Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6 faiz (2018-ci ilin birinci yarısında 20,8 faiz) təşkil edib. Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faizdir. Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7 faiz) iyun ayında qeydə alınıb.
Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı artıb
Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı artıb.
2013-cü ildə Azərbaycana 2 508,9 min nəfər turist səfər edib ki, onların 2 129,5 min nəfəri istirahət məqsədilə gəlib. 2018-ci ildə isə Azərbaycana gələn 2 849,6 min nəfərin 2 605,3 mini turizm məqsədilə səfər edib.
Keçən il Azərbaycana səfər edən turistlərin 1 042,4 min nəfəri istirahət, əyləncə, 787,4 min nəfəri işgüzar , 63,1 min nəfəri müalicə, 15,3 min nəfəri dini ziyarət, 651,6 min nəfəri qohumlara, dostlara baş çəkmək məqsədilə ölkəmizə səyahət edib.
Ötən müddətdə Azərbaycana qeyd edilən bütün istiqamətlər üzrə səfər edənlərin sayı artıb.
Keçən il xarici ölkələrə 4 908,1 min nəfər Azərbaycan vətəndaşı səfər edib ki, bu say da 2013-cü illə müqayisədə çoxdur.
2013-cü ildə xarici ölkələrə gedən 4 284,7 min nəfər Azərbaycan vətəndaşının 3 306,7 min nəfərinin səfərinin məqsədi istirahət olub.
Ötən il xaricə gedən 4 096,7 min nəfər azərbaycanlı turistin 1 126,3 mininin məqsədi istirahət, əyləncə olub.
2018-ci ildə turistlərin 900,2 min nəfəri işgüzar, 288,6 min nəfəri müalicə, 245,3 min nəfəri dini ziyarət, 844,5 min nəfəri qohumlara, dostlara baş çəkmək məqsədilə xaricə səyahət edib.
Milli Yaylaq Festivalının əhəmiyyəti: ənənələrimiz tanınır, turizm inkişaf edir, multikultural dəyərlər…
Ölkəmizdə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir. İyul-avqust ayları ərzində füsunkar gözəlliyi və əsrarəngiz təbiəti ilə görənləri heyran edən Gədəbəydə milli-mədəni dəyərlərimiz təbliğ olunur.
Festivalın təşkilində əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, nadir mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarətdir.
Milli Yaylaq Festivalının keçirilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu deyən kulturoloq Aydın Xan Əbilov “Sherg.az”a bildirdi ki, təşkil olunan istənilən tədbirin kreativ biznes tərəfləri olmalıdır:
“Yəni, ölkəmizdə hansısa festival və tədbir keçiriləndə qədimilik və millilik əsas bünövrə kimi götürülür. Amma həmin tədbirlərin biznes tərəfi çox düzgün planlaşdırılır və sonra həyata keçirilir. Son zamanlar Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərin də biznes planı uğurlu qurulduğu üçün ölkəmizdə turizmin inkişafı, ümumiyyətlə, milli-mənəvi dəyərlərimizin dünyada tanınması və kreativ biznes məhsulu olaraq qazanc əldə etməyimiz mümkün oldu.
Oelçilik, nəqliyyat, logostika, infrastruktur və bura gələnlərin xərclədiyi maliyyə imkanlarını nəzərə alsaq, əlbəttə belə tədbirlərin həm daxili, həm də xarici vətəndaşlar üçün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolu böyükdür. Milli Yaylaq Festivalından qabaq Göyçayda nar, Lənkəranda limon, Qubada alma festivalı kimi tədbirlər keçirildi. Mədəniyyət Nazirliyinin xətti ilə Azərbaycanda yaşayan çoxsaylı milli etniklərin mədəniyyətləri ilə bağlı festivallar təşkil olunurdu.
O zamanlar da deyirdim ki, bu festivalların həm daxili, həm də xarici turizmin, ümumiyyətlə kreativ biznes və kulturoloji sənayenin inkişafına təsiri olmalıdır. Yoxsa biz bu tipli tədbirləri dövlət büdcəsi və yerli rayon sahibkarlarının boynuna qoyaraq keçirəcəyiksə, festivallar 1-2 dəfə baş tutandan sonra yaddan çıxacaq. Əksinə belə tədbirlər üçün dəqiq biznes planı qurulmalıdır. Həmin biznes planı daxili və xarici turizmin inkişafına, Azərbaycan mədəniyyətinin tanınmasına xidmət etməlidir”.
Kulturoloqun sözlərinə görə, Gədəbəydə keçirilən Milli Yaylaq Festivalının çox böyük əhəmiyyəti var:
“Əslində Azərbaycan- Türk etnosunun müxtəlif qolları mövcuddur. Tərəkəmələr, ayrımlar, oturaq türklərimiz, qoyunçuluqla məşğul olanlar və digər qollarımız var. Bütün bunlar Azərtbaycan-Türk etnosunun qədimliyini nümayiş etdirir.
Ona görə də belə tədbirlərin keçirilməsi Azərbaycanın multikultural dəyərlərini yaşatmaq deməkdir. Bəzən multikultural deyəndə digər millətlərin mədəniyyətlərinin inkişafını nəzərdə tuturuq. Amma Azərbaycan xalqının və etnosunun formalaşmasında və tanınmasında xüsusi önəm kəsb edən Azərbaycan türklərinin mədəniyyətləri əsasdır. Bu baxımdan da belə festivalların keçirilməsini hər zaman dəstəkləyirik.
Belə festivallar keçirilərkən nəinki milli dəyərlərimiz və mədəniyyətimiz tanınır, həmçinin vətəndaşlarımız və yerli sahibkarlarımız da bu tədbirlərdən mənfəət götürürlər”.
Turizm bölgələrinə avtobus reysləri artırılıb
Əvvəllər gündəlik beynəlxalq reyslərdə 600-700 sərnişin olurdusa, indi bu rəqəm 1200-1300-dür.
Bakıdan turizm bölgələrimizə və xarici ölkələrdəki turizm şəhərlərinə avtobus reysləri artırılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova məlumat verib. P. Məmmədova bildirib ki, Qəbələ, Quba, Qusar, Gəncə istiqamətinə sərnişin sıxlığı artdığından, bu bölgələrə reyslərin də sayı artırılıb.
Eyni zamanda, P. Məmmədova sözügedən istiqamətlərə reyslərdə avtobus sayının da sərnişin sıxlığına uyğun olaraq artırıldığını söyləyib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü əlavə edib ki, turizm bölgələrimizə sərnişin daşımada mövsüm başlayandan canlanma var. Onun sözlərinə görə, həmin bölgələrə gündəlik turizm mövsümü başlayanadək 7-8 min sərnişin daşınırdısa, bu rəqəm hazırda 12 minə yüksəlib. P.Məmmədovanın sözlərinə görə, Bakıdan bir sıra tanınmış beynəlxalq turizm mərkəzlrinə əvvəllər hər gün 1 reys sərnişin daşınırdısa, iyun ayının ortasından bu istiqamətlərdə bəzən 2-3, ehtiyac olduğu halda isə 5 avtobus hərəkət edir. Belə ki, əvvəllər gündəlik beynəlxalq reyslərdə 600-700 sərnişin olurdusa, indi bu rəqəm 1200-1300-dür.
Gələn il “BakıKart”ın yeni növü hazırlana bilər
Gələn il Bakıya səyahət edənlər üçün hazırlanmış rəsmi şəhər kartı – “BakıKart”ın (“BakuCard”) turistlər üçün nəzərdə tutulan yeni növü hazırlana bilər.
Gezmeli.az xəbər verir ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib.
R.Bağırov bildirib ki, bu kart, əslində, yeni bir kart olmayacaq. Sadəcə, bu kartı yeni bir istiqamət üzrə də istifadə etmək mümkün olacaq. “BakıKart“ın yeni növü istifadəyə verildikdə mövcud kart da istifadə ediləcək.
Mərkəz direktoru qeyd edib ki, “BakıKart” bu il aprel ayında təqdim edilib. İki ay ərzində 700-dən çox kart satılıb. Onun sözlərinə görə, turistlər daha çox 3 günlük və 1 həftəlik kartlar alırlar: “Statistikadan da görürük ki, Bakıya gələn turist minimum 3 gün, maksimum 1 həftə burada qalır. Ona görə də 1 günlük kartlar turistlər üçün çox maraq kəsb etmir”.
Niyə Nabran yox, Batumi? Kurortları müqayisə etdik
Son bir neçə ay ərzində Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayı rekord həddə çatıb. Gürcüstan Milli Turizm Agentliyinin məlumatına görə, bu ilin ikinci rübündə Azərbaycandan qonşu ölkəyə 436 min 347 səyahətçi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin ümumi sayında azərbaycanlılar 19 faiz təşkil edib. Hələ ehtimal olunur ki, qarşıdakı dövrdə bu nəticə bir qədər də yüksələcək.
Qonşu ölkəyə üz tutan turistlərin əksəriyyəti isə dincəlməyə Batumini – Qara dənizin Las-Veqası adlandırılan qaynar, rəngarəng, qədim və eyni zamanda müasir şəhəri seçirlər. Qədim yunan koloniyası Batisin adı ilə bağlı olan bu əsrarəngiz şəhər tarixi boyu gah gürcü knyazlıqlarının, gah Osmanlı imeriyasının idarəsində olub, 1921-ci ildən isə Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Keçmiş SSRİ-də doğulanlar bu gözəl liman və kurort şəhərini yaxşı tanıyırlar. Hələ sovet dövründən Acarıstanın paytaxtına minlərlə turist axışırdı. İllər keçdi, şəhər yeni həyatına qədəm qoydu, Gürcüstanın vizit kartına çevrildi. Sözsüz ki, bu məqamda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin adını çəkməmək mümkün deyil. Şəhərin füsunkar görünüşünün, turizm imicinin formalaşmasında, bir sözlə, Batuminin görkəmindəki kardinal dəyişikliklərdə onun rolunu gürcülər də etiraf edirlər. Məhz Saakaşvili iqtidarı dövründə bu şəhərin aktiv piarı Gürcüstanı dünyaya tanıtdı, Batumini ölkənin yay paytaxtına çevirdi.

Bu faktdır ki, hazırda Batumi dənizkənarı kurort şəhərinin mükəmməl nümunəsidir. Amma Qafqazda, eləcə də, Azərbaycanda təbiət baxımından Batumi ilə rəqabətə girəcək azmı yer var? Götürək elə Azərbaycanın şimal zonasını, Nabranı. Mənzərəli dağlar, relikt meşələrlə dəniz sahilinin qonşuluğu bu ərazini Azərbaycanın turizm cənnətinə çevirməyə imkan verir. Nabranda sövet dövründən qalma sanatoriyaların bir hissəsi yeni otel və istirahət mərkəzlərilə əvəzlənib. Dəniz də, meşə də, təmiz hava da burada var. Hələ axtarsaq, havası Batuminin rütubətli havasından daha yaxşı olar, dənizi də daşlıq deyil, çimərlik üçün idealdır. Bəs belə olan halda niyə biletə xərc çəkirik, avtobusla 17-20 saat yol gedirik, Nabranı deyil, Batumini seçirik?
Ucuz otellər şəhəri
Ondan başlayaq ki, turizm zonasını məşhur edən ucuz və ortabab otellərin olmasıdır. Bütün dünyada turistlər ulduzu az, qiyməti aşağı büdcəyə münasib olan gecələmək yerləri axtarırlar. Batumidə son illər bahalı otellər tikilsə də, sahil boyu, hətta birinci zonada yerləşən kifayət qədər ucuz otel, hostel və apartamentlərə rast gəlmək olar. Məsələn, dəniz kənarında yerləşən üç ulduzlu otellərdə bir nəfər üçün qiymət 40-50 manatdan başlayır. Amma daha ucuz qiymətə – bir nəfər üçün 20-25 manatdan başlayan hostellər də tapmaq mümkündür. Dəniz sahilində, birinci zonada, içərisində hər cür şəraiti olan, ailə üçün nəzərdə tutulmuş iki otaqlı apartamenti gündəlik 45-55 manata tapmaq olar. Əgər bundan da ucuz yer axtarmaq istəsək, o da mümkündür, dənizdən bir qədər aralı ərazilərdə yerləşən kirayə evlərə üz tuta bilərik.
Görünür, azərbaycanlı turistləri Nabrandan və digər yerli istirahət mərkəzlərindən qaçaq salan səbəblərdən birincisi elə qiymətlərlə bağlıdır. Nəzərə alsaq ki, Nabran turizm infrastrukturu baxımından Batumidən çox-çox geridə qalır, amma burada qiymətlər qonşu ölkənin kurort şəhərini dəfələrlə üstələyir. Məsələn, Nabranda yerləşən lüks istirahət mərkəzlərində adi günlər üçün iki nəfərlik otağın qiyməti 60 manatdan başlanır. Bayram günlərində isə bu qiymətlər lap kəllə-çarxa qalxır. Nabranda nisbətən ucuz otel və kirayə evlər tapmaq olar, lakin onların əksəriyyətində şərait və keyfiyyət çox aşağıdır.

Qiymətlərin yüksək olması təkcə dəniz sahilində nəzərə çarpmır. Dağlıq ərazidə, Quba, Şamaxı, Şabran, Xızı, Qəbələ və digər rayonlarında yerləşən otellərdə də gecələmə qiyməti xeyli bahadır: səhər yeməyi daxil bir nəfər üçün qiymət 100-150 manatdan başlayır. Ölkə ərazisində dörd nəfərlik ailə bir həftə dincəlmək istəsə, ən azı 3 min manat xərc çəkməlidir. Göründüyü kimi, bu rəqəm orta statistik azərbaycanlı ailəsinin büdcəsinə uyğun deyil. Nəticədə, ailə bu məbləğin təxminən üçdə birini xərcləməklə Gürcüstanın Qara dəniz sahillərinə səyahət edə, bir həftə istirahət edə bilər.
Qara dəniz – daşlı, kükrəyən, amma təmiz…
İstənilən kurort şəhərinin üstünlüyü günəş, dəniz və çimərliyin olmasıdır. Qara dənizin suyu Xəzərlə müqayisədə soyuq sayılsa da, burada çimərlik mövsümü may ayından başlayır, oktyabra qədər davam edir. Qara dənizə xas daşlıq çimmək üçün çətinlik törətsə də, dənizin suyu və çimərlik zonasının təmizliyinə heyran qalmamaq mümkün deyil. İstər bulvar ərazisində, istərsə də çimərlik zolağında lupa ilə axtarsan da, bir siqaret kötüyü və ya salfet tapa bilməzsən.

Xəzər çimərliklərində isə siqaret kötüyü və salfeti ən mədəni müştərilər də ata bilər. Qumun içərisindən çıxan qarpız dilimi, çürümüş pampers, ölmüş heyvan qalıqları, yemək qırıntıları və digər iştah küsdürən nəsnələr istənilən turisti Xəzərdə çimməkdən çəkindirə bilər. Elə meşə zonası da natəmizlik baxımından dənizdən geri qalmır. Nabran meşələrinin bir kilometr dərinliyində də boş içki şüşələri, sellofan torbalar görmək adi haldır.
Qiymət və xidmət
Son illər manatın kursunun zəifləməsi Gürcüstanda istirahəti azərbaycanlılar üçün bir qədər çətinləşdirib desək yanılmarıq. Lakin bununla belə, Avropanın lüks çimərliklərdə dincəlmək imkanı olmayanlar üçün Batumi ən sərfəli məkan olaraq qalır və qiymətlər istənilən halda Azərbaycandan ucuzdur. Çimərliklərdə istifadə olunan çətir və “şezlonq” üçün günlük qiymət 3 və 5 laridir (1.80-3 manat). Azərbaycanda yerli çimərliklərdə isə bu qiymətlər müvafiq olaraq 3 və 5 manatdan başlayır.
Batuminin restoran və kafelərində 4-5 il əvvəllə müqayisədə qiymət artımı gözə çarpır. Məsələn, 4 il əvvəl ləpədöyəndə tikilmiş, canlı musiqi ilə müşayiət olunan restoranda 15-20 lariyə (9-12 manat) iki nəfərlik şam yeməyi yemək mümkün idisə, indi bu rəqəm təxminən 2-3 dəfə yüksəlib. Gürcü mətbəxinin əsas nümunələrindən olan gürcü xingalının qiyməti, demək olar ki, bütün sahil zonasında yerləşən restoranlarda eynidir – bir ədədi 70-80 tetri (42-48 qəpik). Kafedə xaçapurinin dadına baxmaq istəyənlər isə təxminən 9-12 lari (5.40 -7.20 manat) xərcləməli olacaqlar (2-4 nəfərlik). Gürcü şərabı və kabab sifariş verənlər isə adambaşına təxminən 45-50 laridən (25-30 manat) keçməlidirlər.
Mətbəxdən söz düşmüşkən, burada reklamın da əvəzsiz rola malik olmasını qeyd etmək lazım gəlir. Gürcüstana gələn turistlərin bəh-bəhlə yediyi xaçapuri əslində pendir və çörəkdən ibarətdir. Sözsüz ki, dadlıdır və bişirilməsinə xeyli əmək sərf olunur. Amma Azərbaycanda ondan daha dadlı təamlar olsa da, kifayət qədər reklam olunmur. Məsələn, Şəki paxlavası, Quba paxlavası, tel halva, bamiyə, piti, plov, ləvəngi və digər sırf Azərbaycana xas olan yemək və şirniyyatların heç biri gürcü xaçapurisi qədər məşhurluq qazanmayıb.
Təəssüf ki, Batumidə qiymətlə bağlı üstünlükləri xidmətə aid edə bilməyəcəyik. Hətta əksər məqamlarda xidmət səviyyəsi Azərbaycandan qat-qat aşağıdır. Yəni, getdiyiniz restoranda, kafedə çirkli stol, təmiz yuyulmamış qab-qacaq və ya qaba davranışla qarşılaşmaq adi haldır.
İnfrastruktur
Batumini Nabrandan üstün edən bir cəhət də mükəmməl infrastrukturunun olmasıdır. Bu şəhərdə, demək olar ki, bütün otel və mehmanxanalar, restoran, kafe, gecə klubları, diskotekalara bütün növ ictimai nəqliyyat vasitələri işləyir. Bundan əlavə, şəhər boyu xüsusi velosiped zolağı salınıb. Bir saatdan bir neçə günə qədər velosiped, moped, elektrokarları icarəyə verən köşklərə az qala yüz metrdən bir rast gəlmək olur. Batumiyə qədərki magistral və şəhərdaxili yol qovşağı beynəlxalq standartlara uyğun şəkildə təmir edilib. Nabrana aparan bərbad yol qovşağı ilə Batumi yolları müqayisəyə belə gəlməz. Təkcə bu fakt özlüyündə insanları yerli dənizkənarı istirahət zonalarında dincəlməkdən uzaqlaşdırmaq üçün yetərli sayıla bilər. Batuminin sahil zolağında dincələn əhali üçün çimərlik futbolu, voleybol, dayvinq və digər idman növlərindən istifadə şansı da üstünlük sayıla bilər.

Şəhərdə kifayət qədər çoxlu əl işləri, suvenirlər satılan köşklərlə yanaşı, moll və mağazalar fəaliyyət göstərir. Türkiyə ilə sərhəddə yerləşməsi də bu liman şəhərini ticarət baxımından əvəzsiz edir.
Bura təkcə çimərlik üçün gəlmirlər
Batumidə tarix və müasirliyin sintezi elə qurulub ki, heç bir yenilik yamaq kimi görünmür. Şəhərin mərkəzi hissəsi – “Old Batumi” daha çox köhnə və alçaq binalardan ibarətdir. “New Boulevard” hissədə isə ultramüasir binalar tikilib. İlk baxışdan şəhərin özünü kapitalizmə təslim etdiyi aydın sezilir. Şəhərdə addımbaşı yeni tikilən apartamentlərin reklam broşurlarını paylayanlara rast gəlmək olar. Kurort şəhəri üçün o qədər də yüksək olmayan qiymətlərlə təmirli və təmirsiz evlər, kirayə mənzillər təklif olunur. Şəhərdə tez-tez qarşımıza çıxan yarımçıq tikililər inşaat prosesinin hələ davam etdiyini göstərir.

Batumi akvaparkı, delfinari, gəmi turları uşaqlarla istirahət edənlər üçün unudulmaz tətil ləzzəti yaşada bilər. Əlifba qülləsi, Pizza meydanı, Əli və Nino abidəsi, Batumi cənnəti sayılan məşhur Botanika bağı, kanat yolu, Çoroxi çayının sol sahilində yerləşən I əsrə aid Qonio-Apsaros qalası, Maxunçeçi şəlaləsi, əhalinin qəribə görünüşünə görə “butılka” adlandırdığı Ədliyyə Evinin binası, “tərs çevrilmiş” Kolizey mehmanxanası və çox sayda adi çoxmərtəbəli binalar, fərqli dizaynlı kafe və restoranlar bu liman şəhərini turistlər üçün cəlbedici edir. Azərbaycanın yerli dənizsahili istirahət zonalarından fərqli olaraq Batumi təkcə çimərlik üçün deyil. Dənizi o qədər sevməyən turist belə burada kifayət qədər çox əyləncə tapa, indiyə qədər dadmadığı yeməklərdən dada bilər. Bir sözlə, Batumiyə səfər edənlər buradan gözəl təəssüratlarla qayıda bilərlər. Amma təkcə təəssüratla deyil, həm də bir neçə kiloqram artıq çəki ilə…
AZAL havada “bazar açıb”: Rəqabətsiz mühit, bahalı xidmət
İqtisadiyyatının inkişafında bir sıra sosial-iqtisadi amillərlə yanaşı, nəqliyyat faktoru da mühüm rol oynayır.
Dünya ölkələri əvvəlki primitiv nəqliyyatdan fərqli olaraq ölkələrarası iqtisadi əlaqələri inkişaf etdirmək üçün dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatına diqqət yönəldiblər. Amma turizm baxımından digər nəqliyyat marşrutları ilə müqayisədə hava nəqliyyatı xeyli səmərəlidir.
Azərbaycanın kifayət qədər turizm potensialına malik olmasına baxmayaraq, dünya turizm bazarında aşağı yerlərdən birini tutur. İstirahət zonalarına gələn turistlərin marağının təminindən tutmuş, aviabiletlərin qiyməti, cəlbedici festivalların keçirilməməsi, xidmətlərin bahalığı, yerləşdirmə imkanları və digər meyarlara baxdıqda, bu qənaətə gəlmək olur. Turizmin infrastrukturunun, xüsusən də bölgələrdə turizm xidmətlərinin səviyyəsinin aşağı olması, maliyyə vəsaitinin çatışmaması və dünya turizm bazarında rəqabətə davamsızlığı bu sahənin digər ölkələrlə müqayisədə Azərbaycanda zəif inkişafına səbəb olub. Turizm dünyada çevik inkişaf edən biznes sahələrindən biridir. Bir çox sahələrdən fərqli olaraq turizm sənayesi qısa müddət ərzində iqtisadi səmərə verir. Yetər ki, sadalanan xidmətlər əlverişli qiymətlərə təklif olunsun.
Dövlət Statistika Komitəsi Azərbaycandan çıxanların daha çox hansı yolldan istifadə etməsi barədə məlumat açıqlayıb. Məsələnin diqqət çəkən tərəfi odur ki, ölkədən çıxanlar daha çox quru yoluna üstünlük veriblər. Belə ki, cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. Halbuki mənzil başına rahat və tez çatmaq üçün hava nəqliyyatı daha sərfəlidir. Amma “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə, təqribən iki dəfə baha olması insanların bu nəqliyyat vasitəsindən istifadə etməsinə imkan vermir.
Bu isə xaricə getmək istəyən insanların əksəriyyətinin Gürcüstan üzərindən uçmağa üstünlük verməsinə səbəb olur. Hətta Türkiyə və Avropaya belə, Gürcüstan aviaşirkətləri ilə gedənlərin sayı artır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yanacaq Gürcüstanla müqayisədə daha ucuz başa gəlir. Belə ki, Gürcüstan yanacağı kənardan aldığı halda, Azərbaycan özü istehsal edir. Bunun müqabilində AZAL-ın qiymət siyasəti nəticəsində həm ölkə iqtisadiyyatı, həm aviaşirkətlər uduzur, həm də vətəndaşlarımız kifayət qədər həm maddi, həm də zaman itkisi ilə üzləşir.
İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycandan xaricə səfər edən vətəndaşların səfər istiqamətləri istifadə olunan nəqliyyat vasitələrinin qiymətinə təsir göstərən əsas faktorlardan biridir:

“Ölkədən səfər edənlərin, təxminən 80 faizi məhz dörd ölkəyə – İran, Türkiyə, Gürcüstan və Rusiyaya gedir. Region ölkələrinin əksəriyyəti ilə həm avtomobil, həm də dəmiryolu nəqliyyatı infrastrukturu mövcuddur. Hazırkı şərtlər daxilində ən aşağı qiymətə başa gələn nəqliyyat vasitələrindən istifadə təbiidir. Qlobal qiymətləndirmə aparsaq, son 15 il ərzində hava nəqliyyatı sürətlə öz xidmətlərini, istiqamətini və keyfiyyətini dəyişməyə başlayıb, artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu, həm ölkədaxili, həm yaxın coğrafiyalar arasındakı səfərlərin daha rahat və az vaxt tələb edən hava nəqliyyatından istifadəsinə üstünlük verməsinə yönəlib. Yəni bu bazarlar uğrunda rəqabət gedir. Nəqliyyat növləri arasında hava nəqliyyatı bu istiqamətdə son 15 ildə çox ciddi uğurlar əldə edib. Amma təəssüf ki, Azərbaycanda bu imkanlar məhduddur. Faktiki olaraq hava nəqliyyatı xidmətləri, xüsusilə sərnişindaşımada inhisarçılıq var. “AZAL” sərnişindaşımada çox ciddi paya malikdir. Ölkədə sərnişindaşımanın, təqribən 92-93 faizini bu qurum həyata keçirir. Eyni zamanda mövcud qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək digər şirkətlərin bazara daxil olmasında müəyyən çətinliklər yaradır. Bu da rəqabətsiz bazarda daha bahalı xidmət qiymətləri siyasəti həyata keçirmək üçün əlverişli şərait yaradıb. Nəticədə insanlar alternativ yollara üstünlük verirlər ki, bunun da ən çeviyi avtomobil yoludur. Hazırda xaricə səfər edən vətəndaşlar əsasən, avtomobil yolundan istifadə edir. Təbii ki, dəmiryolu da seçimlərdən biridir. İnfrastrukturun mövcudluğu bunun üçün şərait yaradır”.
Analitik onu da qeyd edib ki, Azərbaycandan səfər edənlərin maliyyə imkanları qərar qəbul etməyə təsir göstərir:
“Faktiki olaraq ölkədən səfər edənlərin əhəmiyyətli bir qismi İrana gedir. Səhiyyə xidmətləri, ticarət, gündəlik tələbat mallarının istehlakı məqsədilə edilən səfərlər daha çox qısamüddətlidir. Gürcüstana da bənzər məqsədli səfər kifayət qədər çoxdur. Bu səfərlərdə hava nəqliyyatından istifadə məqsədəuyğun olmur. Yəni insanlar bu səfərləri istirahət, əyləncə məqsədilə deyil, gündəlik dolanışıq üçün həyata keçirirlər. Bu zaman onlar xərclərə və gəlirlərə diqqət edir ki, bu da səfərlərin daha çox quru yolla həyata keçirilməsinə təsir göstərir”.
Rəşad Həsənovun qənaətincə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlılığın təmini, eyni zamanda xarici fraksiyaların təsirlərinin azaldılması ilə bağlı yeni yanaşma var:
“Turizm sektoru ən böyük üstünlüklər vəd edən sahələrdən biridir. Xidmətlər balansında müsbət profsiti olan yeganə sahə hesab olunur. Qeyri-neft sektorunu nəzərə alsaq, tədiyyə balansında yalnız turizm xidmətləri istiqamətində profsit yaranır. İl ərzində ölkəyə təxminən 3 milyard dollar civarında valyuta gətirən bir sektordur. Bu, o deməkdir ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracından ölkəyə daxil olan gəlirlərdən iki dəfə artıq valyuta gətirə bilib. Bu şərtlər daxilində hazırda müəyyən təşəbbüslər vardır. Bu təşəbbüslər yaxın dövr ərzində öz nəticələrini verə bilər. Azərbaycanda da aşağı büdcəli liberal hava nəqliyyatı sərnişindaşıma mühiti formalaşa bilər. Xüsusilə də digər aviaşirkətlərin Azərbaycan bazarına daxil olması qiymətlərə əhəmiyyətli təsir göstərə bilər. Bu, Azərbaycanın turizm sektoru üçün çox vacib məqamlardan biridir. Çünki biz regionla müqayisədə bu istiqamətdə kifayət qədər inkişaf etmiş infrastruktura malikik. Amma bu infrastrukturdan yararlana bilmirik. Azərbaycan qonşu Gürcüstanla müqayisədə bu istiqamətdə bir neçə dəfə geridə qalır. Nəzərə almaq lazımdır ki, infrastruktura qoyulan xərclər də müəyyən dövr ərzində öz əhəmiyyətini itirir. Çünki infrastruktur köhnələn, dəyərsizləşən bir nəsnədir. Bu baxımdan da mövcud infrastrukturun qiymətləndirilməsi, ondan yararlanma və onun iqtisadi effektivliyinin artırılması üçün mütləqdir ki, hava nəqliyyatı ilə sərnişindaşımada konkret addımlar atılsın. Bu, ümidləri müəyyən qədər artırır”.
Ağızları dada gətirən festival
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Gədəbəydə keçirilən Milli Yaylaq festivalından birbaşa Qubaya gəldiyini deyib. Ölkədə turizmin inkişafı baxımından millilik çalarları ilə dolu belə kütləvi tədbirlərin əhəmiyyətinin böyük olmasından danışıb. O qeyd edib ki, şimal bölgəsinə gələn yerli və xarici turistlər bu gün təqdim olunan ləziz yemək nümunələrinə xüsusi maraq göstərirlər.
Festival boyu “Mətbəx nümunələri“, “Dadma və məhsul ərazisi“, “Yerli kənd təsərrüfatı məhsullarının satışı” zonalarına baş çəkilib. Milli azlıqların geyim və folklorunu təbliğ edən etnik guşələr, turizm müəssisələrinin məhsulları xüsusi diqqət çəkib.
Regional mətbəx festivalınada Qubaya məxsus bir sıra qədim və milli yeməklər bişirilib. Xüsusən plovları, Quba paxlavası, Quba bükməsi və tıxması kimi şirniyyatlar, Xınalıq pendirindən, balından tutmuş bir çox kənd məhsulların dadına baxılıb. Yəhudilərin toyuq əti, soğan və yumurtadan hazırlanmış məşhur xoyaquşt yeməyi, tatların çığırtması ağızları dada gətirib.
Milli mətbəxi ilə seçilən Qusar da festivala çox əlidolu gəlib. Ləzgilərə məxsus şüyüdlü aş, çaxar aş, şah plov, əriştəli plov, südlü aş, qutabın və şakukanın müxtəlif növləri, qaxac ət, çörəyin müxtəlif növləri baxanları iştaha gətirib. Afarın bişirilmə prosesi elektrik sacında əyani nümayiş olunub. Qusar tortu və müxtəlif şirniyyatlar da iştirakçılara qusarlı qadınların əl qabiliyyətinin necə olmasını tanıdıb.
Bölgənin çoxmillətli rayonlarından olan olan Xaçmaz mətbəx yarışına 35-dən çox dolma və plov növlərilə gəlib, göz oxşayan şirniyyatlar da öz yerində. Şabran və Siyəzən rayonlarının hər biri də 40-dan çox yemək növü ilə festivala qatılıb. Xan plovdan tutmuş müxtəlif plov növləri, tatların qədim siyə (qara) turşusu Şabranın, 11 növ kabab növü, xəmirin içinə bükülmüş balıq bükməsi, plovlar Siyəzənin qədim mətbəx nümunələrindən soraq verib.
Quba regional mətbəx festivalı qədimiliyi, milli adət-ənənələrimizi yada salmağı, xatırlatmağı ilə daha çox yadda qalıb. Milli geyim, milli rəqs, milli aşpaz, milli yemək və s. Bu baxımdan Quba icra başçısı Ziyəddin Əliyevin, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və Azərbaycan Turizm Bürosunun rəhbəri Florian Zenqstşmidin 15-ci əsrdə yaşamış qubalı bəyin milli süfrəsinə qonaq olması iştirakçıları bir növ Qubanın tarixi keçmişinə səyahətə aparıb.
Festivalda Azərbayca tanınmış xanəndələri Mənsum İbrahimov, Təyyar Bayramov festivalda iştirak edib. Eləcə də yerli musiqiçilər, Şabranın məşhur “Xınayaxdı” folklor kollektivi iştirakçılara xoş musiqi ərməğan ediblər. Regional Mətbəx festivalı bu gün də davam edib.
Bölgənin 5 rayonuna məxsus 200-dən yemək, şirniyyat, çörək növü bu gün də bura gələnlərə nümayiş olunub. Həmçinin Qubanın “Şahdağ” otelinin aşpazları bölgənin turizm obyektlərinin mütəxəssisləri və aşpazları üçün master-klasslar keçiriblər. Bir sözlə, qədim Quba nəinki rayonun, ümumilikdə, bölgənin qədim adət-ənənələrini, unudulmuş yeməklərini yaşatmağa xidmət edən daha bir möhtəşəm festivala ev sahibliyi etdi…
Turistlər otel seçərkən rəyləri öyrənirlər
İnternetdə səyyahların rəyləri səfərə çıxmağa hazırlaşanlar üçün əsas informasiya mənbəyidir. “TripAdvisor” saytının analitikləri bu qənaətə gəliblər.
Səyyahlar arasında çox populyar olan bu internet-servisin apardığı qlobal tədqiqat zamanı 23 min istifadəçinin rəyi soruşulub. Məqsəd otellərdə nömrələrin bron edilməsində, restoranların və turizm tədbirlərinin seçilməsində onlayn-rəylərin nə kimi rol oynadığını aydınlaşdırmaq olub.
Əldə olunmuş nəticələrə görə, ixtisaslaşdırılmış saytlarda səyyahlar üçün əsas informasiya mənbəyi şərhlərdir. Turistlərin 72 faizindən çoxu qərar qəbul etməzdən əvvəl həmişə, yaxud tez-tez həmin rəyləri oxuyur. Söhbət yaşayış yerinin bron edilməsindən gedəndə bu rəqəm daha yüksək olur: hər 5 səyyahdan 4-ü, yəni 81 faizi otelə müraciət etməmişdən əvvəl həmişə və ya tez-tez rəylərlə tanış olur. Hər 10 istifadəçidən təqribən 8-i, yəni 79 faizi eyni şərtləri olan iki obyekt arasında seçim edərkən böyük ehtimalla reytinqi daha yüksək olan otelə üstünlük verir. Səyyahların yarısından bir qədər çoxu – 52 faizi rəyləri öyrənmədən oteldə nömrə sifariş etmir.
Tədqiqat saytın analitiklərinin bir sıra gözlənilməz nəticələrə gəlməsinə imkan verib. Hər 10 respondentdən təqribən 4-ü, yəni onların 39 faizi çox kəskin şərhlərə məhəl qoymayıb. Rəyi soruşulanların yarısından çoxu – 55 faizi insanların münasibəti haqqında maksimum tam təsəvvür əldə etmək üçün yalnız bir neçə rəylə tanış olub. İstifadəçilər qəti qərar qəbul etmək üçün, orta hesabla, 9 rəy oxuyub. Bu zaman rəyin yazılma tarixi böyük əhəmiyyət daşıyıb. Sorğu iştirakçılarının təqribən 80 faizi sonuncu şərhlərə daha böyük əhəmiyyət verib.
Bakı Turizm İnformasiya Mərkəzindən turistlərə təqdim edilən menyularla bağlı AÇIQLAMA
Bakıda restoranlarda xarici turistlərə adi menyudan fərqli – daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi halları ilə rastlaşmamışıq.
Bunu Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.
Direktorun sözlərinə görə, mərkəz tərəfindən lazımi qurumlara belə xoşagəlməz halların aradan qaldırılması üçün müraciətlər göndərilib:
“Biz də rayonlarda xarici turistlərə fərqli qiymətlərin təklif edilməsi barədə eşitmişik. Amma Dövlət Turizm Agentliyi bu gün ölkəyə turist cəlb etməyə hazırlaşır. Turist gəldiyi ölkədə özünə qarşı çox kiçik belə etinasızlıq görərsə, ikinci dəfə həmin ölkəyə dönmür və oraya getməyi də heç kəsə məsləhət bilmir. Biz turistlərin Azərbaycandan razı getməsinə çalışırıq”.
R.Bağırov əlavə edib ki, BTİM-ə və turizm şirkətlərinə Bakıya səfər edən turistlər tərəfindən şikayətlər daxil olmayıb: “Bakıda çox yaxşı infrastruktur yaradıldığı üçün onlar hər şeydən rahatlıqla istifadə edirlər. Bu gün Bakıya gələn turist üçün bələdçi lazım deyil. O, xəritəni əlinə alaraq Bakının bütün gəzməli yerlərini ziyarət edir. Turistlər üçün xüsusi proqramlar da hazırlanıb ki, onlar bundan istifadə etməklə hansı yerə necə və hansı qiymətə gedəcəklərini öyrənə bilirlər”.
R.Bağırov qeyd edib ki, Bakıya gələn Avropa ölkələrinin vətəndaşları ölkəmizin mədəniyyəti, tarixi ilə maraqlanırlar. Ərəb ölkələrindən gələn turistlər daha çox şopinqə, qastronomiyaya, əyləncəyə, Çindən gələn turistlər isə gəzməyə və təbiətə üstünlük verirlər.