Ev Blog Səhifə 43

Tailand tibbi turizmdə lider olmağı hədəfləyir

0
Tibbi turizm

Tailand hökuməti 2024-cü ilədək ölkəni dünya miqyaslı təbabət və sağlamlıq mərkəzinə çevirməyi qarşıya məqsəd qoyub.

Gezmeli.az “Report” istinadən xəbər verir ki, Tailand Turizm Komitəsinin (TAT) qubernatoru Yuthasak Supasorn ölkənin səhiyyə xidmətləri sahəsindəki nüfuzu sayəsində 2018-ci ildə Tailanda sağlamlığı bərpa etmək üçün 3,2 milyon əcnəbinin gəldiyini, nəticədə ölkə iqtisadiyyatın 45 milyard bat, yəni 1,45 milyard ABŞ dolları həcmində gəlir əldə etdiyini bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, sözügedən hədəfə çatmaq üçün xaricdə yaşayan və öz ölkələrində səhiyyə xidmətləridə çətinliklərlə üzləşən milyonadək tailandlını tarixi vətənə qaytarmağa ümid etdiklərini deyib.

Təşkilatın Avropa, Afrika, Yaxın Şərq, Amerika bölməsinin rəhbəri Srisuda Vanapinyosak da sözügedən planda xaricdəki soydaşlara konsulluq şöbələri ilə birgə onlayn səhiyyə xidmətlərinin mühüm yer tutduğunu diqqətə çatdırıb. Bununla yanaşı, ölkədəki mehmanxanaları təhkim xəstəxanalarla birgə müəyyən tibbi xidmətlər göstərmələri üçün həvəsləndirmək nəzərdə tutulur: “Mehmanxanalar Tailandda səhiyyə xidmətlərilə bağlı əlavə rabitə və tanıtma vasitəsinə çevrilə bilər. Belə ki, insanlar tibbi xidmətlər dalınca Tailanda yola düşməzdən əvvəl ilkin məsləhətləri menmanxanalar və tərəfdaş xəstəxanalardan ala bilər”.

Bundan əlavə, ölkədəki səhiyyə operatorları ilə xaricdəki tibbi vasitəçilər və agentlər üçün xüsusi onlayn platformu yaradacaq. Dövlət qulluqçularına tibbi sığorta vasitəsilə səhiyyə xidmətlərinin inkişaf edildiyi ölkələrlə tərəfdaş əlaqələrini genişləndiriləcəyidə bildirilib. Habelə komitənin dünya boyu 29 ofisi vasitəsilə xarici KİV vasitəsilə tanıtma fəaliyyətlərini genişləndirmək də nəzərdə tutulur.

Samui adasında fəaliyyət göstərən “Nora Resorts & Hotels Group”un vise-prezidenti Vorasit Ponqkumpunt pandemiyadan sonra sağlamlıq xidmətlərinə olan tələbatın artacağını bildirib. Belə ki, adada 600 mehmanxananın 10 faizədək hissəsi məhz tibbi turizmə üstünlük verir. Bu bazarın böyük gələcək vəd etdiyi qeyd olunub.

Yanvarın 13-dən koronavirusun yayıldığı Tailandda ötən müddət ərzində 3100-dən artıq yoluxan olub ki, bunlardan 58 nəfər ölüb. 3 mindən artıq da sağalıb. Mayın 26-dan sonra daxili yoluxmaların qeydə alınmadığı ölkədə iyun ayının 2-dən sonra koronavirusdan ölüm hadisəsi baş verməyib.

Qlobal turizmin itkiləri 1,2 trilyon dollara çata bilər

0
turizm

Koronavirus (COVID19) pandemiyasının təsiri ilə dünya turizm sektorunun itkiləri bu ilin sonuna qədər 1,2 trilyon dollara yüksələ bilər.

Gezmeli.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir.

Məlumata görə, bu il qlobal turizmin itkiləri qlobal ümumi daxili məhsulun (ÜDM) 1,5%- qədər olacaq. Beynəlxalq turizmdə məhdudiyyətlər 2021-ci ilin mart ayına qədər davam etsə, sektorun itkiləri 3,3 trilyon dollara (qobal ÜDM-nin 4,2%-nə) yüksələcək.

“Bu rəqəmlər tez-tez unutduğumuz turizm sektorunun əhəmiyyətini və bütün dünyada milyonlarla insan üçün həyat mənbəyi olduğunu bizə xatırladır”, – UNCTAD-ın beynəlxalq ticarət direktoru Pamela Coke-Hamilton deyib.

Bundan başqa, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bu ilin may ayında qlobal nəqliyyatda sərnişin tələbinin 91,3% azaldığını bildirib. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, qlobal turizm sektoru son 20 ildə 3 dəfə böyüyüb və bir çox ölkədə iqtisadiyyatın əsasını təşkil edir.

“FlyDubai” aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlara başladı

0
Fly Dubai

İyulun 14-dən etibarən “FlyDubai” aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başladı.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.flydubai.com saytında əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcəkdir.

Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:

– ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;

– turizm vizası olan sərnişinlər;

– BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər.

Qeyd olunan sərnişinlər aşağıdakı keçiddən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər: https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx

Digər əmirliklərin rezidentləri aşağıdakı keçiddən istifadə etməklə icazə almalıdırlar: https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login

Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır.

Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:

Android:

https://play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US

IOS:

https://apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399

Dubaydan Bakıya reyslərə aviabiletlər yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.

Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Həmin siyahı ilə aşağıda tanış ola bilərsiniz:

– Referans laboratoriyası;

– Leyla klinikası;

– Memorial klinikası;

– Bona Dea xəstəxanası;

– İnci laboratoriyası;

– Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

– Kaspian Hospital;

– UltraLab.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda müayinədən keçmək olar.

Azərbaycana gələnlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə azalıb

0
Turizm

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən cari ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu dövrdə ölkəmizə gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 26,7 faizi Gürcüstan, 14,5 faizi Türkiyə, 7,0 faizi İran, hər birindən 2,1 faiz olmaqla Hindistan və Ukrayna, 2,0 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, hər birindən 1,2 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və İraq, 0,7 faizi Belarus, 0,6 faizi İsrail, 5,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 76,2 faizini kişilər, 23,8 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Çindən gələnlərin sayı 7,6 dəfə, Cənubi Koreyadan – 6,9 dəfə, Macarıstandan – 5,3 dəfə, Yaponiyadan və İsraildən – 5,1 dəfə, Polşadan – 4,7 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 4,6 dəfə, Kanadadan – 4,2 dəfə, ABŞ-dan və Böyük Britaniyadan – 4,0 dəfə, İraqdan – 3,9 dəfə, Fransadan – 3,8 dəfə, Almaniyadan – 3,7 dəfə, Omandan – 3,6 dəfə, Niderlanddan – 3,5 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,0 dəfə azalaraq 16,7 min nəfəri təşkil edib. Körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər olub. MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalıb.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0 faizi dəmir yolu və avtomobil ilə gəlib. 30,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı azalıb. 2,6 dəfə azalaraq 973,4 min nəfəri təşkil edib. Ölkə vətəndaşlarının 33,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 20,5 faizi Rusiya Federasiyasına, 9,5 faizi Türkiyəyə, 7,2 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayındada dəyişiklik olub. İrana 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,3 dəfə azalıb.

2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,7 faizi dəmir yolu ilə gedib. 16,5 faizi hava, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Aya Sofiyada qədim freskaların taleyi

0
Aya Sofiya

Tarixi qravüra və  fotoşəkillərdə Osmanlı imperiyasının zamanında da həmin freskaların üzərinin açıq olduğu və bunun ibadət edənlər üçün heç bir narahatlıq doğurmadığı məlumdur.

İstanbuldakı Aya Sofiya məbədinə pullu girişin və muzey statusunun ləğv edilərək müsəlmanlar üçün ibadətə açılması bir sıra narahatlıqlara yol açıb. Bunlar arasında məbəddəki qədimi freskaların üstünün örtülüb-örtülməyəcəyi barədə sual da var.

“Hürriyet” qəzetinin müxbiri Ömer Erbil bununla bağlı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yetkiləri ilə söhbət edib

Məlumata görə, Aya Sofiyanın idarə olunması Dini İşlər Nazirliyinə həvalə edilib. Ancaq tarixi abidənin mülkiyyəti Baş Vəqflər İdarəsində qalır. Sonuncu isə Mədəniyyət və Turizm Nazirliyinə tabedir. Bundan sonra binanın idarəçiliyi barədə məsələlər bu iki qurum arasında həll edilərək, layihə prezident aparatına təqdim ediləcək.

Aya Sofiya ibadətə açıldıqdan sonra giriş üçün pul ödənilməsi aradan qaldırıldığından ziyarətçilərin sayının daha da artacağı gözlənilir. Ancaq yuxarı mərtəbənin hələ də pullu olacağı nəzərdə tutulur. Həmçinin əcnəbi turistlər əvvəlcədən növbə tutmalı olacaqlar. 

Hazırda məbəddə restavrasiya işləri davam edir. Üstəlik, bir neçə bərpa planı da icra olunacağı günü gözləyir. Mədəniyyət Nazirliyi bu binadan tamamilə çıxsa belə, işlərə nəzdindəki Baş Vəqflər İdarəsinin vasitəsilə nəzarət edəcək.

Aya Sofiyadakı restavrasiya işləri 1993-cü ildən bəri Elmi Komitənin razılığı ilə aparılır. Professorlar Zeynep Ahunbay, Mustafa Erdik, Nevzat İlhan və Selçuk Mülayimin yer aldığı komitə binanın gərəkli hissələrində bərpa işlərinə dair layihələri dəyərləndirərək işləri nəzarətdə saxlayır. Nazirlik 1500 illik tarixə malik abidənin  daim restavrasiyaya ehtiyacı olduğunu və buna elmi yanaşmanın vacibliyini vurğulayır. Bu səbəbdən hansı idarəçiliyin seçilməsindən asılı olmayaraq Elmi Komitənin dəyişməyəcəyi və məsələnin hökumətin diqqətinə çatdırılacağı qeyd olunub.

Namaz qılınan hissələrdə insan surətlərinin olmazı caiz olmadığından freskalarının üstünə pərdə çəkilməsi və ya işıq effektləri ilə üzərinin bağlanması təklif edilir. Tarixi qravüra və  fotoşəkillərdə Osmanlı imperiyasının zamanında da həmin freskaların üzərinin açıq olduğu və bunun ibadət edənlər üçün heç bir narahatlıq doğurmadığı məlumdur. Bu səbəbdən hazırda da freskaların üzərinin ümumiyyətlə heç bir vasitəylə qapadılmaması təklifini irəli sürürlər. Onların üzərinin suvanmasına gəlincə isə yetkililər belə bir vasitəni qətiyyətlə rədd ediblər.

Turizm bərpa olunana qədər dövlət bu sahənin işçilərinə dəstək göstərəcək

0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

“Əlbəttə, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq”.

Gezmeli.az “Report”a istinadən xəbər veriri ki, bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bildiyiniz kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Odur ki, mühüm məsələlər barədə danışmaq təşəbbüsünə görə sizə təşəkkür edirəm. Sizi yenidən görməyimə şadam”, – dövlət başçısı əlavə edib.

Gürcüstanda turizm vergisi tətbiq oluna bilər

0
Turizm

Gürcüstanda turizm vergisinin tətbiqi təşəbbüsü irəli sürülüb. 

“Report”un yerli bürosu xəbər verir ki, bu təkliflə ölkənin Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili çıxış edib.

Onun sözlərinə görə, bu, Gürcüstanın turizm sektorunun xilası üçün yeganə vasitədir.

Federasiya rəhbəri hesab edir ki, vergi bir gün üçün 1-2 avrodan çox olmamalıdır. “Hazırda Gürcüstanın turizm sektorunun borcu 4,5 milyard lari (1,30 milyard avro) təşkil edir. Bu məbləğin 3 milyardı (867 milyon avro) hüquqi şəxslər, 1,5 milyardı (433 milyon avro) isə turizm sahəsində çalışan fiziki şəxslərin payına düşür. 2021-ci ilin yanvarına qədər heç kəs bu məbləği ödəyə bilməyəcək”.

Ş.Alaverdaşvili deyib ki, turist Tbilisidə orta hesabla 3,5-4 gün qalır. “Əgər bir ildə şəhərə 2 milyon turist gəlsə, il ərzində vergi hesabına 7 milyon avronu asanlıqla toplamaq olar”.

O əlavə edib ki, müvafiq qanun layihəsi artıq hazırdır: “Sənəd 2017-ci ildə təqdim olunsa da, o zaman onun müzakirəsi və qəbulu dayandırılıb”.

Maldiv əcnəbi turistlərin qəbuluna başlayır

0
Maldiv adaları

Maldiv Respublikası iyulun 15-dən əcnəbi turistlərin qəbuluna başlayır.

Gezmeli.az “Forbes”ə istinadən xəbər verir ki, ölkənin Marketinq və İctimai Əlaqələr Korporasiyasının açıqlamasına görə, həmin gündən turistləri məskənsiz adalardakı, 1 avqust tarixindən etibarən isə məskənli adalarda yerləşən hotel və istirahət mərkəzləri qəbul etməyə başlayacaq.

Bütövlükdə avqustun 2-dək 65-dən artıq, oktyabrın 1-dən isə daha 50 kurort yerinin açılacağı nəzərdə tutulur.

Qeyd edək ki, ÜDM-nin 28 faizi, dövlət gəlirlərinin 90 faizindən artığı turizmin payına düşən Maldiv adalarında istirahət mövsümü dekabrdan mart ayınadək davam edir.

Gələn turistlər əlavə rüsum ödəməli, yaxud COVID-19 virusuna dair tibbi arayış təqdim etməli deyillər. Bununla belə koronavirusun əlamətləri görünən şəxslər öz hesabına test keçməli və karantinə alınmalıdır. Test pozitiv çıxsa, həmin şəxs təcrid olunmur, lakin əlamətlər yox olanadək ictimai yerlərə getməyəcək. Həmçinin əlamətlər görünən şəxslə təmasda olmuş başqa sərnişinlər də təcrid olunacaq.

Respublikaya gələnlər qalacaqları yerin əvvəlcədən təsdiqlənməsi barədə sənəd təqdim etməlidir. İlk mərhələdə gələn turistlər qaldıqları yerdən kənara çıxmayacaqlar. Yolda səhhətə dair sorğu vərəqəsini dolduracaq turistlər mütləq maska taxmalı, sosial məsafə qaydasına əməl etməlidirlər.

İndiyədək ölkədə 2 553 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb.

Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb

0
turizm

Turizm sektorunda koronavirus pandemiyası ilə əlaqədar böhran 12 ayadək davam edəcəyi təqdirdə dünya iqtisadiyyatına 3,3 trilyon dollar ziyan dəyə bilər.

Gezmeli.az-ın məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının proqnozunda deyilir.

Proqnoza əsasən, turizm sektorunda durğunluq təkcə dörd ay ərzində 1,2 trilyon dollar itirə bilər ki, bu da qlobal ümumi daxili məhsulun 1,5 faizinə bərabərdir.

Bir il ərzində isə bu itkilər 3,3 trilyon dollar və ya qlobal ÜDM-in 4,2 faizinə bərabər olacaq.

Ölkələr arasında ən çox Tailand zərər çəkə bilər. Bu ölkənin itkiləri ÜDM-in 11 faizinə çata bilər. Yamaykada bu göstərici 9 faiz, Keniya, Misir, Malayziyada 3 faizə çatacaq.

Eyni zamanda, Yunanıstan, İtaliya, Portuqaliya, Fransa, İspaniya və ABŞ-ın turizm sektorunun ciddi itkiləri olacaq.

Gürcüstanın turizm sektorunun 4,5 milyard lari borcu var

0
Gürcüstan

Gürcüstanın turizm sektorunun hazırda 4,5 milyard lari (təqribən 1,30 milyard avro) borcu var. Bu məbləğin 3 milyard larisi hüquqi şəxslərin, 1,5 milyardı isə turizm sahəsində çalışan fiziki şəxslərin payına düşür.

Gezmeli.az Azərtaca istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili söyləyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvarına qədər heç kim bu məbləği ödəyə bilməyəcək.

“Vəziyyətdən çıxış yolu Gürcüstanda turizm vergisinin tətbiq edilməsidir”, – deyə Alaverdaşvili vurğulayıb.

Bildirilib ki, Tbilisidə turist orta hesabla 3,5-4 gün qalır. Əgər bir ildə şəhərə 2 milyon turist gəlsə, il ərzində vergi hesabına 7 milyon avro toplamaq olar.

Federasiya rəhbəri deyib ki, vergi bir gün üçün 1-2 avrodan çox olmamlıdır.

Ş.Alaverdşvili onu da qeyd edib ki, turizm sektorunda verginin tətbiqi ilə əlaqədar müvafiq qanun layihəsi də hazırlanıb.