Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assossasiyası (ACAE) İspaniyadan Azərbaycana turist axınının çoxlaması üçün ciddi addımlar atır. Minlərlə İspanya şirkətini tərkibinə üzv etməyə müvəffəq olmuş Azərbaycan-İspanya Ticarət və Mədəniyyət Assossasiyası (ACAE) İspaniyanın Basklar Ölkəsində fəaliyyət göstərən nüfuzlu iş adamları və dövlət məmurları üçün Azərbaycanın iqtistadi və turizm potensialı haqqında geniş təqdimat keçirib.
Təqdimata 200-dən çox şirkət qatılıb. ACAE-nin baş katibi Raul İdigoras ispaniyalı iş adamlarına Azərbaycanda olan geniş iqtisadi imkanlar, iri miqyaslı layihələr və ölkəmizin turizm imkanları barədə geniş məlumat verib.
Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycan hökuməti turizm sektorunun prioritet sahələrdən biri kimi elan edib. Hər il Azərbaycana gələn turistlərin sayı sürətlə artmaqdadır. Ölkədə buna uyğun infrastruktur sürətlə inkişaf edir. Ölkəmizdə hər il müxtəlif nüfuzlu idman və mədəniyyət tədbirlərinin keçirilməsi də turistlərin marağını artıran məqamlardandır. Məsələn, Formula 1 üzrə Azərbaycan Qran-Prisi buna misal ola bilər.
İspaniyalı iş adamları təqdimatı maraqla qarşılayıb, Azərbaycanın tezliklə ispaniyalı turistlərin sevimli istiqamətinə çevrilə biləcəyini bildiriblər. İspaniyada keçirilmiş bu geniş təqdimat haqqında həmin ölkənin mətbuatında da məqallır dərc olunub. ACAE-nin prezidenti Fərid Mustafayev bildirir ki, rəhbərlik etdiyi təşkilatın məqsədyönlü fəaliyyəti və İspaniyadakı əlaqələri sayəsində tezliklə bu ölkədən Azərbaycana ciddi turist axını olacağına şübhə yoxdur. Bunun üçün Azərbaycanın turizm imkanları geniş təbliğ olunur. Azərbaycan Diaspora Komitəsinin timsalında ACAE dövlət dəstəyini hiss edir və İspaniyadakı əlaqələriindən geniş istifadə etməklə fəaliyyət göstərməkdədir.
Bakıdakı Qız qalası MDB məkanında beş ən populyar yerdən biri sayılıb.
Rusiyanın “TurStat” analitika agentliyi Müqəddəs Valentin Günü ilə əlaqədar MDB ölkələri şəhərlərinin yerli sakinlər və turistlər arasında ən romantik yerlərinin və görməli məkanlarının reytinqini tərtib edib.
Ən populyar romantik yerlərin ilk beşliyini tərtib edib. Minskdəki Troitskoye qəsəbəsi, Almatıdakı Kok-Tübe dağı, Astanadakı Bayterekabidəsi, Bakıdakı Qız qalası və Daşkənd teleqülləsi yer alıb. Reytinq internetdə aparılan sorğunun yekunları əsasında tərtib edilib.
Gürcüstan hökuməti Azərbaycanla sərhəddə yerləşən Saqareco rayonunun Udabno kəndində ictimai mərkəz tikərək istifadəyə verib.
Ölkənin Baş naziri Mamuka Baxtadze fevralın 13-də mərkəzin açılışını edib.
M.Baxtadze çıxışında bildirib ki, bölgələrin bərabər inkişafı hökumətin əsas prioritetlərindən biridir. Bu cür ictimai mərkəz istənilən kənd üçün çox faydalıdır. Bu cür mərkəzlərin yaradılmasının əsas məqsədi bölgə əhalisinin bütün lazımi xidmətlərdən yararlanmasına şərait yaratmaqdır. Mərkəz kənddə 200-dən çox dövlət xidməti göstərəcək.
Baş nazir bölgələrdə turizmin inkişafının da vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan ilə həmsərhəd olan Udabno kəndi turizm üçün çox əlverişlidir.
O deyib: “David Qareci məbəd kompleksi (Keşikçi dağı məbədi– red.) hər bir gürcü və xristian üçün unikal abidədir və Udabno kəndinin unikal turizm məkanına çevrilməsinə səbəb olub. Təəssüflər olsun ki, infrastruktur baxımından kənddə müəyyən çatışmazlıqlar olub. Bir neçə il əvvəl kəndin su təminatı layihəsi başa çatdırılıb. Qısa vaxt ərzində Udabnoda avtomagistralın çəkilməsi ilə bağlı işlər aparılacaq”.
Ədliyyə naziri Tea Tsulukiani bildirib ki, Udabno kəndində ictimai mərkəzin tikilməsi barədə qərar bir neçə amilin nəzərə alınması ilə qəbul olunub. Bu kənd Gürcüstan və Azərbaycan arasında dövlət sərhədi boyunda yerləşir, etnik azlıqlar və ekomiqrantlarla məskunlaşıb və turistik baxımından cəlbedici zonadır. Bununla yanaşı, Udabno kəndi David Qareci məbəd kompleksinin yaxınlığında yerləşir. Bu da turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi vacib hesab edilir. Fəallaşdırılma çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək. Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Sərgidə xalis yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim ediləcək. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının yaranma tarixini, onun fəlsəfəsini və dünyagörüşünü əks etdirir.
Toxuculuq
Sərgidə Türkmənistanda istehsal edilən geniş çeşidli toxuculuq məhsulları da nümayiş etdiriləcək. Sərgiyə gələnlər Türkmənistanın yüksək keyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış nümunələr, milli keteni, gülməxmər və ştapel parça növləri ilə tanış ola biləcəklər. Burada nümayiş etdiriləcək bütün toxuculuq məhsulları Türkmənistanda istehsal edilən pambıq və ipəkdən hazırlanıb. Qeyd etmək lazımdır ki, türkmən xalçalarına və toxuculuq məhsullarına dünya bazarında böyük tələbat var.
Sərginin kiçik bir hissəsi əl işi olan milli zərgərlik məmulatlarına ayrılmışdır. Zərgərlik məmulatları türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bu məmulatların səciyyəvi cəhəti ondan ibarətdir ki, simmetrik formalar və səlis ornament xətləri son dərəcə uğurlu şəkildə bir-birini tamamlayır. Qədim zamanlardan bəri insanlara xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirən daş hesab edilən əqiq qaşlar bu məmulatlara xüsusi kolorit bəxş edir.
Bəzək əşyaları kolleksiyasının tərkibinə istehsal üsulu tarixin dərinliyinə gedib çıxan sancaq, bilərzik, sırğa və üzüklər daxildir.
İçərisində sərgi eksponatlarının da nümayiş olunacağı “Ak oy” adlı xüsusi olaraq quraşdırılmış türkmən alaçığı sərgiyə milli kolorit bəxş edəcək.
Türkmənistanın Toxuculuq Sənayesi Nazirliyi və Azərbaycan Xalça Muzeyi Bakının bütün sakinləri və qonaqlarını türkmən xalqının zəngin mədəni irsi ilə əyani surətdə tanış olmaq üçün əllə toxunan türkmən xalçaları, milli zərgərlik əşyaları və Türkmənistanın tekstil sənayəsi məhsullarından ibarət sərgiyə dəvət edir.
2019-cu ilin 12-16 fevral tarixlərində nazir Əbülfəs Qarayev Bakı şəhərində keçiriləcək Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili və YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ölkəmizin sədrliyi ilə bağlı təqdimatın keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.
Nazir Böyük Britaniyaya səfəri çərçivəsində həmin ölkənin İncəsənət, irs və turizm üzrə dövlət katibi Maykl Ellis ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı muzey, kitabxana, mədəni irsin qorunması, teatr və musiqi sahələrində əlaqələr gündən-günə inkişaf edir. Hazırda Azərbaycan tərəfi mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün Britaniya təcrübəsini ciddi araşdırır və bu məqsədlə Britaniya Şurası (British Council) ilə əməkdaşlıq edir.
Əbülfəs Qarayev
Maykl Ellis
Maykl Ellis bildirib ki, mədəniyyət sahəsində müvafiq istiqamətlər üzrə ölkəmizlə əməkdaşlığa hazırdır. Azərbaycanın YUNESKO-dakı rolunu yüksək qiymətləndirən M.Ellis Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcəyini bildirib. 43-cü sessiyasının təşkilində uğurlar arzulayıb.
Ə.Qarayev 2-3 may 2019-cu ildə Bakıda keçiriləcək. 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində təşkil olunacaq. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə geniş məlumat verərək həmkarını ölkəmizə səfər etməyə dəvət edib.
Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində anlaşma memorandumunun imzalanması və onun əsasında fəaliyyət planının hazırlanması qərara alınıb.
Azərbaycan və Rumıniya arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi fevralın 13-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev və Rumıniyanın ölkəmizdəki səfiri Dan İancu arasında görüş zamanı vurğulanıb.
DTA-dan bildirilib ki, görüş çərçivəsində qarşılıqlı olaraq Rumıniyanın kənd turizmidir. Ekoturizm üzrə mövcud təcrübəsinin ölkəmizdə, həmçinin Azərbaycanın mədəni irs nümunələrinin turizm sahəsində istifadəsi üzrə təcrübəsinin Rumıniyada tətbiqi barəsində müzakirə aparılıb.
Hər iki ölkənin işgüzar və biznes turizmi sahəsindəki təcrübələrindən bəhs olunub. Beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Rumıniyanın əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib.
Təl-Əviv şəhərində təşkil olunan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti təmsil edir.
Dövlət Turizm Agentliyindən , Azərbaycan Hava Yolları, Bakı Turizm İnformasiya Mərkəzi, “Silk Way Travel”, “Improtex Travel”, “Paşa Travel”, “Falcon Luxury Travel”, “Geo Travel”, “Khazar Travel”, “Millenium Travel”, “Absheron Hotel Group”, “Pullman”, “Fairmont” kimi turizm şirkətləri qatılıb. Otellərin qatıldığı sərgidə ümumilikdə 16 təşkilat iştirak edir.
Artıq 25 ildir ki, təşkil olunan sərgidə 86 kvadratmetrlik sahədə ölkəmizin turizm imkanları tanıdılır. İsrail və region ölkələri ilə tərəfdaşlıq əlaqələri müzakirə olunur.
Sərginin ilk günündə Ermənistan stendində işğal altında olan torpaqlarımızın turizm potensialı ilə bağlı təbliğat vasitələrinin paylanmasına etiraz olaraq təşkilatçılara müraciət olunub. Təşkilatçıların qəti tələbi ilə stenddən Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edən təxribat mahiyyətli materiallar yığışdırılıb . Ermənistana xəbərdarlıq olunub.
Məlumat üçün bildirək ki, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir. Belə ki, 2017-ci illə müqayisədə ötən il İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161 faiz artım (40 min səyahətçi) olub.
2019-cu ilin fevral ayında Altıncı Dubay qastronomik festivalı meqapolisə qayıdacaq. Festivalın qonaqlarına təklif olunacaq 100 tədbirdən ibarət proqrama 2000-dən çox restoran qoşulacaq. Beləliklə, budəfəki festival öz miqyasına görə bütün əvvəlki festivalları üstələyəcək.
Fevralın 21-dən martın 9-dək bütün dünyadan Dubaya gələn qonaqlar çox maraqlı qastronomik səyahətə çıxa biləcəklər. Bu səyahət zamanı onlar şəhərin hay-küylü küçələrindəki xəlvət guşələrdə autentik mətbəx nümunələrini dadmaq, Dubayın ən yaxşı restoranlarında 3 xörəkdən ibarət ləzzətli nahar və ya şam yeməyindən sonra bu şəhərin ən yeni kulinariya konsepsiyalarını qiymətləndirmək imkanı əldə edəcəklər.
Festival
Dubay Festivallar və Pərakəndə Satış Departamentinin (DFRE) baş direktoru Əhməd əl-Xacə deyib: “Qastronomik festival Dubayda keçirilən kulinariya və əyləncə tədbirləri təqvimində xüsusi yer tutur. Bu festivalın sayəsində Dubay həm regionda, həm də dünyada aparıcı qastronomik istiqamət kimi tanınıb. Son beş ildə yerli şirkətlərlə tərəfdaşlıq əlaqələrini möhkəmlətmişik. Ona görə də bu il hamımız Dubay qastronomik festivalını tamamilə yeni səviyyəyə qaldırmaq əzmindəyik”.
Festivalın əsas məkanı – “Sunset Beach” çimərliyində, “Sunset Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Beach Canteen” qonaqları yeni görkəmdə qarşılayacaq. Burada yeni kulinariya konsepsiyaları, müxtəlif əyləncələr və uşaqlar üçün xüsusi oyun zonaları nəzərdə tutulur. Ağzının danını bilən valideynlər müxtəlif ustad dərslərində öz kulinariya vərdişlərini cilaladığı, çimərlik teatrının səhnəsində aşpazların çıxışlarını dinlədiyi müddətdə körpələr də darıxmayacaqlar.
Şəhərin qonaqları Dubayın ən yaxşı restoranlarında təklif olunan delikatesləri sabit qiymətə dada biləcəklər. On gün ərzində üç dəfə yemək cəlbedici qiymətə – bir nəfər üçün 199 dirhəmə başa gələcək. 2019-cu il Dubay restoran həftəsində iştirak edən restoranların tam siyahısı ilə, habelə xüsusi festival menyuları ilə tanış olmaq üçün https://reserveout.com/dubai-en/dubai-restaurant-week-2019 saytına müraciət edə bilərsiniz.
“Gizli incilər”
Festival
Dubayın alternativ qastronomik həyatı ilə yaxından tanış olmaq üçün yerli sakinlərin rəyləri əsasında tərtib edilmiş “Gizli incilər” adlı siyahıdan hər kəs öz zövqünə uyğun iaşə müəssisəsi seçə bilər. Turistlərin çoxuna hələ məlum olmayan belə yerlərdə qiymətlər də çox münasibdir. Bu il Dubay qastronomik festivalının tərəfdaşı şəhərin restoranları barədə məlumatın cəmləşdiyi populyar “Zomato” nəşridir. Yerli sakinlər “Gizli incilər – 2019” ulduz onluğuna daxil edilməyə layiq olan sevimli müəssisələri bu nəşrə əsasən seçə bilərlər. Nominantların siyahısı ilə www.dubaifoodfestival.com saytında tanış ola bilərsiniz.
Bu il Dubay qastronomik festivalı şəhərin qonaqları və yerli sakinlər üçün unikal bir macəra – “Qurmanlar üçün təəssüratlar” adlı yeni proqram təklif edəcək. Ləziz yeməklərə üstünlük verənlər 16 müxtəlif yeməkdən ibarət xüsusi şam yeməyi zamanı açıq mətbəxdə təcrübəli aşpazların rəhbərliyi ilə keçiriləcək ustad dərslərində iştirak edə bilərlər. Məxsusi olaraq yalnız Dubay qastronomik festivalı dövründə təklif ediləcək yeni qəhvə brendi də unikal dadı ilə seçiləcək.
“The Westin Dubai Mina Seyahi Beach Resort & Marina”
Builki qastronomik festival çərçivəsində “The Westin Dubai Mina Seyahi Beach Resort & Marina” otelində ikigünlük pendir festivalı nəzərdə tutulur. Burada dünyanın ən müxtəlif guşələrindən gətirilmiş pendirlər nümayiş etdiriləcək. Üç gün ərzində – fevralın 28-dən martın 2-dək yeni “City Walk 2” kompleksinin ərazisində “Qaleri-lafayet küçə yeməyi yarmarkası” qonaqları gözləyir. Burada canlı konsertlər və bütün ailə üçün proqramlar təşkil ediləcək. Dalbadal on iki il ərzində, bu dəfə martın 7-dən 9-dək “Dubai Media City”də keçiriləcək “Dubay dadı” sərgisində usta aşpazlar öz məharətini nümayiş etdirəcək, qonaqlar isə ən müxtəlif ailə şənliklərində iştirak edə biləcəklər.
Festival
Festivalın tarixində ilk dəfə qastronomik bayram tədbirləri restoranların hüdudlarını aşaraq hipermarketləri, supermarketləri və ərzaq mağazalarını da əhatə edəcək. Bu müəssisələrdə müxtəlif yeməkləri, içkiləri, məişət texnikası, mətbəx avadanlığı və tekstil məmulatlarını 75 faizə qədər güzəştli qiymətlərlə almaq mümkün olacaq.
Builki qastronomik festivalın qonaqlarını daha bir yenilik gözləyir. “Dubay qastronomik festivalında istirahət günləri sürprizləri” sayəsində cümə axşamı, cümə və şənbə günlərində müəyyən mağazalarda (hər uikenddə bir brend olmaqla) səhər saat 10-dan etibarən müxtəlif malları güzəştli qiymətlərlə almaq mümkün olacaq.
Turizm hər bir ölkə üçün çox önəmli bir sahədir. Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq.
Bu sözləri Prezident İlham Əliyev Real televiziyasına müsahibəsi zamanı söyləyib.
Prezident deyib: “İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək.
Beynəlxalq tədbirlər
Formula
Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra – 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir. Təsəvvür edin nə qədər. Deməli, keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir. Bu ilin yanvar ayında yenə də artır. Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”.
İslam Həmrəyliyi oyunları
Turizm ixracın bir növüdür
Dövlət başçısı vurğulayıb ki, ölkəmiz xidmət sektorunda bundan çox böyük xeyir götürür: “Azərbaycanı dünyada tanıtmaq üçün bunun çox böyük əhəmiyyəti var. Turizm ixracın bir növüdür. Mən bir müqayisə gətirim sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir”.
Qətər və Livandan olan media nümayəndələrinin Azərbaycana səfərləri çərçivəsində Dövlət Turizm Agentliyində görüş keçirilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə media nümayəndələri Azərbaycanın turizm imkanları, viza və hava yolları, yeni turizm brendi, Bakı və regionlarda mövcud olan infrastruktur və təklif olunan xidmətlər, qeyd olunan ölkələrdən Azərbaycana turist axını və digər bu kimi suallar barəsində ətraflı məlumatlandırılıblar.
Qonaqlara Azərbaycanın turizm imkanlarını nümayiş etdirən məlumatverici materiallar paylanılıb.
Qeyd edək ki, son 5 ildə Qətərdən ölkəmizə gələn turistlərin sayında 40 faiz artım olub. Livandan gələn turistlərin sayında isə 2,3 dəfədən çox artım müşahidə olunub.