Azərbaycan tarixində izi olan toplumlardan biri kimi Cek kəndində yaşayan ceklilərin özünəməxsus yeri var. Ceklilər Azərbaycanda yaşayan etnik toplumlardan biri kimi ölkəmizin həyatında mühüm rol oynayıb.
“Cek” toponiminin etimologiyasını hələlik tam açıqlamaq mümkün olmayıb. Ehtimal edilir ki, “Cek” sözü cek dilindəki “ciqa” sözündən yaranıb. Azərbaycan dilində “ərazi”, “məkan”, “torpaq”, “yer” deməkdir.
Cek xalqına məxsus dilin türk dillərindən xeyli fərqlənməsinə baxmayaraq, tarix boyu türk dünyasına inteqrasiyaya meylli olan ceklilər özlərini “Qafqaz türkü” hesab edir. Azərbaycanlıların tərkib hissəsi olan ceklilər özlərini “azərbaycanlı” kimi qeyd edir. Onlar digər xalqlarla, xüsusən də Azərbaycanda yaşayan milli etnik qruplarla, daha çox isə “Şahdağ qrupu” xalqları olan buduqlular, əliklilər, haputlular, xınalıqlılar, qırızlılar, yergüclülər, həmçinin qalayxudatlılarla qaynayıb-qarışıb. Çox geniş qohumluq əlaqələrinə malikdir.
Ceklilərin adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır. Onların əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olub. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar – xalça, palaz, kilim, şal, corab toxumaqla məşğul olurdu. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan “Cek xalçaları“nın mərkəzləşmiş məntəqəsi hesab olunur. “Cek xalçaları” Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir.
Cek kəndinin əlverişli coğrafi mövqeyi ceklilərdə turizm sektoruna çox böyük maraq yaradıb. Hazırda Cek kəndi Quba-Təngəaltı-Xaltan və Quba Qəçrəş-Minarə istiqamətləri ilə birlikdə rayonda turizmin inkişafının üç əsas istiqamətindən biri olan Quba-Cek-Xınalıq istiqamətinin mərkəzində yerləşir.
Əvvəlki dövrlərdə əsl səyahət, istirahət, turizm məskəni olan Cek kəndinin əhalisinin rayon mərkəzi ilə əlaqəsi payız-qış aylarında tamamilə kəsilir. Yaz-yay aylarında isə çox çətinliklə mümkün olurdu. Həmin dövrdə ceklilər nəqliyyat vasitəsi kimi hazırda Buduq və Qrızlılar üçün olduğu kimi, əsasən “QAZ-66”, “QAZ-53”, “ZİL”,”UAZ” “Niva” markalı avtomobillərdən və xüsusilə də atdan istifadə edirdi.
Cek kəndinə gedişi yaxşılaşdırmaq məqsədilə hələ 1987-ci ildə Quba-Qəçrəş-Qrızdəhnə-Xınalıq adlandırıan avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin göstərişi ilə 2006-cı il oktyabr ayının 7-də başa çatdırılıb. Ölkə prezidenti özü şəxsən 57 kilometrlik Quba-İspik-Xınalıq yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Cek kəndində təhsillə bağlı müəyyən addımlar atılıb. Belə ki, 2006-cı ilin əvvəllərində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına əsasən, Cek kəndində hələ 1928-ci ildə yaradılan məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası bərpa edilərək istifadəyə verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Xınalıq kəndində konteyner formasında olmaqla 128 nömrəlik, Əlik kəndində isə 64 nömrəlik elektron ATS-lərin quraşdırılmasını, yeni ATS-lərin keyfiyyətli işini təmin etmək üçün Söhüb və Əlik kəndləri arasında 10 km-lik, Əlik və Xınalıq kəndləri arasında 16 km-lik fiberoptik kabel xətlərinin çəkilişini, Qrız kəndində 4 ədəd, Qırızdəhnə kəndində 8 ədəd peykdən qəbul üsulu ilə telefonun verilməsini, Bostankeş yaşayış məntəqəsinə, Cek, Haput, Qalayxudat kəndlərinə telefon çəkilşini, Əlik kəndində yeni televiziya stansiyasının və FM vericisinin quraşdırılmasını, sakinlərin müraciətlərinə əsasən Xınalıq kəndində AzTV və İTV-dən başqa “Lider” TV-nin də yayımını, Xınalıq kəndində “Azərcell” mobil telefon rabitəsinin yayılmasını təmin edib. Bununla da Şahdağ platosunda yerləşən ən ucqar yaşayış məntəqələrinin sakinləri dünyanın istənilən nöqtəsi ilə telefon və internet rabitəsi yaratmaq imkanı əldə edib. Yaradılan imkanlar bu ərazilərdə, xüsusilə Cek kəndində turist qəbulunda yeni imkanlar yaradır.
Yazı “Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda mədəni müxtəliflik dəyərləri və onun turizmin inkişafında rolunun təbliği (Şahdağ milli etnik qrupu)” layihəsi çərçivəsində hazırlanıb.
Teref.az yazır ki, doğma Azərbaycanımızın ən görməli-gəzməli yerlərindən birinin, bəlkə də birincisinin Murovdağın quzeyində yerləşən Göygöl olması sirr deyil. Bu gözəl yurd yerinə “dağlar gözəli “ Göygölün tamaşasına gələnlər onun kiçik “bacısı” Maralgölə də baş çəkmək fürsətini əldən vermirlər. Di gəl, iki göl arasındakı 7 kilometrlik yolu qət etmək problemə çevrilib. Özəlliklə tur gəzintisinə çıxanlar vaxt çatışmazlığından, yaşlı və xəstə insanlar sağlamlıq imkanları yol vermədiyindən ayaqla yola çıxmaqdan imtina edirlər. Avtobusların ümidinə bel bağlayanlar isə əsl “hamam effekti” ilə üzləşirlər. Təsəvvür edin, 22 yerlik “Hyunday” avtobusları 60 -a yaxın sərnişini bir -birinin belində elə “daşıyır” ki, heç kimin cınqırı da çıxmır. Qayıdanda da basabasdan ürəyi tutanlar, nəfəsi tıncıxanlar yetərincədir. Özünü avtobusun, 14 yerlik “Qazel”in içinə dürtə bilənlər özlərini elə xoşbəxt sanırlar ki, elə bil bəy hamamına düşüblər. Belə “turist xidməti”ndən kim inciyər ? Pulu pul, minnəti də minnət. 1 manatını ver get basabasla Maralgölü gör, 1 manat ver qayıt eyni basabasla Göygölə. Görəsən, bu basabasa son qoymaq kimin üzərinə düşür? Burada qayda yaratmağı hansı qurum təmin etməlidir?
Xatırladaq ki, bu turizm obyektini daha çox xarici qonaqlar ziyarət edir, “basabas” mədəniyyətimizin hansı durumda təsəvvür edilməsi çətin olmaz. Maralgölə qalxan, kiminin 293, kiminin 363 saydığı pillələri qalxmaqdan bu “basabas mədəniyyəti”nin “hamam effekti” daha çətindir. Pillələri qalxmaq üçün 3-4 manatlıq rahat “at xidməti”ndən yararlanmaq mümkün olsa da, iki göl arasındakı yolu rahat getməyə nəqliyyat vasitəsi tapmaq mümkün deyil.
Görəsən, “ basabas effekti” turistlərdən özgə kimsəni rahatsız edirmi? Yoxsa, bu rahatsızlıqdan qazananlar var. Hər halda 15 dəqiqəyə ortalıq 80 manat gəlir az məbləğ deyil. ..
Turizm sektorunun inkişafı prioritetlər sırasındadır. Mənim qərarımla Dövlət Turizm Agentliyi yaradıldı. Məhz o məqsədlə ki, bu sahəyə daha böyük dövlət dəstəyi göstərilsin. Son illərdə turistlərin sayının artması çox müsbət haldır. …Mən bunu demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir. Çünki bu, ölkəmizə valyuta gətirir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə turizmin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər bu sahədə atılan davamlı, düşünülmüş addımlar, görülən uğurlu işlər öz real bəhrəsini verir. Görünən budur ki, Azərbaycan bu gün dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevrilir. Məlumdur ki, turizmin faydaları çoxdur. Belə ki, bu sahənin inkişafı əhalinin məşğulluğunu artırır, dövlət xəzinəsinə valyuta gətirir. Elə ölkələr var ki, gəlirlərinin böyük bir qismi məhz turizmin hesabına əldə olunur. Təqdirəlayiq haldır ki, Azərbaycanda da qeyri-neft sektorundan, o cümlədən turizmdən əldə olunan gəlirlər ilbəil artır.
Təbii ki, iş təkcə maliyyə gəlirləri, mənfəətlə bitmir. Turizm, həm də xalqımızın yüksək millli-mənəvi, əxlaqi dəyərlərinin, sivil, mədəni həyat tərzinin təbliği deməkdir. Respublikamıza ən müxtəlif ölkələrdən gələn insanlar Azərbaycan xalqının şanlı tarixi, zəngin mədəniyyəti ilə yaxından tanış olurlar. Beləcə, xalqımızın, dövlətimizin bütün dünyada dostlarının sayı artır. Xoşbəxtlikdən, Azərbaycanda turizmin inkişafı üçün imkanlar böyükdür. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii gözəllikləri, modern otel, mehmanxana şəbəkələri, müasir infrastruktur, ən başlıcası xalqımızın qonaqpərvərliyi yaxın- uzaq ölkələrdən yurdumuza gələnləri razı salır. Turistlər həm də öz təhlükəsizlikləri üçün arxayındırlar. Bilirlər ki, Azərbaycanda sabitlik hökm sürür, ictimai asayiş yüksək səviyyədə qorunur. Azərbaycan dövləti son illər bu mühüm sahənin inkişafını sürətləndirməyə çalışır və buna müvəffəq olur. Ölkəmizdə “Turizm haqqında” Qanun qəbul edilib, sahənin inkişafının prioritet istiqamətləri işlənərək hazırlanıb. Azərbaycanda Dövlət Turizm və Menecment Universiteti yaradılıb və burada yüksək peşəkar kadrlar hazırlanır. Azərbaycan dövləti bu sahədə idarəetmə mexanizmini daim təkmilləşdirir. Təsadüfi deyil ki, ötən il Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi (DTA) yaradılıb. DTA-nın əsas məqsədi dövlətin turizm siyasətini uğurla həyata keçirməkdir. Mütəxəssislər hesab edirlər ki, müstəqil icra strukturunun təşkili sahənin çevik və peşəkar idarə olunması üçün zəmin yaradır. Qeyd etmək lazımdır ki, son illər istər regionda, istərsə də daha böyük coğrafi məkanda turizm sahəsində rəqabət durmadan yüksəlir. DTA rəhbərliyi qarşıda duran vəzifələrin öhdəsindən gəlmək üçün qabaqcıl beynəlxalq təcrübədən bəhrələnməyə çalışır. Agentlikdən redaksiyamıza verilən məlumatda qeyd olunur ki, ölkəmizdə turizm strategiyasına uyğun olaraq, 2018-ci ilin sonlarında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlamışdır. Hazırda Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada açılmış nümayəndəliklər uğurla fəaliyyət göstərirlər. Bu qurumlar Azərbaycanın turizm potensialını təbliğ edir, marketinq araşdırmaları aparır, təbliğat materialları hazırlayaraq yayımlayır və s. istiqamətlər üzrə vacib işlər görürlər. Yaxın gələcəkdə belə nümayəndəliklərin sayının artırılması nəzərdə tutulub. DTA hazırda bir çox beynəlxalq təşkilatlarla, o cümlədən Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər qurumlarla turizm sahəsində sıx əlaqələr qurur. Agentliyin Avropanın aparıcı dövlətləri ilə də əlaqələri genişlənir. Bu il fevralın 20-də DTA-nın sədri Fuad Nağıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak ediblər. Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında turizm sahəsində əməkdaşlığın önəmi qeyd olunub, təcrübə mübadiləsi, inkişaf perspektivləri müzakirə edilib. F.Nağıyev Azərbaycanın yeni milli turizm brendinin beynəlxalq təqdimatının ilk dəfə Londonda keçirilən 2018-ci ilin noyabrında Dünya Səyahət Bazarı Sərgisində (“World Travel Market-2018”) təqdim olunduğunu diqqətə çatdırıb. Qeyd edək ki, 2018-ci ildə Böyük Britaniyadan Azərbaycana gələn səyahət edənlərin sayı 29399 nəfər olub.
Turizmin inkişafında bacarıqlı kadrların böyük rolu vardır. Bunu nəzərə alaraq, DTA rəhbərliyi bu yaxınlarda Şəmkir rayonunda turizm bələdçiləri üçün təlim keçirib. Tədbir Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən təşkil olunub. Belə ki, bu tədbirlərə ölkəmizdə turizm sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da cəlb olunur. Belə ki, təlim Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşdirilən “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək (SLRD)” layihəsi çərçivəsində keçirilib. “Gəncə-Qazax iqtisadi rayonunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunu əhatə edən təlimlərdə iki qrupa bölünməklə regiondan olan 30 nəfər iştirak edib. İştirakçılar üçün şərabçılıq turizmi, təbiət turizmi, gəzinti və məkan turu kimi praktiki hissə də təşkil olunub və kreativ ideyaların aşılanması məqsədilə tematik marşrutların tərtibatı istiqamətində dərslər keçirilib. Beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris olunan təlim proqramı çərçivəsində iştirakçılar “Alman irsi mədəniyyət evi”ni ziyarət edib və oradakı materiallarla tanış olublar. Sonda təlimə cəlb olunanların bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya təşkil olunub. Sonra imtahanın nəticələri açıqlanıb və uğur qazanan şəxslər Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Regional turizm bələdçisi” şəhadətnaməsi ilə təltif ediliblər. Qeyd edək ki, daha əvvəl Şəki-Zaqatala regionunu əhatə etmiş müvafiq təlimlərin ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılır. DTA rəhbərliyi Azərbaycanın bölgələrində turizmin inkişafı ilə bağlı vaxtaşırı tədbirlər keçirir. Bu il iyulun 27-də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı tədbir keçirilib. Festivalda çıxış edən RİH başcısı Ziyəddin Əliyev belə tədbirlərin rayonun milli mətbəx nümunələrinin nümayişi baxımından, ümumilkdə isə Azərbaycanda son zamanlar turizmin əsas istiqamətlərindən biri sayılan qastroturizmin inkişafı cəhətdən mühüm olduğunu bildirib. F.Nağıyev isə öz növbəsində Quba, Qusar və Xaçmaz kimi şəhərlərin yerləşdiyi şimal-şərq regionunun turistlərin ən çox üz tutduğu bölgələrdən biri sayıldığını və bu regionda xarici turistlərə təqdim etmək üçün çox sayda turizm məhsulunun olduğunu deyib. Festival çərçivəsində “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar yaradılıb. Eyni zamanda, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirilməsi üçün “Əsas səhnə” və “Əyləncə parkı” zonası quraşdırılıb. Tədbirdə milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar qonaqlara təqdim olunub. Festivalın son günü — 28 iyulda Şahdağ Quba Otelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün ustad dərsləri keçirilib. Bugünlərdə Quba rayonunda hara getsən, hansı istirahət mərkəzinə baş çəksən, orada çox sayda əcnəbi və yerli turistlərlə rastlaşmaq mümkündür. Qubanın qədim Amsar kəndinin üst tərəfində — Bəhyə dağın ətəklərindən axan Qaraçayın sol sahilində yerləşən məşhur “Cənnət bağı”nda Küveytdən həyat yoldaşı və beş övladı ilə Bakıya, oradan Qubanın bu səfalı məkanına gəlmiş Badi adlı ərəb turisti buraların gözəlliklərini o ki var tərifləyərək dedi: – Sizin Vətəniniz Azərbaycan əsl cənnətdir. Mən əvvəllər bir neçə dəfə Qəbələdə, Göygöldə olmuşam. Oralar kimi, Quba da çox gözəldir. Ən başlıcası, insanlar çox mehriban və səmimidir. Söhbətdə Amsar kənd sakini, köhnə tanışım Məmmədqulu kişi də iştirak edirdi. O, məndən onun ürək sözlərini ingilis dilinə tərcümə edərək Badiyə çatdırmağımı xahiş etdi. O dedi: –Son illər bizim Amsar kəndinə, başqa kəndlərə çoxlu sayda turist gəlir. Onların hər biri bizim üçün əziz qonaqdır. Xoş gəlib, səfa gətiriblər! Ərəb turist ağsaqqalın sözlərindən çox məmnun qaldı, bir neçə də “şükran”, “şükran” sözlərini ucadan dilə gətirdi. Məmmədqulu kişi sonra dedi ki, Azərbaycanda turizmin sürətli inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub. Turizmdən çox adam, bütün xalqımız bəhrələnir. Mənim nəvələrimdən biri də buradakı mehmanxanada çalışır, yaxşı da əməkhaqqı alır. …Bir neçə dəqiqədən sonra Badi ailəsi ilə birlikdə yaxındakı bulaqdan sərin su içməyə getdi. Dağlardan əsən sərin meh çayın səsinə qarışıb ətrafa yayılırdı.
Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalıb. Buna baxmayaraq, Vergilər Nazirliyi vergidən yayınma ehtimalı yüksək olan yerlərdə vergi nəzarəti tədbirləri həyata keçirir.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyindən daxil olan birgə məlumata görə, növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb.
Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərir. Buna baxmayaraq, 2018-ci ildə cəmi 10 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidən yayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib. Bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.
İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidən yayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.
Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.
Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib. Onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarlar təqdim edilib. Buna baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib. İstirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib. Bundan başqa, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.
Həmin faktla bağlı cinayət işi başlanıb. Təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülüb. Operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunub. Vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib.
Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib. Hadisələrin baş vermə məkanı fiksasiya olunub. Maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib. Məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib.
İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.
Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir. Qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır.
Əlavə ödənişli xidmətlərlə yanaşı, bir çox otellərdə müsafirlərin bilmədiyi pulsuz xidmətlər də mövcuddur.
YandexDzen saytına istinadla mehmanxanaların əksəriyyətində təqdim olunan pulsuz xidmətlərin siyahısını sizə təqdim edir.
1. Xidmət səviyyəsinin artırılması
Otelə daxil olduğunuzda sizə yüksək kateqoriyalı otaq verilməsi üçün əməkdaşlara müraciət etməkdən çəkinməyin. Bu cür xahişin sizə heç bir zərəri olmayacaq və müəyyən şəraitlərdə daha geniş otaq əldə edə bilər və əlavə güzəştlər, hətta hədiyyələr də qazana bilərsiniz. Yeri gəlmişkən, küncdə yerləşən otaqlar adətən sahəsinə görə daha böyük olur. Siz təəccüblənəcəksiniz ki, otel personalı xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı xahişinizə müsbət cavab verir.
Başlıca nəticə isə bundan ibarətdir ki, siz oteldə özünüzü daha rahat hiss edəcək və müəyyən bonuslar, habelə hədiyyələr əldə etməklə evdə unutduğunuz əşyalarla bağlı stress də keçirməyəcəksiniz.
2. Tikiş üçün əşyalar
Turistlər səyahət üçün özləri ilə məhdud sayda paltar götürürlər. Bu səbəbdən sizin geyiminizlə bağlı hər hansı problem, xüsusən onların korlanması əlavə problemlər yaradar və istirahətinizi korlaya bilər. Əgər düyməniz qopubsa, sadəcə qeydiyyat otağına müraciət etməyiniz kifayətdir. Orada sizə pulsuz olaraq iynə və sap verəcəklər. Artıq bir neçə dəqiqdən sonra sizi narahat edən problemdən qurtulacaqsınız. Bundan başqa, paltar təmiri üçün iynə-sap bir çox mehmanxanaların otaqlarında rəflərə qoyulur.
3. Baqajın saxlanması xidmətləri
Turistlər çox vaxt otel nömrəsini günortaya qədər boşaldır, lakin aeroporta axşama yaxın yollanırlar. Bir çoxları bu müddət ərzində şəhəri gəzir, nahar edir, boş vaxtını dəniz kənarında və ya görməli məkanlarda keçirirlər. Amma çamadanlar və digər əl yükləri onların vaxtını və fiziki gücünü alır. Otellərin bir çoxu öz müştərilərinə öz baqajlarını xüsusi saxlama otaqlarında yerləşdirməyə şərait yaradır. Əgər sizin aeroporta transferə qədər kifayət qədər vaxtınız varsa, o zaman bu xidmətlərdən istifadə etməlisiniz.
4. Xəritə
Tanımadığınız şəhərdə istədiyiniz yerləri tapmaq sizin üçün çətin olacaq. Bir çox mobil cihazlar bunun öhdəsindən yaxşı gəlir. Lakin bəzən internet olmur və bu səbəbdən istiqaməti müəyyən etmək çətinləşir. Bu səbəbdən turistlər klassik kağız xəritədən istifadə etməli olurlar. Onları otellərin resepsionunda əldə etmək olar. Bundan başqa, otel əməkdaşları da xəritəyə baxaraq sizə görməli məkanların yerlərini göstərə bilərlər.
5. Otelə transfer
Oteldə otaq sifariş etdiyinizdə sizə pulsuz transfer imkanlarını da öyrənmək məsləhət görülür. Sizin mehmanxananın ulduzları nə qədər çox olarsa, sifariş vaxtı bu xidmətdən istifadə etmək ehtimalı da daha yüksək olacaq. Pulsuz transfer vaxtınıza qənaət etmək və tanış olmayan şəhərdə mehmanxanaya necə getmək barədə sizin narahatlığınıza və əsəb gərginliyinə son qoyacaq.
6. Çətir
Turistlər çox nadir hallarda özləri ilə səyahətə çətir götürürlər. Amma turizm məkanlarının çoxunda tez-tez yağışlar yağır. Bu məsələdə heç də otellərin hamısı sizə kömək etməyəcək, amma resepsiona yaxınlaşaraq xahiş etmənizdə fayda var.
7. Şarj aləti
Bu gün hər bir turistin üzərində mobil telefon olduğunu nəzərə aldıqda, onun üçün şarj alətini unutmamaq da çox mühümdür. Təəssüf ki, səyahətdən əvvəl öz əşyalarını toplayanlar bəzən bunu unudurlar. Otellərdə, hətta üçulduzlu mehmanxanalarda resepsionlardan bu aləti xahiş edə bilərsiniz. Telefonunuzun işlək vəziyyətdə olması sizə internetə çıxış üçün də faydalı olacaq.
8. Elektrik cihazları üçün keçiricilər
Uzun məsafəyə səyahət zamanı turistlər özlərinin elektrik cihazlarının yerli rozetkalara uyğun gəlmədiyi və elektrik şəbəkəsində gərginliyin 220 Volt deyil, 110 Volt olması halları ilə rastlaşırlar. Təəssüf ki, bu cür hallarda xüsusi keçiricilər və adapterlər lazım olur. Bir sıra otellər bu cür cihazlara malikdir və onları başqa ölkələrdən gəlmiş səyahətçilərə məmnuniyyətlə təqdim edirlər.
9. Əlavə sabun və digər gigiyena vasitələri
Əlbəttə, otellərin hamısında sabun mövcuddur. Həmçinin, sizin üçün duş geli və ya saç üçün kondisioner çatışmadıqda belə, cəsarətlə resepsiona müraciət edə bilərsiniz. Yeri gəlmişkən, kiçik qablarda olan sabunlar sizə gələcək səyahətinizdə, xüsusən təyyarədə əl baqajı ilə uçduğunuz vaxt lazım ola bilər. Otellərdə digər gigiyena vasitələrini də – diş pastası, dezodorant, üz qırxan, hətta kosmetikanı da pulsuz əldə etmək olar. Bu əşyaları turistlər çox vaxt evdə unudurlar, ona görə də hər ehtimala qarşı otellər onları müsafirlərinə təklif edirlər.
10.Avtomobili otelin yaxınlığında park etmək
Bir çox səyahətçilər kirayə avtomobil götürür, yaxud otelə şəxsi nəqliyyat vasitəsi ilə gəlirlər. Bu, sərfəlidir. Çünki şəxsi avtomobilinizlə siz ətrafı daha yaxşı öyrənə, habelə turistlərin kütləvi ekskursiya etmədiyi guşələrə yollana bilərsiniz. Tez-tez avtomobili harada park etməklə bağlı problem yaranır. Adətən, otellərin yaxınlığındakı park yerləri ödənişli olur. Lakin mehmanxananın ərazisində bu xidmətdən pulsuz istifadə etmək olar. Hərçənd, bir sıra xarici ölkələrdə bu praktikadan az istifadə olunur. Amma otellərə müraciət etməklə bu problemi həll edə bilərsiniz.
Türkiyədə çimərlik tətili üçün ən yaxşı vaxt məxmər mövsümüdür ?Təmiz və sərin dəniz havası, səs-küysüz sakit çimərliklər və əyləncə növlərinin bolluğu istirahətinizi parlaq və unudulmaz edəcək! ?
Səyahət tarixi: 01.09 – 08.09.2019 Daxildir: Aviabilet; 5* oteldə 7 gecə qalma; Yemək – “Hər şey daxil”; Səyahət sığortası; Transfer.
Otellər: ?TITANIC DELUXE BELEK ?MARITIM PINE BEACH RESORT ?ALIBEY RESORT SIDE ?QUEEN’S PARK TEKIROVA ?TITANIC DELUXE BODRUM ?LA BLANCHE ISLAND ?VOGUE HOTEL BODRUM ✈
Əlavə məlumat üçün: ☎+994 12 564 60 30 ?+994 50 664 60 30 (WhatsApp+Zəng) ?+994 55 664 60 30 (WhatsApp+Zəng) ?+994 70 664 60 30 (WhatsApp+Zəng) ? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbəüz 200 nömrəli məktəbin yanı)
Azərbaycanın turizm potensialı böyük olsa da, ölkəmiz bu sahədə region ölkələrindən geri qalır.
Hətta qonşu ölkələrdə, xüsusilə Gürcüstan və Türkiyədə istirahət etməyə üstünlük verən vətəndaşlarımızın da sayı kifayət qədər çoxdur. Builki yay mövsümü üçün turizmin inkişaf tempinin də iki il əvvəllə müqayisədə aşağı olacağı gözlənilir. Qeyd edək ki, 2016-cı ildən turizmin inkişaf tempi üzrə göstəricilər geriləməyə başlayıb.
Dövlət Turizm Agentliyinin məlumatına görə, iyul ayında ölkəmizə 365 min əcnəbi qonaq gəlib ki, bu 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 10.6 faiz artım deməkdir. Cari ilin yanvar-iyul ayları ilə bağlı göstəricilərə görə, bu müddət ərzində ölkəmizi 1.8 milyon turist ziyarət edib ki, bu isə ötən ilin ilk yeddi ayı ilə müqayisədə 122 min nəfər və ya 7.4 faiz çoxdur.
Qeyd edək ki, ölkəmizdə hava yolları nəqliyyatının qiymətlərinin baha olması da, turizmin inkişafını ləngidən amillərdən biri kimi qeyd olunur. Gürcüstanla müqayisədə Azərbaycanda təyyarə biletləri ən azı 2-3 dəfə yüksəkdir. Çox güman ki, məhz bu səbəbdən də ölkəmizə gələnlər daha çox quru yollarına üstünlük verir. Məlumatlara görə, ölkəmizə gələnlərin 60,4 faizi dəmir yolu və avtomobil, 38,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
Onu da qeyd edək ki, 2023-cü ilə qədər ölkəyə gələn turist sayının 2 dəfə artırılması nəzərdə tutulur.
Hazırda turizmin inkişafının istənilən səviyyədə olmaması, bu sahədə ölkəmizin bölgə dövlətlərindən geri qalmasının səbəbi nədir? Hansı konseptual dəyişikliklər olmalıdır ki, Azərbaycanda turist sayına görə daha böyük göstəricilər əldə etsin?
İqtisadçı ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2016 və 2017-ci illərdəki turizmin inkişaf tempi ötən il və bu il müşahidə olunmayıb:
Gürcüstanın Kobuleti bölgəsindəki otellərdən birinin sahibəsi Manana Menabde bildirib ki, şəhərdəki iri otellərin və mehmanxanaların sahibləri mitinq keçirərək hakimiyyətdən kompensasiya tələb ediblər.
Virtualaz.org xəbər verir ki, Menabde bu haqda RİA Novosti-yə danışıb. Onun sözlərinə görə, otel sahibləri rusiyalı turistlərin kəskin azalmasından narazıdır və bunun günahını hakimiyyətdə görürlər.
Xatırladaq ki, Gürcüstanda baş qaldıran antirusiya aksiyalarına görə Rusiya bu ölkəyə birbaşa aviareysləri dayandırıb. Nəticədə Gürcüstana gedən rusiyalıların sayı kəskin azalıb.
Manana Menabde deyib ki, indiki Rusiya-Gürcüstan münasibətlərinə görə turizm biznesi iflas ərəfəsindədir. Onun sözlərinə görə, Kobuletiyə gələn xarici turistlərin 70 faizini rusiyalılar təşkil edirdi, qalanları isə Gürcüstanın özündən və Ermənistandan olurdu.
“Biz tələb edirik ki, hakimiyyət otel sahiblərinə banklarla bağlı situasiyada kömək etsin, çünki hamının kredit borcu var. Ya da bizə maliyyə dəstəyi versinlər”,-Menabde deyib.
O deyib ki, mitinq sadəcə xəbərdarlıq idi. Əgər hakimiyyət reaksiya verməsə onlar daha genişmiqyaslı aksiyalara başlayacaqlar.
Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var.
Bunu Trend-ə Turizm Asossiasiyasının sədrinin müşaviri Müzəffər Ağasəlimov deyib.
Onun sözlərinə görə, şərab turizminin Azərbaycanda öz tarixi ənənələri var:
“Qafqazda şərab turizmi əvvəldən mühüm rol oynayıb. Hələ SSRİ dövründə Azərbaycan şərabları, xüsusilə, şirin şərablar medallara layiq görülmüşdü. SSRİ dağılanadan sonra şərab turizmi “axsadı“. Ona görə ki, artıq üzüm ağacları, tingliklər məhv edilmişdi. Son illərdə isə şərabçılıq yenidən inkişaf etmək üzrədir. Tovuz, Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ kimi rayonlarda şərab turizmini inkişaf etdirmək üçün lazım olan müəssisələr fəaliyyət göstərir. Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları təbliğ və təşviq aparmalıdır. Şərab turizminin ənənələrini davam etdirmək, proqramlar yaratmaq, marşrutlar təşkil etmək olar. Bu sahənin geniş reklamı aparılmalıdır. Bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilməlidir”.
Turizm Asossiasiyasının sədrinin müşavirinin sözlərinə görə, şərab turizmi ilə Avropa ölkələrinin vətəndaşlarını Azərbaycana turist kimi cəlb etmək olar:
“Avropa ölkələrinin əksəriyyətində bu turizm sahəsinə marağı var. Bir sıra Asiya ölkələri də şərab turizmi çərçivəsində Azərbaycana cəlb oluna bilər. Bunun üçün həmin ölkələrdə təbliğat aparılmalıdır”.
Turizm sahəsi üzrə tanınmış mütəxəssis “Hürriyyət”ə şok açıqlamalar verdi; “İlk olaraq sərhədçilərin səriştəsizliyi…”
9 iqlim zonası və əlverişli coğrafi mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri, səfalı təbiəti, tarixi-memarlıq abidələri ilə tanınan Azərbaycanda nədən turizim inkişaf etmir? Ölkəmizdə bu sektorun inkişafına hansı amillər mane olur? Problemin həlli yolları nələrdir?
Bu və digər suallara Azərbaycanın turizm sahəsi üzrə azsaylı mütəxəssislərindən biri ilə söhbətləşdim. Müəyyən səbəblərdən həmsöhbətimin adını açıqlamasam da, onun dəyərli fikir və təklifləri ilə oxucularımızı tanış edirik:
– Xoş gördük. Uzun illərdir turizm sahəsində çalışırsınız, bu sahənin mütəxəssisisiniz. Odur ki, Azərbaycanda turizmin bu günkü durumu ilə bağlı fikrinizi öyrənmək qərarına gəldik. Belə bir deyim var: “Vətən sərhəddən başlayır”. Sizcə, ölkəmizə ayaq basan turistlərə sərhəddə münasibət necədir?
– Xoş gördük. Söz vaxtına çəkər. Ötən ilin elə bu ayı idi. Dubaydan yaxın bir dostum ailəsi ilə birgə Bakıya səfər etmişdi. Onu da deyim ki, mən 6 il Dubayda yaşayıb işləmişəm. O üzdən orda dostlarım, tanışlarım var. Bu insan da onlardan biridir. Kifayət qədər nüfuzlu və hörmətli şəxsdir, general rütbəsinin daşıyıcısıdır. Dubaydakı 4 terminaldan birinin miqrasiya şefidir.
Həmin dostum sərhəddən mənə zəng vurub bürokratik əngəllərdən şikayət etdi. Dedi ki, asan viza sistemindən istifadə etməklə özünə və ailə üzvlərinə viza açmasına baxmayaraq, saatlarla sərhəddə gözləməli olublar.
Dünyanın bir çox dövlətində, o cümlədən də geridə qalmış saydığımız ərəb ölkələrində miqrasiya ilə polis sistemi, eləcə də sərhəd xidməti dövlətin əsas sütunu olan təhlükəsizlik xidmətinə (DTK) tabedir. Çünki məlumat eyni bazaya ötürüldüyü zaman proseslərə nəzarət etmək, təhlükəsizliyi təmin etmək daha rahat olur.
Haşiyəyə çıxaraq onu da qeyd edim ki, Dubayda neftdən gələn gəlirin böyük bir hissəsi turizmin inkişafına sərf olunur, bunun sayəsində turizm sektoru çox yüksək inkişaf həddinə çatıb.
Bizim ölkəmizin sərhəd sistemi isə sovet dönəmindən qalmadır. Bu gün heç bir Avropa dövlətində, eləcə də BƏƏ-də sərhəddə sərhədçi görə bilməzsiniz. Yalnız Azərbaycan, Rusiya və səhv etmirəmsə, Ukrayna sərhəddində əcnəbi qonaqları sərhədçilər qarşılayır. Sərhədçilərin bu sahədə səriştəsizliyi isə bir çox problemlərə meydan açır. Bir misal çəkim. Bilirsiniz ki, sərhəd keçidində kamera sistemi qurulub. Dünyanın heç bir yerində ölkəyə gələn ziyarətçilərdən kameraya baxmaq rica edilmir. Sadəcə, sənə adınla müraciət olunur və sən də biixtiyar başını səs gələn tərəfə döndərirsən və həmin an kamerada görüntülənirsən. Yəni turistə yoxlanıldığı bəlli edilmir, ona hörmətlə yanaşılır. Bizdə isə bunun tam əksi baş verir. Bütün turistlərə “zəhmət olmasa, kameraya baxın”, – deyilir. Ümumiyyətlə, sərhəd keçidində yoxlamalar çox vaxt aparır, insanlar yorulur, bu da onların haqlı narazılığına səbəb olur.
Bundan əlavə, sərhədçilərimizin əksəriyyəti əcnəbi dilləri bilmir, bu da ünsiyyət problemi yaradır. Bizim sərhəddə hərbi sistem olduğuna görə düşüncə tərzi də fərqlidir.
Yenə də haqqında danışdığım ərəb dostumun üzərinə qayıtmaq istəyirəm. Ailəsi ilə birgə sərhəddi keçib oteldə yerləşdikdən sonra, nəhayət, günün sonunda onunla əlaqə saxlaya bildim, görüşdük və olayların təfsilatı ilə maraqlandım. Dostum dedi ki, mən bir də bura gəlmərəm. Özüm bu işin təşkilatçılarından, rəhbərlərindən biriyəm. Axı insanı bu qədər gözlətmək olmaz. Üzərində ştrix kod olan vizam var, həmin ştrix kodda mənimlə bağlı bütün məlumatlar qeyd olunub. Bundan əlavə, Azərbaycana səfər öncəsi miqrasiya xidmətiniz məni yoxlayıb. Hətta həmin yoxlamanın nəticələrini saxtalaşdırmış olsam belə, ştrix kodu saxtalaşdıra bilmərəm, axı.
Bəs belə olduğu halda məni, ailəmi gülərüzlə qarşılayıb ölkəyə yola salmaq əvəzinə, nə səbəbə düz saat yarım sərhəddə saxlamalı idilər? Təbii ki, gözləyən tək mən və ailəm deyildi, bizimlə birgə bütün ziyarətçilər bu üzücü prosesi yaşamalı oldu. Və deyim ki, bu çox acınacaqlı, gülünc bir vəziyyətdir.
Hava limanımızda da təşkilatçılıq zəifdir. Ötən ay qızmı Türkiyəyə imtahana yola salanda gördüm ki, aeroportumuzda 4 monitordan yalnız biri işləyir. Bu isə təbii ki, çox böyük problemlərə, yubanmalara səbəb olur. Bütün bunlar isə təbii ki, ölkəmizə istirahət etmək üçün gələn insanların əhvalını pozur, Azərbaycanın beynəlxalq imicinə zərbə vurur, xalqımız haqda mənfi rəy formalaşdırır və sonucda turizmin inkişafına əngəl olur.
Bu problemi necə aradan qaldırmaq olar? Təbii ki, dünya dövlətlərinin praktikasından yararlanmaqla. Misal üçün, Dubayda və Türkiyədə yerli vətəndaşlar üçün pasport nəzarəti ayrıdır, turistlər üçün isə ayrı. Özü də hər bir ölkə üçün ayrıca monitor var, bu da prosesləri sürətləndirir və turistlərin rahatlığı pozulmur.
Bundan əlavə, gömrükdə də insanlar bürokratik əngəllərlə qarşılaşır. Halbuki, “Yaşıl Dəhliz” buraxılış sistemindən rahat keçən şəxslərin təkrar-təkrar yoxlanmasına heç bir ehtiyac yoxdu. Dünyada belə bir praktika var. Bəlli ölkələrin, misal üçün, Afrika dövlətlərinin adları qara siyahıya salınıb. Çünki orda mütəmadi olaraq qaçaq mal keçirmək cəhdləri olur. Həmin ölkələrdən olan ziyarətçilər diqqətlə yoxlanılır. Problemsiz ölkələrin vətəndaşları isə keçid prosesini daha rahat adlayır.
Bizdə isə həm yerli sakinləri, həm də qonaqları hərtərəfli yoxlayırlar. Tutaq ki, Dubaydan gələn ziyarətçilərdən biri özü ilə hədiyyə etmək üçün bir telefon, yaxud 1 cüt qulaqcıq gətirir. Turistlər üçün bu adi haldı. Odur ki, yol çantaları xüsusi canfəşanlıqla yoxlananda heyrətə gəlirlər.
Dediyim odur ki, ölkəmizə gələn əcnəbi qonaqlar ölkəmizə ilk qədəm qoyduqları zaman məyus edən əsas məsələ sərhəddəki təşkilatsızlıqdır.
– Turistlərin sərhəddən keçib gəldikləri zaman ilk qarşılaşdıqları biz, Azrəcan vətəndaşları, Bakı sakinləri olur. Əslində paytaxtımız, vətənimiz haqda təəssürat yaradan əsas amillərdən biri bizim əcnəbi vətəndaşlara göstərdiyimiz münasibət olur. Sizcə, Azərbaycanda turizmin inkişafı ilə bağlı biz vətəndaşların üzərinə hər hansı vəzifə düşürmü? Ümumiyyətlə, ölkədə, özəlliklə də paytaxtda turistlərə münasibət necədir?
– Yəqin ki, ölkəmizdəki 4 il əvvəlki vəziyyəti xatırlayırsınız. O dönəmdə bura çox az sayda turist gəldiyindən, ölkədə iqtisadi böhran yaşanırdı. Təbii ki, bu gün də iqtidasi böhran tam aradan qaldırılmayıb, amma o dövrə nisbətən daha firavan yaşayırıq. Misal üçün, “Yaşıl bazar”da bu gün çeşid-çeşid məhsullar, növbənöv ədvalar, çərəzlər satılır, hətta əlavə piştaxtalar da qurulub. Bu isə alverin yaxşı getdiyinə işarədir. Təbii ki, turistlərin bu məsələdə xüsusi rolu var. Dörd il əvvə isə bazarda çalışanlar gileylənirdi ki, alver yoxdur, vəziyyət ağırdır.
Eynilə Azərbaycana mili adət-ənələrimizə aid suvenirlər, əl xalçaları və s. də ötən illərə nisbətən daha çox və daha baha qiymətə satılır.
Amma bir məsələ var. Tutaq ki, yerli əhaliyə qutusu 20 manatdan satılan çayı əcnəbilərə 50, hətta 100 manata satırlar. Təbii ki, aldanıldıqlarını öyrənən turistlər çox məyus olurlar, vətənlərinə qayıtdıqda doğmalarına, tanışlarına bu haqda danışırlar, bu da ölkəmiz və xalqımız haqda neqativ fikir formalaşdırır, ölkəmizi ziyarət edənlərin sayı azalır, bundan həm ölkə iqtisadiyyatı, həm də birbaşa və dolayı yolla turizmdən gəlir əldə edənlərin çörəyi kəsilir.
Dəfələrlə olub ki, ərəb dostlarımız bizdən xəbərsiz Bakıya gəliblər. Dənizkənarı parkda onlara qiyməti 1 manatdan baha olmayan adi plombir dondurmanı 50 manata satıblar. Bizi tanıyan ərəb dostlarımız bütün azərbaycanlıların fırıldaqçı olmadığını anlayır, amma ölkəmizə ilk dəfə gələn, xalqımızla tanış olmayan əcnəbi qonaqlar bu mənzərədən dəhşətə gəlir və ölkəmizə yolu birdəfəlik unudur.
Rayonlarımızda vəziyyət daha bərbaddır. Ərəblərə hətta ağac kölgəsi belə pulla satılır.
Ümumiyyətlə, ölkəmizdə vətəndaşlara turizm haqda lazımi məlumat verilmir, bu sahə ilə bağlı maariflənmə yox dərəcəsindədir. Halbuki, buna xüsusi yer ayrımalıdır, treninqlər keçirilməli, televiziya proqramları hazırlanmalıdır, vətəndaşlara turizm mədəniyyəti, əcnəbi qonaqlarla ünsiyyət qaydaları aşılanmalıdır.
Təbii ki, müsbətə doğru dəyişən məqamlar da az deyil. Məsələn, iki il öncəyədək geyimi, görkəmi bizdən fərqlənən insanları görəndə onlara qəribə baxırdıq, niqablı xanımlardan, uzun saqqal saxlayan kişilərdən ehtiyat edənlər də vardı. Bu gün isə Bakı küçələrində, eləcə də Aərbaycanın müxtəlif şəhər və rayonlarında şortla gəzən, saçını müxtəlif rənglərə boyayan, eləcə də tamamilə örtülü şəxslər görəndə bunu adi hal kimi qarşılayırıq. Fikir vermisinizsə, son iki ildə yerli əhalinin geyim tərzi də nəzərə çarpacaq dərəcədə dəyişib. İdman üslubunda geyinən, klassik üslubla idman üslubunu sintez edən insanların sayı artıb, şəhərdə şortla gəzmək adi hal alıb, velosiped sürənlərin sayı artıb. Eyni zamanda xarici dil öyrənənlərin, turizm sahəsi üzrə təhsil alanların, təhsilini müxtəlif dövlətlərin təhsil ocaqlarında davam etdirənlərin sayı da xeyli artıb. Bütün bunlar təbii ki, turizmin inkişafı ilə bağlıdır.
– Biz bir çox məsələlərdə, hətta siyasi məsələlərlə bağlı da özümüzü qonşularımızla müqayisə edirik. Misal üçün, turizm sahəsində kiçik qonşumuz Gürcüstanın praktikası diqqətimizi çəkir. Gürcüstanın dövlət büdcəsinin 50 faizə yaxını turizmdən gələn vəsait hesabına formalaşır. Amma Azərbaycanda turizmdən gələn gəlirin büdcədə yeri demək olar ki, yoxdur, yəni bir faizdən də azdır. Bunun səbəblərini nədə görürsünüz?
– Gəlin yaxın tarixə nəzər salaq. 2003-cü ilədək Azərbaycanda bu günkü möhtəşəm otellərin heç biri yox idi. Bakıda sovetlər dönəmindən qalma yüngülvari təmir edilmiş, modernləşdirilmiş “Abşeron”, “İnturist”, Şəkidə “Karvansara”, Nabranda “Atlant” kimi bir neçə otel vardı.
2003-cü ildə mən Azərbaycanda turizmin inkişafına təkan vermək məqsədi ilə Moskvada uzun illər turizmlə məşğul olan dostlarla iş birliyi qurdum. Biz öz hesabımıza Azərbaycanın səfalı guşələrini, tarixi abidələrini vəsf edən rəngarəng kataloq yaratdıq. Bu kataloq maliyyəsi çox böyük oldu. Mənim üçün çox ağır idi, çünki dövlətdən heç bir yardım almırdım. Bir maşın tutdum, telekanallardan birinin operatorunu kamerası ilə birgə çəkilişlərə cəlb etdim, iki model xanım isə turist qismində çıxış etdi. Çəkilişlərə Bakıdan başladıq. Bakinin bütün otellərini, İçərişəhəri, tarixi abidələri çəkdik. Kataloqa disk də əlavə etdik. Çox gözəl, rənarəng, möhtəşəm bir kataloq ərsəyə gətirdik.
Hər ilin mart ayında Moskvada beynəlxalq turizm sərgisi keçirilir. Biz kataloqumuzu həmin sərgidə nümayiş etdirdik. Hər kəs tərəfindən çox bəyənildi. Rusiyanın turizm agentliklərinin sahibləri heyran oldular. Amma bir məsələdə ilişdik.
Məsələ ondadır ki, səviyyəli, gözəl reklam hər şey demək deyil. Turizmlə məşğul olan peşəkarlar turist kimi düşünməyi, turistlərin nə istədiyini anlamalıdırlar və işlərini buna uyğun qurmalıdırlar.
Turist nə istəyir? Turist ucuz qiymət və keyfiyyət axtarışındadır. Həmin vaxt turistlərdən biri ofisə gəlib kataloqla tanış oldu, hər şeyi bəyəndi. Hətta Tailanddan imtina edib, Bakını seçən turistlər də oldu. Amma uçuş qiyməti, oteldə qalmaq xərci həddən artıq yüksək olduğundan, turistlərin əksəriyyəti Bakıya səfərdən imtina etdi.
Qiymətlərin belə yüksək olmasının əsas səbəbi isə sağlam rəqabətin olmamasındadır. Hər kəs istədiyi qiyməti təyin edir. Çünki standartlaşdırma müəyyən olunmayıb. Deyilənə görə, bu problem tez zamanda öz həllini tapacaq. Amma hələ ki, bu sadəcə söz olaraq qalır.