Azərbaycanda, Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 800 m hündürlükdə, dağların arasında oazis adlandıra biləcəyimiz məkan var
Ölkəmizin təbiəti mənzərəli, qeyri-adi guşələrlə zəngindir. Bakıdan cəmi 90 km aralıda, Qobustan rayonunun qədim Sündü kəndinin yanında gözlərdən uzaq, gözəl bir məkan yerləşir.
Dağların arasıyla axan kiçik çay burada kiçik şəlalə və göl əmələ gətirib. Yaxınlıqda isə meşəlik var, ağacların kölgəsində oturmaq, giləmeyvə kollarının meyvələrini dadmaq olar.
Göl xırda olsa da dərindir, qızmar yay günlərində şəlalənin altında dayanıb sərinləmək ləzzət verir.
Bura yerli sakinlərin sevimli istirahət məkanıdır. Şəlaləyə aparan cığırla irəlilədikcə mağara, qrot və qalereyalarla rastlaşırsan.
Əgər ekoturizmi sevirsinizsə, mütləq bu məkanı trekinq marşrutuna salın. Qeyd edək ki, bu cür mənzərəli vadilər bu yerlərdə çoxdur, yaşayış məntəqəsinin yaşı isə bir neçə min ili ötür.
“Dünyada yayılan COVID-19 infeksiyasının əhatə dairəsinin genişlənməsi qlobal iqtisadiyyata, o cümlədən ticarət, turizm, ictimai iaişə və digər bir çox sahələrə öz mənfi təsirini göstərib. Ölkəmizdə mart ayından etibarən koronovirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Həmçinin, paytaxt Bakıdan regionlara və əksinə, eyni zamanda beynəlxalq sərnişindaşımaya məhdudiyyət tətbiq olunub”.
Sərnişin daşımanın dayanması səbəbindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi işçiləri müvafiq şəraitə uyğun olaraq fəaliyyətini dayandırıb.
Bu problem Bakı Beynəlxalq Avtovağzal Kompleksi işçilərinin əməkhaqlarının bir müddət ödənilməməsi ilə nəticələnib:
“Bakı Beynəlxalq Avtovağzalı Kompleksi əməkdaşlarının ödənilməyən əmək haqlarının verilməsinə köməklik göstərilməsi üçün müvafiq qurumlara-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadiyyat Nazirliyinə müraciət edib. Problemin qısa zaman ərzində həll olunması üçün aidiyyəti qurumlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyinə köməklik göstəriləcəyini bildiriblər. Hazırda bu istiqamətdə işlərə başlanılıb və yaxın zamanda işçilərin əmək haqlarının ödənilməsi həyata keçiriləcək”.
Azərbaycan və Xorvatiya çarter uçuşlarına başlamağa böyük maraq göstərir. Gezmeli.az Trend-ə istinadən xəbər verir ki bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç bildirib.
Səfir deyib ki, hazırda COVID-19 səbəbindən Xorvatiyaya turizm məqsədi ilə vizaların verilməsi ilə bağlı müraciətlərə baxılması dayandırılıb:
“Dünyada koronavirusun gələcək təsirinin proqnozlaşdırıla bilməməsi və vaksin ətrafındakı qeyri-müəyyənlik səbəbindən turizm sektorunda mübadilənin necə inkişaf edəcəyini söyləmək çətindir. Lakin hər iki tərəf çarter reyslərinin açılmasına böyük maraq göstərir”.
Xatırladaq ki, 2016-cı ildə Xorvatiya Azərbaycan vətəndaşları üçün ölkəyə giriş qaydalarını sadələşdirib.
Bölgələrdə hotellərin doluluğu ötən illə müqayisədə 10 faiz təşkil edir.
Bunu Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib. Onun sözlərinə görə, növbəti aydan etibarən bu rəqəm daha da aşağı enəcək:
“Ümumən götürəndə turizm sektorunda zəifləmə tək Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir. Ötən ilə müqayisədə bölgələrdə olan hotellərin hazırkı doluluq səviyyəsi cəmi 10 faizdir. Nəzərə alsaq ki, bu hotellər əsasən yay aylarında turist qəbul edirlər, bu səbəbdən sentyabrdan bu rəqəm daha da aşağı düşəcək. Ötən il turist sayı çox olduğundan hotellər artıq Türkiyədə olduğu kimi, gecələmə qiymətinə üç dəfə qidalanmanın da daxil edilməsini təklif edirdilər, ancaq indiki dövrdə ödənişə yalnız hoteldə qalmaq mümkündür”.
Ekspert bildirib ki, yay turizmi artıq geridə qalmaqdadır və səyahət şirkətləri qışa hazırlaşırlar:
“Normalda bölgələrə istirahətə yollanan insanların əksəriyyəti paytaxt Bakıdan olur. Hazırda Bakı narıncı zonaya daxil olduğu üçün bu ərazidən çıxış qadağandır. Qarşıdakı günlərdə bu qadağa aradan qaldırılarsa, bölgələrə səfərlər yenidən artacaq. Belə olduğu halda turizm şirkətləri qış turizmi üçün paketlər hazırlayaraq təqdim edəcəklər”.
R.Gəncəliyev əlavə edib ki, bir neçə gündür xaricə səfər edənlərin sayında canlanma yaransa da, bu, əvvəlki illərlə müqayisədə 6-7 faiz təşkil edir. Xaricə səfər edənlərin əksəriyyəti isə biznes məqsədi üçün gedir.
Praqa şəhərinin mərkəzindən cəmi otuz kilometr məsafədə yerləşən Karlşteyn qəsri Çexiyanın ən məşhur görməli yerlərindən biridir.
Zəngin tarixi olan “şəhər” (qəsr) Çexiyanın mühüm turizm məkanıdır. Qəsri XV əsrdə husitlər, XVII yüzilliyin ortalarında isə isveçlilər ələ keçirməyə cəhd ediblər. Lakin o, bütün hücumlara davam gətirib. Cari pandemiyaya qarşı da dayanacaq. Nə vaxtsa bu bəla sona yetəcək və Azərbaycandan gələn turistlər yenidən Avropaya, xüsusilə də Çexiyaya sərbəst səyahət edə biləcəklər. Buraya gəlib Karlşteyndə olmamaq sadəcə bağışlanılmazdır.
Karlşteynin əsası Roma imperatoru və Çexiya kralı IV Karl tərəfindən 1348-ci ildə qoyulub. Məqsəd imperator hakimiyyətinin rəmzlərinin burada qorunub saxlanılması olub. Qəsrdə husit müharibələrinin əvvəllərində iki yüz il fasilələrlə saxlanılan Çexiya tac rəmzləri də yer alıb.
Müqəddəs Xaç Kapellası qalanın əsas dini mərasim məkanıdır. Onun divarları müqəddəslərin bütöv bir “toplusunu” və Məsihin səmavi ordusunu təsvir edən rəssam Teodorikin gecikmiş qotik üslubunda əsərləri ilə bəzədilmişdir. Qəsr simasını dəfələrlə dəyişib. 1480-ci ildə gecikmiş qotik üslubunda yenidən qurulub, XVI əsrin sonlarında isə ona intibah memarlığının xüsusiyyətləri əlavə edilib.
Karlşteyn bugünkü simasını XIX əsrin sonlarında purizm üslubunda aparılmış son bərpa işlərindən sonra əldə edib.
BMT-nin Beynəlxalq Turizm Təşkilatı (UNWTO) 2020-ci ilin yanvar-may aylarında qlobal turizm sektorunun 320 milyard dollar zərərə uğradığını açıqlayıb.
Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki, təşkilatın son hesabatında COVID-19 pandemiyası səbəbindən yaranan bu itkinin 2008-ci ilin qlobal iqtisadi böhranından üç dəfə çox olduğu bildirilib.
Hesabatda qeyd olunub ki, cari ilin 5 ayında qlobal miqyasda turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 milyon nəfər, yaxud 98 faiz az olub. Təşkilat əlavə edib ki, iyun-iyul aylarında da bu tendensiya davam edib və yaxın günlərdə daha bir hesabat açıqlanacaq.
UNWTO-nun baş katibi Zurab Pololikaşvilinin sözlərinə görə, bir çox ölkədə ümumi daxili məhsulun mühüm hissəsi olan turizm sektorunun tezliklə açılacaq. Bununla bağlı müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi çox mühümdür. O deyib ki, beynəlxalq turizmin dramatik vəziyyəti milyonlarla insanın gəlir mənbəyinin kəsilməsi ilə nəticələnib. “İndi hökumətlərin qarşısında iki mühüm vəzifə – ictimai səhiyyənin prioritet sahəyə çevrilməsi və turizm sənayesinin bərpası durur”, -deyə baş katib vurğulayıb. Əlavə edib ki, bu sahədə ölkələr arasında əməkdaşlıq və turistlərin etimadını bərpa edilməsi əsas amillərdir.
Bununla yanaşı, ekspertlər qlobal turizmin tam şəkildə bərpasının yalnız 2021-ci ilin ikinci yarısında mümkün olacağını bildirirlər. Onlar hesab edirlər ki, pandemiya ilə əlaqədar risklərin davam etdiyi, səyahət məhdudiyyətləri və sərhədlərin bağlı olduğu bir şəraitdə nikbinlik üçün əsas yoxdur.
Misir paytaxtının şimal-şərqində, Heliopolisdə yerləşən Baron Empeyn sarayı hindu məbədi üslubunda tikilib. Bu möhtəşəm bir memarlıq nümunəsidir.
“Gezmeli.az” Azertac-a istinadən xəbər verir ki, cari ilin iyulunda Misir Prezidenti Əbdülfəttah əl-Sisini məbədin açılışını edib. Bu qiymətli memarlıq abidəsi 1907-1910-cu illərdə belçikalı memar Corc-Lui Klod tərəfindən dekorasiya olunub.
Naxışlar və heykəllər, habelə divardakı ornamentlər Kambocadakı hindu məbədindən götürülüb. Sarayın binası Belçika biznesmeni və Misirşünas Baron Eduard Empeynin sifarişi ilə tikilib.
Sarayda XX əsrin əvvəllərinə aid nadir eksponatlarla yanaşı, həmin dövrdə Qahirənin mədəni həyatını əks etdirən sənədlər və fotoşəkillər də nümayiş etdirilir. Onun həyətində isə ilk dəfə Misir paytaxtına gətirilmiş tramvay mühafizə olunur.
Qeyd edək ki, Misirin Turizm və Qədim Abidələr Nazirliyi Baron Empeyn sarayını Qahirənin əcnəbi turistlər üçün görməli məkanları siyahısına əlavə edib.
Unikal memarlıq abidəsi ilə bağlı fotoşəkilləri oxuculara təqdim edirik.
Tarixi yarım əsrdən çox olan Balaxanı qəsəbəsində həyata keçirilən işlərdən danışacağıq. Son 5 aydır ki, qəsəbədə aparılan işlər bura gələnlərin hər birinə qədim tariximizə səyahət imkanın yaradılması fonunda gerçəkləşdirlir. Min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır.Gəlin sujeti izləyək
Balaxanı qəsəbəsi paytaxt Bakının ən qədim kəndlərindəndir. Abşeronda neft istehsalında kifayət qədər yeri olan Balaxanı qəsəbəsi indi öz tarixi keçmişinə qayıdır. Ölkə iqtisadiyyatına sənayesi ilə töhfə verən Balaxanı vizual görünüşü ilə də göz oxşayır. Qəsəbənin Səfəvilər, Sabir, Dirçəliş küçələrində görülən işlər də Balaxanının qədim tarixini saxlamaqla həyata keçirilir.
Əhməd Məmmədov – müxbir
Bura paytaxtdan cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən balaxanı qəsəbəsidir. Son vaxtlar qəsəbədə aparılan abadlıq işləri tarixiliklə müasirliyin vəhdəti formasında aparılır. Bu ətrafda da müşahidə edilir döşəmələr fərqli üslubda döşənir. Yaşayış binalarının estetik zövqün formalaşdırmaq üçün rəsm əsərləri də çəkilir
Burda pəncərələr fərqli rənglərlə boyanır, dekorativ dibçəklər qoyulur, xüsusi quş damları ilə yanaşı dalanlara qəmbər daşlar döşənir. Qəsəbə boyunca olan evlərin divarlarına qrafit rəsm əsərləri çəkilir. Yarım əsrdən çox yaşı olan qəsəbədə aparılan işlər ən çox yerli sakinlərin ürəyincədir.
Həsən Vəliyev – qəsəbə sakini
Dayandığımız bu küçə Dirçəlişdir qədimidə qəmbər döşəməsi ilə tanınırdı artıq yenidən köhnə vəziyyətinə gətirilib. Küçədə abadlıq yaşıllıq işi görülür qədim evlər bərpa olunur buna görə biz sevinirik. Məqsəd də odur ki, turistləri bura cəlb etmək və qəsəbəmizi dünyada tanıtdıraq.
Bəxtiyar İsrafilov – qəsəbə sakini
Bərpaçılar kəndin qədim xüsusiyyətlərini təmirlə saxlamaqa çalışırlar. Bu da Azərbaycanda turizmin inkişafına kömək edəcək. Bizim uşaqlı dövrümüzdə oynadığımız küçələri yenə keçmişinə qayıdır.
Balaxanı qəsəbəsində tam fərqli üslubda təmir işlərini həyata keçirən qrafit rəssam Emin Ələkbərov deyir ki, əsas hədəf qəsəbənin qədim ənənələrini qorumaqdır. Çünki gələcəkdə Balaxanı qəsəbəsinin turizm marşurutuna salınması nəzərdə tutulur.
Emin Ələkbərov – rəssam
Divarlarda dekor xarekterli müxtəlif elementlərin verilməsi insanların zövqünün formalaşmasına birbaşa təsir edən məsələdir. Çalışmışıq lazımdır ki, burda olan ənənələri tarixi qorumaqla yeni elementlər əlavə edək..
Bundan başqa Balaxanıda Qədim Qum hamamında, 14-cü əsrdə inşa olunan tarixi abidələrdə restavrasiya işləri aparılacaq.
Türkiyədə həyata keçirilən çoxistiqamətli inkişaf prosesində regional iqtisadi layihələr mühüm yer tutur. Yeniləşən yol infrastrukturu, yeni ərsəyə gələn su anbarları, kənd təsərrüfatı və heyvandarlıq məhsullarına dair sənaye müəssisələrinin qurulması əyalətlərdə həyat tərzini yüksəldir.
Prezident Rəcəb Tayyib Ərdoğanın ölkənin Rizə vilayətində səfəri bu bölgənin yaxın gələcəkdə daha sürətlə inkişaf edəcəyini və bütün göstəriciləri ilə Türkiyənin ən cəlbedici məkanlarından birinə çevriləcəyini təsdiqləyib. Əhali Rəcəb Tayyib Ərdoğanı böyük izdihamla qarşılayıb. Yerli sakinlərlə görüşüb söhbət edən dövlət başçısı Rizənin Çamlıhemşin rayonunun Aydər yaylağında görülən yenidənqurma işləri ilə tanış olub. Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, yeni infrastruktur bütün göstəriciləri ilə bölgə üçün cəlbedicilik yaradacaq. Hədəf bölgəni 2022-ci ildə turizm üçün açmaqdır.
Qeyd edək ki, Aydər yaylağında 21 min 614 hektar əraziyə xüsusi mühafizə olunan təbiət qoruğu status verilib. Bölgənin avtomobil yolu və infrastrukturu yenilənib. Burada ən qısa zamanda qonaq evləri və yeraltı avtopark tikiləcək. İnşa ediləcək Hava Limanı bölgəyə gediş-gəlişi daha da asanlaşdıracaq. Bütün bu işlər təbiətin dilbər guşəsində maraqlı istirahət mərkəzlərinin qurulması ilə bərabər, yeni-yeni iş yerləri yaradır. Bir sözlə, Türkiyənin Aydər yaylağındakı yenidənqurma işləri bölgəyə yeni nəfəs gətirir.
Təbiətin hər zaman sirli bir tərəfləri var. Möhtəşəm gözəlliklərinin arxasında bəzən dərin təhlükələr olur.
İspaniyanın şimal-qərbindəki “Galicia” bölgəsindəki bu mavi göl də Instagram məşhurları tərəfindən kəşf edilən təbiətin təhlükəli gözəlliklərindən sayılır. İnstaqram fotoşəkilləri üçün əla bir fon yaradan bu möhtəşəm göldə onlarla məşhur foto çəkdirir.
Sizlərə Monte Neme gölü haqqında maraqlı faktları təqdim edirik.
Valehedici mənzərinin arxasındakı QORXUNC HƏQİQƏT
Monte Neme gölü əslində istifadə edilməmiş bir volfram mədənidir və canlı firuzə rəngləri kimyəvi çirklənməyə işarə edir. Ancaq bu, bəzi insanların suya girməsinə mane olmur.
Zəhərli göl allergik reaksiyalara səbəb olur …
Burada suya girən insanlar bir müddət sonra dəridə qabıqlanma və mədə problemləri yaşayırlar. Zəhərli göldə üzən bir şəxs iki həftə ərzində allergik reaksiyaların şahidi ola bilir.O, yerli bir qəzetə verdiyi müsahibədə bir az pis olduğunu bildirdi, amma çəkdirdiyi fotolar buna dəyər.
Bölgə haqqında qısa tarixçə …
Monte Neme kimi tanınan ərazi II Dünya Müharibəsi illərində minalanmış bir sahə idi və illərlə tərk edilmiş vəziyyətdə qalıb. Daha sonra ictimaiyyətin diqqətini çəkən bu göl bölgədəki turizm şurasının məsuliyyətini də sual altına qoydu.
Təhlükəli göl haqqında rəsmi fikirlər …
Bölgənin təbii və mədəni irsini qoruyan birliyin sözçüsü Ramon Varela və jurnalisti Salvemos Cabana göl haqqında bu fikirləri deyib: “Bu, sıradan çıxmış və təmir olunmamış mədən ərazisidir. Lakin Galisiya bu boş mənzərədən bölgədəki turizmi tanıtmaq üçün istifadə etdi.
Monte Neme gölü
İnsanlar buraya daha çox həftə sonu gəlirlər. Burada sənaye mayelərinin yaratdığı mənzərə təhlükəlidir. Bir tərəfdən, girişi asan olan bir sahədir, digər tərəfdən yamacları risklidir və 30 metrə qədər getmək mümkündür”.
Bu göldə üzənlərin üzləşdiyi problemlər …
Coruña Universiteti Xəstəxanası təcili yardım bölümündə işləyən Dr. Ferreiro gölün nə qədər təhlükəli olduğunu izah edib: “Göldə qısa bir müddət ərzində üzmək cilddə qıcıqlanmalara səbəb ola bilər. Lakin bu göldə uzun müddət qalsanız ciddi problemlərlə üzləşə bilərsiniz. Göldə uzun müddət qalan insanlarda həzm pozğunluğu, qusma və daha sonra ishal kimi sağlamlıq problemləri üzə çıxır”.
Cəmiyyət hökumətə xəbərdarlıq edir …
Yerli sakinlər buraya foto çəkdirmək üçün gələn insanları və onların oraya girməsinə göz yuman hökuməti qınayır. Lakin burada foto çəkdirməyə gələn insanları da çox qınamaq olmur. Çünki göldə suyun çirklənməsi və təhlükələri barədə xəbərdaredici nişanlar, ərazidə suyun çirklənməsi barədə xüsusi məlumat lövhələri yoxdur.