Son illər Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafına, makroiqtisadi göstəricilərin davamlı artımına səbəb olur. Bu nailiyyətlərin əldə edilməsində turizm sənayesinin də müəyyən payı var. Azərbaycanın coğrafi mövqeyi, təbiəti, tarixi, iqlimi, abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turistlərin ölkəmizə səfər etməsinə geniş imkanlar açib.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ bu gün həm də, ölkənin ən önəmli turizm mərkəzlərindən biri kimi tanınır. Geniş turizm infrastrukturuna malik olan Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ilin yanvar-fevral aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 23 min 506 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 15 min 662-si və ya 66,6 faizi Azərbaycan, 7 min 844-ü və ya 33,4 faizi xarici ölkə vətəndaşı olub. Bu ilin ilk 2 ayında otel və mehmanxanalarda yerləşən turistlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 min 716 nəfər və ya 32,1 faiz artıb. Yerli turistlərin sayında 7 min 312 nəfər və ya 87,6 faiz artım olub. Əcnəbi turistlərin sayında isə 1596 nəfər və ya 16,9 faiz azalma qeydə alınıb.
İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında əvvəlki aylarda olduğu kimi, yenə də Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Cari ilin ilk 2 ayında bu ölkənin 2 min 443 vətəndaşı Qəbələdə olub. Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 1704 nəfərə çatıb. Ümumiyyətlə, yanvar-fevral aylarında Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlər arasında Küveyt, Bəhreyn, Oman, Rusiya, Hindistan, Pakistan və Türkiyədən olanlar üstünlük təşkil edib.
2020-ci ilin yanvar-fevral aylarında rayon ərazisində 16 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2043 yerdir. Ötən iki ayda otel və mehmanxanalarda 4 min 701 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 74,6 manat təşkil edib. Turistlərin orta qalma müddəti 1-2 gün olub.
“Sahibkarların düşdüyü ağır vəziyyətdən çıxması üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsində güzəştlər edilməsini, qanunvericilikdə epidemiyanın fors-major məqamlara aid edilməsini, vergi tətillərinin elan edilməsini vacib sayıram”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib. Ə. Məsimli deyib ki, vergi tətilləri çox qısa müddət üçün vacibdir.
Deputat R. Nurullayev bildirib ki, Azərbaycanda tibbə aid sahələrin inkişafına ehtiyac yaranıb: “İmişli rayonunda 400-ə yaxın tibbi personala ehtiyac var. Bu ehtiyacdan çıxış edərək deyirəm ki, Tibb Universitetinin bir sıra rayon və şəhərlərdə filialının açılması lazımdır”.
Millət vəkili Nigar Arpadarai də qeyd edib ki, sahibkarlar ciddi problemlə üzləşiblər: “Turizm və xidmət sahəsini təmsil edən sahibkarlar ciddi problemlə üzləşiblər. Yaranan vəziyyətdə sahibkarları dəstəkləməyin yolları ilə bağlı düşünməliyik”.
Koronavirus səbəbilə dünyada insanların səyahətlərində azalmalar müşahidə olunur.
İnsanlar artıq hər hansı bir ölkədə deyil, regionda koronavirus olduğu təqdirdə ora getməkdən imtina edirlər. Təbii ki, yaranmış vəziyyət Azərbaycandan da yan keçməyib. Bu günlərdə sağlamlığı ilə bağlı əvvəlcədən planlaşdırılan, bayram tətili üçün öncədən bilet alan şəxslər var. Nəzərə alsaq ki, mart ayının 31-nə kimi demək olar əksər reyslər ləğv olunub, bu zaman əvvəlcədən ödənişi edilən səfərlərin taleyi necə olacaq?
Baku.TV xəbər verir ki, vəziyyətin kifayət qədər ciddi olamasına baxmayaraq, sağlamlığı ilə bağlı problemli şəxslər, vacib xarici səfərləri olanlar ölkəni tərk etmək məcburiyyətindədirlər. Bir neçə gün öncə bu məqsədlə səfər edənlər əllərində geri dönüş biletləri olmağına baxmayaraq, hava limanlarında qalıblar.
Səfəri təşkil edən tur agentliklərin nümayəndələri isə deyir ki, ən böyük zərbə onlara dəyib. Müştərilərinin bir qismi dünən Azərbaycan hava yolları tərəfindən təşkil olunan çarter reyslər vasitəsi ilə ölkəyə qayıtsa da, bir qismi hələ də gözləməyə məcburdur.
“Hətta bizdə dünən belə vəziyyət yarandı ki, İstanbul – Bakı reysi ilə uçmalı olan şəxsin səfəri heç cür alınmadı. Biz həmin şəxsə İstanbul – Moskva reysini təşkil etdik. Moskva – Bakı reysinin biletini isə özü alaraq ölkəyə gələ bildi”, – deyə turizim şirkətinin direktoru Pərviz Qasımov bildirib.
İnsanları düşündürən digər bir məqam isə, bir neçə ay öncə Novruz tətili üçün aldıqları aviabiletlərin taleyidir. Əgər eyni problemlə üzləşmisinizsə, o zaman istəyinizdən asılı olaraq, biletinizin tarixini ilin istənilən vaxtına təxirə sala bilərsiz:
“Bizim Novruz ərəfəsində Dubaya getməli olan müştərilərimiz vardı, onların turları ya ilin müxtəlif vaxtına dəyişdirilə bilər, istəmədikləri halda isə ödənişləri geri qaytarıla bilər. Bundan başqa, digər istiqamətlər var ki, onlara da martın sonuna kimi uçuşlar təxirə salınıb. Biz mütamadi olaraq hava yolları ilə əlaqə saxlayırıq onlar reys ləğv olunduğunda bildirirlər ki, tam olaraq müştərilərə ödənişləri geri qaytarılacaq”.
Ekspertlər hesab edir ki, pandemiyanın Azərbaycan turizminə təsiri ən yaxşı halda sentyabra qədər davam edəcək. Mövcud vəziyyətdə isə paytaxt ərzisində bir sıra mehmanxanaların öz fəaliyyətini dayandırması ən yaxşı addımdır.
“Yaranmış vəziyyətdə turizm sektorunda xidmət miqyasının azalması bu sahə üzrə işsizlərin sayını artıracaq”.
Koronavirus pandemiyası fonunda ölkədə xüsusi rejimin tətbiqi bir sıra sahələrə mənfi təsir göstərməkdədir. Bu sırada turizm sektorunda yaranmış vəziyyətin gün-gündən daha da mürəkkəbləşdiyi, dəyən maddi zərərin sürətlə artdığı xüsusi qeyd edilməlidir.
Nazirlər Kabinetinin xüsusi rejim fonunda sahibkarlara dəyən zərərin qarşılanması məqsədilə onlara təzminat ödənməyəcəyini bəyan etməsi sözügedən sektorda narahatlıqla qarşılanıb. Ona görə də, koronavirus təhlükəsi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin növbəti aylarda da davam etməsinin turizm sektoruna verəcəyi “töhfə” böyük maraq doğurur.
“Era Travel” turizm şirkətinin rəhbəri Anar Əliyev Yenicag.az-a açıqlamasında turizm sahəsindəki mövcd vəziyyətə toxunub. Anar Əliyevə görə, koronavirus pandemiyası ölkəyə gələn turist axınını tamamilə dayandırıb və bu tendensiya uzun müddət davam edərsə, vəziyyətin ağırlaşdığı turizm sektorunda daha ciddi problemlər yaşanacaq:
“Mövcud şəraitdə turizm sektorundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Türkiyədə iri turizm şirkətləri ofislərini bağlayaraq, bütün işçilərini məcburi məzuniyyətə buraxıblar. Bu səbəbdən, şirkətimizin Türkiyə filialının işçilərini də geri göndəriblər.
Aprel-may aylarında koronavirus pandemiyası davam edərsə, yay mövsümündə turizm sahəsində ciddi boşluqlar yaranacaq. Çünki koronavirusla mübarizənin hələ nə qədər davam edəcəyi bilinmir”.
Pandemiya fonunda tətbiq olunan məhdudlaşıdırcı tədbirlər nəticəsində zərər görən obyektlərə dövlət tərəfindən kompensasiya ödənilməsinin nəzərdə tutulmamasına münasibət bildirən Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov Yenicag.az-a açıqlamasında bildirib ki, xüsusi rejimin tətbiqi uzunmüddətli olarsa, bu, ölkədə işsizlərin sayını xeyli artıracaq:
“Turizm sektorunun Ümumi Daxili Məhsulda xüsusi çəkisi çox deyil. O baxımdan, turizm sahəsindəki 20-30 faizlik azalma ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək.
Özəl sektorun bir sahəsi olan turizmdə mümkün risklər öncədən nəzərə alınmalıdır. O da qeyd olunmalıdır ki, xüsusi rejim fonunda turizm sektorunda mövcud boşluqlar davam edərsə, həmin sektorda çalışanların əksəriyyəti işsiz qala bilər”.
Lənkəranın qardaşlıq əlaqələri qurmağa hazırlaşdığı növbəti şəhər İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhəridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fananinin və İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhərinin icra hakimiyyətinin başçısı Bima Arya Sugiartonun başçılıq etdiyi nümayəndə heyəti Lənkəran şəhərinə işgüzar səfərə gəlib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqlara Lənkəranın tarixi, təbiəti, təsərrüfat həyatı və sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə ətraflı məlumat verib.
Səfir və Boqor şəhərinin icra hakimiyyətinin başçısı səmimi qəbula görə minnətdarlıq edib. Boqor şəhərinin Lənkəranla qardaşlıq əlaqələrinin qurulmasının hər iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni töhfə olacağını bildiriblər.
Sonra tərəflər arasında təhsil, kənd təsərrüfatı və turizm sahəsində gələcək əməkdaşlıq əlaqələri və təcrübə mübadilələri ilə bağlı fikir mübadiləsi aparıl;Bgöstərilən sahələr üzrə qarşılıqlı əməkdaşlığın qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşün sonunda Lənkəranla Boqor şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı niyyət protokolu imzalanıb.
Qəbuldan sonra nümayəndə heyətinin üzvləri rayondakı Heydər Əliyev Mərkəzində bir qrup yerli iş adamı ilə görüşüblər.
Bima Arya Sugiarto, görüşdə iş adamlarına Boqor şəhərinin iqtisadiyyatı və təsərrüfat həyatının müxtəlif sahələri barədə ətraflı məlumat verib. Eyni zamanda, sahibkarları maraqlandıran sualları da cavablandırıb.
Sonra indoneziyalı qonaqlar Heydər Əliyev Xatirə Parkı, Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq Muzeyinin yerləşdiyi Xan evi, Xalça fabriki, “Green east” çəltikçilik təsərrüfatı, “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyaları, “Hallobonq” sitrus təsərrüfatı, İstisu müalicə və istirahət mərkəzi və digər görməli yerlərlə tanış olublar.
Azərbaycana gələn turistlərin həyat və sağlamlıqları sığortalanacaq.
APA-nın məlumatın görə, bu, “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə turistlərin ölkədə qarşılaşa biləcəyi potensial problemlərin qarşısının alınması və ya problemlərin effektiv şəkildə aradan qaldırılması məqsədilə turistlərin hüquq və vəzifələri haqda məlumat verilib. Onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət orqanlarının və sənaye subyektlərinin öhdəlikləri də əksini tapıb.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan “Turizm haqqında” qanunda (13-cü maddə) xaricə səfər edən azərbaycanlı turistlərin sığortalanması məsələləri əksini tapıb. Qeyd edilib ki, turistlərin getdiyi, müvəqqəti olacağı ölkənin (yerin) qanunvericiliyi ilə həmin ölkədə müvəqqəti olan şəxslərə göstərilən tibbi yardım üçün xərcin ödənilməsinə zəmanət verilməsi tələbi müəyyən edilmişdir. Turoperator (turaqent) belə zəmanətləri verməlidir. Turistlərin qəflətən xəstələnməkdən və bədbəxt hadisələrdən sığortalanması belə zəmanətlərin əsas formasıdır. Sığorta şəhadətnaməsində turistlərin getdiyi, müvəqqəti olacağı ölkədə (yerdə) sığorta hadisəsi olduqda, onlara tibbi yardım xərclərinin və bu hadisə ilə bağlı digər xərclərin ödənilməsi nəzərdə tutulmalıdır. Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib olunur. Turistlərin tələbi ilə turoperator (turaqent) səyahətin keçirilməsi ilə bağlı digər hallar üzrə sığorta xidmətləri göstərilməsinə kömək edir.
12-ci maddənin 2-ci abzasında isə ümumi formada qeyd olunur ki, turistlərin sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Mərkəzi ofisi Madrid şəhərində yerləşən BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) koronavirusun (COVİD 19) yayılması ilə əlaqədar bütün tədbirlərini aprelin sonuna qədər təxirə salıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun rəsmisi Marcelo Risi məlumat verib.
“Bu gün Ümumdünya Turizm Təşkilatı qlobal səviyyədə aprel ayının sonunadək bütün tədbirlərini təxirə salır. Təxirə salınan tədbirlərin nə vaxt keçiriləcəyi isə hadisələrin inkişafından asılı olacaq”, – o bildirib.
UNWTO-un mərkəzi ofisdə işləyən bütün işçiləri bundan sonra evdən işləyəcəklər.
M.Risi bildirib ki, təşkilatın heç bir aktiv fəaliyyəti olmayacaq: “Biz səhiyyə təşkilatların tövsiyələrinə əməl edirik. Əlbəttə ki, fəaliyyətimizi davam etdirəcəyik”.
Qeyd edək ki, bu gündən Madriddə bütün mağazalar (ərzaq və zəruri mallar, o cümlədən aptek və yanacaqdoldurma məntəqələri istisna olmaqla) restoranlar, barlar, teatrlar, kinoteatrlar, muzeylər, kazinolar, bəzi parklar bağlanacaq. Rəsmilər insanları mümkünsə evlərini tərk etməmələrini tövsiyə edib.
Son məlumatlara görə, İspaniyada virusa yoluxanların sayı 5 753 nəfərdir, onların da təxminən 3 min nəfəri Madriddədir. Epidemiya başlayandan bəri ölkədə 136 nəfər ölüb, 517 nəfər sağalıb.
Son illər Azərbaycanda turizmə diqqət artırılması restoran biznesinin də sürətlə inkişafinı şərtləndirib. Lakin bu sahədə müəyyən çatışmazlıqlar var. Müştərilər xüsusilə, xidmətdən narazılıq edilər. Yenisabah.az mövzu ilə bağlı süfrə mədəniyyəti üzrə ekspert Mahir Əhmədzadə ilə söhbətləşib:
– Mahir müəllim, restoranlarda xidmətdən narazılıqlar var. Sizcə, bu narazılıqlar əsaslıdırmı?
– Əslində, indi vəziyyət əvvəlki illərlə müqayisədə yaxşıdır. Mən 1999-cu ildən bu sahədə çalışıram. Həmin illərdə xidmət səviyyəsi doğrudan da aşağı idi. Amma getdikcə əsas çatışmazlıqlar aradan qaldırıldı. Moder restoranların açılması xidmətin də beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməsini zərurətə çevirdi. Doğrudur, elə restoranlar var ki, orada xidmət səviyyəsi o qədər də yüksək deyil. Lakin bunun da obyektiv səbəbləri var.
– Hansı səbəblərdən söhbət gedir?
– Əsas səbəb süfrə mədəniyyəti ilə bağlı maarifləndirmə işinin zəif aparılmasıdır. Telekanallarda mətbəx verilişləri nümayiş etdirilir. Bu yaxşı haldır. Amma daha yaxşı olardı ki, orada bişirilən yeməklərin süfrəyə necə qoyulması, qab-qacaq seçimi barədə danışılsın. Bu çox vacibdir. Sənin restoranında dadlı təamlar hazırlana bilər. Amma onu müştəriyə elə təqdim edərsən ki, bir daha restoranına gəlməz. Əvvəlki dövrlərlə müqayisədə insanlar indi restorana daha tez-tez gedir. Bu baxımdan, xidmətə ciddi diqqət yetirilməlidir. Bilirsiniz, bu sahədə ixtisaslı kadrlar o qədər çox deyil.
– Sizcə, kadr azlığının səbəbi nədir? Bu sahəyə maraq yoxdur, yoxsa başqa səbəblər var?
– Əsas səbəb bu sahəyə müvəqqəti iş kimi baxılmasıdır. Məsələn, kimsə işsizlik üzündən hansısa restoranda süfrəçi, yəni ofisiant işləyir. Amma bu işə dırnaqarası yanaşır. Bunu müvəqqəti iş hesab edir. Bu halda təbii ki, məsuliyyətli olmur. Nəticədə müştəriyə xidmət keyfiyyətli şəkildə olmur. Fikrimcə, bu sahəyə qədəm qoyanlar gənclər seçimini etməlidirlər. Xüsusilə, bu sahəyə aid olan təhsilli şəxslər karyeraları üçün məsuliyyətlərini artırmalıdırlar. Təəssüf ki, bu ənənə Azərbaycanda hələ tam formalaşmayıb. Lakin ümid edirəm ki, getdikcə vəziyyət daha da yaxşılaşacaq. Çünki artıq restoranlar xidmət sahəsinə ciddi önəm verməyə başlayıblar.
Bir məqamı da qeyd edim. Bu sahədə peşəkarlıq üçün yalnız nəzəriyyə kifayət deyil. Bu sahədə praktika daha önəmlidir. Ona görə də süfrəçilik sahəsinə maraq göstərənlər praktikaya üstünlük verməlidirlər. Yalnız kitabda oxuduqları ilə kifayətlənməməli, improvizələr etməli, fantaziyasını işə salaraq müştərini daha çox məmnun etməyə çalışmalıdır. Bir də, bu sahədə əsas məsələ düzgünlük, müştərilə münasibətdə etiket qaydalarına ciddi diqqət yetirmək və təmizlikdir. Əgər bu meyarlar olmasa, o zaman müştəri ximdətdən razı qala bilməyə bilər.
Gəlin qardaş Türkiyəyə baxaq. Bu gün Türkiyədə bu sahə güclü inkişaf edib. Türkiyə servisi dünyaya səs salıb. Niyə? Çünki onlarda turizm, restoran biznesi inkişafa qədəm qoyandan bu sahədə məktəblər, kurslar çoxalıb. Digər tərəfdən bu sahəyə gələnlər işlərinə məsuliyyətli yanaşır. Bu həm fərd olaraq işçi üçün yeni perspektivlər açır, həm işlədiyi obyektin nüfuzunu qaldırı, həm də vətəndaşı olduğu ölkəni tanıtdırır. Vətənə, xalqa xidmət müxtəlif cür olur. Hesab edirəm ki, yaxşı süfrəçi həm də vətənə, xalqa xidmət edir. Ən azı tursitlər bu barədə öz ölkələrində danışır. Məgər bu ölkəni tanıtmaq deyil?
– Qadınların bu sahədə azlıq təşkil etməsi barədə sosial şəbəkədə status paylaşmışdınız. Siczə, bunun səbəbi nədir?
– Təbii ki, bu ilk növbədə mühafizəkar cəmiyyət olmağımızla əlaqədardır. Lakin bu məsələ də getdikcə həllini tapmaqdadır. Yəni, insanlar artıq restoranlarda işləyən qadınlar haqqında ənənəvi düşüncədə deyillər. Bilirsiniz, yenə də deyirəm, burada maarifçilik əsas rol oynayır. İnsanlar bilməlidir ki, restoranda çalışmaq heç də aşağı, pis iş deyil. Əksinə, bu bir mədəniyyətdir. Burada qadın da, kişi də işləyə bilər. Bizim elə xanımlarımız var ki, süfrə mədəniyyətini öz ailələrində əxz ediblər. Hansısa səbəbdən ali təhsil ala bilməyən, yaxud başqa sahədə iş tapa bilməyən xanımlar süfrəçilik sahəsində çalışmaqdan çəkinməməlidirlər. Necə olur ki, qadın restorana gələ, orada istirahət edə bilir və heç kim bu barədə neqativ notlarla danışmır, amma qadın restoranda işləyəndə belə düşünmürlər. Bu yanlış yanaşmadır.
– Ümumiyyətlə, hazırda Azərbaycanda bu sahəyə maraq hansı səviyyədədir?
– Əvvəlki illərlə müqayisədə indi bu sahəyə maraq artıb. Mən əlbəttə ki, müvəqqəti olaraq bu sahədə işləyənlərdən yox, peşəkar kadrlardan danışıram. Xeyli sayda gənclər var ki, bu sahədə çox böyük uğurlara nail olublar və bu proses davam edir. Bunun da əlbəttə ölkəmizə də müsbət təsirləri var. Yaxşı xidmət turizmin inkişafına mühüm töhfə verə bilər. Turizmin inkişafı isə əlbəttə ki, iqtisadiyyatın inkişafıdır. Bu yerdə rəhmətlik Prezident Heydər Əliyevin sözü yada düşür: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
“Odlar yurdu”, təbiət və gözəllik məkanı – yerli sakinlər və qonaqlar oranı belə vəsf edir. Asiyanın qərbində, Avropanın şərqində, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan qonaqların, turistlərin diqqətini öz infrastrukturu, gözəl memarlıq üslubunda tikilmiş binaları, görməli yerləri, gözəl təbiət mənzərələrilə çəkir.
İnsanın Azərbaycanda öz gözlərilə gördükləri coğrafi xəritədə gördüklərindən, onunla bağlı informasiya mənbələrindən aldığı məlumatlardan fərqlidir. Doğrudur, bu məlumatlarda da ölkənin ən qədim insan məskənlərindən olduğunu deyilir. Amma bunu şəkillərdə, videolarda görmək başqa, qədim həyatı, bəşəriyyət tarixinin 6000 il əvvəlki vəziyyətini əks etdirən qayalara real olaraq toxunmaq başqa…
Biz təbiətin, tarixin bəxşi olan Azərbaycana baş çəkdik. Dünyadakı bütün palçıq vulkanlarının yarısı burada yerləşir. Onlar əslində, yerin bətnindən xəbər verir. Bir sözlə, səfərimiz Yerin təkinin, tarixin dərinliyinin sirlərilə dolu Azərbaycana idi.
İlkin çıxış
Mübahisəsiz demək olar ki, Azərbaycan hələ söylənilməmiş hekayələrlə doludur. Bu ölkəni fərqləndirən əsas cəhət orada Şərq əsrarəngizliyilə Avropa gözəlliyinin bir arada olmasıdır. O, min illər boyunca müxtəlif mədəniyyətlərin kəsişdiyi yer olub, dünyanın müxtəlif tərəflərindən gələn müsafirləri salamlayıb. Odur ki, Azərbaycan mədəniyyəti həm də bu müsafirlərin hekayələrindən toxunub. Bununla yanaşı, coğrafi mövqeyinə görə, onun tarixi dayanmadan yenilənir.
Paytaxt Bakıya səfərimiz fevralın 24-də Azərbaycan Turizm Şurasının dəvətilə baş tutub. Beynəlxalq Kral Əbdüləziz Aeroportundan erkən çıxıb Əbu-Dabiyə, oradan da günorta saat 3-də Bakıya çatdıq. Səfər ərzində Ciddə, ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində olduq.
Viza rəsmiləşdirilməsini bitirdikdən sonra aeroportdan otelə gedərkən diqqətimi gözəl mənzərələr, geniş küçələr çəkdi. Açığı, buranı dar küçələri olan şəhər kimi təsəvvür edirdim. Sən demə, Bakı müasir və heyrətamiz şəhərdir. Burada gözəl memarlıq üslubunda tikilmiş binaların sayı-hesabı yoxdur.
Paytaxt Bakıda dənizkənarı bulvara yaxın oteldə qaldıq. Səfərin ilk heç bir gəzinti və s. nəzərdə tutulmamışdı.
Qədim şəhər (İçərişəhər)
Səfərimizin ikinci gününü paytaxt Bakıda gəzinti ilə başladı. Səhər tezdən geniş qala qapısından keçərək, Qədim şəhərə daxil olduq. Bu, Azərbaycan paytaxtının ən qədim hissəsidir və tarixi məkan sayılır. Gəzişərək, buranın qədim tarixilə tanış olduq. Qədim şəhər insanı tarixlə tanışlığa təşviq edir.
Azərbaycanda çay içmək mərasiminin qədim ənənəvi kökləri var. Bu mərasim Azərbaycan mədəniyyətində çox mühüm yer tutur. Məqsəd sanki xoş ortam yaratmaqdır. Ənənəyə görə, hər gələn qonağa – hətta səfər 5 dəqiqəlik olsa belə – çay verilir.
Burada yerli və dünya mətbəxinin təqdim edildiyi restoranlar da çoxdur. Bakıdakı restoranların əksəriyyətində rəngarəng yemək növləri təqdim olunur.
İçərişəhərdə dükanları gəzdik, restoranlara baş çəkdik, demək olar ki, hər küçədə yerləşən dükanlardan xalça, xatirə hədiyyələri, əl işləri aldıq.
“Alov qüllələri”
Səfərin ikinci günü qəribə tikili olan “Alov qüllələri”nin qarşısında idik. Bu, Bakının ən hündür göydələnləridir. Onun ən ucasının hündürlüyü 190 metrdir. Çox vüqarlı görkəmi var. Alov şölələri şəklində tikilmiç 3 bina şəhərin görməli yerlərindəndir. “Alov qüllələri” həqiqətən də bir memarlıq incisidir. Bu 3 uca binanı şəhərin istənilən yerindən görünür.
Heydər Əliyev Mərkəzi
Bakıda daha bir müasir memarlıq incisi Heydər Əliyev Mərkəzidir. Zaha Hadidin layihəsi əsasında tikilmiş bina özünəməxsus üslubu ilə seçilir. Onun layihəsində düz xəttlərdən istifadə olunmayıb.
Mərkəzdə mədəni irs sərgisi də fəaliyyət göstərir. Orada Azərbaycan tarixinin bütün dövrləri, qədim sənətkarlıq nümunələri, xüsusilə ölkənin dünyada məşhur olan xalça nümunələri nümayiş olunur. Mərkəzdə XIX əsrin sonu, XX əsrin 60-cı illərinə aid nadir retro avtomobillərin sərgisi də var.
Yanardağ
Səfərin üçüncü günü paytaxtdan 30 kilometrlik məsafədə yerləşən, fasiləsiz alovlanan Yanardağa yollandıq. Bura Azərbaycanın oda nə qədər bağlı olduğunu göstərən məkandır. Əsrlərdir yanan bu dağın 10 metr hündürlüyü var. Hava soyuq olduğundan, alovun yaratdığı isti həzz verirdi.
Qəbələ
Dördüncü gün şimala – gözəl, soyuq turizm regionlarından olan Qəbələ rayonuna səfər etdik. Yol boyu əsrarəngiz təbiət mənzərələri, gözəl çöllük və s. Yol kənarında ləziz təndir çörəyi bişirən yaşlı qadının yanında dayandıq. Dərhal insanlar bizə özlərinin hazırladıqları çörək, qatıq, süd, qoz-fındıq, quru meyvə və s. təklif etdilər…
Lahıc qəsəbəsinə yollandıq. Bura soyuq və çox sakit yerdir. Qəbələdən təxminən 1 saatlıq məsafədə yerləşir. Qəsəbə sakinlərindən biri bizi gəzdirdi, sonda elə onun evində nahar etdik.
Kənddən çıxıb yola düzəldik və Qəbələyə çatdıq. Buradakı dağların zirvəsi istirahət məkanları ilə doludur. Hər yanda parklar, şəlalələr, xizək yolları və s. Qəbələnin yaşı 2000 ildən çoxdur. O, qədim dövrlərdə burada mövcud olmuş qədim dövlətin paytaxtı olub. Şəhər əhalisinin sayı 2011-ci ildə 12 min 808 nəfər təşkil edib.
Qobustan
Azərbaycanın yarımsəhra regionu olan Qobustanda 40 mindən çox qaya var. Orada xeyli sayda qayaüstü təsvirə rast gəlmək mümkündür. Elə bu səbəbdəndir ki, Qobustan UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb. Burada Roma legionlarından birinin qeydi belə, var və o, Şərqdə çox şöhrət tapıb. O, indiyədək legionların Şərqdə gəldikləri ən uzaq məkan sayılır.
Azərbaycanın bir neçə abidəsi Ümumdünya İrsi siyahısına salınıb. Bunlardan biri məhz Qobustan Milli Parkıdır. Buradakı bəzi qayaüstü təsvirlər bölgənin 25 000 il əvvəl insane məskəni olduğunu sübut edir.
Artıq qeyd etdiyimiz kimi, dünyada mövcud olan palçıq vulkanlarının təxminən yarısına Azərbaycandadır. Sayı 400-ə çatan bu vulkanlar da məhz Qobustandadır.
Şəki Xan Sarayı Azərbaycanın UNESCO-nun Ümumdünya İrso siyahısına salınmış (2019-cu ilin iyulunda) daha bir abidəsidir. Şəkinin tarixi mərkəzi və Şəki Xan Sarayı özünəməxsus tarixi və mədəniyyətilə seçilir. Qədim İpək Yolunun üzərində mühüm halqa olan Şəki qonaqları heyran edir. Sarayda əsrarəngiz sənətkarlıq nümunələri görmək mümkündür.
Mədəni tədbirlər
Azərbaycan müxtəlif toplantıların keçirildiyi ölkə kimi də tanınır. Eyni zamanda, o, biznes üçün ideal məkandır. Ən son 2019-cu ildə o, çox mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Həmin tədbirlərə 70-dən çox ölkənin hökumət nümayəndələri qatılıb.
2020-ci ilin sonunda isə Azərbaycan Beynəlxalq Şəbəkə Sammitinə ev sahibliyi etməyə hazırlaşır. Tədbirdə müxtəlif təsisçilərin, icraçı direktorların iştirak edəcəyi gözlənilir. Onlar texnologiyaların indiki vəziyyətini və gələcəyini müzakirə edəcəklər.
Azərbaycan qadınların cəmiyyətdəki rolunu önə çıxarması ilə də seçilir. 2020-ci ildə burada “WomENcourage” konfransı keçiriləcək. Bu platformada qadınların kompyuter sahəsindəki bacarıqları təqdim edilir, müxtəlif texniki ixtisaslara yiyələnməsi qiymətləndirilir, kompyuter sahəsində təhsili və işi təşviq olunur.
2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinin 73-cü konfransına ev sahibliyi etmək hüququ da Azərbaycana verilib. Bu, ölkənin kommersiya tədbirləri sahəsində özünəməxsus, rəqabət aparan tərəf mövqeyini daha da gücləndirir. Sözügedən qərar 2019-cu il oktyabrın 25-də Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasındakı səsvermə zamanı çıxarılıb.
Leyla Mahmudova: Krallığın regionlarına tanışlıq səfərləri təşkil ediləcək
2019-cu ildə Azərbaycana səfər etmiş səudiyyəli turistlərin sayı 107 minə çatıb. Bu, 2018-ci ildəkindən (73 min) 46,7% çoxdur. Azərbaycan Turizm Şurasının Yaxın Şərq üzrə regional direktoru Leyla Mahmudova “Ukaz”a deyib ki, bu artım Azərbaycanın səudiyyəlilərə təqdim etdiyi güzəştlər sayəsində mümkün olub. Səudiyyəlilər vizalarını aeroportdaca rəsmiləşdirə bilir. Onlar ərəbcə danışan turist bələdçisilə təmin olunur, otellərdə, alış-veriş məkanlarında ərəb dilində danışan mütəxəssislər çalışır. Turist üçün ərəbcə bələdçi kitabları da var.
Mahmudova qeyd edib ki, Turizm Şurası yayın sonunda Krallığın tanınmış yerlərinə tanışlıq səfərləri təşkil etmək niyyətindədir. Həmçinin Şura Səudiyyə Ərəbistanında keçiriləcək Səyahətlər Sərgisində iştirak edəcək.
Azərbaycan haqqında
O, Avrasiyada, Cənubi Qafqazda yerləşir. Rəsmi dili Azərbaycan dilidir. Əhalisinin sayı 10 012 133 nəfər, milli valyutası manatdır. Azərbaycana gəlmək istəyən 95 dövlətin vətəndaşları elektron vizadan yararlana bilir. Vizanın qiyməti 23 dollardır. Buraya 70-dən çox ölkədən təyyarə vasitəsilə yollanmaq mümkündür.
Azərbaycanda “Turizm haqqında” qanuna turizm vizası və turistlərə elektron vizaların verilməsi ilə bağlı dəyişiklik edilir.
Trend-in məlumatına görə, hazırkı qanunda qeyd edilir ki, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günündə cavba verilir. Elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır. İmtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Yeni layihədə isə qeyd edilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş gün müddətindədir. Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır. Birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır. İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.
Qanuna dəyişikliklərin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli fərmanı ilə təsdiqlənmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin tələblərindən irəli gəlir.