Ev Blog Səhifə 203

Yaponiya və Sinqapur pasportları daha çox “buraxılış qabiliyyəti”nə malikdir

0
pasport

Bəzi insanlar üçün pasport dünyaya bir portaldır. Digərləri üçün isə o, çoxlarının can atdığı səyahət azadlığına maneə ola bilər. Bəs siz bu mobillik spektrində harada yerləşirsiniz? Bu suala cavabı “Henley&Partners” şirkətinin dünya ölkələrinin pasport reytinqi cavab verir.

Daim yenilənən dünya pasportu indeksində hazırda Azərbaycan 78-ci pillədədir. Hazırkı dövrdə azərbaycanlı turistlər 66 ölkəyə vizasız girə, yaxud da oraya çatdıqda viza ala bilərlər.

Bununla yanaşı, daha çox “buraxılış qabiliyyəti”nin Yaponiya və Sinqapur pasportlarında olması müşahidə edilib. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız gedib-gələ bilərlər. İkinci yeri Almaniya, Finlandiya və Cənubi Koreya (187 ölkə), üçüncü yeri isə Danimarka, İtaliya və Lüksemburq (186 ölkə) bölüşürlər. Siyahının əks istiqamətində sakinlərinin yalnız 25 ölkəyə buraxıldığı Əfqanıstan, daha sonra İraq (27 ölkə) və Suriya (29 ölkə) yerləşir.

Henley&Partners” şirkətinin ekspertləri təxminiliyə əsaslanaraq 14 pasportdan ibarət kombinasiya da qurublar. Bu pasportlara yiyələnmə bütün dünya ölkələrinə vizasız gediş-gəlişə şərait yarada bilərdi. Onların siyahısında Azərbaycan pasportu ilə yanaşı, Konqo, Maldiv, Sinqapur, Suriya, Türkiyə, Türkmənistan, Uqanda, ABŞ, Vanuatu, Əfqanıstan, Mali, Anqola Şimali Koreya pasportları da qərarlaşıb.

Qeyd edək ki, “Henley&Partners” şirkətinin pasportlar indeksi pasportların adi sıralaması çərçivəsindən kənara çıxaraq vətəndaşların sərbəst yerdəyişməsini hərtərəfli şəkildə təqdim edir. Buraya, həmçinin sizin üçün hansı ölkənin hansı növ viza ilə əlçatan olması, pasportunuzun son 14 ildə necə dəyişməsi və s. barədə məlumatlar daxildir.

Henley&Partners” şirkətinin pasportlar indeksi IATA məlumatlarına əsaslanan, geniş daxili tədqiqatlarla tamamlanan, ekspertlərin rəyləri əsasında tərtib edilən və il ərzində müntəzəm yenilənən yeganə meyardır. Bütün bu keyfiyyətlər onun ən etibarlı indeks olmasına xidmət edir.

Bu ilin əvvəlindən İstanbula gələn turistlərin sayı rekord həddə çatıb

0
İstanbul

Öz tarixi, mədəni və təbii sərvətləri sayəsində dünyanın turizm paytaxtlarından biri olan İstanbul turistlərin sayına görə növbəti rekordu müəyyən edib.

2019-cu ilin yanvar-may aylarında Türkiyənin ən iri şəhərinə 5,42 milyona yaxın turist gəlib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11 faiz çoxdur.

Türkiyənin “Daily Sabah” nəşrinə istinadla xəbər verir ki, bu rəqəm son beş il üçün də rekord göstəricidir. Hadisələrin gedişi göstərir ki, İstanbul 2019-cu ildə 15 milyon turist qəbul etmək hədəfinə sürətlə yaxınlaşır.

İstanbula gələn qonaqların çoxu (394.925 turist) Almaniyadandır. Sonrakı yerləri İran (337.428 turist) və Rusiya (290.985 turist) tutur.

İstanbulun keçmiş meri Əli Yerlikayanın sözlərinə görə, bu şəhər turistlərin sayına görə hazırda Avropada üçüncü və dünyada onuncu yeri tutur. İstanbulun yeni aeroportu bu şəhərin turizm mövqelərini daha da möhkəmləndirir. Keçmiş mer deyib: “Biz otellərimizə və xidmətin keyfiyyətinə görə dünyada birinciyik. Bizim qiymət siyasətimiz də kifayət qədər rəqabətqabiliyyətlidir. Bütün bunların sayəsində İstanbul turizmin bütün növləri üzrə unikal istiqamətdir”.

Yerlikaya vurğulayıb ki, Türkiyəyə gələn hər 100 turistin orta hesabla 42-si məhz İstanbula gəlir.

Rəsmi məlumata görə, 2019-cu ilin ilk beş ayı ərzində Türkiyəyə gəlmiş əcnəbilərin ümumi sayı illik hesabla 11,3 faiz artıb. Yanvar-may aylarında ölkəyə 12,8 milyona yaxın əcnəbi gəlib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə bu rəqəm 11,5 milyon olub.

Antalya turist vergisinə “yox” dedi

0
Antalya

Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar.

Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçün bələdiyyə gəlirləri yetərli deyil.

O, digər ölkələrin oxşar təcrübəsinə istinad edərək, bir gecə üçün 1,5 avro məbləğində turist vergisinin tətbiqini təklif edib.

Məlum olub ki, turist vergisinin tətbiqi ideyasını Antalya əyalətinin səlahiyyətliləri dəstəkləməyiblər. Regiona, eyniadlı paytaxtdan başqa, Alanya, Qazipaşa, Dəmrə, Bələk, Kəmər, Serik, Sidə, Qumluca, Mənəvqət kimi sahilyanı şəhərlər və kurort rayonları daxildir.

Antalya əyalətinin mədəniyyət və turizm üzrə direktoru İbrahim Akar bəyan edib ki, turist vergisinin tətbiqi ilə bağlı planları yoxdur. 

Bu, Antalya merinin şəxsi fikridir. Belə bir şey planlaşdırılmır”, – deyə o vurğulayıb.


Rusiya onlayn qadın jurnalı Bakıda unudulmaz yay istirahəti vəd edir

0
Bakı

Rusiyanın “MyJane.ru” onlayn qadın jurnalı Bakıda yay istirahətinə həsr olunmuş məqalə dərc edib.

Müəllif Natalya Qrişko oxucularına Bakıda unudulmaz yay istirahəti vəd edir. O, Azərbaycan paytaxtının qədim və müasir memarlığı, şəhərətrafı çimərlikləri, tarixi abidələri, İçərişəhər, Bakı bulvarı barədə məlumat verib. Oxucularını təkcə paytaxtda deyil Azərbaycanın digər guşələrində də istirahətə dəvət edən müəllif yazır ki, burada yay istirahətinin rəngarəng keçəcəyinə əmindir.

Forqqenze gölünə səyahət – FOTO

0
Forqqenze gölünə

Almaniyanın Alp regionunun ən məşhur yerlərindən birinə ekskursiyaya dəvət edir. Şvanqau bölgəsindəki dağların ətəyində Bavariya kralı II Lüdviqin əfsanəvi Noyvanştayn qəsri yerləşir. Lakin indi əvvəllər də bəhs etdiyimiz bu dünyamiqyaslı bu tarixi abidədən deyil. Buradakı Forqqenze gölündən söhbət açmaq istəyirik.

Forqqenze sahəsinə görə Bavariya əyalətinin beşinci gölü və Almaniyanın ən böyük su anbarıdır. Turistlər üçün bələdçi kitabında qeyd olunur ki, suyun səviyyəsindən asılı olmayaraq onun sahəsi 16 kvadrat kilometrdir. Gölün adı suyun altında qalmış Forqqen qəsəbəsinin adı ilə bağlıdır.

Ərazidə su anbarı tikmək planı XIX əsrin sonlarında meydana gəlib, sonra iki dünya müharibələri arasında ona yenidən baxılıb, lakin yalnız 1950-ci ildə bu anbarı tikmək mümkün olub. İlk mərhələdə suyun səviyyəsinin bir neçə metr yüksək olması nəzərdə tutulub, lakin belə olan halda çoxlu sayda insanları köçürmək lazım gəlirdi, habelə kənd təsərrüfatı sahələri itirilə bilərdi. Sonda yeni məkana 250 insan və on beşə qədər kəndli təsərrüfatı köçürüldü. Forqqenze su anbarı bir neçə funksiyanı yerinə yetirir. Birincisi, buradakı bənddə su elektrik stansiyası fəaliyyət göstərir. İkincisi, bəndin suyu Lex çayı üzərində olan digər SES-lər üçün istifadə olunur. Üçüncüsü, dağlarda qarın əridiyi vaxt və şiddətli yağışlar zamanı bu anbar axın üzrə aşağı ərazilərdə yerləşən məkanları subasmadan qoruyur. Dördüncüsü, yay aylarında populyar turizm məkanında yerləşən bu cür süni göllər istirahət və müxtəlif su idmanı növləri ilə məşğul olmaq məqsədilə istifadə olunur. Məsələn, burada bir neçə yaxta məktəbi fəaliyyət göstərir.

“Alqoe” və “Füssene”

Gölün sahillərində kempinqlər yerləşir, Füssen şəhərindəki limandan isə buradakı iki səyahət katerindən biri ilə göl boyu ekskursiyaya yollanmaq mümkündür. Doğrudur, bu göldə ilboyu çimmək, balıq tutmaq və yaxtalarda və ya qayıqlarda gəzmək olmur, çünki su hövzəsi növbəti mövsümə hazırlaşmaq üçün qarlar əriyənədək qış aylarında boşaldılır. Artıq iyunun əvvəlində göldə “Alqoe” və “Füssene” turist katerlərində oktyabrın 15-dək gəzintiyə çıxmaq üçün kifayət qədər su olur. Yalnız 2018-ci ildə bəndin planlaşdırılmış təmiri ilə əlaqədar su doldurulmadığından, bu səyahətlər mümkün olmayıb. Belə ki, turistlər həmin il gölün dibində və üzərində həm yay, həm də qış aylarında gəzə biliblər. Lakin hazırda göl su ilə doludur və hər şey əvvəlki axarına qayıdıb.

Qış aylarında gölün dibi ilə gəzərkən təkcə su altında qalmış evlərin bünövrələrini deyil, həmçinin qədim Roma yolu olan Via Claudia Augustanı görmək mümkündür. Gölün üzərindən isə paraplanerçilər uçur. Onları burada tez-tez görmək olar. Vadinin aşağısında Füssen şəhəri yerləşir və buradan keçən yollar Noyvanştayn və Xoenşvanqau qəsrlərinə aparır. Marienbrük körpüsündən isə gölə gözəl mənzərə açılır. Qeyd edək ki, Noyvanştayn qəsrinin tikintisi zamanı Forqqenze gölü yox idi.

Su anbarı və digər yerləri görməklə bu yerləri gəzərkən anlayırsan ki, nədən kral II Lüdviq öz əfsanəvi iqamətgahını tikmək üçün məhz bu məkanı seçib. Qəsrin ətrafında üç təbii göl – Alpze, ŞvanzeBanvaldze də var.

Qubada mətbəx festivalı keçiriləcək

0
Quba

İyulun 27-də Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçiriləcək.

Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, Qubanın Nizami parkında baş tutacaq 2 günlük festivala təşkilatçılığı Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsi, tərəfdaşlığı isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir. Burada yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaq.

Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq. İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş edəcəklər.

Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası fəaliyyət göstərəcək. Qida, iaşə və məhsul istehsalı sahəsində çalışan mütəxəssislər üçün təlim məqsədli “MasterKlasslar” ərazisi xidmət göstərəcək. Uşaqlar üçün isə “Əyləncə parkı” zonası qurulacaq. Festival zamanı milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar təşkil olunacaq.

Niyə turizm şirkətləri, bizim dildə yox, rusdilli bələdçilər verir?

0
turizm

Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb olunan istiqamət növlərinin siyahısından çıxarıldıqdan sonra ölkədə turizm şirkətləri artmağa başlayıb. Bu da özü ilə bərabər məsuliyyətsizliklər gətirib.

Bunlardan biri də turizm şirkətlərinin müştərilərə təklif etdikləri tur paketlərlə bağlıdır. Belə ki, xarici ölkələrə getmək istəyən müştərilərə yalnız rusdilli bələdçi təqdim edən şirkətlər mövcuddur. Təbii olaraq, bu da Azərbaycandilli müştərilərin narazılığına səbəb olur.

Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərindən birinin nümayəndəsi Şəfiqə Fərzəlibəyli Primetime.az-a danışarkən bildirib ki, ölkədə bu cür təkliflər edən turizm şirkətləri mövcuddur:

“Onlar icazəsiz bu cür təkliflə çıxış etsələr də, əslində müştərinin istəyi nəzərə alınmalıdır. Yəni, müştəriyə tur paket təklif edəndə bələdçi olaraq onların fikri öyrənilməlidir – Rusdilli və ya Azərbaycandilli olsun. Bəzi insanlar rus dilini bilmirlər. Təbii olaraq, həmin şəxslər getdiyi ölkə, tarixi, mədəniyyəti haqqında məlumat verilən zaman çətinlik çəkəcək, başa düşməyəcəklər. Əgər müştəri rus dilində bələdçi istəyərsə, o zaman həmin xidmət təmin edilməlidir. Bu, yalnız yerli vətəndaşlara deyil, ölkəyə gələn qonaqlara da aiddir. Xaricdən gələnlərin əksəriyyəti – xüsusilə ərəb ölkələrindən, Hindistandan gələnlər – ingilis dilini yaxşı bilmirlər. Həmin turistlər öz dillərində bələdçi istəyirlərsə, təqdim edilməlidir ki, verilən məlumatları anlaya bilsinlər. Çünki çox insan Azərbaycanın tarixi ilə maraqlanır. Həmçinin Azərbaycandan digər ölkələrə səyahət edənlər də getdikləri yerin tarixinə bələd olmaq istəyirlər”.

Müsahibimiz qeyd edib ki, xarici ölkələrə gedən vətəndaşlar arasında rusdilli bələdçilərə üstünlük verənlər kifayət qədərdir:

“Elə müştərilər var ki, bu istəklə müraciət edirlər. Bununla yanaşı, Azərbaycandilli bələdçiləri seçənlər də çoxdur. Bu zaman müştərilər qruplara bölünməli və uyğun bələdçilər təyin edilməlidir. Ola bilməz ki, bir müştərinin fikri daha üstün tutulsun, digərlərinin fikri nəzərə alınmasın. Çünki hamı eyni ödənişi edir. Eyni yerlərə gedirlər, eyni saatlarda gəzirlər, sadəcə bir qism müştərini rusdilli, digərlərini Azərbaycandilli bələdçilər müşayiət edir. Hətta elə müştərilər var ki, Avropa turlarına bələdçilər istəmirlər. Bu gün əksər ölkələrdə Azərbaycanda olduğu kimi bütün muzeylərdə hər bir məlumatlar yerləşdirilib. Dil problemi olmayanlar bu seçimdən də istifadə edirlər. Ümumiyyətlə, dediyim kimi müştəri tur paketlərə müraciət edən zaman hara getmək istədiyi, neçə ulduzlu otellərə üstünlük verdiyi, yeməklə bağlı seçimləri, o cümlədən bələdçilərlə bağlı məsələ mütləq öyrənilməlidir. Çünki hər zaman müştərinin istəyi önəmlidir”.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirib ki, Avropa ölkələrinə gedən müştərilərə rusdilli bələdçilərin təklif edilməsi bir qədər məntiqsizdir:

“Təbii ki, müştəri rusdilli deyilsə…Əgər müştəri rus dilini bilmirsə, bələdçilər məlumatları onlara necə ötürə bilər? Hər bir halda müştərinin istəkləri nəzərə alınmalıdır. Xidmət sahəsində ən birinci amil müştərinin istək və arzularıdır. İstəyir bələdçi olsun, istəyir barmen, xadiməçi, satıcı və s. Xidmət sahəsini peşə seçən adamlar bilməlidirlər ki, müştərinin istəkləri ön planda gəlir. Tutaq ki, mağazada işləyirsə, geyimləri təqdim etməli, mövcud suallarla bağlı ətraflı məlumat verməlidirlər. Məcburi xidmət ola bilməz”.

M.Ağakərimov bildirib ki, turizm şirkətləri işlərini elə qurmalıdırlar ki, müştəriləri cəlb edə bilsinlər:

“Buna necə nail olmaq olar? İlk növbədə müştərilərlə ünsiyyət qurmağı bacarmaq, onların istək və arzularını həyata keçirmək, hansı ölkəyə gedirsə, haqqında ətraflı və düzgün məlumat vermək, müştərini aldatmamaq, onun hüquq və vəzifələrini qorumaq, suallarını cavablandırmaq lazımdır. Bununla yanaşı, şirkətlər yeni turizm xidmətləri təklif etməlidirlər. Bu gün hamı qeyri-adi xidmətlər istəyir. Bu baxımdan şirkətlər öz üzərlərində mütəmadi işləməlidirlər, müxətlif turizm növləri təqdim etməlidirlər. Qış, çimərlik, yaşıl kənd və s. turizmləri ilə müştərilərə seçim şansı verməlidirlər”.

Fransa Azərbaycanla turizm əlaqələrini genişləndirir – FOTO

0
Fransa

Fransanın paytaxtı Parisdə “Echapevo” şirkətlər qrupu Azərbaycanla turizm əlaqələrinin yaradılması münasibətilə qəbul təşkil edib.

Azərbaycan səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə baş tutan tədbirdə bu ölkənin yüzdən çox turizm sahəsində fəaliyyət göstərən şirkətləri iştirak ediblər.

Tədbir zamanı “Echapevo” şirkətlər qrupunun Azərbaycan ilə turizm əlaqələrinə start verildiyi bildirilib. Onlara Azərbaycan haqqında ətraflı məlumat verilib, tarixi, coğrafiyası, mədəni abidələri, hazırkı siyasi və iqtisadi stabilliyi haqqında danışılıb. Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, “Echapevo” qrupunun rəhbərləri, öz növbəsində, Azərbaycanla turizm əlaqələri yaratmaqda maraqlı olan şirkət nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

Tədbirdə Fransada Azərbaycanın Dostları Assosiasiyası Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş kampaniyaya start verdiklərini açıqlayıb. Kampaniya bu ilin sonuna qədər davam edəcək.

Tədbir iştirakçıları Azərbaycanda stabillik, multikulturalizm və xüsusilə də qadın hüquqlarının inkişafı və onlara səsvermə hüququnun verilməsi mövzusuna xüsusi maraq göstəriblər.

Gürcü ekspert: “Azərbaycan rusiyalı turistlərin Gürcüstana səfər etməsi üçün çox mühüm rol oynaya bilər”

0
Badri Naçkebia

“Azərbaycan rusiyalı turistlərin Gürcüstana səfər etməsi üçün çox mühüm və ciddi rol oynaya bilər”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebia bildirib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyinin yerli aviaşirkətlərin Gürcüstana uçuşuna tətbiq edəcəyi qadağa çox böyük səhvdir. “Rusiyalı turistlərin Gürcüstana böyük simpatiyası var və onlar Gürcüstanın təhlükəsiz ölkə olduğuna tam əmindirlər. Azərbaycan Gürcüstana səfər etmək istəyən rusiyalı turistlər üçün alternativ marşrut kimi çıxış edə bilər”.

Ekspertin fikrincə, bu məsələdə konkret olaraq Gəncə Beynəlxalq Hava Limanı çox böyük rol oynaya bilər: “Gəncəyə səfər edən rusiyalı turistlər həm gözəl şəhəri, həm də ətraf səfalı rayonları ziyarət edərək Gürcüstana yollana bilərlər. Bunun üçün Gürcüstan və Azərbaycan birgə turist marşrutu yarada bilər. Gəncə şəhər rəhbərliyi də bu cür marşrutun hazırlanması prosesində iştirak edə bilər”.

B.Naçkebia qeyd edib ki, Azərbaycanın rusiyalı turistlərin Gürcüstana səfər etməsi üçün göstərəcəyi dəstək çox əhəmiyyətli ola bilər: “Birgə turist marşrutu yaradılsa, hər iki ölkə bundan fayda əldə edəcək. Bu, Gürcüstan və Azərbaycanın xarici turizmdən gəlirlərini artırmaqla yanaşı, həm də iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək”. 

Belçikanın şokolad marşrutları

0
Şokolad marşurtları

Belçika şokoladını bütün dünyada yüksək qiymətləndirirlər. Bu şokoladın həqiqi resept üzrə hazırlanması, tərkibində kakaonun yüksək miqdarda olması, təbii kakao yağından və seçmə kakao paxlalarından istifadə edilməsi onun əla keyfiyyətinə zəmanət verir.

1912-ci ildə Brüsseldə ilk dəfə praline (içlikli şokolad) hazırlandı və o vaxtdan belçikalı şokolad ustaları bu sahədə qiymətli biliklərini nəsildən-nəslə ötürürlər. Burada indi də ən bacarıqlı şokolad ustaları işləyir, onların innovasiyalı qərarları sayəsində Belçika şokoladı ən ləziz və qeyri-adi təamlardan birinə çevrilir.

Hazırda dünyada istehsal edilən bütün şokoladın üçdə iki hissəsini Belçikanın ixrac etməsinə baxmayaraq, belçikalılar özləri də şirniyyata az maraq göstərmir, bu ölkənin hər sakini ildə orta hesabla 6 kiloqramdan çox şokolad yeyir.

Ona görə də belçikalıların bu sevimli delikatesə həsr edilmiş muzeylər yaratması heç kəsi təəccübləndirmir. Bu ölkəyə səyahət edənlərin əksəriyyəti üçün şokolad muzeyləri onların Belçika üzrə marşrutunun zəruri hissəsidir.

Chocolate Nation

2019-cu il yanvarın 12-də Antverpen şəhərində dünyada ən böyük Belçika şokoladı muzeyi sayılan “Chocolate Nation” öz qapılarını müsafirlərinin üzünə açıb. Qeyd edək ki, Belçikada ilk şokolad fabriki 1831-ci ildə elə həmin Antverpendə açılıb.

Chocolate Nation” ənənəvi mənada muzey deyil. Bu məkanda şokoladın yaradılması tarixi, onunla bağlı ənənələr və bu sahədə innovasiyalar haqqında məlumat əldə etmək olar. Dünyada ən gözəl vağzallardan biri sayılan və sahəsi 4000 kvadratmetrdən çox olan Antverpen dəmir yolu vağzalı ilə üzbəüz yerləşən muzeyin 14 tematik zonası buraya gələnlərə ekvatorial plantasiyalardan başlamış ta Antverpen limanına – dünyada ən böyük kakao anbarına qədər maraqlı bir səyahət təklif edir. İnanılmaz dərəcədə böyük ölçüdə fantastik maşın şokoladın istehsal olunması prosesini nümayiş etdirir, bələdçi isə bu xoş dadın necə yaranmasını izah edir.

Pyer Markoli

Muzeyə gələnlər Belçika şokoladının hazırlanması sirlərini öyrənir, müxtəlif dadlı şokoladları dequstasiya edirlər. Təəccüblü deyil ki, “Chocolate Nation” muzeyində şirniyyat istehsalı sahəsi də var. Muzeyin böyük şokolad ustası Patrik Obrion artıq 14 ildən çoxdur ki, Belçikanın ən məşhur ustalarından biri, dünyada 40 şokolad butikinin sahibi Pyer Markolininin “sağ əli”dir. Hazırda Patrik şokolad ustalarının öyrədildiyi laboratoriyaya rəhbərlik edir. Muzeyin qonaqlarına burada iş prosesi ilə tanış olmaq, həmçinin praline hazırlanması üzrə ustad dərslərində iştirak etmək imkanı təklif olunur.

Choco-Story

2019-cu il fevralın 15-də daha bir şokolad muzeyi – “Choco-Story” Brüsseldə yeni binaya köçürülüb. Bu bina muzeyin əvvəlki binasından 3 dəfə genişdir. “Choco-Story” muzeyinə gələnlərə şokoladın kakao paxlalarından başlamış plitka şəklində şokolada qədər keçdiyi təkamül yolu barədə məlumat verilir. Muzeyə gələnlər qədim Astek və Mayya qəbilələrində bir neçə min il əvvəl kakao paxlasının yetişdirilməsi tarixi barədə də maraqlı məlumat əldə edirlər.

Muzeyin yeni binası Brüsselin lap mərkəzində Qran-Plas meydanının yaxınlığında yerləşir. Ümumi sahəsi 1800 kvadratmetr olan yeni binada müəssisənin iş rejimini yenidən qurmaq, buraya gələnlərin 5 duyğu orqanının hamısını hərəkətə gətirmək imkanı yaranıb. İndi qonaqlar istehsal prosesini izləyə və şokoladı dequstasiya edə bilərlər. Videoinstalyasiya və onu tamamlayan reallıq müsafirləri bu prosesə cəlb etməyə kömək edir, muzeydəki rəqəmsal panellər gənclərin diqqətindən kənarda qalmır. Mütəşəkkil qruplar əvvəlcədən növbəyə yazılaraq dequstasiya və ustad dərsləri keçə bilərlər.

Choco-Story Flanders

Antverpendə yeni “Chocolate Nation” muzeyi açılandan və Brüsseldə “Choco-Story” genişlənəndən sonra Belçikadakı şokolad muzeylərinin sayı dördə çatıb. Brüqqedə “Choco-Story Flanders” adlı daha bir muzey var. Burada səyahətçilərə şokoladın tarixi və onun istehsalının sirləri barədə məlumat verilir. 6-12 yaşlı uşaqlar üçün təşkil edilən “şokolad ovu” onlarda bu muzeyə böyük maraq oyadır. Şokolad burada əllə hazırlanır, ustad dərslərinə yazılmaq üçün isə əvvəlcədən növbə tutmaq lazımdır.

Belgian Chocolate Village

Brüsseldə daha bir şokolad muzeyi var. “Belgian Chocolate Village” adlanan bu muzey keçmiş Viktoriya qənnadı fabrikində yerləşir. Zəmanəmizə qədər çox yaxşı vəziyyətdə qalmış bu fabrikin 900 kvadratmetrə bərabər ərazisində ən müxtəlif ekspozisiyalar nümayiş etdirilir, tropik istixanada bitən kakao ağacları isə muzeyin fərqləndirici xüsusiyyətidir. Muzeyə gələnlərə onların gözlərinin qabağında hazırlanmış şokoladın dadına baxmaq imkanı verilir. Burada uşaqlı ailələrə xüsusi diqqət yetirilir: uşaqlar üçün xüsusi audiobələdçilər və interaktiv stansiyalar nəzərdə tutulub.

Şokolad muzeyləri Belçikanın şokolad irsi ilə tanış olmaq üsullarından yalnız biridir. Brüssel, Antverpen, BrüqqeGent şəhərlərində şokoladlı gəzintilər, şokoladlı nümayişlər və şokolad dequstasiyaları kimi tədbirlərdə iştirak etmək olar.