Ev Blog Səhifə 420

Dünyanın ən qeyri-adi 5 oteli

0

122 metr yüksəklikdə, havadan asılı, dağın yamacında yerləşən şəffaf şüşəli oteldə qalmaq istəyərsiz? Alternativimiz də var, krandan hazırlanmış otel.

Dünyanın ən maraqlı 5 otelini təqdim edirik:

Dəniz konteynerlərindən butik otel, Yuxarı Qudauri, Gürcüstan

Gürcüstan

Otel Tbilisidən 120 km məsafədə, 2 min metr yüksəklikdə yerləşir. Tikilinin arxitektorları Sandro Ramişvili və İrakli Eristavidir.

Kakslauttanen oteli, Finlandiya

Finlandiya

Laplandiyada yerləşən bu otel qış sezonunun əsl istirahət məkanı hesab olunur. Otel otaqlarının şüşələri termaldan hazırlanıb, hər bir otaqda yataq və vanna var. Şimal işıqlarını ən gözəl müşahidə edə biləcəyiniz bu məkanda gecələmək 400 avroya başa gəlir.

The Krane oteli, Kopenhagen, Danimarka

Heç yük kranından da otel olar? Qəribə gələ bilər, amma görünür avropalı dostlarımız turizmdən yaxşı anlayır. 15 metr yüksəklikdə yerləşən bu kran oteldə gecələmənin qiyməti 2500 avrodur. İçərisində cakuzi, sauna, bir sözlə komfort şərait üçün hər bir imkan var.

Rurmonde, Hollandiya

Hollandiya

Son 10 ildə Hollandiyada cinayətkarlığın səviyyəsi ən aşağı həddə düşüb. Nəticədə 1863-cü ildə inşa olunan həbsxanalardan biri otelə çevrilib. “Ev dustaqlığı” adlı bu oteldə hər bir lüks şərait var. Gecəsi 112 dollar təşkil edir.

Skylodge Adventure Suites, Peru

Peru

Şəffaf kapsullardan ibarət olan otel yerdən 122 metr yüksəklikdə yerləşir. Otelə getmək üçün ya dağa dırmanmalı, ya da alternativ olaraq kəndirlər vasitəsilə zirvədən enməlisiniz. Bu otelin gecəsi 430 avrodur.

Və belə bu günki maraqlı və qeyri-adi məlumatımız bu qədər. Əlbəttə belə yerlərdə kimlər olmaq istəməz ki. Ümid edirik, virtual olsada sizin üzünüzdə təbəssüm və təəccüb hissi yarada bildik. Sağlıqla qalın. Xoş istirahətlər❤️

Dadlı və naxışlı özbək çörəkləri…

0

Bu, həqiqətən də dadından doyulmayan bir nemətdir..

Özbək çörəyini heç bir əlavə qida olmadan da yesəniz, doyacaq, onun füsunkar dadından ləzzət alacaqsınız. Çörək qədimdən müqəddəslik rəmzi olub və dünyanın bütün xalqları kimi özbəklərin də bu nemətə böyük hörmət və ehtiramı var.

Əslində özbək mətbəxi – Şərq ölkələrinin mətbəxi arasında öz rəngarəngliyi, fərqliliyi ilə seçilir. Bəzi reseptlər çoxəsrlik tarixə malikdir, onlar kökəni təndirdə bişirirlər. Kökələrin isə “obi-non” “patır”, ”qat-qat patır”, “süd-qaymaqlı patır”, “toy patır” (bu artıq bəzəklidir), “şirmon”, “loçira”, “javdar”, “katlama” “küncütlü non” kimi növləri var. Çörək satanlarla söhbətimdən belə aydın oldu ki, hətta, böyük alim İbn Sina bir çox xəstəlikləri müalicə etmək məqsədi ilə özbək çörəyini yeməyi də məsləhət görürmüş.

Daşkənd, Səmərqənd, Xarəzm, Fərqanə və digər vilayətlərdə hazırlanan müxtəlif çeşiddə çörək və çörək məmulatları biri-birindən fərqlənir. Həm dadı, həm də özünəməxsus naxışları ilə. Bəli məhz naxış. Bunun üçün müxtəlif qəliblərdən istifadə olunur.

Özbək çörəyi

Özbəklər qürurla “Bizim çörəkdən dünyada yoxdur” deyirlər.

Azərbaycan çörəyindən əsas fərqi isə odur ki, özbək çörəyini uzun müddət saxlamaq olur. Satıcılar iddia edir ki, məhz Səmərqənd çörəyini 2-3 ay, nə qədər inanılmaz olsa da, hətta 1 il saxlamaq mümkündür. Nə ətri itir, nə də keyfiyyəti. Bu ölkədə “Özbək çörəyi və şirniyyatları” bayramı da keçirilir.Onun dadına baxıb, ətri və gözəlliyindən zövq alandan sonra mən Özbək çörəyini belə adlandırdım – ÖZlərinin BƏY ÇÖRƏYİ…

Bakıda dəniz sahilində yerləşən restoranlar

0

Xəzər sahilində yerləşən restoranlar araşdırılıb

Sizə onları təqdim edirik.

1. “Shore House” restoranı

Bu restoran Nardarandakı “See Breeze Resort”un daxilində yerləşir. “Shore House”da manqal və təndirdən hazırlanan Azərbaycan yeməkləri, assorti qutablar, cürbəcür plovlar, nərə balığından buğlama, balıq yeməkləri, isti məzələr, desertlər və digər təamlar təklif olunur. Restoranın təmiz sahilində kiçik yürüyüşə də çıxa bilərsiniz.

2. Restoran “İntourist”

Bayraq meydanının yaxınlığında yerləşən “İntourist” restoranında Qafqaz, Slavyan, Baltikyanı və Orta Asiya mətbəxi təklif olunur. Menyuda ənənəvi pelmenlər, ətli uxa, Belorusiya dranikləri, kabablaı və dolma qarşınıza çıxacaq. Ədviyyatlı şərq yeməkləri – şurpa, doyumlu mantı, lağman və gizli reseptlə bişirilmiş Asiya plovu isə sizin üçün yeni bir kəşf olacaq. Baltikyanıdan qeyri-adi və yüngül yeməklər – seppelinlər, İntourist restoranının hiti – zərif “Kama” deserti, qızıl balıqlı və ya kilkəli smorrebrodlar yemək həvəskarlarını təəccübləndirə bilər. Restoranın özəlliyi onun taxta sobası olan açıq mətbəxindədir və qara çörək elə oradaca bişirilir.

3. “Sherlock’s beach”

Buranın infrastrukturuna koteclər, hovuzlar, divan, restoran pavilyonları, dəniz sahilində yerləşən çardaqlar və balaca estakada daxil olan restoran-mehmanxana daxildir. Axşamlar “Sherlock`s beach”də canlı musiqi səsləndirilir. Vokal və instrumental kompozisiyalar rahat atmosfer yaradır.

4. “Halikarnas” balıqçısı

“Halikarnas” balıqçısı Xəzərin sahilində, Hövsan yolu, Qum adasında yerləşir. Restoranın interyeri gəmi göyərtəsi formasındadır. Restoranın 200 nəfərlik qış zalı, 500 nəfərlik bağı, 11  VIP otağı və 4 delux salonu var. Burada ağbalıq və nərə ikrası, nərə balığından dolma, turşuya qoyulmuş balıq, paela (düyü və dəniz məhsullarından hazırlanan ispan yeməyi) və bir çox başqa yeməklər təklif olunur. Hazırlanan yeməklər üçün balıq Türkiyədən gətirilir.

5. “Nar&Sharab” restoranı

Xəzər sahilindəki bu restoranın zalı müxtəlif banketlər, buraxılış gecələri, yubiley və ailə bayramları keçirmək üçün uyğundur. Gəmi kayutunu xatırladan xüsusi otaqlar bej-qəhvəyi çalarlarda tərtib edilib və kiçik kampaniyalar, romantik görüşlər üçün nəzərdə tutulub. Burada müxtəlif balıq təamlarını, salatları və şorbaları dada bilərsiniz.

6. “Darya Fish house”

Bura əla mətbəxi olan ailəvi balıq restoranıdır. Restoran Bibiheybət yaxınlığında yerləşir və manqal, tavada hazırlanan suf, sazan, kefal, kütümdən hazırlanmış balıq yeməkləri ilə məşhurdur. Restoranda 50 nəfərlik 3 banket zalı, 100 nəfərlik panorama zalı, həmçinin 200 nəfərlik dəniz körpüsü fəaliyyət göstərir. Terrasdan dənizə gözəl mənzərə açılır.

7. “Promenade Sunset Bar & Lounge”

Restoran “Jumeyrah Bilgah Beach”də yerləşir. Olduqca gözəl mənzərəsi var. Burada müxtəlif balıq məhsullarını dada, kokteyl içə, qəlyan çəkə və dənizin səsini dinləyə bilərsiniz.

8. “Beluga” restoranı

Restoran Buzovna qəsəbəsində yerləşir. İnteryeri təbii materiallar, ağac və daşlarla, isti, rənbərəng tonlarla tərtib edilib. Buranın menyusu balıq kababı, ət, toyuq, nərə və qrildə qızılbalıq, müxtəlif qızardılmış balıqlar, steyklər, soyuq və isti məzələr, qutablar, salatlar, desertlərdən ibarətdir.

9. “Jazzy Beach”

 

Bura “Khazar Golden Beach Hotel”də yerləşir. Məkan təmiz sahili ilə fərqlənir. Restoranda ləzzətli təamları dada, canlı caz musiqisindən zövq ala və Dj-lərin ritmləri altında rəqs edə bilərsiniz.

“Baku Guide” bələdçi kataloqunun ilk sayı çapdan çıxıb.

0

“Baku Guide” bələdçi kataloqunun yeni il üçün ilk sayı çapdan çıxıb.

Baku Guide” bələdçi kataloqunun yeni il üçün ilk sayı çapdan çıxıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis və rus dillərində nəşr olunan kataloqun 2018-ci il yanvar buraxılışı da müxtəlif zövqə malik səyahət həvəskarlarının ürəyincə olacaq informasiyalarla zəngindir. Kataloqda “Sənət və mədəniyyət”, “İnfo-bələdçi”, “Mədəni irs və tarixi məkanlar”, “Əyləncə”, “Şopinq” və digər başlıqlarda olan məlumatlar paytaxtımıza təşrif buyuran qonaqlara, eləcə də ölkə vətəndaşlarına istirahətlərini rahat və gözəl şəkildə təşkil etməkdə yardımçı olacaq.

 

Bələdçinin “Bakını tanı” bölməsində “Salam Bakı”, “Paytaxtdakı möcüzələr”, “Muğam – damarda axan qan kimi”, “Odlar ölkəsinin qış nağılı”, “Paytaxtın qış menyusu”, “Milli geyimlər” adlı məqalələr ilk səhifədən ölkənin mədəni mənzərəsini seyr etmək imkanı yardır.

 

“Sənət və mədəniyyət” bölməsində rəngarəng illüstrasiyalarla təqdim olunan yazılarda qədim şəhərin həm ənənəvi, özünəməxsus koloriti, həm də ultramüasir yenilikləri, eləcə də mövsümə uyğun özəllikləri diqqəti çəkir. Yeni il tətilini Azərbaycan paytaxtında keçirmək istəyənlər bayram əhvallarına rəng qatmaq üçün mədəniyyət müəssisələri – teatrlar, muzeylər, qalereyalar, konsert salonları haqqında məlumatlarla tanış ola bilərlər. Bu məlumatlar sübut edir ki, paytaxtımıza gələn hər bir səyahətçini maraqlı istirahət və əyləncə gözləyir.

 

“Yemək və içkilər” bölməsində düşbərədən xingala, xaş və pitidən dolmayadək Azərbaycan mətbəxinin ləziz yeməkləri haqqında dadlı məlumat verilir. Həmçinin milli mətbəximizin sevilən dadı dolmanın 2017-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına Azərbaycan ənənəsi kimi daxil olması haqqında məlumat dərc edilib. Bakının çay mədəniyyəti, simvola çevrilən armudu stəkan, milli şirniyyatlar haqqında da eyni bölmədə məlumat almaq mümkündür.

 

Paytaxtımıza uşaqları ilə gəlmək istəyən qonaqlar “Bakı ən balacalar üçün” başlıqlı yazını diqqətlə oxuya bilərlər. Paytaxtda uşaqların əyləncə məkanları, onların sevincinə sevinc qatacaq oyunlar və daha nələr lakonik şəkildə oxucuya təqdim edilir. Minilliklərin vərəqləndiyi Qobustan, Yanardağ və Atəşgah qoruqlarına baş çəkə, “Bakının memarlıq inciləri”ni gözdən keçirə, Azərbaycanın milli geyimləri haqqında məlumat əldə edə və təbii ki, şəhərimizdən bir də xoş xatirəli hədiyyə ilə getmək istəyirsinizsə, “Turist Bakıda nə ala bilər” yazısını oxuya bilərsiniz.

 

Ənənəvi olaraq “Baku Guide” bələdçisinin bu sayında da paytaxtın teatr və konsert müəssisələrinin aylıq repertuarı, yanvar ayında gözlənilən əlamətdar mədəniyyət tədbirlərinin afişası, kino nümayişi mərkəzləri haqqında məlumatlar yer alıb.

 

Azərbaycanda təbii iqlim müxtəlifliyi ilboyu istirahət üçün geniş imkanlar açır. Kataloqda son illər ölkədə qış turizminin populyar ünvanı olan Qusar rayonundakı Şahdağ Turizm Mərkəzi haqqında məlumat, Odlar yurdunda qış istirahəti imkanları barədə ətraflı informasiya verilir.

 

Kataloqun bu sayında həmçinin turistlər üçün maraq kəsb edən “ASAN Viza” xidməti, hotellər, şəhərdəki məşhur restoran və kafelər, şopinq həvəskarları üçün iri ticarət mərkəzləri, əyləncə axtaranlar üçün karaoke və gecə klubları, kinoteatrlar barədə məlumatlar da oxuculara bələdçilik edir. Bu məlumatlara turistlər üçün zəruri bilgilər, turizm informasiya mərkəzlərinin, paytaxtımızdakı xarici ölkə səfirliklərinin və s. ünvan və telefonları da əlavə olunur.

“Baku Guide”

İtaliyanı fərqli edən 5 əsas səbəb

0

İtaliyaya səfər etmək üçün 5 əsas səbəb

İtaliyanın təqdimata ehtiyacı yoxdur – səfər edilməyə layiq ən gözəl ölkələrdəndir. Səbəblərini isə aşağıdakı məqalədə tapa bilərsiniz.

1.Pizza qülləsi

Bu, 56 metrlik qüllə səhvlərin də uğur gətirə biləcəyinin ən aydın sübutudur.  Əgər Pizanonun bu səhvi olmasaydı qüllə bu qədər məşhur olmazdı.  Hələ tam tikilib qurtarılmadığı 1178-ci ildən bəri bu qüllə yıxılır və  yalnız 2008–ci ildə bu yıxılma dayanıb. Mütləq qala ilə fərqli şəkil çəkdirmək lazımdır.

2.Pizza

Dünyanın ən dadlı pizzasını yemək üçün Neapola yollanın. Burada onu həqiqətən hazırlamağı bacarırlar. Axı məhz Neapolda dünyanın ilk pizzası hazırlanıb.

3.Venesiya

Məşhur su üzərində şəhər.  Və o həqiqətən çox gözəldir. Venesiya karnavalı, gözəl bulvar və əlbəttəki, turistləri kanallarda gazdirən qondolalar. Bu şəhəri görmək üçün tələsin. 2028-ci ilə Venesiya yaşamaq üçün yararsız olacaq, 2100-cü ildə isə tamamilə suyun altında qalacaq. Yalnız oraya avtomobillə getməyin. Avtopark burada əsl problemdir.

4.Kolizey

Daha çox Kolizey kimi tanınan Flavian/Flavi Amfiteatrı. Antik dövrün ən iddialı tikililərindən biri. Romanın rəmzi və dünyanın yeni 7 möcuzəsindən biri.Bu amfiteatr çox sayda qladiator döyüşlərinin şahidi olmuşdur.

5.Ferrari muzeyi

Ferrari mühərrikinin səsindən heyrətlənməyən bu səsi sadəcə heç vaxt eşitməyənlər ola bilər. Bütün oğlanlar bu İtalyan markalı avtomobilin sükanı arxasında oturmağı arzulayır. Maranello şəhərində yarış və idman avtomobilləri, həmçinin detallar nümayiş olunan Ferrari muzeyinə səfər edə bilərsiniz. Elə muzeyin qarşısında 80 avroya (30 dəqiqəsi) Ferrari Kaliforniya kirayə götürmək olar.

Ucuz səyahətin 4 qızıl qaydası

0

Tətilə getmək üçün çox pul xərcləməyə ehtiyac varmı? Ucuz tətilin 4 qızıl qaydası nədir?

 Gezmeli.az ucuz səyahətin 4 qızıl qaydasını təqdim edir:

1. Lüks səyahət marağını kənara atın

5 ulduzlu otellər, hər şey daxil səyahət həm baha başa gəlir, həm də hər şeyin sizin üçün planlaşdırılması cansıxıcıdır. 3 gecəlik lüks səyahətdənsə, daha ucuz və maraqlı hostellərdə, pansionatlarda 1 həftə qala bilərsiniz. Bir az düşünün ?

2. Ucuz biletin arxasınca qaçın

İndi söyləyəcəyimiz çox önəmlidir! Bütün hava yolları şirkətlərinin telefonlarına, saytlarının xəbərlərinə abunə olun, sosial şəbəkələrdəki hesablarını izləyin ki, ucuz bilet kampaniyalarından xəbərdar olasız. Ucuz bilet kampaniyaları əvvəlcə telefonlara mesajla göndərilir, daha sonra isə saytlara, sosial şəbəkələrə yerləşdirilir. Abunə olmasaz, 10 avroluq kampaniya biletlərini qaçıra bilərsiz. Deməsi bizdən ? 

3. Tətil planını əvvəlcədən edin

Tətil planını əvvəlcədən qurun, qalma, yol xərclərini tez həll edin. Çünki erkən rezervasiyalarda ödəniş çox aşağı olur.

4. Səyahət büdcənizi dəqiqləşdirin

Ayağınızı yorğanınıza görə uzadın. Əlinizdəki səyahət büdcəsinin kənarına çıxmayın. Alış-veriş, yemək-içmək, səfər hamısı bunun içərisində olsun. Beləliklə, çox və mənasız xərclərin qarşısını ala bilərsiniz. Tək qayda, büdcənizə sadiq olmaqdır!

Şərikli çörəyin xatirəsi Baden -Baden şəhəri

0

Baden – Baden qədər gözəl … Baden

Əziz oxucular, bu dəfə sizə Baden şəhərindən danışacağam. “Şərikli çörək”  filmindəki o məşhur “Baden-Badenin mavi gecələri” deyimi bu Baden haqqında olmasa da, şəhərin gözəlliyi Almaniyanın həmin o Baden-Badenindən heç də geri qalmır.

Baden İsveçrənin üç ən böyük çayından biri – Limmatın sahilində salınıb. Çay şəhəri iki yerə bölür, bunu başqa cür də demək olar: Limmat şəhəri iki fərqli zamana ayırıb. Limmatın sol sahili Orta Əsrlər dövrünün Badenidir – şəhərdə bürclər, istehkam qüllələri, həmin dövrün arxitekturasına uyğun yaşayış binaları və s. Çayın sağ sahili isə şəhərin nisbətən yeni salınmış məhəllələri ilə bəzənib. Baden əhalisi əsasən bu hissələrdə yaşayır. Məhəllələrə ətrafdakı üzüm bağları təbii gözəllik verir.

Baden aid olduğu Aargau kantonu ilə Zürix kantonu arasında yerləşir. Bu şəhər Zurix şəhərindən 25 km aralıdadır. Aargau kantonun mərkəzi Aarau şəhəri olsa da Baden rəngarəngliyinə, qaynar həyat tərzinə görə bir xeyli fərqlənir və sevilir. Şəhərin demoqrafik tərkibində üstünlük işçi gənclərdə olduğu üçün bu şəhəri daha dinamik görmək olar. Baden Zürixə yaxın olduğu üçün paytaxtda işləyib, Badendə yaşayanlar da az deyil. Beş il əvvəlin siyahıyaalma statistikasına görə, qeydiyyatda olan əhali sayı 18 min nəfərdir. Əhalinin danışıq dili İsveçrə ləhcəli alman dilidir.

Baden şəhərinin adı şəhərin özündən bir xeyli cavandır. Şəhərin ilk adı romanca “Aquae Helveticae” olub, indi səsləndirdiyimiz ad isə 1040-cı ildən bəri eşidilir.

Baden XV – XVI əsrlərdə başqa bir səbəbdən məşhurlaşır, qaynayan mineral suları və bu sular ətrafında salınmış istirahət, spa mərkəzləri ilə hətta ətraf ölkələrdə də ün qazanır. Belə ki, alman yazıçı Göte, filosof Nitşe, Tomas Man və Herman Hessenin tez-tez Badenə gəldikləri, bu istirahət bölgələrində dincəldikləri deyilir.

İstanbulun böyük ən gözəl adası-“Böyük ada”

0

         Köhnə İstanbulu hiss etmək üçün bu adaya getməlisən…

REŞAT NURİ GÜNTEKİNİN EVİNİN OLDUĞU ADA…

“Sizin yaşınız azdır, bilməzsiniz… Bu şəhər necə çirkinliklərə şahid olub, necə iyrənçlikləri ört-basdır edib. İstanbul – İstanbul olmaq, bu günə gələ bilmək üçün çox şeyləri özündə basdırıb. Bizim dədələrimiz həmişə vuruşub, bir çox savaşlardan keçmişik. Bunun yaxşı üsul olmadığını bilirik. Dava-dalaş istəmirik. Ancaq bəzən insanlarımıza başqa şans buraxmırlar”, – Kabataş vağzalından adalara doğru gedirik. Gəmidəki 93 yaşlı, eks dövlət məmuru İstanbulun keçmiş vaxtlarından danışır.

Gəmi Heybəli adasında dayanır. Sərnişinlərdən birinin halı pisləşib. Hamının qadına görə narahat olduğunu görən yaşlı adam əlavə edir: “Görürsünüz də pulsuzluqdan, dərmansızlıqdan asma xəstəsi nə hala düşüb”.

Böyük Adaya İstanbulun Kabataş bölgəsindəki gəmilər (vapur) gedir. Həmin axşam yaman basabas idi. Adətən həftə sonları bütün istanbullular adaya istirahətə gedir. Basabası bununla əlaqələndirir yerlilər. 5-ci gündü.  Üzü İstanbul adalarına, Böyük Adaya doğru gedirik. Əslində bir saatlıq yoldu… Ancaq halı pisləşən sərnişinə görə yarım saat gözləməli olduq. Kapitan gəmidə olan hər bir sərnişinə görə cavabdeh olduğunu, təcili yardım gəmisi gələnə qədər gözləyəcəyini bildirdi. Sonda da “hər birinizə anlayışınıza görə təşəkkür edirəm”, – anonsu keçdi ?

Nəhayət, 1,5 saatlıq yoldan sonra Böyük Adanın işıqları görünür. Buranın köhnə adı Prinkipodu. Yunanca “böyük” deməkdir. Trotskinin bir müddət sürgün həyatı yaşadığı, Reşat Nuri Güntekinin evinin olduğu bu ada İstanbul adalarının ən böyüyü, ən gözəlidir.

Burada avtomobilə rast gəlməzsən. Həm sakinləri, həm də gələn qonaqlar nəqliyyat vasitəsi kimi ya velosipeddən, ya da at arabalarından istifadə edir. Velosipedlə 1 saata adada böyük tur edə bilərsən. İsa təpəsində Xristos kilisəsi və Rum yetimxanası var. Ən yüksək təpədə isə Aya Yorgi Kilsəsi və Aya Yorgi Manastrı yerləşir. Bura qalxanların sayı azdır. Çünki yüksəklik və yolun uzunluğu insanı yorur. Saat 4-də Monastr bağlanır. Bu vaxtdan sonra ora demək olar ki, heç kim getmir. Əvvəl türk bayrağı, sonra kilsə zəngi, daha sonra da kilsənin binası görünür. Az qalıb çatmağa. Təpənin başından açılan mənzərə bir başqadır. Elə buna görə dəyərdi bura qalxmağa. Yuxarıdakıların əksəriyyəti gənclərdir. Məlum, yüksəkliyə çıxmaq xeyli əziyyətlidir ?

Məhşur türk yazarı Rəşat Nuri Güntekinin evi isə adanın ən gözəl yerindədir. Böyük tur yolunun düz üstündə. İki mərtəbəli, ağ, qapı-pəncərəli qırmızı ev…

Yerli camaat maraqlanan insanlara ada haqqında danışmağı xoşlayır. Trotskinin Böyük Adada yaşadığını da onlar dedi. Leon Trotski Lenin tərəfindən qovulanda Türkiyəyə gəlib. O, bir müddət Böyük Adada yaşayıb. Yaşadığı ev bu gün normal vəziyyətdə deyil. Ancaq o vaxt yaxşı olub deyirlər. Dözməyib “kaş məni də belə yerə sürgünə göndərərdilər”, – dedim. Hekayəni danışan balıqçı susdu, sonra bərkdən qəhqəhə çəkib güldü: “Canım, hepimiz sürgün deyilmiyiz sanki?”, – dedi ?

Adada gözəl otellər, pansionatlar da var. Sayları çox deyil. Ancaq otellərin qiyməti biraz bahadır. Biz pansionatda qaldıq, “Masal Pansionu”nda. “Masal gibi yani” ?

Yemək-içmək isə bizdən qat-qat ucuzdur. Xüsusən də balıq yeməkləri ? Ada sahillərində gəzərkən qoxusunu duymamaq mümkün deyil.

Sakinləri adanın səhər ayrı, axşam ayrı gözəlliklərinin olduğunu deyir. Ada –  səhərini balıqçılarını dənizə yola salmaq və gələn ilk ziyarətçilərini qarşılamaqla açır. Axşamını isə dəniz sahilində son sərnişinlərini aparmaq üçün gözləyən dəniz avtobuslarının “son, gedənlər qalmasın, sonuncu gəmi çıxır”, – səsləri, balıqçı təzgahlarından gələn “bunlar dərya quzularıdır, dadmayan qalmasın” sözləri ilə tamamlayır. Qızardılmış balıq iyi bütün dəniz sahilinə yayılır. Hər tərəf səs-küy, hamı günün son alış-verişini edir. Gün batarkən səmada yaratdığı qızartılar yavaş-yavaş çəkilməyə başlayır. Beləcə, ada növbəti gün batımını, növbəti axşamını yaşayır…

Möcüzəvi Rorayma və fərqli Raşmor dağı

0

Fərqli mənzərəyə malik dağlar

1.Raşmor dağı

ABŞ-ın “Raşmor dağı” adlanan abidəsi ölkənin 4 prezidentinə (Corc Vaşinqton, Avraam Linkoln, Tomas Ceferson və Teodor Ruzvelt) həsr olunmuşdur. Prezidentlərin dağ üzərində yerləşən fiqurları qranitdən hazırlanmışdır. Barelyefin hündürlüyü 18,6 metr təşkil edir.

Raşmor dağı

ABŞ-ın milli abidəsinin tikintisinə 1927-ci ildə başlanılıb. Layihə üzərində demək olar ki, 500-ə yaxın insan işləyib. Layihəyə heykəltəraş Qudzon Borqluma rəhbərlik edib.

Memorial, hazırlanması güman edilən və layihədə nəzərdə tutulan versiyadan bir qədər fərqlənir. Əvvəlcə, prezidentlərin heykəllərinin bir xətt boyunca eyni uzaqlıqda yerləşmələri planlaşdırılsa da, qayanın quruluşu bu planı gerçəkləşdirməyə imkan verməyib. Buna baxmayaraq, memorial yenə də ABŞ-ın milli abidəsi statusu alıb.

2.Rorayma dağı

Rorayma dağı Braziliya, Venesuela və Qayana Respublikalarının arasında yerləşir. Rorayma dağı Kanayma milli parkının bir hissəsi hesab olunur və YUNESKO-nun dünya mədəni irs abidələri sırasında yer alır. Dünyaca məşhur Anhel şəlaləsi məhz bu dağda yerləşir.

 

Rorayma dağı

Rorayma dağının ən hündür zirvəsi Maverik Rok adını daşıyır. Zirvə təxminən 2810 metr hündürlüyündədir. Dağ öz qeyri-adi görünüşü ilə hər kəsin diqqətini cəlb edir.  Dağ 400 metr hündürlüyündə olan dik qayalarla əhatə olunub.

Rorayma dağı

 

Səmada yerləşən park

0

Səmada yerləşən qeyri-adi park

Səmada yerləşən bu qeyri-adi konstruksiya Sinqapurun mərkəzində yerləşən 55 mərtəbəli “The Marina Bay Sands” otel kompleksinin 3 binasını birləşdirir.

Bu qeyri-adi parkın hazırlanması üçün dövlət büdcəsindən 5.5 milyard dollar dəyərində vəsait ayrılıb.

Sky Park – açıq səma altında yerləşən möhtəşəm əyləncə kompleksidir. Burada rahat və maraqlı istirahət üçün bütün imkanlar var.

Burada rahat və maraqlı istirahət üçün bütün imkanlar var. Parkda qonaqlar Sinqapur şəhərinə açılan gözəl mənzərə ilə diqqəti cəlb edən bir neçə hovuza, 6 restorana, dünyanın ən bahalı kazinosuna, buz meydançasına, ekzotik bitkilərin yetişdirildiyi bağa və müasir incəsənət muzeyinə rast gələ bilərlər.

Xarici turistlərin parka girişi pulsuz olsa da, yerli sakinlər üçün giriş biletinin qiyməti 70 dollar dəyərindədir.