Ev Blog Səhifə 425

Dünyanin ən fərqli restoranları

0

Dəyişik restoranlar

1. Kayabuki restoranı

Yaponiyanın paytaxtı Tokioda Kayabuki restoranı fəaliyyət göstərir. Restoran müştəriləri yalnız yeməklə deyil həm də qəribə işçiləri ilə cəlb edib. Belə ki, restoranın ofisiantları 16 yaşlı Yat-çan adlı və Fuku-çan adlı meymunlardır. Onlar həm müştərilərə yemək aparır, həm də əllərini yumaq üçün dəsmal aparırlar. Meymunlar parik, maska və xüsusi geyimlər geyinirlər.

Kayabuki restoranı

Restoranın sahibi Kaoru Oçuka deyir ki, onun sevimli meymunu Yat-çan sahibinin hərəkətlərini eynilə təkrarlamağa başlayıb. Bu da ona ideya verib ki, meymunlardan ofisiant kimi istifadə etsin. Qonaqlar deyirlər ki, meymunlar onlara yaxşı xidmət göstərirlər və gətirilən içkiləri, yeməkləri dəyişik salmırlar.

Xatırladaq ki, heyvan hüquqları haqqında qanuna görə meymunlar gündə iki saatdan çox olmayaraq işləyə bilərlər.

2. Boos Beach Club restoranı

Meşəlikdəki “BOOS Beach Club” restoranı Lüksemburqda məşhur istirahət məkanıdır.

Boos Beach Club restoranı

Restoranın rekonstruksiya layihəsinin müəllifi “Metaform architects” bürosudur.

3. Hospital restoranı

Latviyanın paytaxtı Riqada maraqlı bir restoran fəaliyyət göstərir. Restoran tamamilə xəstəxana kimi dizayn olunub. “Hospitalis Restorans” adlı bu məkanda tibb bacısı kimi geyinmiş ofisiant qızlar xidmət göstərir.

Hospital Restoranı
Hospital Restoranı

4. İthaa restoranı

Bu restoranlardan biri Maldiv adalarında yerləşən  İthaa restoranıdır. Bu restoranın  fərqli cəhəti ondan ibarətdir ki  dəniz sularının altinda yerləşir. Suyun altında yerləşən bu restoran öz reseptləri ilə həmişə müştərilərini razı salır. Ona görədə bu restoran  dünyanın ən yaxşı restoranı seçilib.

İthaa restoranı

5. Berggasthaus Aescher-Wildkrecihli restoranı

Bu restoran  İsveçredə yerləşir. 170 yaşında olan bu dağ mənzərəli restoran ləziz yeməkləri ilə hər kəsi heyran edir. Dağ üzərində möhtəşəm görüntüsü var.

Berggasthaus Aescher -Wildkricihli

6. Dinner in the sky restoranı

Belçikadakı göyüzü restoranı özəl kran vasitəsilə yerdən 55 metr yüksəkliyə qaldırılan masa ətrafında yemək imkanı verir. Göyüzünə qaldırılan masa ətrafında 22 adam əyləşə bilər. Qonaqlar ətrafı seyr edir. Masanın ortasında ofisiant və aşbazlar xidmət edir.

Parisin xəzinəsi – Luvr muzeyi

0

KƏNARDAN BAXANDA KİÇİK ŞÜŞƏLİ PİRAMİDA, İÇİNDƏ İSƏ TAM BİR XƏZİNƏ OLAN LUVR MUZEYİ paris

Bu dəfə sənə hər hansı ölkə və ya şəhərdən yazmayacam. Muzeydi mövzumuz. Dünyanın ən məşhur muzeylərindən biri olan – Luvr haqqında oxu.

Parisin xəzinəsi – Luvr muzeyi

Adətən muzey deyəndə, ağlına biletini alıb bir neçə saata hər yerini gəzib bitirə biləcəyin yer gəlir. Ancaq bu muzey fərqlidir. Nəinki bir neçə saat, heç bir gün də sənə muzeyin hər tərəfini gəzib bitirməyə yetməz. Söhbət dünyanın ən məşhur və böyüklüyünə görə üçüncü ən böyük muzeyi olan Luvrdan gedir.

Parisə gedən heç bir turist bu muzeyə baxmadan ölkəsinə qayıtmır desəm yalan olmaz. Təbii vaxtın çoxdursa, yoxsa 1-2 saatla olan iş deyil. Muzey Parisin mərkəzində, Sena çayının sahilində yerləşir. Bura fransızlar Musée du Louvre deyirlər. Daha çox rəsm muzeyi kimi tanınır. Muzeydə 58 470 ekspozisiya saxlanır.

Bilet 12 avrodur. Qarşısında daim növbədir (təxminən 100-200 nəfərlik). Elə ki növbən çatdı və şüşəli piramidadan içəri keçdin bu dəfə də bilet növbəsinə dayanmalı olursan. Bu növbədə də az insan olmur. Azı 70-80 nəfər. İnsanları əziyyətə salmamaq üçün növbəni iki yerə bölüblər. Bileti nağd pulla almaq istəyənlərin və elektron satın almaq istəyənlərin kassası ayrıdır. Nağd pulla almaq istəyənlərin növbəsi daha uzundur. Getmək istəsən bunu nəzərə alaraq, bank kartını yanında götür. Yoxsa 1 saata qədər gözləməli olacaqsan.

Biletini almısansa, bu dəfə də birinci hansı hissəni gəzmək istədiyinə qərar verməlisən. Yaxşı olar ki, vaxt itirməmək üçün sən buna muzeyə gəlməzdən öncə qərar verəsən. Biz Sally adlanan bölümdən başlamağa qərar verdik. Məşhur Mona Liza portretinin də olduğu bu bölüm yadımda daha çox rəsm əsərləri ilə qaldı. Ümumiyyətlə, bu muzeydə hər şeyə rast gəlmək mümkündür. Buna görə çoxları buranı universal muzey də adlandırır. Böyük coğrafi və tarixi nümunələr – Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinə qədər hər şey var.

Eksponatlar yetərincə çoxdur. Onlardan ən məşhurları Hamurappinin qanunlarının siyahısı, Milisli Venera, Nika Samofraki, Cakonda (Mona Liza) da daxil olmaqla Leonardo da Vinçinin digər maraqlı rəsmləri, Rembrant, Tisianın rəsm əsərləri və s. Bu əsərlərə yaxınlaşdığını uzaqdan hiss edirsən. Çünki qarşılarında gün boyu 100-200 nəfər növbədə durur.

Misir ehyamlarından tutmuş mumiyaya, İslam tarixindən tutmuş türk xalçalarına qədər hər şey var. Muzey o qədər böyükdür ki, bəzən bölümləri səhv sala bilirsən. Bu zaman da köməyinə muzey bələdçiləri çatır. Bizim muzeylərdən fərqli olaraq onlar heç nəyi izah etmirlər. Çünki hər şey eksponatların üzərində yazılıb.

Luvrun əsas hissəsi yerin altındakı qaladır. Böyük Luvr qalası. 1190-cı ildə kral Filipp Avqust tərəfindən inşa edilib.

1528-ci ildə I Fransiskonun əmri ilə uçurulub, yerində 1546- cı ildən etibarən yeni və möhtəşəm bir qala tikilib.
Muzeyin qapıları ilk dəfə 8 noyabr 1793-cü ildə adi vətəndaşlar və ümumi xalq üçün açıq elan edilib. Bu hadisə Fransada İnqilab baş verən dövrü əhatə edir. 1989-cu ildə sarayın mərkəzinə şüşədən hazırlanmış piramida qoyulub, bunu hazırlayan isə amerikan memarı Bey Yuymin olub.
Hər dəqiqə kassada bilet növbəsidir. Bəlkə də hər saat bura 300-500 nəfər insan gəlir. Hətta məhz Luvru görmək üçün Parisə gələn turistlər də var. Kənardan baxanda kiçik şüşəli piramida, içində isə tam bir xəzinə olan Luvr muzeyi…

Azadlığın şəhəri möhtəşəm Amsterdam

0

ÜÇBUCAQ DAMLI, QIRMIZI KƏRPİCLİ EVLƏR, AĞ PƏNCƏRƏLƏR, EVLƏRİN ARASI İLƏ GEDƏN TRAMVAY YOLLARI, YOL KƏNARLARINDAKI KANALLAR, KÖRPÜLƏR… BİR SÖZLƏ, GÖZƏLLİK

Hollandiyanın paytaxtı  möhtəşəm Amsterdam şəhəri

Baxırsan ki, şəhərdə həm çoxlu insan var, həm də dəhşət sakitlikdir. Tələsən insanlar küçədə bir-birlərinə dəyib, üzr istəyirlər. Yəni, o qədər basabasdı. Həm kalabalık, həm sakitlik… İkisi birlikdə mümkün deyil əslində. Bax, belə qeyri-adi şəhərdir Amsterdam.

Dünyanın ən çox turist cəlb edən şəhərlərindəndir. Başdan-ayağa yaşıllıqdır. Kanallarla əhatələnib. Elə kanallar şəhəri də deyirlər arada. 1500-dən çox körpüsü var. Bəzi səyyahların qeydlərində ikinci Venesiya kimi keçir adı…

HƏRƏNİN BİR AD QOYDUĞU ŞƏHƏR

Bütün gözəllikləri yaraşdırıblar Amsterdama. Ancaq adı həm də narkotik satışının, eynicinslilərin evliliyinin, fahişəliyin leqal olduğu bir ölkənin paytaxtı kimi çıxıb.

Bəzən ürəkli “mən Amsterdama gedəcəm”, – deyə bilmirsən. Düzdür, səni topa tutmurlar. Ancaq dodaqlarının altında gülüş peyda olur. Ardından “ehtiyatlı ol, adı üstündə, Amsterdam. Özündən muğayat ol” – kimi yersiz məsləhətlər verirlər. Qayıdanda da həmin məsləhətləri “küçələrdə oğlanlar öpüşürdü”, “narkotikin dadına baxdın”, “yəqin çoxlu lezbiyan gördün”, “bəs, Qırmızı Fənərlər Küçəsində oldun?” –  kimi suallar əvəz edir.

QIRMIZI FƏNƏRLƏR KÜÇƏSİ – HƏYATIN DİGƏR ÜZÜ…

Bəli, Qırmızı Fənərlər Küçəsində (Red Light District) oldum. Başqa küçələrindən fərqlənmir heç. Eyni gözəllikdədir. İş yerlərinin, ləziz restoranların, yaşayış evlərinin olduğu küçə axşamlar çoxlu sayda insanın gəzib-dolaşdığı Qırmızı Fənərlər Küçəsinə çevrilir.

Qırmızı Fənərlər Küçəsindəki kiçik otaqlarda müştərilərinə xidmət göstərən qadınlar haqqında bu yaxınlarda bir kitabda da oxudum. Müəllif onları ”darıxan pişik”lərə bənzədirdi. Necə də yerində bənzətmədir. Bu ifadə niyə mənim ağlıma gəlməyib?

Ən maraqlısı da küçələrdə insanlarən ailəsi, övladları ilə dolaşmasıdır. Yəni, heç də insanların yolu düşsə belə yolunu dəyişib, uzaq durduğu bir məkan deyil. Əksinə, hollandiyalılar ailələri ilə rahat dolaşa bildikləri bu küçənin həyatın digər üzü olduğunu deyirlər. Gələn turistlər kiçik şüşəli qapıların arxasındakı qadınları seyr edir, kimi suvenir mağazalarından hədiyyələr alır, eyni zamanda, ikinci mərtəbədə bir uşaq ağlayır. Anası onu sakitləşdirmək üçün su uzadır. Başqa bir evin pəncərəsinə televizorun mavi işığı düşür… ”Qırmızı Fənərlər küçəsi”ndə həyat davam edir…

NİYƏ AZADLIĞIN ŞƏHƏRİ?

Tarixdən balıqçı şəhəri kimi qurulduğu deyilir. Əsrlər boyu bir xeyli olaylara səhnə olub. Amsterdama dünya müharibələrinin təsiri böyük olub. Deyilənlərə görə sonralar müxtəlif ölkələrdən gələn insanların hesabına yenidən toparlanıb. Bu gün dünyanın ən yaşanılacaq şəhərlərindən biridir.

Adına azadlığın şəhəri də deyilir. Bunun da səbəbi var:

  1. ”Qırmızı Fənərlər Küçəsi” ətrafındakı əyləncəli gecə həyatı;
  2. ”Coffeeshops” adı verilən yerlərdə yüngül narkotik maddələrin istifadəsinin sərbəst olması

Şəhər mərkəzindəki Dam Meydanı, Qırmızı Fənərlər Küçəsi (Red Light District), gül bazarı (hər cür gül toxumu və məşhur holland laləsinin soğanları satılır), Van Qoq Muzeyi, Kanal gəzintisi… Hamısı şəhanə idi.

Bir sözlə, həyəcan, çılğın gülüş səsləri, eyni zamanda sakitlik və hüzur. Belə yadımda qaldı Amsterdam.

NECƏ GEDƏK?

Amsterdama müxtəlif yollarla getmək olur. Bakıdan birbaşa da getmək olar. Tiflisə gedib, ordan İstanbula, İstanbuldan da Amsterdama uça bilərsən. Mən belə etmişdim. Burdan 12,5 manat verib Tiflisə, Tiflisdən Pegasusla 50 avroya İstanbula, İstanbuldan (Türk Hava Yolları ilə. Bileti 42 avroya almışdım) Amsterdama. Uzun görünə bilər. Səyahətçiyə zövqdür. Əsas məsələ ucuz başa gəlməyidir.

Təxminən 104 avro. Əslində daha ucuzunu da tapmaq olar.

 HARADA QALAQ?

Əgər bir həftəlik gedirsənsə, azı 600 avronu gözdən çıxar. Amsterdam heç də ucuz şəhər deyil. Orta statistik azərbaycanlıya baha gələ bilər. Ən çox pul mehmanxanaya çıxır. Əgər daha ucuz alternativlər seçsən, 1 həftəyə 500 avro da xərcləyə bilərsən. Məsələn, hostellərdə və ya şəhər mərkəzindən kənardakı otellərdə qalmaqla. Onsuz da nəqliyyat sistemi o qədər gözəl qurulub ki, kənardan mərkəzə gəlməkdə çətinlik çəkməyəcəksən.

HOLLAND PENDİRİ VƏ HEİNEKEN

O ki qaldı, nə yeyib-içməyə. Hollandiyanın məşhur pivəsi Heinekenin dadına baxa bilərsən. Heineken demişkən, pivə sevənsənsə, Pivə Muzeyinə getməyi də unutma. Səhv xatırlamıramsa giriş 12 avrodur. Biletə həm də bir dənə pivə düşür. Məşhur holland pendirindən mütləq ye. Şərt deyil pul verib alasan. Pendir mağazalarında pulsuz dadına baxa bilərsən.

Bu zaman əmin olacaqsan ki, Bakıda holland pendiri adı ilə satılan nəsə başqa daddır. Ancaq 100 faiz holland pendiri deyil. Məşhur milli yeməklərinə rast gəlmədim. Amma şəhərdə dadlı ət bişirən Steakhouse-lar və qəşəng italyan, türk restoranları var. Ən yaxşısı və ucuzu isə marketdən alış-veriş etməkdir.

Necə deyərlər, səyahətini ucuz və ya bahalı etmək öz əlindədir. Seçim sənin…

İstanbulun üçüncü hava limanında sınaq uçuşlarının vaxtı açıqlanıb

0

2018-ci il fevralın sonunda İstanbulun üçüncü hava limanında sınaq uçuşlarına başlanacaq.

İstanbulun üçüncü hava limanında sınaq uçuşlarının vaxtı açıqlanıb

Gezmeli.az-ın Trend-ə istinadən məlumatına görə, sınaq uçuşlarının başlaması ilə əlaqədar mərasimdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş naziri Binəli Yıldırım iştirak edəcəklər.

Bundan başqa, fevralda aeroportda 30 min avtomobili qəbul edəcək avtodayanacağın tikintisi başa çatacaq.

Qeyd edək ki, üçüncü aeroport İstanbulun şimalında, Terkos gölü rayonunda inşa olunur. İlkin olaraq hava limanı ildə 90 milyon sərnişinə xidmət edəcək.

 

Ayın ən yaxşı səyahət fotoları – GUARDIAN’ın siyahısı

0

“Guardian”-ın bu ayın ən yaxşı səyahət fotoları müsabiqəsi üçün seçilən heyrətamiz mənzərəli fotoları təqdim edirik!

 

Michael Truman

“Venesiyada bu suda üzən dayanacağın yansımasını pəncərə şüşəsində çəkən zaman qapının astanasında iki yerli peyda oldu. Mən özüm də daxil olmaqla digər turistləri bura cəlb edən mənzərələrə onların necə biganə yanaşmasına mat qalmışdım”.

Amon Shaw

“Lake District”-də yerləşən “Blencathra” dağı, göyqurşağı rənglərini yaradan buz mavisini və qürub çəhrayisini göstərmək üçün tam vaxtında çəkilib!

Goran Erfani

Payız günəşi, Şimali Yorkshireda 320 metrlik “Roseberry Topping” təpəsinə qızıl parıltı verir.

Richard Moore

Kenyada Somali icmasını çəkdikdən sonra Tanzaniya ilə sərhəddə yerləşən Maasai kəndini ziyarət etdim. Bu portretdə anasının evində oturan Maasai döyüşçüsü Yozefdir. Ənənəvi materiallar ilə (mal-qara peyini) tikilmiş evin içərisi zil qaranlıq idi, amma divarın ortasındakı balaca pəncərə bu foto üçün əla təbii işıq yaratmışdı. Bu portreti çəkmək üçün onu razı salmaq çox vaxtımı aldı, razı salandan sonra isə fikrini dəyişməmiş sadecə bir neçə saniyəm var idi.

Laura O’Brien

Keralada (cənubi Hindistan) Kollam çimərliyi boyu gəzəndə, ala-qaranlıqda hələ də müştəri axtaran yalnız dondurma satıcısını gördüm. Gün işığı itdikcə balaca butkasındakı işıq daha da gurlaşırdı, amma heç kim dondurma almadı.

George Turnbull

Dholpulda, Rajasthanda (qərbi Hindistan) olarkən səhər erkən oyandım ki, küçələri gəzmərək foto çəkə bilim və yerli marşrut sərnişininin bu şəklini çəkməyə müvəffəq oldum. Məncə səhər tezdən durmağıma dəyərdi.

Nicol Nicolson, ikinci yer

Mumbai’ın uzanan şəhər ətrafı ərazilərinin tam görüntüsü ən yaxşı küçə səviyyəsində qiymətləndirilir. Lakin, hətta nəqliyyatda da şəhərin rəngini və miqyasını hiss edə bilərsiniz, eynilə bu sentyabr ayında beynəlxalq hava limanına enmə zolağından çəkilən, şəhərin yoxsullar yaşayan hissəsi sayılan Dharavinin görüntüsü kimi.

Arvind Jayashankar, qalib

Çox saylı vulkan üzərində yerləşən Vatnajökull buzlağındakı buz mağaralarından bizinə sürmək üçün yolsuzluq avtomobili icarəyə götürdük. Bu mağaralar buzlağın düz altında yerləşir. Baş gicəlləndiricidir! Bu İslandiya (buz ölkəsi) planetidir.

Yeni ili tətilini harada keçirmək istəyirsiniz?

0

YENİ İLİ NECƏ və harda KEÇİRƏK?

Yeni il tətili yaxınlaşır. Kimi bu tətili Azərbaycanın bölgələrində, kimi evində, kimi də xaricdə keçirməyi planlaşdırır. Yeni ili harada qarşılayacağına qərar verməyənlər də var. Hər il olduğu kimi bu il də onlara yardımçı olmaq üçün həm Azərbaycanın bölgələrindəki, həm də xaricdəki qiymətləri hesablamışıq.

Gotravel.az” otel axtarış saytı göstərir ki, 29 dekabr və 3 yanvar (rəsmi tətil günləri) tarixlərində Qəbələdə ən ucuz mehmanxananın 5 gecəsi 434 manatadır. Qiymətə səhər yeməyi daxil deyil. Qubada isə həmin tarixlərə ən ucuz mehmanxananın 5 gecəsi 720 manatadır. Burada da qiymətə səhər yeməyi daxil deyil. 29 dekabr – 3 yanvar tətilini Qusarda keçirmək istəsəniz 800 manatı gözdən çıxarmalısınız. Bu qiymətə səhər yeməyi daxil deyil, sadəcə gecələmək mümkündür. Lənkəranın qiymətləri digərlərinə baxanda ucuzdur. 5 günlük tətili buradakı mehmanxanalarda 176-250 manat arasıdır. Bəzi mehmanxanalarda qiymətə səhər yeməyi də daxildir. Tətili Qaxda keçirmək istəsəniz, mehmanxanaya 310 manat ödəməli olacaqsınız. Qiymətə səhər yeməyi daxil deyil.

Bəs xaricdə?

Xarici ölkələrə gəlincə, azərbaycanlılar yeni ili daha çox Dubay, Tbilisi və Moskvada keçirməyi sevirlər. Avropa ölkələrindənsə, Fransa, İtaliya, Hollandiya və Çexiyanın qiymətlərini hesablamışıq.

Dubay, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Hava Yolları ilə (AZAL) 29 dekabr – 3 yanvara olan Bakı-Dubay-Bakı uçuşunun qiyməti 606 manatdır. Bu, həmin tarixlərin ən ucuz reysidir.
Eyni tarixdə həmin uçuşu “Flydubai” Tbilisi hava limanından 540 manata həyata keçirir. O ki qaldı harada qalacağınıza, Dubayın şəhər mərkəzinə 10 km-lik məsafədə olan ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 750 manatdır. Ən aşağı uçuş və mehmanxana qiymətilə birgə 1290 manat edir.

Tbilisi, Gürcüstan

Tbilisidə yen il
Tbilisidə yen il
Bakıdan Tbilisiyə avtobus, qatar və təyyarə ilə gedə bilərsiz. Avtobusla gedib-gəlmək 25, qatarla 72 manata başa gələcək. Yeni il ərəfəsində Tbilisiyə ən ucuz təyyarə biletini “Qatar Airways” təklif edir: gediş-gəliş 434 manata.
Tbilisidə qala biləcəyiniz ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəsi 133 manatadır. Aşağı qiymətlə (avtobusla gediş) hesablansa, cəmi 223 manat edir. Beləliklə, yeni ili Tbilisidə qarşılamaq sizə 158 manata başa gələcək.

Moskva, Rusiya

Tbilisidə yen il
Moskvada yen il
Bakıdan Moskvaya həm qatar, həm də təyyarə ilə gedə bilərsiz. Qatarla gediş-gəliş təxminən 367 manata başa gəlir. 29 dekabr – 3 yanvar tarixlərində Bakıdan Moskvaya ən ucuz gediş-gəlişi “Aeroflot” təklif edir – 654 manata. AZAL-ın həmin reysinin qiyməti isə 1243 manatadır.
Rusiyanın “Aeroflot” Şirkətlər Qrupuna daxil olan “Pobeda” (lou coster) aviaşirkətinin həmin tarixlərə olan Tbilisi- Moskva-Tbilisi reysinin qiyməti isə 483 manatadır. Yeni il ərəfəsində Moskvanın şəhər mərkəzinə yaxın ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 158 manatdır. Qiymətə səhər yeməyi də daxildir. Deməli, ən ucuz qiymətlərlə hesablasaq, yeni ili Moskvada keçirmək sizə 641 manata başa gələcək.

Paris, Fransa

Parisdə yen il
Parisdə yen il
29 dekabr – 3 yanvar tarixlərində ən ucuz Bakı-Paris-Bakı uçuşunu “Qatar Airways” həyata keçirir – 1224 manata.
Həmin tarixlərə ən ucuz Tbilisi-Paris-Tbilisi uçuşu Ukrayna Hava Yolları təklif edir – 690 manata. Yeni il ərəfəsində Parisin ən ucuz 3 ulduzlu mehmanxanasının 5 gecəlik qiyməti 557 manatadır. Beləliklə, Parisdə 5 günlük yeni il tətili Bakı uçuşu ilə 1781, Tbilisidən uçmaqla 1247 manat edir.

Roma, İtaliya

Romada yen il
Romada yen il
29 dekabr – 3 yanvarda ən ucuz Bakı-Roma-Bakı uçuşunu da “Qatar Airways” təklif edir. Təxminən 1100 manata. Milli hava yolları olan AZAL Bakıdan Romaya uçuş təşkil etmir. Ancaq Türk Hava Yollarının (THY) 29 dekabr- 3 yanvar Bakı-Roma-Bakı reysi var. Qiymət isə 1373 manatdır.
Eyni uçuş Tbilisi Hava Limanından Türk Hava Yolları ilə 717 manatdır.
Romada ən uyğun 2 ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 376 manatdır. Ən aşağı qiymətlə yeni ili Romada qarşılamaq sizə Bakıdan uçuşla 1476, Tbilisidən uçuşla 1093 manata başa gələcək.

Praqa, Çexiya Respublikası

Çexiyada yen il
Çexiyada yen il
29 dekabr – 3 yanvar tarixlərində ən ucuz Bakı-Praqa-Bakı reysinin qiyməti 1133 manatadır. Uçuşu “Lufthansa” Hava Yolları şirkəti təşkil edir. “Georgian Airways”in həmin tarixlərə olan Tbilisi-Praqa-Tbilisi reysinin qiyməti isə 822 manatdır.

Amsterdam, Hollandiya

Hollandiyada yeni il
Hollandiyada yeni il
29 dekabr – 3 yanvar tarixlərində ən ucuz Bakı -Amsterdam-Bakı reysini də “Lufthansa” Hava Yolları şirkəti təklif edir – 1091 manata. Həmin tarixlərə ən ucuz Tbilisi-Amsterdam-Tbilisi uçuşunun qiyməti isə 625 manatadır. Uçuşu Türk Hava Yolları həyata keçirir. Məlum tarixlərə Amsterdamın mərkəzə yaxın, ən ucuz mehmanxanasının 5 gecəsi 600 manatdır.
Beləliklə, yeni ili Amsterdamda qarşılamaq sizə Bakıdan uçuşla 1691, Tbilisidən getməklə isə 1225 manata başa gələcək.
Bu saydığımız yerlər ən məşhur yeni il şənliklərinin keçirildiyi şəhərlər idi. Adları çox çəkilməyən, ancaq yeni il üçün sərfəli olan yerlər də var. Gürcüstanın Kutaisi şəhərindən “WizzAir” hava şirkəti müxtəlif Avropa şəhərlərinə uçuşlar təşkil edir. Kutaisidən olan uçuşların qiyməti isə bir istiqamətə təxminən 40 -250 manat arası dəyişir.
Tətil cibə uyğundurmu?
Dövlət Statistika Komitəsinin ən son açıqladığı məlumata əsasən, Azərbaycanda orta aylıq əmək haqqı 525,4 manatdır. Rəqəmlərdən görünür ki, orta statistik azərbaycanlının yeni ili keçirmək üçün gücünün çatdığı xarici ölkə Gürcüstandır. Azərbaycan bölgələrindən isə Lənkəran və Qax ucuzdur. Gürcüstanın paytaxtı Tbilisi Azərbaycan bölgələrinə baxanda, orta statistik azərbaycanlının büdcəsinə daha uyğundur. Yay tətili ilə müqayisədə nə orta aylıq əmək haqqında, nə də bölgələrdəki qiymətlərdə kəskin artım var. Bununla belə, indiki orta aylıq əmək haqqı ilə xarici ölkələrdə yeni il keçirmək istəyənlər gərək indidən gələn il üçün pul yığsın.

Dünyanın ən bahalı təyyarə aviabiletləri

0

HARDAN HARA, NEÇƏYƏ?

BAHALI AVİABİLET

Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Etihad Airways” aviaşirkəti satışa dünyada ən bahalı təyyarə biletlərini çıxarıb.

“Daily Mail” qəzeti xəbər verir ki, aviabiletin qiyməti 80,5 min dollardır.

Bu biletlə “Etihad Airways”lə Londondan Melburna uçmaq olacaq. Bileti alan təyyarədə 3 otaqlı VİP nömrə ilə təciz olunacaq. Nömrə yataq, qonaq və hamam (vanna) otaqlarından ibarətdir. Yataq otağında ikinəfərlik çarpayı var və bu hava nəqliyyatı uçuşlarında yenilik hesab edilir. Həmçinin apartamentlərdə 2 televizor, şəxsi qulluqçu və aşpaz var.

Daha əvvəl dünyada ən bahalı aviabilet 75,9 min dollar olub. Bu biletlə Nyu-Yorkdan Mumbai şəhərinə uçmaq olar.

Okeanın tən ortasındakı gözəllik…

0

GÖZƏLLİK BUDUR

OKEAN

“Amerika ilə Avropa arasında, okeanın tən ortasında Portuqaliyaya məxsus Azor adaları. Nə bir əyləncə gördüm, nə bir hay-haray…

İdeal sakit, gözəl təbiətli bir məkan! Delfin, balinaların miqrasiya yolu da düz bu adaların həndəvərindən keçir.

Bu arxipelaqın San-Migel adasında oldum. Cəmi 137 min əhalisi var. 1493-cü ildə Xristofor Kolumbun özü Amerikadan qayıdanbaş ayaqüstü bu adaya da dəymişdi.

Adada demək olar ki, bütün göllər sönmüş vulkan kraterlərində yaranıb. Başdan-ayağa qortenziya gülləri ilə dolu idi. Özü də rəngbərəngindən…

Çox uzaqdı deyə turistləri cəlb etmək üçün hər şey də ucuz. Qaldığım hər bir şəraitli otelin qiyməti təqribən 120-130 AZN (səhər yeməyi daxil). Yolunuz düşsə ayaqüstü siz də dəyin.

Rusiyanın 5 sakini olan ən gözəl kəndi Kinerma

0

VUR-TUT, 10-15 EV, BİR KİLSƏ, BİR DƏ HAMAM VAR

Kinerma kəndi

Rusiyanın şimalındakı Kinerma adlı qədim kəndə o qədər turist gəlir ki, kənd sakinləri onları qarşılayıb yerbəyer etməkdə aciz qalıblar. Buradakı yüzillik tarixə malik evlərə tamaşa etmək istəyənlər həmişə çox olub. Lakin ötən ilin yayında Kinerma “Rusiya Federasiyasınınən gözəl kəndi” adı aldıqdan sonra bu istəkdə olan insanların sayı xeyli artıb.

BU KƏNDƏ GƏLƏN MİNLƏRLƏ TURİSTİ 5 NƏFƏR QARŞILAYIR

Kareliyada yerləşən bu kənddə, vur-tut, 10-15 ev, bir kilsə, bir də hamam var. Sakinlərin sayı bundan da azdır – cəmi 5 nəfər. Bunlardan biri kəndin ağsaqqalı – 84 yaşlı İvan Yershov-dur. Digər dörd nəfərsə Kalmıkovlar ailəsinin üzvləridir. Sakinlərin sayı bir əlin barmaqları qədər olsa da, buranı görməyə gələnlərin sayı minlərlədir. Özü də Yaponiyadan tutmuş, Amerikayadək dünyanın ən müxtəlif ölkələrindən.

İnna və Aleksey adlı turistlər bu kəndi ilk dəfə görüb heyran qalanlardandır:

“Biz Moskva vilayətinin cənubundan gəlmişik. Şimalda insanların necə yaşadığını, dondurucu soyuqda necə ömür sürdüyünü öyrənməyə, burdakı evləri görməyə gəlmişik”.

“ÇAĞRILMAYAN QONAQLAR” DA VAR

Kəndin digər qonaqları kimi, onlar da səfərlərindən razıdırlar. Kalmıkovlar ailəsinin böyüyü İvan Kalmıkov onlara bələdçilik edir, xama və “pirojki”yə qonaq edir. Kalmıkov etiraf edir ki, “Ən gözəl kənd” – adı alandan bu yana, kəndə gələnlərin sayı o qədər artıb ki, hamısına vaxt ayırmaq onun fiziki imkanlarını aşıb. Ona görə də ailənin iki yeniyetmə övladı da işə qoşulub.

“Gələnlərin hamısını dəqiq saymamışıq. Amma təqribi deyə bilərəm ki, iyul-avqust aylarında günə orta hesabla 26 nəfər düşürdü, ümumilikdə min nəfər olar”, – kəndin tək sahibəsi Nadejda Kalmıkova-nın sözləridir.

100 İLLİK TARİXİ OLAN EVLƏR

Bu min nəfər planlaşdırılmadan gələn turislərin sayıdır. Səfərini öncədən planlaşdırıb Kalmıkovlara qonaq olanların sayı isə ildə 3 minə yaxın olur. Bəzilərinə kəndin yeganə qonaq evində, gerçək Kareliya kottecində gecələmək də qismət olur.

Nadejda deyir ki, əsas məsələ kəndi qoruyub saxlamaqdır. O, elə buna görə 10 il qabaq doğma Kinermaya qayıdıb. Kalmıkovların sözlərinə görə, turist qəbulu kəndin yüz və bəzən hətta iki yüz il tarixi olan evlərini qorumağa xidmət edir.

GƏLİRLƏR NECƏDİR?

Hələlik, turistlərdən gələn xırda-para gəlir yalnız bəsit təmir işlərinə yetir. Doğrudur, Kinerma sakinlərinin yerli icra hakimiyyəti orqanlarından elə bir gözləntiləri yoxdur. Təkcə kilsə zənglərinin bərpası üçün vilayətin mədəniyyət nazirliyindən kömək umurlar.

Nazirliyin turizm idarəsinin rəisi Yekaterina Bektemirova isə büdcənin ixtisar edildiyi və maaşların azaldıldığı bir şəraitdə bunu, hələlik, mümkün saymır. Bununla belə, turist obyekti olduğundan və pul qazandırdığından, bu istiqamətdə düşündüklərini də əlavə edir.

KƏNDİN SAKİNLƏRİ ARTA BİLƏR

Kalmıkovları isə daha çox yeni mövsümə hazırlıq düşündürür, axı turist axınının artacağı indidən bəllidir. Buna görə də sakinlərə əlavə köməkçilər lazımdır. Amma bu köməkçilərin Kinermada qalmasına şərait yoxdur. Bütün ümidlər qonşu kənddə yaşayan Pritupovlar ailəsinədir. Ötən il onlar burada yeni bir evin özülünü töküblər. Bir neçə il sonra isə tam köçüb bura gəlməyi planlaşdırırlar…

Uçuş zamanı yorulmamaq üçün nə etməli?

0

Uçuş zamanı yorulmamaq olar?

Uçuş zamanı darıxma

Səyahət etmək gözəldir. Ancaq uzun uçuşların insanı yorması da həqiqətdir. Gəlin,  15 saatlıq uçuşun yorucu olmaması üçün hazırladığı məsləhətlərə baxaq

1.ONLAYN QEYDİYYATDAN KEÇİN

Aviakompaniyaların çoxu uçuşdan 24 saat əvvəl qeydiyyatdan keçməyi təklif edir. Siz öncədən yerinizi və yeyəcəyinizi seçə bilərsiniz.

2.YER SEÇƏRKƏN İLK SIRALARA ÜSTÜNLÜK VERMƏYİN

Belə yerləri adətən körpə uşaqları olan ailələrə verirlər. Sakit uçuş arzu edirsinizsə arxa sıraları seçin.

3.ÇALIŞIN YERİNİZ TƏYYARƏNİN QANADINA YAXIN OLSUN

Hava boşluğuna düşəndə təyyarə çox silkələnir. Orta hissələrdə bu titrəyiş az hiss olunur. Beləcə rahat ola bilərsiniz.

4.UÇUŞDAN ƏVVƏL İDMANLA MƏŞĞUL OLUN

 

Hava limanları heç də ən sakit və stressiz yer deyil. Məşq stressinizi azaltmağa kömək edə bilər.

5.UÇUŞDAN ƏVVƏL DUTY- FREE-YƏ BAŞ ÇƏKİN

Uçuşunuz uzunmüddətlidirsə, bu o deməkdir ki, bütün bu müddət ərzində tam hərəkət etmək imkanınız olmayacaq. Ona görə uçuşdan öncə mağazaları gəzişin ki, ayaqlarınız hərəkət etsin və qan yaxşı işləsin.

6.TƏYYARƏ SALONUNA QALXAN KİMİ BÜTÜN CİHAZLARINIZDA VAXTI UYĞUN OLARAQ DƏYİŞİN

Yeni bioritmə alışmaq üçün onunla mümkün qədər tez sinxronlaşmağa çalışın. Əgər çatış məntəqəsində hal hazırda axşam 10-dursa, uçuşun ilk yarısını yatmağa çalışın. Bu halda oraya səhər çatdığınız zaman özünüzü yorğun hiss etməyəcəksiniz.

7.TELEFON ÜÇÜN POTATİV (DAŞINA BİLƏN) ADAPTER ALIN

Telefon və ya planşetinizə bir neçə film və ya oyun yükləyin. Təyyarə salonunda bu əyləncələr olmaya bilər.

8.ÖZÜNÜZLƏ TƏYYARƏ SALONUNA SVİTER GÖTÜRÜN

Hətta soyuq olmasa belə siz onu qatlayıb yastıq kimi istifadə edə bilərsiniz.

9.SƏYAHƏT ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ XÜSUSİ YASTIQ ALIN

Belə yastıq boyuna dayaq olur və yuxuya getdiyiniz zaman onu şaquli vəziyyətdə saxlayır. Nəticədə uçuş zamanı boyundakı gərginlik hissi azalır.