Ev Blog Səhifə 58

Pul var, amma getməyə koronavirussuz ölkə tapılmır

0
koronavirus

Koronavirus təhlükəsi olmayan ölkə tapmaq getdikcə çətinləşir

Koronavirusun dünyada sürətli yayılması davam edir. Artıq 115 ölkədə bu virusa yoluxanların rəsmi açıqlanan sayı 114 min 458 nəfərdən yuxarıdır. Virusun səbəb olduğu ağırlaşmalardan dünyada 4050 nəfər həyatını itirib.

Dünyanın artıq ciddi təhlükə ilə üzləşdiyini hər kəs etiraf etməkdədir: dövlətlər və beynəlxalq təşkilatlar da. Nəinki etiraf, artıq bütün dövlətlər virusa qarşı mübarizə, onun yaratdığı problemlərin aradan qaldırılması, yaranan itkilərin azaldılması istiqamətində sərt addımlar atmağa məcbur olurlar.

Heç şübhəsiz, koronavirusun ən böyük zərəri turizm biznesinədir. Ümumdünya Turizm Təşkilatının ilkin hesablamalarına görə, virusla mübarizə məqsədilə atılan məhdudlaşdırıcı addımların qlobal turizmə birbaşa zərəri 100 milyard dolların üzərində olacaq. Dolayısı təsirləri ilə birlikdə dünya turizm biznesinin 150 milyard dollara yaxın itkiyə məruz qalacağı gözlənilir.

Virusun Çin sərhədlərindən digər Asiya, daha sonra Avropa, Afrika və Amerika ölkələrinə yayılması bu ilin turizm mövsümünün sektor üçün 2008-ci ildən bəri ən ağır itkilərlə müşayiət olunmasına səbəb ola bilər. Belə ki, dünya turizm məkanları ötən il sayı 150 milyon nəfərə çatan çinli turistlərdən artıq əlini üzüb. Hətta yaxın 1-2 ay ərzində Çin virusun yayılmasının qarşısını bütünlüklə almağa nail olsa belə, hansısa ölkənin çinli turistləri qəbul etməyə cəsarət edəcəyi ciddi sual altındadır. Nəzərə alsaq ki, ötən il çinli turistlər xaricə səfərləri zamanı 249 milyard avro xərcləyiblər, onda dünya turizminin yalnız Çindən turist axınının dayanması üzündən nə qədər itirəcəyini təsəvvür etmək çətin olmaz.

İllik 30 milyon nəfərdən çox qonaq qəbul edən, qlobal turizmdə xüsusi yeri olan İtaliyada virusun sürətli yayılması hökumətin ən sərt addımlar atmasına səbəb olub. Faktiki olaraq, İtaliya tam bir fövqəladə vəziyyət rejimində yaşayır, sərhədlər bağlanıb, ölkəyə gediş-gəliş demək olar ki, tam dayanıb.

İtaliyadan əlavə, Avropanın turizm mərkəzləri sayılan Fransa, Almaniya, İsveçrə, İsveç, Norveç, Belçika, İspaniya, Böyük Britaniya və digər ölkələrdə də epidemiyanın əhatə dairəsi genişlənir, yoluxma və ölüm sayı sürətlə artır. Eyni zamanda turistlərin ən çox üz tutduğu ABŞ-da vəziyyət kifayət qədər mürəkkəbdir.

Beləliklə, hazırda pulu olub, gözəl bir yerdə istirahət etmək istəyən şəxslər üçün seçim imkanları qat-qat məhdudlaşıb. Avropanın qeyd olunan ölkələrindən əlavə, Asiya ölkələrindən Çin, Cənubi Koreya, Sinqapur, Yaponiya tam təhlükə mənbəyidir. Hindistan və Banqladeşdə yoluxma az olsa da, bu ölkələrdə səhiyyə sisteminin zəif inkişafı turistləri qorxudan əsas amillərdəndir. Bu baxımdan, getmək üçün ölkə axtaran şəxslər ya yoluxma halı ümumiyyətlə, qeydə alınmayan, ya da az sayda olan, yaxud səhiyyəsi güclü inkişaf etmiş əraziləri seçməlidilər.

Hazırda azsayda yoluxma və tam sağalma qeydə alınan populyar turizm ölkələri sırasında Şri-lanka (2 yoluxma, 1-i artıq sağalıb), Kipr (2 yoluxma və sağalma), Türkiyə (cəmi 1 yoluxma), Malta (5 yoluxma), Maldiv adaları (6 yoluxma), Vyetnam (virusdan bir ölüm belə qeydə alınmayıb) qeyd olunur.

Koronavirusun istiyə dözümsüz olduğunu nəzərə alsaq, yay aylarında artıq Cənubi Avropanın turistik məkanlarına da baş çəkməyin mümkün olacağını söyləyə bilərik.

Hazrıda isə daha çox isti olan ölkələrə üz tutmaq məsləhətdir: çimərlik mövsümü olan ərazilərə. Belə ərazilər isə Tailand, Şri-Lanka, Kamboca, Maldiv və Nepaldır.

Cənubi Amerika ölkələrindən isə virusun çatmadığı Kuba və Meksikaya səyahət təhlükəsizdir.

Yaxın Şərqdə gediləsi ölkələr sırasında cəmi bir yoluxmanın qeydə alındığı Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (Dubay əmirliyi xüsusilə) məsləhət görülür.

Qeyd edək ki, bir sıra ölkələr öz vətəndaşları üçün gedilməsi məsləhət görülməyən ölkələrin siyahısını açıqlayıblar. Məsələn, Rusiyanın İstehlak Bazarına Nəzarət Xidməti ölkə vətəndaşlarını 11 ölkəyə səyahətdən çəkinməyə çağırıb.

“The Sun” nəşri bugünlərdə Böyük Britaniya vətəndaşları üçün koronavirusun olmadığı, yaxud az yayıldığı ölkələrin siyahısını hazırlayıb. Siyahıda Avropa ölkələrindən yalnız Çernoqoriya yer alıb. Eyni zamanda Yunanıstanın Krit, Santorini, Mikonos adaları da təhlükəsiz istirahət məkanlarındandır. Belə ki, virus İtaliyadan gedənlər vasitəsilə Yunanıstana çatsa da, bu adalarda heç bir yoluxma faktı yoxdur.

Nəşr qismən Avropa ölkəsi olan Türkiyəni də gediləsi ölkələr sırasına daxil edib.

Britaniyalılara həmçinin Kanar, Kabo-Verde adaları, İndoneziyanın məşhur Bali kurortu, Laos, Myanma, Vyetnam, Yamayka Barbadosa getməyin də təhlükəsiz olduğu bildirilir.

Qeyd edək ki, koronavirusun turizmə təsirləri yalnız insanların virusdan qorxaraq səyahətlərdən çəkinmələri baxımından deyil, ayrı-ayrı ölkələrin, həmçinin qlobal iqtisadiyyata vurduğu zərərlə bağlı da yaranır. Belə ki, virusun qapatdığı ticarət-iqtisadi əlaqələr müxəlif ölkələrdə kiçik və orta sahibkarlığı – potensial turist təbəqəsini ciddi itkilərə məruz qoyur.

BMT Ticarət və İnkişaf Konfransı (UNCTAD) ekspertlərinin hesablamalarına görə, dünya iqtisadiyyatı artıq koronavirus səbəbilə 50 milyard dollar itirib. Bu, əsasən Çində istehsal və ixracatın azalması ilə bağlıdır. Belə ki, ilin əvvəlindən Çinin istehsal və ixracatı 2 faiz azalıb. Bu şəraitdə Çinin ticarət partnyorları öz zərərlərini açıqlayırlar. Məsələn, ABŞ 5,8 milyard dollar, Yaponiya 5,2 milyard dollar, Cənubi Koreya 3,8 milyard dollar, Avropa Birliyi ölkələri isə 15,6 milyard dollar itiriblər.

Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın fikrincə, Avropa Birliyi ölkələri ən qısa müddətdə koronavirusun yayılmasına qarşı təcili və təsirli addımlar atmasalar, Avropa 2008-ci ilin maliyyə böhranına bərabər iqtisadi şok yaşayacaq. Bu isə Birlik ölkələrindən xaricə gedən turistlərin sayında kəskin azalma ilə nəticələnə bilər.


BASQAL-KƏLƏĞAYI səyahət turu

0
BASQAL-KƏLƏĞAYI

?Fərqli , hədiyyəli, əyləncəli və öyrəncəli tur istəyənlər, bu turu sizə görə hazırladıq⛺
Tarix : 15 Mart?
➡Toplanış yeri : Gənclik m/s yanı
➡Toplanış vaxtı : 07:00
➡Yola düşmə vaxtı : 07:30
?10:00 – Səhər yeməyini Basqal çörəyi, Basqal halvası, Basqal balı, Basqal bulaq suyu və Basqal otları ilə dəmlənmiş çayla edirsiniz.
?11:00 – Əvvəlcə Basqalın tarixi yerləri və abidələri – Şeyx Məhəmməd məscidi (1568-ci il), Hacı Bədəl məscidi (1854-cü il), Hamam (XVII əsr), Qoca Çinar (XVI əsr), Kələküçə, Xarabiyan, Qalabaşı, Dərəməhəllə, Dəmirçibazar və Qoşabulaq məhəllərində yerləşən tarixi yaşayış evləri, dükanlar, bulaqlar ziyarət edilir, fotolar çəkilir.
?14:00 – Nahar Fasiləsi ( gətirdiyiniz yeməkləri burada yeyə bilərsiniz)
??‍♂15:30 – “Kələğayı” İpək mərkəzi və muzeyi ziyarət ediləcək. Kələğayı istehsalını yerindəcə görəcək, qəlibləmə, boyama proseslərini izləyəcəksiniz.
☕17:00 – Çay fasiləsi (samovar çayı)
18:00 – Bakıya yola düşürük
? Qiyməti-22manat
Daxildir:
➡Komfortlu avtobus
➡Səhər yeməyi
➡Bələdçi
➡Fotoqraf
➡Çay süfrəsi
?Viktorina qaliblərinə hədiyyələr :
1) Basqal halvası -1 kq
2) Pip dolması – 1 pors
3) Növbəti tura endirim – 50 faiz
Qeydlər :
1⃣0-5 yaş arası uşaqlar ödənişsiz (avtobusda yer verilməmək şərti ilə) 6 yaşdan yuxarı tam ödəniş.
2⃣Tur zamanı spirtli içkilər qəti qadağandır !!!
3⃣Qoruq ərazisində tarixi abidələrə vurulan ziyanlara görə məsuliyyəti turist daşıyır!
4⃣ Nahar tur iştirakçılarının öz hesabına olacaq.

Əlavə məlumat 070-264-60-30

Avstriyada kütləvi tədbirlər ləğv edildi: Həyat iflic oldu

0
Avstriya

Avstriya federal hökuməti (KovidD-19) koronavirusun yayılma təhlükəsini önləmək üçün bir sıra qərarlar qəbul edib.

Qonşu İtaliya ilə sərhəd nəzarəti gücləndirilib. Avstriyaya girişin dayandırılıb, həmçinin digər tədbirlər görülüb.

Avstriya Federal Kansleri Sebastian Kurts, Səhiyyə naziri Rudolf Anşober və Daxili İşlər naziri Karl Nehammerin birgə mətbuat konfransında tədbirlər haqqında danışıb. Açıq havada 500-dən yuxarı, qapalı məkanlarda isə 100-dən yuxarı iştirakçı olan bütün növ tədbirlərin keçirilməsi martın sonunadək qadağan olunması barədə qərar elan edilib. Ölkənin bütün aparıcı teatr, konsert və opera evləri martın 10-dan etibarən repertuarlarındakı bütün tamaşaları dayandırıb. Ölkədəki əksər kütləvi mədəni tədbirlər dayandırılması ilə Avstriyada mədəni həyat bir növ iflic vəziyyətinə düşüb.

İncəsənət və mədəniyyət üzrə dövlət katibi Ulrike Lunaçek bu qərarı şərh edib. O bildirib ki, Avstriya tarixində hələ indiyədək bu qədər kütləvi mədəniyyət müəssisəsinin fəaliyyətinin dayanması baş verməyib. Qeyd edib ki, incəsənət və mədəniyyət sektorunun Avstriya üçün mühüm iqtisadi faktor olduğunu və turizm iqtisadiyyatında mühüm rol oynadığını nəzərə alınmalıdır. Mümkün qədər mədəniyyət sahəsinin az zərərlə bu dövrü başa vurmasına çalışmaq lazımdır.

Dünyanın aparıcı opera-balet evlərindən biri olan Vyana Dövlət Operasının direktoru Dominik Meyer hökumətin qərarını anlayışla qarşıladıqlarını bildirib. Musiqiçilərlə bir neçə il öncədən müqavilələr bağlayan və sıx repertuara malik Dövlət Operasının bağlı olduğu hər gün üçün itirilən 130-140 min avro vəsaitin yerinin doldurulmasının qeyri-mümkün olduğunu da ifadə edib.

Qeyd edilməlidir ki, Vyana şəhəri musiqinin beşiyi sayılır. Hər gün klassik musiqi janrında təşkil olunan opera, balet və konsertlərə on mindən çox tamaşaçı baxır. Bu tədbirlərin təxirə salınması mənəvi zərbə hesab olunur. Həmçinin, tezliklə bu maddi zərbə ilə də müşayiət oluna bilər. Dövlətin maddi dəstəyi olmadan həmin teatr və konsert müəssisələrinin bir qismi iflasla üzləşməli olacaq.

“Köməyə ehtiyacımız var” – Koronavirusa görə İtaliyadan qayıda bilməyən müəllim

0
Turanə Hüseynova

İtaliyanın Sapienza Universitetində təhsil alan İngilis dili müəllimi Turanə Hüseynova hazırda koronavirusa görə “Qırmızı zona” elan edilən ölkədən Azərbaycana qayıda bilmir.

Bu barədə Axşam.az-a danışan T.Hüseynova vəziyyətin acınacaqlı olduğunu söyləyib:

“Buraya magistr təhsil almaq üçün gəlmişəm. Əslində, sentyabrdan dərslərə gəlməli idim, lakin Ləkidə dərs deyirdim deyə gecikdim. Noyabrdan buradayam. Hazırda burada bütün iş yerləri bağlanıb, “part-time” iş tapmaq çətindir. Əsas gəlir turizmdəndir, hazırda isə böhrandır. Otellər, restoranlar işə götürmür. Təhsil sektoru da həmçinin. Kurslar, bağçalar, universitetlər bağlanıb. İstədim ki, Azərbaycana qayıdam. Çünki pulum bitib, iş yoxdur və burada qalmağa bir səbəb yoxdur. Tələbələr üçün nəzərdə tutulan təqaüdlər isə hələki keçməyib. Pulun olmadığı halda burada karantin vəziyyətdə qalmaq dözülməzdir. İki il üçün nəzərdə tutulan təqaüd 10 min avrodur. Birinci il üçün isə 2500 avro nəzərdə tutulur. Hazırda blokada şəraitinə görə təqaüdlər verilməyib.

Turanə Hüseynova

Koronavirusa görə maarifləndirici heç bir şey edilməyib, marketlərdə, apteklərdə növbə sistemi qurulub. Hər yerə növbə ilə girmək lazımdır. Çox vacib səbəblər olmasa, evdən çölə çıxmaq olmaz. Gələcək üçün marketlərin müəyyən saatlarla işləməsi nəzərdə tutulub. Çox ciddi səbəbin yoxdursa, küçəyə çıxanda səni cərimələyib, həbs edirlər. Xaosdur, hər şey çox qeyri-müəyyəndir. Burada yaşayan şagirdlərin çoxu ölkələrinə qayıtmaq istəyir, “Rynair” tipli ucuz hava yolları şirkətləri də uçuşları ləğv etdi. Azərbaycanın İtaliyadakı səfirliyi ilə əlaqə saxladım, burada yaşayan tələbələrə Azərbaycan hökuməti tərəfindən qarşılanan uçuş təşkil edilməsi üçün zəng etdim, əvəzində isə məndən yemək və su ehtiyacımın olub olmadığı soruşuldu.

Elə bir sualdır ki, mən utanıb “ehtiyac yoxdur” demək məcburiyyətində qaldım. Köməyə ehtiyacımız var, miqrant deyilik. Necə ki, Çində yaşayan tələbələrə evakuasiya xidməti göstərildi, biz də eynisini tələb edirik. Bu halda qərib bir ölkədə az qala ev dustaqlığı yaşayırıq. Bizim üçün tək sağlamlıq deyil, maddi və psixoloji cəhətdən də kritik bir vəziyyətdir. Bura gəlmədən öncə ucqar kəndlərdən birində üç ilə yaxin müəllimə kimi çalışmışam, bacardığım qədər öz şagirdlərimə dəstək olmağa çalışmışam, çətin məqamlarda onları tək qoymamışam, hətta təhsil xərclərinə qədər belə əlavələr tapıb kömək olmuşam ki, təki həyatlarında bu yöndə məyusluq yaşamaq təcrübəsinə sahib olmasınlar. İndi də bir tələbə olaraq eyni dəstək və qayğını sizdən gözləyirəm”.

Turanə Hüseynova

Qeyd edək ki, Turanə hazırda Romadadır. O, Qaxın Ləkid kəndində İngilis dili müəllimi kimi çalışıb. Sosial mediada ucqar kənddə dərs deməyi ilə məşhurlaşıb.


Qazaxıstan turizmi koronavirus səbəbindən ziyan çəkir

0
turizm

Qazaxıstanın turizm bazarının nümayəndələri dünyadakı koronavirusla bağlı yaranan itki ilə bağlı mümkün zərərləri qiymətləndiriblər.

AZƏRTAC “Turistik Kamkor” fonduna əsasən xəbər verir ki, təhlükəli virusun yayılması ilə bağlı vəziyyət səbəbindən turistlər arasında səfərlərini təxirə salanlar və ya biletin satışını tamamilə dayandıranlar var.

Qazaxıstandan turların ləğvi əsasən Çin, İran, Cənubi Koreya, Yaponiya, İtaliya kimi karantin kateqoriyasına aid 1-ci ölkələr üzrə həyata keçirilirdi. Bununla yanaşı, turizm şirkətləri Şri-Lanka, Maldiv və Dominikan Respublikası kimi alternativ istiqamətlər təklif edirlər.

Yerli insanlar hələ də istirahət etmək üçün Cənub-Şərqi Avropa (Çernoqoriya və Bolqarıstan) kimi daha az riskli istiqamətləri nəzərdən keçirirlər. Cənub-Şərqi Asiyaya gəlincə, qazaxıstanlılar gözləmə mövqeyi tutublar. Həmin ölkələrə biletləri çoxdan əldə edənlər onları təhvil verməyə və ya başqa vaxta təxirə salmağa çalışırlar.

Bir çox istiqamətdə uçuşlara rəsmi qadağa qoyulmamasına baxmayaraq, səyahətə çıxmaq istəyənlərin sayı azalıb.

Berlində Azərbaycan mahnılarından ibarət konsert keçirilib

0
Berlin Azərbaycan

Almaniyanın paytaxtı Berlin şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Həsənov dövlətimizin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı, DİDK-nın bütün dünyada həyata keçirdiyi maraqlı layihələr, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, idmanı və turizm potensialı barədə ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Emil Həsənov torpaqlarımızın 20 faizinin işğal edildiyini diqqətə çatdırıb.

Konsertdə Almaniyada yaşayan, bu ölkənin “The Voice” (“Səs”) müsabiqəsində ifası ilə yerli tamaşaçıları heyran qoyan həmyerlimiz Seyran İsmayılxanov Azərbaycan mahnılarını ifa edib. Konsert ifa olunan Azərbaycan mahnılarının sözləri Mirijam Vanneste-Vratz tərəfindən alman dilinə tərcümə edilib. Bu, tamaşaçıların böyük marağına səbəb olub.

Musiqili gecədə, həmçinin Köln şəhərində fəaliyyət göstərən Qafqaz Rəqsləri Qrupu və fortepiano ifaçısı Esmira Arzhang çıxış ediblər.

Almaniyada fəaliyyət göstərən “Spirit of Caucasus” şirkətinin rəhbəri Anja Bell konsertə göstərilən təşkilati dəstəyə görə minnətdarlığını bildirib.

Daxili turizmə həsr olunmuş “Macəra yaxındadır!” adlı kampaniyanın təqdimatı keçirilib

0
turizm

Martın 11-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ictimaiyyətə ölkədaxili turizm kampaniyası təqdim olunub.

Macəra yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etməkdir. Yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü ilə yaradılmış kampaniya Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan fiziki şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib. Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdiriləcək. Kampaniya çərçivəsində bütün yerli şirkətlər əməkdaşlığa dəvət olunurlar.

Ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcəkdir.

Tədbir çərçivəsində, həmçinin xarici turistlər üçün nəzərdə tutulmuşdur. Bir çox funksiyanı özündə cəmləşdirən, turistlərə müxtəlif seçimlər təklif edən “azerbaijan.travel” saytının təkmilləşdirilib. Yenilənmiş versiyasının təqdimatı keçirilib. Yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında yetərincə məlumat verməklə yanaşı, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar yaradır.

Eyni zamanda, Azərbaycanın turizm potensialından bəhs edən xarici auditoriya üçün nəzərdə tutulmuş “Experience Azerbaijan” jurnalının ikinci nüsxəsi ictimaiyyətə təqdim edilib.

Tədbir çərçivəsində DTA və ATB-nin rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib. Media nümayəndələrinin sualları cavablandırılıb.

Avstriyada kütləvi tədbirlərin qadağan edilməsi mədəni həyatı iflic vəziyyətə salıb

0
turizm

Avstriya federal hökuməti COVID-19 koronavirusunun yayılma təhlükəsini önləmək üçün bir sıra qərarlar qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonşu İtaliya ilə sərhəd nəzarətinin gücləndirilməsi və Avstriyaya girişin dayandırılması, həmçinin digər tədbirlər belə qərarlardandır.

Avstriya Federal Kansleri Sebastian Kurts, Səhiyyə naziri Rudolf Anşober və Daxili İşlər naziri Karl Nehammerin birgə mətbuat konfransında açıq havada 500-dən yuxarı, qapalı məkanlarda isə 100-dən yuxarı iştirakçı olan bütün növ tədbirlərin keçirilməsi martın sonunadək qadağan olunması barədə qərar elan edilib. Ölkənin bütün aparıcı teatr, konsert və opera evləri martın 10-dan etibarən repertuarlarındakı bütün tamaşaları dayandırıb. Ölkədəki əksər kütləvi mədəni tədbirlər dayandırılması ilə Avstriyada mədəni həyat bir növ iflic vəziyyətinə düşüb.

İncəsənət və mədəniyyət üzrə dövlət katibi Ulrike Lunaçek bu qərarı şərh edib. O bildirib ki, Avstriya tarixində hələ indiyədək bu qədər kütləvi mədəniyyət müəssisəsinin fəaliyyətinin dayanması baş verməyib. Qeyd edib ki, incəsənət və mədəniyyət sektorunun Avstriya üçün mühüm iqtisadi faktor olduğunu və turizm iqtisadiyyatında mühüm rol oynadığını nəzərə alıb. Mümkün qədər mədəniyyət sahəsinin az zərərlə bu dövrü başa vurmasına çalışmaq lazımdır.

Dünyanın aparıcı opera-balet evlərindən biri olan Vyana Dövlət Operasının direktoru Dominik Meyer hökumətin qərarını anlayışla qarşıladıqlarını, lakin musiqiçilərlə bir neçə il öncədən müqavilələr bağlayan və sıx repertuara malik Dövlət Operasının bağlı olduğu hər gün üçün itirilən 130-140 min avro vəsaitin yerinin doldurulmasının qeyri-mümkün olduğunu ifadə edib.

Qeyd edilməlidir ki, klassik musiqinin beşiyi sayılan Vyana şəhərində hər gün klassik musiqi janrında təşkil olunan opera, balet və konsertlərə on mindən çox tamaşaçı baxır. Bu tədbirlərin təxirə salınması mənəvi zərbədir. Bununla yanaşı, tezliklə maddi zərbə ilə də müşayiət oluna bilər. Dövlətin maddi dəstəyi olmadan həmin teatr və konsert müəssisələrinin bir qismi iflasla üzləşməli olacaq.


İstanbulda nadir Azərbaycan xalçaları sərgilənəcək

0
xalça

İstanbulda yerləşən dünyanın ən iri islam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisi olacaq. Kitab-kataloqun təqdimat mərasimi keçiriləcək.

Bu barədə Open.az-a Azərbaycan Milli Xalça Muzeyindən məlumat verilib.

Məlumata görə, martın 13-ü saat 17.00-da təntənəli açılışı baş tutacaq sərgi iyunun 13-dək davam edəcək.

“Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsi iki ölkə muzeyləri arasında həyata keçirilən ilk layihədir. Layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır.

Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə həyata keçirilir. Təşkilatçılar – Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respiblikasının Mədəniyyət Nazirliyi, Türk və İslam Əsərləri Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi.

Üç ay davam edəcək sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunacaq. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirir. “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim olunacaq.

Gələn həftə Bakıda yeni “Mall” AÇILACAQ

0
Dəniz mall

Martın 12-də Bakıda dəniz sahilində yeni ticarət mərkəzi – «Dəniz Mall» fəaliyyətə başlayacaq.

40-dan çox dünyaca məşhur brend, 20-dən çox beynəlxalq restoran konsepti olan “Dəniz Mall” 12 Mart saat 10:00-dan etibarən alıcıları qəbul edəcək.

Bakıda yeni ticarət mərkəzinin açılışı üzrə hazırlıqlar tamamlanmaq üzrədir.

Sidney Operası stilində, 8 guşəli ulduz formasında inşa edilmiş ticarət mərkəzində 5 mərtəbə var. Sahəsi 120 min kvadratmetr olan mərkəzdə əyləncə obyektləri, mağazalar, restoran və sinema olacaq. Mərkəzin 2019-cu ilin sonuna açılacağı bildirilsə də bu müddət bir neçə ay gecikib və 2020-ci ilin mart ayında baş tutacaq.

Son illərdə ölkədə açılan bir sıra iri ticarət mərkəzləri – «28 Mall», «Gənclik Mall»«Gəncə Mall» kimi, «Dəniz Mall» da ölkənin ən byöük biznes qrupu sayılan «Paşa Holdinq» və ona yaxın strukturlara məxsusdur.

Layihənin müəllifləri «Dəniz Mall»ın ölkənin əsas əyləncə meydançası olacağını bildirirlər.

Mərkəzin binası 2007-ci ildə tanınmış dizayner Çapmanom Teylor tərəfindən layihələndirilib. Hazırlıq işləri elə o vaxt başlasa da, sonradan işlər dayanıb və yalnız 2014-cı ildən bərpa edilib.

Qeyd edək ki, əvvəlcə bu bina konqres mərkəzi, tədbirlərin və toyların keçiriləcəyi məkan kimi nəzərdə tutulub. Amma bu müddət ərzində Heydər Əliyev Mərkəzi və elə onun yaxınlığında Bakı Konqres mərkəzi işə düşüb. Nəticədə layihənin sifarişçiləri onu ənənəvi alış-veriş və ticarət məkanı kimi layihələndirməyi qərara alıblar.

Mərkəz ailəvi istirahət məkanı kimi nəzərdə tutulub və burada ticarət əyləncə obyektləri olacaq.

Artıq bir sıra tanınmış brendlər «Dəniz Mall»da olacaqlarını təsdiqləyiblər. Ticarət mərkəzində mağaza və əyləncə yerlərinin artıq 90%-nin icarəyə götürüldüyü bildirilir. Yeni mallda qiymətlərə gəlincə, burada icarə haqları digər mallardan ciddi fərqlənmir.

“Dəniz Mall”-da bu şirkətlərin olcağı artıq öz təsdiqini tapıb. “McDonald’s”, “Alma Store”, “Cinema Plus”, “Yargıcı”, “Swarovski”, “Kinder Land”, “Etam”, “Cinnabon”, “Flo”, “Starbucks”. Ticarət mərkəzinin supermarketi gözlənildiyi kimi, «Bravo» olacaq.

Fərqli konsepti, dənizə birbaşa mənzərəsi və böyüklüyü nəticəsində yeni ticarət mərkəzinin işə düşməsi ilə indiyədək populyar olan «Gənclik Mall» və «28 Mall»a axını bir qədər zəiflədəcək. Hərçənd sonuncuların metro stansiyasının yaxınlığında yerləşməsi onların populyardığını azaltmayacaq.

Yeni ticarət və əyləncə mərkəzi xüsusilə xarici turistlər arasında populyar ola bilər.

Bununla yanaşı, qeyd edək ki, «Dəniz Mall»ın fəaliyyətə başlaması iqtisadiyat. Xüsusilə turizm sektoru üçün bir qədər mürəkkəb vaxta təsadüf edib. Koronavirus təhlükəsi səbəbindən ölkəyə gələn turistlərin sayı kəskin azalıb, eləcə də dünya bazarında neftin qiymətinin son günər azalması əhalinin alıcılıq davranışlarına mənfi təsir edə bilər.