Ev Blog Səhifə 196

Bu layihə ilə kənddən şəhərə axın azalacaq…

0
Şəhərdən kəndə layihəsi

Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin “Şəhərdən kəndə” layihəsi çərçivəsində Şəki şəhərinə media-tur təşkil olunub.

Layihənin əsas məqsədi kənddə turizmin inkişaf etdirilməsi, sosial rifahın artırılmasıdır. Yeni xidmət sahələrinin açılması, alternativ satış kanalları, gəlirin diversifikasiyası, ailə bizneslərinə dəstək olmaqdır. Bu layihə çərçivəsində fermerlər üçün yeni məşğulluq imkanları yaranacaq. Məhsulları üçün alternativ satış kanalları əldə edə biləcək. Əlavə gəlir mənbəyi və gəlirin diversifikasiyası mümkün olacaq.

Layihənin əhali üçün faydaları maraqlı, fərqli və daha sərfəli istirahət imkanları, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaqdır. “Şəhərdən kəndə” layihəsi həmçinin dövlətin də maraqlarına xidmət etməkdədir. Bu layihə sayəsində aqrar sahibkarlıq, eləcə də kənd təsərrüfatı inkişaf edəcək, turizm potensialı güclənəcək, Ekoloji və aqrar maarifləndirmə həyata keçiriləcək, sosial rifah artacaq. Yeni xidmət sahələri yaranacaq, multikultural mühit inkişaf edəcək və şəhərə axın azalacaq”.

Qonaqlar əksər hallarda otellərdə nəyi yaddan çıxarırlar?

0
otellər

Biz hamımız yola çıxarkən əşyalarımızı topladıqda əksər hallarda nəyisə yaddan çıxarırıq. Bəzən bu, nəticədə mənzilbaşında əldə edə biləcəyimiz hansısa kiçik əşya da ola bilər. Bəzi hallarda isə mühüm əşya səbəbindən səfər pozula bilər. Turistlər tərəfindən təsadüfən otel nömrələrində yaddan çıxarılan əşyaların özünəməxsus reytinqi mövcuddur.

Mehmanxana və otellərin tərtib etdikləri daha çox yaddan çıxarılan kiçik əşyaların siyahısı bəzən özünün qeyri-adiliyi ilə təəccübləndirir. “Sabai.tv” portalı həm gündəlik işlənən, həm də qeyri-adi əşyalardan nümunələr gətirir.

Çimərlik ləvazimatı

Kurortlarda qonaqların gedişindən sonra onların çimərlik geyimi və məhrəba kimi çimərlik ləvazimatını yaddan çıxarmalarına tez-tez rast gəlmək olar. Həm də bunların əksəriyyəti bilərəkdən yaddan çıxarılır. Çünki onların fikrincə, iki il ardıcıl eyni çimərlik geyimində insanların qarşısına çıxmaq yaxşı deyil.

Günəş eynəkləri

Adətən bu aksesuar tələsik çıxdıqda haradasa dolabçanın üstündə, yaxud vanna otağındakı güzgünün qarşısında qalır; həmçinin şəxsi gigiyena əşyaları da – üz qırxma cihazı, diş fırçası və məcunu, duş üçün lif və gellər. Bunların bəzisi əlbəttə ki, bilərəkdən saxlanılır, çünki evdə onlara o qədər də ehtiyac olmur, digər tərəfdən də baqajda artıq yük əlavə narahatlıq yarada bilər.

Heyvanlar üçün qarderob

Kiçik əşyalar bəzən divan və çarpayının altına düşür və onları görmək mümkün olmur.

Diş protezləri

Su ilə dolu stəkanda qoyulmuş diş protezləri maraqlı və məzəli tapıntı hesab edilir.

İçərisində geyim olan çamadanlar

Bəziləri tələsik olaraq geyimlərini, hətta bəzən qarderobu ilə dolu çamadanını belə qoyub gedirlər. Belə hallarda həyəcanlanmaq lazım deyil, çünki mehmanxana qaydalarına müvafiq olaraq, bu əşyalar bir il ərzində yaddan çıxan əşyaların saxlandığı xüsusi anbarlara yerləşdirilir.

Bəzək əşyaları

Yatarkən çıxarılan bəzək əşyaları çarpayının yanındakı dolabçanın üstündə yaddan çıxaraq otel əmlakına çevrilə bilər.

Enerji yükləyiciləri və batareyalar

Enerjidoldurma qurğularına boşaldılan otağın hər birində rast gəlmək mümkündür, çünki smartfonlar və noutbuklar oteldən çıxanadək qidalandırıcı blokda olur, yalnız yola düşən anda baqaja qoyulur.

Saçqurudan və su qaynatma cihazı

Elə hallar da olur ki, otel xidmətçiləri müsafirlərin yaddan çıxardıqları saçqurudan və su qaynadan cihazı aşkarlayırlar. Xırda şey olsa da, belə aksesuarların itməsi sahibinə mənzilbaşına çatdıqda xoşagəlməz anlar yaşadır.

Dərmanlar

Adətən istirahət zamanı dərmanlar çarpayının yanındakı dolabçalarda, yaxud vanna otağındakı rəflərdə saxlanılır. Çox vaxt geriyə dönəndə bu gözdəniraq yerlərə heç kim nəzər yetirmir. Müsafirdən sonra isə “otelin dərman qutusu”na tibbi preparatlar əlavə olunur.

Pasport və digər sənədlər

Bu itki təkcə evə çatdıqda “başağrısı” yaratmır, həm də geriyə olan bütün yolu poza bilər. Sənədlərin itkisindən yaxa qurtarmaqdan ötrü onların keyfiyyətli surətlərindən istifadə etmək məsləhətdir.

Kiçik heyvanlar

Bəzi hallarda yerli bazarlardan alınan kiçik heyvanlar da mehmanxana nömrələrində unudulur. Uşaqlar tez-tez tısbağa və ya balıq aldırır, nəticədə bunların tamamilə lazımsız olması məlum olur.

Sözardı əvəzi

Əslində, bu siyahını sonsuzadək uzatmaq mümkündür. Geriyə qayıtmaq, yaxud digər yerə getmək üçün əşyalarını toplayan turistlərə nə məsləhət vermək olar? Əlbəttə ki, qabaqcadan zəruri əşyaların siyahısını tərtib etmək, sevimli əşyaları yaddan çıxarmamaqdan ötrü bütün dolabçaları, rəfləri, künc-bucağı təkrar-təkrar yoxlamaq lazımdır.

Rayonlarda istirahət etmək istəyənlər nədən şikayətlənir?

0
Rayon

“Əgər yerli turist Antalyada və Qəbələdə eyni şərtlərdə eyni qiymətə qalacaqsa, o turisti Qəbələdə kim saxlaya bilər?”, turizm üzrə təhlilçi sual edir


“Azərbaycanda rayonda dincəlmək baha olduğu üçün məcbur qalıb daha ucuz yerlərə gedirik”, imkan tapdıqca qonşu Gürcüstana, Türkiyəyə istirahətə gedən Bakı sakini Aytən Allahverdiyeva deyir.

“Rayonlarda həm də aşağı keyfiyyətli xidmətdən bezirsən”, deyən müsahibimiz həmçinin bölgələrdə gigiyenik vəziyyətin “qənaətbəxş olmamasından” narahat olduğunu bildirir.

Bahalıq, “keyfiyyətsiz” xidmət və təmizliyə riayət olunmaması təkcə bu Bakı sakininin deyil, turizm üzrə təhlilçilərin də daxili turizm sahəsində tez-tez qaldırdığı məsələlərdəndir.

Azərbaycanı 2025-ci ilədək dünyada ən çox ziyarət edilən 20 məkandan birinə çevirmək istəyən hökumət bir neçə ildir ki, daha çox yerli turistin bölgələrə getməsini təşviq etmək siyasətini müəyyənləşdirib və buna həm də büdcə gəlirlərini artırmaq yolu kimi yanaşır.

Səyahət etməyi sevən Bakı sakini Aytən Allahverdiyeva rayonlarda istədiyi kimi istirahət edə bilmədiyi üçün tez-tez qonşu ölkələrə gedir.

Rayonlarda istirahət etmək istəyənlər nədən şikayətlənir?


“Rayonlara gedib yaxşı otellərdə qalıb dincəlməyi istərdim, amma qiymətlər kosmik səviyyədədir, o pula Türkiyədə, Gürcüstanda 3-4 gün gəzib-dolanmaq olar”, o BBC News Azərbaycancaya müsahibəsində deyir.

Aytən Allahverdiyeva qeyd edir ki, hətta Bakıda istirahət etmək rayonlardan daha ucuz başa gəlir.

Turizmlə məşğul olan bir şirkətin icraçı direktoru Vüsal Muradlı bahalıqdan əlavə, otellərdə yerlərin olmamasını da daxili turizmin problemlərindən hesab edir:

“Camaat qışda Şahdağa, Qəbələyə, bəzən də Şəkiyə gedir, o da bir, maksimum iki günlük. Yayda isə çoxları çalışır ki, Türkiyəyə, Gürcüstana qaçsın. Bunun bir səbəbi bahalıqdır, digər səbəbi də çünki şirkətlər əvvəldən bron etdikləri üçün yerli əhali bəzən də yer tapa bilmir”.

Turizm üzrə təhlilçi Rəhim Qədirov büdcəyə uyğun məkanların azlığına, bahalıq və gigiyenik vəziyyətin çatışmazlığını da əlavə edir.

“Əgər yerli turist Antalyada Qəbələdə eyni şərtlərdə eyni qiymətə qalacaqsa, o turisti Qəbələdə kim saxlaya bilər? Yerli əhali qiymətlərdə endirim ala bilsə, otel və digər qalmaq üçün mərkəzlərlə təmin olunsa, vəziyyət dəyişə bilər”, o əlavə edir.

Cənab Qədirov hesab edir ki, gigiyena məsələsi əsasən qiymətlərdən və sahibkardan asılıdır.

“Bəzi hallarda gigiyenik vəziyyətdən mən də narazı qalıram. Ancaq dediyim kimi 5 ulduzlu oteldə qalırsınızsa, gigiyena problem olmayacaq, digər yerlərdə isə vəziyyət fərqli ola bilər”, – Rəhim Qədirov bildirib.

Gəzməyə başqa ölkə, istirahətə Azərbaycan – necə?


Azərbaycanda turizm şirkətlərini birləşdirən qeyri-hökümət təşkilatı – Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi əhalinin Gürcüstana getməyib regionlarda istirahətə üstünlük verməsi üçün “xeyli dəyişikliyə” ehtiyac olduğunu deyir.

Əhali Şahdağa əsasən qışda üz tutur, turizmçilər deyirlər


“Gəzməyə onsuz da gedirlər, ancaq istirahət etmək üçün bütün şərait yaradılsa, müsbət cəhətləri – qonaqpərvərlik və digər nəzərə alınsa, Azərbaycanı turizm ölkəsinə çevirə bilərik”, qurum sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir.

Onun sözlərinə görə Azərbaycan “365 gün istirahət etmək və turizmin bütün növlərini -ağlamlıq, qış, çimərlik, dağ, çadır – inkişaf etdirməyin mümkün olduğu məkandır.

“…müsbət münasib şərait yaratmaq lazımdır. Abşeron yarımadasında otellərin rəqabətini gücləndirmək üçün bir-iki-üç ulduzlu otellərin inşasına çoxdan başlanmalı idi. Bunun nəticəsində də otellərin qiymət məsələsində tənzimlənmə ola bilərdi”, o BBC News Azərbaycancaya müsahibəsində deyir.

O hesab edir ki, konkret şeylərin qiyməti ilə bağlı araşdırma aparılmalıdır.

“Araşdırılmalıdır ki, niyə bir şey orda 3, bizdə 10 manatdır. Ölkədə otellər nə üçün bahadır? Hostellərin inkişafı standartları hazırlanmalıdır, özü də regionlarda. Tutaq ki, bir adam xəstədir və gedib Qalaaltıdan müalicə olunmalıdır. O necə müalicə olunsun ki, həmin müalicə yerindəki otellər 5 ulduzludur.

Üstəlik, bir adam müalicə üçün azı 14 gün qalmalıdır, bunu hesablayanda gör nə qədər pul edir. Aztəminatlı insanlar üçün üç ulduzlu otellər olmalıdır. Tələbə gənclər və aztəminatlı insanlar üçün çadır turizmi inkişaf etdirilməlidir”.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2019-cu il başlayandan 986 min nəfər bölgələrə, 958 min şəxs isə Azərbaycandan xaricə turistik səfər edib. Xaricə səfər edənlərin 337 min nəfəri istirahət üçün qonşu Gürcüstana gedib.

Komitənin BBC News Azərbaycancaya verdiyi məlumata görə, turizm məqsədi ilə xaricə gedən vətəndaşların çəkdikləri xərc təxminən 544 milyon manat olub.

Qiymətlər münasibdir?


Dövlət Turizm Agentliyi (DTA) əhalinin regionlarda istirahət etmək və zövq almağı üçün kifayət qədər resurs və potensial mövcud olduğunu deyir.

“Yay turizminə regionlarda kifayət qədər maraq var. Əsas turizm mövsümü kimi yay zamanı regionlarda nəinki otellər, hətta fərdi evlər də dolu olur. Qiymətlər isə hər seqmentdən olan turistlər üçün münasibdir”, agentliyin sektoru müdiri Elgün Cavadov deyir.

Qurum nümayəndəsi yerli və regional turizmin inkişafının surətləndirilməsi, turizmin inkişafında maraqlı olan bütün tərəflərin iştirakı ilə əməkdaşlıq platformasının yaradılması üçün bu ilin əvvəlində şimal rayonlarını əhatə edən 5 Destinasiya Menecment Təşkilatının yaradıldığını deyir.

“Mövcud ənənəvi festivalların [məsələn, Gədəbəy rayonunda keçiriləcək “Milli Yaylaq Festivalı” – red.] daha cəlbedici edilməsi yönündə işlər görülür, turizm sənayesi ilə məşğul olan rayon sakinləri ilə görüşlər keçirilir”.

Elgün Cavadov onu da qeyd edir ki, turist məmnuniyyətinin yüksəldilməsi üçün ilk olaraq Şamaxı, İsmayıllı, QəbələOğuz rayonlarını əhatə edən “Təmiz və Təhlükəsiz Tualet” pilot layihəsi hazırlanıb.

Türkiyənin Egey dənizi sahillərindəki kurortları üçün yanğın təhlükəsi yoxdur

0
Kurort

Türkiyənin hakimiyyət orqanları ölkənin cənub-qərbində yerləşən Muğla əyalətində baş verən meşə yanğınları ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirirlər. Alov yaşayış məntəqələrinə və Egey dənizi sahillərində yerləşən populyar turist kurortlarına heç bir təhlükə yaratmır.

Bu barədə RİA Novosti agentliyinə istinadla xəbər verir.

Havanın yüksək hərarəti və güclü külək Türkiyənin Muğla əyalətində meşə yanğınlarına səbəb olub. Hakimiyyət orqanlarının məlumatına görə, yanğının alışma mənbələrinin əksəriyyəti söndürülüb, hazırda yaşayış məntəqələri və kurortlar üçün heç bir təhlükə yoxdur.

Turizm infrastrukturuna ziyanın dəyməsi halları qeydə alınmayıb. Canlı təbiətin bir hissəsi məhv olub. Biz buna görə çox təəssüflənirik. Payızda Muğla əyalətində yeni meşələr salınacaq”, – deyə Türkiyənin Kənd və Meşə Təsərrüfatı naziri Bəkir Pakdəmirli bəyan edib.

Türkiyənin Egey dənizi sahillərindəki kurortları üçün yanğın təhlükəsinin olmaması barədə məlumatı turoperatorlar da təsdiqləyir. Onların məlumatına görə, turistlərin maksimal narahatlığı yanıq iyi və tüstü ola bilər ki, bu da yalnız güclü külək vasitəsilə uzaq məsafəyə yayılır.

İstirahət edənləri otellərdən köçürmürlər. Bütün infrastruktur adi rejimdə işləyir, ekskursiyalar planlaşdırılan qrafik üzrə aparılır.

Azərbaycanda qoruqları idarə edəcək mərkəzin nizamnaməsi təsdiqlənib

0
Qoruqlar

Baş Nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

Qərar Prezidentin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən hazırlanıb.

Nizamnaməyə əsasən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi əsas məsələlərdən biridir. Təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Qeyd edək ki, Qoruqları İdarəetmə Mərkəzi Prezident İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli Fərmanı ilə yaradılıb.

Fərdi ekskursiyaların üstünlüklərini göstərən beş səbəb

0
Ekskursiya

Maraqlı, yaddaqalan tətillər təkcə günəş vannaları, dadlı yeməklər və ya şopinq ilə məhdudlaşmır. Məzuniyyət həm də insanın öz dünyagörüşünü genişləndirmək, yeni biliklər əldə etmək, tarixi, memarlığı, mədəniyyəti, ənənələri öyrənmək, şəhərlərin və ölkələrin bütün çalarlarını hiss etmək fürsətidir.

İnternetə və virtual bələdçilərə etibar edərək məzuniyyət proqramını müstəqil şəkildə tərtib edə bilərsiniz, lakin bu halda bəzi çox mühüm məqamları əldən vermək, geniş reklam edilməmiş, lakin bu səbəbdən daha dəyərli, autentik obyektlərdən yan keçmək riski çox böyükdür. Alternativ variant kimi qrup halında ekskursiyalar var: baxmağınız zəruri olan görməli yerlərin siyahısında mümkün qədər çox “quş qoymaq” arzusunda olanlarla bərabər qısa və uzun məsafələrə qaça bilərsiniz, lakin bu siyahıdakı obyektlərin çoxu darıxdırıcı, şablon və yeknəsəq olur.

Nəhayət, o qədər də aşkar görünməyən, lakin populyarlığı sürətlə artan bir variant da şəxsi gidlərlə birlikdə gəzintilər variantıdır. Onlar bələdçilik etdikləri yerləri hamıdan yaxşı tanıyır və bu sirləri qədirbilənlərlə bölüşməyə hazırdırlar. “www.tonkosti.ru” resursuna istinadla fərdi ekskursiyaların üstünlüklərini öyrənməkdə sizə kömək edəcək.

1. Bu, daha effektlidir.

Qrup halında standart ekskursiya zamanı vaxtınızın az qala yarısı nəyə sərf edilir? Heç də görməli yerlərə yox: qiymətli dəqiqələrin, hətta saatların çox hissəsi gözləməyə, növbələrə, hamını bir yerə toplamağa və başqa səmərəsiz məşğələlərə sərf edilir. Üstəlik, turist avtobuslarının şəhər küçələrində dönməsi çətindir, onlar uzun müddət tıxaclarda gözləyir, parklama üçün yer axtarırlar. Bütün bunlar seçim imkanını xeyli məhdudlaşdırır.

Özəl gidlər taym-menecmentin virtuozlarıdır. Onlar əsas məqamları seçir və marşrutu elə tərtib edirlər ki, səyahətçi şəhərlə rahat tanış olsun, heç kəsdən asılı olmasın. Fərdi ekskursiyaların çoxu piyada təşkil edilir, istirahət, ən yaxşı kafe və restoranlarda yemək üçün fasilələr nəzərdə tutulur. Avtomobillə ekskursiyalar zamanı transfer üçün vaxt sərfi minimuma endirilir.

Lisenziyalı gidin müşayiəti ilə dünyanın ən populyar muzeylərinə də növbəsiz düşə bilərsiniz.

2. Belə daha maraqlıdır.

Çox vaxt ekskursiya marşrutlarına çoxdan klişeyə çevrilmiş ən məşhur turist obyektlərini daxil edirlər. Kütləvi şəkildə ekskursiyaya gedəndə mərkəzdən uzaqlaşmaq, döngələrə boylanmaq, rahat kafedə dincəlmək, çoxlarına məlum olmayan, lakin mühüm obyektlərə baxmaq imkanı olmur.

Özəl ekskursiyalar isə təfsilatlar ətrafında qurulur, naməlum obyektlərlə tanış olmaq üçün nadir fürsət yaradır. Şəxsi gidin müşayiəti ilə mümkün olmayan heç nə yoxdur. Hətta ən üstün sayılan yerlər də fərdi qaydada təqdim edildikdə və müvafiq materialı dərindən bildikdə yeni, gözlənilməz cəhətlər üzə çıxır.

Şəhərdə gidin müşayiəti ilə gəzinti A məntəqəsindən B məntəqəsinə marafona yox, fasiləsiz söhbətə, həm görməli yerlərdə, həm də oraya gedən yolda sual və cavablar, dəqiqləşdirmələr və təfsilatlar, gid ilə daimi əlaqə formasında canlı söhbətə oxşayır.

3. Bu, daha fərdidir.

Turistlərin böyük qrupları ilə işləyən gid müvafiq mətni əzbər öyrənir və monoton şəklində təkrarlayır. Nadir hallarda nəyəsə maraq göstərənlərlə ünsiyyət saxlamalı olur. Marşrut incəliklərinə qədər işlənib hazırlanıb, burada hər dəqiqə ölçülüb-biçilib, qrafikdən azacıq kənarlaşmaq istəsəniz, bunu sizə nəzakətlə, amma israrla xatırladacaqlar.

Özəl gid isə bütün diqqətini ətraf aləmə və himayəsində olanlara yönəldir. Burada baş verən hadisələr onun özü üçün də maraqlıdır. Axı bu peşəni öz şəhərlərinə vurğun olanlar seçir. Hər bir gəzinti başqalarından fərqlənir. Nümunəvi ssenariyə baxmayaraq, burada bir qədər gözlənilməzliklər labüddür. Bələdçi səyahətçinin sürətinə uyğunlaşır, onun üstünlük verdiyi məqamları duyur və əlüstü plana düzəlişlər edir.

Fərdi ekskursiyaların seçimi müqayisəyəgəlməz dərəcədə zəngindir.

4. Belə daha ucuzdur.

İndi sizə sürprizimiz var. Fərdi gid ilə gəzinti standart ekskursiya paketindən daha ucuz başa gələ bilər. Bunun sirri düzgün planlaşdırma ilə bağlıdır: fərdi turlar çox vaxt 4-10 nəfərlik qruplar üçün nəzərdə tutulur. Buna görə də qohumlarınız, dostlarınız və ya həmkarlarınızla birgə səyahətə çıxaraq xərcləri öz aranızda bölməklə xeyli qənaət edə bilərsiniz. Hətta məzuniyyətə tək və ya ikilikdə gedəndə də internet forumlarda və sosial şəbəkələrdə münasib kompaniya tapa bilərsiniz. Bunun üçün yalnız şərtlərimiz, üstünlük verdiyiniz məsələlər və səyahətin marşrutu barədə əvvəlcədən razılaşmaq lazımdır.

5. Belə daha perspektivlidir.

Qrup halında ekskursiyadan sonra ən yaxşı halda albomunuzda bir neçə fotoşəkil, yadınızda bir neçə maraqlı fakt qalacaq. Özəl igid ilə birlikdə gəzinti isə bütün hallarda gələcək turizmə töhfədir. Maraqlı ekspertə istənilən mövzuda suallar verə bilərsiniz. Bir vaxt bu şəhərdə tək qalmalı olsanız, həmin məlumatlar işinizə yarayacaq. Bəxtiniz gətirsə gid ilə ünsiyyətiniz dostluğa çevrilə bilər. Bu isə oraya bir daha qayıtmaq üçün yaxşı bəhanədir!

Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var – ARAŞDIRMA

0
Bağ evləri

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir.

Paytaxt sakinlərinin bir qismi şəhərin ətrafında yerləşən bağ evlərinə üz tutur. 

Təbii ki, onların arasında şəxsi bağ evlərinin sahibləri ilə yanaşı, başqasının bağ evini müəyyən müddətə kirayəyə götürənlər də olur. Bu, bir çoxlarına sərf edir. Çünki, bağ evindən şəhərin mərkəzinə – işə və yaxud digər məqsədlərlə gəlib-getmək asandır. Digər tərəfdən vətəndaşların bağ evinə tələbatı mövsümi xarakter daşıyır. Odur ki, onu almaqdansa, aylıq kirayələməyə üstünlük verirlər. Kirayə qiymətlərini isə bağ evinin ölçüləri, vəziyyəti, yeləşdiyi ərazi, həyətyanı sahəsində ağacların, eləcə də hovuzun olub-olmaması müəyyən edir.

Yayı Bakının ətrafında keçirmək elə də ucuz deyil. Bağ evlərinin aylıq kirayə qiymətləri Mərdəkanda 700 – 15 000 manat, Novxanıda 1 000 – 10 000 manat, Bilgədə 600 – 12 000 manat, Şüvəlanda 1 200 – 15 000 manat, Buzovnada 700 – 15 000 manat, Fatmaidə 900 – 5 500 manat, Pirşağıda 750 – 5 000 manat, Nardaranda 750 – 4 000 manat, Şağanda 650 – 3 700 manat, Goradildə 1 400 – 2 100 manat, Türkanda 500 – 1 500 manat, Hövsanda isə 850 – 1 350 manat arasında dəyişir.

Bağ evləri

Bağ evlərinin kirayə bazarındakı “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ötən illə müqayisədə bu il qiymətlərdə 10%-ə yaxın artımın olduğunu deyib.

“Yayda bağ evlərinin kirayə qiymətlərinin digər fəsillərlə müqayisədə yüksək olması təbiidir və hər il üçün xarakterik tendensiyadır. Çünki, yay aylarında tələbat artır. Hər il qiymət artımı daha çox may ayının əvvəllərində başlasa da, bu il bu proses bir qədər ləngidi. Ehtimal edirəm ki, bu gecikmə Ramazan ayı, xüsusən həmin dövrdə havaların nisbətən sərin keçməsi ilə bağlı oldu. Hazırda bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10%, qış mövsümü ilə müqayisədə isə 2-3 dəfə artım var”.

Ekspert qeyd edib ki, bağ evlərinin qiymətlərinin daha çox artdığı ərazilər inzibati mərkəzlərə yaxın və yol infrastrukturu baxımından şəhərə gediş-gəliş imkanları daha yaxşı olan ərazilərdir: “Buna misal olaraq Mərdəkan, Şüvəlan, Bilgəh, Novxanı ərazilərini göstərmək olar. Burada yol infrastrukturunun yenilənməsi, onların şəhərə daha yaxın olması, gediş-gəlişin daha rahat olması həmin yerlərdə kirayə bağ evləri qiymətlərinin yüksək olmasının əsas səbəbidir”.

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı

“Əhalinin əksər hissəsi təqribən orta dəyəri 1 000 manat ətrafında olan, yəni ucuz hesab edilən evlərə üstünlük verir”.

Bağ evləri

Bakı sakinlərinun çoxu aylıq kirayə qiyməti 1 000 manat ətrafında olan, yəni ucuz hesab edilən evlərə üstünlük verir. Bəzən də bir neçə ailə eyni vaxtda bir evi kirayələyir. Bu zaman hətta aylıq qiyməti 3 000- 5 000 manat olan bağlara da maraq olur.

R.Osmanlının sözlərinə görə, bəzən bağ evlərini bir neçə günlük də kirayəyə götürürlər: “Bu halda gündəlik qiymət 100 manatdan başlayır. Elə ərazilər var ki, orada qiymətlər hətta 500 manata çatır”.

Ekspert növbəti aylarda bağ evlərinin kirayə qiymətində artım gözləmədiyini və bu bazarın sabitləşdiyini də bildirib.


Azərbaycanda helikopter turları başlayıb – İSTİQAMƏTLƏR VƏ QİYMƏTLƏR

0
Helikopterlə turlar

Azərbaycanda rayonlara helicopter turları başlayıb. Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən biri Bakıdan Qəbələyə və Qubaya helikopterlə turlar təşkil edir.

«Agusta Westland AW-139» markalı helikopterlə təşkil olunan turun baş tutması üçün azı 12 nəfərin iştirak etməsi vacibdir. Bu zaman isə adambaşına 1100 manat ödənməlidir.

Eləcə də bax: Gürcüstandan Avropanın daha 12 şəhərinə – UCUZ UÇUŞLAR

Şirkətdən verilən məlumata görə, ümumilikdə 4-5 saat çəkən səyəhət Bakı- Quba və Bakı-Qəbələyə həyata keçirilir. Tura Bakıda Zabrat aeroportundan başlanılır. Belə ki, səfər edilən ərazidə turistlər nahar edib bir neçə saat gəzdikdən sonra yenidən helikopter vasitəsi ilə Bakıya gətirilirlər. Günorta yeməyi pulsuzdur. Buraya assorti kabablar, müxtəlif növ salatlar, qarnirlər və soklar, sular, kompotlar daxildir.

Eləcə də bax: Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var – ARAŞDIRMA
 

Məlumat üçün bildirək ki, turun tam dəqiq baş tutması hava şəraitindən də aslıdır. Həmçinin yaşından aslı olmayaraq ödəniş hamı üçün eynidir. Bundan başqa, istəyə uyğun olaraq yeməklərdə və proqramda dəyişiklik edilə bilər.

FED.az-a verilən məlumata görə, təkcə son iki gün ərzində turla maraqlananların sayı 500 nəfərdən çox olub. Şirkət rəsmisinin sözlərinə görə, bu tip turlara daha çox Körfəz ölkələrindən olan turistlər maraqlanırlar. Belə ki, ərəb turistlərin yola çox vaxt itirmək istəmədikləri üçün bu varianta üstünlük verirlər.

20 manata 5 ulduzlu oteldə qala bilərsiz

0
Hindistan

Yazıma başlamazdan öncə böyük bir israrla onu qeyd edim ki, yaranışı eramızdan əvvələ, yaşayışı fərqli ənənələrə söykənən, əhalisinə görə dünyada ikincidir. Ərazisinə görə isə yeddinci yerdə olan bir ölkədə cəmi 3 gün olmuş, ən əsası, səfər boyunca bir inək belə görməmiş şəxs üçün Hindistan haqqında qəti fikir bildirmək heç də asan deyil. Din, dil, mədəniyyət, dünya görüşünün hər kəsə görə çeşidləndiyi hindlilər üçün ümumiləşdirmə aparmaq haradasa imkansızdır.

Çünki beynində tam fikir formalaşmışkən 5 dəqiqə sonra tamamilə əksini görə bilərsən. Məsələn, təmizliyi elə də sevməmələri ilə məşhur olan hindlilərlə yanaşı, son günlər olduğumuz mühitdə insanların gigiyenik qaydalara xüsusi diqqət yetirdiyini müşahidə etdik.

Ölkənin bir yanında texnologiya ən yüksək səviyyədə inkişaf etsə də, digər yanında internetin varlığından xəbərsiz, yoxsul insanların olması və yaxud kiminin Nirvanaya çatdığı bu diyarda il ərzində, sözün əsl mənasında, yerdən qalxmağa üşənənlərin olduğunu nəzərə ala bilərik. Bu yazını yazmağın ip üzərində gəzmək kimi bir şey olduğunu görərik.

Ona görə də, xeyli araşdırma və müşahidələrimə əsaslanmağıma baxmayaraq, fikirlərimdə hər hansı kiçik təhriflərin olması qaçılmazdır. Düşünürəm ki, din, dil, mədəniyyət qovşağı olan şərqin “qara inci”sində bir il yaşasan belə, hər şeyə tam hakim olmaq mümkünsüzdür.
Ancaq yenə də gördüklərimi tam çılpaqlığı ilə sizin üçün ifadə etməyə və Hindistana getməyin mənfi və müsbət tərəflərini izah etməyə çalışacam.

Hindistan

Hindistana necə getmək olar?

“Azərbaycan Hava Yolları” artıq bu aydan etibarən Hindistanın paytaxtı Dehliyə uçuşlara başlayıb. Həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək reyslər ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə baş tutur. Bizim də yer aldığımız ilk uçuşun müddəti 5 saat 15 dəqiqə oldu. Bakı-Dehli-Bakı təyyarə biletlərinin qiyməti isə ekonom sinfi üçün təqribən 1000 manat civarında dəyişir. Hindistan Azərbaycandan viza tələb edən ölkələrdəndir. Bu səbəbdən 1 həftə öncə səfirliyə müraciət etmək lazımdır. Viza 3-5 iş günü ərzində 67 manata verilir.

Hindistan

 Hindistana getməzdən öncə peyvənd vurdurmaq nə dərəcədə vacibdir?

Sözün düzü, Dehliyə gəlməzdən öncə araşdırmalarım məni xeyli ruhdan salsa da, hər şey gözlədiyimdən qat-qat uğurlu oldu. Xüsusilə də, təmizlik barəsində. Bir çox Avropa ölkəsinin vətəndaşlarına Hindistana getməzdən öncə yoluxucu xəstəliklərə qarşı peyvənd vurdurmaq məcburi olsa da, Azərbaycan bu siyahıda yoxdur. Bundan başqa, getdiyiniz bölgədən asılı olaraq təmizlik və xəstəliklərin yoluxma ehtimalı dəyişir. Məsələn, bizim qaldığımız otel mərkəzi küçələrdən birində – Aşokada yerləşirdi. Odur ki, ərazi tam yaşıllıq, küçələrin təmizliyini isə qənaətbəxş hesab etmək olar. Ən azından daha sonra arxa küçələrə getdiyimiz zaman yerləşdiyimiz ərazinin təmizliyinə bir daha əmin oldum.

Hindistan

Dehlidə otel qiymətləri necədir?

 Məsləhətli olar ki, istirahət üçün Hindistanı seçsəniz, mütləq otelin yerləşdiyi məkana və ulduzuna, təmizlik barədə müştərilərin dəyərləndirmələrinə xüsusi fikir verəsiz. Əgər təmizliklə bağlı xüsusi istəkləriniz varsa, hostellərdənsə, 4 və ya 5 ulduzlu otellərə üstünlük versəniz, daha yaxşı olar. Çünki günboyu gəzməkdən doymamağın yaratdığı yorğunluğu yalnız gecə rahat yataqda yatmaq ala bilər. Xoşbəxtlikdən, Dehlidə lüks otellərin birində gecələmək elə də baha deyil.

Hindistan

Məsələn, gecəsi cəmi 20 manata 5 ulduzlu otellərdə otaq tapmaq mümkündür. Bu zaman təmizlik barədə düşüncələrinizin tam fərqli olduğu hostel əməkdaşları ilə uzun-uzadı müzakirələrə ehtiyac qalmaz.

Havası isti, yeməkləri deyildiyi qədər acıdırmı?

Yeməyin növündən, şirniyyat və ya xörək olmasından asılı olmayaraq Hindistan milli mətbəxinin olmazsa-olmaz ədviyyatları var: sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq və hind zəfəranı. Odur ki, bu ədviyyatlar yediyiniz bütün yeməklərdə eyni tamı almağınıza səbəb olacaq. Bundan başqa, dünyada ən çox vegeterianın yaşadığı bu ölkədə yeməklərin əksəriyyəti tərəvəzlərlə, bir qismi toyuqla, nadir halda isə qoyun əti ilə hazırlanır.

Qeyd etdiyim kimi, yeməklərin əksəriyyəti qonaqlar üçün dözülməz dərəcədə acı, ədviyyatlı olsa da, yuxa, düyü və digər qarnirlərdə duz, demək olar ki, yox dərəcəsindədir. Hələ bələdçimiz bizə təqdim olunan təamların az acılı seçildiyini söylədi. Odur ki, 38-43 dərəcə arasında dəyişən temperatur və tozlu havanın küçədə yaratdığı sauna effekti, yeməklərin o qədər də ağız dadımıza uyğun olmaması bizim xeyli çəki itirməyimizə səbəb oldu. Hətta qrup üzvlərimiz arasında 3 günə 6 kiloqram arıqlayanımız belə oldu. Hindistanın küçə yeməkləri nə qədər məşhur, bol çeşidli olsa da, turistlərə dadmaq, xüsusilə də küçədə satılan və mənşəyi bəlli olmayan su və ya buzdan istifadə etmək birmənalı olaraq tövsiyə olunmur. Bu, mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Hətta küçələrdə yemək üçün istifadə olunan qablar, balaca çadırlarda çirkli su ilə yuyulub yaxalanır.


Hindistan

Yuxarıda havanın çirkli olduğundan bəhs etdiyim üçün bir nüansı da vurğulamaq istəyirəm ki, Dehli yaşıllıqlarla zəngin və daha çox velosiped, motosiklet və qazla işləyən avtomobillərin çoxluğu ilə seçilir. Burada hava kirliliyinə əsas səbəb əhalinin sıx məskunlaşmasıdır. Təxminən 35% hindli yoxsulluq səviyyəsində yaşayır. Bu səbəbdən də, Dehlinin istər mərkəzi, istərsə də, arxa küçələrində çox rahat formada səkilərdə yatmış xeyli sayda insan görmək mümkündür. Gözünə xoş gələn bir yer seçib yatırsan, insanlar yanından, hətta üzərindən keçib yollarına davam edir. Reinkarnasiyaya inancın böyük olduğu Hindistanda insanlar bu yaşamında çəkilmiş hər bir əziyyətin əvəzi olaraq növbəti həyata gəlişində mükafatlandırılacaqlarını güman edirlər. Odur ki, bu həyat onlar üçün heç də acınacaqlı deyil. Vəziyyətləri ilə barışan insanlar, xoşbəxtliyi növbəti yaşamlarından gözləyir.

 Maraqlısı budur ki, cəbrin, həndəsənin, şahmatın vətənində, müxtəlif təriqət və fəlsəfənin yarandığı şərq torpağında bu gün hindlilər daha çox tənbəl kimi tanınır.

Bütün hindlilər ingilis dilini bilirmi?

Hindistanda əsas dil hind dili olsa da, ikinci ana dili ingilis dilidir. İngilis dili Hindistanın 22 rəsmi dilindən biri və hind dili ilə birlikdə hökumətin köməkçi rəsmi dili hesab edilir. Ümumilikdə isə burada rəsmi 22 ana dili var. Ancaq bu o demək deyil ki, hər kəs ingilis dilini tam bilir. Hətta hind dilinin müxtəlif dialektlərinə görə bir-birini başa düşməyən hindlilər belə kifayət qədər çoxdur.

Hindistan

Dehlidə gəzib görülməli məkanlar hansılardır?

Bu suala bir cümlə ilə cavab verə bilərəm ki, Dehlidə hər küçədə mütləq görülməli abidə, məbəd, saray bə yaxud qədim tarixi özündə əks etdirən bir tikili mütləq ki olacaq. Hindistanda yerləşən məbəd və abidələrə hər il turist axınının olduğu heç kim üçün sirr deyil. Maraqlısı budur ki, tarixi məkanlara maraq elə yerli xalq arasında da kifayət qədər böyükdür. Burada maraqlı məqamlardan biri də, hindlilər və turistlər üçün məbədlərə giriş biletinin qiymətində olan böyük fərqdir. Məsələn, paytaxt Yeni Dehliyə köçürülən zaman Monqol imperatoru Şahcahanın əzəmətinin nümayişi üçün inşa edilmiş Qırmızı Qalaya turistlər üçün giriş 950 rupi, yerli əhali üçün isə cəmisi 80 rupidir. Tikili haqqında onu da deyim ki, inşasında mərmər, gümüş və qızıl kimi zinətlər bol istifadə edilmiş qalaya baxan zaman Şahcahan bu sözləri deyib: “”Dünya üzərində bir cənnət varsa, o, budur”.


Bundan başqa, Dehlidə dünyanın ən böyük Günəş saatı kimi bilinən Jantar Mantar, Lotus, Akshardham, Qutub Minar, Hind Qapısı və s. məşhur məkanlar var. Təkcə Lotos məbədini il ərzində 50 milyona yaxın insan ziyarət edir. Tarixi məkanları səliqəli saxlamaq üçün hökumət əllərindəki yemək artıqlarını və lazımsız əşyaları küçələrə atmağı sevən hindlilər üçün müəyyən qadağalar qoymaq məcburiyyətində qalıb. Belə ki, bir çox məkanlara yemək, plastik qablar, çərəz asitələri keçirmək qadağandır. Bununla da ətrafın təmizliyi təmin olunur. Onu da qeyd edim ki, küçədə seyrək də olsa, zibil qablarına rast gəlinsə də, yerli əhali onlardan istifadə etməyi elə də sevmir. Odur ki, arxa küçələrin zibilli olması elə də qeyri-adi bir hal deyil.

Hindistan

Eşitdiklərimlə yanaşı, müşahidəmə əsasən də deyə bilərəm ki, burada nəinki zibili küçəyə atmaq, küçədə təbii ehtiyacını ödəmək belə adi bir hal kimi qarşılanır.

Hindular ölkə əhalisinin 80%-ni təşkil edir. Müsəlmanlar isə sayına görə bu ölkənin ikinci ən böyük qrupu sayılır və onlar 13%-ə bərabərdir. Dünyanın bir çox məzhəb nümayəndələrinə Hindistanda rast gəlmək mümkündür. Bundan əlavə induizm, buddizm, caynizm və sikxizm məhz burada inkişaf edib.

“Əxlaqi təməli itirəndə dindən də uzaqlaşırıq. Əxlaqa əsaslanan din kimi bir şey yoxdur. Məsələn insan həm yalançı, həm zalım, həm də nəfsinə yiyə durmadığı halda, Tanrının onunla birgə olduğunu deyə bilməz”. Bu sözlərin müəllifi olan Maxatma Qandinin doğum günü – 2 oktyabr Hindistanda milli bayram, dünya isə “Ümumdünya şiddətə yox günü” kimi qeyd edir. Hindistanı azadlığa çıxarmış, yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif dini və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoymaq uğrunda mübarizə aparan Qandi bütün həyatını ölkənin Britaniya əsarətindən azad olunmasına həsr edib. Odur ki, “xalq atası”na və onun davamçısı -Hindistanın ilk, dünyanın isə ikinci qadın baş naziri olan İndira Qandiyə ölkədə böyük hörmət var. Dehlinin hava limanı, ən böyük stadionu, məktəb, prospekt və küçələri bu ecazkar siyasətçi qadının şərəfinə adlandırılıb. Ancaq bütün bunlara baxmayaraq, təəssüf ki, Hindistan da qadınların təhsil və inkişafı baxımından o qədər də inkişaf etmiş ölkələr siyahısında deyil. Hətta ölkədə kasta sistemi ləğv olunsa da, hələ də insanların düşüncələrində bu təbəqələşmə mövcuddur.

Evlilik zamanı belə ailələrin şəcərəsi, cütlüklərin bürcləri əsas meyar götürülür. Belə ki, evlilik yaşına çatmış övladı olan ailələr əvvəlcə qız və ya oğluna uyğun həyat yoldaşı seçmək üçün ətrafa xəbər salır. Daha sonra uyğun görünən gənclər görüşür, əgər evlənmək fikrinə düşsələr, ilk növbədə onların astroloji doğum xəritələrinə baxılır. Uyğun görünmədikləri təqdirdə münasibət ayrılıqla nəticələnir. Əks halda bu bərabərlik uğurlu hesab edilmir. Bələdçimiz sonda qeyd edir ki, müasir zəmanədə artıq gənclər bu vasitəni uğurlu hesab etmir və internetdən tanış olanların sayı da az deyil.

Hindistanda sizə yaxınlaşıb şəkil çəkdirmək istəyən şəxslər olsa, heç təəccüblənməyin, sadəcə gülümsəyin, vəssalam. Ancaq bir o qədər də bayaq sizdən çox kübar şəkildə selfi çəkdirməyi xahiş edənlərin 5 dəqiqə sonra sizi itələyərək keçməsinə qeyri-adi yanaşmamaq lazımdır. Hindistanda qırılmaması üçün maşın aynalarından istifadə elə də lazım görülmür. Qəribədir ki, hindlilər nədənsə sağ və ya sola dönmə işıqlarından istifadənin o dərəcə vacib olduğunu düşünmürlər. Hətta hər saniyə qarşıdakı maşın yolunu dəyişə, dönmə əməliyyatı həyata keçirə bilər. Ancaq bütün bunlara baxmayaraq, nə sürücü bu hala hay kütlə yanaşır, nə də ki siqnal sədaları qulaqları oxşayır. Motosiklet və sərnişin daşıyan sarı-yaşıl tuk-tukların avtomobil və ya avtobusların yan-yörəsində pərvanə olduğu xaotik nəqliyyat sistemi maraqlı bir formada öz nizamını tapıb. Hindlilərin nəqliyyatda vacib hesab etmədiyi digər bir nüans isə aynalardır. Adətən qırılmasından ehtiyat etdikləri üçün onları bağlamağı üstün tuturlar. Maraqlıdır ki, əksər vaxtımızı yollarda keçirdiyimiz bu müddət ərzində, belə nəqliyyata baxmayaraq nə bir dəfə qəza halı, nə də ki ani basılmış əyləc həyəcanı yaşadıq.

Hindistan

Bundan başqa, əgər sürücü hər hansı bir dönmə əməliyyatını səhv yerinə yetirsə və yaxud qarşıdan gələn avtomobilə yol verməzsə, bu qarşı tərəfdən çox normal qarşılanacaq. Heç kim ona tərs-tərs baxıb, söyüş söyməyəcək. Bilmirəm, bəlkə də, onların başqa cür ünsiyyət vasitələri var ki, mən ondan xəbərsizəm. Alış-veriş edən zaman qiyməti maksimum endirməyə çalışın. Dehlidə alış-veriş etmək elə də asan deyil. Məsələn, 800 rupidən zar-zor 400 rupiyə endirdiyim, satıcının dediyinə görə dəvə dərisindən olan pul qabımı sonar bir neçə mağazada cəmi 350 rupiyə gördüm. Halbuki məni küçədən geri qaytarıb, 400 rupiyə razılaşan dayının üzündə elə ifadə vardı ki, artıq malı “maya”sından aşağı qiymətə aldığımı zənn edib vicdan əzabı çəkirdim.


Sonda Hindistanla bağlı xatirələrimi ümumiləşdirim ki, bu səyahət, yəqin ki, heç vaxt xəyalımdan silinməyəcək və həyatımda “yaxşı ki getdim” dediklərimdən olacaq. Ancaq Hindistan passiv yox, aktiv istirahəti, bir sözlə, gəzməyi, görməyi sevənlər üçündür. Araşdırdığınız zaman oxuyacağınız bütün mənfi nüanslarla yanaşı, qonaqpərvər və gülməyi sevən hindlilərin xeyli müsbət tərəflərini də görəcəksiz. Hind dini xadimi Oşo demişkən: “Çıx bayıra! Dünya çox gözəldir, macəra doludur… Bu bir dəvətdir, sənə dəyər qatar. Qorxusuzca çıx bayıra”…

ABŞ vizası haqqında şayiələrlə bağlı – BAKIDAKI SƏFİRLİKDƏN AÇIQLAMA

0
ABŞ

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi bu ölkəyə vizaların verilməsi ilə bağlı açıqlama yayıb. Səfirlikdən FED.az-a verilən məlumata görə, hazırda ABŞ vizası ilə bağlı bir sıra şayiələr yayılır ki, səfirlik bununla bağlı bəzi məsələlərə aydınlıq gətirməli olub. Açıqlamada deyilir: 

«Bu yaxınlarda biz turist vizaların imtina edilməsi və verilən sənədlərini konsulluq əməkdaşları tərəfindən düzgün baxılmaması ilə bağlı bir çox şayiələr eşitmişdik. Biz həmçinin Azərbaycanda fəaliyyət göstərən və viza məsələlərində ödənişli şəkildə kömək təklif edən müəyyən səyahət agentlikləri və viza konsaltinq şirkətlər haqqında xəbərdarıq. Bu gün biz ABŞ vizaları ilə bağlı ən yayılmış şaiyələri dağıtmaq istərdik:  

ŞAİYƏ 1:
ABŞ-ın Azərbaycandakı səfirliyi azərbaycanlı turistləri və biznes səyahətçiləri tərəfindən təqdim etdiyi viza ərizələrinin əksəriyyətinə imtina cavabını verir.

HƏQIQƏT
ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi ABŞ-a qeyri-immiqrant viza üçün müraciət edən Azərbaycan vətəndaşlarının əksəriyyətinə viza verir. Əslində, 2018-ci ildə verilən qeyri-muhacır vizaların sayı səkkiz mindən çox idi. 

ŞAİYƏ 2
Konsulluq əməkdaşları ərizəçinin sənədlərinə düzgün baxmamağı və müracət edən insanlara müsahibə üçün çox az vaxt ayırdıqları səbəbindən imtina cavabı verirlər. 

HƏQIQƏT:
Müsahibə zamanı Konsulluq işçilərinə təqdim edilən məlumatlar əslində sənədlərin nəzərdən keçirilməsi prosesi və müsahibə üçün sərf edilən vaxtdan daha çox əhəmiyyət daşıyır. Konsulluq şöbəsi əvvəlcədən təqdim olunan ərizə formasını və müsahibə zamanı aldıqları cavabları gətirilmiş sənədlərdən daha üstün hesab edir. Ümumiyyətlə, uzun müsahibələr yalnız ehtiyac duyulduğu hallarda aparılır.