“ASAN Viza” vasitəsi ilə bir milyonuncu viza verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 1 000 000-cu “ASAN Viza” sahibi Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qarşılanıb:
“Bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib. 1 000 000-cu vizanın sahibi kimi Louis Henri Samoyaulta “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir.
“ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları doqquz dildə fəaliyyət göstərir. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi iki dəqiqə ərzində təmin edilir.
Əlcəzairin “əl-Nahar” telekanalında Azərbaycan və paytaxt Bakı haqqında maraqlı reportaj yayımlanıb. Kanalın müxbiri Bakının qədim tarixindən və müasir inkişafından geniş söz açıb, paytaxtımızın bənzərsizliyindən ürəkdolusu danışıb. O, Bakıda kamerasının yaddaşına köçürdüyü bütün gözəllikləri əlcəzairli tamaşaçılara çatdırıb. Reportajda qeyd edilir ki, Şərqin Parisi, Qafqazın mirvarisi kimi tanınan Bakı qonaqları heyran edir. Müəllif Yanardağ, Qız qalası, İçərişəhər, Bakı bulvarı kimi məkanlar haqqında da qısa məlumat verir. Məşhur balaban ustası Əlixan Səmədovun ifasında səslənən xalq mahnılarımız – “Çoban bayatı” və “Sarı gəlin”in müşayiəti ilə təqdim olunan reportaj tamaşaçını Azərbaycana gəlməyə və bu gözəllikləri yaxından görməyə həvəsləndirir.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovla Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya Eksport Mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə olunub. Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi E.Tlyabiçev Azərbaycanda turizmin inkişafı ilə bağlı görülən işlərin öyrənilməsində maraqlı olduqlarını deyib. “Rusiya Eksport Mərkəzi”nin rəhbəri N.Quliyev isə qeyd edib ki, Rusiya tərəfi turizm münasibətlərinin inkişafı üçün təkliflər hazırlayıb. Sentyabrda Gəncədə keçiriləcək növbəti Rusiya-Azərbaycan regionlararası forumunda iştirakçılara təklif etməlidir. Qonaqlar bu təklifləri hazırlamaqda Azərbaycan Turizm Assosiasiyasının dəstəyinə ümidvar olduqlarını bildiriblər. AzTA-nın sədri Nahid Bağırov rusiyalı mütəxəssislərə yardım etməyə hazır olduqlarını qeyd edib. Eləcə də son illər turizmin yerli və xarici iqtisadi münasibətlərin inkişafına töhfəsi barədə danışıb.
Aviabiletlərin və otellərin axtarışı ilə məşğul olan ən iri portallardan biri – “Skyscanner”- dir. Rusiyalı turistlərin istirahəti üçün ən ucuz ölkələrin reytinqini tərtib edib.
Rusiyadan olan biletlərin qiymətləri, habelə 14 günlüyə məzuniyyətə gedən, oteldə, yaxud kirayələnmiş mənzildə yaşayan, yerli kafelərdə və bəzən restoranlarda qidalanan, vaxtaşırı şəhər nəqliyyatından istifadə edən və bahalı əyləncələrdən imtina etməyən iki müstəqil səyyah üçün istirahət yerindəki xərclər əsas götürülüb.
Rusiyalı turistlər arasında populyar olan Türkiyə reytinq cədvəlində Azərbaycandan sonra yeddinci yeri tutub. Belarus, Moldova, Albaniya və Macarıstan da ilk on ölkə sırasında yer alıb.
Hazırda turizmin bir neçə növünü birləşdirən kombinə edilmiş turlar getdikcə daha geniş yayılır. Məsələn, çimərlik istirahətini aktiv turizmin piyada gəzinti, velosiped sürmək, dağlara asanlıqla qalxmaq, balıq tutmaq və digər növləri ilə birləşdirmək olar.
Sizi Azərbaycanda aktiv turizmin daha geniş yayılmış növləri ilə tanış edirik.
Səmada aktiv istirahət
Paraşüt. Son samanlar paraşütlə tullanma Azərbaycanda getdikcə populyarlaşır. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) çərçivəsində fəaliyyət göstərən bir neçə ixtisaslaşmış klub (“Gilavar”, “RockStone”, ”Ekoturist”) paraşütlə tullanma eyforiyasını yaşamaq istəyənlərə kömək edəcək. Onlar sizin təcrübənizdən və yerin relyefindən asılı olaraq müxtəlif tullanma növləri təklif edə bilərlər. Yeni başlayanlar üçün təkbaşına və təlimatçı ilə birgə tullanma variantları var.
Paraşütlə tullanma əməliyyatları əsasən Bakıdan 394 kilometr məsafədə yerləşən Balakən Aviasiya Mərkəzində yerinə yetirilir. Burada tez-tez beynəlxalq yarışlar da keçirilir.
Klublar əvvəlcə Bakıda paraşütlə tullanma həvəskarlarından ibarət qrup toplayır və onu Balakəndəki mərkəzə göndərir. Burada 3-5 saat davam edən nəzəri və praktiki hazırlıq keçdikdən sonra paraşütlə tullanmaq olar.
Paraşüt
Paraplan. İdarəolunan paraşütü xatırladan paraplanla uçuş aktiv istirahət həvəskarları və romantiklər üçün heyrətamiz və həyəcanverici hədiyyə olacaq. Bu, həmçinin ətrafı quş uçuşu yüksəkliyindən görmək və lentə almaq üçün əla fürsətdir.
Təlimatçı ilə birlikdə səmaya qalxmaq daha təhlükəsizdir. FAIREX-ə daxil olan bir neçə klub paraplanla uçuş həyata keçirir. Onların arasında “Gilavar”, “RockStone”, “Climb Club” və digərləri var. Bundan başqa, bu yaxınlarda Qusardakı “Şahdağ” Turizm Mərkəzində də təlimatçı ilə birlikdə paraplanla uçuşlara başlanılıb. Siz burada quş uçuşu yüksəkliyindən valehedici dağ mənzərələrini görə bilərsiniz.
Bir qayda olaraq, uçuşun start nöqtəsi Azərbaycanın çoxsaylı təpələrindən birinin ətəyində yerləşən yüksəklikdən başlanır. Məsələn, Bakı-Şamaxı trasının 30 və 60 kilometrliyi arasındakı hissədə, Zaqatala, Qusar və başqa rayonlarda paraplanla uçuşlar yerinə yetirilir.
Peşəkar təlimatçı tərəfindən idarə olunan paraplan 20-30 dəqiqə uçduqdan sonra təyin olunmuş nöqtədə rahat eniş həyata keçirir.
Paraplanı müstəqil idarə etmək üçün sizin lisenziyanız olmalıdır. FAIREX-in klublarında müvafiq təlimlər keçirilir və onların yekununda paraplanı müstəqil idarə etmək üçün lisenziyalar verilir.
Siz, həmçinin motoparaplan – mühərriklə təchiz edilmiş və uçuş zamanı geniş manevr imkanı verən paraplanla da uça bilərsiniz.
Deltaplan. İki nəfər – sərnişin və pilot üçün nəzərdə tutulan daha bir rahat uçuş aparatıdır. Təcrübəli təlimatçı uçuşu idarə etdiyi zaman siz aşağıdakı gözəl mənzərəni seyr edə bilərsiniz. Deltaplan səmada unikal ekskursiya və quş uçuşu yüksəkliyindən əsrarəngiz Azərbaycan təbiətinə tamaşa etmək imkanı verir. Bu aktiv əyləncə növləri ilə FAIREX-in “Simurg”, “Gilavar”, “Berkut” və digər klublarında məşğul olmaq mümkündür.
Quruda aktiv istirahət
Dağ xizəkçiliyi istirahəti. Bakının yerləşdiyi Abşeron yarımadasında qış mövsümü havanın temperaturunun 4-6 dərəcə isti olduğu mülayim iqlim şəraitində keçir. Azərbaycanda əsl qış istirahəti keçirmək istəyənlər isə Qusar və Qəbələ rayonlarının dağlıq ərazilərinə gedirlər. Buradakı beynəlxalq səviyyəli iki kurortda – “Şahdağ” və “Tufandağ”da qış turizmi üçün hər cür şərait yaradılıb.
Xizək
İlboyu fəaliyyət göstərən bu dağ kurortları xizək və snoubordla sürətli eniş, ətraf təpələrdə rahat gəzinti, habelə kanat yolu ilə səyahət kimi qış əyləncələrinin tam spektrini təqdim edir.
“Şahdağ” Turizm Mərkəzi
Azərbaycanda ilk dağ-xizəkçilik kurortu olan “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə beynəlxalq yarışlar keçirmək, habelə ilin bütün fəsillərində istirahət etmək olar. Mərkəzin geniş ərazisində 5 otel, müxtəlif mürəkkəblik dərəcəsi olan 14 xizəkçilik trası, qaldırıcılar və kanat yolları, buz meydançası, xizəkçilik ləvazimatının kirayəsi məntəqəsi, xizəkçilik məktəbi, kafe və restoranlar, digər turizm obyektləri fəaliyyət göstərir. Şahdağın 2500 metr yüksəklikdəki ən uca zirvəsində isə istirahətə gələnlərin kanat yolu ilə gedəcəyi “Mountain Top” adlı fırlanan restoranın tikintisi başa çatır.
Xizək
Kompleks noyabrın ilk günlərindən xizək sürmək istəyən ilk qonaqlarını qəbul edir, qış mövsümü isə aprelin əvvəlində sona çatır.
“Tufandağ” Xizəkçilik Kompleksi
Qəbələ şəhərindən 4 kilometr məsafədə yerləşən “Tufandağ” Xizəkçilik Kompleksi öz imkanlarına görə “Şahdağ” Turizm Mərkəzindən heç də geri qalmır. Burada da həvəskarlar və peşəkarlar üçün nəzərdə tutulmuş çoxlu sayda xizəkçilik trası, kanat yolları, xizəkçilik məktəbi, xizəkçilik ləvazimatının kirayəsi məntəqəsi, idman malları mağazası, kafe və restoranlar, dəbdəbəli otellər fəaliyyət göstərir. Zərurət yarandıqda qar örtüyü süni qarla qorunub saxlanılır.
“Tufandağ” Xizəkçilik Kompleksi gün ərzində 3 mindən çox insana xidmət göstərə bilər.
Azərbaycanın paytaxtı Bakı MDB ölkələrinin yay səyahəti reytinqində ən populyar şəhərə çevrilib. Cari mövsümdə Bakını bir milyondan çox turist ziyarət edib.
Turistlər öz müsahibələrində Bakıda Şərqin və Avropanın harmoniyasının hökm sürdüyünü qeyd ediblər. Bu, qədim və eyni zamanda, müasir şəhərdir. Məhz bununla da turistləri özünə cəlb edir. Kiçik Qala küçəsində “Brilyant əl” sovet komediyasının bir fraqmenti çəkilib. Bu səbəbdən də Qayday komediyasını sevənlər hər gün burada “yıxılır” və selfi ilə bu anı xatirəyə çevirirlər.
Azərbaycan paytaxtı onlarca film üçün çəkiliş meydançası olub. Bu filmlər arasında “Amfibiya adam”, “Tehran-43”, “Aybolit-66” və s. göstərmək olar. Ruslan və Lina Perm şəhərindən məxsusi olaraq Qız Qalasını görmək üçün Bakıya gəliblər. Bu qalanın tikilmə səbəbi və ondan vaxtilə necə istifadə edildiyi barədə alimlər indiyədək mübahisə aparırlar.
Bir neçə saatlıq gəzintidən sonra susuzluğu yatırmağa və itirilmiş enerjini bərpa etməyə çay kömək edir. Azərbaycanda bu ətirli içkini armudu stəkanda təkcə qəndlə deyil, Şərq şirniyyatları və mürəbbə ilə masaya verirlər. Sankt-Peterburqdan olan Milana Kulik üçün bu ənənə bir kəşf oldu.
Milli naxışlı ipək yaylıqlar və xalçalar Azərbaycandan olan ən yaxşı suvenirlər siyahısındadır. Respublika təkcə qonaqpərvər deyil, həm də ziyarət üçün təhlükəsiz ölkədir.
Amerika Birləşmiş Ştatlarının geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycana səfəri zamanı ölkəmizlə bağlı silsilə reportajlar hazırlayıb.
Radioverilişin reportajlarından biri də möcüzəli və şəfaverici Naftalan neftinə həsr edilib. Radioverilişdə Naftalan şəhərinin müalicə turizmi sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat verilib.
ABŞ-ın məşhur radioverilişinin növbəti reportajı Naftalan neftinə həsr olunub
Məşhur aparıcı qeyd edir ki, Naftalan müalicəvi əhəmiyyətə malik neftinə görə tanınır. Lakin bu neft avtomobillərdə və təyyarələrdə istifadə olunan neftdən deyil. Müalicəvi xassələrə malik bu neft Naftalan nefti kimi məşhurdur. Naftalan neftində gözəllik və müalicə üçün sanki bir möcüzə var.
Con Batçelor Naftalan şəhərindəki “Qarabağ SPA and Resort” otel kompleksində hazırladığı reportajda Naftalan nefti ilə müalicə aparan doktor Dilbər Kazımova və spa meneceri Rövlanə Heydərovanın fikirlərinə də yer verir. Məşhur aparıcı deyir: “Mən Floridanın Orlando şəhərindəki Disney dünyasının bir hissəsini xatırladan beşulduzlu müalicə kompleksindəyəm. Burada müalicə prosesi gedir. Kompleks müalicəyə gələn insanlarla doludur. Müalicə bir, iki gün yox, həftələrlə davam edir”.
Naftalan neftinin müalicəvi təsirlərindən, insanların bu neftə üstünlük vermələrinin səbəblərindən danışan Dilbər Kazımova və Rövlanə Heydərova onun dəri, sinir sistemi, qan dövranı və s. üçün faydalı olduğunu söyləyirlər. Onlar müalicə prosesi barədə məlumat verir, qonaqların 99 faizinin buradan razı getdiyini bildirirlər.
Con Batçelor Naftalan neftinin şöhrətindən bəhs edir. O deyir ki, əgər bir vaxtlar Naftalana yalnız keçmiş Sovet İttifaqı ölkələrindən çoxlu sayda insan gəlirdisə, indi 60-dan artıq ölkədən, hətta Amerikadan da buraya gəlirlər. O, Naftalan neftinin müxtəlif xəstəliklərin müalicəsində faydalı xüsusiyyətlərini dinləyicilərin diqqətinə çatdırır.
“Mən görürəm ki, buraya gələn insanlar çox məmnundurlar. Onlar “Qarabağ SPA and Resort” kompleksinin ərazisində gəzirlər. Ümumiyyətlə, bu, çox gözəl kompleksdir. Mən indiyə qədər gördüyüm ən qeyri-adi bir kurort mərkəzində oldum. Mənim sol əlimdə bir az problem var idi və Naftalan neftindən istifadədən sonra hiss edirəm ki, onun yaxşı təsiri olub”, – deyə məşhur aparıcı bildirir.
Qeyd edək ki, məşhur “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor 30 iyul-3 avqust tarixlərində Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, ilk dəfə olaraq ardıcıl surətdə Azərbaycan haqqında yeddi müxtəlif veriliş hazırlayıb.
“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radiokanallar tərəfindən həm canlı, həm də audio yazısı yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
Azərbaycana gələn turistlərin sayının artmasına təsir edən əsas amil ölkəmizdə mövcud olan sabitlikdir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
M.Ağakərimov bildirib ki, turistlərin özlərinin də dediyi kimi onları bura gətirən digər bir səbəb vardır. Azərbaycan xalqının tolerant və qonaqpərvər olmasıdır:
“Digər amil ölkədə gözəl turizm insfrastrukturunun yaradılmasıdır. Dördüncü amil isə Azərbaycanda yeni turizm növlərinin meydana çıxmasıdır”.
O qeyd edib ki, dövlətin turizmə göstərdiyi dəstək, sadələşdirilmiş viza rejiminin tətbiq olunması ölkəyə çoxlu turist cəlb edir.
Onun sözlərinə görə, turistlər daha çox Abşeron yarımadası və Bakı şəhərini gəzməyə üstünlük verirlər: “Turistlər Azərbaycan regionlarını, o cümlədən Şamaxı, Qəbələ, Şəki, Quba, Qusar, Xaçmazı da görmyə maraqlıdırlar. Çünkü regionlarda da gözəl turizm infrastrukturu yaradılıb, gözəl hotellər fəaliyyət göstərir.
M.Ağakərimov bildirib ki, Azərbaycana gələn turistlər əsasən mədəni istirahət növünü seçirlər: “Onlar tarixi abidələr ilə tanış olurlar, ekskursiyalara gedirlər, sonra istirahətə üstünlük verirlər”.
Novruz bayramı ərəfəsində İran vətəndaşlarının ölkəmizə səfərlərini təşkil etmək üçün bu ölkədəki turist firmaları rəqabət aparmağa başlayıb. Tehranda fəaliyyət göstərən “Tours. select” və “Offer.select” portallarının ınstagram platformalarında Azərbaycan haqqında videoçarx yerləşdirilib. Videoçarxlarda Bakı və Azərbaycanın turizm məkanları əks olunub. Çoxsaylı izləyicisi olan platformalarda yerləşdirilən videoçarxlar böyük marağa səbəb olub.
Qısa zaman ərzində “Tours. select”in ınstagram platformasında videoçarxı 72 min, “Offer.select”in ınstagram platformasında isə 45 min insan izləyib.
“Hill + Knowlton” (H+K) qlobal kommunikasiya-konsaltinq şirkəti Azərbaycan Turizm Bürosu adından 12 dünya bazarında Azərbaycan turizminin təbliğatı ilə məşğul olacaq.
Bu barədə “PR Week” nəşrində məqalə dərc olunub.
Məqaləyə əsasən, “H+K” şirkəti Azərbaycan dövlət təşkilatı ilə əməkdaşlıq çərçivəsində potensial turistlərin “Azərbaycanın gizli incilərini özləri üçün kəşf etməsinə kömək göstərəcək”. “H+K” yeni brend strategiya əsasında Azərbaycan turizminin beynəlxalq nüfuzunu artırmağa xidmət edəcək. Şirkət 2023-cü ilə kimi Azərbaycana gələn turistlərin sayını iki dəfə artırmağı qarşıya məqsəd qoyub.
Turizm
Agentlik bir neçə ay əvvəl (noyabrda) Londonda keçirilən Ümumdünya Turizm Bazarı (World Travel Market) sərgisində “Take Another Look” (Fərqli baxış) adlı altında yeni kampaniyanı işə salıb. Kampaniya Azərbaycanda qədim irslə müasirliyin möhtəşəm vəhdətini işıqlandırır, qlobal turizm mediası vasitəsilə burada turizm üçün unikal perspektivlərin olduğunu aşılayır.
“H+K” aparacağı təbliğatda hədəf bazarlarına iki mərkəzdən çıxacaq. Moskva habı (mərkəzi-qeyd) Avropa və Aralıq dənizi ölkələrinə baxacaq, Dubay habı isə Yaxın Şərq, Çin, o cümlədən, Mərkəzi və Cənub-şərqi Asiya ölkələrini ehtiva edəcək.
Bu ölkələrdə Azərbaycanın gəzməli-görməli yerləri, mədəni irsi, füsunkar təbiəti, kurort və spa imkanları təbliğ olunacaq.
“Azərbaycan dünyanın ən sürətlə inkişaf edən turizm istiqamətlərindən sayılır və biz həftənin yeddi günü, günün 24 saatı durmadan işlədiyimizə görə ölkənin turizmlə bağlı qlobal nüfuzunu artıracağıq”, – deyə Mayron Vasilik (PBN H+K-nin Rusiya, Ukrayna və MDB üzrə rəhbəri ) bildirib.