Ev Blog Səhifə 183

Yaponiyanın “Dünyanın İnnovativ şəhərlərinə tur” adlı məşhur turizm jurnalı Azərbaycandan yazır

0
turizm

Azərbaycanın Yaponiyadakı səfirliyinin və GUAM təşkilatının təşəbbüsü ilə Yaponiya ictimaiyyətinin GUAM təşkilatının üzvü olan ölkələr barədə daha ətraflı məlumatlandırılması məqsədilə səfər təşkil olunub. 2019-cu il iyunun 23-dən 29-dək Yaponiya KİV-lərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri təşkil edilib.

Həmin press-tur ilə bağlı təklif 2018-ci il sentyabrın 25-də BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində GUAM+Yaponiya nazirlərinin iştirakı ilə görüş keçirilib. Yekununda qəbul olunmuş “GUAM+Yaponiya mətbuat açıqlaması”nda Yaponiya tərəfindən dəstəklənib.

Press-turda Yaponiyanın ən məşhur turizm jurnallarından biri olan “Dünyanın İnnovativ şəhərlərinə tur” (“Touring Innovative Towns of the World”) jurnalının və Kyodo News informasiya agentliyinin nümayəndələri iştirak ediblər.

Həmin səfərin yekunu olaraq, “Dünyanın İnnovativ şəhərlərinə tur” jurnalında Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr edilmiş məqalə dərc edilib.

Məqalədə Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti, təbiəti, tarixi və mətbəxi haqqında dolğun məlumatlar yer alıb. Məlumat verilib ki, Xəzər dənizinin sahillərində yerləşən Bakı şəhəri özündə həm Şərq, həm də Qərb mədəniyyətini birləşdirir. Həmçinin məqalədə Bakının görməli yerləri barədə məlumatlara da geniş yer verilib.

Azərbaycanın turizm infrastrukturu, müasir otellər şəbəkəsi, rahat yolları, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə bağlı məlumatlar da məqalədə yer alıb. Qeyd edilib ki, Yapon turistləri üçün Azərbaycana viza almaq çox rahatdır. Bunun üçün heç bir rüsum ödənilmir. Məqalədə ölkəmizə həsr edilmiş çoxsaylı fotolara da geniş yer verilib.

Sonda, yapon turistlərinə Azərbaycana səfər etmək tövsiyə edilib.

Turizm şirkətinin aldatdığı vətəndaşlar aeroportda qalıb

0
Dəniz travel

Yaxın günlərdə sosial şəbəkələrdə insanlara saxta otel və ümumilikdə tur sənədləri təqdim etməklə onları aldadan “Dəniz travel” barədə məlumat yayılıb.

Turizmplus.az xəbər verir ki, yayılan məsələni araşdırmaq üçün şirkətin rəhbəri Azadə xanımla əlaqə saxlamaq istəsək də, onun telefonuna zəng çatmayıb. Bizə verilən məlumatlara görə Azadə xanım hazırda xəstəxanadadır.

Daha sonra Azərbaycan Turizm Assosiasiyasinin icraçı direktoru Əhməd Qurbanovla əlaqə saxladıq. Əhməd bəy bu haqda təşkilata şikayət daxil olduğunu və Assosiasiyanın üzvlərinin məsələ haqqında məlumatlandırıldığını bildirdi.

Qeyd edək ki, “Summer tour” turoperatoru fevral ayından etibarən “Dəniz travel” şirkətinə sistemə giriş qadağası qoyub. Bu haqda Ayxan Allazlı məlumat verib. Onun sözlərinə görə onlar bu şirkətin saxtakarlıq etmə təhlükəsini əvvəldən seziblər. 

Azərbaycan Turizm Şirkətləri Assosiasiyasi ilə də əlaqə saxladıq. Təşkilatın mətbuat xidmətinin rəhbəri Orxan Bədəlov bu haqda heç bir şikayətin daxil olmadığını, məsələ haqqında məlumatsız olduqlarını bildirib. O, həm də, bu cür məsələlər üçün hələlik heç bir nəzarət mexanizminin olmadığını qeyd edib.

Xatırladaq ki, pulları əvvəlcədən alınan sərnişinlər aeroportda qalıblar. Onların nə otelləri, nə də aviabiletleri var.

Gürcüstana Bakıdan keçib gedən rusiyalı turistlərin sayı 85 faiz artıb

0
turist

Rusiyalılar hazırda Gürcüstana təyyarə ilə birbaşa səfər edə bilmirlər.

Buna baxmayaraq, prezident Vladimir Putinin Gürcüstana uçuşları qadağan edən fərmanından sonra rusiyalılar bu ölkəyə qatarlar, bərələr və avtomobillərlə gəlməkdə davam edirlər. Hərçənd Rusiyadan Gürcüstana gələn turistlərin sayı yay ərzində 14, 8 faiz azalıb.

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə bu ilin iyul ayında Rusiyadan Gürcüstan şəhərlərinə 108 min 214 turist gəlib. Halbuki bu rəqəm ötən ilin müvafiq dövründə 127 min nəfər idi.

Milli Turizm Administrasiyası bunu da bildirir ki, Gürcüstana dəmir yolu ilə, Bakıdan keçərək gələn rusiyalıların sayı ötən illə müqayisədə 85 faiz artıb.

Rusiyalı turistlərin 58 faizi Gürcüstana dəniz nəqliyyatı vasitəsilə gəlib. Avtomobillə səfərdən yalnız 7, 1 faiz turist istifadə edib.

Məsələn, əgər ötən il Rusiya və Gürcüstan arasında yeganə sərhəd keçidi olan Yuxarı Lars buraxılış məntəqəsindən gələn turistlərin sayı ötən il 124 min nəfər idisə, bu il onların sayı 134 minə çatıb.

Bu da xəbər verilir ki, göstərilən rəqəmlərə həm də Gürcüstandan keçərək Ermənistan və ya Türkiyəyə gedənlər də daxildir.

Bəs rusiyalı turistləri Gürcüstana çəkib gətirən nədir?

Rəyi soruşulan turistlərin 35, 8 faizi əyləncə və istirahətin əsas məqsəd olduğunu bildirir.

Rusiyalı turistlərin 21, 6 faizi Gürcüstana dostlara və qohumlara baş çəkmək məqsədilə gəldiyini bildirir.

Ən maraqlısı isə budur ki, Gürcüstana gələn rusiyalı turistlərin 3, 2 faizinin məqsədi müalicə almaqdır. Üstəlik bu da bəlli olub ki, Gürcüstan məxsusi olaraq “yeyib-içməyə” gedən rusiyalı turistlər üçün lider istiqamətdir.

Bu mənada Gürcüstandan sonra Ermənistan və İtaliya gəlir.

Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə ölkənin turizmdən gəlirləri bu ilin əvvəllərindən ÜDM-in 7, 1 faizini təşkil edib.

Rusiya ilə münasibətlər pisləşməzdən əvvəl turizmdən götürülən gəlir 578 milyon dollar idi. Bu, ötən ilin müvafiq dövründən 5 faiz çoxdur.

Bu isə o deməkdir ki, Moskva ilə Tbilisi arasında iyun-iyul aylarında yaşanmış gərginlik Gürcüstanın turizmdən əldə etdiyi gəlirləri azaltmayıb.

Bu da xəbər verilir ki, bu ilin iyulunda Gürcüstana 1 milyondan çox beynəlxalq turist gəlib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5, 8 faiz çoxdur.

Bu turistlərin arasında Gürcüstanda 24 saatdan artıq qalanların sayı 1 faiz artıb.

Bu ilin iyun-iyul aylarında Gürcüstanda baş vermiş izdihamlı anti-Rusiya etirazlarının ardınca Rusiya prezidenti Vladimir Putin Tbilisini cəzalandırmaq məqsədilə Gürcüstana bütün təyyarə reyslərini qadağan etmişdi.

Lissabon sakinləri kütləvi turizmin ekologiyaya ziyan vurmasından şikayətlənirlər

0
Lissabon

Lissabon sakinləri bu şəhərin turistlərin nəzərində populyarlığının artmasına görə ekologiyanın pisləşməsindən və təyyarələrin səsindən əziyyət çəkirlər.

Gezmeli.azDeutsche Welle” portalına istinadla xəbər verir ki, son 5 ildə Lissabona turist axını 81 faiz artıb və 2018-ci ildə 30 milyona çatıb. Bunun bir səbəbi də 2 il əvvəl yeni kruiz limanının açılması ilə bağlıdır. Bu liman hər il 300-ə yaxın nəhəng layneri qəbul edir. 2019-cu ildə bu limandan istifadə edən kruiz sərnişinlərinin sayının azı 600 min nəfər olacağı gözlənilir.

Portalda qeyd edilir ki, kruiz laynerlərindən atmosferə atılan bərk hissəciklərin və kükürd-dioksidin (SO2) həcminin artması nəticəsində Lissabon limanı bütün Avropada çirklənmə dərəcəsinə görə altıncı yeri tutur. Kruiz gəmilərindən atılan kükürd dioksidin həcmi il ərzində Portuqaliyanın bütün avtomobillərinin ətraf mühitə buraxdığı SO2 qazının həcmindən 86 faiz çoxdur. Lissabon aeroportunda da çirklənmə dərəcəsi artıb. Bundan əlavə, gecə reyslərinin sayı hədsiz çox olduğuna görə təyyarələrin səsi yerli sakinlərə əziyyət verir.

Hakimiyyət orqanları şəhər hüdudlarında ikinci aeroport tikməyi qərara alıb. İctimai müzakirə aparılmadan qəbul edilmiş bu qərar sakinlərin narazılığına səbəb olub. Yeni aeroport təbii qoruğun yanında yerləşəcək. Məmurlar bildirirlər ki, şəhərdə tikinti onun hüdudlarından kənardakı ilə müqayisədə ucuz başa gəlir.

Deutsche Welle” portalı sonda yazır: “Turizmin sürətli inkişafı Portuqaliyanın böhrandan çıxmasına kömək edib. İndi bu sahə hər il 15 milyard avrodan artıq gəlir gətirir. Buna görə də ölkənin hakimiyyət orqanları turizm bumunu dəstəkləmək üçün nə mümkündürsə edir. Onlar sakinlərin ekologiyanın pisləşməsi barədə şikayətlərinə məhəl qoymurlar”.

Şuranın maliyyə köməkliyi ilə kənd turizmin inkişafına dəstək layihəsi icra olunur

0
Kənd turizmi

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Kənd yerlərində ailə turizmin inkişafının təşviqi” layihəsini Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Quba rayonunun Xınalıq , Qrız və Girdah kəndlərində icra olunur.

Layihə 3 ay davam etdiyindən iyul və avqust aylarında Xınalıq , Qrız və Girdah kəndlərində turizm xidmət ilə məşğul olan ailələrə Dövlət Turzim Agentliyin əməkdaşı tərəfindən fərdi qaydada məlumat xarekterli seminar təşkil edilmişdir. Ailələrə kənd turizmi inkişafı ilə bağlı geniş və ətraflı məlumat verilmişdir. Bu sahədəki fərdi bacarıqlarının təkmilləşdirilməsinə dəstək olmuşdur.

Layihənin icra müddəti ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə müxtəlif hədiyyələr paylanılıb. Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Xınalıq , Qrız və Girdah kəndlərində ailə turizmi ilə məşğul olan 10 nəfər ailəyə mətbəx ləvazımatları hədiyyə olunmuşdur. Həmçinin kənd ərazisndə istirahət edən yerli və xarici turistlər arasında sorğu keçirilib. Müştəri məmnunluğunu yaxşılaşdırmaq məqsədilə sorğu keçirilib. İştirakçıların istək və təkliflərini ailə turizmi ilə məşğul olan ailələrə çatdırılmışdır. Ekspertlər tərəfindən müəyyən tövsiyələr verilmişdir.

Bakıya qarşı çıxan ölkələr var, lakin… – Politoloq

0
Bakı

Son 2 ildə bir çox iqtisadi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması ilk növbədə Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, beynəlxalq layihələr Azərbaycanın iqtisadi durumunu daha da gücləndirib:

“Rəsmi Bakı mühüm iqtisadi, mədəni, siyasi layihələrdə bəzən müxtəlif ölkələrin qeyri-adekvat siyasəti ilə qarşılaşır. Ancaq buna baxmayaraq, meqalayihələri reallaşdırmağı bacarır. Cənub Qaz Dəhlizinin reallaşdırılması o deməkdir ki, Azərbaycanın əlavə gəliri artacaq. Bu, əhalinin sosial rifahının, iqtisadi potensialın yaxşılaşmasına gətirib çıxaracaq ən əsas amillərdəndir. Sözügedən layihələr həmçinin çox böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycan məhz bunun hesabına regionda öz liderlik mövqeyini daha da gücləndirir. TANAP, Bakı-Tiflis-Qars layihəsi artıq reallaşıb və qarşıdakı ildə TAP layihəsinin həyata keçirilməsini gözləyirik”.

Politoloq bildirib ki, son illər kənd təsərrüfatı sahəsində gedən inkişaf iqtisadiyyatımıza çox müsbət təsir edir:

“Kənd təsərrüfatının müxtəlif sahələrində aparılan işlər göz önündədir. Son 2-3 il ərzində kənd təsərrüfatı, eyni zamanda qeyri-neft sektorundan əldə olunan gəlirlər artmaqdadır. Bunun da əsas səbəbi odur ki, Azərbaycan gələcəkdə təkcə enerji layihələrindən deyil, qeyri-enerji, turizm, elmi-tərəqqi sahələrindən də gəlir əldə etmək niyyətindədir. Hesab edirəm ki, bu gəlirlər ölkə iqtisadiyyatına çox müsbət təsir edəcək”.

Albaniyanın özünəməxsus cəhətləri

0
Albaniya

Çox da bahalı olmayan, fərqli simaya malik və az öyrənilmiş Albaniya qənaətcil turistlər üçün uyğun ölkədir. Adriatik və İon dənizlərinin sahillərində valehedici təbiəti, abad çimərlikləri, uzun sürən çimərlik mövsümü (mayın sonundan oktyabradək) bu məkanı populyar kurort şəhərlərinin layiqli əvəzedicisinə çevirir. Həmçinin burada otellər, qidalanma və əyləncə qiymətləri qonşu Monteneqro və Yunanıstana nisbətən xeyli ucuzdur. Azərbaycan vətəndaşlarına Albaniyaya səfər etmək üçün viza da tələb olunmur.

Albaniya turlarına nə daxildir?

Albaniyanın mənzərəli kurortları sırasında Şencin, Durres, Vlyora və Sarandanın adlarını çəkmək olar. Albaniya otellərində qidalanma daha çox səhər yeməyi və yarımpansiondan (səhər və şam yeməkləri) ibarətdir. Bu, Türkiyə və Misirdə olan “hər şey daxil” sistemini xoşlayan turistləri məyus edə bilər. Lakin bəzi yerlərdə bu qidalanma sisteminə də rast gəlinir: məsələn, Durresdəki “Onufri” otelində qumlu çimərlik və hovuzla yanaşı, həm də tam pansion sistemi və pulsuz içkilərdən istifadə edə bilərsiniz.

Hətta qidalanmanın daxil olmadığı tur götürsəniz belə, ac qalmaq ehtimalı yoxdur: kafedə nahar etmək iki nəfər üçün 10-15 avroya başa gəlir ki, bu da qonşu Monteneqrodan iki dəfə ucuzdur.

Ekskursiya proqramlarına orta əsr qəsrlərinə, autentik kəndlərə, təbiət abidələrinə səyahət daxildir. Burada seçim üçün geniş çeşid mövcuddur. Tirananın yaxınlığında qədim qalaları, muzeyləri və bazarı olan, habelə şimal-şərq tərəfində meşəli, göllü və termal bulaqlı “Kafa Ştama” milli parkı yerləşən Kruya qəsəbəsi yerləşir.

Berat UNESKO-nun sərvətidir. Bu şəhərin yaxşı qorunub saxlanılmış Osmanlı imperiyası dövründən qalan tikililəri göz oxşayır. Sarandanın ətrafındakı Mavi göz bulağı suyunun şəffaflığı və səmavi rəngdə olması səbəbindən bu cür adlandırılıb. Balkanların ən böyük Skadar gölünün yarısı isə Monteneqro ərazisində yerləşir və burada kater və ya yaxtada maraqlı səyahətə çıxmaq mümkündür.

İtaliyanın və digər Avropa ölkələrinin məşhur brendləri məhz Albaniyada istehsal edilir və qiymətləri də nisbətən ucuzdur. Bu yerlərə dünyanın bütün ölkələrindən turist axını başlamamış getsəniz, çimərliklərdə rahat istirahət edə və görməli məkanlara insan kütləsi olmadan baxa bilərsiniz.

Albaniyanın regionları və kurortları

Paytaxt Tirananı kaleydoskop şəhər adlandırmaq olar: burada koloritli Şərq memarlığı, Avropa üslubunda səliqəli tikililər, sürpriz sovet abidlərinə də rast gəlmək olar. Şəhərin əsasını türklər qoyub və ticarət yollarının kəsişməsində məscid, hamamlar, çörəkbişirmə sexləri və mağazalar tikiblər. Lakin bu yerlərdə həyat əvvəllər də qaynayıb: III-VI əsrlərə aid qədim Roma binaları və Bizans qalaları bunun sübutudur.

Hələ bu yaxınlarda Albaniyanın paytaxtı bərbad görünürdü. Kimsəsiz küçələr, məişət tullantıları yığıntıları və köhnəlmiş infrastruktura insanı məyus edirdi. Lakin XXI əsr və yenilənmə prosesi şəhəri inkişaf edən gözəl yaşıl məkana çevirdi.

Tirana 11 rayona bölünür, görməli məkanların çoxu mərkəzdə yerləşir və onların bir-birinə yaxın olması piyada gəzərək ziyarət etməyə imkan verir. Ən yaxşı otellər də bu ərazidə yerləşir, lakin, təəssüf ki, şəhərin ətrafı turizm baxımından az inkişaf edib.

Ölkənin ikinci böyük şəhəri olan Durres Adriatik dənizinin sahilində yerləşir. Burada qədim Roma amfiteatrı, məscid, hamamlar, akveduk, gözəl mozaikalara rast gəlinir. Eramızdan əvvəl 627-ci ildən başlayaraq bu şəhəri korinflilər, romalılar, bizanslılar və osmanlılar idarə ediblər. Çimərliklər limandan başlanır, Qolem rayonunda günəşin qürubunun ecazkar mənzərəsi, Çerretdə dəbdəbəli otellər və balıqçı qəsəbəsi də bu yerlərin özəllikləridir.

Çimərlikləri olan daha bir füsunkar məkanda – Vlyorada qumlu sahillər, isti və büllur kimi dəniz, iynəyarpaqlıların ətrinin hopduğu təmiz hava var. Yaxşıca istirahət etdikdən sonra yaxınlıqda yerləşən Korfu və ya İtaliyaya da yollanmaq olar. Yaxud Albaniyadan zövq almaqda davam edə bilərsiniz: İon dənizində Sarandanın sakitliyi, kiçik, mənzərəli və Bizans qalaları ilə arxeoloji qoruq olan məkan sizi valeh edəcək. Poqradtsada yerləşən Oxrid gölünün yumşaq iqlimi əsəb və nəfəs yolları xəstəliklərinin sağalmasına kömək edir. Beratın İsveçrəni xatırladan dağ havası, Qirokastraya UNESKO-nun dünya irsi statusu qazandırmış Osmanlı imperiyasından qalmış abidələr ecazkar gözəlliyə malikdir. Çox da tanınmayan ölkənin məhz bu cür sərvətləri var.

İqlim

Albaniyada Aralıq dənizi regionuna xas olan isti və quru yay və soyuq və rütubətli qış iqlimi mövcuddur. Sahillərdə iyulun orta temperaturu +28-32 dərəcə Selsi, yanvarda isə +8-10 dərəcədir. Aralıq dənizindən əsən küləklər səbəbindən isti havalar dözülməz olmur. Turizm mövsümü maydan sentyabradək davam edir, lakin istirahət üçün münasib havalar apreldə və oktyabrda da hökm sürür. Burada ilin 300 günü günəşli olur. Erkən yazda və payızın sonunda yağışlar yağır. Albaniyanın dağlarında iqlim daha sərtdir. Bu yerlərdə qışda havalar -20 dərəcəyədək düşə bilər, 1000 metrdən yüksəklikdə isə ilin böyük bir hissəsində qar olur. 

İon dənizində çimərliklərin əksəriyyəti daşlıdır, Adriatik dənizinin isə ailəvi və uşaqların istirahəti üçün münasib olan qumlu sahilləri var. Onların hamısı pulsuzdur, abadlaşdırılıb, çox da qələbəlik olmayan və mənzərəlidir.

Albaniya mətbəxi

Bu ölkədəki 400 illik Osmanlı hakimiyyəti öz izlərini qoyub. Alban mətbəxinin əsasını türk ənənələri təşkil edir. Yeni dəbə uyğunlaşdırılan, İtaliya və Yunanıstan süjetləri ilə vəhdət təşkil edən tamamilə qeyri-adi qastronomik seçim sizin xoşunuza gələcək. Şimalda balıq və tərəvəzə üstünlük verirlər, mərkəzdə ət yeməkləri, cənub regionunda isə dəniz nemətləri və bitki mənşəli ərzaq populyardır. Onların hamısına ətirli ədvalar əlavə olunur.

Aralıq dənizinin yeni favoriti

Albaniyada özünəməxsus məişət adətləri var. Albanlarda başını aşağı salmaq inkar, silkələmək isə razılıq əlamətidir. Bu cəhəti qarışdırmamaq lazımdır. Hətta bir-birini az tanıyan adamların belə yanaqdan öpüşərək salamlaşması sizi təəccübləndirməsin; bu yerlərin adəti belədir. Uşaq gördükdə valideynlərə kompliment söyləməyi də unutmayın, lakin qadınlara və qızlara kompliment söyləmək məsləhət deyil. 

Albaniya uzun illər təcrid olunmuş ölkə olub və bu səbəbdən onun zəngin mədəni irsi, mənzərəli kanyonları olan gözəl təbiəti və təmiz çimərlikləri barədə çox az adamın məlumatı var. Yerli əhali balkansayağı qonaqpərvərliyi ilə seçilir və bu, özünü doyumlu və ləziz yeməklərdə, turların münasib qiymətlərində və ölkə ilə maraqlanan hər kəsə mehriban münasibətdə göstərir.

Təsadüfi deyil ki, turizm üzrə Milli ofisin şüarı belədir: “Albaniya – Aralıq dənizinə yeni sevgi”. Bir sözlə, orada bizləri gözləyirlər və getməyə dəyər!

Turistlər Azərbaycandan özləri ilə xalça, armudu stəkan və kəlağayı aparırlar

0
xalça

Azərbaycana gələn səyyahların ən çox maraq göstərdikləri milli koloritli məhsulların siyahısında ilk üç yeri xalçalar, armudu stəkanlar və kəlağayılar tutur. Bu barədə məlumatı suvenir və digər məhsulların istehsalı ilə məşğul olan özəl firmalarla işləyən “Ailə Biznesinə Asan Dəstək” (ABAD) təşkilatı yayıb.

ABAD mütəxəssisləri turistlər arasında ən populyar məhsulların reytinqini tərtib ediblər. Təşkilatın paytaxt Bakıda və Azərbaycanın müxtəlif rayonlarında yerləşən dekorativ tətbiqi-sənət məmulatı və suvenir məhsullar satışı məntəqələrindən daxil olan məlumata əsaslanıblar. İlk onluğa neftlə çəkilən tablolar, dekupaj (dekorativ tərtibatlı suvenirlər), oyma naxışlı şahmat və mücrülər, maqnit və breloklar, şamdan və təsbehlər, araqçın və saxsı qablar da daxil olub. Lakin miniatür xalçalara, əllə naxışlanmış armudu stəkanlara və kəlağayılara alıcılar arasında daha çox tələbat var.

ABAD ən çox tələbat olan suvenir məhsulların çeşidi ilə bərabər, onun bütün ölkə ərazisində yerləşən satış mərkəzlərində müxtəlif ölkələrdən olan turistlərin fəallığını da təhlil edib. Bu siyahıda ilk üç lider sırasına Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanından turistlər daxildir. Sonra ABŞ, Küveyt, Hindistan, Türkiyə və İtaliya turistləri gəlir. Fəal alıcılar siyahısını Çin və Pakistan turistləri tamamlayırlar. Ən çox alınan məhsulların statistikası ölkədən asılı olaraq dəyişir.

ABAD-ın dekorativ-tətbiqi sənət departamentinin başçısı İradə Əmiraslanovanın sözlərinə görə, Şərq ölkələrindən gələn qonaqları ilk növbədə naxışlı armudu stəkanlar maraqlandırır, avropalılar, əsasən də italyanlar miniatür xalçaları satın alırlar. Türkiyəli qonaqlar bizim miniatürləri, xüsusən də zərrəbin altında mücrü üzərində çəkilmiş miniatürləri sevirlər. Latın Amerikası, Meksika, Argentina və Braziliyadan olan turistlər şəbəkə işləməli zərgərlik məmulatına üstünlük verirlər.

Azərbaycana gələnlər suvenir məhsullar üçün çox vaxt paytaxtda turistlərin ən çox sevdiyi İçərişəhərə yollanırlar. İçərişəhər küçələri artıq çoxdan suvenir, xalça və xalçaçılıq məhsulları, habelə milli geyim satanların sevimli məkanına çevrilib.

Bakıda “çay pulu” məcburi olub – bəs dünyada?

0
çay pulu

Restoran və kafelərin bir-birindən fərqli bəxşiş şərtləri

Yay günlərində insanlar kafe-restoranların xidmətindən digər fəsillərdə olduğundan daha çox istifadə edir. Amma Bakıda son illər yeni bir ənənə yaranıb. Bir çox kafe-restoranlarda hesab çeki gətirilən zaman bəxşiş məbləği də orada qeyd edilir. Konkret məbləğlə həm də. 1-2 manat. Əslində istehlak qanunlarına görə, bu, istehlakçının hüquqlarının pozulmasıdır. Çünki bəxşiş vermək müştərinin seçimidir, borcu yox.

Bəs dünya ölkələrində necədir?

Musavat.com bununla bağlı arayış təqdim edir:

Britaniyanın “Direct Line” sığorta şirkəti dünyanın ən məşhur şəhərlərində — Paris, Las-Veqas, Barselona, San-Paulo və İbisada araşdırmalar aparıb.

Sorğu nəticələrinə görə, çay pulunda (“çayovoy”) ən çox xəsislik edənlər fransızlar olub. Onlar çay pulu kimi ümumi hesabın sadəcə 5 faizini ofisianta verirlər. Halbuki dünya üzrə bu göstərici 11 faiz qəbul olunur.

Britaniyalılar da xəsislikdə fransızlardan geri qalmırlar. Çekdəki ümumi hesabın cəmi 7 faizi qulluq edənə ödənilir. Üçüncü yerdə isə italyanlardır.

Amerikalılar isə bu cəhətdən çox səxavətlidirlər. Onlar adətən çay puluna ümumi məbləğin 13 faizini qoyurlar. Səxavətlilikdə ikinci yerdə almanlar, üçüncü yerdə isə ruslar qərarlaşıb.

Tədqiqatçılar bildirirlər ki, son vaxtlar ümumiyyətlə çay pulu qoyanların sayı kəskin azalıb.

İtaliya – Bu ölkədə çay pulu bir o qədər yüksək deyil, cəmi 2-3 avro.

Hollandiya – Nə qədər versəniz, bircə quru təşəkkür alacaqsınız. Ümumiyyətlə, o cür ağır xidmətdən sonra çay pulu vermək ağılsızlıqdır.

Çin – Bir neçə il əvvəl ölkədə çay pulu vermək ənənəsi yox idi. İndi isə çamadan daşıyana 10 yuan (1.70 AZN), masajçıya isə 30 yuan (5,10 AZN) verilir.

İngiltərə – Çay pulu vermə ənənəsinin əsasını ingilislər 16-cı əsrdə qoyublar. Məsələn, qayıq turu rəhbərinizə 1 sterlinq (1,50 AZN) verməlisiniz.

Tailand – Ölkədə fil sürücüsünə 30 baht (1 AZN) versəniz, o çox sevinər.

ABŞ – “Çayevoy“un geniş yayıldığı ölkə buradır. Qarson, bərbər, taksi şoferinə, qısacası, xidmət sektorunda çalışan hər cür peşə sahiblərinə çay pulu vermək məcburiyyətindəsiniz. Ümumi məbləğin 10%-ni verən xəsis adlandırılır, 12%-i – “belə dəə”, 15% – məqbul, 20% – ideal.

Hindistan – İcazəsiz foto çəkmək ayıb sayılır. Çəksəniz və qarşılığında çay pulu istəyəni görsəniz, təəccüblənməyin. Bu məbləğ isə 20 rupidir (0,30-0,40 AZN)

İndoneziya – Yeməkdən sonra təqribən 20 min rupi (1,50 AZN) verməlisiniz.

Braziliya – Bu ölkədə eyni insanların xidmətindən yararlanmaq sərfəlidir. Həm çay pulunu az verəcəksiniz, həm xidmətindən razı qalacaqsınız. Çay pulu isə 5 real (1,70 AZN) təşkil edir.

İsrail – Dinlərin yarandığı ölkədə də “tip” mədəniyyəti formalaşıb. Otellərdə xidmətçilərə 5 şekel (1,20 AZN) vermək qəbul olunub.

Rusiya – Rusiyada “çayevoy” şəklində yalnız yerli valyutadan istifadə edin və pulu birbaşa işçiyə verin. Masaya qoysanız, məbləğ müəssisəyə gedəcək.

İran – İranda uzun-uzadı israrlardan sonra çay pulu götürülür. Bu isə təqribən 20 min rial (0,75 AZN) ola bilər.

Fransa – Əgər “service compris” yazısını gördünüzsə, çay pulu verməsəniz belə, sizə kimsə dodaq büzməyəcək. Ancaq versəniz, 10% nisbəti ilə təklif edin.

Yaponiya – Burada çay pulu sözü qadağandır. Heç kim sizdən “çayevoy” götürmək istəməz. Əgər çox israrlısınızsa, pulu zərfə qoyurn. Zərfdəki məbləğ isə 1000 yen (8,30 AZN) ola bilər.

ONLAR DA BİZİM KİMİ EDİR – BƏXŞİŞİ HESABA BİRBAŞA DAXİL ETMƏLƏR

Maraqlı bir məqamı da nəzərə çatdıraq ki, xarici turistlər üçün hazırlanan broşüralarda bəxşiş bəndi xüsusi yer alır. Belə ki, səyahət edəcəkləri ölkənin bütün cəhətlərinə bələd olmaq istəyən turistlər restoran, otellərdəki bəxşiş məbləğini də öyrənirlər. Bəzi ölkələrdən örnəklər. Tailandda yükdaşıyanlara, taksi sürücülərinə və mehmanxana işçilərinə bəxşişlər verilir. Bəxşiş verilən zaman işçi heyətin xidmət səviyyəsi nəzərə alınır. Əsasən, xidmətlərin hesaba daxil edilmədiyi restoranlarda hesabın 10-15%-i dəyərində bəxşiş vermək məqbul sayılır.

Birləşmiş Krallıqda isə göstərdikləri xidmətdən razı qaldığınız halda, restoran ofisiantlarına, bərbərlərə, taksi sürücülərinə 5-10 % məbləğdə kiçik bəxşiş vermək nəzakətli bir davranış hesab edilir. Məsələn, yeməyin qiyməti 30 funt sterlinq dəyərindədirsə, bəxşiş kimi 1.50-3 funt sterlinq verilir. Əgər bəxşişin “Xidmətə daxil” olduğu göstərilirsə, bəxşiş verməyə ehtiyac yoxdur.

ABŞ-da isə bəxşişi birbaşa hesaba daxil edirlər. Restoranlarda, barlarda, taksi və kazinolarda 10 – 15 % bəxşiş qoyula bilər. Nyu – Yorkda bu məbləğ 20 %- ə də çata bilər.

Türkiyədə yük daşıyana xidmət haqqından əlavə bir dollar verirlər. Restoranda isə hesabın dəyərinin üzərinə 10% əlavə edirlər ki, bu da ofisianta çatır. Amma məsələn Türk hamamında masajçıya xidmət haqqına görə 20% əlavə pul ödəyirlər. ABŞ-da restoranlarda “çay pulu” sifarişin dəyərinin 10-15%-i arasında dəyişir. Bir də ki məbləğ adətən yuvarlaqlanır.

Məsələn əgər 10%çay pulu35 dollar85 sent edirsə, onda adətən 36 dollar verilir. Otel nömrəsini də tərk edərkən adətən xadimələr üçün bir dollar saxlamaq adəti yaranmışdır.

Italyan restoranlarında menyularda qeyd olunur ki, xidmət haqqı sifarişin qiymətinə daxil edilib, ya yox. Əgər daxildirsə, onda “çay pulu saxlamğa” gərək yoxdur. Əgər menyuda belə bir qeyd yoxdursa, onda ofisiantı sifarişin dəyərinin 10%-i həcmində pul məbləği ilə mükafatlandırmaq tələb olunur. Hamısından yaxşı Çexiyadır, bu ölkədə mükafatı yalnız keyfiyyətli xidmətə görə vermək adəti hökm sürür. Bundan əlavə təkcə ofisiant və xadimələrə deyil, həm də bələdiçilərə peşəkar xidmətlərinə görə pul verilir.

BƏXŞİŞ HARDA QADAĞANDIR?

Wego turizm saytının apardığı araşdırmaya əsasən hətta bəzi ölkələrdə bu qanunla da qadağan edilib.

Bir turist olaraq getdiyiniz ölkədə xoşagəlməz halla qarşılaşmamaq üçün sizə müxtəlif ölkələrdə “çay pulu”na olan münasibətləri təqdim edirik:

Birinci başlayaq, “çay pulu”nun daim verilməsinin adi hal kimi qəbul olunduğu ölkələrdən. Bu siyahıya Kanada, Qatar, BƏƏ, Meksika, ABŞ, və Misir (taksi istisna olmaqla) yer alır. Rusiya, Avstriya, Braziliya, Niderland, Çili, CAR, İrlandiya və Türkiyədə restoranlarda həmişə “çay pulu”nu gözləyirlər. Əlbəttə, əgər bu qəbzə daxil edilməyibsə.

Böyük Britaniya, Norveç, İspaniya, Danimarka, Almaniya, Avstraliya, Çin, Finlandiya, dubay, Fici, Yunanıstan, Honq-Konq, Hindistan, İndoneziya, İtaliya, İzrail, Malyatziya, İsveç, İsveçrə, Cənubi Koreya, Sinqapur və Taylandda isə müştəri razı qaldığı halda xidmətə görə əlavə “çay pulu ödəyə bilər. Yəni bu ölkələrdə “çay pulu” vermək də, olar verməmək də.

Bəzi ölkələrdə isə “çay pulu” vermək heç də yaxşı qəbul edilmir. Yaponiya, Oman, Yəmən kimi ölkələrdə həyyat bu təhqir kimi qəbul edilir. Bu siyahıya həmçinin Fransa( burda “çay pulu” adətən qəbzə daxil edilir). Argentinada isə ümumiyyətlə “çay pulu” vermək qanunla qadağan edilib.

185 ölkədən 1,4 milyon turist gəlib

0
turizm

Azərbaycan tarixən turizm baxımdan əlverişli məkan kimi fərqlənib. Ölkəmizin Şərqlə Qərbi birləşdirən əlverişli coğrafiyada yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.

Yeni Sabah” xəbər verir ki, “Azərbaycan” qəzetinin yazdığına görə, ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turistlərin Azərbaycana səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişafı, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülüb. Onlardan biri turizmin inkişafına təkan verən böyük layihələrin həyata keçirilməsidir. Demək olar ki, respublikamızın bölgələrindəki bütün hava limanları müasir standartlar səviyyəsində yenidən inşa olunub və hər biri beynəlxalq status daşıyır. Eyni zamanda ölkəmizdə nəinki beynəlxalq əhəmiyyətli avtomobil yolları, o cümlədən rayonlararası, kəndlərarası şose yolları yenidən qurulub. Vaxtilə yolu olmayan yaşayış ünvanlarına yeni yollar çəkilib.

Azərbaycanda tamamilə yeni, beynəlxalq standartlar səviyyəsində hotel infrastrukturu formalaşıb. İndi Bakı ilə yanaşı, digər bütün şəhərlərdə, əksər rayonlarda beşulduzlu, dördulduzlu mehmanxanalar fəaliyyət göstərir. Bu gün Azərbaycana gələn hər bir xarici turist büdcəsinə uyğun istirahət məkanı seçməkdə hər hansı çətinliklə üzləşmir.

Bütün bunların nəticəsidir ki, artıq 2018-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 2,8 milyon nəfərə çatıb. Xatırladaq ki, bu, 2017-ci illə müqayisədə 153 min və ya 5,7 faiz çoxdur.

Əlbəttə, Azərbaycanın turizm imkanlarının və potensialının təbliğində, xarici turistlərin sayının dinamik artımında mühüm rol oynayan vasitələrdən biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Ölkəmiz bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bununla yanaşı, Azərbaycan mühüm siyasi, iqtisadi, idman və digər səpkili beynəlxalq tədbirlərə evsahibliyi edir. Elə bu günlərdə Bakıda start götürən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı da paytaxtımızın imicini daha da yüksəldən mühüm tədbirdir. Avropa Gənclər Yay Olimpiya Festivalı da Azərbaycanın dünyada təbliğində də mühüm rol oynayır. Bütün bunlar nəticə etibarilə ölkəmizə gələn xarici turistlərin sayının artmasına təsir göstərir.

2019-cu ilin birinci yarısının göstəriciləri ölkəmizə gələn xarici turistlərin sayının artımı baxımından kifayət qədər uğurludur. Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 milyon 410,7 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çoxdur. Ən çox xarici vətəndaş isə Rusiya Federasiyasından gəlib: 29,4 faiz. Digər gələnlərin 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi müxtəlif ölkələrin vətəndaşları olub. Gələnlərin 68 faizini kişilər, 32 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz)Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb. Bu dövrdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5 faiz artaraq 502,5 min nəfər olub. Gələn əcnəbilərin 59 faizi dəmir yolu və avtomobil, 40,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.