Elə ekspert Ramin Zamanov da REAL-a müsahibəsində ucqar rayonlarda hotellərin sayının az, servisin aşağı olduğunu bildirdi.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, gələn il Milli Yaylaq Festivalında turistlər qonşu rayonlarda deyil, elə Gədəbəyin özündə olan hotellərdə yerləşdiriləcək.
“Bu nə deməkdir, Azərbaycan Hava Yolları alverçilərlə iş görür?” – MÜRACİƏT…
DƏLƏDUZLAR ÇOXALIB…
Mən neçə illərdir yazıram, deyirəm ki, turizm məntəqələrində insanları aldadırlar. Hər hansı bir istirahət məkanına paket satanda gərək 200-300 manat, bəzən daha çox əlavə pul alıb, kəf gəlsinlər. Üstəlik təyyarə biletlərini də qiymətindən xeyli baha satırlar. Qəribədir, kassalarda bilet olmur, amma bütün turizm məntəqələrində həmişə bilet tapılır…Bu nə deməkdir? Azərbaycan Hava Yolları alverçilərlə iş görür?
Nəhayət, Nəsimi rayonunda yerləşən “Like travel” adlanan turizm məntəqəsində məni və bir neçə nəfəri yaxşıca aldatdılar. Yox, artıq pul alıb turpaket satmadılar, heç bir qəbz-filan da vermədilər, sadəcə pulumuzu alıb üstündən su içdilər! Mənə və başqalarına fırıldaq gələn, pulumuzu alıb dələduzluq edən özünü baş direktor adlandıran Azər Şükürov adlı birisidir. O, məndən ailə üzvüm üçün və başqalarından cəmi 10.000 dollardan çox pul alaraq, əvəzində turizm paketi verməmiş, bir gecənin içərisində pulların başına necə daş salmışdırsa, səhəri gün heç birimiz ondan pulumuzu geri ala bilmədik. Şəxsən mən iyulun 26-da 1070 dolları ödədim, iyulun 27-də məlum oldu ki, Azər Şükürov fırıldaqçıdır, dələduzdur! Mən və pul ödəyən bir neçə şəxs iyulun 27-də məntəqəyə gedib pulumuzu tələb etdik. Azər Şükürov “bir saata pullarınızı qaytaracam” deyə-deyə, bizi səhərdən axşam saat 16-ya kimi ləngitdi. Gördük bu gədə pul qaytaran deyil, mən DİN-in 102 xidmətinə 2 dəfə zəng vurdum. Nəhayət Nəsimi rayonundakı 20 saylı polis bölməsindən mayor Ramil Əliyev gəldi və şikayətçilərlə birlikdə 20 saylı polis bölməsinə getdik. Mayor dələduz Azər Şükürovu polis bölməsinə öz maşınında gətirdi… Azər Şükürov orada da dedi ki, “bir-iki saata pulları qaytaracam”. Polis mayoru Ramil Əliyev bu müddətdə bizimlə birlikdə gözlədi, puldan xəbər çıxmadı. Bu müddətdə heç bir izahat-filan almadı. Mən ona bildirdim ki, “bu pul verən deyil, nəhayət sənədləşməyə başlasanız yaxşıdır.” Ramil Əliyev də cibindən 2000 dollar çıxarıb bizim yanımızda saydı və dedi ki, “bu sizin pulların bir hissəsidir, ondan almışam, qalanını da alım, hamınızı bir yerdə dəvət edib pullarınızı verəcəm”. Zərər çəkənlər yuxarı orqanlara şikayət edəcəklərini bildirəndən sonra mayor hamımızın ərizə və şikayətlərini aldı. Gecə 23-dək yorğun, əsəbi gözlədik, pul gəlmədi, ki, gəlmədi! Mayor Ramil Əliyev dedi ki, “siz gedin, mən Azər Şükürovdan da izahat alıb, evinə buraxacam. Sabah- iyulun 28-i istirahət günüdür, birinci gün, yəni iyulun 29-da gəlib pullarınızı məndən götürərsiniz”. Həmin gün zəng etdim, mayor bildirdi ki, “qaldı iyulun 30-u, ikinci günə”. Dünən 5 dəfə mayor Ramil Əliyevə zəng vurdum, nəhayət dedi ki, “axşam 21-də sizə zəng vuraram, gəlib pullarınızı götürırsiniz”. Axşam mayor telefonunu bağlamışdı… Bu gün üçüncü gündür pullardan xəbər yoxdur. Yaxşı, Azər Şükürov dələduz, fırıldaqçıdır, bəs polis mayoru bizi niyə aldadır?
Bildirməliyəm ki, mayor Ramil Əliyev hələ də işi istintaqa verməyib!..
Redaksiyadan: Bu məktubu saytımıza tanınmış publisist-jurnalist, Azərbaycanın ilk diplomatlarından olan fövqəladə və səlahiyyətli səfirimiz Xeyrəddin Qoca göndərib və saytda yayımlanması ilə bərabər məktubunun hörmətli daxili işlər naziri Vilayət Eyvazova göndərilməsini xahiş edib. Biz cənab nazirin bu məsələni şəxsi nəzarətinə götürəcəyinə və ümumiyyətlə vətəndaşların başına oyun açan turizm şirkətlərinə qanunlarımızın sərt üzünü göstərəcəyinə ümid edirik. Öncədən Xeyrədin müəllimin və öz adımızdan təşəkkür edirik.
Turist səyahətləri – Yol da önəmlidir yolçu da
Hər kəs yay tətilində səyahət etmək, başqa-başqa ölkələrin fərqli mədəniyyəti, rəngarəng mətbəxi və ən çox da gəzməli, görməli yerləri ilə tanış olmaq, istirahətini daha səmərəli keçirmək istəyir.
Uzağa getmək imkanı olmayanlar da üz tuturlar Azərbaycanımızın səfalı guşələrinə. Elə paytaxt Bakı da turist gözü ilə baxılsa çox gözəl və maraqlı şəhərdir. Ona görə turist gözü ilə deyirəm ki, yəqin bir çoxlarımız hər gün qala divarlarının, Qız Qalasının yanı ilə və ya Xəzər sahili ilə gedərkən gündəlik qayğılardan ayrılıb ətrafı göz dolusu seyr etmirik. Əslində elə Bakının özündə də pikniklər təşkil etmək, az büdcə ilə gözəl istirahət etmək olar.Yetər ki, istirahətimizi maraqlı təşkil etməyi bacaraq. Turist kimi səyahətlər üçünsə əlverişli turpaket təkliflərindən faydalanmaq və sərfəli qiymətə tur bileti əldə etmək vacibdir.
Qeyd edim ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olub. Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15 min ədəd turpaket satılıb ki, bunların da 1,1 minini Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış turpaketlər təşkil edib.
Azərbaycan vətəndaşları tərəfindən alınmış turpaketlərin 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub. Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 20 min nəfər olub, onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3,0 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət edib. Xarici ölkələrə turist səyahətləri müxtəlif qiymətlərə təklif olunur. Bu turoperatorun əlaqə saxladığı xarici otellələr, daşıyıcılarla, eləcə də xarici ölkədəki qiymətlərlə əlaqəli ola bilər.
Məsələn bir şirkətin 23.09.2019 – 29.09.2019 tarixlərinə nəzərdə tutulan bu turunda Almaniya, İtaliya, Macarıstan, Sloveniya, Avstriya və İsveçrə şəhərlərini 379 dollara səyahət etmək şansınız var.
Qiymətə proqram üzrə oteldə gecələmə, qidalanma (səhər yeməyi), transfer (proqram üzrə), ekskursiyalar (proqram üzrə) və rus dilli bələdçisi daxildir. Yunanıstanın ən gözəl kurrort şəhərlərinə 10.08.2019 və 19.08.2019 tarixlərində səyahət isə heç də ucuz deyil. Marşruta Afina, Mikonos, Santorini və Krit daxildir və 5 ulduzlu səyahət üçün 6388 avro ödəməlisiniz. Qiymətə aviabilet, otellərdə gecələmə, qidalanma (proqram üzrə), indvidual transfer (hər kurrortda), kurortlar arası gəmi ilə gediş və sığorta daxildir. Bəzən turpaketlərlə səyahətə çıxanlar aldadıldıqlarını da iddia edirlər. Xarici ölkəyə səfər zamanı turist oteldə yer ayrılmadığını və ya bron etdiyi nömrənin məşğul olduğunu görür. Bu zaman müştəri nə etməlidir. Turizm üzrə ekspert Göydəniz Qəhrəmanovun fikrinə görə, insanlar səyahət etməzdən öncə mütləq gedəcəkləri otel barədə məlumat toplamalıdırlar: “İndi yüksək texnologiyalar dövrüdür.Məsləhət görərdim, səyahətə çıxmazdan öncə insanlar internet üzərindən gedəcəkləri otel barədə ətraflı məlumat toplasınlar.
İkinci məsləhətim də odur ki, müştəri ucuzluğuna aldanıb tanımadığı şirkətlə səyahət etməsin. Araşdırsın. Çox vaxt ucuzluğuna görə təcrübəsiz, işini bilməyən qeyri ciddi şirkətlərin xidmətlərindən istifadə edirlər, lakin problem yarananda ikiqat zərərə düşürlər”. Bəs getdiyi yerdə otellə bağlı problemlə qarşılaşan müştəri nə etməlidir? Ekspertin sözlərinə görə, nadir halda olsa da belə problem yarana bilər. “Bu zaman otel müştərini daha yaxşı otaqla təmin etməyə borcludur. Müştəri oteli məntiqli səbələrə görə bəyənmirsə otel müştərini razı salmaq üçün ya daha yaxşı otaq ya da daha yaxşı otelə köçürmə ilə təmin etməlidir”,- deyə Göydəniz Qəhrəmanov bildirir.
Göydəniz Qəhrəmanov
Ölkədaxili turpaketlərin xidmətlərindən də istifadə edənlər az deyil. Xidmət göstərən şirkətdən asılı olaraq xidmətin keyfiyyəti də dəyişir. Ekspertin dediyinə görə, ümumilikd həftə sonları təkil edilən 20-25 manatlıq turlara transfer, qrup rəhbəri, səhər yeməyi, çay süfrəsi, nahar, maraqlı oyunlar və hədiyyələr daxil edilməlidir. Bu günlərdə belə turlardan birinin nəzdində Qubaya səyahət zamanı yaşadığım təcrübəyə əsasən deyə bilərəm ki, səyahət müştəri məmnuniyyətindən çox sanki fotosessiya üçün nəzərdə tutulmuşdu. Şirkət Quba şəhərinin girişindəki bir restoranla danışmış olmalıydı ki, səhər yeməyini də, naharı da şəhərin girişindəki bu restoranda verdi. Halbuki dağlara, meşəyə səyahətə getmiş turistləri yenidən dağlardan düşürüb şəhərin girişindəki restorana qaytarmaq düzgün görünmürdü. Üstəlik restoranın xidmətləri də ürəkaçan səviyyədə deyildi. Qara rəngli iç dizaynı ilə iştah bağlayan restoran qonaqlara verdiyi yeməyi sanki qramla ölçmüşdü.
Turpaketlərlə səyahət etmiş təcrübəli səyahətçilər də xidmətlərin aşağı səviyyədə olmasından gileylənirdilər. “Sizi Qubanın ən gözəl yerinə gətirmişik” deyərək turistləri ağaclarının çoxu qırılmış yolkənarı bir meşəlikdə avtobusdan düşürdülər. Yalnız ona görə ki, burda yerli sakinlər atlarla gəzmək imkanı verirdilər. Elə bil avtobusun burda dayanacağını bilirmiş kimi o qədər atlı dayanmışdı ki, at qoxusundan istidə nəfəs almaq olmurdu. Qubanın ən gözəl yaylaqlarından biri olan Qızılqımlaq yaylağına səhər və ya axşam getmək çox gözəl olardı. Birincisi bura yaylaqdır, sərinləmək üçün yer azdır, ətraf dağlıq olsa da hər tərəf yaşıl və açıq çəmənlikdir. Amma səhər və ya axşam saatlarında burda günəşi seyr etmək insana başqa bir zövq verərdi. Səyahəti təşkil edən şirkət isə öz çəkəcəyi fotosessiyanın hayındaydı. “Gün batımında burda yaxşı şəkillər alınmaz. Sonra biz bu şəkli kimə göstərsək bəyəndirə bilmərik”- deyə təklifimizə cavab olaraq bildirdilər. Bax belə. Müştərin məmnuniyyəti, istirahəti üçün nəzərdə tutulan bu səyahətdə biz yalnız restoranın, at sahiblərinin və tur rəhbərlərinin məmnuniyyətini gördük. Amma ən azından səyahətə çıxan kollektiv şən idi.Bu da bir çox qüsurları görməzdən gəlməyə kömək etdi. Çalışın səyahət zamanı ürəyinizə , ruhunuza yaxın yol yoldaşınız da olsun. Bu da ən az elə yolun, yolçuluğun özü qədər önəmlidir.
Azərbaycan milyardlardan məhrum edilir
İnkişaf etmiş ölkələrin turizm sektoru ilə müqayisədə Azərbaycanın bu sahədəki gəlirlərini qənaətbəxş hesab etmək olmaz.
Bunun da təməl səbəbləri var. İlk növbədə şişirdilmiş qiymət və xidmət “siyasəti” ölkəmizi bu sektorda geri qoyur. Bu gün Azərbaycanda fəaliyyət göstərən iaşə obyektlərinin əksəriyyəti turistlərə xidmətin beynəlxalq standartlara uyğunluğunu təmin etməkdən daha çox, öz maraqlarını üstün tutur. Artıq bu sektorda Azərbaycansayağı maraqlar formalaşıb. Belə ki, hazırda ölkəmizdə restoranlarda xarici turistlərə adi menyudan fərqli – daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi hallarının olması barədə məlumatlar öz əksini tapıb.
Rəsmi qurumlar isə bu tipli xoşagəlməz hallarla bağlı ölkəyə səfər edən turistlər tərəfindən şikayətlər daxil olmadığını bildirir. Şikayətin daxil olmaması bu cür neqativ halların yoxluğu demək deyil. Məlumdur ki, turist gəldiyi ölkədə özünə qarşı bu cür münasibət görərsə, ikinci dəfə həmin ölkəyə nə özü qayıdar, nə də oraya getməyi kiməsə məsləhət bilər. Nə qədər yaxşı infrastruktur yaradılsa da, turist bir də həmin yerləri ziyarət etməz. Bəllidir ki, bu halda turizmin inkişafından da danışmaq olmaz. Çıxış yolu sahibkarlara inzibati cəza mexanizmi yaratmaqdır. Belə ki, əgər hansısa iaşə müəssisəsindən bu cür neqativ hallar barədə məlumat yayılarsa, onun lisenziyası ləğv edilməli və ya həmin məbləğdə cərimələmək yolu ilə mənfi tendensiyanın və iqtisadi cinayətkarlığın qarşısını almaq olar.
Rəsmi məlumatlara görə, 2018-ci ildə Azərbaycana 2 milyon 800 min xarici qonaq gəlib. Keçən il ölkəmizə turizmdən 2 milyard dollar vəsait daxil olub.
Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2017-ci ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 696,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların sayının illik müqayisədə 19,9 faiz artdığı bildirilir. Qeyd edək ki, Azərbaycanın əlaqəli qurumlarının turizmlə bağlı bilgiləri ilə Ümumdünya Turizm Təşkilatının (ÜTT) rəqəmləri arasında uyğunsuzluqlar var. Belə ki, ÜTT-nın hesabatına görə, 2017-ci ildə Azərbaycana 2016-cı ildəkindən 0,4 faiz çox, yəni 2 milyon 454 min turist gəlib. Hesabata görə, Azərbaycanın 2017-ci ildə turizmdən əldə etdiyi gəlirlər 3 milyard 12 milyon dollara çatıb. Turizm gəlirinin illik müqayisədə 0,6 faiz artdığı bildirilir.
Deməli, 2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanın turizm gəlirləri kəskin şəkildə aşağı düşüb.
İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, turizm, xidmət və ictimai iaşə sektorundakı qiymət özbaşınalığı ölkəmizin ən ağrılı yeri olaraq qalmaqdadır:
“Demək olar ki, vətəndaşlarımızın əksəriyyəti ilə yanaşı, xarici turistlər də bu vəziyyətdən son dərəcə şikayətçidirlər. Vaxtaşırı xaricdən qonaqlarım olur. Şəhərimizin ən yaxşı sayılan ictimai iaşə müəssisələrindəki qiymət xaosundan və mövcud xidmət səviyyəsindən dəfələrlə utanc hissi keçirtmişəm. Xarici vətəndaş görən kimi, hesab dərhal bir neçə dəfə yüksəldilir. Indi isə daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi yəqin, bunun bir qədər “qanuniləşdirilmiş” formasıdır. Buna görə də, Dünya İqtisadi Forumu tərəfindən turizm, aviadaşımalar və səyahətlər üzrə hesablanan rəqabət reytinqində Azərbaycan heç ilk yüzə daxil olmağı bacarmır. Son bir neçə ildə ərəb turistlərinin hesabına ölkəyə gələn turist sayında bir qədər artım müşahidə edilsə də, ölkəmizə gələn turistlər dünya üzrə turistlərin cəmi 0,003 faizini təşkil edir. Kiçik bir Kipr Türk Cümhuriyyəti bu sahədən ildə 2 milyard dollar qazandığı halda, ölkəmizdə bu rəqəm 100 milyon dollardır. Turist cəlb etmək üçün ölkənin təbii və tarixi zənginlikləri nə qədər vacib rol oynasa da, bir o qədər də ictimai-iaşə sektorundakı qiymətlərin aşağı olması vacibdir. Məsələn, Azərbaycanın lüks otellərində sutkalıq qonaqlama qiyməti minimum 1000-2000 manatdır. Halbuki Amerikada 1 həftəlik səyahət vətəndaşımıza gediş-gəliş xərcləri ilə birgə maksimum 5000-6000 manata başa gələ bilər. Birləşmiş Ərəb Əmirliklərində bir həftəlik istirahətin qiyməti 1500 manatdır. Türkiyənin Antalya kimi tanınmış turizm bölgəsində bir həftəlik “all inclusive” istirahət xərci 600-900 manat arasında dəyişir”.
Ekspert turizm sahəsində əsas problemlərə diqqət çəkərkən onu da vurğulayıb ki, Azərbaycanda istirahətin xarici ölkələrlə müqayisədə baha başa gəlməsi, xidmətlərin səviyyəsinin aşağı olması başlıca nöqsanlardır:
“Hökumət qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi turizmi seçdiyi halda, bu sektorun inkişafı üçün real addımlar atmaması bir tərəfə qalsın, hələ üstəgəl, gələn insanları da ölkədən çəkindirirlər. Belə ki, ilk növbədə mövcud qiymət və tariflər yerli və xarici turistlər üçün optimal həddə endirilməlidir. Qiymətlərin süni artırılması yerli vətəndaşlarımızın, o cümlədən də turistlərin hüquqlarını pozur. Turizm sektorunda fəaliyyət göstərən şirkətlərdən 18 faiz həcmində əlavə dəyər vergisi (ƏDV) tutulur. Dolayısilə qiymətlərin baha olmasının bir digər səbəbi də budur. Bu sahəyə dövlət tərəfindən həvəsləndirici güzəştlərin edilməsi vacibdir. Nəzərinizə çatdırım ki, fransızların 90,6 faizi tətil üçün öz ölkələrini seçirlər. Bəs bizim vətəndaşlarımızın əksəriyyəti nədən tətil üçün xarici ölkələrə üz tutmalıdırlar? Orta və aşağı gəlirli vətəndaşlarımızın bütün turizm xidmət növlərindən faydalanması üçün imkanlar yaratmaq olmazmı? Bir neçə ailə fərdi ilə birgə hər hansı bir turistik məkana gedən sadə vətəndaş nə qədər xərcinin çıxacağını əvvəlcədən müəyyən edə bilmir. Adi 40 qəpiklik suyun əyləncə məkanlarında 2-5 manata satılması, vətəndaşlara 50 manatlıq çay dəsgahlarının təklif olunması və ya “bu məkanda yemək yeməyənlərə çay verilmir” deyilməsi isə biznes təfəkkürümüzün yüksək “inkişafından” xəbər verir. Halbuki, 2 nəfərlik 30 çeşid səhər yeməyi süfrəsinə Türkiyədə cəmi 25-36 TL (7-11 AZN) ödəmişdim. Qiymət özbaşınalığına son qoyulması üçün dövlət kompleks tədbirlər həyata keçirməlidir”.
Vüsalə Əhmədova inkişaf etmiş ölkələrin turizm təcrübəsindən də danışıb:
“1950-ci ildə ilk olaraq İspaniyada tək tarifli (all inclusive) turizm konsepsiyası ortaya atıldı. Daha sonra, tarixi və təbiət baxımından heç bir cazibədarlığa malik olmayan Kariblərə 1960-1970-ci illərdə turist cəlb etmək üçün bu modelin böyük qatqısı oldmuşdu. Hazırda Türkiyə, İtaliya, Yunanıstan, Fransa, Tayland və Dominikan Respublikasında bu konsept geniş tətbiq edilir. Hətta son dövrlərdə Türkiyədə daha da inkişaf etdirilən “all inclusive” modeli digər ölkələrdəki nümunələrindən demək olar ki, fərqlənir. Nəzərinizə çatdırım ki, Türkiyə turizm sektoru terror aktları, baş verən güclü zəlzələ və qonşu ölkələrdəki hərbi əməliyyatlar səbəbilə 3 dəfə böyük böhran yaşadı. Bu böhranlardan çıxmaq üçün ölkənin əksər turistik müəssisələri 1990-cı ildən etibarən növbə ilə “all inclusive” konseptinə keçdi. Sistemin standartlaşdırılması üçün bir çox fikir ortaya atıldı, ölkənin Mədəniyyət və Turizm Nazirliyi isə yaratdığı peşəkar komanda ilə turistik müəssisələrin riayət edəcəkləri qaydaları müəyyən edərək sistemin standartlaşdırılmasını təmin etməyi bacardı. Hazırda bu model Türkiyədə “Klassik HD”, “İmperial HD”, “Maksimum HD” və “Ultra Hight Class HD” konsepti olaraq bir neçə növə ayrılaraq tətbiq edilir. Bu günədək ölkə qazanclı çıxıb demək olar. “All inclusive” xidmət növündən otellər, səyahət agentlikləri, ölkənin ictimai iaşə sektoru, hər şeydən əvvəl isə müştərilər məmnun qalır. İstirahətin bütün büdcəsinin əvvəlcədən planlaşdırılmasına imkan yaranır ki, tətil zamanı əlavə xərclər ortaya çıxmır”.
EKSPERT: “Azərbaycanda turizm sahəsi xalqın biznesinə çevrilməlidir”
Natiq Cəfərli:“Gürcüstanda əhalinin hər beş nəfərindən üçü birbaşa və ya dolayı yolla turizimdən gəlir əldə edir. Lakin Azərbaycanda belə bir prosesi hiss etmirik”
Xəbər verdiyimiz kimi, cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artıb. 2019-cu ilin yanvar-iyun aylarında bu sahədən əldə edilən gəlirlər ötən dövrlə müqaisədə 1887.7 milyon manat olub.
Maraqlıdır, turizm sahəsindəki bu artım əhalinin sosial-iqtidsadi rifahına necə təsir göstərəcək?
Sualımızı cavablandıran iqtisadçı- ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, hələ Azərbaycanda turizm sahəsi xalqın biznesinə çevrilməyib:
“Yəni, Gürcüstanda əhalinin hər beş nəfərindən üçü birbaşa və ya dolayı yolla turizmdən gəlir əldə edir. Türkiyədə 11 milyon insan bu sektorda çalışır. Azərbaycanda isə hələ turizm sahəsi xalqın biznesinə çevrilməyib deyə bu sektor insanların cibinə müsbət təsir göstərə bilmir.
Çünki ölkədə dörd, beş ulduzlu otellər şəbəkəsi böyük holdinqlərə məxsusdur. Amma bunun qarşısında sadə insanların məşğul olacağı kiçik otelçilik və hostellər inkişaf etməyib. Hazırda Bakıda barmaqla sayılacaq qədər hostel var.
Amma tək Tiflis şəhərində 790-a yaxın hostel fəaliyyət göstərir. Bu da o deməkdir ki, Gürcüstanın turizm gəlirlər sadə insanlara yayılır. Bu tendensiya Türkiyədə də belədir. Lakin Azərbaycanda belə bir prosesi hiss etmirik.
Ölkədə turistlərin sayında, turizm gəlirlərinin həcmində artım olsa da, bu ancaq iri holdinqlərin gəlirlərinə təsir edir”.
“Siyasi səyahət” sistem dəyişikliyinin alternativ mənbəyi kimi
1bdə Cənubi Koreyaya səfərimlə başlayıb. Orada keçirdiyim vaxt, etdiyim söhbətlər, eşitdiyim fikirlər sonradan “Millətlər necə brend olur” adlı əsərimin əsasını təşkil edib. Daha sonra Çin, bir sıra Avropa ölkəsi, Yaxın Şərq, Rusiyaya səfərim olub. Məni inkişaf və ya tənəzzülün ümumi mənzərəsindən daha çox idarə qərarlarının obyektiv strukturu, dövlətdəki əsas dəyişiklikləri doğuran və bunu qabaqcadan duya bilən əsas şəxslərin fəaliyyəti və fəaliyyətsizliyi maraqlandırır”,- Rəhimbəy Əbdürrəhmanov “Qruziya Online” portalında işıq üzü görən məqaləsində yazır.
Hazırda Gürcüstanda olan müəllif 2003-cü ildə ölkədə baş verən “Qızılgül inqilabı”nın başlanğıcını qoyduğu islahatları araşdırır: “İnqilab nəticəsində hakimiyyətə gələn Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası dövlətin demokratiyaya və çiçəklənməyə yolunu açan ən vacib və həlledici qərarların banisi, bələdçisi olub”.
Bir çox beynəlxalq reytinq agentliklərinin hesabatlarına əsasən, Gürcüstan dünyada nəzərə alınan bir sıra nüfuzlu indekslər üzrə keçmiş SSRİ ölkələri arasında şübhəsiz liderlik edir: “Belə ki, ötən il Gürcüstan “Doing Business” reytinqində 190 ölkə arasında 6-cı yerə çıxıb. Amerikanın “Gallup” ictimai rəy institutunun “Qlobal qanun və qayda – 2018” reytinqində 17-ci yerdə qərarlaşıb. “”Legatum Prosperity Index” tərəfindən hər il təqdim edilən “inkişaf reytinqində” 85-ci pillədən 80-ci pilləyə yüksəlib. “World Justice Project” beynəlxalq müstəqil təşkilat tərəfindən tərtib edilən “Qanunun aliliyi” indeksində 34-cü yeri tutub. Qlobal rəqabət qabiliyyəti indeksi üzrə 140 ölkə arasında 66-cı yerə çıxıb”.
“Ölkələr uğur əldə edir, müvəffəqiyyətsizliyə uğrayır, dünyanın iqtisadi liderlərinə çevrilir, demokratik azadlıqlar etalonu olur, ya da avtokratik bataqlığa düşərək rüşvətxor autsayderə çevrilir. Dövlətlər və cəmiyyətlər arasında qlobal kommunikasiyada beynəlxalq təcrübə mübadiləsi ən mühüm vasitələrdən biridir. Hər bir ölkə beynəlxalq təcrübəni mənimsəyərək öz “velosipedi”ni ixtira edir, nəticədə “konrekt bir şeyin əvəzinə abstrakt bir şey” alınır. Adi və mənim fikrimcə həmişə effektiv olmayan beynəlxalq təcrübə mübadiləsi məhz hökumətlərarası səviyyədə həyata keçirilir”, – məqalədə deyilir. Müəllif bu formatın bir neçə səbəbdən dolayı uğursuz olduğunu düşünür:
1. Rəsmi görüşlər və tədbirlər tez-tez prosesdən daha çox rəsmiyyət nəzərdə tutur, mühüm detallar diqqətdən kənarda qalır.
2. Beynəlxalq təcrübə transferi nəinki dərin təhlil tələb edir, eyni zamanda birbaşa məsuliyyətli icraçıların keyfiyyətindən asılıdır.
3. Hökumətlərarası təcrübənin mənimsənilməsi prosesi çox vaxt sadəcə yer və məkana uyğun gəlməyə bilər.
4. Fikir və informasiya mənbəyinin plüralizmi əhəmiyyət daşıyır. Bir növ “kaleydoskop effekti” yaradır.
Təcrübənin mənimsənilməsi prosesi yalnız bir informasiya mənbəyindən yayımlansa, onda “kaleydoskop” effekti işə yaramaya bilər.
5. Bələdçilərin hakim rejimdən asılılığı təcrübənin mənimsənilməsi prosesinə müəyyən dəyişikliklər edə bilər. Belə ki, bələdçilərin həm hakim elita, həm parlament tərəfindən nəzarətdə saxlanılması sistemli tətbiqin deformasiyasına səbəb ola bilər.
“Məhz bu səbəbdən rəsmi dövlətlərarası kanalla əldə olunan informasiyanı başqa, qeyri-rəsmi mənbədən alınmış məlumatla birləşdirməkdə fayda var. Burada müstəqil siyasi səyyahlar ölkələr arasında əlavə rabitə kanalına, legitim “casuslara”, səfirlərə çevrilirlər. Geriyə, reqlamentə, “böyük bosslara” və başqa direktivlərə baxmadan fəaliyyət göstərən bu insanlar lazımi səriştə və bilik təcrübəsi olduğu təqdirdə yeni informasiya mənbələrinin, uğurlu islahatların, siyasi-iqtisadi strukturların, texnologiyaların detallarını ifşa etmək iqtidarında olurlar. İnformasiya müxtəlif mənbələrdən – KİV, kitab, məqalə, reportaj və sair – ötürülə bilər. Dövlət aparatı da öz növbəsində siyasi turistlərin dərc edilən əsərlərindən istifadə edərək, “özləri üçün qeydlər” apara bilər”, – məqalədə deyilir.
“Mənim insanlara mesajım belədir. Əgər səyahət etməyi xoşlayırsınızsa və ölkənizdə baş verənlərə laqeyd deyilsinizsə, onda səfərlərinizdə dünyanın ən yaxşı siyasi, mədəni, iqtisadi və texnoloji təcrübələrini öyrənə, mənbə axtara, materialların üzərində işləyə, onları dərc edib maarifləndirə bilərsiniz. Yeni ölkədə səfər zamanı çimərlikdə istirahət edib, ekskursiyalara və qastronomiya turlarına baş çəkməklə yanaşı, siyasi-iqtisadi sistemlərlə, keçirilən islahatlar, mədəniyyət, təhsil və texnologiya sahəsində əldə edilən nailiyyətlərlə tanış ola bilərsiniz”, – məqalə müəllifi sonda belə bir məsləhət görür.
“Muzeyə gəlməzdən qabaq xəbər edin, bir də görürsən işığımız olmur” – ARAŞDIRMA
Muzeylər hər bir xalqın tarixi, maddi və mənəvi dəyərlərini qoruyub saxlamaqla keçmişin müxtəlif dövrlərini özündə təcəssüm etdirən, əsrlərlə yaşanmış hadisələr barədə insanlarda təsəvvür yaradan maddi-mənəvi xəzinə sayılır. Dünyanın müxtəlif ölkələrində ədəbiyyat, tarix, incəsənət, musiqi, qoruq və digər mahiyyətli muzeylər mövcuddur. 1978-ci ildən etibarən YUNESKO-nun təşəbbüsü ilə 18 may “Beynəlxalq muzeylər günü” kimi qeyd olunur. Dünyanın ən çox ziyarət edilən muzeyləri Fransanın “Luvr” muzeyi, Böyük Britaniyadakı “Britaniya” və “London Milli Qalareyası” muzeyləridir.
Azərbaycanda da qədim zamanlardan kolleksiyaçılıq ənənələri olsa da, muzeyçilik fəaliyyəti nisbətən gec, yəni XIX-XX əsrlərin ayrıcında təşəkkül tapıb. Statistik göstəricilərə nəzər salsaq, əgər 1990-cı ildə Azərbaycanda 124 muzey fəaliyyət göstərirdisə, 2017-ci ildə bu rəqəm 238 olub. Eyni zamanda muzeylərə gələn ziyarətçilərin sayında da ildən-ilə artım qeydə alınıb. Belə ki, 2013-cü ildə ölkədaxili muzeyləri ziyarət edənlərin sayı 2 212 nəfər, 2014-cü ildə 2 531 nəfər, 2015-ci ildə 2 578 nəfər, 2016-cı ildə 2 697 nəfər, 2017-ci ildə isə 3 003 nəfər təşkil edib. Təbii ki, muzeylər hər ölkənin bir mənəvi xəzinəsi olmaqla yanaşı, eyni zamanda turistlərin üz tutduqları məkanlardan biri kimi iqtisadi cəhətdən də mühüm əhəmiyyətə malikdir.
“Report” Azərbaycanda yerləşən muzeylərdəki ümumi vəziyyəti, ziyarətçi sayını və qiymətləri araşdırıb.
Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylərə misal olaraq “Arxeologiya və Enoqrafiya muzeyi”, “Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi”, “Azərbaycan Geologiya Muzeyi”, “Azərbaycan İstiqlal Muzeyi”, “Azərbaycan Milli İncəsənət Muzeyi”, “Azərbaycan Respublikası Milli Təhsil Muzeyi”, “Milli Azərbaycan Tarixi Muzeyi”, “Azərbaycan Milli Xalça Muzeyi”, “Miniatür Kitab Muzeyi”, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”, “Azərbaycan Dövlət Teatr Muzeyi”, “Azərbaycan Təbabəti Muzeyi”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi” və digər muzeyləri göstərmək olar.
Muzeylərə gedən varmı?
Turizm mütəxəssisi Təranə Əliyevanın sözlərinə görə bəzi muzeylər istisna olmaqla, əksər muzeylərdə ziyarətçi sayı xeyli azdır:
““Azərbaycan Milli Xalça Muzeyi”nə gələnlərin sayı kifayət qədərdir. Ziyarətçi sayının nisbətən çox olduğu digər muzeylər isə “Milli Azərbaycan Tarixi Muzeyi”, “Azərbaycan Milli İncəsənət Muzeyi”, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”dir. Lakin digər muzeylərə gedənlərin sayı xeyli azdır.
Turizm şirkətləri muzeylərə turlar təklif etsələr də buna maraq göstərənlər çox olmur. Elə Azərbaycana gələn xarici turistlər də çox da məşhur olmayan muzeyləri ziyarət etməyə bir o qədər həvəsli olmurlar. Çünki onlar əksər halda maksimum 1 həftəlik gəlirlər və bu az müddəti Azərbaycanın məşhur yerlərini görməyə sərf etmək istəyirlər. Eyni sözü yerli turistlərə də şamil etmək olar.

Bizim insanların əsas üstünlük verdiyi istirahət forması, harasa təbiət qoynuna gedib istirahət etməkdir. Böyüklər çox az halda özləri muzeylərə gedir və övladlarını da aparırlar. Elə bu səbəbdən də Azərbaycanda muzeylərə gedənlərin sayı azdır. Yaxşı ki, məktəblər tərəfindən şagirdlərin muzey ziyarətləri təşkil edilir. Yoxsa vəziyyət acınacaqlı olar. Muzeylərə gedənlərin sayının az olmasının səbəblərindən biri bizdə bu sahədə təbliğat-təşfiqat kampaniyalarının zəif olmasıdır.
Avropa ölkələrində turizm gəlirlərinin içində muzey turizmindən gələn gəlirlər əhəmiyyətli yer tutur. Düşünürəm ki, biz də beynəlxalq standartlara uygun olan muzeylərin sayını artırmalıyıq.
Hazırda muzeylərimizdə çatışmayan cəhətlərdən biri də məlumat xarakterli lövhələrin bir neçə beynəlxalq dildə yazılmamasıdır. Bu fakt bütün muzeylərə aid olmasa da əksəriyyətində belədir. Olkəmizə ən çox gələn turist sayının rus dilli turistlər oldugunu nəzərə alaraq, məlumatların Azərbaycan, İngilis dilləri ilə bərabər, həm də Rus dilində olması yaxşı olar”.
Muzeyləri ziyarətçi sayı qane edirmi?
Bu barədə həmsöhbətimiz olan “Azərbaycan İstiqlal Muzeyi”nin Elmi-Kütləvi İşlər şöbəsinin müdiri Sədi Mirseyibli “Report”a bildirib ki, muzeyə gələn insanların sayı qənaətbəxş hesab oluna bilər: “Ziyarətçilərin içində hər yaş qrupundan olan həm yerli, həm də xarici qonaqlar olur. Demək olar ki, hər gün muzeyimizi ziyarət edənlər var. Baxmayaraq ki, artıq tədris ili yekunlaşıb, elə iki gün bundan əvvəl 50 məktəbli muzeyimizi ziyarət etməyə gəlmişdi. İl ərzində təqribən 6-8 min, bir ayda isə 300-350 ziyarətçimiz olur. Bu, tez-tez dəyişən bir rəqəmdir. Məsələn, may ayında 1 500-ə qədər qonağımız olmuşdu.

Yay aylarında muzeyimizə gələnlər arasında xarici turistlər, digər aylarda isə məktəblilər üstünlük təşkil edir. Yerli əhali arasında qrup halında gələnlərlə bərabər, fərdi şəkildə muzeyimizi ziyarət edənlər də az deyil. Biz müqavilə əsasında turizm şirkətləri ilə də işləyirik. Muzeyimizin özünün saytı, “Facebook” və “İnstagram” səhifələri var. Bu səhifələrdə mütəmadi olaraq muzeyin keçirdiyi tədbirlər barədə məlumatlar paylaşılır”.
“Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”nin Ekspozisiyanın qorunması, izahı və audio-video müşayiətinin təmini şöbəsinin müdiri Tomiris Babanlı da muzeyə kifayət qədər ziyarətçinin gəldiyini vurğulayıb:
“Heç oturub dincəlməyə vaxtımız olmur. İndi yay olduğu üçün əsas ziyarətçilərimiz turistlərdir. Hazırda muzeyimizə gələn xarici turistlər arasında ərəblər, Pakistan, Çin, ABŞ, İngiltərə vətəndaşları üstünlük təşkil edir. Bu ay Almaniyadan gələnlərin də sayı çoxalıb. Muzeyimizdə demək olar ki, hər gün Rusiyadan gəlmiş qonaqlara təsadüf olunur. Mart ayında isə Novruz bayramı ilə əlaqədar İran və Türkiyədən gələnlər daha çox nəzərə çarpır. Yerli əhalidən muzeyimizə ən çox gələnlər arasında tələbə və şagirdlər üstünlük təşkil edir.
Ümumilikdə, il ərzində muzeyimizə gələn yerli və xarici ziyarətçilərin sayını bərabər hesab etmək olar. Bundan əlavə rayonlardan da gələn tamaşaçılarımız olur. Misal üçün, 2017-ci ildə muzeyimizi ziyarət edənlərin sayı 1 763 nəfər, 2018-ci ildə isə 1 751 nəfər olub. Bu il isə yanvar ayında tamaşaçılarımızın sayı 806 nəfər, fevralda 658 nəfər, martda 330 nəfər təşkil edib. Mayın 18-i “Beynəlxalq Muzey Günü“ndə muzeyimiz 3240 nəfər qonağı qəbul edib”.
Giriş qiymətləri neçəyədir?
Bəzi muzeylərə giriş ödənişli olsa da, bəzilərinə ödənişsizdir. Qiymətlərin necə olduğunu öyrənmək üçün paytaxtda yerləşən bir neçə muzeylə əlaqə saxladıq.
“Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi”ndən giriş haqqının həm yerli, həm əcnəbi məktəblilər üçün 1 manat, tələbələr və böyüklər üçün isə 2 manat olduğunu bildirdilər. Muzeydən ziyarətçilərin ora getməzdən bir gün əvvəl məlumat verməsi xahiş edilib: “Çünki bir də görürsən burada işıq olmur”. “Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi” ölkənin kənd təsərrüfatında istifadə olunan əmək alətləri, kənd təsərrüfatının inkişaf tarixi, Azərbaycan iqtisadiyyatının inkişafında rolu olan əmək qəhrəmanları haqqındadır. Dünyada bu təyinatlı yalnız 5 muzey fəaliyyət göstərir.
“Azərbaycan Geologiya Muzeyi”nə də giriş pulsuzdur. Muzeydə ölkənin bütün bölgələrindən 5 000 dağ süxurları, minerallar və kristallar saxlanılır. Muzeyə gələnlər həmçinin geologiya ilə bağlı audio və video materiallarla da tanış ola bilirlər.
Xalqımızın milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı “Azərbaycan İstiqlal Muzeyi”ndə məktəbli və tələbələr üçün giriş haqqı 1 manat, böyüklər üçün 2 manat, əcnəbilər üçün isə 5 manatdır.

Azərbaycanın ən böyük incəsənət muzeyi olan və içində 17 mindən çox eksponatın saxlandığı “Azərbaycan Milli İncəsənət Muzeyi”nə əcnəbilər üçün giriş 10 manat təşkil edir. Yerli vətəndaşlardan isə, məktəblilər üçün 1, tələbələr üçün 2, böyüklər üçün isə 5 manat giriş haqqı tələb olunur.
“Azərbaycan Respublikası Milli Təhsil Muzeyi”nin əsası 1932-ci ildə qoyulub. Muzeyin zəngin fondu və kitabxanasında minlərlə sənəd, fotoşəkil, dərslik və metodik ədəbiyyat toplanıb. Muzeyə giriş üçün ödəniş tələb olunmur.
“Milli Azərbaycan Tarix Muzeyi”ndə də giriş məktəbli və tələbələr üçün 2 manat, böyüklər üçün 5 manat, əcnəbilər üçün 10 manat olub. Amma hazırda muzey təmirlə əlaqədar bağlıdır və təmirin nə zaman bitəcəyi barədə dəqiq məlumat yoxdur. Muzey Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid olan maddi-mənəvi nümunələrlə zəngindir.
Hazırda ölkənin müasir tikililərindən birində yerləşən “Azərbaycan Xalça Muzeyi” yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlandığı yer kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Muzeyə giriş istər yerli, istərsə də əcnəbi məktəbli və tələbələr üçün 3 manat, böyüklər üçün isə 7 manatdır.
Muzeydə xalçaların satışı da həyata keçirilir. Belə ki, burada 3 500 manata Borçalı xalçası, 2 000 manata Təbriz xalçası, 2 000 manata Salyan xalçası, 1 309 manata namazlıq Borçalı xalçası, 1 368 manata namazlıq Şirvan xalçası satılır. Qeyd olunan xalçaların hamısı əl işidir.
“Miniatür Kitab Muzeyi”nin ekspozisiyası 27 vitrində yerləşdirilib. Vitrinlərə 60 ölkədə nəşr edilmiş 3 750 miniatür kitab düzülüb. Muzeyin kitab fondunda isə 5 300-dən çox miniatür nəşr var. Muzeyə giriş pulsuzdur.
“Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”nə giriş isə yalnız Pakistan vətəndaşları üçün pulsuzdur. Muzeydən “Report”a bildirilib ki, Pakistan vətəndaşlarının muzeyə girişinin ödənişsiz olması bu dövlətin Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan biri olmasıdır. MDB ölkələrinin vətəndaşları üçün giriş 7 manat, digər ölkələrdən olanlar üçün 10manatdır. Yerli vətəndaşlardan isə məktəblilər və tələbələr üçün 2, böyüklər üçün 5 manat tələb olunur. Muzey Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
“Azərbaycan Təbabəti Muzeyi”nə də giriş pulsuzdur. Muzeydən “Report”a bildirilib ki, burada qış aylarında bəzən işıqlar sönür: “Daha belə hallar yaşanmır”. Muzey tibb və səhiyyənin inkişaf tarixini, habelə Azərbaycan alimlərinin bu sahədəki nailiyyətlərini işıqlandırmaq və təbliğ etmək məqsədi ilə təşkil olunub.
1967-ci ildə yaradılan “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi”nin fondunda 60 minə yaxın eksponat toplanıb. Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri – əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Üzəyir Hacıbəyovun, Bülbülün, Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar. Muzeyə giriş haqqı yerli vətəndaşlar üçün 1manat, əcnəbilər üçün 5 manat təşkil edir.
Qeyd edək ki, əksər muzeylər gəlməzdən öncə onlara əvvəlcədən xəbərdarlıq etməyimizi xahiş etdilər. Muzeylərin bəzilərinin internet saytı olmadığından telefon nömrələrini tapmaq çətindir. Elə muzey var ki, onun “vikipedia“da qeyd olunan nömrəsi muzey nömrəsi deyil, hansısa fərdi yaşayış evinin nömrəsidir. Bəzi muzeylərin əməkdaşları qiymətlər barədə tam dəqiq məlumat verməkdə çətinlik çəkirlər. Əksər muzeylərin kassalarının telefon nömrəsi internetdə yoxdur. İnternetdən digər şöbələrin nömrələrini tapdığımız muzeylərin bir çoxunda isə telefona cavab verən olmadı.
Malayziya Azərbaycan ilə turizm sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bu ölkənin turizm, incəsənət və mədəniyyət naziri Mohammadin Bin Haji Ketapi ilə görüşüb.
Görüş zamanı səfir iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanlarından söhbət açaraq Azərbaycanda turizm sənayesinin prioritet sahələrdən olduğunu, son illərdə ölkəmizin regionda əsas turizm məkanlarından birinə çevrildiyini diqqətə çatdırıb.
Nazir Mohammadin Bin Haji Ketapi də ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir Malayziya və Azərbaycan arasında bu sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu, iki ölkənin mövcud turizm potensialının qarşılıqlı təşviqinin vacibliyini bildirib.
Səfir Q.Allahverdiyev Azərbaycanda turizm sektorunun geniş və çoxşaxəli olduğunu qeyd edərək, ölkəmizdə ənənəvi turizmlə yanaşı müalicə-sağlamlıq və dini turizm sahələrinin də inkişaf etdiyini vurğulayıb. Səfir son illərdə Azərbaycana səfər etmək istəyən əcnəbilər üçün viza prosedurunun sadələşdirilməsi istiqamətində mütərəqqi addımlar atıldığını, Malayziya da daxil olmaqla bir sıra xarici ölkə vətəndaşları üçün “ASAN Viza” sistemi vasitəsilə həm elektron, həm də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirildiyini vurğulayıb.
Q.Allahverdiyev, həmçinin birgə turist paketlərinin hazırlanması və çarter reyslərin açılması ilə bağlı təkliflərini səsləndirib. Diplomat cari ilin sonunda Malayziyada fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrindən ibarət geniş bir heyətin Azərbaycana səfərinin nəzərdə tutulduğunu bildirib. Qeyd olunan heyətin tərkibinə Malayziya KİV nümayəndələrinin də cəlb olunmasının və həmin səfərin yerli KİV-də geniş işıqlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb. O cümlədən səfir qarşılıqlı turizm imkanlarının təşviqi istiqamətində Malayziyanın İstanbuldakı turizm nümayəndəliyi tərəfindən səylərin artırılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığ müqaviləsi imzalanıb. Hüquq bazasına da toxunan səfir bununla bağlı Malayziya tərəfinə təqdim olunmuş iki saziş layihəsinin hazırkı vəziyyəti ilə maraqlanıb.
Nazir qeyd olunan saziş layihələrinin baxılmaqda olduğunu, layihələrin mətninin razılaşdırılması və imzalanması istiqamətində müvafiq işlərin sürətləndiriləcəyini diqqətə çatdırıb. Əlavə olaraq, cari il avqustun 26-dan 28-dək Kuala Lumpurda Dünya Turizm Konfransının keçiriləcəyi qeyd edib. Nazir, səfir Q.Allahverdiyevi həmin tədbirə dəvət edib.
Malayziyanın MDB ölkələri üzrə turizm səfiri, bu ölkədə yaşayan azərbaycanlı Nərgiz Səfərova da görüşdə iştirak edib.
Görüşdə Azərbaycanla Malayziya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair bir sıra digər məsələlər də müzakirə edilib.
Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib
İyulun 29-da Dövlət Turizm Agentliyi kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşlərdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu növ platformaların milli şəbəkələşmə işində mühüm rol oynayacağını qeyd edib.
O söyləyib ki, diskussiya xarakterli görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləməkdir. Bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərməkdir.

Görüşdə, həmçinin Dövlət Aqrar Ticarət Şirkəti, “ABAD” publik hüquqi şəxs, Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatı və Regional İnkişaf İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.
30-dək kənd qonaq evi sahibinin qatıldığı tədbirdə Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı istiqamətində gördüyü işlər və gələcək planlar barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, agentlik regionların turizm potensialından daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparır. Bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə Destinasiya Menecmenti Təşkilatları formalaşdırır.
“İnfrastruktur”, “Xidmətlərin səviyyəsi”, “Qonaq evlərinin hüquqi və marketinq qiymətləndirilməsi” kimi mövzularda müzakirələr aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb və verilən təkliflər dinlənilib.
