Ev Blog Səhifə 201

Qazaxıstan Azərbaycanı “Silk way” ümumi viza layihəsinə qoşmaq niyyətindədir

0
viza

MDB ölkələri Özbəkistan Qazaxıstan üçün “Silk Way” ümumi viza layihəsini dəstəkləyib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri vəzifəsini yerinə yetirən Əbdüləziz Akkulov bildirib ki, bu təşəbbüs hər iki ölkəyə xarici turistlərin cəlb olunmasına kömək edəcək.

Qeyd edək ki, iyulun 9-10-da Səmərqənddə MDB ölkələrinin ilk turizm sərgisi keçirilir. Sərgi çərçivəsində də təşkilatın Turizm Şurasının növbəti iclası baş tutub. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, TacikistanÖzbəkistanın turizm idarələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Qazaxıstan tərəfi “şengen“in Asiya versiyası olan “Silk way” layihəsinə Azərbaycan və Türkiyəni də qoşmaq niyyətində olduğunu bildirib.

Müxtəlif ölkələrin qeyri-adi səhər yeməkləri

0
səhər yeməyi

Yulaf yarması, buterbrodlar, qəhvə. Bunları yaddan çıxarın! Xarici ölkələrə səfərləriniz zamanı müxtəlif ölkələrin səhər yeməkləri barədə bilikləriniz sizə lazım ola bilər. Hansı ölkədə səhərlər süfrəyə “baba qanuş” verilir, səhər yeməyində bar nəyə lazımdır və “kayseki” səhər yeməyi nə deməkdir? AZƏRTAC “ria.ru” saytına istinadla bu kimi suallara cavabı oxucularla bölüşür.

İtaliya. Demək olar ki, səhər yeməyi olmadan: qəhvə, qəzet, bar masası

İtaliyada səhər yeməyində qəhvəni kruassanla (kornetto) içmək qəbul edilib. Adama elə gəlir ki, burada qeyri-adi heç nə yoxdur. Lakin burada əsas ab-havadır. 

“İtalyanlar səhər yeməyini barda yeyirlər. Bu zaman onlar səhər qəzetlərini gözdən keçirir, orada yemək yeyən tanışları ilə ünsiyyət qururlar. Oradakı barlar çox vaxt digər ölkələrdəki ilə müqayisədə daha sadə olur: yalnız bar masası. Lakin bir neçə evə yetəcək bar masası demək olar ki, hər evin qarşısında yerləşir. Əsl İtaliya məhz oradadır”, – deyə İtaliyanın turizm üzrə milli agentliyində bildiriblər.

Otellərdə ənənəvi italyan səhər yeməyi təklif olunur. Buraya, bir qayda olaraq, müxtəlif cür çörək məhsulları (o cümlədən əlbəttə ki, kruassan, hətta kəpəklisi belə), tostlar, vetçina, pendir, yağ, şirələr, qəhvə daxildir.

Yaponiya. Yüksək səviyyəli mətbəx: qıcqırdılmış paxla və üç növ xörək

Ənənəvi yapon səhər yeməyinə düyü, “tamaqo-yaki” (soya sousu ilə rulet şəklində bükülmüş omlet), miso-şorba, marinadlaşdırılmış tərəvəz və “natto” – qıcqırdılmış soya paxlasından olan xörək aid edilir. Təcrübəli səyyahların sözlərinə görə, paxlanın dadı olduqca spesifikdir, bu səbəbdən də əcnəbilərin heç də hamısı onu qəbul etmir. “Dadı şortəhərdir, ətri isə ammonyaka bənzəyir” – nattonu reseptlərdə belə təsvir edirlər. 

Əgər turist rökanda – klassik yapon mehmanxanasında qalıbsa, o zaman “kayseki röriyə” – qeyri-adi və çox dadlı səhər yeməyinə və ya nahara hazır olmalıdır. Bu ənənəvi yemək yüksək səviyyəli yapon mətbəxidir. Axşam yeməyində azı 7 cür yemək təklif edilir. Ənənəvi olaraq isə bu yeməklərin sayı 12-dən daha çox olur. Yaxşı rökanlarda “kayseki röri” tərkibində azı 3 cür xörəklə təqdim edilən səhər yeməyidir. Bu yeməklərin hazırlanması və süfrəyə verilməsi əsl incəsənət, yapon mətbəxinin əsas mahiyyətidir: şorbadan (“itidzü”), qəlyanaltıdan (“sansay”) tutmuş susi, sasimi, mövsümi balıq, tərəvəz və desertədək. Düyü mütləqdir.

Norveç. Sadəcə buterbrod deyil, habelə pendir, vafli və çoxlu balıq

“Norveç səhər yeməyində ilk baxışda qeyri-adi heç nə yoxdur. Lakin bu, belə deyil. Məsələn, Norveç dilində buterbrodu hazırlamaq üçün çörəyin arasına qoyulan ərzaqlar bir sözlə – poleqlə (pålegg) ifadə olunur”, -deyə Norveçin turizm üzrə şurasının direktoru Olqa Filippenko bildirir. Poleq qismində bir çoxları qəhvəyi bryunust pendirini seçirlər. Şirintəhər dada malik (bəziləri bu pendiri şortəhər bişmiş qatılaşdırılmış süd ilə müqayisə edirlər) pendir süd qarışığının (inək, qoyun və ya keçi südü), qaymaq və zərdabın buxara verilməsindən alınır. Məşhur Norveç pendiri təzə bişən vafli ilə çox uyğun gəlir. Yəqin ki, heç bir norveçli belə səhər yeməyindən imtina etməz. 

Oteldə səhər yeməyi qonaqları məyus etməyəcək. Bir çoxları Norveçi dəniz və balıqsız təsəvvür etmirlər. Bu səbəbdən də müxtəlif souslarda siyənəyin bir neçə növü, hisə verilmiş skumbriya, təzə qızılbalıq dilimləri və moyva balığının kürüsü səhər süfrəsinin əvəzolunmaz yeməkləridir.

Hindistan. Çayla süd də ədvalı və acıdır

Hindistanda adətən səhər yeməyi içərisində kiçik fincanların – katorilərin qoyulduğu böyük qabda, yaxud məcməyidə verilir. Bu, “dal makhani” (“dal” ilə hazırlanan ədviyyatlı yemək), “poha” (düyüdən hazırlanan qəlyanaltı), ağartı məhsullarından bişirilən yeməklər, “karri”də yumurta, kartofla pendirdən hazırlanan kürəciklər, tərəvəzlər ola bilər. Hər şey ədvalı və çox acı olur. Səhər yeməyinə mütləq düyü ilə mərci və düyü unundan bişirilmiş nazik “dosa” kökələri əlavə edilir. Ənənəvi içki – masala çayıdır (süddə, ədvalı). Əsas qayda isə yeməklərin sağ əllə, çəngəl-qaşıq istifadə etmədən yeyilməsidir. 

Moskvadan olan turist Natalya Venediktova deyir: “Qoada biz oteldə deyil, turist zonasından uzaqda yerləşən kiçik evdə qalmağa qərar verdik. Hər səhər evin sahibi bizə yemək gətirirdi. O, bizim üçün lobyalı və ədviyyatlı kartof sıyığı, soğanlı və ədviyyatlı kökələr, kotletə bənzəyən düyü kürəcikləri hazırlayırdı. Əlbəttə ki, bir də masala çayı”.

Efiopiyadan tutmuş Kareliyayadək: şorba, meyvə ilə balıq və doqqaz

Praktik olaraq, hər bir ölkənin səhər süfrəsinin öz xüsusiyyətləri var. Məsələn, Vyetnamda ənənəvi səhər yeməyi əriştəli şorbadır: “fo-bo” – mal əti ilə və ya “fo-qa” – toyuq ilə. Peruda “seviçe” (laym şirəsində marinadlaşdırılmış balıq və dəniz məhsulları), Yamaykada isə duzlu balığı yerli meyvələrlə hazırlayırlar.

Efiopiyada səhər yeməyində ıncera – ənənəvi çörək təqdim edirlər. Diametri azı bir metrə çatan kökə həm yemək, həm də boşqab rolunu oynayır: kökənin üstünə ət, düyü, kartof, souslar qoyulur.

Məşhur “hər şey daxil” sisteminə Türkiyədə ənənəvi səhər yeməyi təqdim edilir. Buraya dadlı və faydalı yeməklər – tərəvəzlər, təzə çörək, müxtəlif pendir növləri, o cümlədən keçi pendiri də daxildir. Adətən axşama doğru içilən məşhur qəhvənin əvəzinə səhəri türksayağı çayla qarşılayırlar.

Rusiya regionlarında da maraqlı ənənələr az deyil. Məsələn, marilərin (Mari Respublikası) səhər yeməyi “pulaşkamuno” (yumurta, süd, kartof və göyərtidən hazırlanan xörək), Kareliyada isə “kalitki”dir.

Tur şirkətlərində milli səhər yeməyi təklif olunur: sıyıq, dadlı Kareliya duzlu balığı, qara çörək, mərsin və quşüzümündən hazırlanan mors, kartof və darılı “kalitki”lər. Qafqazda səhər yeməyinə ruletlər təqdim olunur: məsələn, içərisinə pomidor, ədviyyə qoyulan lavaş, yumurtadan, həmçinin bol göyərtili, souslu balıq və ətdən hazırlanmış müxtəlif yeməklər. Həmçinin badımcan və lobyadan hazırlanan qəlyanaltılar da çox populyardır. Bu cür səhər yeməyi dadlı və doyumludur.

Cənub bölgəsinə infoturlar təşkil edilib

0
infotur

Lənkəran Turizm İnformasiya Mərkəzi yay mövsümündə ölkəmizin cənub bölgəsinə gələn turistlərin maarifləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilib. Bölgənin turizm potensialının tanıdılması ilə bağlı infoturların təşkilinə başlanılıb.

infotur

Mərkəzin direktoru İlqar Əzimov bildirib ki, Lənkərana gələn turistlərin bölgəyə marağını artırmaq üçün müxtəlif addımlar atılıb. Burada istirahətin daha cazibədar olması təmin etmək məqsədilə otel və istirahət mərkəzlərində qalan turistlər üçün Lənkəran, Lerik, Astara, YardımlıMasallı rayonlarına infoturlar təşkil edilir.

İnfoturlar zamanı qonaqlara Lənkəranın turizm potensialı haqqında ətraflı məlumat verilib. Onların rayonun tarixi və memarlıq abidələri, muzeyləri, Xanbulançay dəryaçası, çay plantasiyası, sitrus plantasiyası, Hirkan Milli Parkı və digər görməli yerləri ilə əyani tanışlıqları təmin edilib. Yerli mətbəx nümunələrinin hazırlanması prosesi nümayiş olunub.

infotur

Belə infoturlar növbəti günlərdə Lerik, Astara, Masallı Yardımlı rayonlarına da təşkil olunacaq.

Xarici turistlər belə maraqlı turun təşkilinə görə Dövlət Turizm Agentliyinə və Lənkəran Turizm İnformasiya Mərkəzinə minnətdarlıqlarını bildiriblər.

“Virgin Galactic” kosmosa turist göndərmək üçün maliyyə vəsaiti toplayacaq

0
Virgin Galactic

Mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşən və turistlər üçün suborbital kosmik uçular həyata keçirilməsi üzrə ixtisaslaşan “Virgin Galactic” şirkəti maliyyə vəsaiti toplamaq məqsədilə öz səhmlərini birjada yerləşdirəcək. Bu məlumatı The Wall Street Journal nəşri yayıb.

Şirkətin sahibi olan britaniyalı biznesmen Riçard Brenson bu məqsədlə onun səhmlərinin 49 faizini almaq istəyən “Social Capital Hedosophia” firması ilə 800 milyon dollarlıq müqavilə imzalayıb. Birjada səhmlərin iştirakı da bu sənədin vacib şərtlərindən biridir.

Yeni tərəfdaş əldə edən Brenson kosmosa turist səfərlərini daha tez təşkil etmək və bu sahədə öz rəqiblərini geridə qoymaq niyyətindədir. “Virgin Galactic” şirkətinin son addımı layihəyə 1 milyard dollar sərmayə qoymaq istəyən Səudiyyə Ərəbistanının Suveren Fondu ilə danışıqların nəticəsiz qalması ilə bağlıdır. Finacial Times qəzetinin xəbərinə görə, britaniyalı biznesmen bu sövdələşməyə səudiyyəli jurnalist Camal Kaşıqkçının vəhşicəsinə öldürülməsindən sonra xitam verib.

Virgin Galactic” kosmosa turist səfərləri təşkil etməyi planlaşdıran çoxsaylı şirkətlərdən yalnız biridir. “Blue Origin” və “SpaceX” şirkətləri də kosmik turizm sahəsində layihələr üzərində iş aparırlar. 2019-cu ilin fevralında “Virgin Galactic” uçuş vaxtı təxminən 90 kilometr yüksəkliyə qalxan “SpaceShipTwo” suborbital kosmik gəmisinin sınağını keçirib. Onun göyərtəsində pilotlar Deyv Makkey və Maykl Mazuççi, habelə şirkətin personal hazırlığı qrupunun rəhbəri Bet Moses olublar.

Bildirilir ki, “Virgin Galactic” gəmisində kosmosa iki saatlıq uçuş, turistlərin 100 kilometr yüksəklikdən Yer kürəsinə tamaşa etməsi onlara 250 min dollara başa gələcək. Şirkətin əməkdaşları bildirirlər ki, artıq 650 bilet satılıb, hərçənd “SpaceShipTwo” gəmisinin kosmosa göndəriləcəyi vaxt hələ məlum deyil. Kosmik turda iştirak etmək istəyənlər arasında Hollivud ulduzları Leonardo Di Kaprio,, Tom Henks Ancelina Coli də var.

Yay mövsümü başlayandan “Şahdağ” Turizm Mərkəzində 10 mindən çox turist istirahət edib

0
“Şahdağ” Turizm Mərkəzi

Yay mövsümü başlayandan “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən 10 mindən çox turist faydalanıb.

Turistlər daha çox paraplanla uçuş, kanat xəttində gəzinti, kvadrasikl sürmək, uşaq macəra parklarından istifadə ediblər.

Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzdə bu yay mövsümündə də turistlər üçün fərqli istirahət, əyləncə və gözəl təbiətdən zövq almaq imkanı yaradılıb.

“Şahdağ” Turizm Mərkəzi

Mərkəzin marketinq departamentinin rəhbəri Rauf Cahangirov AZƏRTAC-məlumat verib. Yay mövsümü başlayandan kompleksin otellərində 5 mindən çox insan istirahət edib.

Yay günlərində sərin havası və füsunkar təbiəti ilə seçilən “Şahdağ” Turizm Mərkəzində turistlər üçün 20-yə yaxın müxtəlif əyləncə və idman oyunu nəzərdə tutulub. Mərkəzə gələn qonaqlara macəralar parkı, kvadrosikllər, seqvey, zip-layn, trotinnet, bob kart, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər təklif olunur. Bu idman növlərindən istifadə etmək üçün təcrübəli təlimatçılar turistlərə kömək edirlər. Burada kiçik yaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənməsi üçün xüsusi qalalar da qurulub.

“Şahdağ” Turizm Mərkəzi

Mərkəzdə, həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələrin keçirilməsi üçün əlverişli şərait yaradılıb.

ALP Xəzinələri Qrup Turu! ? – Go Travel

0
Qrup turu Go Travelda

Ölkələr: Macarıstan, İtaliya, Almaniya, Avstriya
Turun başlama tarixi: 05.08.2019
Turun müddəti: 6 gecə / 7 gün
_________
Qiymət: 333 EUR (iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulmuşdur)
_________
Qiymətə daxildir:
– tur marşrut üzrə avtobus;
– mehmanxanalarda yerləşmə 3-4*;
– marşrut boyunca rus dilli tur rəhbər;
– şəhər turları;
– qidalanma (səhər yeməyi);
– viza dəstəyi;
– sığorta;
_________
Qiymətə daxil deyil:
– Aviabilet (Wizzair ilə)
– Viza rüsumu (35 eur)

Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 (Whatsapp+Zəng)
?+994 55 664 60 30 (Whatsapp+Zəng)
?+994 70 664 60 30 (Whatsapp+Zəng)
? Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, Gənclik Mall ilə üzbə-üz Caspian Ticarət mərkəzinin arxası, 200 nömrəli məktəbin yanı)

Qubanı xarici turistlərə sevdirən nədir?

0
Quba

Qubada keçirilən Regional Mətbəx Festivalını 15 mindən çox qonaq ziyarət edəcək.

Qubada keçiriləcək Regional Mətbəx Festivalını iki gün ərzində 15 mindən çox yerli və xarici qonağın ziyarət edəcəyi gözlənilir.

İyulun 27-28-də təşkil ediləcək festivalda yerli və regional icma nümayəndələrinin, region istehsalçıların və turizm sahəsi peşəkarlarının məhsulları qonaqlara təqdim olunacaq. Həmin məhsullar “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarda satış məqsədilə nümayiş etdiriləcək.

Belə bir festivalın Qubada təşkil olunması heç də təsadüfi deyil. Çünki Quba və Qusar rayonları ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqamətidir. Quba-Xınalıq turizm marşrutu, əsrarəngiz təbiətə malik Qəçrəş meşəsi, tarixi 5-6 min əvvələ gedib çıxan Xınalıq kəndi, şəlalələr diyarı adlandırılan Ləzə kəndi, Şahdağ Turizm Mərkəzi regionda turistlərin ən çox ziyarət etdiyi istirahət məkanlarıdır. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır.

Quba

Yusif Əl-Cabir

Birləşmiş Ərəb Əmirliklərindən gələn Yusif Əl-Cabir artıq üç gündür Azərbaycanda dincəlir. Ölkəmiz əcnəbi qonaqda xoş təəssüratlar oyadıb. “Azərbaycana səfərimizin üçüncü günündə Qubaya gəldik. Ailəmlə birgə dincəlirik. Qubanın təbiətini, istirahət məkanlarını, xüsusilə mətbəxini çox bəyəndik. Bir həftə burada dincəlmək istəyirik. Azərbaycan eşitdiklərimdən daha gözəl ölkədir. Növbəti illərdə də buraya istirahətə gələcəyəm”, – deyə əcnəbi turist bildirib.

Quba–Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün hər büdcəyə uyğun münasib turizm obyekti tapmaq mümkündür. Qubaya gələn əcnəbi qonaqlar arasında dünyanın istənilən ölkəsinin vətəndaşına rast gəlmək mümkündür.

Quba

Hindistanlı turist Firuz Paşa ilk dəfədir Azərbaycana gəlib. “İlk günlərdə Bakıda oldum, çox gözəl şəhərdir. İstirahət və tətil günlərini keçirmək üçün Quba ideal məkandır. Mətbəxi ləziz, təbiəti füsunkar, insanları mehribandır. Buraları çox sevdim”, – deyə hindistanlı turist söyləyib.

Azərbaycana səfəri zamanı gördüyü tolerantlıq mühitindən danışan israilli turist David Matta Qubaya ekskursiya zamanı buradakı sinaqoqları ziyarət edib. O deyir: “Gözəl istirahət edirik. Quba çox maraqlı bölgədir. Müxtəlif dağlıq əraziləri, şəlalələri, meşəlikləri gəzdik. Burada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbə ilə da tanış oldum. Burada dağ yəhudiləri digər xalqlarla birgə mehribanlıq şəraitində yaşayırlar”.

Uzaq Avstraliyadan gələn Malkom Smokli Qubada gördüklərinin onu valeh etdiyini bildirir: “Qubanın məşhur paxlavası və alması haqqında məlumatım var idi. Bu gün hər ikisinin dadına baxıb, çox faydalı və ləzzətli olduğunu gördüm. Bu nemətlər hər bir masanın yaraşığıdır”.

Quba

Qubada dincələn yerli turistlərdən Coşqun AğayevAydan Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibələrində Azərbaycanın geniş turizm imkanlarına malik olduğunu bildiriblər.

Qubaya gələn turistlər Quba-Xınalıq, Quba-Afurca, Quba-LəzəQubaXanəgah marşrutlarından faydalana bilərlər.

Şəkini dünyada məşhurlaşdıracaq sənəd – Turist axını olacaq, əhalinin gəliri artacaq

0
Şəki

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkə gündəmlərindən biridir. Müxtəlif sahələrin mütəxəssisləri qərar barədə danışaraq, onun Şəki şəhərinə təsirindən bəhs edirlər.

Turizm mütəxəssisləri hesab edir ki, UNESCO-nun qərarı turistlərin Azərbaycana cəlb edilməsi üçün mühüm addım olacaq.

Şəki

Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırovun sözlərinə görə, bu addımla Şəki bütün dünyada tanınacaq:

“Bu hadisə ölkəmizin mədəniyyəti, turizm sahəsi üçün əlamətdardır. Mən deməzdim ki, Şəki Xan Sarayı UNESCO Ümumdünya İrs Siyahısına salınmazdan əvvəl oraya maraq az idi. Amma artıq bu addımla Şəki dünyada tanınacaq. Xarici vətəndaşlar bu abidədən xəbərdar olacaq. Onların Azərbaycana marağı artacaq. Fikrimcə, Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı ilə bağlı müəyyən addımlar atacaq”.

N.Bağırov deyib ki, bu qərardan sonra nəinki Şəkiyə, ölkəmizə də turist axını olacaq:

“Tarixi mədəniyyət abidələri turizmin inkişafına təsir göstərən, eyni zamanda, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm amillərdəndir. Çünki istənilən ölkəyə səyahət edən turist həmin ölkənin tarixinə, yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir.

Şəki

Öz növbəsində hər bir ölkə qədimliyini dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanmış olur. Turizm də ölkənin mədəni irsinin dünyaya tanıdılmasında bir vasitədir. Şəki Xan Sarayının UNESCO Ümumdünya İrs Siyahısına salınması turistlərin Azərbaycana diqqətini cəlb edəcək. Onlar abidələrimiz, tariximiz barədə məlumat əldə edəcəklər.

Azərbaycana gələn turistlər daha da çox qalacaq. Çünki UNESCO mədəni irsinə daxil olan abidələrə səfər etmək üçün bir gün bəs edirdi, amma turistlərin Şəkiyə getməsi üçün üç saat vaxt lazımdır. Artıq turizm şirkətləri istər-istəməz Şəki turunu öz proqramlarına daxil edəcəklər. Orada UNESCO irsinə daxil olan Şəki Xan Sarayı yazılacaq və turist bu proqramı görən zaman oranı görmək istəyəcək”.

Nahid Bağırov qeyd edib ki, əraziyə turist axınının olması qalmaq üçün yerə tələbatı artıracaq. Şəki əhalisinin gəlir yeri artmış olacaq:

“ABŞ-dan, Asiyadan və digər uzaq ölkədən turistlər Qafqazda yerləşən ölkələri görmək istəyirlər. Bu hadisə ona səbəb olacaq ki, onlar ölkəmizdə qalacaqlar. Təbii ki, tələbat artan zaman insanlar evlərini kirayə verəcəklər.

Şəki

Şəkidə insanların evlərini hostellərə çevirməsi, kirayə verməsi üçün də şərait yaranacaq”.

İqtisadçı Pərviz Heydərov isə bildirib ki, Azərbaycanda tarixi-mədəni abidələrin beynəlxalq miqyasda tanınması və qiymətləndirilərək qeydə alınması ölkəmiz üçün iqtisadi cəhətdən sərfəli və faydalıdır:

“Ölkəmizdə turizmin inkişafına böyük diqqət yetirilir. Turizm təkcə xidmət sektorunu inkişaf etdirməyi tələb etmir. Həmçinin, tarixi-mədəni abidələrimizin təbliği, ölkəmizin zəngin keçmişə malik olduğunu olduğu kimi təqdim etmək və sair də bunun tərkib hissəsidir. Bu mənada, ölkəyə gələn turistlərin maraqlarının təmini və onların buradakı istirahətlərinin təşkili proqramlarının mükəmməlliyi baxımından məsələnin məhz bu tərəfinə diqqət yetirmək tələb olunur.

Hesab edirəm ki, məsələn, Şəki Xan Sarayının UNESCO Ümumdünya İrs Siyahısına salınması kimi hadisələrin bu mənada əhəmiyyəti olduqca böyükdür. Bu, ölkəmizdə turizmin gələcək inkişafı üçün yeni perespektivlər açır və yeni gəlir mənbəyi yaradır”.

Şəki

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə bildirib ki, bu hadisə Şəkini daha da məşhurlaşdıracaq:

“Bizim UNESCO-nun mədəni irsinə daxil olan abidələrimiz var. Şəki Xan Sarayının bu siyahıya salınması şəhəri daha çox tanıdacaq. Turist bu abidənin UNESCO siyahısına daxil olduğu barədə məlumat görən zaman daha çox bu ərazini görmək istəyəcək. Fikrimcə, UNESCO-nun mədəni irs siyahısına daha çox ərazilərimiz daxil ediləcək. Turist axını ildən-ilə artacaq”.





Rusiyanın tətbiq etdiyi qadağalar nəticəsində Gürcüstanın turizm gəlirləri 2 milyard lari azalacaq

0
Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvili

Rusiyanın tətbiq etdiyi embarqo nəticəsində Gürcüstanın turizm gəlirləri əsaslı dərəcədə azalacaq.

Bu sözləri Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvili ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

Agentlik hesab edir ki, Rusiyanın tətbiq etdiyi qadağa nəticəsində 2019-cu ilin sonuna qədər Gürcüstan 1 milyon rusiyalı turist itirəcək. Bu da ümumilikdə turizm gəlirinin təqribən 2 milyard GEL (700 milyon dollar) azalması deməkdir.

M.Kvrivişvili bildirib ki, 2019-cu ildə Rusiyadan Gürcüstana 1,7 milyon turistin gələcəyi gözlənilirdi. Cari ilin birinci yarısında Gürcüstana 700 min Rusiya vətəndaşı gəlib. Qalan 1 milyon nəfərin gəlməyi sual altındadır. İqtisadi cəhətdən isə bu, 2 milyard lari itkiyə bərabərdir.

Onun sözlərinə görə, Acarıstan MR, Kutaisi, Kaxeti və digər regionlardakı otellərdə əvvəlcədən verilmiş minlərlə sifariş ləğv edilib.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ölkəyə səfər edən əcnəbilər sırasında Rusiya vətəndaşları ilk yerlərdən irini tutur. Cari ilin yanvar-may ayları ərzində Gürcüstana 3 milyon xarici ölkə vətəndaşı səfər edib. Onların da 540 mini Rusiya vətəndaşı olub.

Kənd yaşıl turizminin təbliği ilə bağlı Lerik və Lənkəran rayonlarına infotur təşkil edilib

0
Kənd yaşıl turizmi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən “Kənd yaşıl turizminin inkişafı istiqamətində təbliğat işlərinin təşkili” layihəsi çərçivəsində Lerik və Lənkəran rayonlarına ikigünlük infotur təşkil edilib.

İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV-lərin, QHT-lərin və turizm şirkətlərinin əməkdaşları Lerik rayonunda Günəşli şəlaləsi, Buzeyir mağarası, fərdi sahibkar Fərman Haşımovun arıçılıq təsərrüfatı ilə tanış olublar. Onlar bal məhsullarının hazırlanması prosesi ilə tanış olublar.

İnfotur iştirakçıları, həmçinin Lerik rayonunun Hamarmeşə kəndində yerləşdikləri kənd evlərinin birində-Elşən Məmmədovun təsərrüfatında müxtəlif işlərlə məşğul olublar. Ağacların suvarılması, təbii kənd məhsullarından yemək hazırlanması, kabab çəkilməsi, at gəzintisi kimi müxtəlif kənd turizmi fəaliyyətlərinə cəlb ediliblər.

İnfoturun ikinci günü isə iştirakçılar Lənkəran rayonunun Haftoni qəsəbəsindəki çay plantasiyalarına səfər edib. Çayın becərilmə və istehsal üsulları ilə tanış olublar.

Sonra Haftoni qəsəbəsindəki İstisu termal bulaqlarına səfər təşkil edilib. İştirakçılar qəsəbədə yeni tikilmiş pansionatla tanış olublar.

Pansionatın yerli kənd sakinlərinin kənd turizmi fəaliyyətlərinə müsbət təsiri barədə məlumatlar layihə heyəti tərəfindən iştirakçılara çatdırılıb.

Yekunda infotur iştirakçıları Lənkəran rayonunda yerləşən Xanbulan gölünə gedərək oradakı şərait və imkanlarla tanış olublar.

İnfotur müddətində iştirakçılar Lerik rayonunun Hamarmeşə kəndi və Lənkəran rayonunun Haftoni qəsəbəsində kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatlarının nümayəndələri və həmin kəndlərin bələdiyyə və ərazi icra nümayəndələrinin də təmsil olunduğu görüşdə iştirak ediblər.

Görüşün təşkili yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizminin inkişafı istiqamətində aparılır. Əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, təbliğat işinin artırılması və bununla da onların kənd turizmi fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək olar. Ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.