maranq vafli stəkanda plombiri xatırladır, bəziləri onu pastilaya bənzədir, digərləri ümumiyyətlə bənzərlik tapmaqda acizlik çəkirlər. Maranqı ixrac etmək mümkün deyil, çünki dərhal xarab olur. Onu dərən kimi yeyirlər. Maranqdan desert və kokteyllərin hazırlanmasında istifadə olunur. Toxumlarını ya qızardır, ya da qaynadırlar.
Bu meyvəni Filippin, Bruney, Malayziya, Borneo adası və Avstraliyada görmək olar. Mövsümü avqustdan aprelin sonunadək davam edir.
Tailand meyvələri
Bu ölkədə ilboyu meyvə satılır. Hərçənd mövsümü olmayanda manqostin meyvəsi tapılmır, ananas isə iki dəfə baha olur. Meyvəni bazarlardan, köşklərdən, səyyar satıcılarından almaq olar.
Vyetnam dünya bazarının ən iri meyvə təhcizatçılarından biridir. O, bu sahədə hətta Tailandla ciddi rəqabət apara bilər. Vyetnamın cənubunda meyvə daha boldur. Mövsümü olmayan ekzotik meyvələrin qiyməti 2-3 dəfə bahalaşa bilər.
Bu ölkədə avokado, ananas, qarpız, banan, quava, cekfrut, durian, qovun, ulduzlu alma, yaşıl portağal, karambola, kokos, liçi, lonqan, manqo, manqostin, narıngi, marakuya, südlü alma, mombin, noyna, papaya, pitahaya, rambutan, çəhrayı alma, sapodilla, tanjerin, sitron kimi meyvələr geniş yayılıb.
Hindistan meyvələri
Hindistan bir neçə iqlim qurşağında yerləşir. Bu da istər tropik, istərsə də mülayim (yüksək dağlıq) qurşaqlar üçün səciyyəvi olan meyvələrin yetişməsinə əlverişli şərait yaradır. Dükanlarda yaxşı tanıdığımız alma, şaftalı və üzümlə yanaşı, kokos, papaya və sapadilla kimi meyvələri görmək olar.
Hindistanda avokado, ananas, anonna (çerimoya), qarpız, banan, quava, cekfrut, əncir, karambola, manqo, narıngi, marakuya, papaya, sapodilla, tamarind kimi meyvələr geniş yayılıb.
Misir meyvələri
Misirdə meyvə ildə iki dəfə – yazda və payızda yığılır. Buna görə də bu ölkədə meyvə “mövsümü” ilboyu davam edir. Sadəcə, “qış” meyvələrinin qurtarmaq və “yay” meyvələrinin yetişmək üzrə olduğu erkən yaz və “yay” meyvələrinin qurtarmaq , “qış” meyvələrinin yetişmək üzrə olduğu erkən payız mövsümündə bir qədər qıtlıq hiss olunur.
Misirdən fərqli olaraq, Kubada meyvə mövsümləri daha qabarıq ifadə olunub. Burada ilboyu ananas, portağal, banan, quava və papaya almaq olar. Ən dadlı manqo iyul-avqust aylarında olur. Mamonçillo, çerimoya, karambola və avokado mövsümü yayda, kakos, qarpız, qreypfrut mövsümü yazda start götürür. Burada avokado, ananas, annona, portağal, banan, Barbados albalısı, qreypfrut, quava, kaymito, karambola, kokos, laym, limon, mamonçillo, manqo, marakuya, papaya, sapodilla, tamarind və çerimoya geniş yayılıb.
Dominikan meyvələri
Tropik Dominikanda meyvə çeşidləri olduqca çoxdur. Burada adi banan və ananasdan tutmuş qranadilla, mamonçillo və sapotaya qədər cürbəcür ekzotik meyvələrə təsadüf olunur.
Ölkə ərazisində avokado, ananas, qarpız, banan, qreypfrut, nar, quanabana, qovun, kaymito, kivi, kokos, mamonçillo, mamon, manqo, marakuya, dəniz üzümü, muşmula, noni, papaya, sapota, pitahaya geniş yayılıb.
İtaliyanın Sardiniya adasında istirahət edən fransızları suvenir məqsədilə çimərlikdən qum götürdüklərinə görə altı il həbs cəzası gözləyir.
Bu barədə “Independent” yazır.
Cütlük avtomobilin yük yerində gizlədilən və ümumilikdə 40 kq çəkisi olan 14 plastik butulka ilə saxlanılıb. Onlar Sardiniyanın cənubunda, Kia çimərliyində qum yığarkən bu əməlin cinayət olduğunu bilmədiklərini deyiblər.
Güman edilir ki, fransızlar Porto-Torresdən Fransanın Tulon şəhərinə yollanan gəmiyə minməyi planlaşdırıblar, lakin polis onlara imkan verməyib. İndi isə turistlər ictimai istifadə predmetlərinin oğurluğuna görə altı il azadlıqdan məhrum edilə bilərlər.
Qeyd edək ki, İtaliya adasının ağ çimərlikləri yerli hökumət tərəfindən qorunur. Bəzi turistlər onlayn satış məqsədilə buradan qum oğurlayır ki, bu da qanunsuz hesab edilir.
Sardiniyanın ekoloqu Pyerluici Kokkonun sözlərinə görə, adanın əsas görməli yerlərindən olan çimərliklər qum oğurlayan turistlərə görə Yer üzündən silinə bilər.
““Relax Hotel and Resort” mehmanxanası Vizəzəmin bələdiyyəyəsinə külli miqdarda borcu var”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Belediyye.info-ya açıqlamasında Lerik rayonu Vizəzəmin bələdiyyəsinin sədri İradə Haşımova bildirib.
Sədrin sözlərinə, otel sahiblərinə sonuncu dəfə rəsmi müraciətimiz may ayında olub:
“Heç gəlişimizə və müraciətimizə diqqətdə yetirmədilər. Çox etinasız şəklidə məktubumuzu qəbul etdilər.
Bizim əməkdaşlarımızın hesablamalarına görə, gün ərzində daxil olan vətəndaşların sayı 120-150 nəfər arası dəyişir. Belə ortalama götürülsə və 120 manatdan hesablasaq, ay ərzində 3600 manat, il ərzində isə 43200 manat edir. Demək otel sahibləri il ərzində ən azı bu rəqəmi bələdiyyənin büdcəsinə ödəməli idilər, lakin ödəməyiblər.
Qeyd edək ki, ən müasir üslubda inşa edilən otel kompleksi bütün il boyu fəaliyyətdədir. Fəaliyyət göstərdiyi müddətdə bir qəpikdə olsa maliyyə vəsaitini bələdiyyəyə köçürməyib.
Əlavə edək ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır, hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir.
Sədrin sözlərinə görə, bələdiyyənin büdcəsi əsasən əmlak vergisi, torpaq vergisi və icarə haqqlarıdan formalaşır. Bugün bələdiyyənin DSMF-yə borc yoxdur. İldə isə 2400 manat dotasiya verilib.
Xatırladaq ki, Vizəzəmin bələdiyyəsi Almu, Bibiyani, Cəngənəvud, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Peştətük, Sipyəreqon, Sivəkəran, Təbrizli və Vizəzəmin kəndlərin əhatə edir, əhalisinin sayı isə 5 min nəfərə çatır.
Uzun müddətdir NASA-da təlim keçən və kosmosa uçacaq ilk pakistanlı olacaq xanım Namirə Səlim bildirib ki, kosmos diplomatiyası dünyaya sülh gətirəcək. AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, pakistanlı astronavt bunun səbəbini belə izah edib: “Mən dünya vətəndaşıyam, eyni zamanda özümü ulduzlarda yaşayan insan kimi hiss edirəm. Kosmosda müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar Yer kürəsinə baxaraq anlayırlar ki, planetimiz hamının ortaq vətənidir və onun üzərində sülh və əmin-amanlıq şəraitində yaşamaq mümkündür. Oradan baxanda görürsən ki, bütün sərhədlər götürülüb”.
Kosmosa uçacaq ilk pakistanlı olacağını qeyd edən Namirə Səlim qeyd edib ki, tezliklə kosmik turizmin də başlanacağı yeni dövrdə insanlar sülhün və planetimizin qorunmasının zəruriliyini daha yaxşı anlayacaq. NASA-da təlimdən əvvəl Şimal və Cənub qütblərində ekspedisiyalarda da iştirak etmiş astronavt xanım Everest dağının zirvəsinə də qalxıb. “İndi növbədə ulduzlardır. Uşaqlıq illərində həmişə onlara toxunmaq, Aya uçmaq istəmişəm” deyib. Namirə, britaniyalı maqnat Riçard Brensonun ilk kommersiya kosmik layneri – “Virgin Galactic”də kosmosa uçacağı günü gözləyir. O əlavə edib: “yaşadığımız dünyada siyasətçilər, cinayətkarlıq və sosial media insanların həyat ritmini pozub və dünyanı fəlakətli bir yerə çevirib. Düşünürəm ki, gələcəkdə insanların kütləvi şəkildə kosmosa səyahət etməsi daha xoşbəxt bir həyatın əsasını qoya bilər. Bizim övladlarımız daha rahat və əmin-aman dünyada yaşaya bilərlər”. Namirə ümid edir ki, onun nəvələri kosmosda konsertlərin, cərrahiyyə əməliyyatlarının, konfransların keçirilməsini görə biləcəklər.
Namirə Səlim “Space Trust” qeyri-hökumət təşkilatının üzvü olan və 2011-ci ildə Pakistan hökumətinin “Tamğa-e-İmtiaz” mükafatına layiq görülüb. NASA-da təlim keçdiyi vaxt “”Məni Aya qədər izlə” mahnısını da bəstələyib.
Türkiyə üzərindən yeni hava dəhlizinin açılması muxtar respublikanın turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcək
Naxçıvan, 22 avqust, AZƏRTAC
Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan Beynəlxalq Hava Limanını da əhatə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük və sərnişindaşıma tələbatının ödənilməsinə, şərait yaradacaq. Eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsi mümkün olacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin təşkilatçılığı ilə muxtar respublikanın hava nəqliyyatında nümunəvi xidmətin təşkili ilə bağlı keçirilən tədbirdə ətraflı danışılıb.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov tədbirdə çıxış edib. Bu gün Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşlar dünyada istismar olunan müasirtipli hava gəmiləri vasitəsilə yerinə yetirilir. Hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən, avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb. Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcək. Beynəlxalq reyslər həyata keçirilərkən vaxta və yanacağa qənaət olunacaq”. Arif Məmmədov vurğulayıb ki, bütün bunlarla yanaşı, Türkiyə üzərindən yeni hava dəhlizinin açılması gələcəkdə yeni beynəlxalq reyslərin təşkilinə töhfə verəcəkdir.
Sonra Azərbaycan Respublikası mülki aviasiyasının inkişafında uzunmüddətli məhsuldar fəaliyyətinə görə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli mülki aviasiya sahəsinin fəxri “Şərəf nişanı” və pul mükafatı ilə təltif edilib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti İlham Əmirov və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif MəmmədovMənşur Gülməmmədlini bu münasibətlə təbrik ediblər. Ona fəaliyyətində uğurlar arzulayıblar.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Qəbələyə və Qusara dəmiryolu xətləri çəkir. Bu işlərin görülməsi üçün 2018-ci ilin dekabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamla “Azərbaycan Dəmir Yolları”na 2018-ci il dövlət büdcəsindən 30 milyon manat ayrılıb.
Quba və Qəbələyə çəkilən dəmir yol xətti ilə bağlı son vəziyyət nədən ibarətdir?
Görülən işlər haqqında danışarkən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirmişdi: “Turist axınının artmasını nəzərə alaraq biz çalışacağıq ki, gələn il Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir”.
Onun sözlərinə görə, yeni yol Qəbələ Beynəlxalq Hava Limanına qədər uzanacaq: “Aeroporta qədər 57 km-lik dəmir yolu çəkiləcək“.
C.Qurbanov qeyd edib ki, artıq Ləki stansiyasından başlayan 43 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işlərinin tam başa çatdırılması nəzərdə tutulub: “Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq və Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 – 3 saata rahat vaqonlarla qət edəcəklər“.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a bildirilib ki, yeni dəmir yolu xətti Ləki stansiyasından sağ tərəfə çıxmaqla, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər olacaq. 43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü , 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 10,7 km dəmir yolu xətti çəkilib. Eyni zamanda 4 ədəd yeraltı keçidin tikintisi tamamlanıb, iki yeraltı keçiddə isə işlər başa çatmaq üzrədir. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri görülür. Əlavə 3 kanalüstü körpüdə tirlər, düzülüb. Tirlərin üzərindəki beton tava quraşdırılmışdır. Əlavə bir neçə keçid və körpüdə svayların vurulması prosesi başa çatıb, kənar və orta dayaqları quraşdırılıb. Bu günə kimi 97 suötürücü qurğunun tikintisi başa çatıb, digərlərində işlər davam edir. Hazırda torpaq yatağının işlənməsi prosesi davam etdirilir. Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerləri var. Ləki-Qəbələ dəmir yolu xəttinin təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür.
Dəmir yolu
Bundan başqa, hazırda Xaçmaz rayonu istiqamətində də dəmir yolu xətti təmir olunur. Xudat stansiyasından Şahdağa qədər olacaq yolun layihələndirmə işləri aparılır. Bakı-Yalama dəmir yolunun əsaslı təmiri üçün tender elan olunub. Bakı-Yalama dəmir yolunun rekonstruksiyası işlərinə 2019-cu il ərzində başlanması nəzərdə tutulur. Əsaslı təmirin iki il müddətinə başa çatması planlaşdırılır. Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik. “Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı istirahət mərkəzləri yeraltı tunellə dəmir yolu şəbəkəsinə qoşulması istiqamətində araşdırma işləri aparılır”, – QSC-dən bildirilib.
Qeyd olunub ki, yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Turizm üzrə ekspert Ruslan Quliyev
“Dəmir yolu nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir, çünki digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur”.
Qatar turizmi Avropada və digər inkişaf etmiş ölkələrdə böyük inkişaf yolu keçib. Turizm üzrə ekspert Ruslan Quliyev hesab edir ki, nəqliyyatın bu növü günümüzün böyük tələbidir: “Qatar turizminin inkişaf etdirilməsinə böyük ehtiyac var. Büdcəli bir turizm növüdür və bu gün Azərbaycan üçün çox aktual turizm növlərindən biri hesab etmək olar. Bu nəqliyyat vasitəsi həm də məktəblilər və gənclər üçün geniş imkanlar yaradır. Dəmir yolu nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir, çünki digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur. Qatarla səyahət edən turistlər ətrafdakı mənzərəni daha rahat seyr edə bilir. Həmçinin getdikləri yerə daha rahat çatma baxımından, nəqliyyatın bu növü daha sərfəlidir”.
R.Quliyev qeyd edib ki, Qusara və Qəbələyə çəkiləcək dəmir yolları nəinki daxili turizmi, həmçinin beynəlxalq turizmin inkişafına da töhfəsini verəcək: “Həmin yerlərə qatar fəaliyyət göstərdikdən sonra ölkəyə gələn turistlərin sayı artacaq”.
O vurğulayıb ki, həmin ərazilərə qatarla getmək reallaşandan sonra bu, kütləvi turizmədə təsir edəcək: “Turist axınını qoruyub saxlamaq üçün Qəbələ və Qusarda digər amillərə də diqqət yetirilməlidir. Turistlərin vaxtlarının daha səmərəli təşkili üçün əlavə xidmətlərin reallaşmasına böyük bir ehtiyac var. Ekskursiya agentliklərinin marşrut üzrə sayı artırılmalıdır. Gənclərə və yeniyetmələr üçün kütləvi tədbirlər təşkil edilməlidir. Maraqlı idman infrastrukturunun yaradılması, ekoloji marşrutların daha da çeşidlənməsi bu bölgələrdə turistlərin daha çox qalması üçün çox əhəmiyyətlidir”.
dəmir yolu
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov
“Qəbələ və Qusara dəmir yolu xətlərinin çəkilməsi bu bölgələrin turizm imkanlarını genişləndirməklə bərabər, iqtisadi inkişafını da sürətləndirəcək”.
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov qeyd edib ki, Qəbələ, Quba və Qusar infrastruktur baxımından turistlərin üz tutduqları yerlər sırada ön sıralarda dayanır: “Bu regionlar turistlər arasında prioritet sırada dayanır. Xüsusəndə ərəblər arasında bu bölgələr çox məşhurdur. Qəbələ və Qusara dəmir yolu xətlərinin çəkilməsi ora gedən yolun məsafəsinin və səfər müddətinin azalmasına gətirib çıxaracaq. Bu da bölgələrin turizm imkanlarını genişləndirməklə bərabər, iqtisadi inkişafını da sürətləndirəcək”.
Onun sözlərinə görə, Qəbələ və Qusarda turistlər üçün daha çox əyləncəli tipli tədbirlər təşkil edilməlidir: “Qəbələdə yetərincə mehmanxana var, amma Quba-Qusarda onların sayının artırılması çox önəmlidir. Ölkədə turistlərin daha çox qalmasını istəyiriksə geniş proqramlar tərtib edilməlidir. Turizm elə bir sahədir ki, daim yeniliklər olmalıdır. Biz bu istiqamətdə çalışmalıyıq. Turizm qeyri-neft sahəsinin ən prioritet sahələrindən biridir. Artıq rəqabət artıb və bu rəqabətə uyğunlaşmaq lazımdır”.
İqtisadçı-ekspert Rəşad Həsənov
“Azərbaycanda turizm vergisinin 60%-ni Qəbələ və Qusar ödəyir“.
İqtisadçı-ekspert Rəşad Həsənov da hesab edir ki, turizm infrastrukturunun ən vacib hissəsi nəqliyyatdır: “Hazırda Qəbələ və Qusar turizm bölgələri kimi ölkə üçün əhəmiyyətlidir. Azərbaycanda turizm sahəsindən dövlət büdcəsinə ödənilən verginin 60%-i Qəbələ və Qusarın hesabına həyata keçirilir. Bu isə turizmin iqtisadiyyatın nə qədər əhəmiyyətli bir hissəsi olduğunu göstərir. Bu istiqamətdə nəqliyyatın inkişaf etdirilməsi önəmlidir. Dünya təcrübəsində dəmir yolu kimi daha bahalı bir infrastruktur uzaq məsafələrə aid bölgələri birləşdirmək üçün istifadə edilir. Burda bir halqa formalaşdırılır. Bu təcrübəyə əsasən sözügedən dəmir yolları Qusarla, Qəbələ ilə yekunlaşmamalıdır. Bunun ardı gəlməlidir. Azərbaycanın digər bölgələrini -Oğuz, Şəki, Balakən, Qax bölgələrini birləşdirə bilər. Burda halqa formalaşdırmaq mümkün ola bilər. Qusara yarım saata çatdırılma, yaxud da Qəbələyə 40 dəqiqəyə çatdırılma mümkün olsa bu, insanların daha çox diqqətini çəkə bilər”.
Ekspert vurğulayıb ki, dəmir yolunun istifadəsi ilə gələcəkdə müştəri bazası formalaşa bilər.
Qəbələ və Qusara dəmir yolu xəttinin çəkilişi ölkə üçün mühüm yenilik olacaq. Çünki, həmin qatarların fəaliyyətə başlaması ilə sözügedən ərazilərə gediş-gəliş daha əlçatan olacaq. Həmçinin, turizm bölgəsi olmasını nəzərə alaraq həmin bölgənin əhalisinin sosial rifahının daha da yaxşılanmasına səbəb olacaq.
Cari ilin iyulunda Yaponiyaya gələn əcnəbi turistlərin sayı artaraq rekord həddə çatsa da, iki ölkə arasında yaşanan gərginliyə görə Koreya Respublikasından gələnlərin sayı kəskin azalıb.
Yaponiya Milli Turizm Agentliyinə istinadla xəbər verir ki, ötən ay Yaponiyanı 2 milyon 991 min 200 əcnəbi turist ziyarət edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 5,6 faiz çoxdur.
Hesabat dövründə Çindən gələn turistlərin sayı 19,5 faiz artaraq 1 milyon 50 min 500 nəfər təşkil edib. Bununla yanaşı, Cənubi koreyalı turistlərin sayı 561 min 700 nəfər olub ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 7,6 faiz azdır. Eyni zamanda, bu, bütün böyük ölkələrdən və regionlardan turist axınının ən kəskin azalmasıdır.
Koreya Respublikasından Yaponiyaya gələnlər ümumi turist axınının təqribən dörddəbirini təşkil edirlər. Bununla iki ölkə arasındakı münasibətlərdə davam edən gərginliyin Yaponiya turizm sənayesinə böyük zərbə vuracağı təhlükəsi yaranır.
Şamaxı rayonunda Şirvanşahlar dövrünə aid Gülüstan qalasının (IX-XII əsrlər) divarları dağılma təhlükəsi altındadır. Tarixi abidəyə heç bir qurum nəzarət etmədiyi üçün Böyük Xınıslı kəndinin bir qrup sakini Gülüstan qalasının daşlarını oğurlayır.
İddia olunur ki, baxımsız vəziyyətdə qalan qala divarlarının daşları sakinlər tərəfindən oğurlanaraq tövlə tikintisi üçün istifadə edilir.
Məsələni araşdırmaq üçün müvafiq qurumlarla əlaqə saxladıq.
Oxu.Az-a danışan Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib ki, bir neçə ilə əvvəl bu məsələni qaldırmalarına baxmayaraq, problem hələ də həll olunmayıb:
“İndiyə kimi bu məsələ araşdırılmayıb. Praktiki olaraq belə məsələlərlə bilavəstə Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi məşğul olur”.
Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini Nəcəf Müseyibli də bu məsələyə Mədəniyyət və Turizm Nazirliyinin nəzarət etdiyini deyib:
“Abidələrin mühafizəsi ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məşğul olur. Siz onlara müraciət edin. Bizə nazirlik tərəfindən hər hansı abidənin vəziyyəti barədə müraciət olunanda nümayəndəmiz həmin əraziyə gedib vəziyyətini dəyərləndirir. Proses başa çatdıqdan sonra nazirliyə arayış verilir. Ümumiyyətlə, nazirlik demədən biz araşdırma apara bilmərik”.
Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəm Əliyev isə onlarda bu məsələ ilə bağlı hər hansı məlumatı olmadığını vurğulayıb:
“Bu barədə məlumatım yoxdur. Bizdə bu işə baxan arxeoloq var. Məlumatı dəqiqləşdirdikdən sonra açıqlama verəcəyik“.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Fariz Hüseynov məzuniyyətdə olduğu üçün məsələdən xəbərsiz olduğunu bildirib:
“Hazırda məzuniyyətdəyəm. Məsələni dəqiqləşdirdikdən sonra sizə bununla bağlı nəsə deyə bilərəm”.
Yalnız qorxaq səyahətçi ekzotik ölkələrə səfər edərkən və xarici forması, qoxusu və adı tanış olmayan hər hansı meyvəni dadmaqdan imtina edər. Alma, portağal kimi ənənəvi meyvələrə alışmış turistlər manqostin, durian və salak kimi ekzotik meyvələri yeməkdə tərəddüd edirlər. Amma məhz bu ekzotik kəşflər sizin bütün səyahətinizin ən yaddaqalan səhifələrindən biri olacaq.A
Durian
Durian meyvələri düzgün olmayan dairəvi şəkildədir və çox iti iynələri var. Qabığının altında isə unikal dadı olan ləti var. “Meyvələrin kralı” adlanan bu nemətdən kəskin ammonium qoxusu gəlir. Bu qoxu o qədər kəskindir ki, həmin meyvəni təyyarədə daşımaq və ya otel nömrələrinə aparmaq qadağandır. Bununla bağlı, otellərin girişində müvafiq xəbərdarlıq lövhəsi və plakatlar da asılır. Tailandın bu ən kəskin qoxulu və ekzotik meyvəsi vitaminlərlə və qidalandırıcı maddələrlə zəngindir.
Bu meyvəni sərbəst şəkildə, xüsusən mövsümdən kənar seçməyə cəhd göstərməyin. Bunun üçün satıcıya müraciət edin. O, meyvəni doğrayacaq və onu şəffaf paketə qoyacaq. Yaxud durianı super-marketdə qablaşdırılmış şəkildə də ala bilərsiniz.
Meyvəni yeməzdən əvvəl içərisindəki ləti barmağınızla yüngülcə əzin. O, kərə yağı kimi yumşaq olacaq və xoşagəlməz qoxunu hiss etməyəcəksiniz. Durianın ləti orqanizmə güc verir. Taylar hesab edirlər ki, durian bədəni də isidir. Məşhur Tailand atalar sözündə deyilir ki, onun istisi yalnız manqostinin verdiyi sərinliklə müqayisə edilə bilər. Bu meyvəni Tailand, Filippin, Vyetnam, Malayziya, Kamboca kimi regionun ekzotik ölkələrində dadmaq olar.
Manqostin
Bu meyvəni, həmçinin manqostan da adlandırırlar. Qalın bənövşəyi qabığı və dairəvi iynəli yarpaqları olan manqostin qabığı soyulmuş portağalın dadını verir və turşməzədir. Onun daxilində altı və daha çox dilim var. Dilimlərin sayı çox olduğunda toxumlar da azalır. Manqostini düzgün seçmək üçün ən bənövşəyi rəngli meyvəni götürür və onu yavaşca sıxırlar. Qabığı sərt olmamalıdır. Əgər meyvənin qabığı müxtəlif yerlərdə kələ-kötür olursa, o zaman onu yetişmiş hesab etmək olar. Manqostini soymaq üçün bıçaq və ya barmaqla qabığında deşik açırlar. Dilimləri əlinizlə götürməyə cəhd etməyin. Çünki onlar o qədər kövrəkdir ki, barmaqlarınız arasında əzilə bilər. Amma bu meyvəni daşımaq çox da çətin deyil.
Manqostinin dadına Myanma, Tailand, Vyetnam, Kamboca, Malayziya, Hindistan, Filippin, Şri-Lanka, Kolumbiya, Panama və Kosta-Rikada baxmaq olar. Onun mövsümü isə aprelin ortalarından oktyabrın ortalarına qədərdir.
Cekfrut
Bu meyvənin digər adı hind çörək ağacı, kanundur. Sarı-yaşıl qabığın altında tikanlı qalın meyvəsi olan cekfrutun şirin dadı və düşes armudunun ətrinə bənzər qəribə qoxusu var. Onun senqmentləri bir-birindən ayrı şəkildə paketlərdə satılır. İçərisindəki yumşaq hissəni təzə olduğunda yeyir, yetişməmiş tərəfini isə bişirlər. Cekfrutu digər meyvələrlə birlikdə dondurmaya və kokos südünə əlavə edirlər. Onun toxumlarını isə bişirilmiş halda yeyirlər.
Bu meyvəni Filippin, Tailand, Vyetnam, Malayziya, Kamboca və Sinqapurda yemək olar. Onun mövsümü isə regionlardan asılı olaraq yanvardan avqusta qədərdir.
Liçi
Bu meyvənin digər adı litçi, yaxud Çin gavalısıdır. Ürəkşəkilli və ya dairəvi meyvənin salxımlı barı var. Onun parlaq qırmızı qabığının altında şəffaf, sulu və şirin lət gizlənir. Mövsümlərarası dövrdə Asiya ölkələrində bu tropik meyvəni konservləşdirilmiş şəkildə və plastik paketlərdə satırlar.
Liçinin dadına Tailand, Kamboca, İndoneziya, Avstraliya və Çində baxmaq olar. Meyvənin mövsümü isə maydan iyula qədərdir.
Manqo
Tropik ölkələrin ən populyar meyvələrindən biri də manqodur. Onun iri, yumurtaya bənzər və ya şarşəkilli formaları var. Meyvənin içərisi sarı və narıncıdır, həmçinin sulu və şirindir. Manqonun qoxusu ərik, qızılgül, qovun, limonun ətrini verir. Onun kal vəziyyətdə yığılan yaşıl meyvələrini qidaya əlavə edir, duz və bibərlə yeyirlər. Meyvəni iti bıçaqla təmizləmək daha rahatdır.
Manqonu Filippin, Hindistan, Tailand, İndoneziya, Myanma, Vyetnam, Çin, Pakistan, Meksika, Braziliya və Kubada yemək olar. Onun mövsümü isə ilboyudur. Tailandda manqonun ən çox bar verdiyi aylar martdan mayadək, Vyetnamda yanvardan mayadək, İndoneziyada isə sentyabrdan dekabra qədərdir.
Papayya
Sarı-yaşıl qabığı olan bu iri meyvənin silindrik forması var və onun barı 20 santimetr uzunluqdadır. O, dadına görə qovunla balqabağı daha çox xatırladır. Yetişmiş papayya parlaq narıncı rəngə malikdir və içərisində çox yumşaq ləti var. Bu meyvə qida həzminə kömək edir. Yetişməmiş papayyanın isə acılı tay salatına əlavə edirlər, qızardırlar və yaxud pörtlədilmiş ətə vururlar.
Bu meyvəni Hindistan, Tailand, Şri-Lanka, Bali, İndoneziya, Filippin, Meksika, Braziliya və Kolumbiyada yemək olar. Onun mövsümü isə ilboyu davam edir.
Lonqan
Bu meyvənin digər adları lam-yay, yaxud “əjdaha gözü”dür. Dairəvi və çəhrayı rəngdə olan lonqan zahirən kiçik kartofa bənzəyir. O, çox dadlı və sulu olmaqla bərabər, həm də çoxlu kaloriyə malikdir. Qabığını soymaq asandır və onun altındakı parlaq ağ və ya çəhrayı lət yumşaq jeleni xatırladır. Meyvənin ortasında böyük qara dənəsi var. Lonqan sağlamlıq üçün çox faydalıdır. Lakin onu həddindən artıq yemək olmaq. Çünki bu meyvə bədəninin hərarətini artırır.
Lonqanın dadına Tailand, Vyetnam, Kamboca və Çində baxmaq olar. Onun mövsümü isə iyunun ortalarından sentyabra qədərdir.
Rambutan
Rambutan ən məşhur tropik meyvələrdən biridir və daha “tüklü” olması ilə fərqlənir. Onun qırmızı qabığının altında çox ləzzətli və yarımşəffaf dilimləri var. Meyvəni yemək üçün onun ən mərkəz hissəsindəki ləti çıxarmalısınız. Rambutanı həm təzə dərilmiş, həm də şəkərlə konservləşdirilmiş halda yeyirlər. Onun bişirilməmiş toxumları zəhərlidir. Qızartdıqda isə onlar zərərsiz olur. Meyvəni seçdikdə rənginə diqqət etmək lazımdır: daha çəhrayı rəngdə olanlar çox yetişmiş sayılır.
Rambutanın dadına Malayziya, Tailand, İndoneziya, Filippin, Hindistan, Kolumbiyanın bir hissəsi, Ekvador və Kubada baxmaq olar. Onun mövsümü isə aprelin ortalarından oktyabrın ortalarına qədərdir.
Pitayya
Bu meyvənin digər adları pitahayya, lun yan, “əjdaha meyvəsi” yaxud draqonfrutdur. Pitayya Hilosereuskimilər növündə kaktuslu meyvədir. Onun görünüşü çox gözəldir: parlaq çəhrayı rəngli bu meyvə iri alma ölçüsündə və bir az uzantılı formadadır. Meyvənin qabığı yaşıl rəngli kənarları olan kələ-kötür örtüyə və iri xallara malikdir. Qabığını eynilə portağalın olduğu kimi soymaq olur, içərisində isə ağ, qırmızı və ya bənövşəyi lət və çoxlu dənələri var. Bu meyvədən kokteyllərdə daha çox istifadə edirlər.
Pitayyanı Filippin, Tailand, Vyetnam, İndoneziya, Şri-Lanka, Malayziya, Çin, Tayvan, ABŞ, Avstraliya, İsrail və Yaponiyanın bir hissəsində yemək olar. Onun mövsümü də ilboyu davam edir.
Karambola
Meyvənin digər adları “tropik ulduzlar”, starfrut və kamrakdır. Onun sarı və yaşıl meyvələri ölçüsünə və formasına görə, şirin bibəri xatırladır. Orta hissəsi isə ulduz formasında olduğu üçün karambolanı çox vaxt ulduz meyvəsi adlandırırlar. Yetişmiş meyvələri sulu, xəfif gül dadlı və şirindir. Yetişməmiş meyvələrdə isə çoxlu miqdarda C vitamini var. Salat və kokteyllərə əlavə edilən bu meyvəni təmizləmək lazım gəlmir.
Karambolanın dadına Borneo adasında, Tailandda və İndoneziyada baxmaq olar. Onun mövsümü isə ilboyu davam edir.
Pomelo
Bu meyvənin çoxlu başqa adları var – pomela, pamela, pompelmus, Çin qreypfrutu, şeddok və s. Sitrus meyvəsi böyük və içərisi ağ, çəhrayı və ya sarı olan qreypfruta bənzəyir. Lakin onun dadı daha şirindir. Bu meyvəni kulinariya və kosmetologiyada geniş tətbiq edirlər. Pomelonu aldığınız zaman qoxusuna diqqət etmək lazımdır: onun ətri nə qədər güclü və zəngin olarsa, meyvənin ləti daha təzədir.
Pomelonun dadına Malayziya, Çin, Yaponiya, Vyetnam, Hindistan, İndoneziya, Taiti adası, İsrail və ABŞ-da baxmaq olar. Onun mövsümü isə ilboyu davam edir.
Quava
Bu meyvənin digər adları quyava, quayvadır. Onun dairəvi, yaxud armudşəkilli formaları 4- 15 santimetr arasındadır. İçərisində ağ dilimləri və sarı bərk toxumları var. Bu meyvəni qabığından tutmuş toxumuna qədər yeyirlər. Yetişdiyində isə quava daha çox saralır və onu qabığı ilə birlikdə qidaya əlavə edirlər. Çünki quava həzmi asanlaşdırır və ürəyin ritmini sabitləşdirir. Yetişməmiş meyvəni isə üzərinə ədva və duz əlavə edərək yaşıl manqo kimi yeyirlər.
Quavanın dadına İndoneziya, Tailand, Vyetnam, Malayziya, Misir, Tunisdə baxmaq olar. Onun mövsümü ilboyu davam edir.
Sapodilla
Bu meyvənin digər adları sapotilla, ağac kartofu, axra, çikudur. Onun forması kivi və ya gavalıya oxşayır. Yetişmiş barı südlü karamel dadı verir. Sapodilla bir az xurmaya da bənzəyir. Ondan daha çox desert və salatların hazırlanmasında istifadə edilir. Onun yetişməmiş meyvələri isə kosmetologiya və xalq təbabətində tətbiq edilir.
Sapodillanın dadına Tailand, Vyetnam, Malayziya, Filippin, İndoneziya, Şri-Lanka, Hindistan və ABŞ-ın Havay adalarında baxmaq olar. Meyvənin mövsümü isə sentyabr-dekabr aylarıdır.
Şəkər alması
Bu, çox faydalı tutqun yaşıl rəngli meyvədir. Onun sərt və kələ-kötür qabığı altında yaşıl rəngli və ətirli dilimləri və lobya böyüklüyündə dənələr var. Şəkər almasının ətri isə azacıq iynəyarpaqlıların qoxusunu verir. Yetişmiş meyvələri bir az yumşaq, kal halda isə sərtdir. Bu meyvənin daha çox yetişmiş dilimləri isə barmaqların arasında əriyir. Bu meyvə tay dondurmasının əsasını təşkil edir.
Şəkər almasının dadına Tailand, Filippin, Vyetnam, İndoneziya, Avstraliya və Çində baxmaq olar. Onun mövsümü isə iyun-sentyabr aylarıdır.
Çompu
Meyvənin digər adları çəhrayı alma və malabar gavalısıdır. Formasına görə şirin bibəri xatırladır. Çompunun həm çəhrayı, həm də açıq yaşıl rəngli meyvələri olur. İçərisi isə ağ rəngli və qatıdır. Onu təmizləmək lazım gəlmir, çünki dənələri yoxdur. Dadı o qədər də fərqlənmir və daha çox şirinləşdirilmiş suyu xatırladır. Lakin soyuq halda bu tropik meyvəsi yaxşı sərinləşdirici xüsusiyyətə malikdir.
Çompulun dadına Hindistan, Malayziya, Tailand, Şri-Lanka və Kolumbiyada baxmaq olar. Mövsümü isə ilboyu davam edir.
Aki
Aki və ya dadlı bligiya armudşəkilli formada və qırmızı-sarı qabıqlı meyvədir. Tam yetişdikdən sonra onun qabığı parçalanır və içərisindəki kremli yumşaq hissə, habelə toxumları üzə çıxır. Bu, dünyanın ən təhlükəli ekzotik meyvəsidir. Yetişməmiş halda onun tərkibində güclü zəhər və yüksək dərəcədə toksinlər var. Akini qidaya əlavə etmək üçün onu xüsusi emal etmək lazımdır. Həmçinin meyvəni uzun müddət qaynatmalısınız. Dadına görə aki yunan qozunu xatırladır. Qərbi Afrikada onun qabığından və yetişməmiş meyvələrindən sabun hazırlayır, lətindən isə balıq tutmaq üçün istifadə edirlər.
Bu meyvənin dadına ABŞ-ın Havay adaları, Yamayka, Braziliya, Venesuela, Kolumbiya, Ekvador və Avstraliyada baxmaq olar. Onun mövsümü isə yanvardan-marta və ya iyundan-avqusta qədərdir.
Ambarella
Digər adı Sitera alması olan bu meyvəni sarı gavalı, Polineziya gavalısı, şirin mombin də adlandırırlar. Onun ovalşəkilli meyvələri qızılı rəngdə və nazik sərt qabığın altındakı dilimlərdən ibarədir. İçərisi sulu və sarıdır, dənələri isə sərt və tikanlıdır. Ambarella dadına görə daha çox ananas və manqonu xatırladır. Yetişmiş meyvələrini bişirilməmiş halda yeyirlər, həmçinin onlardan şirə, mürəbbə və marmelad hazırlayırlar. Yetişməmiş barı isə qarnir kimi supa əlavə edirlər.
Meyvənin dadına İndoneziya, Malayziya, Filippin, Fici, Avstraliya, Yamayka, Venesuela, Braziliya və Surinamda baxmaq olar.
Onun mövsümü isə iyul ayından avqusta qədərdir.
Bam-balan
“Ən doğma dad” nominasiyasının qalibi olan bam-balan meyvəsinin dadı smetanlı və ya mayonezli borşu xatırladır. Onun oval formalı meyvəsi tünd rəngdədir, qoxusu isə bir az kəskindir. İçərisini çıxarmaq üçün sadəcə qabığını soymaq kifayətdir. Bu meyvəni qarnirə də əlavə etmək olar.
Meyvənin dadına Borneo adasının Malayziya hissəsində baxmaq olar.
Salak
Meyvənin digər adı sala, salaka, rakum, “ilan meyvəsi”dir. Onun dairəvi və ovalşəkilli barı salxımlardan ibarətdir. Rəngi qırmızı və ya çəhrayıdır. Qabığı kiçik tikanlarla örtülüdür və bıçaqla asanlıqla soyulur. Meyvənin içərisində üç şirin seqment var. Onun dadı bir az turş və şirin, xurmanın və ya armudun tamına bənzəyir.
Bu meyvədən Tailand, İndoneziya və Malayziyada istifadə etmək olar. Onun mövsümü də ilboyu davam edir.
Bail
Bu meyvənin digər adı taxta alma, daş alma və ya benqal heyvasıdır. İlk olaraq sarı və çəhrayı rəngdə olan meyvə yetişdiyində boz-yaşıl rəngə çalır. Onun qabığı qoz qabığı kimi bərkdir və çəkic olmadan sındırmaq mümkün deyil. Ona görə də bazarlarda bu meyvənin ləpəsi daha çox satılır. Bailin ləpəsi sarı və seqmentlərlə bölünmüş şəkildədir. Onun təzə və yaxud qurudulmuş halda yeyirlər. Bu meyvədən çay dəmləyir və şərbət də hazırlayırlar. Bail boğazı qıcıqlandırır və qaşınma da əmələ gətirir. Bu səbəbdən onu ilk dəfə yedikdə sizə xoş gəlməyə bilər.
Bu meyvənin dadına Hindistan, Şri-Lanka, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Filippin və Tailandda baxmaq olar. Onun mövsümü isə noyabr-dekabr aylarıdır.
Kivano
Kivanonu buynuzlu qovun, Afrika xiyarı və buynuzlu xiyar da adlandırırlar. Yetişdiyində bu meyvənin qabığı sarı tikanlarla örtülür, içərisi isə tünd yaşıl rəngə boyanır. Onun yetişmiş barını təmizləmirlər və doğrayaraq qovun və qarpız kimi süfrəyə qoyurlar. Kivanonun tamı isə banan, qovun, xiyar, kivi, və avakadonun dadlarının qarışığıdır. Başqa sözlə, onu həm şirin, həm də acı yeməklərə əlavə etmək, həmçinin turşusunu qoymaq olar. Kivanonun kal meyvələrini də yemək mümkündür.
Onun dadına Afrika, Avstraliya, Yeni Zelandiya, Çili, Qvatemala, Kosta-Rika, İsrail və ABŞ-ın Kaliforniya ştatında baxmaq olar. Meyvənin mövsümü isə ilboyu davam edir.