Ev Blog Səhifə 204

Bakıda I Respublika Sənətkarlıq Festivalının açılışı olub

0
Sənətkarlıq Festivalı

İyulun 3-ü Bakıda I Respublika Sənətkarlıq Festivalının açılışı olub.

APA-nın məlumatına görə, Festival UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev festivalda iştirak edən sənətkarlara təşəkkürünü bildirib: “I Respublika Sənətkarlıq Festivalının bu tarixə təsadüf etməsi əlamətdar hadisədir. Bildiyiniz kimi hazırda Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bu festival da sessiya çərçivəsində təşkil olunub. Sessiya çərçivəsində 150 ölkədən 3000-dən çox qonaq dəvət olunub. Festival keçirilən günlərdə həm Bakı sakinləri, həm də qonaqlar bura ilə tanış olacaq, eyni zamanda sənətkarlıq nümunələrini əldə edə biləcəklər. Məncə bu festival öz əl işlərini tanıtmaq baxımından sahibkarlar üçün də gözəl şansdır. Eləcə də Azərbaycan xalq sənətkarlıq nümunələrinin təbliğində yaxşı addımdır. İnanıram ki, festival burada iştirak edən insanlara böyük zövq verəcək”.

Nazir Azərbaycanın ildən-ilə turizm sahəsində inkişaf etdiyini də diqqətə çatdırıb: “Ölkəmiz turistlərin marağına səbəb olur. Ölkəmiz özünün mədəniyyəti ilə də turistləri cəlb edir, beləliklə Azərbaycanla dünya arasında mədəni marşrut yaranır. Hesab edirəm ki, bu mədəni marşrut çox vacibdir və bizim sənətkarlarımız bu marşrutun genişlənməsinə öz töhfələrini verəcəklər”.

Festivalın açılışından sonra “Dədə-baba” rok qrupu konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, Festivalda müxtəlif sənətkarlıq sahələri təmsil olunub. Ümumilikdə Festivala 40-a yaxın sənətkar gəlib. Beynəlxlaq norma nəzərə alınaraq, insanların daha rahat gəlmələri üçün açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda yatmarka və karnaval formasında təşkil olunub.


I Respublika Sənətkarlıq Festivalı iyulun 7-ə kimi davam edəcək.

Cahangir Əsgərov: “Azərbaycanın bütün hava limanlarında tətbiq olunan innovasiyalar uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır”

0
Cahangir Əsgərov

Azərbaycan Hava Yolları” Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə mülki aviasiya sahəsində keçirilən forum çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində iki razılaşma imzalayıb.

“Azərbaycan Hava Yolları”ndan verilən məlumata görə, sənədlər IOSA (IATA İstismar Təhlükəsizliyi Auditi), ISAGO (Yerüstü ƏməliyyatlarınTəhlükəsizliyi Auditi) və GADM (Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramı) kimi audit proqramlarının, habelə aeronaviqasiya sahəsində uçuşların təhlükəsizliyinə nəzarət üçün son standartların tətbiqini nəzərdə tutur.

Sənədləri AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsmanimzalayıblar.

“Aviation Day Azerbaijan” tədbirində AZAL və İATA-nın rəhbər heyəti ilə yanaşı, aviaşirkətlərin və turizm sahəsinin liderləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman salamlama nitqi ilə çıxış ediblər. Daha sonra AZAL-ın vitse-prezidenti Eldar Hacıyev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzv ölkələri ilə əlaqələr üzrə koordinatoru Beka Djakeli, “Türk Hava Yolları” aviaşirkətinin baş direktoru Bilal Ekşi və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid təqdimatlarla çıxış ediblər.

“AZAL artıq 26 ildir ki, İATA-nın tamhüquqlu üzvüdür. Bütün bu illər ərzində biz uçuşların təhlükəsizliyi, kadr hazırlığı, innovasiyaların tətbiqi sahəsində sıx əməkdaşlıq etmişik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti və dəstəyi sayəsində dinamik inkişaf edir. Azərbaycan mülki aviasiyası üçün uçuşların təhlükəsizliyi ən prioritet məsələdir. Bu gün ölkəmizin bütün hava limanlarında tətbiq olunan ən müasir texnologiya və innovasiyalar uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır”, – C.Əsgərov bildirib.

“IATA “Aviation Day Azerbaijan”a maksimum dəstək göstərir. Mülki aviasiya sahəsində bu mühüm tədbirin birgə keçirilməsinə görə AZAL-a öz minnətdarlığını bildirir. Azərbaycanda aviadaşımalar bazarı daima inkişaf etməkdədir. Ötən il ərzində sərnişin axını 4,7 milyon nəfər təşkil etmişdir. Bu da əvvəlki ilə nisbətən 11 faiz çoxdur. Dünyanın 29 müxtəlif ölkəsinə birbaşa reyslər həyata keçirilir. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir. Səyahət etmək istəyənlər üçün böyük üstünlükdür” – IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman bildirib.

Onun sözlərinə görə, Azərbaycanın daha güclü, etibarlı və təhlükəsiz hava nəqliyyatı şəbəkəsinin qurulmasına dair öhdəliyi Montreal Protokoluna 2014 (MP14), IATA İstismar Təhlükəsizliyinin Auditinə (IOSA), İATA Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditinə (ISAGO), Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramına (GADM) dəstəyində özünü göstərir.

Həmçinin “Aviation Day Azerbaijan” forumunda 2020-ci ildə ən mühüm IATA beynəlxalq təhlükəsizlik konfranslarından birinin – “Safety and Flight Ops Conference”in Bakıda keçiriləcəyi bəyan edilib.

Gürcüstan səfiri Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri ilə görüşüb

0
turizm

Gürcüstanın Azərbaycandakı səfirliyində ölkənin aparıcı turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Görüşdə Gürcüstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə perspektivlər ətrafında müzakirələr aparılıb.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli turoperatorlara Gürcüstanın turizm potensialı və bu sahədə həyata keçirilən yeni layihələr barədə məlumat təqdim edib.

Diplomat bildirib ki, Gürcüstan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınıb və ölkənin ilin dörd mövsümündə artan turist axınını qəbul etmək üçün geniş imkanları var.

Z.Patardze həmçinin Gürcüstan və Azərbaycan turoperatorları arasında əməkdaşlıq, birgə turist paketlərinin hazırlanması və digər məsələlərə də diqqət çəkib.

Tədbir sual-cavab formatında davam etdirilib. Sonda azərbaycanlı turoperatorlara Gürcüstanın turizm potensialını əks etdirən bukletlər təqdim olunub. 

Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

0
Gürcüstan

Bu ilin birinci yarısında Azərbaycandan Gürcüstana 622 717 nəfər səfər edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana səfərə yollananların sayı 22 332 və ya 3,7% artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 691 587nəfərlə Rusiya, üçüncü yerdə isə 530 994 nəfərlə Ermənistan qərarlaşıb.

Təkcə iyun ayında isə qonşu ölkə Azərbaycandan 124 780 nəfər ziyarətçi qəbul edib ki, bu da ötən ilin analoji göstəricisindən 10 128 nəfər, yaxud 8,8% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Gürcüstana 3 862 444 əcnəbi ziyarətçi (+8,4%) səfər edib. Onların 2 127 142 nəfərini turistlər (+10%) təşkil edib.

Bu mövsümdə rusiyalı turistlərin Azərbaycana axını artacaqmı?

0
Azərbaycan

Bu sual Rusiyanın Turizm Operatorları Assosiasiyasının www.atorus.ru saytında yer alıb. Gezmeli.az həmin sayta istinadla xəbər verir ki, Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin dayandırılması fonunda Azərbaycan Qafqaz istiqamətində mühüm alternativ turizm marşrutlarından biri hesab edilir. Rusiyanın aparıcı turizm operatorları bu ehtimalların özünü nə dərəcədə doğruldacağı və 2019-cu il mövsümündə Azərbaycana turların satışında olan vəziyyətdən danışıblar.

Multitur” şirkətinin idarəedici tərəfdaşı Yuliya Vısokanovanın sözlərinə görə, bir qayda olaraq, Azərbaycana ekskursiya turlarına sabit tələbat yaz və payız aylarında olur. Yayda qızmar istilər və qışda güclü küləklər səbəbindən bu tələbat aşağı düşür. Cari ildə turların satışı ötənilki səviyyədədir.

Delfin” turizm operatorunun baş direktoru Sergey Romaşkin isə Azərbaycana turizm turlarının satışında 10 faizlik azalma olduğunu bildirib. Əlavə edib ki, bunun əsas səbəbi rus rublunun manata qarşı məzənnəsinin zəifləməsidir. Onun sözlərinə görə, Azərbaycana turların satışında daha bir əngəl uçuşun baha olmasıdır. İstirahət günləri Bakıya aviabiletlər 18-20 min rubla başa gəlir ki, bu da Avropaya uçuşların dəyərinə bərabərdir. “Aviabiletlərin bu qiyməti ildə bir neçə dəfə istirahətə gedən varlı turistləri qane edir”, -deyə o əlavə edib.

Turizm operatorları Azərbaycan istiqamətində ən zəif “halqalar” siyahısına Rusiya bazarında reklamın olmamasını və turizm məhsulunun pərakəndə təbliğatını da daxil edirlər. Məsələn, ICS Travel Group mütəxəssisləri bildirirlər ki, turistlərin bir hissəsi və agentliklər Azərbaycanı yalnız çimərlik ölkəsi kimi tanıyırlar.

PAC Group turizm operatorunun rəhbəri Svetlana Qritsenko

PAC Group turizm operatorunun rəhbəri Svetlana Qritsenko qeyd edib ki, Azərbaycan çox qonaqpərvər ölkədir, lakin turist axınında böyük irəliləyiş gözlənilmir. Onun sözlərinə görə, bu istiqamət yenidir və hələ çox iş görülməlidir. O əlavə edib ki, Azərbaycanda turizm xidmətlərinin qiymətləri qonşu Qafqaz ölkələrinə nisbətən yuxarı olsa da, ölkəmiz xidmətin keyfiyyəti və otellər sarıdan üstündür.

Turizm operatorlarının məlumatına görə, Azərbaycan istiqamətində ən çox ekskursiya turları və Bakıda siti-breyklər satılır. Naftalan və Qalaaltı sanatoriyalarına müalicə turlarına da tələbat çoxdur. Bakıya korporativ turlar da tədricən populyarlıq qazanır. Qışda isə turistlər Şahdağ xizəkçilik kurortuna gedirlər.

Ümumilikdə, Rusiyanın turizm operatorları Azərbaycana səyahət planlarını genişləndirməyi nəzərdə tuturlar. Azərbaycan istiqamətində fəaliyyət göstərən operatorların çoxu yerli şirkətlərlə sıx əməkdaşlıq edirlər. Məsələn, “Multitur”dan Yuliya Vısokanovanın qeyd etdiyi kimi, qəbul edən tərəf ekskursiya turlarının təşkilini, o cümlədən oteldə qalmaq, transfer, ekskursiya xidmətlərini öz üzərinə götürür. “Delfin” turizm operatorunun ekskursiya turları və müalicə proqramları üzrə Azərbaycanda bir neçə tərəfdaşları var. “Mouzenidis Travel” turizm operatoru isə bu yaz Bakıda öz ofisini açıb. O, Qəbələ xizəkçilik kurortunda ofis açmağa, həmçinin qara kürü istehsal edən zavodlara və çay plantasiyalarına ekskursiya proqramları həyata keçirməyə hazırlaşır. Bundan başqa, bu operator 2020-ci ildə üç turnirinin Bakıda keçiriləcəyi futbol üzrə Avropa Çempionatına da turizm paketləri təklif edəcək.

ALEAH milli turizm operatorunun da Azərbaycanın paytaxtında öz ofisi fəaliyyət göstərir. Şirkətin nümayəndəsinin sözlərinə görə, ALEAH-ın Cənubi Qafqaz istiqamətində mövqeləri daha da güclənəcək.

İnturist” turizm şirkəti də ölkəmizə aid yeni məhsullar təqdim edəcək. Bu məhsullara Bakı və ətraf rayonlara ekskursiya proqramları, arzu edənlər üçün çimərlik istirahəti, Şahdağ xizəkçilik turları, Naftalan unikal kurortuna müalicə turları daxildir.

Almaniya hökuməti almanların Misir kurortlarına getmələri ilə bağlı qadağanı ləğv edib

0
Misir kurortları

Almaniya hökuməti ölkə vətəndaşlarının Cənubi Sinaya səfərləri ilə bağlı ən köhnə qadağalardan birini ləğv edib.

AZƏRTAC “atorus.ru” saytında dərc edilmiş məlumata istinadla xəbər verir ki, indi bəzi qeyd-şərtlər nəzərə alınmaqla alman turistlərinin Misirdə, Qırmızı dəniz sahillərində yerləşən bütün kurortlarda istirahət etmələrinə icazə verilir.

2019-cu il iyunun 28-dən etibarən alman turistlərin Taba kurort şəhərinə getmələrinə rəsmən icazə verilib. Xatırladaq ki, Misir-İsrail sərhədində, İsrailin Eylat kurortundan cəmi 13 kilometr aralıda yerləşən Taba şəhərinə səyahət terror hücumları ilə əlaqədar qadağan edilmişdi.

Bununla bərabər, Almaniyanın hakimiyyət orqanları Cənubi Sinayın Şarm-əl Şeyx, Dahab, NuveybaTaba kurortlarına səfərlərlə bağlı bəzi tövsiyələrini qüvvədə saxlayıb. Məsələn, turistlərin səyahətə və ya istirahətə tək getmələri məsləhət görülmür. Yalnız lisenziyalı yerli bələdçinin müşayiəti ilə dayvinq və su idmanının digər növləri ilə məşğul olmaq, dağlara dırmaşmaq və ya ekskursiyaları qabaqcadan sifariş etmək tövsiyə olunur.

Almaniya tərəfindən bu qadağanın ləğv edilməsi Misirdə “Cənubi Sinayda turizmin dirçəldilməsinə kömək edən addım” kimi qiymətləndirilib. Misir Turizm Nazirliyinin fikrincə, bu qərar, əvvələn Almaniyanın turoperatorlarına Şarm-əl Şeyxə çarter reyslərinin sayını artırmaq imkanı verəcək. Ikincisi, başqa ölkələri də Cənubi Sinaya reyslər açmağa sövq edəcək.

Misir Turizm Nazirliyinin məlumatına görə, hazırda Almaniya Misir üçün “bir nömrəli” gəlmə turizmi bazarıdır. 2018-ci ildə Misir Ərəb Respublikasında 1,5 milyondan çox alman turisti olub. Bu, 2010-cu ildə qeydə alınmış rekord göstəricidən (1,4 milyon) yüksəkdir.

Antalyada turizm vergisi tətbiq etmək istəyirlər

0
Antalya

Türkiyənin “GM Turizm & Yönetim Dergisi” informasiya portalında yayılmış məlumata görə, Antalya paytaxt bələdiyyəsinin meri Mühittin Beçek dünya praktikasını və turist axınının sürətlə artmasını nəzərə alaraq Antalyada turizm vergisi tətbiq olunmasının təklif edib. M.Beçek bu təklifini belə əsaslandırıb ki, hər il 14-15 milyon turist qəbul edən kurortun “bələdiyyə gəlirləri şəhər infrastrukturunu lazımi səviyyədə saxlamaq üçün kifayət deyil”. Bu verginin tətbiq edilməsi Antalya bələdiyyəsinə hər il 351 milyon avrodan artıq gəlir gətirə bilər.

“şəhər vergisi” və ya “yaşayış üçün vergi”

Merin bu təklifi Türkiyə mətbuatında və peşəkarlar arasında qızğın müzakirəyə səbəb olub. Turistlərdən vergi tutulması təcrübəsi dünyada çoxdan tətbiq olunur. Müxtəlif ölkələrdə onu “şəhər vergisi” və ya “yaşayış üçün vergi” adlandırırlar.

Keçən il əcnəbi turistlər Türkiyədə toplam 112,2 milyon gecə keçiriblər. Ekspertlərin hesablamalarına görə, əgər bu ölkədə, məsələn, bir gecə üçün 5 avro məbləğində turizm vergisi tətbiq edilsəydi, bələdiyyələr bu hesaba azı 3,7 milyard türk lirəsi və ya 561 milyon avro məbləğində əlavə gəlir əldə edə bilərdilər.

Ölkəyə əcnəbi turist axınının 68 faizə qədəri Antalyanın payına düşür. Bunu nəzərə alsaq, həmin turistlər Antalyada keçənilki qədər gecələyəcəyi halda Antalya bələdiyyəsinin gəliri 351 milyon avrodan çox ola bilər. Müqayisə üçün deyək ki, həmin sistem üzrə İstanbulun gəliri 100,5 milyon avro ola bilər.

Türkiyə şəhərləri arasında turizm vergisinin tətbiqi ilə bağlı eksperiment keçirə biləcək ilk şəhər yəqin ki, Antalya olacaq. Hazırda turizm vergisinin otel nömrəsinə görə, yoxsa adambaşı, sabit məbləğdə, yoxsa faiz kimi tutulması məsələsini həll etmək lazımdır. Eyni zamanda, nəzərdə tutulan verginin məbləği yekunda 5 avrodan xeyli az ola bilər. Məsələn, şəhər turizm şurasının sədri Rəcəb Yavuz bildirib ki, Antalyada hər turistdən bir gecə üçün 1,5 avro məbləğində vergi tutmaq və bu halda uşaqları vergi ödəyicilərinin siyahısına daxil etməmək nəzərdə tutulur. Onun fikrincə, “turistlərin bu məsələyə münasibətinə görə ciddi narahat olmağa dəyməz. Ona görə ki, Türkiyəyə istirahət etməyə gələnlər bu ölkəni burada vergi olmamasına görə deyil, cəlbedici qiymətə əla məhsul aldıqlarına görə seçirlər”.

Dünyanın ən “güclü” pasportları – Azərbaycan neçəncidir? – SİYAHI

0
Pasportlar

Dünya bazarında 20 ildir ki, fəaliyyət göstərən İsveçrənin “Henley & Partners” şirkəti 2019-cu ildə vizasız səfər etməyə imkan verən pasportların yeniləmiş siyahısını təqdim edib.

Pasportu 66 ölkəyə vizasız getməyə imkan verən Azərbaycan siyahıda 78-ci pillədə qərarlaşıb.

Gücünə görə Azərbaycan pasportundan geri qalan Ermənistan isə 60 ölkəyə vizasız səfər etməyə imkan verdiyi üçün 84-cü pillədə yerləşib.

Vətəndaşlarının 116 ölkəyə vizasız səfərinə şərait yaradan Rusiya pasportu 51-ci, 113 ölkəyə səfər etməyə imkan verən Gürcüstan pasportu 52-ci-dir. 75 ölkəyə səfər şəraiti yaradan Qazaxıstan və Belarus isə 69-cu pilləni bölüşdürürlər.

Ən güclü pasportların reytinqinə əvvəllər olduğu kimi Yaponiya və Sinqapur (189 ölkə) başçılıq edir. 2-ci pillədə isə Almaniya, Finlandiya və Cənubi Koreya (187 ölkə) yer alıb.

Türk diplomatdan Azərbaycanın turizm şirkətlərinə önəmli təklif

0
Hulusi Kılıç

Hulusi Kılıç: “Bulvara çıxanda, ”Torqovı”ya gedəndə hər kəs gəlib mənimlə şəkil çəkdirir”

Türkiyənin Azərbaycan və Moldovadakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr baş koordinatoru Hulusi Kılıç ötən həftə Azərbaycana gəlmişdi. Daim “Can Azərbaycan” dediyi ölkəmizdə çoxsaylı görüşlər keçirməsi səbəbindən qrafiki olduqca sıx olan dəyərli diplomatımız imkan tapıb “Yeni Müsavat”a da zaman ayırdı. Möhtəşəm bir mənzərəyə açılan ünvanda, “Hilton” hotelinin 17-ci qatında baş tutan söhbətimizdə ən müxtəlif mövzulardan danışdıq.

(Əvvəli ötən sayımızda)

– Əkrəm İmamoğlu ilə şəxsi münasibətləriniz, əlaqələriniz varmı?

– Yox. Mən AKP-liyəm. Ona görə də heç bir əlaqəm yoxdur.

– ABŞ Türkiyəyə qarşı hansısa sərt mexanizmləri, sanksiyaları işə sala bilərmi, yoxsa bütün bunlar ötüb keçəcək?

– Yox, elə bir şey gözləmirik. Çünki biz illərdir ABŞ-ın müttəfiqi, strateji ortağıyıq. Ağıllı olan yanlış addım atmaz. Ona görə də mən ABŞ prezidentinin ağıllı addım atacağını gözləyirəm. Sərt addım atarsa, bundan yalnız Türkiyə deyil, ABŞ, NATO, müttəfiqlik də zərər görər.

– Bəs İran ətrafındakı proseslərin perspektivini necə görürsünüz? Savaş təhlükəsi realdırmı?

– İnşallah, İran ətrafındakı proseslərin də sülhlə çözüləcəyini gözləyirik. Belə bir savaş bölgə üçün çox zərərlidir. İranda bizim soydaşlarımız var. Orada açıq şəkildə “türkəm” deyən 40 milyondan artıq soydaşımız yaşayır. Biz istəmərik ki, orada savaş olsun. Zatən, bölgədə savaş istəmirik. Savaşlar heç kəsə fayda gətirməz. Bu gün İraqa baxın, nə haldadır, Suriya eyni şəkildə… Ona görə də biz Türkiyə olaraq hər zaman bunu deyirik: ulu öndər, böyük Atatürkün sözləri ilə “Yurdda sülh, cahanda sülh”. Biz bu şüarla yaşayırıq. Bu gün BMT-nin təməli bunun üzərində qurulub. Yəni BMT Atatürkün sözü ilə desək, dünyada barışı saxlamaq üçün qurulub.

– Amma təəssüf ki, bu gün BMT həm öz etibarını itirib, həm də qətnamələri kağız parçasına çevrilib…

– Təəssüf ki. Qarabağla bağlı 4 qətnaməsi var. Lakin bunlar yerinə yetirilməyib. ATƏT, Avropa Şurası, Avropa Parlamentinin də qətnamələri var, lakin Ermənistan onlara əməl etmir. Sayın cümhurbaşqanımız deyir ki, dünya beşdən böyükdür. BMT Təhlükəsizlik Şurasının da yenidən nəzərdən keçirilməsi lazımdır. Dünya 1944-cü ilin dünyası deyil. Dünya bu gün fərqli bir miqyas alıb. Dolayısı ilə BMT ilə bağlı da günün şərtlərinə əməl etmək lazımdır.

“Xəzərdə çimmək fürsətim olmadı”

– Hulusi bəy, Bakının isti günlərində gəlmisiniz. Narahat olmursunuz ki?

– Yox, narahat olmuram. Türkiyədə də isti var. Axşamlar çox gözəldir. Külək əsir. Bulvara çıxıb, gəzirəm.

– Türkiyə dənizlərlə əhatə olunmuş gözəl bir ölkədir. Xəzər dənizinin sahilində necə, nə vaxtsa dincəldiyiniz, suyuna girdiyiniz oldumu?

– Xəzərdə çimmək fürsətim olmadı. Mən burada gecə-gündüz işlədim. O zaman bəzi dairələr burada protokollarla bağlı problemlər yaratdılar. Çox çətin şəraitdə çalışdıq. Ona görə də iki qardaş arasında problemlər yaratmağa çalışanlara bu imkanı vermədik, önlədik. Ona görə də cənab prezident mənə “Dostluq” ordeni verdi. Bu ordeni alan ilk və son səfirəm. Daim çalışdıq, həm Azərbaycan, həm də Türkiyə üçün. İki vəzifəni birdən icra etdik.

– Məhz bu fəaliyyətinizin nəticəsidir ki, sizi Azərbaycanda tanımayan çox az adam ola bilər. Sizi sevirlər, dəyər verirlər…

– Mənimlə bağlı çox gözəl sözlər söyləyirlər. Bulvara çıxanda, “Torqovı”ya gedəndə hər kəs gəlib mənimlə şəkil çəkdirir. Çox gözəl hisslərə qapılıram. Demək, sevgi budur. Mən burada çox böyük sevgi, sayğı, hörmət görürəm. Dövlət rəsmilərindən kiminlə istəsəm, görüşə bilirəm. Bunlar gerçəkdən bir səfir üçün dünyada olmayan bir şeydir. Mən daim bunu deyirəm: görəvlər bitər, amma qəlblərdə olursansa, ən yüksək məqam könül məqamıdır, oradan heç bir zaman çıxmazsınız. O baxımdan mən artıq burada səfir deyiləm – səfirimiz də sağ olsun, burada çox yaxşı çalışır – lakin səfir olub getdikdən sonra burada səfir olduğum dönəmdən artıq hörmət görürəm. Bu da məni çox xoşbəxt edir, Azərbaycana bağlılığım daha da artır. Səfir işləyib getdikdən sonra insanlar unudulur, amma mən buraya gəldikdə, nazirlər, yuxarı səviyyələrdə digərləri sağ olsunlar, mənimlə görüşə vaxt tapırlar. O baxımdan mən çox böyük bir qürur hissi keçirirəm ki, burada səfir olaraq çalışdım, millətim üçün işlədim, Azərbaycan üçün işlədim. Ömrümün sonuna qədər də Azərbaycan üçün əlimdən gələni edəcəyəm.

– Sizin yenidən Azərbaycana səfir göndərilməniz mümkündürmü?

– Bizdəki sistemdə olmur. İnşallah, başqa fəaliyyətlə məşğul olarıq. Mən görəvləri xidmət etmək üçün bir vasitə görürəm. Görəvdə olarsınızsa, daha çox xidmət edərsiniz. Səfir olaraq başqa bir ünvanda xidmət edirsiniz. Amma mən zatən türk dünyası ilə bağlı bir işdə işləyirəm, türk dünyasına daha çox xidmət edəcəyəm, inşallah!

– Həm də təqaüddəsiniz, eləmi?

– Xarici İşlər Nazirliyindəki vəzifəmdən ayrıldım, təqaüdə çıxdım. Amma başqa işlər görürəm.

– Hulusi bəy, Türkiyə turizm ölkəsi olduğundan azərbaycanlıların qardaş ölkəyə marağı təbii olaraq böyükdür. Amma 80 milyonluq Türkiyədən Azərbaycana turist az gəlir. Bu qeydimizlə razılaşırsınızmı?

– Mənə görə də Türkiyədən Azərbaycana turist az gəlir. İndi buradakı turizm şirkətlərinin belə bir iş görməsi lazımdır. Məsələn, neft buruqlarını – petrol tarlalarını ziyarət çox gözəl olar.

– Neft buruqlarını?

– Təbii ki. Siz heç onun fərqində deyilsiniz. Amma Türkiyədə çox maraqlı mövzudur, hər kəs maraqlanır. Elə şəhərin içərisində yerlər var, turistlərə göstərin ki, neft necə çıxır. Bunu yaxşı tanıtmaq lazımdır. Atəşgah, Qobustan çox önəmli, tarixi yerlərdir. Şamaxıdakı Türk Şəhidliyini, bir çox digər yerlərdəki türk şəhidliyini görə bilərlər. Təbii ki, bunları tanıtmaq lazımdır. O halda daha çox turist gələr. Mən bunu bəzi şirkətlərə söylədim. Bu, dövlətin işi deyil, bundan para qazanacaq insanların, turizm şirkətlərinin işidir…

Qızılağac Milli Parkının fəaliyyət zonaları üzrə bölgüsü müəyyənləşib

0
Qızılağac Milli park

Azərbaycan Respublikası Nazirlər Kabineti “Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar;

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;

3) turizm və rekreasiya zonası – 25842,0 hektar;

4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;

5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfatistehsalat zonası – 22,0 hektar