Ev Blog Səhifə 393

Dünyanın ən təhlükəli hava limanları – SİYAHI – FOTOLAR

0

     Dünyada bir sıra hava      limanları var ki, onların inşası            sırf zərurətdən doğub. 

İnsan övladının ana təbiətə qarşı çıxaraq, rahatlığı üçün inanılmaz ərazilərdə tikdiyi hava limanlarını təqdim edir. Ən peşəkar pilotların qorxulu yuxusuna çevrilən 12 ekstremal aeroportlar bunlardır:

1.Culiyana

1.  Sent Martin adasının Hollandiyaya aid hissəsində yerləşən Şahzadə Culiyana Hava limanı şəhər çimərliyinə çox yaxın məsafədə yerləşir. Bura istirahətə gələn insanların bir neçə metrliyindən keçən təyyarələr heç kimi narahat etmir. Aeroportda bu günə qədər heç vaxt qəza baş verməyib.

2.Korveçel

2. Fransanın dağ kurort zonasında yerləşən  Korçevel  hava limanı isə Alp dağlarında yerləşir. İl boyu qarla örtülü olan eniş zolağı 18,5 dərəcə meyillidir. Dünyanın ən qısa eniş zolağına malik aeroport pilotlara əsl cəhənnəmi xatırladır.

3.Agatti

3. Hindistandakı Agatti Hava limanı isə Hind okeanında yerləşir. Dörd yanı su ilə əhatə olunan aeroporta pilotlar öz aralarında “ölüm zolağı” adı veriblər.

4.Tak

4.  1998-ci ildə bağlanana qədər Honq-Konqda fəaliyyət göstərən Kai Tak aeroportu dünyada pilotlar üçün ən çətin eniş-qalxış zolağı hesab edilirdi.

5.Cəbə tarik

5. 1939-cu ildə inşa olunan CəbəTarik li-hava limanını ingilislər ərsəyə gətirib. Böyük Britaniyaya məxsus aeroport Cəbəli-Tarik boğazında yerləşir. Şəhərdən 500 m aralı olan eniş zolağı ana küçənin tən ortasını yarıb keçir. Hər dəfə hava limanına təyyarə enəndə işıqforlar qırmızı işığı göstərir. Hər gün orta hesabla yeddi təyyarənin endiyi aeroporta görə şəhərdə nəqliyyatın hərəkəti iki saat dayanmalı olur.

6. Yurausquin

6. Karib dənizində yerləşən Xuansio E. Yurausquin hava limanı Saba adasınında yeganədir. 13 kv. km ərazisi olan aeroport adanın böyük hissəsini tutur. Başlanğıcı və sonu dənizə bağlı olan eniş zolağına ancaq ən təcrübəli pilotlar eniş edə bilir.

7.Madeyra

7. Portuqaliyadakı Madeyra hava limanı isə dünyada ən qısa eniş zolağına malikdir. Buna görə də, 1977-ci ildə baş verən qəzada 131 nəfər həyatını itirib. Bu qəzadan sonra zolaqlar bir qədər uzadılıb. Lakin okean və dağ silsilələrindən gələn güclü hava axını buranı çox təhlükəli edir. Pilotlar Atlantik okeanına düşməmək üçün eniş zamanı son anda sağa qəfil dönüş edirlər.

8.Kansay

8. Yaponiyanın Kansay hava limanı Osaka körfəzində yerləşir. 4 km uzunluğu, 2,5 km eni olan aeroportu 10 min işçi, 80 gəmi ilə daşınan 21 milyon kub metr torpaqla inşa ediblər. Süni adada yaradılan Kansay memarlıq və mühəndislik möcüzəsi hesab edilir. 1100 hektar üzərində qurulan aeroport Kobe zəlzələsi və saysız-hesabsız sunamilərə sinə gərib.

9.Svalbard

9. Şimal Buzlu Okeanında yerləşən Svalbard dünyanın ən şimal nöqtəsində inşa  edilib. İdarəetmə mərkzəi kimi də fəaliyyət göstərən aeroport süni qar və buz istifadə edilməklə yaradılıb. 1975-ci ildə tikilən Svalbardın əriməməsi üçün xüsusi soyutma sistemləri mövcuddur.

10.Tenzinq-Hillari

10. Nepalın Lukla şəhərində TenzinqHillari Havalimanı dəniz səviyyəsindən 2 900 metr yüksəklikdə yerləşir. Eniş zolağının bir tərəfi dağlar, digər tərəfi isə uçurumla əhatə olunub. Everest dağına çıxmaq istəyən alpinistlər burdan yola çıxırlar.

 

 

Azərbaycana dadlı səyahət: Şəki və Gəncə mətbəxləri

0

       Qədim Şəki və Gəncə şəhərlərinə şöhrət qazandıran              məşhur yeməklər

Azərbaycanda kulinariya reseptlərinin yaradılma tarixi əsrlərin dərinliyinə gedib çıxır və nəinki aşpazların nəsildən-nəslə keçən təcrübəsinə, həm də xalq müdrikliyinə əsaslanır. Təsadüfi deyil ki, ölkənin hər regionunun öz bənzərsiz yeməkləri var.

Bu gün biz xüsusi məharətlə hazırlanan, qədim Şəki və Gəncə şəhərlərinə şöhrət qazandıran məşhur Azərbaycan xörəklərindən danışacağıq

                           Şəki pitisi

Təsadüfi deyil ki, bir çox turist bələdçiləri Şəkini Azərbaycanın qastronomik paytaxtı adlandırır. Məhz bu qədim diyar məşhur paxlavanın və ətirli yağlı pitinin vətənidir.

Doyumlu və dadlı xörək olan piti Şəkidə saxsı qablarda soba üstündə bişirilir. Bu proses azı 8 saat vaxt aparır. Şəki pitisi də bölgəyə xas nə varsa, onlar kimi özünəməxsusdur. Bu xörək digər yerlərdə də bişirilir, lakin Şəki pitisini bir dəfə dadan onu həmişəlik yadında saxlayır.

Piti

Əsl pitinin hazırlanma qaydasını yalnız şəkililər bilir. Bu proses adətən Şəkinin iri sarı noxudunun suda təxminən üç saat isladılmasından başlayır. Sonra həmin noxud həcmi kiçik saxsı qablara tökülür. Noxud qabın üçdəbirini tutmalıdır. Noxudun üstündən qoyunun bud ətindən təxminən 100 qram kiçik tikələr qoyulur. Sonra ətin üstünü quyruq yağı ilə örtür, duzlayır və qaba su tökürlər. Qabdakı su qaynayanadək bir neçə dəfə kəfi yığır, qaba baş soğan atırlar. Sonra bir daha kəf yığılır və ağzıbağlı qablar vam odda bişməyə qoyulur, hərdənbir üstünə su əlavə olunur. Pitinin bənzərsiz dada gəlməsi səkkiz saat çəkir və süfrəyə verilməsinə bir neçə dəqiqə qalmış üstünə zəfəran səpilir.

Piti süfrəyə adətən ənənəvi lavaş, şoraba və sumaxla verilir. Xörəyə turşməzə tam verən sumax qan üçün faydalıdır. Pitinin öz yeyilmə qaydası var. Boşqaba çörək doğranılır, üstünə pitinin suyu tökülür və yeyilir. Sonra noxud və ət boşqaba qoyulur, əzilir və nuş edilir.

Qeyd etmək lazımdır ki, Şəkinin bütün kafe və restoranlarında piti verilir və hər yerdə onun dadı təxminən eynidir.

                        Şəki halvası

Azərbaycanda bir çox halva növü var – Bakı halvası, Quba halvası, Şəki halvası və s. Onların hər biri özünəməxsusdur. Əsl Şəki halvasını yalnız Şəkidə yemək olar. Böyük zəhmət, səbir və xüsusi şərait onun evdə hazırlanması imkanını məhdudlaşdırır. İnternetdə Şəki halvasının çoxlu resepti olsa da, onun hazırlanma sirrini yalnız nəsillikcə halva hazırlanmasını ailə biznesinə çevirmiş kulinarlar bilər. El arasında onlara “halvaçı” deyirlər. Onlar resepti heç kimə söyləmir, ona görə də kənardan baxanlar torabənzər riştəni necə düzgün bişirməyi, nə qədər qoz-fındıq qatmağı, şirə hazırlamağı yalnız təxmin edə bilər.

Şəki halvası

Şəkidə halva hazırlayan məşhur sexlərdən biri Əliəhmədin şirniyyat evidir. Şəkidə heç də hər kəsə halva sexini görmək imkanı yaradılmır. Sexin baş ustası Qüdrət Novruzovun sözlərinə görə, əsl Şəki halvasının xəmiri düyü unundan hazırlanır. Özü də un yalnız su dəyirmanında üyüdülməlidir. Elektrik dəyirmanında üyüdülən un tez saralır. Yarımduru xəmiri hazırladıqdan sonra onu deşikləri olan mis qıfdan isti tavaya bir neçə qat tökür və tor formasına salırlar. Bu tor riştə adlanır. Bir riştə bir dəqiqəyə bişirilir. Sonra 10 qat düyü riştəsini üst-üstə düzür, arasına xüsusi içlik (çəkilmiş qoz-fındıq, keşniş toxumu, hil) tökür və üstdən daha 10 qat riştə əlavə edirlər. Sonuncu qatdan sonra halvanın üstünə zəfəran dəmləməsi ilə naxış vurulur. Halva tavada 10 dəqiqə bişirilir. Sonra üstündən çoxlu şərbət tökülür. Şərbət şəkər və sudan, ya da baldan hazırlanır. Bir neçə gün ərzində şirəni canına çəkəndən sonra halva satışa çıxarılır.

Şəki qənnadı sexlərində halvadan başqa, Azərbaycanın digər ənənəvi şirniyyatlarını, o cümlədən bamiyə, tel halvası, fındıq halvası, “barama” karameli də hazırlanır. Şəkiyə getsəniz, bu şirniyyatları dadmaq fürsətini əldən verməyin.

                 Gəncə paxlavası

Azərbaycanın digər qədim şəhəri Gəncə də öz xörəkləri ilə qürrələnə bilər. Onların sırasında Gəncə paxlavasını, dovğasını, göyərti və ya ət kətəsini (qutab), şah plovu qeyd etmək olar.

Gəncə paxlavası

“Şərq şirniyyatları” qənnadı mağazasının sahibi İradə Qazıyeva deyir ki, Gəncə paxlavasının öz hazırlanma qaydası və sirləri var. Bu da onu Bakı və ya türk paxlavasından fərqləndirir. Belə ki, içlik üçün istifadə edilən qoz ləpəsinin pərdəsi tam təmizlənir və nəticədə paxlava açıq rəng alır. Paxlavanın xəmirinə mütləq gülab əlavə edilir, içliyə isə hil qatılır. Gəncə paxlavasının üstünə zəfəran suyu çəkilir və xaşxaş toxumu səpilir. Xaşxaş toxumlarını da əvvəlcədən qaynar suda pörtlədib təmizləyirlər. Nəticədə gül və zəfəran ətirli Gəncə paxlavası son dərəcə ləziz alınır və ağızda əriyir.

                Dovğa, kətə və şah plov

Gəncəyə səyahət zamanı mütləq bu yerin ənənəvi dovğasının, kətəsinin və əlbəttə ki, şah plovun dadına baxın. Gəncə dovğasının xüsusi hazırlanma qaydası var. Məsələn, digər bölgələrdən fərqli olaraq, bu dovğaya noxud tökülmür, əvəzində nanə, ispanaq, kərəviz və yumurta qatılır.

dovğa

Gəncədə qutaba kətə deyirlər. Gəncə kətəsi ət və ya ağ pendir qatılmış göyərti ilə bişirilir. Üstünə sumaq və zirinc səpilmiş kətə adətən böyük və doyumlu olur.

plov

Nəhayət, Gəncədə bütün məclislərin tacı şah plovdur. Bu bayram yeməyinin adı onun görünüşü, yəni orta əsrlər hökmdarlarının tacını xatırlatması ilə bağlıdır. Adi plovdan fərqli olaraq, şah plov süfrəyə bir növ bükülü vəziyyətdə gətirilir. Yəni düyü və xuruş bir qazanda bişirilir. Qazanın dibinə və yanlarına lavaş döşənir. Düyü lavaşın içərisində bişir və bu formada da süfrəyə verilir. Onun dadına mütləq baxın!

 

Avropada gəzib-görülməli 10 möhtəşəm məkan – FOTO

0

      Möhtəşəm məkanlar

Avropa qitəsi təbii gözəllikləri və zəngin tarixi ilə  səyahətsevərlərin həmişə diqqətində olub. Səyahətinin yönü üzü Avropayadırsa, yolunu xatirələrində gözəl iz buraxacaq, bu möhtəşəm 10 şəhər və qəsəbədən sal.

İnterlaken, İsveçrə

Mavinin ən gözəl tonlarına sahib Thun və Brienz göllərinin ağuşuna aldığı İnterlaken qəsəbəsi Avropanın ən sevilən məkanlarındandır. Alp dağlarının ətəklərində yerləşən, təbii gözəlliyini itirməyən İnterlaken İsveçrənin cənnət güşələrindən biri hesab edilir.

İnterlakan

Qrindelvald, İsveçrə

İsveçrənin məşhur xizək məkanıdır. Adına “Buz Qəsəbəsi” də deyirlər. Qrindelvald qış turizmində əvəzolunmaz ünvanlardandır. Qış festivalından sonra dünyanın məşhur sənətçilərinin qardan düzəltdiyi heykəllər sayəsində bura açıq hava muzeyinə çevrilir. Sən də qışı sevirsənsə, mütləq baş çək.

Qrindelvald

Avignon, Fransa

UNESCO-nun Dünya Mirasları sırasında yer alan Sen –Beneze körpüsü və Notr-Dam kilsəsi kimi görkəmli tikililəri görmək üçün hər il Avignona on minlərlə turist axın edir. 1947-ci ildən bu yana hər il iyulda keçirilən Avignon Festivalı da şəhərə ayrıca rəng qatır.

Avignon

Salzburq, Avstriya

Alp dağlarının ətəklərində yerləşən Salzburq Avstriyanın dördüncü böyük şəhəridir. Möhtəşəm Salzburq Festivalı hər il minlərcə klasik musiqi sevənləri bu şəhərdə bir araya toplayır. Dünyaca məşhur bəstəkar Motsart da Salzburqda dünyaya göz açıb.

Salzburq

Heidelberq, Almaniya

Nekar çayı və Heidelberq Sarayının iki hissəyə ayırdığı bu Heidelberq Almaniyanın ən romantik şəhəri kimi tanınır. Almaniyanın Cənub-Qərbində yerləşən şəhər əhalisinin çoxu tələbələrdir. Bura füsunkar təbiəti və tarixi görünüşü ilə turistləri özünə heyran edir.

Heidelberq

Cesky Krumlov, Çex Cümhuriyyəti

Paytaxt Praqadan təqribən 175 kilometr Cənubda yerləşən bu nağılabənzər şəhər UNESCO-nun Dünya Mirası siyahısında yer alır. Cesky Krumlov orta əsr qəsəbələrini anımsadan görünüşü, şirin evləri və küçələri ilə “gəl, gör məni”,  – deyən bir məkandır.

Cesky Krumlov

Oxford, Birləşmiş Krallıq

Dünyanın ən nüfuzlu universitetlərindən olan Oxfordun yerləşdiyi şəhər “tələbə şəhəri” adı ilə də anılır. Oxford mərkəzində yerləşən alış-veriş mağazaları, füsunkar mənzərəsi və məşhur “Blackwells” kitab evi ilə turistlərin sıx-sıx ziyarət etdiyi şəhərlərdəndir.

Oxford

Qlasqov, Birləşmiş Krallıq

Klyde çayı üzərində yerləşən Qlasqov Birləşmiş Krallığın Lonon və Birminqhamdan sonra üçüncü sıx şəhəridir. İlboyu yağmurlu havanın çoxluq təşkil etdiyi şəhəri iyul və avqust aylarında ziyarət etmək daha uyğundur.

Qlasqov

Füssen, Almaniya

Lech çayı sahilində yerləşən Füssen Almaniyanın məşhur  “Romantik Yol”unun son dayanacağı hesab edildiyi üçün turistlərin mütləq baş çəkdiyi yerlərdəndir. Şəhərdəki tikililəri, malikanələri və evləri görüncə özünü tam da nağıllar aləminə düşmüş kimi hiss edəcəksən.

Füssen

Avropada ucuz kirayə evlər

0

              Avropa şəhərləri

“Airbnb” saytı turistlər üçün ən ucuz mənzil təklif edən Avropa şəhərlərinin siyahısını hazırlayıb.

Tiblisi

Ucuzluğuna görə birinci yerdə Tbilisi gəlir. İkinci yerdə Belqrad, üçüncü yerdə isə İstanbul qərarlaşıb.

Belqrad

Beləliklə, ən ucuz mənzil təklif edən 10 Avropa şəhəri bunlardır:

Tbilisi, Gürcüstan – 30 dollar;
Belqrad, Serbiya – 33 dollar;
İstanbul, Türkiyə – 33 dollar;
Saloniki, Yunanıstan – 34 dollar;
Sofiya, Bolqarıstan – 34 dollar;

Airbnb haqqında

İstanbul

Qeyd edək ki,  “Airbnb” çarəsizlikdən yaranan biznesdir. Evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır. Sayt San-Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. Bir müddət sonra saytın adı airbnb oldu. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir.

Sarqas sahilsiz dənizdir

0

   Sarqas dənizi təbiət                            möcüzəsidir.

Dünyanın fiziki xəritəsinə baxsaq, görərik ki, Atlantik okeanın Şimali Amerika materiki ətrafında 20 və 40 dərəcə şimal en dairəsində yerləşən Sarqas dənizinin suları parlaq göy rəngli böyük oval əmələ gətirir. Bu dəniz təbiətin əsl möcüzəsidir. Onun sahilləri adət etdiyimiz quru deyil, nəhəng okean çay-axınlarıdır: şərqdə Kanar, şimalda və qərbdə Şimali Atlantik, cənubda Passat. Bu axınlar saat əqrəbi istiqamətində dairəvi hərəkət edir.
Çay axınları bənd rolunu oynayır və Sarqas dənizinin sularının Şimali Atlantikanın soyuq sularına qarışmasına imkan vermir. Bu sahilləri quru sahillərdən fərqləndirən budur ki, onlar ilboyu “səyahət edir”. Bu səbəbdən dənizin sahəsi 8 milyon kvadrat kilometrdən 4 milyon kvadrat kilometrədək dəyişə bilir.
sarqas dənizi
Üzən dəniz yosunlarının sayının çox olması Sarqas dənizinin daha bir fərqli xüsusiyyətidir. Dəniz səthinin bir kvadrat kilometrinə iki tondan çox yosun düşür. Xristofor Kolumb bu dənizi 1492-ci ildə kəşf edib və onu “İçərisində yosun olan banka” adlandırıb. Maraqlıdır ki, buradakı yosunların hamısı bir növə aiddir. Portuqaliya dənizçiləri bu yosunları “sarqasso” adlandırıblar, çünki yosunların suyun səthində qalmasına və üzməsinə kömək edən hava qabarcıqları Portuqaliyada geniş yayılan üzüm sortunun gilələrinə bənzəyir.
sarqas dənizi
Okeanşünaslar Sarqas dənizində yosunların necə əmələ gəldiyini uzun müddət başa düşməyiblər. Versiyalardan birinə görə, yosunları bura Kuba, Baham və Antil adalarından, yaxud Meksika körfəzi sahillərindən burulğanlar gətirir. Amma əslində Sarqas dənizinin yosunları elə bu dənizdə yaranır və bu dənizdə də ömrünü başa vurur. Yosunlar tələf olanda onları saxlayan qabarcıqlar partlayır və bitki suya qərq olur. Sarqas dənizinin yosunları həm də müxtəlif canlı varlıqların – krabların, çoxsaylı balıq növlərinin, xüsusən makrele balığının, habelə krevetlərin məskənidir.

 Flora və Fauna

Bu dənizdə 69 florafauna növü yaşayır. Sarqas dənizinin parlaq göy rəngli suları onu əhatə edən okean sularından daha duzludur. Bu dəniz  Yer kürəsinin ən şəffaf sulu dənizi sayılır. Suyunun temperaturu okean sularının temperaturundan həmişə yüksəkdir. Dərinliyi 4-7 kilometrə çatır. Vaxtilə bu yerlərdə çoxlu heyvan daşıyan gəmi batıb. Buna görə də dənizin dibində xeyli insan və heyvan qalıqları var. Sarqas dənizinin bir çox canlı orqanizmləri yalnız maskalanmağı bacarması sayəsində salamat qalır. Məsələn, dəniz iynələri yosunların zoğuna bənzəyir, krevetlərin qınında balıqqulağına və xırda daşlara bənzəyən ağ ləkələr var. Dəniz kloununun rəngi yosunların rəngini xatırladır, buna görə də yosunlardan seçilmir. Bu dəniz canlısı təhlükə yarananda çoxlu su udub kürə şəklinə düşərək düşmənini qorxudur.
sarqas dənizi
Sarqas dənizinin əsas sirri nisbətən yaxın vaxtlarda açılıb. Dünya alimləri uzun illər Avropa angilinin harada nəsil verməsi barədə baş sındırıblar. Çoxəsrlik sirrin üstü bir əsrdən bir qədər əvvəl açılıb.
sarqas dənizi
Məlum olub ki, angillər Sarqas dənizində çoxalır. Bu balıqlar Avropa çaylarından minlərlə kilometr uzaqda kürü tökür, yeni nəslə can verərək tələf olur. Kürülərdən çıxan yarımşəffaf sürfələr bir qədər ətə-cana dolduqdan sonra Qolfstrim cərəyanı ilə uzaqlara – Avropa sahillərinə doğru yola çıxır. Rastına çıxan çayın mənsəbinə düşəndən sonra bir neçə il burada məskunlaşır, böyük angillərə çevrilir və nəsil vermək üçün “vətənə” qayıdır. Sarqas dənizi hələ də planetimizin ən maraqlı bioloji müəmmalarından biri sayılır.

Rekordçu ağaclar

0

Rekorda çatacaq qədər hündürlüyü olan ağaclar

Dünyada  ən böyük ağaclar həmişə tədqiqatçıların əsas hədəflərindən olub.  Sekvoyya kimi möhtəşəm  ağac növünün kəşfi  1850-ci ildə  avropalılar üçün  ən əlamətdar hadisələrdən sayılıb.  Bu ağacı  ingilis Lobb müasir Kaliforniya və Oreqon  ştatlarında (ABŞ) yerləşən Syerra-Nevada  dağ silsiləsinin yamaclarında  hindi tayfasına məxsus ərazidə aşkar edib.  Lobb o vaxtadək məlum olan bütün ağacları geridə qoyan  nəhəng ağacları  tamamilə təsadüfən aşkar edib. Qeyd edək ki, bu ağaca yerli hindi qəbiləsinin başçısının adı verilib.
Sonralar sekvoyyanın rəqibləri ortaya çıxıb. Əvvələn, hündürlüyünə görə: Avstraliya evkaliptləri, mamont ağacı və Limpopo  çayı hövzəsində  bitən “Qalpiniya” adlı  Cənubi Afrika akasiyası.  Amma dəqiq ölçülərə görə, mamont ağacının hündürlüyü 105,8 metr müəyyən olunub. 150 metrlik  evkaliptlər barədə məlumatlar guya şişirdilmiş sayılıb.  Avstraliyanın  meşələrlə bağlı  rəsmi sorğu kitabında evkaliptin hündürlüyü  105 metrdən azacıq  yüksək göstərilib.  Adı çəkilən akasiyanın hündürlüyü isə yüz metrdən çox olmayıb:  yalnız qazıntılar zamanı aşkar edilən  akasiya ağacının “bərpa edilmiş”  hündürlüyü  122 metr müəyyən olunub.  Sekvoyyaya gəldikdə isə  əvvəllər kəsilmiş bir sekvoyya  ağacının uzunluğu 120 metr olub, Kaliforniya Milli Parkında bitən başqa bir sekvoyyanın hündürlüyü isə 110,8 metrdir.  Yəni bu ağac indiki ağacların  arasında  hündürlüyünə görə rekordçudur.  1990-cı ildə ölçülən sekvoyyanın hündürlüyü  110,3 metr müəyyən olunub.

 Sekvoyya ağacı

Amma uzunömürlülüyünə görə bu nəhəng ağac üstünlüyü Nevada ştatında bitən  uzunömürlü şam ağacına  (5100 il), mamont ağacına (3500 il), daha sonra qılçıqlı şam ağacına verməli olub.

Sekvoyya ağacı  uzunömürlülük üzrə rekorddan məhrum olmasını silsilə  “şou-rekordlar”  ilə  kompensasiya edib. Amma  həmin rekordlar  artıq botanika sahəsinə aid deyil. Məsələn,  amerikalılar yıxılan sekvoyyanın koğuşunda at belində gəzirlər: əlbəttə manej deyil, lakin  müəyyən həvəskarların diqqətini cəlb etmək üçün yetərlidir. Eləcə də digər koğuşda  23 metrlik kegelban, yaxud 150 il əvvəl kəsilmiş  sekvoyyanın kötüyündə tirdən yaradılmış kiçik ev, yaxud  San-Fransiskoda cəmi bir sekvoyya ağacının qabığından inşa edilmiş və 100-ə qədər adam tutan ev. Bundan əlavə,  General Şerman adlı nəhəng sekvoyya Yer kürəsinin ən qollu-budaqlı ağacıdır:  hündürlüyü 84 metr,  1,5 metr  hündürlükdə  qucumu  təxminən 25 metr olan  bu ağacın 1500 kubmetr oduncağı var.
 
Kəşfindən sonra sekvoyya yüz ilədək müddət ərzində Kaliforniya ağacı sayılıb.  Amma  1941-ci ildə Çində, Sıçuan əyalətində  gözlənilmədən  4 belə ağac  aşkar edilib. Onları  fərqləndirmək üçün metasekvoyyalar adlandırıblar. Bundan əlavə, insanlar  bu ağacı Amerikadan gətirib  Krımda, Cənubi Qafqazda və  Avropanın bir sıra digər regionlarında əkiblər.  Doğrudur, bu sekvoyyaların rekord vurmasına hələ çox var.
Bir məsələni də qeyd etmək lazımdır ki,  faktların  seçimində və  yoxlanılmasında  yüksək peşəkarlığı ilə seçilən  Ginnesin Rekordlar Kitabını tərtib edənlər  yuxarıda sadaladıqlarımızdan daha sanballı rəqəmlər gətirirlər. Məsələn, onlar  Avstraliyanın Viktoriya ştatında bitən şahanə evkalipti  dünyanın ən hündür ağacı sayırlar. Burada iki evkalipt ağacının hündürlüyü 1872 və 1885-ci illərdə  müvafiq olaraq 143 və 152,4 metr müəyyənləşib. Ginnesin Rekordlar Kitabında ikinci yer duqlasiya (Pseudotsuga taxifolia) ağacına verilib: 126,5 metr.  Sekvoyya 112 metr ilə yalnız üçüncü yerdə qərarlaşıb. Lakin bütün bunlar keçmişdə qalıb.  İndi isə Tasmaniya adasında  bitən şahanə  evkalipt  ən hündür   yarpaqlı ağac adlandırılıb: 95 metr. Yeri gəlmişkən, harada və necə saymaqdan çox şey asılıdır. Axı, həyatımızda olduğu kimi, təbiətdə də  hər şey dəyişir.

İspaniya barədə maraqlı faktlar

0

   İspaniya haqqında nələri                          bilmirik?

İspaniya Avropanın ən şən və qonaqpərvər ölkələrindən biri və bəlkə də birincisidir. Nə vaxt İspaniyaya gəlsəniz, mütləq bir bayram və ya karnavalın şahidi olacaqsınız. İspanlar öz maraqlı adətləri ilə hamıdan seçilirlər. Belə bir ehtimal var ki, İspaniya sözü “dovşanlar ölkəsi” kimi tərcümə olunur.
ispaniya
İspaniya deyəndə ağlınıza təkcə məşhur korridalar gəlirsə, deməli məlumatınız çox azdır. Onda bu yazı sizinçün həqiqətən maraqlı olacaq.
Ispaniya
Bilirsinizmi ki, İspaniya Avropanın ən dağlıq ölkəsidir, Madrid isə Avropadakı ən “hündür” paytaxtdır. Həmçinin Madrid İspaniyanın düz mərkəzində yerləşir. Madridin də tam mərkəzində, Puerta del Sol meydanında “0-cı kilometr” adlı nöqtə var. Ölkədəki bütün yollar başlanğıcını məhz bu nöqtədən götürür.
Ispaniya
Hazırda bu ölkədə 46 milyondan çox adam yaşayır. Bu dövlətin himnində sözlər yoxdur.
ispaniya
Siz kartofu, pomidoru, kakaonu sevirsinizmi? Bu məhsullara görə məhz ispanlara təşəkkür etməliyik, çünki onları bizimlə tanış edən məhz ispanlardır.
Dünyanın ən qədim restoranı da İspaniyada yerləşir. Bu, 1725-ci ildə Madriddə açılmıış “Botin” restoranıdır. Bundan başqa bu ölkədə ildə cəmi 6 ay işləyən restoran da var. Həmin restoranda qeyri-adi yeməklər dadmaq mümkündür. Məsələn, qum dadı verən şokolad, balıq dadı verən dondurma və sairə.

Azərbaycana turistlər hansı mövsümdə gəlirlər?

0

Gələn turistlər səfər üçün daha çox hansı mövsümü seçirlər?

Azərbaycanın daha çox turist qəbul etdiyi 10 ölkə üzrə olan göstəriciləri təhlil etdikdə görmək olar ki, turistlərin ölkəmizə daha çox səyahət etdiyi müddətlər fərqli olub. Amma ümumilikdə, turistlər səyahət üçün daha çox martdan sonrakı ayları, xüsusilə yay aylarını seçiblər.

Bu ilin ilk 8 ayı ərzində Azərbaycana Rusiyadan 592 828 xarici vətəndaş gəlib ki, onların da çoxu – 119337 nəfəri ölkəmizə iyul ayında səfər ediblər.

Yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana səfər edən 349 807 turist səyahət üçün daha çox avqust ayını seçiblər. Həmin ayda Azərbaycana Gürcüstandan 48 839 nəfər əcnəbi vətəndaş gəlib.

turistlər

İrandan bu ilin ilk 8 ayı ərzində Azərbaycana 249 228 turist gəlib ki, onların da çoxu – 67 760 nəfəri ölkəmizə mart ayında səfər edib.

Bu il Türkiyədən ölkəmizə 193 857 xarici vətəndaş gəlib ki, onların da çoxu – 27 668 nəfəri Azərbaycana avqust ayında səyahət edib.

Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) isə yanvar-avqust aylarında Azərbaycana 73 235 nəfər səyahət edib. BƏƏ-dən gələn turistlərin say çoxluğu iyulda (15 847 nəfər), daha sonra isə avqustda (13 192 nəfər) qeydə alınıb.

Ötən il Azərbaycana İraqdan 43 729 nəfər gəlib ki, onların da 12 393 nəfəri ölkəmizə avqust ayında səfər edib.

Turistlər

Qeyd edilən müddətdə Ukraynadan Azərbaycana 39 553 xarici vətəndaş gəlib ki, onların 6636 nəfəri iyulda ölkəmizə gəlib.

Bu ilin ilk 8 ayında Səudiyyə Ərəbistanından Azərbaycana 26 176 turist gəlib. Onların çoxu – 12 106 nəfəri avqustda ölkəmizə səfər edib.

Turistlər

Bu dövr ərzində Qazaxıstandan Azərbaycana 24 922 turist gəlib. Onlardan 5031 nəfəri ölkəmizə səyahət üçün iyul ayını seçib.

İlk onluq siyahısında təmsil olunan sonuncu ölkədən – Birləşmiş Krallıqdan Azərbaycana 21 884 turist gəlib ki, onların da çoxu – 4411 nəfəri iyunda ölkəmizə səfər edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Azərbaycana gələn turistlərin ölkədə qalma müddəti 5-7 gündür. Turistlər səfər müddətlərinin 3-4 gününü Bakıda qalır, qalan günləri isə paytaxta daha yaxın olan regionlara səfər edirlər. Azərbaycana gələn hər bir turist 700-1000 ABŞ dolları məbləğində vəsait xərcləyir.

Əcnəbilər üçün dünyanın ən bahalı şəhəri açıqlandı

0

                Sinqapur

Sinqapur əcnəbilər üçün dünyanın ən bahalı şəhəri adlandırılıb.

Sinqapur

Bu barədə Economist Intelligence Unit (EIU) jurnalının hesabatında deyilir.

Sinqapur

Hesabatda 160 məhsul və xidmətin, o cümlədən qida, paltar, ev əşyaları, kosmetika, mənzil kirayəsi, nəqliyyat xərcləri, məktəb və uşaq bağçasının qiymətləri müqayisə olunub.

Birinci yerə layiq görülən şəhər

Tədqiqatın müəllifləri qeyd edirlər ki, ilk onluqda əsasən Asiya şəhərlərinin adı daxil olunub. Sinqapur artıq dördüncü dəfədir ki, birinci yerə layiq görülüb. İkinci pillədə Honqkonq, üçdə İsveçrənin Sürix, dörd və beşinci yerdə isə Yaponiyanın Tokio və Osaka şəhərləri qərarlaşıb.

Sinqapur

EIU mütəxəssisləri iddia edirlər ki, Sinqapurda ən bahalı paltar və avtomobillər satılır.

Macarıstana necə viza almaq olar? – Tam dəqiq məlumat

0

ŞƏRTLƏR, VARİANTLAR

Rüsum: 35-60 avro

Maliyyə tələbi: günə 100 avro

Bakıdan Budapeştə birbaşa uçuşların başlaması onunla nəticələnib ki, Avropaya ucuz qiymətə uçan azərbaycanlılar səyahəti Macarıstandan başlamalı olurlar. Amma digər ölkələrə olduğu kimi Macarıstana getmək üçün də viza almaq lazımdır. Fins.az Macarıstana viza almaq imkanlarını təqdim edir.

İlk növbədə qeyd edək ki, 2007-ci ildən etibarən Macarıstan Şengen ölkələri qrupuna daxildir. Yəni qrupun digər ölkələri kimi, Macarıstana getmək üçün də Şengen vizası tələb olunur. Bu viza bütün Şengen ölkələrində (26 ölkə) işləyir.

Macarıstan səfirliyi harada yerləşir?

Macarıstan bayrağı

Macarıstanın Azərbaycandakı səfirliyi Bakıda, İçərişəhərdə yerləşir.

Rəsmi ünvan: Səbail rayonu, Mirzə Mənsur küçəsi, 72-dir.

Səfirliyin telefonları (+994 12) 497 47-50, 497-45-81/81

Macarıstana viza almaq üçün lazım olan sənədlər:

– Ən azı növbəti 3 ay ərzində qüvvədə olan pasport və… (DİQQƏT!) pasportda iki boş səhifə

– Şəxsiyyət vəsiqəsi

– Tam doldurulmuş və imzalanmış anket

– Pasport ölçüsündə — 3,3×4,5 formatında 2 (iki) ədəd fotoşəkil (ağ fonda)

– Ödənilmiş viza haqqı (rüsum) – 35 avro

– Təyyarə biletlərinin (gediş- dönüş) surəti

– Mehmanxanada haqqı tam (yəni bütün səfər müddəti üçün) ödənilmiş rezervasiya təsdiqinin surəti və ya dəvət məktubu (dəvət edənin şəxsiyyət vəsiqəsinin surəti)

– Tibbi sığorta şəhadətnaməsi (Şengen ölkələri zonası üçün vacibdir). Tibbi sığortanın məbləği 30 min avrodan az olmamalıdır.

– İş yerindən, rəsmi blankda, tutduğu vəzifə, aylıq əmək haqqı (gəlir) və məzuniyyətin müddəti göstərilən arayış

– Maddi gəliri təsdiq edən bank sənədləri — bankda hesab olması haqqında arayış və hesabdan çıxarış. Hesabda Şengen ərazisində qalacağınız hər günə görə 100 avro pul olmalıdır. Məsələn, əgər Budapeştdə 7 gün qalacaqsızsa onda hesabınızda 700 avro olmalıdır və s.

Qeyd: Ehtiyac olarsa, səfirlik bu siyahıda göstərilməyən digər əlavə sənədlər də tələb edə bilər.

Müraciət edənlər bilməlidir ki, Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün “IFR System” – ərizənin bron vaxtının onlayn verilməsi sitemi tətbiq olunur. IFR System-in saytında ərizəçilərə viza “C” üçün (Şengen vizasının 90 gündən çox olmayaraq etibarlılıq müddəti) və ya viza “D” üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var. Qeyd edək ki, “D” vizası tələbələr üçün nəzərdə tutulub və uzun müddətli verilir. “D” vizası üçün rüsum 60 avrodur.

IFR System-i mobil telefonda istifadə etmək üçün onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək olar.

IFR System-in tətbiqi ilə, eyni zamanda Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin qəbul saatları : Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 09:30-13:00, cümə: 09:30-12:00; hazır vizaların verilməsi – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 16:00, cümə: 15:00

Vizanın verilməsi 7 və ya 15 iş günü müddətində verilir.

Hansı hallarda viza verilməsindən imtina olunur?

Bəzi vətəndaşlar viza üçün müraciət edəndə Macarıstanda otel bron edir, amma viza aldıqdan sonra bronu ləğv edirlər. Amma bu bir çox hallarda vizanın ləğv edilməsinə və ya ən azından xəbərdarlığa səbəb olur.

Macarıstanda qalmaq müddətinin də təsiri var

İkinci məsələ isə turist vizası alarkən Macarıstanda neçə gün qalmağınızada diqqət yetirilir. Əgər 30 günlük viza alırsızsa və bu 30 günün hamısını Macarıstanda keçirəcəksizsə bu da viza almağınıza çətinlik yarada bilər. Yaxşı olar ki, səfəriniz uzun müddətə olduğu halda fərqli ölkələr və ya ən azından fərqli şəhərlər seçəsiz.