Ev Blog Səhifə 264

Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub

0
Turizm

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Bakıdakı “My Travel” turizm şirkəti ilə birgə Azərbaycanın turizm imkanları, yeni turizm marşrutları və turpaketlərin təqdimatını keçirib.

Tədbirdə Daşkənddəki turizm şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Turizm

Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycanın turizm imkanlarına dair fotosərgi keçirilib. Habelə mərkəzin “Bacarıqlı əllər” uşaq klubunun istedadlarının milli mədəniyyətimizə dair hazırladıqları əl işləri, suvenirlərlə sərgilənib.

“My Travel” turizm şirkəti Naftalan müalicəvi sanatoriyaları, habelə Quba rayonunun turizm imkanlarını özündə əks etdirən xüsusi nəşrləri təqdim edib.

Təqdimatın məqsədi Azərbaycan və Özbəkistan turizm şirkətləri arasında əlaqələrin dərinləşdirilməsindən ibarətdir.

Turizm

AMM-nin direktoru Samir Abbasov Azərbaycanın turizm imkanları, ölkəmizdə bu istiqamətdə son illər əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin sərəncamları ilə ölkəyə turistlərin gəliş-gediş prosedurunun sadələşdirildiyini, “Asan viza” sisteminin tətbiq edildiyini, nəhəng infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Samir Abbasov Özbəkistan ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı, bu istiqamətdə həyata keçirilən layihələr barədə də məlumat verib.

Azərbaycanın “My Travel” turizm şirkətinin rəhbəri Elnarə Cabbarova ölkəmizin dünya şöhrətli Naftalan şəhərində yaradılmış müalicəvi turizm imkanlarına dair hazırladığı təqdimatı nümayiş etdirib. O, Naftalandakı bir sıra otellərdə yaradılan şərait, tibb turizmi istiqamətində həyata keçirilən işlərdən danışıb. Özbək turistlərinin Azərbaycanın müalicəvi turizm mərkəzlərindən istifadə etməsi imkanları barədə söhbət açıb.

Təqdimat mərasimində ilk dəfə olaraq Özbəkistan turistləri üçün maraq yaradacaq Azərbaycanın Quba rayonunun turizm imkanları nümayiş etdirilib. Yeni marşrut iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Özbəkistanın turizm şirkətlərinin nümayəndələrinin sualları cavablandırılıb, gələcək əməkdaşlığa dair məsələlər müzakirə edilib.


Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb

0
Azərbaycan Dövlət Turizm Agentliyi

Azərbaycanın altı xarici ölkədə rəsmi xarici turizm nümayəndəlikləri fəaliyyətə başlaması üzrə müqavilə imzalanıb.

Dövlət Turizm Agentliyindən  müqaviləyə əsasən, “Travel Consul Agency Network Worldwide” şirkəti dünya üzrə fəaliyyət göstərir. Bu bölmələri vasitəsilə altı ölkə üzrə Azərbaycanın rəsmi turizm nümayəndəlik ofislərinin açılması hüququnu əldə edib.

Almaniyanın Frankfurt (Lieb Management end Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanın Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel end Tours Limited) və Rusiyanın Moskva (Tourism Marketing end Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları edəcək. Hətta hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və digər istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.

Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti, həmçinin Azərbaycana aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və ölkəmizdəki turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət edəcək.

Barselonada turizm şəhərin ekologiyasına pis təsir göstərir

0
Barselona

Barselona Muxtar Universitetinin Elm və Ekoloji Texnologiyalar İnstitutunun əməkdaşları tədqiqat apararaq aydınlaşdırıblar ki, Kataloniya paytaxtında havanın çirklənməsinin əsas mənbəyi hava nəqliyyatıdır. Tullantıların 95,9 faizi məhz onun payına düşür.

Tədqiqat Barselona meriyası və ”Barcelona Regional” agentliyinin sifarişi ilə “Inédit”lə əməkdaşlıq şəraitində aparılıb. Tədqiqatda turizmin şəhər ekologiyasına təsiri ilk dəfə təhlil edilib. Onu dörd meyar əsasında qiymətləndiriblər: Barselonaya gəlib-getmə, burada yaşama, əyləncələr, sərgilər və konqreslər, habelə daxili yerdəyişmələr üçün nəqliyyat.

Məruzədə bildirilir ki, Barselonada hər bir turistin payına düşən karbon qazının səviyyəsi həddindən artıq çoxdur. Otellərin karbon qazı tullantıları 70,5 faiz təşkil edir.

Gəlmələrin istifadə etdikləri şəhər nəqliyyatına gəldikdə isə metro və taksi xidməti havanı daha çox çirkləndirir.

Tədqiqatçılar ümid bəsləyirlər ki, bu məlumatlar çirklənməni azaltmaq və müvafiq strategiya işləyib hazırlamaq qarşıya məqsəd qoymaqda kömək edəcək.

Bu il Bakıda Dünya Sağlıq Turizmi Forumu keçiriləcək

0
Dünya Sağlıq Turizmi Forumu

“Skal İnternational” beynəlxalq turizm təşkilatının Bakı klubunun 23-cü ziyafət toplantısı keçirilib.

2018-ci ildə sonuncu dəfə toplaşan Azərbaycan skalçıları budəfəki toplantıda ölkəmizdə və dünyada sağlamlıq turizminin mövcud imkanlarını araşdırıblar, eyni zamanda, bu turizm növünün inkişafı istiqamətində real olaraq görülən işləri dəyərləndiriblər.

Bakıda Dünya Sağlıq Turizmi Forumu

Ceyhun Aşurov

“Skal Bakı”nın prezidenti Ceyhun Aşurov bildirib ki, klubun bu toplantısının mövzusunun sağlamlıq turizminə həsr edilməsi təsadüfi deyil. 2018-ci il bu baxımdan Azərbaycan turizm sahəsi üçün bir çox maraqlı hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev aprel ayında Dünya Sağlamlıq Turizmi Təşkilatının Antalyada keçirilən toplantısında bu qurumun başçısı seçilib və növbəti bir il ərzində ölkəmiz bu nüfuzlu təşkilata rəhbərlik edəcək: “Təbii ki, 60-dan çox ölkənin sağlıq turizmi təşkilatlarını birləşdirən belə böyük bir quruma rəhbərlik ölkəmizin turizm imkanlarının təbliğinə çox böyük bir töhfədir. Bu, eyni zamanda, bizə imkan verir ki, Azərbaycandakı müalicəvi sanatoriyalara çoxsaylı turistləri cəlb edə bilək”.

“Skal Bakı”nın 4 il müddətində birinci dönəm prezidenti olmuş Ruslan Quliyev yaradıldığı 9 il ərzində təşkilatın çox böyük uğurlara nail olduğunu bildirib və qeyd edib ki, 2019-cu ildə “Skal Bakı”nın yaradılmasının 10 ili tamam olur: “Gələn il sentyabrın 4-də təşkilatımızın 10 yaşını qeyd edəcək və bu münasibətlə geniş bir tədbirin keçirilməsini nəzərdə tuturuq. Həmçinin istəyirəm diqqətinizə çatdırım ki, 2018-də olduğu kimi, 2019-cu il də Azərbaycan sağlıq turizmi üçün bir çox yeniliklərlə zəngin olacaq. Belə ki, Dünya Sağlamlıq Turizmi Təşkilatının dəstəyi ilə Bakıda Dünya Sağlıq Turizmi Forumunun keçirilməsi barədə razılığa gəlinib. Artıq ölkə rəhbərliyinə bu barədə məlumat verilib və tədbirin təşkilində dövlət tərəfindən bizə yaxından dəstək veriləcək. Tədbirdə dünyanın 60-dan çox ölkəsinin sağlamlıq turizmi assosiasiyalarının nümayəndələri iştirak edəcək”.

Bakıda Dünya Sağlıq Turizmi Forumu

Ruslan Quliyev

Ruslan Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası bu yaxınlarda Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib. Bu da imkan verir ki, təşkilat ölkə daxilində müxtəlif əhəmiyyətli layihələri həyata keçirə bilsin.

“Opera Qroup” şirkətinin rəhbəri Firdovsi Xəlilov dünyada və Azərbaycanda sağlamlıq turizminin imkanları və mövcud reallıqlar barədə danışıb. Qeyd edilib ki, Dünya Turizm Təşkilatı ekspertlərinin hesablamalarına görə, ötən il dünyada bir milyard 326 milyon turist səfəri baş tutub ki, bunun bəlli bir qismi sağlamlıq turizminin payına düşür. Firdovsi Xəlilov şirkət tərəfindən hazırlanmış ölkəmizdə sağlıq turizminin inkişafına töhfə verə biləcək layihə haqqında da məlumat verib.

Azərbaycanın tanınmış bələdçisi Balaş Maqsudovun, “Alliance Assist Group”un nümayəndəsi Bəxtiyar Yarəliyevin çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycanda yeni bələdçi kitabı nəşr edilib

0
Bələdçi kitabı

Dekabrın 25-də “Qızıl kitab” nəşriyyatında rus dilində ”Azərbaycan. Mədəniyyət və tarix” ( «Азербайджан. Культура и история») adlı yeni bələdçi kitabı çapdan çıxıb. Azərbaycan tarixinin əsas səhifələri, milli mədəniyyətin və mətbəxin xüsusiyyətləri, görməli məkanlar barədə informasiyanın verildiyi kitab tətbiqi əhəmiyyət daşıyır. Kitabda müxtəlif ekspertlər tərəfindən yaradılmış 20 ətraflı xəritə təqdim edilib. Bu xəritələrin köməyi ilə Azərbaycanın müxtəlif guşələrinə səyahət etmək üçün marşrut tərtib etmək olar.

Bələdçi kitabı

Kitaba Daş dövründən tutmuş zəmanəmizə qədər müxtəlif dövrləri əhatə edən “Tarix”, folklor və xalq sənətkarlığından danışan “Mədəniyyət”, habelə “Dini mənsubiyyət”, “Azərbaycan və Böyük İpək Yolu” və bir çox digər bölmələr daxildir.

Nəşrin böyük bir hissəsi Bakının və Azərbaycanın 20 koloritli bölgəsinin, o cümlədən Dağlıq Qarabağın bəzi şəhərlərinin turizm imkanlarının geniş şərhinə həsr olunub. Kitabda Azərbaycan regionlarının iqlim xüsusiyyətləri, təbii sərvətləri, burada yaşayan xalqların mədəniyyəti, əsas memarlıq abidələri barədə informasiya, turistlərə tövsiyələr təqdim edilib. Regionlar barədə məlumat rəngarəng şəkillər və müfəssəl xəritələrlə müşayiət olunur. Bələdçi kitabında Abşeron yarımadası (o cümlədən Qobustan qoruğu, Nardaran, Mərdəkan, Qala və s.), Quba, Qax, Qəbələ, Gəncə, Şamaxı, Naxçıvan və Azərbaycanın digər bölgələri barədə indiyədək az məlum olan maraqlı məlumatlar əldə edə bilərsiniz.

Bələdçi kitabı

Yeni bələdçi kitabı həm doğma diyara daha yaxından bələd olmaq istəyən azərbaycanlılar, həm də Azərbaycana ilk dəfə, eləcə də dəfələrlə gəlmiş və müstəqil ekskursiya planlaşdıran səyyahlar üçün maraqlı və faydalı olacaq.

“Azərbaycan. Mədəniyyət və tarix” bələdçi kitabını Bakı Kitab Mərkəzində, Azərbaycan Xalça Muzeyində və bir sıra kitab mağazalarında almaq olar. Yaxın vaxtlarda kitabı ingilis və ərəb dillərində də nəşr etmək planlaşdırılır.

Yaponiyanın Fuci telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

0
Fuci

Yeni ilin ilk günlərində Yaponiyanın populyar Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb.

“Dünya” adlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini qeyd edən aparıcı ölkəmizin çox əlverişli coğrafi mövqeyə sahib olduğunu bildirib. Müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar diqqətə çatdırılıb.

Fuci

Verilişdə Bakı şəhərindəki “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Bakı Kristal Zalı və digər möhtəşəm tikililərin müasir dizaynı barədə söhbət açılıb. “Alov qüllələri”nin şəhərin rəmzi olduğu qeyd edilib.

Telekanalın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Ali Neft Məktəbində olan çəkiliş qrupu ölkəmizdə yerləşən neft və qaz yataqları barədə də tamaşaçıları məlumatlandırıb. Eyni zamanda, tamaşaçılara Neft Daşları və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə məlumatlar təqdim edilib. Bundan başqa, Azərbaycan ərazisindəki faydalı qazıntılardan, Naftalan Sağlamlıq Mərkəzi və palçıq vulkanlarından bəhs olunub.

İçərişəhərdə və Nizami küçəsində aparılan çəkilişlər zamanı şəhərin mərkəzində yerləşən bu iki yerin tikililəri ilə tarixi və müasir Azərbaycanı əks etdirdiyi vurğulanıb. Yapon izləyicilər ölkəmizin müasirliyi ilə diqqəti cəlb edən turizm potensialı və mövcud infrastrukturu barədə də ətraflı məlumatlandırılıb.

Fuci

Tamaşaçılara ölkəmizin rəmzlərindən biri hesab edilən, dünyaca məşhur Azərbaycan xalçaları barədə də geniş məlumat verilib.

Veriliş boyunca azərbaycanlıların çox istiqanlı, mehriban, qonaqpərvər və əməksevər bir xalq olduğu qeyd edilib. Sonda yapon tamaşaçılara bu gözəl ölkəyə səyahət etmək tövsiyə olunub.

“TripAdvisor” dünyada 25 ən yaxşı turizm istiqamətini müəyyən edib

0
Turizm

Səyyahlar üçün məşhur “TripAdvisor” internet resursu dünyada 25 ən yaxşı turizm istiqamətini müəyyən edib.

Saytda yerləşdirilən materialda deyilir: “Gizli incilərdən populyar yerlərə qədər – yeni ildə səyahətlərə “TripAdvisor” səyyahlarının ən yaxşı saydıqları bu istiqamətlərdən başlayın”.

“TripAdvisor”un versiyasına görə, dünyanın ən yaxşı turizm istiqamətlərinin ilk onluğuna Paris (Fransa), London (Böyük Britaniya), Roma (İtaliya), Bali (İndoneziya), Krit (Yunanıstan), Barselona (İspaniya), Praqa (Çexiya), Mərrakeş (Mərakeş), İstanbul (Türkiyə), Nyu-York (ABŞ) daxildir.

Onların ardınca Phuket (Tailand), Hanoy (Vyetnam), Siyem Rip (Kamboca), Yamayka, habelə Playa-del-Karmen (Meksika), Lissabon (Portuqaliya), Dubay (Birləşmiş Ərəb Əmirlikləri), Tokio (Yaponiya), Katmandu (Nepal), Honkonq (Çin), Hurqada (Misir), Yeni Dehli (Hindistan), Kusko (Peru), Rio-de-Janeyro (Braziliya), Sidney (Avstraliya) gəlir.

Qeyd edək ki, “TripAdvisor” ABŞ-ın səyahətlər saytıdır. Bu sayt istifadəçilərinə dünyanın hər hansı ölkəsinə səfər planlaşdırmaq imkanı verir. Saytın kontentinin böyük hissəsini təşkil edən istifadəçilər üçün onun xidmətləri pulsuzdur. Bundan əlavə, sayt reklam hesabına işləyir. “TripAdvisor” istifadəçi kontenti prinsipini tətbiq edən ilk saytlardan biridir.

Azərbaycan Turizm Bürosu daha 4 regionda nümayəndəlik açmağı planlaşdırır

0
Azərbaycan Turizm Bürosu

4 regionda nümayəndəlik

Ötən il Azərbaycan Turizm Bürosunun (ATB) altı regionda – Rusiya, BƏƏ , Səudiyyə Ərəbistanı, Hindistan, Almaniya və Çində nümayəndəliyi fəaliyyətə başlayıb.

Qurum bu il daha dörd nümayəndəliyin açılmasını planlaşdırır.

Qeyd olunan bazarlar ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması və ölkəmizdəki turizm müəssisələri barədə ATB-nin məlumat bazasına daxil edilməsi planlaşdırılıb. Büro yerli turizm şirkətlərinin siyahısını tərtib edərək, şirkətlərin təklif etdiyi turizm xidmətləri, müəyyənləşdirdikləri strateji əhəmiyyətli turizm bazarları və il boyunca nümayiş etdirdikləri fəaliyyətə əsasən “Azərbaycan turizm şirkətlərinin meyarlar sorğusu”nu da tərtib edib.

İtaliyanın məşhur turizm portalında səfir Məmməd Əhmədzadənin müsahibəsi dərc olunub

0

İtaliyanın məşhur “SiViaggia” turizm portalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin “Azərbaycanda özünüzü evinizdəki kimin hiss edin: Nə üçün ora səyahət etməyə dəyər” sərlöhvəli müsahibəsi dərc olunub.

Müsahibəsində diplomat Azərbaycanın zəngin tarixindən, mədəni irsindən, təbiətinin müxtəlifliyindən, xalqımızın qonaqpərvərliyii vurğulayıb. Ölkəmizdə yaradılmış müasir turizm infrastrukturlarından və Azərbaycan – italyan xalqlarının oxşar xüsusiyyətlərindən danışıb.

Virgilio

Səfir Azərbaycanda səfərdə olmuş çoxsaylı italyanların bu ölkədə özlərini evlərindəki kimi hiss etdiklərini söyləyib. O, müsahibəsində 2019-cu ildə Azərbaycanda turistlər üçün maraq kəsb edən tədbirlər sırasında Bakıda UEFA Avropa Liqasının final oyununundan söhbət açıb. O hətta Formula 1 yarışlarını, eləcə də paytaxt və bölgələrdə keçiriləcək müxtəlif tədbirləri, bir çox mədəniyyət və musiqi festivallarını diqqətə çatdırıb.

İtaliya turistlərinə Azərbaycana səfər vaxtı getməli olduqları məkanlar barədə danışan diplomat bu xüsusda Bakıda İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Dənizkənarı Milli Park və onun ərazisində Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonun yenidən qurulması, Xalça Muzeyi, Qobustan, Yanardağ, Atəşgah, habelə ölkəmizin müxtəlif bölgələrindəki turizm imkanları barədə məlumat verib.

Səfir M.Əhmədzadə italyan turistlərin ölkəmizdə xoş qonaqpərvər mühiti bəyənəcəklərini, “Alov qüllələri”ndən şəhərə açılan mənzərədən, Neapol şəhəri ilə 40 ildən çoxdur. Qardaşlaşma əlaqələri olan Bakı buxtasının Neapol buxtasına bənzərliyindən heyrətlənəcəklərini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda multikultural mühitin göstəricisi olan məkanlar vardır. O cümlədən Bakıdakı “Müqəddəs Bakirə Məryəm” katolik kilsəsi, Qobustanda imperator Domisianın dövründə Roma legionunun burada olduğunu göstərən qayaüstü yazılar, Azərbaycanın təbiətinin müxtəlifliyi, palçıq vulkanları italyan turistlərin marağına səbəb olacaq.

Libero

Marko Polonun fikirləri

Məşhur venesiyalı səyyah Marko Polonun öz xatirələrində Bakı nefti haqqında danışdığını bildirib. Diplomat ölkəmizin zəngin neft sənayesi tarixindən də bəhs edib, Bakıda Nobel qardaşları muzeyinin də italyanların diqqətini çəkəcəyini bildirib.

Diplomat ailəvi səyahət edən italyanlar üçün də ölkəmizdə rahat və maraqlı infrastrukturun olduğunu deyib. Bakı bulvarındakı əyləncə və istirahət obyektləri, kiçik Venesiya şəhərciyindən danışıb. Kukla Teatrı, müxtəlif parklarda, o cümlədən Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün əyləncə məkanları habelə bölgələrdəki dağ-xizək istirahət kompleksləri, eləcə də Novruz bayramı vaxtı təşkil olunan bayram şənliklərindən söhbət açıb.

Müsahibə İtaliyanın tanınmış “Virgilio.it” “Libero.it” axtarış portallarının da marağına səbəb olub. Onların əsas səhifələrində “Azərbaycan niyə 2019-cu ildə ən yaxşı turizm istiqamətidir” sərlövhəsi ilə müsahibəyə keçid yerləşdirilib.

Prezident sərəncam imzaladı

0
Prezident

Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək XVIII Zirvə Görüşünün təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Təşkilat Komitəsinin üzvləri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru.

Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratmalı və bir ay müddətində tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, habelə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində görüləcək işlərlə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.