Ev Blog Səhifə 48

Gəziləcək Yerlər- Xal-Xal

0

Oğuz eli Azərbaycanın Qafqaz sıra dağlarının qoynunda yerləşən dilbər guşəsidir. Təbiəti, şəlaləsi, yeraltı suları, bulaqları, yam-yaşıl meşələri, yol kənarı ilə uzanan səhmanlı bağları, bir-birinə oxşayan, ancaq hamısı bir-birindən fərqlənən evlərinin yerləşdiyi kəndləri…

Xal-xal

Zümrüd meşələri, yaşıl yamacları, suyu diş göynədən buz bulaqları, dupduru çeşmələri, gur şəlalələri, min dərdin dərmanı olan 40 – dan artıq dərman bitkisinin vətəni, qırqovullu, marallı, cüyürlü, dağ keçili faunası ilə hamını heyran qoyan Oğuz rayonu həqiqətən cənnətməkan bir diyardır. Burada insanlar lap qədimdən yaşayır. Azərbaycanımızın yaşayış məskənləri arasında 12-ci yeri məhz OĞUZ ELİMİZ tutur.

Oğuz eli-Xal-Xal

Oğuz ruhumuza yaxın adı daşıdığı və gözəl təbiəti olduğu üçün hər kəsə doğmadır. İnsanlar əyalətlər arasında seçim edəndə heç zaman Oğuzu kənarda qoymurlar. Çünki Oğuz hər kəsin qəlbində xal-xaldır, çünki Oğuzun qəlbi XAL-XALdır.

Xal-Xal şəlaləsi Oğuz rayonunun Xalxal kənd ərazisində yerləşir. Kənd rayon mərkəzindən 15 km şimal-şərqdə, dəniz səviyyəsindən 810 metr yüksəklikdədir.
Xalxallılar Azərbaycan xalqının soykökündə duran tayfalardan biri olub. Məsələn, Qafqaz Albaniyasının (Azərbaycan) ən böyük şəhərlərindən biri Xalxal şəhəri olub. Cənubi Azərbaycanın (İran) vilayətlərindən birinin adı Xalxaldır. Naxçıvan MR-da Xalxal meşəsi, Babək rayonunda Xalxal kəndinin və s. kimi faktların olması bunu sübut edir.

Xal-Xal

Yerli turistlərin sevə-sevə getdiyi Xal-Xal şəlaləsi çox hündür olmasa da bol suludur. Hündürlükdən tökülən buz kimi suyun şırıltısı hər kəsi heyran edir. Şəlalənin töküldüyü ərazidə yaranmış süni göldə saxlanılan qızıl balıq isə turistlərə xüsusi zövq verir. Onlar həm balıqların hərəkətlərini izləyə, həm onları yemləyə, həm də tilov götürüb tuta bilirlər. Bu yerdə “Qızıl balığın rəvayəti” yada düşür. Görəsən tilova düşən qızıl balıq hansı arzunu reallaşdırmaq üçün yenidən dəryaya qərq edilir?

Xal-Xala gəlin.

Elə bilməyin ki, bizim Oğuz elinin xal-xallı meşəsi, şəlaləsi, dağı, daşı Sizi rahatlığınızdan, isti yatağınızdan məhrum edəcək. Xal-Xal şəlaləsi turistlərin sevimli istirahət yeri olduğundan bu ərazidə kifayət qədər otel və restoran var. Yayın isti günlərində su səsinin ahənginə qovuşmuş bu sərin məkan istirahət üçün əvəzolunmazdır.

Xal-Xal

Şəlalənin yaxınlığına getmək üçün xüsusi nəqliyyata ehtiyac yoxdur. Yollar nisbətən dar və əyri-üyrü olsa da hamar asfalt örtüyünə malikdir. Yəni çox rahatlıqla öz şəxsi avtomobilinizlə şəlalənin yaxınlığına qədər gedə bilərsiniz. Maşınınızı isə daşlı çınqıllı bir ərazidə, neçə saat saxlamağınızdan aslı olmayaraq cəmi bir manat saxlama haqqı ödəyəcəksiniz.

Kiprdə gəziləcək yerlər

0
Kipr

Kiprə səyahət etmək istəyənlər üçün yazdığım məqalədə ölkə haqqında dolğun məlumat verməyə çalışacam. Inkişaf etmiş ölkə və məşhur turizm mərkəzi olan Kipr hər il bir çox turist tərəfindən kəşf edilir.

Kipr haqqında bilməli olduğunuz vacib məlumatlar:

  • Kiprdə bir hava limanı var. Hava limanından gedəcəyiniz şəhərə çatmaq üçün ya ictimai nəqliyyatdan faydalanmalı, ya da nəqliyyat vasitəsi sifariş etməlisiniz. Hava limanından Kyrenia 43 km, Gazimağusa 50 km, İskele 47 km, Güzelyurt 56 km uzaqlıqda yerləşir.
  • KKTC-nin Türkiyə tərəfindən müstəqilliyi tanınır. Yəni orada Türkiyə bankları işləyir və Türk Lirəsi alış-veriş üçün istifadə olunur.
  • KKTC-yə getmək üçün VİZA-ya ehtiyacınız yoxdur. Sadəcə ümumvətəndaş pasportunuzu götürüb, səfərə çıxa bilərsiniz.
  • KKTC-də ictimai nəqliyyat qənaətbəxş deyil. Taksilərin gediş haqqı da bahadır. Burda səyahətdə olarkən nəqliyyatın praktikliyini və rahatlığını istiyirsinizsə avtomobil kirayəsindən (rent a car) istifadə edə bilərsiniz. Kiprdə avtomobilin sükanı sağdadır. Yəni trafikin soldan axdığını unutmuyun.
  • KKTC tətilində krant suyu içmək məsləhət deyil.
  • Spirt, siqaret Kiprdə həqiqətən çox, ucuzdur. Benzin də nisbətən ucuzdur. Alkoqol alarkən Duty Free-in əvəzinə şəhərdə Off Licence yazılan marketləri seçməyiniz məsləhətdir. Burda qiymətlər çox münasibdir.
  • Kiprdə türkcə danışıllar, sadəcə “K” hərfini “G” kimi istifadə edirlər.
  • Burda ilin 9 ayı hava isti olur.

Mütləq dadmalısınız…

Kiprin məşhur yeməkləri deyəndə ilk ağla gələn Şaftalı Kababıdır. Şaftalının heç bir aidiyyatı olmayan bu kabab Şef Alinin əsəriymiş. Tərkibi ət (qoyun və ya quzu əti), sogan və cəfəri olan bu kabab Kiprin ən məşhur dadları siyahısındadı. Mantısı isə bir başqa ləzzətdir. Qəlyanaltıları da çox məşhurdu. Səhər qəlyanaltısında hellim pendirini mütləq dadın. Əlbəttə ki, bu ləzzətlər ağız dadınıza görə dəyişə bilər, amma qızardılmış mükəmməl bir pendir ləzzəti Kiprdədir.

Kipr əyləncəni sevir

Kiprin gecə həyatırəngli diskotekalarında əylənmək üçün turistlər dünyanın hər yerindən buraya axışırlar. İsti mövsümdə Kipr otellərində yer tapmaq çətin ola bilər. Kiprə səyahətinizi erkən planlaşdırmaq Sizə daha qənaətli büdcə ilə daha yaxşı otellərdə qalmaq imkanı qazandıracaq.
AB komissiyasının verdiyi məlumatlara görə Kipr dənizləri 99% təmizdir. Yəni Kiprin hər yerindən dənizə girə bilərsiniz. Kiprin ən yaxşı çimərliklərində istirahət etmək istəyirsinizsə, bu yerlərə baxın: Altinkum Sahili, Qlapsides, Yavuz Landing Beach, Alagadi çimərliyiYesilirmak çimərliyi.

Kipr

Mədəniyyət şəhəri – Kipr

Aralıq dənizinin ən gözəl sahilləri olan Kiprin tarixini araşdırmaq istəyirsinizsə, qarşınıza çox şey çıxacaq, çünki bura mədəniyyət şəhəridir.
Qədim dövrlərdən bəri dəniz marşrutları üçün ideal bir liman olan Kipr hər zaman böyük mədəniyyətlər tərəfindən dəstəklənmiş və adanın memarlıq strukturu sənət əsərlər ilə zənginləşdirilmişdir.

Salamis

Kiprin gəzməli yerlərini araşdırmaq üçün Gazimağusadan (Famagusta) başlaya bilərsiniz. Cənubi Kiprin bir çox tarixi yerləri məhz bu bölgədədir.
KKTC səfəriniz zamanı mənəvi zövq almaq üçün tur seşmək istəyirsinizsə, ilk görəcəyiniz yer Salamis Antik şəhəridir. Salamis Antik şəhəri eramızdan əvvəl 11-ci əsr Hz. İsanın həvarilərindən biri olan Müqəddəs Barnabanın xütbələrinə şahid olub.
Müqəddəs Barnabanın xatirələrini nəzərdən keçirmək üçün Barnaba Kilsəsinə gedə bilərsiniz. Tarix boyu ciddi müzakirələrə səbəb olan Barnabas İncilini yazan Müqəddəs Barnabas Kiprin ən məşhur tarixi şəxsiyyətlərindən biridir.

Barnabas

Tarixə şahid olmaq üçün Kiprdə görməli olduğunuz ikincı yer Namiq Kamal zindanıVenesiya Sarayıdır. Saray, tarixin ən uğurlu dəniz tacirləri olan Kipr padşahlarının iqamətgahları olub.
Kiprdə bu tipli mədəni turlara qatılmaq istəyiniz çoxdursa Kiprin səyahət kitabçasında bu yerlərə diqqət yetirin: Lalə Mustafa Paşa Məscidi, Müqəddəs Nikolay Katedralı, Bellapais Monastırı, Barbarizm Muzeyi, Kreniya Qapısı, Büyük Han, Mavi Pavilion və Sunken Gəmi Muzeyi və s.

Polşanın turizm portalında Azərbaycanın turizm potensialı barədə geniş müsahibə dərc olunub

0
Polşa

Polşanın turizm portalında ölkəmizin turizm potensialı barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin geniş müsahibəsi dərc olunub.

Müsahibədə pandemiya dövründə Azərbaycanın turizmi, bundan sonra atılacaq addımlar və tədbirlər barədə məlumatlar verilib.

“Təhlükəsiz, açıq və qonaqpərvər ölkə” olaraq adlandırılan Azərbaycanda turizm mövsümünün nə vaxt açılacağının zamanı tam bəlli olmasa da, ölkə buna hazır olacaq. Bunu Florian Zenqstşmid deyib. O bildirib ki, ölkəmiz buna tam hazırdır və istənilən turistin arzularını gerçəkləşdirməyə zəmanət verir. Lakin hazırda Azərbaycanda əsas prioritet insanların sağlamlığıdır: “Hamımız sərhədlərin açılmasını gözləyirik. Ümid edirəm ki, bu yay xaricdən, o cümlədən Polşadan Azərbaycana qonaq qəbul edə biləcəyik. Azərbaycan Turizm Bürosu turizmin dörd mərhələ üzrə bərpası planını hazırlayıb. Biz bu passiv dövrü onlayn platformalar vasitəsilə ən yaxşı təcrübələrimizi ortaqlarımızla bölüşmək və turistlər üçün vacib olan məzmun yaratmaq üçün istifadə edirik”, – deyə icraçı direktor əlavə edib.

Müsahibədə həmçinin Azərbaycanın dünyəvi ölkə olması, hər cür turistin burada azad şəkildə ənənələri pozmadan dincəlməsi üçün şəraitin olmasından danışılır. Ölkənin milli mətbəxi, dəyərləri, qadın azadlığı, habelə viza qaydaları və sairə barədə də geniş məlumat çatdırılıb.

Tarixi-mədəni abidələrlə zəngin yer – Misirin cənub bölgəsi

0
Misir

Misirin cənub bölgəsindəki vilayətlər turistlər üçün tarixi-mədəni abidələrlə zəngindir. Sivilizasiyanın ilk beşiyində çoxlu sayda mədəniyyət abidələri, Qədim Misirin zəngin tarixi irsinin yadigarları var. Bu bölgənin insanları da qonaqpərvərliyi ilə seçilirlər.

AZƏRTAC Qahirədən Lukdora və Asuanadək tarixi yerlər haqqında zəngin məlumatları oxucularla bölüşür.

Fayyum

Eyniadlı yaşıl vadidə yerləşən bu ərazi Liviya səhrası ilə əhatə olunub. Buradakı Qarun gölündə turistlər üçün balıq tutmaq, qayıqda gəzmək imkanları var. Fayyum rəssamlarının Qədim Misir zamanından indiyədək davam edən portret rəsmləri Şərqdə və Afrikada məşhurdur. Vilayətin daha bir görməli məkanı şəlalələrin olduğu Rayan vadisidir. Arxeoloji abidələrlə zəngin olan Hitan vadisi isə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Yusuf kanalı vilayətin mərkəzi olan Fayyum şəhərini Nil çayı ilə birləşdirir. Misirin ən qədim yaşayış məskənlərindən biri olan bu şəhərin 4 min illik tarixi var. Fironların dövründə bu şəhəri timsahlar məkanı adlandırıblar və onun hamisi də timsah başı olan Sebek tanrısı olub.

Beni Sueyf

Qahirədən cənuba doğru növbəti şəhər Beni Sueyfdir. Eyniadlı vilayətin mərkəzi olan bu şəhər turistlər arasında daha populyardır. Məşhur Medum ehramı da onun yaxınlığında yerləşir.

Beni Sueyf ölkənin müasir mədəniyyət mərkəzlərindən biri kimi də tanınır. Eyni zamanda, vilayət pambıqçılıq və toxuculuq üzrə Misirin mühüm bölgələrindən biridir.

Minya

Beni Seuyfdən avtomobillə cənuba iki saatlıq məsafədə Misirin pambıqçılıq, yun istehsalı və yeyinti sənayesi üzrə mühüm şəhəri, eyni zamanda, qədim abidələrlə zəngin məkanı olan Minya yerləşir. Qibti misirlilər qədim zamanlarda bu şəhəri Tmune adlandırıblar. Minya xristianlar arasında 328-ci ildə imperatriçə Yelenanın inşa etdirdiyi və yaxınlıqda İsa peyğəmbərin ailəsinin təqibdən qaçaraq sığınacaq tapdığı mağara ilə məşhurdur. Nil çayının qərb sahilində yerləşən bu şəhəri “Yuxarı Misirin incisi” də adlandırırlar.

Minyada turistlərin böyük marağına səbəb olan daha bir məkan 2018-ci ildə tapılmış və 2,5 min il yaşı olan nekropollardır. Burada kahinlər və saray əyanlarının sarkofaqları, çoxlu zinət əşyaları aşkar edilib və Minya Muzeyində nümayiş etdirilir.

Assyut və Sohaq

Cənub istiqamətində növbəti şəhər qədim yunanların və romalıların Likopolis (canavarlar şəhəri) adlandırdıqları Assyut şəhəridir. Yuxarı Misirin idarə edən firon Rekamayinin qalxanı da bu ərazidə tapılıb. Assyutda arxeoloqların aşkar etdikləri sərdabalar və daşüstü kitabələr tarixçilər üçün mühüm mənbə olub. Yunan-Roma dövründə bu ərazidəki qibtilərin özəl dialekti, fərqli mədəniyyəti və məişəti olub. Bu baxımdan, şəhər İtaliya və Yunanıstandan gələn turistlər üçün daha cəlbedicidir.

1981-ci ildə Assyutda müsəlmanlarla qibti xristianlar arasında münaqişə yaranıb. Lakin hazırda iki dinin mənsubları dinc-yanaşı yaşayırlar.

Bir az yaxınlıqda isə qibti xristianların daha sıx məskunlaşdığı Sohaq yerləşir. Ağ və Qırmızı monastırlar da bu şəhərin ərazisindədir. Sohaq tarixi-mədəni abidələrlə də zəngindir.

Luksor

Eramızdan əvvəl XVI-XI Qədim Misir fironlarının paytaxtı Fivada yerləşən bu şəhər ən populyar turizm məkanıdır. Nil vadisinin ecazkar mənzərəsi, Karnak məbədi, Fironlar vadisini hər il on minlərlə turist ziyarət edir. Səyahətçilər burada qayıqlarla Nil çayında üzə, həmçinin hava şarları ilə vadinin mənzərəsini seyr edə bilər. Sfinks heykəlləri və fironların sərdabaları da Luksordadır.

Dünyanın ən böyük açıq hava muzeyi sayılan Luksordakı ağırlığı 720 ton və hündürlüyü 21 metr olan nəhəng abidələr turistləri heyrətə salır. Fironlar vadisində olan bu heykəllərin 3 400 il yaşı var.

Luksor iki hissəyə “Dirilər şəhəri” və “Ölülər şəhəri”nə bölünür. Əhalinin yaşadığı birinci rayon Nilin sağ sahilində yerləşir və turistlər buradakı otellərdə qalır. Açıq hava muzeyi olan “Ölülər şəhəri” isə möhtəşəm tarixi abidələrin yerləşdiyi ərazidir.

Səudiyyə Ərəbistanı nəhəng büdcəsi olan Turizmin İnkişafı Fondunu yaradıb

0
Səudiyyə Ərəbistan

Səudiyyə Ərəbistanında 4 milyard dollar büdcəsi olan Turizmin İnkişafı Fondu yaradılıb. Fondun fəaliyyətini təmin etmək üçün əlavə olaraq özəl banklarla 45 milyard dollar məbləğində kreditlər ayrılması barədə razılıq əldə olunub.

Krallığın Turizm naziri Əhməd əl-Xətib jurnalistlərə müsahibəsində turizm sektorunun ölkə üçün böyük əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, bu sektorun fəaliyyətinin gücləndirilməsi Səudiyyə Ərəbistanının daha populyar turizm istiqamətinə çevrilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və ölkəyə valyuta axınının artması baxımından mühümdür.

Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi Milli İnkişaf Fondu artıq yeni fondun İdarə Heyətinin tərkibini təsdiq edib. Turizmin İnkişafı Fondu 2022-ci ilədək Səudiyyə Ərəbistanının 38 şəhərində yerli və beynəlxalq turizmin inkişafı üzrə milli strategiyanı həyata keçirəcək.

Qeyd edək ki, hazırda turizm sektorundan gəlirlər ümumi daxili məhsulun 3 faizini təşkil edir və Krallığın Nazirlər Şurası 2030-cu ildə bu göstəricini 10 faizə çatdırmağı planlaşdırır.

Dövlət Turizm Agentliyi: Ümumi daxili məhsulun formalaşmasında turzimin payı 2,6 faizdən 1,7 faizə düşüb

0
Turizm

Pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri də turizm sahəsidir. Dünya turizmi faktiki olaraq sıfır nöqtəsindədir və bu sahədə müşahidə edilən böhran qlobal xarakter daşıyır. Azərbaycana səfər edən xarici vətəndaşların cari ilin may ayı üzrə statistik göstəricilərini 2019-cu ilin eyni dövrü ilə müqayisə etdikdə 90 faiz azalmanın müşahidə olunduğunu görə bilərik.

Ötən illə müqayisədə daxili turizmdə səfərlərin sayı 1 milyona qədər azalıb, ümumdaxili məhsulun formalaşmasında turzimin payı 2,6 faizdən 1,7 faizə düşüb.

Bu barədə Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib.

Qurumun məlumatına əsasən, ümumiyyətlə, turizm sahəsinin iqtisadiyatın digər sahələrindən fərqli xüsusiyyəti bundan ibarətdir ki, dünyanın üzləşdiyi məlum problem səbəbindən bu sahədəki vəziyyəti yaxşıya doğru dəyişmək qısa zaman kəsiyində mümkün olmayacaq.

Bütün bunları nəzərə alaraq, turizmin bərpası dörd mərhələdən – hazırlıq, daxili turizimin bərpası, bir sıra ölkələrlə sərhədlərin açılması və bütün dünya ilə sərhədlərin açılması mərhələlərindən keçəcək. Həmçinin turizmin pərpası üçün ölkələri ziyarət edəcək insanların psixoloji durumu əsas götürülməlidir. Burada əsas kriteriya o olmalıdır ki, insanların sağlamlığının qorunması əsas şərt kimi qəbul edilsin. Yəni insanlar yeni şərtlərə adaptasiya olunmalıdırlar.

“Ölkəmizdə turizm sahəsinin inkişafı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatələnib. Bu sahə neft və qaz sənayesindən sonra ölkə iqtisadiyyatına gəlir gətirən ikinci sahədir. Turizm həm biznesdir, həm də ölkənin tanıtımıdır. Hazırda turizmə dəstək olacaq təkliflər ondan ibarətdir ki, bundan əvvəlki kimi, bu sahəyə dəstək davamlı olsun. Bu gün ümumi iqtisadiyyat subyektlərinə edilən yardım çərçivəsində turizmə və bu sahədə çalışan insanlara da yardım göstərilib. Bu yardımın məbləği təxminən 7 milyon 800 min manata yaxındır. Bunun 7 milyon 200 mini maaşların ödənilməsi üçün sərf edilib. Qalan məbləğ isə ötən il ödənilən vergilərin bir qisminin qaytarılmasını ehtiva edir”, – məlumatda belə deyilir.

Vurğulanır ki, dövlətimizin başçısı bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü zamanı davamlı olaraq, turizm sahəsinin ən çox ziyana uğramış sahələrdən biri olduğunu qeyd edib. Prezidentimiz Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə görüşü zamanı da turzim sahəsinə davamlı yardım göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

“Dövlət Turizm Agentliyi olaraq bütün turizm sənayesi subyektlərinə iş yerlərini qorumaları üçün müraciət etmişik. Turizm sahəsində insan resurslarından daha çox şey asılıdır. Burada itirilən insan potensialını bərpa etmək sonradan çətinliklər yarada bilər. İndiki mərhələdə əsas məsələ iş yerlərinin itirilməməsi məsələsidir. Bu istiqamətdə də təkliflər hazırlanır və müzakirə edilir”, – deyə bildirilir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir

0
turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti ilə onlayn müzakirə təşkil edilib.

ATAA-nın mətbuat xidmətindən bildirilib ki, müzakirə zamanı ikitərəfli əlaqələrin və əməkdaşlığın genişləndirilməsindən danışılıb. Aviauçuşların bərpası, sərnişinlərin təhlükəsizliyi, eləcə də bilet satışı ilə məşğul olan turizm şirkətlərinin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq olduğunu deyib. Sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.

Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizm şirkətlərinin böhran yaşadığını diqqətə çatdırıb. Rüfət Hacıyev iyunun 18-dən AZAL tərəfindən bilet satışının yalnız onlayn qaydada həyata keçirildiyini bildirib. Əksər turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını da diqqətə çatdırıb.

Azal rəsmisi karantin bitdikdən sonra, bilet satışlarının sərnişinlərin istəyinə uyğun olaraq həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacağını qeyd edib. O, eyni zamanda, turizm şirkətlərinin karantindən sonra öz müştərilərinə bilet satışından danışıb. Əvvəlki qaydada həyata keçiriləcəyini vurğulayıb.

Eldar Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istiqamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.

Müzakirələr çərçivəsində Rüfət Hacıyev iş yerlərində virusa yoluxma risklərini azaltmaq məqsədilə ATAA tərəfindən turizm şirkətləri üçün yeni standartlar təklifinin hazırlandığını da diqqətə çatdırıb.

Onlayn müzakirələrin sonunda ikitərəfli görüşlərin mütəmadi olaraq keçiriləcəyindən danışılıb. AZAL və ATAA üzvləri arasında pandemiya dövründə kommunikasiya əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.

Fuad Nağıyev: Turizm daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir

0
Fuad Nağıyev

İyunun 23-də videokonfrans formatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclası təşkil olunub.

Bu barədə Gezmeli.az-a Dövlət Turizm Agentliyindən bildirilib.

Videokonfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşünü xatırladıb. O, Türk Şurasının dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü təşkil edən ilk beynəlxalq təşkilat olduğunu qeyd edib. Həmçinin əlavə edib ki, bu, türk dövlətlərinin ən yüksək səviyyədə həmrəyliyinin göstəricisidir.

Daha sonra Fuad Nağıyev ilk gündən pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanda görülən operativ və çevik tədbirlər haqda məlumat verib. İqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün atılan addımlar haqqında danışıb.

Fuad Nağıyev turizmin pandemiyadan ən çox zərər çəkən sahə olmasını qeyd edib. Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi tərəfindən fevral ayının ikinci yarısından başlayaraq pandemiyanın turizm sənayesinə təsirlərini minimuma endirmək üçün görülən preventiv tədbirlərdən danışıb. Həmçinin sənayenin bərpası üçün görülən tədbirlərdən bəhs edib.

O vurğulayıb ki, turizm iqtisadiyyatın əsas sahələrindən biri kimi post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir.

Fuad Nağıyev, Azərbaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılmasından danışıb. Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.

Sonda Fuad Nağıyev dünya turizm sənayesinin tezliklə öz inkişaf tempinə qayıdacağına ümid etdiyini bildirib. Türk Şurasının növbəti görüşlərinin Azərbaycanda keçiriləcəyinə inamını ifadə edib.

Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın turizm nazirliklərinin, həmçinin təşkilatda müşahidəçi statusa malik Macarıstanın Turizm Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər şəraitində üzv ölkələr arasında turizm sahəsində mövcud əlaqələrdən danışılıb. Turizm üzrə gələcək əməkdaşlıq məsələləri, “Müasir İpək Yolu Turu” birgə layihəsi haqqında müzakirələr keçirilib.

Gəzməli yerlər-Plovdiv

0
Plovdiv

Əgər İstanbulda yaşayırsınızsa və multiple-girişli Schengen vizanız varsa, sizə Bolqarıstanın Plovdiv şəhərindən Ryanair ilə gerçəkləşdirilən uçuşlara nəzər yetirməyinizi məsləhət görərdim. Belə ki Bolqarıstanın 2-ci böyük şəhəri olan, 2019-cu il üçün “Avropanın Mədəniyyət Mərkəzi” seçilən və dünyanın ən qədim şəhərlərindən biri olan Plovdivdən Brussels Charleroi (Belçika), Frankfurt Hahn (Almaniya), Milan Bergamo (İtaliya) və London Stansted (İngiltərə) aeroportlarına birbaşa uçuşlar gerçəkləşdirilir.

Plovdiv

Mən Plovdiv-Brussels-Plovdiv istiqamətində uçuşu 26 avroya almışdım. İstanbuldan isə Metro avtobus şirkəti ilə 180 liraya İstanbul-Plovdiv-İstanbul istiqamətində bilet aldım. İndiki məzənnə ilə götürəndə 26 avro x 5 (təyyarə bileti) + 180 lira (avtobus bileti) = 310 lira tutdu. Pegasusla birbaşa İstanbul-Brussels-İstanbul biletləri isə od bahasıdır, hardasa 800-1000 lira arası

Plovdiv

Avtobus Yug (Cənub) avtovağzalında dayanır, hansı ki bu avtovağzal şəhər mərkəzinə çox yaxındır. Asanlıqla ordan birbaşa piyada şəkildə şəhəri gəzməyə yola düşə bilərsiniz. İstanbuldan Plovdivə gedərkən gecə 11də yola düşən avtobus səhər saat 5də artıq avtovağzalda idi. Orda gözləmə zalı və pulsuz internet də mövcuddur.

Plovdiv

Getməmişdən əvvəl, qrupda da yazıb soruşmuşdum, mərkəzdən aeroporta necə və ya hansı taksidən istifadə edərək yola düşmək lazımdır ki, taksilər sizi aldatmasın. Instagramda “loveplovdiv” adlı səhifəni tapıb, onun admini ilə əlaqə yaratdım, sağolsun ətraflı məlumat verdi. “Taxistars” deyə bir application var, şəhərdə mərkəzdə rahatlıqla internet tapmaq mümkündür. O application vasitəsilə taksi sifariş verirsiniz, km başına 0.75 leva-ya sizi çatdırır aeroporta. Ancaq tərsi çox da mümkün olmur, yəni aeroportdan şəhər mərkəzinə applicationdan istifadə edərək taksi tapmaq çətindir. Ordakı taksilər də 50 levadan qiymət oxumağa başlayır, amma onu 25-30 levaya endirmək mümkündür. Sayğac açdırmağı düşünməyin, çünki sayğacla oynayıblar və daha baha qiymət yazır bu halda.

Mən qayıdanda aeroportda mənim kimi 7 türk gəncinin olduğunu gördüm, onlara yaxınlaşdım və təklif etdim ki, şəhərə gedirlərsə mən də onlara qoşulum və taksi xərcinə ortaq olum. Elə onlar da mənim kimi həmin route-la səyahət edən və aeroportdan mərkəzə, mərkəzdən də avtovağzala yola düşməyi planlayan gənclər imişlər. İstanbula da eyni avtobusda qayıtdıq və beləliklə 7 yeni yoldaş qazanmış oldum.

Bolqar dostum məni getməmişdən əvvəl nə dərəcədə qorxutmuşdusa, gedəndə onun danışdıqlarının tam əksinə münasibətlə qarşılaşdım. Şəhər çox sakit, huzurlu və təhlükəsiz, insanlar gülərüz və yardımsevər idi, dil bilməsələr də canla başla yardımçı olmağa çalışırdılar.

Plovdiv

Mən avtovağzaldan yola çıxıb əvvəla “Rowing channel” adlanan avarçəkmə kanalına yola düşdüm. Şəhər çox yaşıl bir şəhərdir, elə avarçəkmə kanalının ətrafı da yaşıl ağaclarla dolu idi, səhər saat 8-9 idi mən ora çatanda və uşaqdan yaşlıya çoxsayda qaçanlar, piyada gəzənlər, velosiped sürənlər və avarçəkənlər artıq məşqlərinə başlamışdı.

Plovdiv

İkinci baş çəkdiyim isə “Old Town Plovdiv” idi, bizim İçərişəhərin daha böyük versiyasını düşünə bilərsiniz. 1 gün vaxtım var, təkərli çemodanlarla gəzərəm deyə düşünməyin, çünki ən gəziləsi yerlərdən biri olan Old Town özü təpəlikdən və daşlıq yollardan ibarətdir. Old Town’da maraqlı mağazalardan biri də retro fotolar çəkən məkan idi, sizin 10-15 ədər fərqli pozalarda şəklinizi çəkir, mail vasitəsilə göndərir, sonrasında isə 1ni həm normal, həm də old style formada çıxardaraq təqdim edirlər və bunların hamısı 20 leva (instagram adresi: retro_photo_old_plovdiv)
Yeri gəlmişkən Eur və leva məzənnəsi sabitlənib, 1.95dən leva ala bilərsini, 1.96dan isə levanızı eur-a çevirə bilərsiniz.

Plovdiv

Plovdiv də İstanbul kimi 7 təpədən ibarətdir, mənim bütün təpələrə çıxmağa vaxtım qalmadı amma çıxdığım təpələrdən biri Nebe təpəsi idi.

Gəzməli yerlər-Mtsxeta

0
Mtsxeta

Gürcüstanın UNESCO incisi və “müqəddəs şəhəri” sayılan Mtsxeta Mtkvari (Kür) və Araqvi çaylarının qovşağında yerləşir. Tiflisdən cəmi 20 km şimalda yerləşən bu şəhərin kilsələri 1994-cü ildə UNESCO irsinə daxil edilmiş və xristianlığın beşiyi sayılan şəhərlərdən hesab olunur.

Mtsxeta

Ən məşhur kilsəsi Cvari kilsəsidir ki, bu da turistlər arasında yerinə görə məşhurdur. Belə ki, kilsənin həyətindən çayların qovşağının yaratdığı əsrarəngsiz mənzərəni seyr edə bilərsiniz. Digər bir məşhur kilsə isə Svetitsxoveli kilsəsidir ki, bu da Orta Əsrlər Qafqaz mədəniyyətinin bariz nümunələrindəndir, hansı ki burada ən qədim gürcü əlifbasının sübutu olan tarixi əlyazmalara rast gələ bilərsiniz.

Mtsxeta

Mtsxetadan bir az kənarda Armaztsixe qalası və akropolisi yerləşir ki, bunun da tarixi eramızdan əvvəl 3-cü əsrinə gedib çıxır. Həmçinin burada Pompey körpüsü yerləşir ki, əfsanələrə görə Böyük Pompeyin eramızdan əvvəl birinci əsrdə İberiyada olduğu müddətdə tikilib. Gəlmişkən Samtavro monastırına da baş çəkməyi unutmayın.

Mtsxeta

Tarixi yerlərə baş çəkdikdən, dağlı-çaylı mənzərələri seyr etdikdən sonra bazara dəyməyin əsl vaxtıdır deyə düşünürəm. Mtsxetanın mərkəzində böyük bazar var, siz burada suvenirdən tutmuş çaxıra kimi, hətta lavaş turşusuna kimi ürəyiniz istəyən hər bir şeyi tapa bilərsiniz. Lavaş turşusu demişkən, eynən bizdəki kimi böyük şose yollarının qırağı boyunca (əsas da rayonlara gedəndə) bu turşuların “sərgisi”ni görə bilərsiniz.

Mtsxeta

Bazarla da işinizi bitirdikdən sonra aclıq instinktiniz sizi bilaixtiyar gürcü xingalını yeməyə aparacaq, nə deyirəm olsun. Əgər dadlı yeməklərdən və gözəl dağ mənzərəsindən zövq almaq istəyirsinizsə Zgapari restoranını yoxlayın. Yeməklərə gəldikdə isə, təklif edərdim ki, xingalla yanaşı digər gürcü yeməklərini də yoxlayın. Öz bəyəndiklərimdən toyuq kababı, lobiani, xaçapuri və ya lobiani kabablarını (inanılmaz dərəcədə dadlıdır!) sizə də məsləhət görürəm. Bir də qeyd edim ki, istənilən gürcü xingalının tərkibində donuz əti olur, çox vaxt mal əti ilə qarışdırsalar belə, donuz əti yemirsizsə bunu bilməyinizdə fayda var.

Mtsxeta

Həə, bir də limonadları. Biz gürcü dostlarımızla yeyib içəndə dedik ki, bəs bizə məşhur Nataxtari… Rastlaşdığımız mənzərə bu gürcülərin turşutduqları üzləri oldu. Sən demə əksər gürcülər bizim “bəh-bəh”lədiyimiz Nataxtarini bəyənmirmiş və ən sevdikləri isə Zedazeni imiş. Siz də yoxlayın əminəm ki, bəyənəcəksiniz. Bir də gürcülərin “lagidze”ləri təbii siroplardan və sodadan hazırlanır, 2014-cü ilə bu hazırlanma texnikası da UNESCO irsinə daxil edilmişdir.

Mineral suları məncə bizim azərbaycanlılara çoxdan məlumdur, yenə də təkrar etməkdə fayda var: Borjomi, Likani, Nabeglavi və Sairme.

Mtsxeta

Alkoqollu içkilərdən meyvəli çaça və təbii üsulla hazırlanan qvevri çaxırlarını yoxlaya bilərsiniz. Yox əgər məşhur gürcü brendi olan şərablardan istəyirsizsə seçim çoxdur. Tünd və qırmızı çaxırları sevirsinizsə ən bəyənilən və festivallarda qızıl medala layiq görülmüş “İlerco” (qırmızı və quru üzüm şərabı) “Saperavi” və “Mukuzani” şərablarını yoxlaya bilərsiniz. Əgər nisbətən yüngül və ağ çaxır bəyənirsinizsə onda “Rkatsiteli Qvevri Qlexuri” şərabını yoxlamağa dəyər. Həmişə gəzməkdə!