Koronavirusun büün ünyada sürətlə yayılması, onun gətirdiyi nəticələr və qadağalar Azərbaycandan xaricə turist axınına da təsir etməyə başlayıb.
Koronavirusun yayılmasına görə, azərbaycanlılar xarici səyahətlərini təxirə salmağa başlayıblar.
Turizm şirkətlərindən FED.az-a verilən məlumata görə, indiyədək tur almış şəxslərin bir hissəsi səyahət planlarını təxirə salmağa başlayıblar.
«Gezz Travel» şirkətinin direktoru Füruzə Quliyeva deyir ki, yay mövsümü üçün erkən rezervasiyalar başlasa da, qarşıdakı aylar üçün tur alanların əksəriyyəti səyahətini təxirə salıb onları geri qaytarır: « Yay üçün olunan erkən rezervasiyalar hələ ki, yerindədir, yəni yay tətilini hələ heç kim ləğv etməyib. Amma, mart, aprel, may ayı üçün olan turların əksəriyyəti qaytarılıb. Bu ərəfələrdə koronavirusla bağlı xaricdə olan bütün görüşlər ləğv olunduğu üçün hamı turlarını qaytarır. Hek kim heç yerə getmək istəmir».
Şirkət direktoru bildirir ki, erkən rezervasiya üçün həmişəki kimi qiymət endirimi həmişəki kimidir: «Erkən rezervasiya üçün endirimlər ənənəvidir – yanvar ayına kimi 50%-ə yaxın endirim olur, fevral ayında 20-40%, mart ayının sonuna kimi isə 15-20%-ə qədər endirimlər var».
Ötən illə müqayisədə qiymətlərdə Türkiyə istiqamətində azalma hələ ki yoxdur, yəni hələlik virus hələlik təsir etməyib: «Ötən il pik sezonda alınan ən yüksək tur qiymətləri ilə müqayisədə bu ilin erkən rezarvasiya qiymətləri demək olar ki, bərabərdir. Amma qaytarılma şərtləri daha yüngülləşib. Bir çox aviakampaniyalar ya biletlərin pullarını qaytarır, bəziləri pulsuz dəyişmə imkanı verir. Əksəriyyəti pulsuz qaytarılma şərtlərini hər yerə bəyan edib. Hamı da bundan istifadə edir».
Füruzə Quliyevanın sözlərinə görə, bu ay 12 nəfərin tur paketini qaytarıb: «Bu ay üçün satdığımız bütün turlar qayıdıb, demək olar ki, səfər edən olmayıb. Mart ayı üçün 20-dən çox tur satmışdıq. «Pegasus Airlines» yeni açılanda sərfəli qiymətlər təklif edirdi. Bu aviakampaniya ümumiyyətlə, reysi ləğv etdi. Kampaniyadan bildirildi ki, mart ayı üçün Bakıdan uçuş keçirilməyəcək, bütün biletləri qaytarıldı. İstanbulda idman tədbirləri, eləcə də iş görüşmələrinə gedənlər də vardı, amma rəsmi email gəldi ki, görüşlər koronavirusa görə ləğv olunub. Bundan əlavə, Kiyevdə iş adamlarının tədbiri keçiriləcəkdi. Burada da tədbir təxirə salındığı üçün bütün tur qaytarıldı. Macarıstan və Avstryada «Wizz Air» Budapeşt üzərindən xeyli satışımız olmuşdu. Onlarda da İtaliyaya görə qorxu yarandığına üçün «Wizz Air» uçuşları təxirə saldı. Həmçinin Berlin istiqamətindən bir neçə nəfər bilet almaq istəsə də, hazırda qorxudan heç kim almır, hamı fikrindən daşınıb. Bilet alanların əksəriyyəti qaytarılma şərtlərini soruşur. Çox gərgin vəziyyətdir. Demək olar ki, mövcud vəziyyət ən çox turizmə təsir edir. Bütün satışlar dayanıb, satış olunmuş şəxslər də bütün biletlərini qaytarıb».
Turizm şirkətində bildirirlər ki, bu il səyahət edənlərin daha çox olacağı gözlənilirdi: «İnsanların vəziyyətlərinə, aldıqların turun dəyərini müşahidə edirəm. Bu il daha bahalı turlar alınırdı, səyahət etmək istəyənlərin sayı çoxalmışdı. Amma virusa görə əksər turlar qaytarılıb. Hətta müştərilər o qədər panikaya düşüb ki, getdikləri istiqamətdə virus ehtimalı olmasa belə, bizimlə dava edirlər ki, turları qaytarın. Deyirlər ki, biz ölməyə getmək istəmirik. Hətta bəzən turun geri qaytarılması ilə bağlı çətinilk olanda müştərilər bizə irad da bildirirlər. Məsələ bundadır ki, rəsmi qərar olmayan yerlərdə turları qaytarmaq çətindir. Bu səbəbdən də bir xeyli narazılıqlar olur».
«RR Travel Company» şirkətinin nümayəndəsi Günəş Şirvanskaya da bildirib ki, yanvar ayının əvvəlindən erkən rezarvasya başlasa da, indiyədək alınan bəzi turlar geri qaytarılmağa başlayıb: «Türkiyə istiqamətinə – Antaliyaya, Boduruma erkən rezarvasiyalar başlayıb. Amma bu ilin 3 ayı ərzində alınan turlar qaytarılıb. Vətəndaşlarda müəyyən narahatlıqlar var. Bilmirlər ki, koronavirus yay dövrünə qədər bitəcək, ya yox. Ümumilikdə çoxluq gözləmə mövqeyindədir. Yay sezonuna hələ 3 aya yaxın vaxt var. Kim ki, yaxın müddətdə uçmaq istəyir onlarda narahatlıq daha çoxdur».
Şirkət rəsmisi onu da qeyd edib ki, Türkiyə istiqamətində turlar ötən illə müqayisədə bu il daha yüksəkdir: «Keçən ilki qiymətlərlə müqayisədə bu il qiymətlər nisbətən daha yüksəkdir. Bu, otellərin özünün təsdiq etdiyi qiymətlərlə bağlıdır. Koronavirusun nəticəsinin necə olacağı qeyri-müəyyəndir. Tur almaq istəyənlər tərəddüd edirlər, gözləyirlər. Amma mövcud alıcıların çox az hissəsi qaytarıb, bir hissəsi gözləyir, narahatlığın yaya kimi başa çatacağını düşünürlər. İnsanlar istirahət etməkdə maraqlıdırlar, sadəcə virusa görə gözləyirlər».
İngiltərənin Maliyyə naziri Rişi Sunak büdcə tənzimlənməsini açıqlayıb. Koronavirus riskinə qarşı ölkə iqtisadiyyatının dəstəklənməsi üçün 30 milyard funt sterlinq təşviq paketinin müəyyənləşdirildiyini bildirib.
Sunakın sözlərinə görə inflyasiyanın bu il üçün 1,4 faiz, gələn il üçünsə 1,8 faiz proqnozlaşdırıldığını qeyd edib. Ümumi daxili məhsula nisbətdə İngiltərənin dövlət borcunun bu ilin sonunda 79,5 faiz, 2024-25-ci illərdə isə 75,2 faiz səviyyəsinə enəcəyi gözlənilir.
Nazir R.Sunak pərakəndə ticarət və turizm kimi sektorlarda ümumi dəyəri 51 min funt sterlinqdən az olan şirkətlərin işlətmə (əməliyyat) vergisindən azad ediləcəyini vurğulayıb. İşçilərinin sayı 250-dən az olan şirkətlərin iki həftəyə qədər xəstəlik bülletenləri üçün ödədikləri vəsaitlər hökumət tərəfindən şirkətlərə qaytarılacaq.
Nazir qeyd edib ki, öz işlərindəki gerilikləri aradan qaldıra bilmələri üçün kiçik şirkətlərə 1,2 milyon funt sterlinqə qədər kredit almaq imkanları yaradılacaq.
Maliyyə naziri İngiltərədə yanacaq vergisinin dəyişməyəcəyini vurğulayıb. 2020-ci il üçün iqtisadi böyümə proqnozunun 1,4 faizdən 1,1 faizə salındığını bildirib.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi turizm və otelçilik ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Cənubi Qafqaz regionundakı ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir.
Sözügedən nailiyyət Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” layihəsi çərçivəsində əldə edilib. 2018-ci ilin dekabrından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsidir. Azərbaycan Respublikası hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksəkixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.
1998-ci ildə təsis olunmuş “UNWTO.TedQual” Sertifikasiya Sistemi turizm sahəsində təhsil, təlim və tədqiqatların ən qabaqcıl keyfiyyət standartı hesab olunur. ÜTT Akademiyası tərəfindən nizamlanır. Bu keyfiyyət sistemi ali təhsilin turizm ixtisası üzrə proqramlarının pedaqoji məzmunun və təşkilinin səmərəliliyini qiymətləndirir. Keyfiyyət sisteminin əsas tələblərindən biri də turizm sənayesinin, vətəndaş cəmiyyətinin və tələbələrin ehtiyaclarının proqramın təşkilində nəzərə alınmasıdır.
“UNWTO.TedQual” Ali Təhsil Müəssisələri Şəbəkəsinə qoşulan ATMU akademik heyət üzvlərinin və tələbələrin mübadilə proqramlarında iştirak hüququ əldə etməklə bərabər olub. Bilik və təcrübə mübadiləsi fürsətlərindən bəhrələnmək imkanı da qazanıb. ABŞ-ın Corc Vaşinqton Universiteti, Kanadanın Kvebek (Monreal) Universiteti, Türkiyənin Boğaziçi və Akdeniz universitetləri, Çinin Sun Yat-sen Universiteti və Honq Konq Politexnik Universiteti kimi tanınmış ali təhsil müəssisələri bu mötəbər şəbəkənin üzvləridir.
Xatırladaq ki, ötən il layihə çərçivəsində ATMU turizm və qonaqpərvərlik sahəsində mütəxəssislər hazırlayıb. Bu fəaliyyətinə görə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatını əldə edib.
Çinin mülki aviasiya sektorunun fevralda koronavirus epidemiyası ilə əlaqədar itkiləri 24,59 milyard yuan (3,53 milyard ABŞ dolları) təşkil edib.
AZƏRTAC Çin Mülki Aviasiya Administrasiyasına istinadla xəbər verir ki, bu, Çin mülki aviasiyasının ay ərzində ən böyük itkisi olub.
Administrasiyanın rəsmisi Can Çin bildirib ki, ötən ay ölkənin aviasiya sənayesində sərnişin daşınması əvvəlki ilin fevralı ilə müqayisədə 84,5 faiz, yük daşınması isə 73,9 faiz az olub.
Ötən ilin dekabrında Çinin Uxan şəhərində meydana çıxan və sürətlə yayılan yeni tip koronavirus (COVID-19) infeksiyası Çində həyatın digər sahələri kimi aviasiyaya da ciddi mənfi təsir göstərib. Dünyanın müxtəlif ölkələrinə məxsus 40-dan çox aviasiya şirkəti Çinə uçuşları dayandırıb və ya azaldıb. Bundan başqa, ölkədə bir neçə şəhərin karantinə alınıb. Habelə epidemiya ilə əlaqədar turizm obyektlərinin bağlanması, istehsalın dayanması səbəbindən daxili uçuşların sayı və yük daşınması xeyli dərəcədə azalıb.
Qeyd edək ki, hazırda dünyanın ikinci ən böyük mülki aviasiya bazarı olan Çində ötən il bu sektora rekord məbləğdə – 154, 27 milyard dollar dövriyyə qeydə alınıb. Artım əvvəlki illə müqayisədə 5,4 faiz təşkil edib. Hazırda ölkədə 238 hava limanı fəaliyyət göstərir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən, Çin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacaq.
Yaz mövsümünün ilk günlərində Azərbaycanın əsrarəngiz təbiətə malik, Şimal bölgəsinin incisi olan Quba şəhərinə qonaq gedirik.???
? Quba turu ? Qiymət – 20 AZN
? Tarix 22 Mart
✅ Qiymətə daxildir:⬇ ? Nəqliyyat xidməti (Komfortlu) ? Səhər Yeməyi ? Tur rəhbər ? Fotosessiya (Şəkilləri PULSUZ olaraq əldə edirsiniz) ? Əyləncəli və hədiyyəli oyunlar (qaliblərə yay turumuz olan Batumi turu hədiyyə) ? Qayıdışda çay süfrəsi ✅ Ekskursiyalar:⬇ ? Qəçreş meşəsi ? Qımıl qazma yaylası ? Çənlibel gölü
? Məsdərgah
ℹ Qeyd:⬇
ℹ Hər ailədən 5 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər.
ℹ Nəqliyyatda siqaret çəkmək qəti qadağandır
Toplanış yeri Gənclik M/S Saat: 06:30 Yola düşmə 07:00 Bakıya qayıdış 07:00 Bakıya çatmaq 22:00 ? Ətraflı məlumat üçün:⬇
Monteneqronun “Crnogorski Portal” xəbər portalında Azərbaycan-Monteneqro münasibətlərinin inkişafından bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə son illər iki ölkə arasındakı münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanır, siyasi, iqtisadi, mədəniyyət və humanitar sahələrdə aktiv əməkdaşlığın mövcud olduğu qeyd edilir.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulur, Monteneqronun münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.
İki ölkə arasında iqtisadi əməkdaşlıqdan bəhs edilərkən Azərbaycanın Monteneqroya ən çox sərmayə yatıran ölkələr arasında yer aldığı bildirilir. Keçən il Azərbaycan və Monteneqro hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Bakıda keçirilmiş ikinci iclası və Azərbaycan-Monteneqro biznes forumu haqqında məlumat verilir. Həmçinin ölkələrimiz arasında enerji, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair geniş imkanların olduğu qeyd edilir.
TAP layihəsinin davamı olan İon-Adriatik qaz boru xətti layihəsinə Monteneqronun böyük önəm verdiyi, layihənin bütün bölgə üçün əhəmiyyət daşıdığı bildirilir.
Turizm imkanlarına da toxunulan məqalədə 2013-cü ildən başlayaraq iki ölkə arasında birbaşa hava xəttinin həyata keçirilir. Həmçinin 2015-ci ildən Monteneqroya səyahət edən Azərbaycan vətəndaşlarının vizadan azad edilməsinin böyük addım olduğu diqqətə çatdırılır.
Monteneqronun paytaxtı Podqoritsanın gözəl guşələrindən birindəki Kral parkında abidə ucaldılıb. İki ölkənin dostluq münasibətlərinin rəmzi olaraq görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin abidəsinin ucaldıldığı qeyd edilir.
Məqalədə, həmçinin mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın mövcud olmasından söz açılır.
Misirin Turizm naziri Xalid əl-Anani koronavirusun yayılması ilə əlaqədar qədim abidələrin turistlərin ziyarətinə bağlandığı xəbərlərini təkzib edib.
Nazir keçirdiyi mətbuat konfransında əcnəbi və yerli turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin bütün tarixi məkanlarında profilaktik tədbirlərin görüldüyünü diqqətə çatdırıb. “Koronavirus bütün dünyaya öz təsirini göstərib, Misir də ondan zərər görən ölkələrdən biridir. Lakin turistlərin xəstəlikdən qorunması üçün zəruri tədbirlər görülüb”, -deyə nazir vurğulayıb.
Misirin Baş Naziri Mustafa Madbuli də hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasda ölkənin bütün aeroportları və dəniz limanlarında güclü nəzarət tədbirlərinin keçirilməsi üzrə plan hazırlandığını bildirib. Səhiyyə Nazirliyi koronavirusla bağlı qaynar xətt yaradıb və xəstəlikdən şübhələnən vətəndaşları, habelə turistləri müayinədən keçməyə çağırıb. Abbasiyə və Giza xəstəxanalarında xüsusi palatalarda hər gün virusla əlaqədar müayinələr aparılır.
Gürcüstanın paytaxı Tbilisidə 10 otel müştərilərin olmaması səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Commersant” nəşri yazıb.
Qeyd olunub ki, otel sahibləri əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərib və vergilərin ödənilməsinin təxirə salınması imkanı ilə bağlı hökumətin qərarını gözləyirlər.
Tbilisidəki mehmanxalarda mart-aprel ayları üçün turist bronlarının 90%-ə yaxını ləğv olunub.
Gürcüstan iqtisadiyyatının aparıcı sahəsi olan turizm son dövrlər iki böyük zərbə alıb. İlk zərbə koronavirus səbəbindən Gürcüstanın Çin və İrana birbaşa uçuşları dayandırması olub. Gürcüstan ənənəvi olaraq İrandan çox sayda turistlər qəbul edir. Turizm sektoru ikinci zərbə ilə Gürcüstanda koronavirus aşkarlanandan sonra üzləşib.
Qeyd edək ki, Gürcüstan hökuməti turizm sektoru üçün böhran əleyhinə plan hazırlayır.
Türkiyə hökuməti koronavirusla bağlı yeni turizm mövsümünü mart ayında yox, aprelin sonunda açmağı hotellərə təklif edib.
“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Koronavirus Elmi Komitəsinin iclasından sonra mətbuat konfransında ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.
“15 aprel həssas bir tarixdir. Xaricdən Türkiyəyə turist sifarişlərinin aprelin sonuna keçirilməsi məntiqli olardı. Nazirliyimizə bağlı qurumların tədbir və mərasimlərinin apreldən sonra keçirilməsi məsələsi gündəmdədir. Hotellər mövsüm açılışını martın yox, aprelin sonuna keçirməlidir”.
Bununla yanaşı, ölkənin səhiyyə naziri Fəxrəddin Qoca da ölkədə koronavirusa bir neçə yoluxma halının hələ epidemiya demək olmadığını, məktəbləri bağlamaq məsələsinin hələlik müzakirə olunmadığını bildirərək zərurət olmadan xaricə səyahətə getməyin məsləhət görülmədiyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, yay dövründə virusun təsirinin azalacağı gözlənilir.
Koronavirusun yayılmasının qarşısını almaq üçün Hindistan bütün turist vizalarını bir ay müddətinə dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Sinxua” agentliyi yayıb.
Məhdudiyyətlər diplomatik, rəsmi, BMT vizaları və beynəlxalq təşkilatlar, iş və layihədən başqa bütün mövcud vizalara şamil olunur.
Vizalar 15 aprelə qədər dondurulacaq. Qərar 13 mart 2020-ci il tarixində saat 12: 00-da qüvvəyə minir.
“Hindistana yaxşı bir səbəblə getmək niyyəti olan hər hansı bir xarici ölkə vətəndaşı Hindistan diplomatik nümayəndəliyi ilə əlaqə saxlaya bilər” deyə nəşr bildirib.
Xatırladaq ki, bundan əvvəl Tramp Avropadan ABŞ-a girişi 30 günlük qadağan edib. Məhdudiyyətlər martın 13-dən qüvvəyə minəcək. Amerika lideri COVID-19-dan zərər çəkən vətəndaşlar və müəssisələr üçün vergi güzəştlərini də açıqlayıb.
Türkiyənin COVID-19 səbəbiylə turizm mövsümünü təxirə saldığı da bildirilib. Türk otelləri adətən mart ayının sonunda turist qəbul etməyə başlayırlar, ancaq koronavirusla əlaqədar səlahiyyətlilər, mövsümün başlanğıcını 15 aprelə qədər təxirə salmağa çağırıblar.