Ev Blog Səhifə 47

Gəziləcək yerlər-Bodrum

0
Bodrum

Bodrum yeni açılan məkanlar, muzeylər, sərgilər, konsertlər və tədbirləri ilə hələ də Türkiyənin göz bəbəyidir. Bu istirahət zonası iqlim etibarilə Egey və Aralıq Dənizi iqlimlərinin sintezindən ibarət olan bir xüsusiyyətə malikdir. Yarımada olaraq mikro kondisioner xüsusiyyəti göstərir. Yay aylarında az qala heç nəm tapılmaz. Qış aylarında isə nəmişlik olduqca aşağıdır. Yay ayları isti və quraq, qış ayları isə olduqca ilıq və yağışlıdır. 1970-ci ildən bu yana qar yalnız 2004-ci ilin fevral ayında yağıb və qarın qalınlığı orta hesabla 5 sm olub.

Bodrum


Yarımadanın bitki örtüyü çox diqqətə çarpan bir şəkildə ikiyə ayrılır. Bodrum-Milas yolunun qərbi kolluq və tikanlı otlarla örtülüb. Yolun şərqi isə iynə yarpaqlı qırmızı şam, yabanı çiyələk, mersin və səndəl ağacları ilə doludur. Bu bölgənin 61,3 % -i meşəlikdir. Ancaq son illər baş verən meşə yanğınları nəticəsində meşə örtüyündə nəzərə çarpan dərəcədə azalma müşahidə edilir.


Nəqliyyat

Nəqliyyat

Bodrum beynəlxalq hava limanına yaxın, 35 km məsafədə yerləşir. Bodrumda üç böyük marina və böyük sərnişin gəmilərinin yanaşa biləcəyi gəmi yanaşma körpüsü də mövcuddur.Çılğın gecə həyatı ilə tanıdığımız Bodrum keçmişdə Halikarnassos adlandırılıb. Bodrumun gözəlliyini dünya zamanla kəşf etdi və inkişaf etdi. Bu gün Bodrum Türkiyənin müqəddəs tropiki sayılır.


Bodrum Qalası və Sualtı Arxeologiya Muzeyi

Bodrum qalası heç şübhəsiz Bodrumun ən önəmli simvoludur. New York üçün Azadlıq heykəli, Paris üçün Eyfel qülləsi nədirsə Bodrum üçün də Bodrum qalası odur. İllərdir dəniz sularına baxan qala, Bodrumun ən gəzməli, ən mənzərəli yerlər siyahısının başında durur.

Bodrum qalası

Ən romantik Bodrum gözəlliklərindən biri, gecə qalanın üzərindəki qaranlıq qayalıqdan Bodrumu izləməkdir. Uzaqdan barların işıqları yanıb sönür, musiqi səsləri yüksəlir, amma siz hər şeydən uzaq, qalaya söykənərək bütün qarma qarışıqlıqdan uzaqda qorunursunuz.

Hər 3 tərəfdən dənizlə əhatə olunan Bodrum qalasının inşa edildiyi yer antik dövrdə ada olub. Daha sonra torpaqla birləşərək yarımadaya çevrilib. Hər iki tərəfdə Bodrumun ürəyi sayılan iki böyük körfəz və liman var. Qalada 5, ən hündürü 47,5 metr yüksəklikdə olan Fransız qülləsi, İtalyan qülləsi, Alman qülləsi, İngilis qülləsi və İlanlı qüllə var.

Yaşayan muzey

Qalanın torpaqla əhatə olduğu tərəfdə divarlar iki qatlıdır. Lakin, dənizə doğru baxan divarlarda bu qüvvətləndirmə yoxdur, çünki cəngavərlər dəniz döyüşləri mövzusunda iddialı olduqları üçün dənizdən gələn hücuma qarşı donanmanın yaxşı müdafiə edəcəyinə əmin idilər. Bununla yanaşı, qalaya daxil olmaq üçün 7 qapı quraraq qalanı daha nəzarətli hala gətiriblər. Qapılardan birində XVI əsrdən qalma yunanca yazılmış belə bir yazı var – “Üzərində cəsusluq edənlər cəzalandırılacaq”.
Qalada 14 çən var ki, qala mühasirədə olarkən su ehtiyacı bu çənlərə yığılan sular vasitəsilə ödənilirdi.

Bodrum qalası

Rodos 1522-ci ildə Sultan Süleyman tərəfindən fəth edildikdə, cəngavərlər qalanı tərk etməyə məcbur edildi və qalada bir məscid tikildi. Birinci Dünya Müharibəsi dövründə isə Fransız topçusunun atəşindən məscidin minarəsi yıxıldı. Yalnız 1997-ci ildə minarə yenidən quruldu. Qala 1960-cı ildə bərpa olunub və indi Bodrum Sualtı Arxeologiya Muzeyi kimi istifadə edilir. İstirahət üçün Bodrumu seçmisinizsə mütləq dünyanın ən büyük Sualtı Arxeologiya Müzeyinə baş çəkin. “Yaşayan Muzey” tərzinin ən gözəl nümunəsi olan Bodrum Sualtı Arxeologiya Müzeyinin başqa bir bənzəri yoxdur. Eyni zamanda dünyanın ən qədim sualtı qalıqlarından tapılan nümunələrin sərgisi dünya miqyasında əhəmiyyət daşıyır. Həmçinin, dəniz suyu ilə dolu olan qala bataqlıqlarından biri, teatr oyunlarının sərgiləndiyi bir festival sahəsi olaraq istifadə edilir.


Bodrum Sualtı Arxeologiya Müzeyi

Adı çəkilən muzey Sualtı Arxeologiya mövzusunda tək Türkiyədə deyil, dünyada saylı muzeylərdən biridir. Bu muzeydə dünyanın ən qədim gəmi qalığı olan “Uluburun Batığı” sərgilənir. Bu, 3,300 il əvvəl batmış, erkən tunc dövrünə aid olan 15 metr uzunu və 5 metr eni olan Likya Ticarət Gəmisi Uluburuna aiddir.

Uluburun Batığı

Gəminin Misirdən gəldiyi düşünülür, çünki gəmidə Misir Şahzadəsi Nefertitinin möhürü və gəminin burun hissəsində Nefrettinin qızıl örtüklü heykəli tapılıb. Bu da gəminin Misirin önəmli ticarət gəmisi olduğunu göstərir. Gəmidən çıxarılan digər əşyalar da bunu dəstəkləyir.

Bodrum Sualtı Arxeologiya Müzeyi

Gəmidə 150-dən çox şüşə külçəsi var ki, bu da ən qədim şüşələr olduğu üçün çox qiymətlidir. Həmçinin fil dişləri, su ayqırı dişləri, vazlar və musiqi alətlərinin hazırlanmasında istifadə edilən dəvə quşu yumurtaları tapılıb. Xammal olaraq istifadə edilən bu materiallardan əlavə, qızıl qədəhlər, qızıl zinət əşyaları, qab qacaqlar, bitki toxumları var. Bütün bunlar keçmişdəki ticarəti, mədəniyyəti və o dövrün özəlliklərini dərk etməyimizə kömək edir. Çox önəmli bu gəmi qalıqlarını görmək Sizə tarixə səyahət təsiri bağışlayacaq.


Təbii ki, bu muzeydə tək gəmi qalığı Uluburun deyil, bundan başqa Finike Gelidonya gəmi qalığı, Bodrum Yassıada gəmi qalığı, Roman ticarət gəmisi, Şeytan Dərəsi gəmi qalığı, Marmaris Serçe limanı və Tektaş gəmi qalığı və s. sərgilənir.

Marmaris Serçe limanı

Qalaya giriş 20 lirədir (təxminən 10 AZN), amma 65 yaşdan yuxarı və 18 yaşına çatmayanlar üçün ödənişsizdir. Qala bazar ertəsindən başqa hər gün 9.00-19.00-a qədər ziyarətçilərinin üzünə açıqdır.

Gəziləcək yerlər -Əbu Dabi

0
Əbu Dabi

Səyahət etməzdən əvvəl Əbu Dabi haqqında o qədər məlumatlı deyildim. Amma səyahətim zamanı bu ölkəyə aşiq olduğumu və səyahət etdiyim ölkələr sırasında ən yaxşılar siyahısına daxil edə bilərəm.

Əbu-Dhabi

Səyahətin ən maraqlı tərəflərindən biri isə odur ki, əgər siz “ETIHAD” hava yolları ilə səyahət edirisinizsə təyyarəyə girər girməz siz Əbu Dabinin qonaq pərvərliyini və Etihad hava yollarının inanılmaz xidmətindən anlayırsınız ki getdiyiniz ölkə çox maraqlı və əyləncəlidir. Səyahət etdiyimiz təyyarə “Airbus A 320” olduqca rahatdır.

Əbu-Dhabi

Etihad hava yolları ilə səyahət etmədən öncə “E Box stream” adlı proqramı köçürüb uçuş zamanı kino,musiqi,sport və s. videolara baxa bilərsiniz. Əbu Dabi Aeroportu olduqca böyük və genişdir, 65 çıxışı vardır. Səyahətdən öncə bu ölkənin adət-ənənələrini və tarixcəsini araşdırsanız görəcəksiniz ki, Əbu Dabini qısa vaxta demək olar ki 0-dan inşa ediblər. Bu gözəllikləri bu qədər qısa vaxta inşa etmək olduqca çətindir.

Bab al qasr hotel 5*

Əbu Dabidə getdiyimiz ilk otel “BAB AL QASR” oldu. Bu biznes oteli olduqca səliqəlidir. Otaqları və personalı gülərüz və səmimidir.Oteldə yerləşdikdən sonra biz Əbu Dabinin küçələrini kəşf etməyə getdik.Gecə vaxtı o olduqca az adam görərsiniz çöldə .Olduqca romantik şəhərdir. Təsəvvür edin siz sakit və işiqlı kücələri gəzirsiniz, xırda qum ayaqlarınıza toxunur. Bu cox gözəl bir hiss deyilmi? Bir neçə gün ərzində bir çox otellərə gəzdik:
• Bab Al Qasr,
• ST Regis Saadiyat İsland,
• Rixos Saadiyat İsland,
• Jumeriah Al Wathba,
• Emirates Palace,
• Khalidiya Palace,
• ST Regis Abu Dhabi,
• Ritz Carlton,
• Grand Canal Crowne Plaza,
• Yas Island Saadiyyat Rotana.
Qeyd olunan otellər Əbu Dabinin ən yaxşı otellərindən sayılır. Bu otellərdə turistlərə göstərilən diqqət və qayğıdan olduqca məmnun qaldım. Bu otelləri sizə rahatlıqla məsləhət edə bilərik. İnsanlar bu ölkədə olduqca mehriban və diqqətcildilər.
Əbu Dabi haqqında çox danışmaq olar. Amma son olaraq sizə Əbu Dabidə gedə biləcəyiniz 15 yerin siyahısını qeyd edə bilərəm:


1. Şeyh Zayed Camii

Şeyh Zayed Camii

2. Emirates Palace
3. Qasr al-Hosn
4. Heritage Village
5. Corniche Road
6. Yas Adası
7. Ferrari World Abu Dhabi
8. Yas Waterworld
9. Abu Dhabi Falcon Hospital
10. Emirates Park Zoo
11. Marina Mall
12. Jumeirah At Etihad Towers
13. Emirates National Auto Museum
14. (Al Ain Zoo)
15. Rivoli- Əgər

Xoş istirahətlər.

“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb

0
Xınalıq

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün ilkin siyahıya salınıb. Bu məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib. Əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən ilkin siyahıya salınması tələb olunur. İlkin siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin ilkin siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

Misir qəzeti Azərbaycan-Mərakeş əməkdaşlığının perspektivlərindən yazır

0
Misir qazeti

Misirin “Əl-Vəsilə” nəşri siyasi icmalçı və tədqiqatçı-alim Əhməd Əbdu Tərabeykin Şimali Afrikanın və ərəb Məğribinin mühüm ölkəsi olan Mərakeş ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə həsr etdiyi məqaləni dərc edib.

Məqalədə iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, rəsmi Bakı və Rabat dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmlənməsinə töhfə verirlər. Mərakeş Krallığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü və işğal edilmiş ərazilərin dərhal azad edilməsi tələbi edir. Rəsmi Bakı isə Qərbi Səhra bölgəsi üzrə məsələdə Rabatın mövqeyini dəstəkləyir. Müəllif vurğulayıb ki, təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Mərakeş Kralı II Həsən tərəfindən ikitərəfli dostluq münasibətləri qoyulub. Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirilir.

Müəllif qeyd edir ki, ticari-iqtisadi sahədə Azərbaycanla Mərakeş arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialı mövcuddur. Belə ki, dost ölkələrin iş adamları yüngül sənaye malları, avtomobillər üçün ehtiyat hissələri, neft məhsullarının idxal-ixracı üzrə yeni kontraktlar imzalaya bilər. Mərakeşlə Azərbaycan arasında turizm, informasiya texnologiyaları, nəqliyyat, rabitə sahələrində əməkdaşlığın geniş perspektivləri var.

Məqalədə 2018-ci ilin martında Bakıda keçirilmiş Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində ikitərəfli əməkdaşlığa dair mühüm sənədlərin imzalandığı da qeyd edilib.

Balaxanı yeni turizm məkanına çevrilir

0
turizm

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” MMC birgə əməkdaşlıq edəcək.

KOBİA-dan Gezmeli.az bildirilib ki, iyulun 3-də agentliyin idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və “Bakı Abadlıq Xidməti” MMC-nın direktoru Binnət Əli Qasımov Balaxanıda aparılan abadlıq işləri, qəsəbənin turizm imkanları ilə tanış olub. Əməkdaşlıq çərçivəsində görüləcək tədbirlərlə bağlı müzakirələr aparıblar.

Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizmyönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlər yaradılacaq. Qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər. Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək. Bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək.

Eyni zamanda, birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizmyönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizmyönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və sair sahələri təşviq etmək üçün imkanlar mövcuddur. Belə ki, Balaxanıda bu istiqamətlər üzrə 100-dək kiçik obyektin fəaliyyəti təşkil oluna bilər. Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində fəaliyyətin səmərəli və sistemli təşkili üçün konseptual sənədin hazırlanması da təklif olunur. 

Gəziləcək yerlər-Struga

0
Struga

Makedoniyanı 2 kəlimə ilə təsvir etməmi istəsələr, təbiət möcüzəsidir – deyərəm. Bu ölkənin 3 şəhərini gəzə bildim. Struga, Ohrid və paytaxt Skopye. Bu gün sizə Ohrid gölünün sahilində yer alan Struga şəhərindən danışacağam.

Albaniya sərhəddini keçəndən sonra sizi Makedoniyada bu gözəl, kiçik, şirin şəhər qarşılayır.

Struga

Strugaya axşamçağı çatmışdım. Əslində burada qalmaq planım yox idi. Birbaşa Ohridə getməliydim. Hətta ev də tutmuşdum. Ancaq bu kiçik şəhər məni necə valeh etdisə, fikrimi dəyişməli oldum.

Gölün kənarında, ortasından çay keçən kiçik bir şəhər düşünün. O şəhərin 4-5 mərtəbəli, rəngli binaları Qara Drin Çayına (Black Drin River və ya öz dillərində Crni Drin) baxır. Şəhəri iki yerə ayıran çayın üzərində hər 200-300 metrdən bir güllü-çiçəkli taxta körpülər salınıb. Çayın 2 hissəyə ayırdığı şəhər Ohrid gölündə bitir. Bir sözlə, mavilik içində rəngarəng bir gözəllikdir Struga.

Strugada gəzməli yerlər

Şəhərdə gəziləcək yer çox deyil. Göl kənarında çimərlikləri, göl və çay mənzərəli restoranları var. Bir də bazarı, rəngli küçələri, mağazaları…

Şəhərin təbiəti, havası möhtəşəmdir. Məsələn, mən bütün yayı burada qalardım. Hər səhər kompüterimi götürüb, çaya, gölə açılan sakit kafelərin birində oturub, işlərimi görər, gözəl mənzərədən zövq alar, axşamçağı da gölün kənarındakı çimərlikdə dincələr, dupduru suda üzərdim. Heç darıxmazdım da …

Struga

Sonradan bildim, sən demə, bura həm də “şairlər şəhəri”, – deyirmişlər. Üstəlik, hər ilin avqustunda şəhərdə şer festivalı keçirilirmiş. Bilmirəm, bəlkə də elə bu şəhərin yaradıcı ruhunu sevmişəm.

Strugaya nece getmək olar?

Makedoniyaya Albaniyadan keçdim. Albaniyanın Prenjas adlı kiçik bir şəhəri var. Makedoniya ilə sərhəddə yaxındır. Buradan sərhəddə, ondan sonra da bir vasitə ilə Makedoniyanın ən yaxın şəhərinə getməyi düşünürdüm. Nə isə mənə dedilər ki, sərhəddə getməyin ən yaxşı yolu taksilərdir. Bizdəki kimi 4-5 nəfəri yığıb aparır. Xidmət haqqını sərnişinlər aralarında toplayıb ödəyir. Bir neçə taksidən soruşdum, baha dedi. Axırda biri yaxınlaşdı ki, sizi pulsuz apararam, özü də sərhəddə yox, lap Makedoniyanın Struga şəhərinə. “Amma gərək atam soruşanda deyəsiniz ki, siz bunun üçün mənə pul ödəyəcəksiniz”. Atası da sırada duran növbəti taksi sürücülərindən biri idi. 4 nəfər idik. Həmin gənc oğlanla razılaşdıq. Yolda səbəbini soruşduq. Dedi ki, Strugada sevgilisi yaşayır. Onu görmək üçün bəzən belə bəhanələrə ehtiyacı olur.

Struga

Harada qalmaq olar

Həmin gün yorğunluğumu alandan sonra çayın kənarında bir-iki adamdan qalmağa yer soruşdum. Axırda bir türk ailəsinin evinin mansarındakı otağı kirayələdim.  Gecəsi 15 avroya…

Mirage hotel

Deməli, evin 1 otağı, balkonu, dəhlizdə də hamamı və ayaqyolusu var idi. Balkonun mənzərəsi küçənin arxa tərəflərinə açılsa da, hamamdan açılan mənzərə möhtəşəm idi. Pəncərə çay mənzərəsinə, şəhərin mərkəzinə baxırdı. İstədim həmin bu görüntünü çəkib, sosial şəbəkələrdə “view from my balcony” yaxud “view from my window” – yazıb, paylaşım. Bəzən 5 ulduzlu, bahalı otellərdə qalanlar edirlər axı, görmüşəm. İçimdəki səmimiyyət imkan vermədi . Deməyim odur ki, gecəsinə 15 avro ödəyəndə də ortalığa qəşəng mənzərə çıxır, amma gözləmədiyin yerlərdə…

Ən gözəl çay və gölkənarı şəhər

Getdiyim günü axşamı Strugada bir yağış yağdı ki, tut ucundan çıx göyə. Evə yerləşəndən sonra dincəlmək istəmədim. Əynimi geyinib yağışdan sonra gələn torpaq qoxusunun bələdçiliyində şəhəri qəşəngcə gəzdim. Axşamı da çayın kənarındakı restoranların birində oturub pendirlə şərab içib, musiqi dinlədim.

Struga

Evə ancaq gecə saat 2-də dönə bildim. Səhər də tezdən oyanıb gölün kənarında dolaşdım. Şəhərə aid türk ailədən suvenir aldım. Günortaya doğru isə Ohrid şəhərinə yola düşdüm. Struga gördüyüm ən gözəl çay və gölkənarı şəhərlərdən biri idi.

Məncə, “freelance” işləyənlər sərhədlər açılandan sonra düşünə bilərlər. Kompüterinizi götürüb gedin. Burada həm dincəlin, həm də bu gözəl şəhərdə zövqlə işləyin. Həftə sonları da Ohrid şəhərini və yaxınlıqdakı görməli yerləri gəzin, ləzzət alın …

Gəziləcək yerlər -“La Petite France”

0
La Petite France

Fikrimcə, yaşadığın şəhər nə qədər böyükdürsə, özünü bir o qədər tənha hiss edirsən. Strazburq gəlmələr üçün bu baxımdan əlverişlidir. Xudmani, sakit (lakin bəzən sükutu ilə qulağı kar edən), böyük nisbətlə təmizdir. Onun ən gözəl övladı “La Petite France” (Balaca Fransa) məhəlləsidir. Şəhərin ən gözoxşayan, təkrarsız, balaca elzas evlərilə bəzənmiş bu rayonuna hər il on minlərlə turist gəlir. Əbəs yerə “Balaca Fransa 1988-ci ildə YUNESKO-nun Beynəlxalq irsi siyahısına aid ediməyib.

La Petite France

Tarixi

XVI əsrdən etibarən bu şirin evlərdə balıqçılar, dəyirmançılar və dəriçiliklə məşğul olan fəhlələr yaşayıblar. İll çayının kənarında tikilmiş bu binalarda yaşayan, xüsusən də dəriçiliklə məşğul olan zəhmətkeş ailələrin evlərindən xoşagəlməz qoxu gələrmiş. Odur ki, binaların səthində qara taxtada karkas olar və dərilər onun üzərinə sərilib, qurudularmış.

Evin temperaturunu sabit saxlamaq, dərini keyfiyyətini qorumaq məqsədilə böyük pəncərəli çardaqlar tikilərmiş.

La Petite France tarixi

Məhsulun tullantıları isə kanallara tökülərmiş. Dəri, balıq, eləcə də digər məhsul və ərzaq almaq istəyənlərsə qayıqla binaya yaxınlaşar, heç düşmədən qapını döyüb, bazarlıq edərmişlər. Məsələnin əslinə agah olduqca, anlayırsan ki, bu gün rayona xüsusi kolorit qatan bu binalar əslində gözəllik məqsədilə tikilməyib. İnsanların güzəranını özündə əks etdirir.

Fransız pendirləri

La Petite France restoranları

“La Petite France” – qulağa da, dilə də necə xoş gəlir, elə deyil? Lakin sizi məyus edəcəyəm. Bu adın tarixi heç də romantik deyil. Mənbələrə görə, bu ərazidə bir zamanlar fransız xəstəliyi kimi tanınan sifilisdən əziyyət çəkən xəstələrin müalicə aldığı xəstəxana yerləşib (sifilis – cinsi yolla ötürülüb, daxili orqanları, sümükləri, hətta sinir sistemini zədələyən bakterial xəstəlikdir). Sifilisin Avropaya ayaq açması haqda ən çox yayılan rəvayətdə Kolumbun adı keçir. Belə ki, tarixi fərziyyələrə görə, Kolumbun gəmisinin matrosları sifilisi “Yeni Dünya” olan Amerikadan Avropaya gətirib, yayıblar. Onları da sifilisə Haiti aborigenləri yoluxdurub. Əsas odur ki, həmin xəstəxana artıq bir neçə əsrdir ki, fəaliyyət göstərmir. Onun əvəzinə, Balaca Fransada qonaqlarına milli mətbəxin dadlı nümunələrini təqdim edən “bahalı” restoran və kafelər, eləcə də əraziyə xas suvenirlərin, çeşidbəçeşid fransız pendirlərinin, şərabların, bal və digər ərzaqların satıldığı mağazalar var.

Dar küçələr, rəngarəng binalar

Taxta pilləkanlara toxunanda isə məkanın qədim tarixini duya bilərsiniz. Binaların pəncərələri daim al-əlvan çiçəklərlə bəzədilir. Bu da onlara xüsusi hərarət qatır.

Bura balacaların da sevimli məkanıdır. Balaca körpülər, dar küçələr, rəngbərəng binalar sanki Qrimm qardaşlarının nağıllarından gəlib. Çayda üzən ördəkləri, qu quşlarını yemləmək isə uşaqdan böyüyə hər kəsin sevimli məşğuliyyətidir.

La Petite France binaları

“La Petite France” hətta ən etinasız turisti belə sehrinə salıb, özünə heyran qoyur. Ölkə içində ölkəyə, şəhər içində şəhərə salır. Su nəqliyyatı ilə şəhəri gəzəndə isə tikililər insanın gözünə daha əsrarəngiz görünür. Maraqlısı isə odur ki, bu nağıl evlərdə hələ də yaşayanlar var.

Fransanın Venesiyası

Balaca Fransanı Venesiyaya bənzədənlər də olur. Zənnimcə, bu əsrarəngiz məkanı gəzmək üçün ideal zaman sübh çağı bütün şəhərin yatdığı, sadəcə bəzi sakinlərin ev heyvanlarını gəzintiyə çıxartdığı vaxtdır. Çünki turistlərin səs-küyündən, işə tələsənlərin təlaşından uzaq məkanla təkbətək qalıb, hətta bir velosiped kirayələyib, onu daha yaxından tanımaq şansı qazanırsınız.

La Petite France

Görürsünüz, böyük Fransanı sevmək üçün sizə daha bir səbəb – “Balaca Fransa”…

Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır

0
Onlayn Platforma

Azərbaycan Turizm Bürosu tərəfindən dünyada yaranmış cari vəziyyət nəzərə alınaraq, ölkəmiz haqqında məlumatlılığın saxlanılması üçün tədbirlər görülür. Bu məqsədilə keçirilən onlayn vebinarlar və görüşlər davam etdirilir.

Dövlət Turizm Agentliyindən Gezmeli.az-a bildirilib ki, may ayı ərzində Azərbaycan Turizm Bürosu tərəfindən Hindistan, Çin, Cənubi Koreya, BƏƏ, İsrail, Rusiya, Belarus, Ukrayna, Polşa, Almaniya, Avstriya, İsveçrə və bir sıra digər Avropa ölkələrindən olan turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə 30 vebinar təşkil edilib. Beynəlxalq turizm şirkətləri üçün müxtəlif məlumatların verildiyi vebinarlara 1300-dən çox iştirakçı qatılıb.

Azərbaycanın turizm imkanları haqqında olan vebinarlara yüksək maraq göstərilir. Bu səbəbdən iyun ayı üçün yeni vebinarlar təşkil olunacaq.

Bundan əlavə, xarici bazarlarda olan turizm tərəfdaşları ilə 54 onlayn görüş təşkil olunub.

Almaniya, Avstriya, İsveçrə, Böyük Britaniya, İtaliya, Niderland, Polşa, Hindistan, Çin, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan kimi 17 ölkədən olan tur operatorlar və turizm şirkətləri ilə dünya turizm sənayesində olan cari vəziyyət haqqında danışılıb. Gələcək əlaqələr, postpandemiya dövründə atılacaq ilkin addımlar və digər mövzular müzakirə olunub.

Eyni zamanda, beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə təlimlər keçirilir. Bu məqsədlə Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) üzərindən fəaliyyət də davam etdirilir.

Platforma vasitəsilə Almaniya, Avstriya, Belçika, İtaliya, Niderland və bir çox Avropa ölkələri, BƏƏ, Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələri, Hindistan, Şri-lanka, Yaponiya kimi Asiya ölkələri, İsrail, Pakistan və bir sıra Yaxın Şərq ölkələri, Rusiya, Gürcüstan, İran və Azərbaycan da daxil olmaqla indiyədək 32 ölkədən 472 nəfər qeydiyyatdan keçib. “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb və müvafiq sertifikat əldə ediblər.

Təlimlər Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, alman irsi, yəhudi irsi, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, həmçinin ölkənin mədəni irsi kimi bir neçə moduldan ibarət olmaqla müxtəlif mövzuları əhatə edir.

Azor adaları 2020-ci ildə Avropada ən təhlükəsiz yerlərdən biri sayılır

0
Azor adaları

Azor adaları koronavirus şəraitində məzuniyyət keçirmək üçün Avropada ən təhlükəsiz yerlərdən biri hesab edilir.

Gezmeli.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qənaətə “European Best Destination” təşkilatı gəlib. Təşkilat təhlükəsizlik amillərindən biri kimi regionda koronavirusa yoluxmanın sayının az olmasını, tibbi xidmətlərin səviyyəsini vurğulayır. Azor adaları hökumətinin nümayəndəsi Marta Qerreyronun sözlərinə görə, beynəlxalq fərqin daha bir səbəbi odur ki, təbiətdə olmağı, balinaları müşahidə etməyi xoşlayan səyahətçilər üçün bu arxipelaq ideal məkandır, onları buraya yerli mətbəx və ənənələr cəlb edir.

Artıq 16 gündür ki, arxipelaqda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb. Bu günədək regionda 146 yoluxma halı aşkarlanıb, 129 nəfər xəstəlikdən sağalıb, 16 nəfər isə dünyasını dəyişib.

Misir dörd ay müddətinə turistlər üçün viza rüsumlarını ləğv edib

0
Viza

Misir hökuməti turizm sektorunun fəaliyyətinin bərpa edilməsi məqsədilə iyulun 1-dən oktyabrın 31-dək əcnəbi turistlər üçün viza rüsumlarını ləğv edib.

Misirin Turizm naziri Xalid əl-Anani və Mülki Aviasiya naziri Məhəmməd Manar iyulun 1-dən bərpa ediləcək beynəlxalq uçuşlar və turizm üzrə həyata keçirilən tədbirləri və yeni qaydaları Qahirədə keçirdikləri mətbuat konfransında açıqlayıblar.

Mətbuat konfransında iyulun 1-dən etibarən Misirin bütün aeroportlarında kommersiya uçuşlarının bərpa ediləcəyi bildirilib. Qeyd olunub ki, təyyarələr tam sterilizə edilib, uçuş zamanı sərnişinlərə təkcə quru yeməklər və şüşədəki içkilər təklif ediləcək. Bundan başqa, COVID-19-un geniş yayıldığı ölkələrdən gələn turistlər virus testindən keçməlidir.

Misirin Cənubi Sinay, Qırmızı dəniz və Matruh vilayətlərində otellər əcnəbi turistləri qəbil edəcək. Turizm naziri bildirib ki, əlbəttə, ölkəyə birdən-birə minlərlə turistin gəlməsi gözlənilmir. Onun sözlərinə görə, otel otaqları boşaldıqdan sonra 12 saat ərzində boş saxlanılacaq və sterilizasiya aparılacaq. Qonaqlar və turizm obyektlərinin işçilərinin sutkada bir neçə dəfə bədən temperaturu ölçüləcək. Bundan başqa, turistlər üçün tarixi məkanlara ekskursiyalar da məhdudlaşdırılacaq.