Okeandakı cənnət: Koronavirusun ələ keçirə bilmədiyi ölkə haqqında maraqlı faktlar
Dekabr ayında koronavirus Çində ilk dəfə göründükdən sonra tədricən demək olar ki, bütün dünyaya yayıldı. Hazırda koronavirusundan təsirlənməyən yalnız bir neçə ölkə var.
Artıq bir çox ölkələrdə gündəlik yoluxma və ölüm sayı azalır. Lakin pandemiya dövründə elə ölkələr də oldu ki, orada nə koronavirusa yoluxma, nə də ölüm faktı qeydə alınmadı. Belə ölkələrdən biri Vanuatu və ya rəsmi olaraq okeanda yerləşən Vanuatu Respublikasıdır. Cənubi Sakit Okeanda yerləşən bu ada ölkəsi tamamilə təcrid olunub və hələlik orada heç bir yoluxma və ölüm faktı olmayıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Vanuatu Avstraliyadan təqribən 2 min kilometr şərqdə yerləşir. Yerləşdiyi məkana görə digər ölkələrə nisbətdə daha çox təcrid olunub.
Vanuatu beynəlxalq təşkilatlar tərəfindən 2006 və 2010-cu illərdə dünyanın ən xoşbəxt insanlarının yaşadığı ölkə elan edilib.
Ölkənin iqtisadi dəyərinin üçdə ikisi 2015-ci ildə baş verən Pam qasırğası səbəbindən məhv olub. Təəssüf ki, ölkədə səhiyyə sistemi də inkişaf etməyib.
300 min əhalisi olan Vanuatunun 83 adasının 65-ində daha çox insan yaşayır. Ölkə qazancını əsasən özünəməxsus çimərlikləri ilə turizmdən əldə edir. Ən çox gəliri isə bura “bal ayı”na gələnlər qazandırır.
Okeanda bir növ cənnət sayılan bu ölkə həm də dalğıcların sıx yaşadığı bir yerdir. Adaların əksəriyyətində golf sahələri var. Bundan əlavə burada balıqçılıq, sörfinq və müxtəlif su idman növləri üçün də mükəmməl şəraitlər var.
Vanuatuda koronavirusa yoluxma halı niyə yoxdur?
Vanuatuda koronavirusun yayılmasının qarşısını almaq üçün hökumət 26 martda fövqəladə vəziyyət elan etmişdi. Bundan sonra isə bütün hava limanları bağlandı. Hətta adalar arasında səyahət də qadağan olundu.
İqtisadiyyatı turizmə çox güvənən bir ölkə üçün bu proses çox çətindir. Lakin koronavirusdan qorunmaq üçün buna getməyə məcbur oldular və istədikləri oldu.
Avstriyada növbəti qış turizmi mövsümü narahatlıq doğurur
COVID-19 pandemiyası iqtisadiyyatın bir çox sahələri ilə yanaşı, turizmə də ağır zərbə vurub. Beynəlxalq uçuşların əksəriyyəti ləğv edilib, turist axını dayanıb, iri şəhərlər, turizm regionlarındakı otellər və asudə vaxtın təşkili mərkəzləri müştəri üzünə həsrət qalıb.
AZƏRTAC xəbər verir ki, Avstriyada milli idman statusu daşıyan dağ-xizək idmanı və qış turizmi ilə bağlı vəziyyət də narahatlıq doğurur. Koronavirus pandemiyası dövründə ölkədə bütün qış idmanı yarışları tamaşaçılarsız keçirilməlidir. Bu qərarın özü də azı üç beynəlxalq yarışa tamaşa etmək üçün gəlməli olan turistlərin itirilməsi deməkdir.
Dağ-xizək mərkəzlərindəki otelçilər və kanat xətləri operatorlarının maraqlarını müdafiə edən təşkilatlar isə qış öncəsi turistlərin cəlb olunması üçün müvafiq reklam aparılmasını və COVID-19 pandemiyası ilə əlaqədar aydın “oyun qaydaları”nın müəyyənləşdirilməsini tələb edirlər.
Avstriyanın tanınmış İşql dağ-xizək mərkəzində fevral-mart aylarında çoxlu yoluxma hallarının qeydə alınması böyük tənqidlə qarşılanıb və bu kimi mərkəzlərin imicinə ağır zərbə vurub. Qarşıdakı mövsüm ərəfəsində İşql və bir sıra mərkəzlər insanların sıx toplandığı məkanlara (bar və kafelər, otellərin əyləncə imkanları) girişi məhdudlaşdırmağı nəzərdə tutur.
İnsbruk Menecment Mərkəzi isə hazırda COVID-19-a yoluxma təhlükəsi ilə bağlı riskləri minimuma endirmək üçün elmi model üzərində işləyir. Model bələdiyyə, turizm qurumları, kanat xətləri operatorları və digər maraq təmsilçiləri üçün risklərin dəyərləndirilməsi və menecmenti tədbirlərini təqdim edəcək. Həmin model əsasında yüksək yoluxma təhlükəsi mümkün qədər erkən aşkarlanmalı və turizm regionlarının fəaliyyətinə maneə törətmədən aradan qaldırılması təmin olunmalıdır.
Qeyd edilməlidir ki, Avstriyanın qış turizmi hər il təxminən 13-15 milyard avro məbləğində dövriyyəyə malikdir. Mövsümün baş tutmaması minlərlə insanın işsiz qalması, şirkətlərin iflası deməkdir. Ona görə də bütün iştirakçı tərəflər qarşıdakı qış mövsümünə ciddi şəkildə hazırlaşırlar.
Florian Zenqstşmid: Hindistan Azərbaycan turizmi üçün vacib bazardır
Hindistan Azərbaycan turizmi üçün vacib bazardır.
Trend-in məlumatına görə, bunu avqustun 21-də Azərbaycan və Hindistanın 30-a yaxın turizm nümayəndəsi arasında keçirilən onlayn tədbir zamanı Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
O, çıxışında qeyd edib ki, Azərbaycan və Hindistanın mədəniyyəti, tarixi və adət-ənənələri arasında bənzərlik ölkələrarası turizm əlaqələrini daha da möhkəmləndirir.
Florian Zenqstşmid ATB-nin SATTE və OTM sərgilərində iştirakı, eləcə də Hindistan mediası ilə əməkdaşlıq barədə məlumat verib. O, Hindistanın turizm sənayesinin nümayəndələrini cari ilin oktyabr ayında keçiriləcək “Travel Business Azerbaijan” tədbirində iştirak etməyə dəvət edib.
Hindistan Respublikasının Azərbaycandakı səfirliyi və Hindistan Turizm Operatorları Assosiasiyasının (IATO) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə, həmçinin Hindistan Turizm Operatorları Assosiasiyasının prezidenti Pronab Sarkar, Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna iştirak edib.
Müxtəlif mövzularda təqdimatların keçirildiyi tədbir sual-cavab sessiyası ilə başa çatıb.
Misir turistlər üçün ölkəyə daxil olma şərtlərini dəyişdi
Eastnews.org-un verdiyi xəbərə görə, sentyabrın 1-dən Misir ölkəyə gələn turistlər üçün koronavirusun olmaması haqqında sertifikatın məcburi təqdimatını tətbiq edir.
Bu barədə Misir turizm operatorları assosiasiyasından məlumat verilib.
Misirin Baş Naziri Mustafa Madbulinin sözlərinə görə, bu qərarın verilməsinə bəzi ölkələrdə yoluxma hallarının artması səbəb olub.
Misirə üçüncü ölkələrdən keçən rus turistlərin də yeni qaydalara əməl etməli olduğu qeyd edilib.
Xatırladaq ki, 15 avqustdan etibarən belə bir sertifikat yalnız Qahirəyə və ölkənin digər hava limanlarına gələnlərə (Şarm əl-Şeyx, Hurqada və Marsa Matruh istisna olmaqla) təqdim edilməli idi. Sentyabr ayından etibarən birbaşa Qırmızı dənizin kurortlarına uçanların da ehtiyaı olacaq.
İki il ərzində uçmaq imkanı
Və ya gec olsun, güc olsun “Buta Airways” baş tutmayan uçuşlar üçün sərnişinlərə təklif etdiyi vauçerlərin (uçuş hüququ) istifadə müddətini 12 aydan 24 aya qaldırılması barədə məlumat yayıb. Belə ki, müştərilər əldə etdiyi vauçerləri ilkin aviabiletin uçuş tarixindən etibarən iki il ərzində istifadə edə bilərlər. Şirkət bildirir ki, vauçer aviabiletin dəyərinin geri qaytarılması əvəzinə verilən pul sənədidir və “Buta Airways” və AZAL aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçeri əldə etmək qaydasına gəlincə, sənədin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində biletin alışı zamanı təqdim edilə bilər.
Nəzərə alsaq ki, COVİD-19 pandemiyası səbəbindən ləğv olunan uçuşlara bileti əlində qalan sərnişinlərin sayı yüzlərlədir, onda aviaşirkətin təqdim etdiyi qaydalara münasibətlərin birmənalı olmamasını da başa düşmək çətin deyil. Ləğv edilən uçuşlarla bağlı aviaşirkətə ünvanlanan çoxsaylı və oxşar suallara “Daxili və beynəlxalq aviareyslərin bərpa edilməsi barədə qərar ölkələrin hökumətləri tərəfindən qəbul olunur” cavabı verilsə də, müştərilən sorğuları bitib-tükənmir. Bu da təbiidir. Xüsusən, bir neçə ay əvvəl “Buta”nın aşağı büdcəli biletlərinə sahiblənən və xəyalları suya düşən insanlar, heç olmasa, ödədikləri məbləği geri almaq və ya uçuşun nə vaxtsa bərpa olunması ilə bağlı sənəd əldə etmək istəyirlər. Şirkətin “Facebook” səhifəsində paylaşdığı elanına “Pulu geri qaytarın. Vaucher istəmirəm”, “Mənə vauçer lazım deyil, biletə ödədiyim pulu istəyirəm, Avqustda uçmalı idim, uça bilmədim. Ödədiyimiz pulu nə zaman və hardan almaliyiq?”- deyə soruşan müştərilərə “Buta” rəsmisinin “Şirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır. Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edirik”- cavabı yer alıb. Belə ki, 2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən aviabiletlər dəyişdirilə bilər. Digər bir rəydə “Mən vauçer istəmirəm. İstəyirəm ki, reyslər açılanda, “Buta Airways” şirkəti öz öhdəliyini yerinə yetirsin, yəni aldığım biletlər əsasında məni həmin istiqamətdə aparıb gətirsin” yazılıb. Turizm üzrə ekspertlər isə “Buta”nın müştərilərinə təklif etdiyi vauçeri onların ləğv olunan uçuşlarının yenidən bərpasının təminatı kimi dəyərləndirilər. Necə deyərlər, gec olsun, güc olsun. “Luna Travel” Turizm Şirkətinin direktoru Rəhman Quliyevin fikrincə, uçuşlar ətrafında yaranan narahatlıqlar təbiidir. Belə ki, pandemiyadan qabaqkı dövrlərdə Azərbaycanda uçuş həyata keçirən bütün şirkətlərin uçuşları bir az gecikəndə belə narahatlığa səbəb olub: “İnsanlar iş ardınca, səhhətləri ilə bağlı, işgüzar və ya turist səfərlərinə və digər məqsədlərlə harasa uçurdular. Yəni pandemiya səbəbindən insanların önəmli olan işləri təxirə düşdü. Onlar böyük ziyan çəkdilər. Ancaq bunu da yaddan çıxarmaq lazım deyil ki, bütün bunlar aviakompaniyaların özündən asılı olmayan problemlərdir. Həmçinin də Azərbaycan Hava Yolları və “Buta Aviaşirkəti” də eyni problemlərlə üzləşib. Hazırda bütün dünyada pandemiya davam edir. Düzdür, pandemiya nisbətən səngiyəndə şirkətlər uçuşları qismən həyata keçirmək üçün çözüm yolu tapdılar. Bilirsiniz ki, 5 aya yaxın müddətdə heç bir aviakompaniya Azərbaycana uçuş həyata keçirmədi. Eyni zamanda, Azərbaycan Hava Yollarının törəmə şirkəti olan “Buta” böyük ziyanla üzləşdi”. Turizm eksperti bildirir ki, ziyana baxmayaraq, aviakompaniya artıq xüsusi reyslər həyata keçirir. Belə ki, insanların mart-aprel-may-iyun ayları üçün daha öncədən aldıqları biletləri vauçer şəklində əvəzləyir: “Müştərilər artıq vauçeri iki il müddətinə istifadə edə bilərlər. Bunun da istifadə qaydası belədir: tutaq ki, vaxtilə may ayına 500 manatlıq bilet alınıbsa, həmin məbləğdə müştərinin depozitdə pulu qalır. Şirkət vauçer şəklində ödəniş edir. Bu da o deməkdir ki, iki il ərzində 500 manatlıq uçuşdan istifadə etmək olar. Tutaq ki, Bakı-Tehran biletinin qiyməti 250 manatdır. Bu məbləği istifadə etdikdə, yerdə qalan məbləğdən növbəti uçuşda və ya digər istiqamətə istifadə edə bilərsiniz. Və ya həmin məbləğə baqaj da, yer də ala bilərsiniz. Yaxud da AZAL-ın mövcud servislərindən istifadə edə bilərsiniz”. Vaucerin iki illik müddətə uzadılmasına münasibət bildirən turizmçinin fikrincə, bəzi insanlar bir il müddətinə, onsuz da harasa gedə bilməyəcəklər. Bəzilərinin maddi durumu bu məsələdə rol oynayırsa, bəziləri isə oxuduqları universitetlərin açılmasının hələ sual altında olduğu tələbələrdir: “İnsanların rahatlığını nəzərə alıb vauçerlərin müddətini iki ilə qədər uzatdılar. Ola bilsin ki, bir qədər də uzatsınlar. Heç kəs elə başa düşməsin ki, əgər vauçerlərin müddətini iki il uzadırlarsa, karantin də bu qədər uzanacaq. İnsanların rahatlığını nəzərə alıb bu addımı atıblar ki, qoy rahat şəkildə səyahətlərini bərpa edə bilsinlər. Əgər müştəri 2021-ci ilin yay ayına qədər gedə bilməsə, vauceri batmır, əksinə, onun müddəti daha da uzadılır”. Turizmçinin sözlərinə görə, digər şərt, müştərinin vauçeri qəbul etmədiyi təqdirdə ödənişi geri ala bilməsidir. Yəni karantin bitdikdən, uçuşlar tam bərpa olunduqdan 60 gün sonra müştərilərin biletə ödədiyi vəsait mərhələli şəkildə qaytarılacaq: “Bu da o deməkdir ki, aviaşirkət insanların pulunu qaytarmaqdan ötrü iki ay fəaliyyət göstərib pul qazanmaq üçün zaman istəyir”. Turizmçi müştərilərin haqlı narazılıqlarını başadüşülən sayır. Yəni insanlar baş tutmayan uçuşlara görə həqiqətən narahatdırlar: “Hər kəs öz haqqını tələb edir, heç kəsi də qınamalı deyil. Əgər müştərilər vauçer sistemini qəbul eləmirsə, təbii ki AZAL və beynəlxalq aviakompaniyaların qaydalarına əsasən alacaqlarını bir az gözləməli olacaqlar. Hələ ki, başqa çıxış yolumuz yoxdur. Mənə elə gəlir ki, bir az da gözləməliyik ki, vəziyyət daha yaxşı olsun”. Qeyd edək ki, 2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən “Buta Airways” aviaşirkətinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. Sərnişinlər callcenter@butaairways.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya internet saytına əlaqə forması vasitəsilə müraciət edə bilərlər.
Təbiət qoynunda istirahət üçün çadır turizmini inkişaf etdirmək lazımdır-AÇIQLAMA
Dünyanın bütün sahələrində olduğu kimi, koronavirus pandemiyası səyahət etməyi sevən insanların da əhval-ruhiyyəsinə maraqlı düzəlişlər edib. Turizm sahəsində fəaliyyət göstərən, yəni mehmanxanaların, hotellərin, ictimai iaşə müəssisələrinin fəaliyyətində məhdudiyyətlərə görə bir çoxları sadəcə təbiət qoynunda tətil etməyə başlayıblar. Bu baxımdan insanlar tərəfindən çadırlar, yataq çantaları, piknik üçün masalar və digər oxşar malların alınması müzakirə mövzusudur.
Bununla bağlı Sonxeber.az-a Azərbaycan Turizm Assosasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov danışıb:
“Bildiyimiz kimi ən çox zərbə turizm sektoruna dəyib. Bakıda fəaliyyət göstərən otellərin vəziyyəti daha ağırdır. Çünki Bakıdakı otellər əsasən gəlmə turistlərlə dolu olardı. İndi bildiyimiz kimi sərhədlər bağlıdır, sentyabrın 1-dək karantin qaydaları mövcuddur. Bakıda, ümumilikdə Abşeronda fəaliyyət göstərən otellər hazırda böhran vəziyyətindədir. Otellərin fəliyyəti haqqında sentyabrın 1-dən sonra məlumatlar ola bilər.
Regionlarda fəaliyyət göstərən otellərə gəldikdə isə deyə bilərik ki, Bakıdan regionlara gedənlərin yolu hələki bağlıdır. Açıq səmada restoranlar, kafelər, digər ictimai iaşə müəssisələrinin fəaliyyətinə icazə verilib. Pikniklər əsasən təbiət qoynunda, çay qıraqlarında, meşələrdə təşkil edilir. Burada da problem Bakı şəhərindən çıxmaqdır. Avqust ayının 31-dək yollar bağlıdır, yəni məhdudiyyətlər var. Əgər yollar açılarsa, təbii ki, insanlar gedib açıq havada istirahət edə bilərlər. Çadır turizmini inkişaf etdirmək olar”.
Təyyarə biletləri gözlənilmədən iki dəfə ucuzlaşdırıldı: Əhali kasıblayıb
Rusiyanın böyük aviaşirkətləri gözlənilmədən daxili uçuşlarda qiyməti 2 dəfəyə yaxın ucuzlaşdırıb.
Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Moskvadan digər 15 böyük şəhərə təyyarə biletlərinin qiymətində kəskin ucuzlaşma olub.
Yayın əvvəli ilə müqayisədə sentybar-oktyabr aylarına biletlər daha ucuz satılıb. Belə vəziyyət gözlənilməzdir, çünki biletlər adətən uçuş müddəti yaxınlaşdıqca daha da bahalaşmalıdır. Ancaq Rusiya şirkətləri bunun əksini tətbiq edir.
Ekspertlərin fikincə, buna səbəb çox satış əldə etməklə pandemiya ilə əlaqədar ziyanın müəyyən qədər azaldılmasıdır. Məhdudiyyətlərə görə təxirə salınan səfərlərin bərpasından sonra sərnişinlərin daxili səfərlərdə məhz daha təhlükəsiz hava nəqliyyatına üstünlük verməsini təmin etmək də səbəblərdən biridir. Başqa bir səbəb isə əhalinin pandemiya ilə əlaqədar gəlirlərinin azalması olub ki, bilet satışında bu da nəzərə alınıb. Rusiyalı turistlər daxili istiqamətlərdə əsasən turizm bölgələrinə uçuşlar edir.
Xınalıq istiqamətində yeni çəkilən yolun 2021-ci ildə yekunlaşacağı gözlənilir – RƏSMİ
Yeni Xınalıq yolunun tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bildiriblər. Qeyd olunub ki, Xınalıq istiqamətində yeni çəkilən yolun 2021-ci ildə yekunlaşacağı gözlənilir:
“Xınalıq istiqamətində yeni yolun inşası ilə bərabər mövcud Quba- İspik -Xınalıq yolu da nəzarət altındadır. Yolun ehtiyac olan hissələrində mütəmadi olaraq təmir işləri aparılır, avtomobil vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti üçün qabaqlayıcı tədbirlər görülür. Yolun Qüdyalçay çayının kənarı ilə (Qüdyalçay kanyonu) keçən hissəsi növbətçi texnika və işçilər tərəfindən nəzarət altında saxlanılır. Hərəkətin intensivliyinin pozulmasına səbəb olan fəsadlar dərhan aradan qaldırılır. Yeni Xınalıq yolunun tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Yeni yolun təqribən 1,2 km-lik hissəsi Böyük Qafqaz sıra dağlarının 2625 m-lik hündürlüyə malik ərazisindən keçir. Yeni inşa edilən yol üzərində Şahdağın ətəklərində Xınalıq kəndi kimi qədim tarixə malik Susay Qrız, və Qalayxudat kəndləri yerləşir. Kəndlərdə qədim tarixə malik evlərdən bəziləri indiyədək qorunub saxlanılıb. Həmin evlərdən bəzilərində hazırda da yaşayış mövcuddur. Burda qədim evlərlə yanaşı turistlərin diqqətini çəkən tarixi abidələr də var.
Yolun çəkilişinə başlanılması ilə artıq nəqliyyat vasitələri də bu yüksək dağlıq ərazilərə qalxmağa başlayıblar. Alternativ yolun üstünlüyü təkcə Xınalığa gediş-gəlişin asanlaşması deyil, eyni zamanda uzun müddət yolun çətinliyi ucbatından istifadəsiz qalmış torpaqlara da yeni həyat verməsidir.
Yeni yolun Alpan, Uzunmeşə, Gərəy, Susay, Kürkün kəndlərindən keçməsini də nəzərə aldıqda aydın bilinir ki, bu, həmin yaşayış məskənləri və ərazidə yaşayan əhali üçün də çox faydalı olacaq. Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına da gətirib çıxaracaq.
Bu səbəbdən ölkənin ucqar kəndində yeni avtomobil yolunun inşası mühüm hadisə kimi qiymətləndirilir. Şübhəsizdir ki, bu hadisə kəndin gələcək inkişafına da xidmət edərək Azərbaycanın bu qədim kəndinin digər sosial problemlərinin həllində də vacib rol oynayacaq.
Qeyd edək ki, Xınalıq istiqamətində təhlükəsiz və rahat Avtomobil yolunun tikintisinin 2021-ci il ərzində yekunlaşdırılması planlaşdırılır”.
Türkiyənin Van gölündə üzən otel fəaliyyət göstərəcək
Türkiyənin Van gölündə fəaliyyət göstərməsi nəzərdə tutulan üzən otelin qurulmasına dair layihə təsdiq edilib.
Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki, layihə Van vilayətinin Edremit rayon bələdiyyəsinə aiddir. Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi layihəni təsdiq edib. Layihəyə görə, üç mərtəbəli gəmi-otelin tikintisinə iki milyon türk lirəsi (təxminən 300 min ABŞ dolları) vəsait ayrılacaq. Bildirilir ki, gəmi-oteldə otelçilik və turizmçilik sahəsinin mütəxəssisləri müştərilərə birgə xidmət edəcəklər.