Ev Blog Səhifə 426

Təyyarədən qorxanlara faydalı məsləhətlər

0

Təyyarədən qorxmaq lazım deyil.

Onsuzda Təyyarədə tək mən deyiləm.

Təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsi olsa da, onunla səyahət etməkdən qorxanlar var. Adətən ucuz bilet alıb, otel bron etdikdən sonra belə insanlarda gözlənilən uçuşa görə qorxu yaranır. Mütəxəssislər deyirlər ki, uçuş zamanı yaranan qorxu hissi normaldır, lakin bununla mübarizə aparmaq lazımdır. Çünki təlaş və panika sənə ciddi problem yarada, səyahətini korlaya bilər.

Bütün bunları nəzərə alıb, təyyarə səyahətindən qorxanlara faydalı məlumatlar toplamışıq. Bunları yadda saxlasan, təyyarə ilə səyahət sənin sevimli məşğuliyyətinə çevriləcək.

  1. Uçuşdan qorxursansa, təyyarənin hansı hissəsində oturacağını öncədən seç.
  2. Sənə pis təsir edəcəksə pəncərədən kənar əyləşməlisən.
  3. Yaranan hava boşluğundan (turbulent) qorxursansa, bu zaman təyyarənin sonunda oturman məsləhət deyil. Çünki təyyarənin bu hissəsi daha çox silkələnir.
  4. Qapalı məkan qorxun varsa, çıxışa yaxın yerdə əyləşməlisən. Təyyarədə oturacaq yerini online qeydiyyat zamanı və ya bilavasitə hava limanında qeydiyyatdan keçərkən seçə bilərsən.
  5. Səyahət zamanı rahat geyimlərdən istifadə etməyə çalış. Belə halda özünü evdəki kimi hiss edəcək, tez rahatlaya, yata biləcəksən.
  6. Uçuş zamanı sovurma, şüşə konfetlərdən istifadə etmək də olar. Bu sənin fikrini yayındıracaq və qorxu hissindən uzaqlaşdıracaq. Saqqız çeynəmək də köməyinə çata bilər (xüsusilə meyvəli saqqızlar). Alimlər bu faktı insanların stress zamanı uşaqlıq illərində yaşadıqları xoşbəxt və qayğısız anlarına qayıtma istəyi ilə izah edirlər ki, saqqız çeynəmək də şüuraltı bu işdə yardımçı ola bilir.
  7. Özünü pis fikirlərdən maksimum uzaqlaşdırmalısan. Fantaziyanı işə sal və qorxduğun vəziyyətin sonluğunu müsbət ssenari üzrə tamamla.
  8. Qorxu hissindən uzaqlaşıb, rahatlamağın daha bir üsulu dərin nəfəs almaqdır. Bu səbəbdən səni narahat edən bütün fikirləri uzaqlaşdırmaq üçün dərin nəfəs al. Dərin və sakit nəfəs alarkən rahatlama reaksiyası işə düşür və daha sonra orqanizmdə bir sıra dəyişikliklər əmələ gəlir. Ürək ritmi ləngiyir, əzələlər zəifləyir və s.
  9. Hündürlük qorxun varsa, uçuş zamanı tez-tez pəncərədən bayıra baxmağa çalış. Onda sən təyyarə göyə qalxarkən vəziyyətin sabit olduğunu görə, vəziyyətə bir növ nəzarət edə biləcəksən. Bu, qorxu və təlaş hissindən azad olub, özünü rahat hiss etməyə kömək edəcək.
  10. Uçuşa özünlə yumşaq oyuncaq və ya əlinə xoş gələn digər bir əşya götür. Əllərdə bir çox sinir sonluqları var ki, sən yumşaq və ya xoş bir predmet ilə təmasda olduqda fikirin yayınacaq və pis fikirlər haqqında düşünməyəcəksən.
Nəhayət, uçuşdan qorxanlar üçün ən vacib məsləhət: Müsbət dalğaya köklən, gözəl məqamlar haqqında düşün, vəssəlam!

Rəngarəngliyi ilə seçilən festivallar

0

Rəngarəng Festivallar

Festivallar mədəniyyətin inkişafında son dərəcə mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, yeni mədəniyyəti qiymətləndirməyin ən yaxşı üsulu həmin mədəniyyəti təmsil edən festivalların birində iştirak etməkdir. Dünyada bir çox festival növü var. Onların sırasında dini yaxud mövsümi festivallara da rast gəlinir.

ÇİN FESTİVALI

Festival hər il 5 yanvar-5 fevral tarixlərində keçirilir. Xarbin şəhəri Çinin şimal-şərqində yerləşir və Xeylunszyan əyalətinin paytaxt şəhəridir. Hər il bu şəhərdə qar və buz festivalı keçirilir. Festival ilk dəfə 1985-ci ildə keçirilib. İllər keçdikcə bu sadə festival çoxsaylı tədbirlərlə müşayiət olunan beynəlxalq səviyyəli festivala çevrildi. Festivalın əsas obyektləri isə buzdan hazırlanmış heykəllərdir. Axşam saatlarında heykəllər rəngbərəng işıqlarla işıqlandırılır.

Çin festivalı

BRAZİLİYA FESTİVALI     

Braziliya haqqında düşünən zaman sözsüz ki, ağla gələn ilk fikir möhtəşəm Rio-de-Janeyro karnavalıdır. Braziliyanın ən böyük bayramı hesab olunan karnavalda hər il on minlərlə turist iştirak edir. Festival zamanı sanki bütün şəhər canlanır: Diqqət cəlb edən geyimlər, Samba (məşhur Braziliya rəqsi) və musiqi al-əlvan rənglərdən və dərin emosiyalardan ibarət sehirli bir mühit yaradır. Karnaval şənliklərinə Braziliyanın hər bir guşəsində təsadüf olunur.

Rio festivalı

ROMA FESTİVALI

Yeni Orlean şəhərində hər zövqə uyğun çoxsaylı tədbirlər, o cümlədən, dünyaca məşhur “Mardi Gras” paradı keçirilir. Parad dünyanın ən böyük şousudur. Parad zamanı onlarla insan məşhurlar kimi geyinərək Yeni Orleanın və onun ətraf ərazilərinin küçələrində gəzişirlər. İlk dəfə karnaval 1856-cı ildə keçirilib. Onun mənşəyi isə qədim Roma imperiyası dövrünə gedib çıxır.

VENESİYA FESTİVALI

Karnaval böyük ehtimalla Venesiyanın ən məşhur bayramı hesab olunur. Karnaval zamanı şəhəri Yer kürəsinin bütün guşələrindən turistlər gəlir. Karnaval çərçivəsində rəqs gecələri, konsertlər, paradlar və digər maraqlı tədbirlər keçirilir. İlk dəfə Venesiya karnavalını 1162-ci ildə keçirməyə başlamışlar. Karnaval qısa müddət ərzində yerli sakinlər və xarici qonaqlar arasında məşhurluq qazandı. Karnavalın əsas tədbirləri Müqəddəs Mark meydanında keçirilir. Karnaval zamanı şəhərin küçələrində maraqlı geyim və maskalarda olan insanlara, eləcə də aktyor, akrobat və müğənnilərə rast gəlmək mümkündür.

Venesiya festivalı

FƏNƏRLƏR FESTİVALI

Fənərlər festivalı – qədim Çin ənənəsidir. Xan sülaləsinin (e.ə III əsrdə) hakimiyyəti illərindən başlayaraq Yeni il şənliklərini Fənərlər festivalı ilə yekunlaşdırırdılar. Fənərlər festivalı şən və rəngarəng bayramdır. Bu bayramda minlərlə insan bədr gecəsində yanan fənərlərlə küçəyə çıxırlar.

Fənərlər festivalı

Dostlar ölkəsi

0

Xəyali dostlar ölkəsi

Naqora kəndi

Naqoro kəndində 35 insan və 150 müqəvva “yaşayır“.

Naqora kəndi

Yapon xanım Tsakimi Ayano ilk müqəvvanı 13 il əvvəl düzəldib və bu məşğuliyyət onun çox xoşuna gəlib. Bu gün onun Sikoku adasında yerləşən doğma Naqoro kəndində artıq 150 müqəvva “yaşayır”.

Bu əsgi-üsgü yığınından ibarət “sakin“lərin hər biri Ayanoya köhnə qonşularını xatırladır: onlardan kimisi ölüb, kimisi işləmək üçün şəhərə gedib. Nə vaxtsa xeyli əhalisi olan Naqoroda indi cəmi 35 pensiyaçı qalıb – müqəvvalar yaşlı kəndlilərə özlərini tənha hiss etməməyə kömək edir…

Naqora kəndi

Bu, bütün Yaponiya üçün ağrılı məsələdir: əhali yaşlaşır, onun sayı ildən-ilə azalır, gənclər isə meqapolislərdə yaşamaq üçün kəndləri tərk edirlər…

O kənddən görüntülər.

AZAL TƏYYARƏLƏRİ TEXNİKİ YOXLAMALARDAN KEÇİRİLİB

0

AZALIN TƏYYARƏLƏRİ TƏMİRDƏ

Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən “Silk Way Technics” şirkəti. MDB ölkələri arasında ilk dəfə olaraq ən müasir Boeing 787-8 Dreamliner avialaynerində “C-Check” həcmində baza texniki xidməti yerinə yetirib.

Gezmeli.Az xəbər verir ki, “C-Check” baza texniki xidməti çərçivəsində ümumilikdə 1679 saat planlı işlərin və 174 saat isə plandankənar işlərin yerinə yetirilməsinə sərf olunub.

Qeyd edək ki, bu xidmət təyyarənin bütün sistemlərinin, avadanlıqlarının və strukturunun iş qabiliyyətinin yoxlanılmasına görədir. Nəticədə ən dəqiq və mürəkkəb yoxlama tiplərindən biridir.

AZAL YENİ TARİFLƏRİ AÇIQLAYIB

0

AZALIN YENİ TARİFLƏRİ

AZAL YENİ TARİFLƏRİNİ AÇIQLADI.

“Azərbaycan Hava Yolları” QSC saytdan və rəsmi agentlərdən aviabiletin alınması zamanı tətbiq olunan yeni tarifləri açıqlayıb.

Gezmeli.Az AZAL-ın rəsmi Facebook səhifəsində paylaşılan inforqrafikanı izləyicilərinə təqdim edir:

AZAL yeni tariflər
AZAL yeni tariflər

Venesiyada gəziləcək görüləcək yerlər

0
Venedik Körpü
Venedik Körpü

“Dənizlər kraliçası”, kanallar və körpülər şəhəri VENESİYA

VENESİYAYA ƏN UCUZ GETMƏNİN YOLLARI

Ömrümdə məndən bu qədər üzr və yol istəyən olmamışdı. Bu şəhərdə addımbaşı kiməsə yol vermək üçün kənara çəkilməli olursan. Yollar dar, turist çox… 118 adadan ibarət Vensiyadayıq…

İtaliyanın şimal-şərqində olan Venesiya mənim üçün dünyanın ən gözəl şəhərlərindəndir. Adına “Dənizlər kraliçası”, kanallar, körpülər şəhəri də deyilir. 170 kanalı, 400-ə yaxın körpüsü var. Venesiya o qədər gözəl, arzulanan şəhərdir ki, buraya gələ bildiyim üçün özümü həm şanslı, həm də nağıl qəhrəmanı kimi hiss edirdim. Yayı həm çox isti keçir, həm də turistlərlə dolub-daşır. Gözün qalır möhtəşəm saraylarda, binalarda bir də ayılırsan ki, kiminsə ayağını əzmisən. Deyirlər, şəhərdə 200-dən çox tarixi saray var.

Küçələrində gəzəndə qulağına uzaqdan, həzin meh kimi Vivaldinin 4 fəslinin (italyanca: Le quattro stagioni) sədası gəlir. Belə də olmalıdır, çünki Vivaldinin şəhəridir. Deyilənə görə o, Venesiyadakı kilsələrin birində 35 il musiqi dərsi verib. Görən bu 35 ildə nə qədər tələbəsi olub?  Düşünmədən edə bilmirsən.

VENESİYANIN GÖRÜLMƏSİ GƏRƏKƏN YERLƏRİ

San Marko meydanı
San Marko meydanı

Gəzib-görməli yerlərin başında San-Marko meydanı gəlir. Turistlərin qaynadığı, göyərçinlərin uçuşduğu gözəl bir məkandır. Məşhur “San Marko Bazilikası” da bu meydandadır. Yerlilər San Markonun Venesiyanın qoruyucusu olduğuna inanırlar. Sümüklərini İsgəndəriyyədən gətiriblər. Buradakı Bazilikanın içində saxlayırlar.

Getmişkən müqəddəs Mark kilsəsinə də baş çəkin (829-832; 1073-95 illərdə yenidən tikilib). Venesiyanın ən gözəl memarlıq abidəsi sayılır.

Görülməsi gərəkən daha bir yer də 170 kanalın ən böyüyüdür. “Böyük kanal” deyirlər. Üzərində 3 körpü var. Ən məşhuru “Riyalto”dur. Uzunluğu 3 km, eni 50 metrdir.

“Peggy Guggenhein” muzeyini də unutmayın. İçində möhtəşəm əsərlər var. Muzeyə, sənətə marağı olanlar mütləq gedib görsünlər.

Vaxtınız qalsa, Venesiyanın ətrafındakı adaları da görün. Bunların içində Murano, Burano, Tirçello çox gözəldir. Rəngarəng evlərin, kiçik kanalların və körpülərin olduğu bu qəsəbələrin sakinləri şüşədən bəzək əşyaları düzəldirlər. Şüşə emalatxanalarını ziyarət edə, əşyaların düzəldilməsini izləyə, istədiyiniz suveniri ala bilərsiniz.

YEMƏK-İÇMƏK NEÇƏYƏDİR?

Şəhərin dar küçələri pizza və pasta (spagetti) restoranları ilə doludur. Normal ölçülü pizza 6-10, spagetti isə 6-7 avrodan başlayır. Ən bahalısı dəniz məhsulları ilə olandır ki, 44 avro qiyməti var.

VENESİYAYA GETMƏK ÜÇÜN İDEAL FƏSİL HANSIDIR?

Səyahətçilər Venesiyaya getmənin ən yaxşı vaxtının yaz və payız olduğunu deyirlər. Xüsusən də mayı tövsiyyə edilər. Ancaq biz iyulda getmişdik. Çox isti, bürkü, ağcaqanadlı və basırıq idi. Ancaq bu, mənim arzusunda olduğum şəhərdən zövq almama mane olmadı.

Mən hansı mövsümün daha məsləhətli olduğunu gedib gələndən sonra bildim. Siz belə etməyin. Sentyabr-oktyabr aylarını da məsləhət görən səyyahlar var. Deyirlər, həmin aylarda turistlərin ayağı şəhərdən kəsilir, sakitçilik, huzur çökür. Qışı isə məsləhət görmürlər. Soyuq və yağışlı olduğunu deyirlər.

VENESİYA KARNAVALI NƏ ZAMANDIR?

Venesiya həm də karnavalı ilə məşhurdur. Karnaval fevral-mart aylarında keçirilir. Tarixlər dəyişə bilir (bizdəki dini bayramların vaxtının dəyişdiyi kimi). Getmək istəyən mütləq əvvəlcədən dəqiqləşdirməlidir. Karnaval zamanı küçələrdə dolaşmaq çox zövqlüdür. İnsanlar müxtəlif maraqlı geyimlərdə, maskalarda olurlar. Əminəm adam özünü filmin içində hiss edər.

HARDA QALMAQ DAHA UYĞUNDUR?

Venesiyanın mərkəzində otellər çox baha olur. Odur ki, getməzdən azı 1 ay öncədən bron etmənizi tövsiyə edirəm. Ya da, mərkəzdən bir az kənardakı “Mestre” bölgəsində qala bilərsiniz. Buradakı qiymətlər mərkəzdən ikiqat ucuzdur. “Mestre”dən mərkəzə “Water bus” (su avtobusları) ilə gəlmək olur. Qiymət isə 7-10 avro arası dəyişir.

Mərkəzdə isə adətən bahalı, günü 100-300 avrodan başlayan otellərdir. Əksəriyyəti saraylarda yerləşir. Düz kanalın dibində, mənzərəli yerlərdə. Təbii səyahətçidə nə gəzir o qədər pul?!

Biz şəhərdə cəmi 1 gecə, güc-bəla ilə tapdığımız 75 avroluq hosteldə qaldıq. Onda da mərkəzi gəzdik. Qalan günləri isə gecəsi 72 avroya, şəhərdən kənarda tapdığımız hosteldə qaldıq. Guya bu, ən ucuzu idi. Üstəlik, səhər yeməyi qiymətə daxil deyildi. Bunun üçün də adambaşına 6 avro ödəməli olduq. Çünki qaldığımız yerdə restoranlar saat 11-dən tez açılmırdı. Biz isə gəzməyə səhər tezdən başlayırdıq. Məcburiyyətdən otelin səhər yeməyini seçmişdik.

VENESİYADA HƏFTƏ SONU

Şəhərin abu-havası qaynardır. Addımbaşı kimsə səndən şəklini çəkməyi xahiş edir. Bir sözlə, turist əlindən tərpənmək olmur. Odur ki, venesiyalılar həftə sonu səs-küydən uzaq olmaq üçün şəhər kənarına gedirlər. Hosteldə tanış olduğumuz dostlar bizə də kənara çıxmağı məsləhət bildilər. Yığışıb yerlilərin həftə sonu dincəlmək üçün getdikləri Lido qəsəbəsinə yollandıq. Bura şəhərdən dəniz avtobusu ilə 90 dəqiqə uzaqlıqdadır. Çox gözəl bir yerdir. Adreatik dənizinin sahilində yerləşir. Gözəl olduğu qədər də bahalıdır. Ən ucuz otelin bir günü 80 avroyadır. Otel sahibləri qiymətlərin baha olmasını həftə sonu ilə əlaqələndirir. Sularla əhatələnmiş kiçik qəsəbə çimərlik mövsümü olduğu üçün gəlişli-gedişli idi.

SOYUQ VƏ DUZLU ADREATİK DƏNİZİ

Adreatik dənizi bizə görə bulanıq, suyu aşırı duzlu olsa da, buradakılar üçün adidir. Çimərliklər dolub-daşır. Suyun istiliyi də Xəzərə baxanda soyuqdur. Sahildə Banqladeşdən gələn səyyar satıcılar heç də bizim çimərlikdəkilərdən fərqlənmir. Nəsə almasan əl çəkən deyillər. Bu balaca qəsəbənin sakinləri üzdən çox xoşbəxt görünürlər. Axşamlar küçələrdə konsert olur, bəzən səhərə qədər davam edir. İnsanlar evlərinə getmədən gecəni küçələrdə musiqi dinləməklə keçirirlər.

VENESİYAYA NECƏ GEDƏK?

Venesiyaya getməyin ən asan və tez yolu təyyarədir. 1 ay öncədən almaqla Bakıdan Venesiyaya gediş-gəliş təxminən 550 avro civarındadır. Tbilisidən 330, Moskvadan 268, İstanbuldan isə 240 avroya getmək olar. Ya da, Gürcüstanın Kutaisi şəhərindən Milana təxminən 144 avroya gediş-gəliş ala bilərsiz. Milandan Venesiyaya hər saatbaşı qatar gedir. İçində wifi da var. Qiyməti isə getdiyiniz saatdan asılı olaraq 25-50 avro arası dəyişir.

Və yaxud, Avropanın hansısa bir başqa ölkəsindəsinizsə oradan da Venesiyaya qatarla rahat və ucuz gedə bilərsiniz. Biz Sloveniyadan getdik.

VENESİYAYA NECƏ GETDİK?

 

Əvvəlcə Lyublyana vağzalından Sloveniyanın Sejana şəhərinə yollandıq. Paytaxtdan qatarla 2 saatlıq məsafədədir. Qatar Sejana istiqamətində Sloveniyanın dənizsahili şəhərlərindən keçir. Yol meşə və dağların ətəyi ilə gedir. 2 saat necə keçir, bilmirsən. Nəhayət, Sejanaya çatdıq. Bu şəhərdə sənə elə gəlir ki, hamı bir-birini tanıyır. Harada yemək, qalmaq olar soruşanda hamı eyni ünvanı göstərir. Bir neçə saat şəhərdə dolaşdıq. Ta ki, bizi sərhəddən keçirəcək avtobus gələnədək. Biletin qiyməti 3 avrodur. Sərhəd deyəndə, Sloveniyadan İtaliyaya keçdiyini hiss eləmirsən. Fərqi yol kənarındakı yazılardan bilmək olar. Sloven dilini italyan dili əvəz edir, vəssəlam. Avtobusda 7-8 nəfər var. Onlar dayanacaqda slovencə, avtobusda italyanca danışırlar. Milliyətlərini soruşanda italyan deyirlər. Sadəcə başa salırlar ki, iç-içə yaşayış, pasportsuz gəliş-gediş mədəniyyətlərini, ləhcələrini oxşarlaşdırıb. Üstəlik, sloven dilini az-çox bilirlər. Onlar İtaliyanın sərhəd şəhəri Triestanın sakinləridir.

Dağların arasından keçən dolambac yollarla vağzala çatırıq. Buradan Venesiyaya 2 saat yol qalır. Bileti sürət qatarına aldıq. Cəmi 10 avroya. Adətən Avropa ölkələrinə təyyarə ilə getdiyimizdən sadəcə şəhər mərkəzindəki əhalinin yaşayışı ilə tanış ola bilirik. Bəs kəndlər, qəsəbələr?

AVROPALILAR NECƏ YAŞAYIR?

Doğurdanmı AZTV-də deyildiyi kimi aclıq və səfalət içindədilər? TV-yə inansaq, qiymətlər baha, insanların yaşayışı bərbaddır. Əslində isə belə deyil. Yol boyu İtaliyanın azı 40 qəsəbə və kəndindən keçdik. Qəsəbə sakinləri bizim dillə desən villalarda yaşayılar. Sarı, yaşıl, qırmızı evlərin önündə günəş çətirləri, hovuzlar, istirahət edən insanlar var. Kimi yerə xalı sərib piknik edir, kimi manqalda ət qızardır, kimi də nəvəsi ilə top oynayır. Bağda işləyənlər də az deyil. Ağac sulayan, tərəvəz becərən, ot biçənlər… Heç də tənbəl deyilmiş avropalılar…

Sürət qatarı saatda 90-la getməsəydi daha yaxşı təsvirlər vermək olardı. Pəncərədən göründüyü qədər nə aclıq, nə səfalət var idi.

2 saat sonra qatar bizi su və qurunun vəhdətindən yaranmış, körpülərinin altında qayıqların üzdüyü Venesiyaya gətirdi.

Bu da bizə adambaşına 20 avroya başa gəldi. Venesiyaya gedəsi olsanız oranın yayda həddindən artıq isti, restoranlarının, nəqliyyatının və otellərinin bizə görə baha olduğunu nəzərə alın. Şəhərin gözəlliyinə gəlincə, bəli şəkillərdə gördüyünüz, gedənlərdən eşitdiyiniz kimi möhtəşəmdir.

Hava limanında yeni taksi xidməti yaradılacaq

0

hava limanında taksi xidməti

Bakının hava limanında yeni taksi xidməti yaradılacaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli müsahibəsində bildirib ki, Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına yol infrastrukturu ilə bağlı təkliflər göndərilib.

V.Kərimli qeyd edib ki, qanunvericilikdə müəyyən boşluqlar, bəzi problemlər bu sahəyə tam nəzarət etməyə imkan vermir:

Vüsal Kərimli
Vüsal Kərimli

“Həyata keçirdiyimiz tədbirlər nəticəsində bu gün taksi minik avtomobilləri ilə sərnişindaşımada gediş haqqı çox ucuzlaşıb. Hazırda mərhələli şəkildə tədbirlər görülür. Taksi xidmətləri göstərən bəzi şəxslər var ki, onların nəinki qarajları, heç avtomobilləri də yoxdur. Həmin şəxslər sadəcə avtomobil sahibləri ilə müştəriləri əlaqələndirərək əldə olunan vəsaitdən müəyyən faiz götürürlər. Müvafiq qurumlara qarajı olmayan taksi xidmətlərinin ləğv edilməsi barədə müraciət etmişik”.

Onun sözlərinə görə, BNA, həmçinin Bakıda istehsal ili 10 ildən artıq olan avtomobillərin taksi kimi fəaliyyət göstərməməsini təklif edib:

“Lakin hazırda bu məsələyə nəzarət mexanizmi bizim səlahiyyətimizdə deyil. Bununla belə, bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti təşkil edəcəyik. Bununla bağlı işlər ilin sonuna qədər yekunlaşmalıdır. Artıq gələn ilin əvvəlindən həmin taksi xidməti fəaliyyətə başlayacaq. Bu, çox vacib bir yerdir. Şəhərimizə gələn qonaqlar pərakəndə taksi xidməti ilə qarşılaşmayacaqlar”.

XARİCİ TURİSTLƏR 1.3 MİLYARD DOLLAR XƏRCLƏYİB

0

Son illər ərzində turizm qeyri-neft sektoru arasında Azərbaycan iqtisadiyyatının şaxələndiriməsi istiqamətində aparıcı sahələrdən biri olub.

Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

Nazim Səmədov
Nazim Səmədov

N.Səmədov bildirib ki, dövlət başçısının turizm sahəsinə verdiyi dəstək, göstərdiyi diqqət və qayğı öz nəticəsini verib.

Nazir müavini deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 20 faiz artaraq 2 milyon 477 mindən artıq olub.

N.Səmədov bildirib ki, ölkəmizə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib. Azərbaycandan xaricə gedən turstlər isə 1.2 milyard dollar xərcləyib: “100 milyon dollar müsbət saldo yaranıb ki, bu da müsbət haldır”.

Bakıda yeni il həyəcanı

0

bakıda yeni il

Paytaxt əhli “Soyuq əllər isti ürəklərdə” yenə bir araya gəldi.

Avropaya bir neçə dəfə yolu düşənlər yaxşı bilir. Avropanın əksər paytaxtlarında Milad bayramında, yeni il günlərində mərkəzi hissə bu cür bəzədilir. Çal-çağır, canlı musiqi, isti qəlyanaltılar… Bunlar yarmarkaların “olmazsa olmaz”ıdır.

Bakının mərkəzində, Fəvvarələr meydanında qurulan 46 kiçik “ev” isə bizim yarmarkanın atributlarından biridir. Köşklərdə şəhər sakinlərinə və xarici qonaqlara suvenirlər, şirniyyat, ətriyyat, oyuncaqlar, yolka bəzəkləri təklif olunur.

Taxta “ev”lərin satıcıları isə piştaxtanın arxasından müştəriləri səsləməklə yanaşı, önə çıxaraq onlara öz məhsullarına baxmağa və almağa çağırırdılar.

Yarmarkada rəqs şoular keçirilir.

Tədbirin ən maraqlı hissəsi isə təbii ki, səhnədə baş verənlərdir.Diskoteka əhvalı hər gün yarmarkalarda davam edir. Və bu zaman gəncləri dayandırmaq qeyri-mümkündür. İkibir-üçbir gənclər ilginc rəqs hərəkətləri edərək, publikanın diqqətini çəkməyə çalışır və deyəsən, buna da nail olurlar.

Yarmarka keçirilən günlərdə satışa müxtəlif şirkətlərin məhsulları ilə yanaşı, ötən il ¬olduğu kimi, internat məktəblərinin yetirmələrinin hazırladığı məmulatlar da çıxarılıR. Burada toplanan vəsait xeyriyyə işlərinə sərf edilir. Müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərilir.

Yarmarka 2018-ci il yanvarın 15-dək davam edəcək.

Azərbaycanda ilk dəfə “ Çay, çəltik və sitrus meyvələri ” festivalı keçiriləcək

0

çay festivalı başlayır

Dekabrın 19-da Lənkəran şəhərində keçiriləcək “ Çay, çəltik və sitrus meyvələri ” festivalına hazırlıq işləri yekunlaşıb.

Festival Heydər Əliyev xatirə parkında təşkil olunacaq.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilib. Parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılıb.

Örtülü pavilyonlarda Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəsgahı təşkil ediləcək.

Tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətlidir. Yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov olacaq. Eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan “Ləvəngi”dən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.

Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, musiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdiriləcək.
Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.