Türkiyədə Yeni il ərəfəsi təhlükəsizlik tədbirləri gücləndirilib
Bu il Türkiyədə Yeni il şənlikləri zamanı ictimai asayişi və təhlükəsizliyi təmin etmək üçün 300 mindən çox təhlükəsizlik əməkdaşı xidmətə cəlb ediləcək.
APA-nın “Daily Sabah”a istinadən verdiyi məlumata görə, ölkənin əsas şəhər və qəsəbələrində ümumilikdə 233 min 723 polis, 83 min 398 jandarma qüvvələri aktiv şəkildə üzərilərinə düşən vəzifələri yerinə yetirəcəklər.
Daxili İşlər Nazirliyindən bölgələrə göndərilən bildirişdə ictimai-iaşə obyektlərində, o cümlədən hava limanlarında, qatar stansiyalarında və avtobus terminallarında, bir sözlə turistlərin daha çox cəmləşdiyi yerlərdə təhlükəsizliyin artırılması əmr edilib.
Turizm sektoru mütəxəssislərinin fikrincə, turistlər xizək turizminə son iki ildə daha çox maraq göstərirlər. Bu sahəyə keçən il təxminən 6 milyon yerli və xarici turist axın edib. Cari ildə bu rəqəmin 6,5 milyona çatacağı gözlənilir.
Eyni zamanda iqlim şəraiti nəzərə alınmaqla nəqliyyat vasitələrinin idarə edilməsinə də diqqət artırılıb. Sərxoş vəziyyətdə avtomobillərin idarə edilməsinin qarşısını almaq məqsədilə şəhərlərə çox sayda yol polisi qüvvələri göndərilib.
Təhlükəsizlik tədbirləri daha çox İstanbulda təmin ediləcək. Burada 60 min təhlükəsizlik əməkdaşları və 800-ə yaxın xidməti avtomobillər gecə-gündüz xidmətdə olacaqlar.
İstanbulun mərkəzində yerləşən Taksim Meydanı xüsusilə nəzarətdə olacaq. Bu meydan Yeni ili qarşılamağa gələn turistlərin ən çox toplaşdığı məkandır.
Xatırladaq ki, 3 il əvvəl yeni il gecəsi İstanbulun “Reina” gecə klubuna terror hücumu edilmişdi.
Bu il Tailanda gələn turistlərin sayı 39 milyonu ötüb
2019-cu ildə Tailanda 39 milyondan çox turist səfər edib, bu, yeni milli rekorddur.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Turizm və İdman Nazirliyinə istinadən Tailandın “On birinci” milli telekanalını bildirib.
Turizm və idman naziri Phiphat Ratçakitprakan müşavirədə ölkəyə səfər edən turistlərin çoxaldığını qeyd edib.
“Başa çatan həftədə alınmış son məlumatlara görə, 2019-cu ildə Tailanda baş çəkmiş xarici turistlərin sayı 39 milyon nəfəri ötüb“, – deyə nazir bildirib. Telekanal qeyd edib ki, bu, rekord göstəricidir.
Nazirliyin məruzəsində qeyd edilir ki, bu il Tailandın sərhədini keçmiş 39 milyonuncu turist Rusiya vətəndaşı olub.
Daha əvvəl hesab edilirdi ki, cari ildə ölkədə belə artım olmayacaq, çünki ilin ikinci yarısında Tailanda gələn Çin turistlərinin sayı azalıb. Onlar adətən xarici qonaqların 59 faizdən çoxunu təşkil edirlər.
Tailanda Yeni ilə sayılı günlər qalmış hər gün 140 min turist gəlir. Nazirlikdə hesab edirlər ki, bu il son rəqəm 39,6 milyon turist səviyyəsində ola bilər.
Ekspert: Milli at cinslərimiz maddi-mədəni tariximizin ən zəngin parçasıdır
Ötən əsrin 80-ci illərində Sovet İmperiyasının dağılması, yeni iqtisadi sistemə keçid, eyni zamanda ərazilərimizin ermənilər tərəfindən işğalı nəticəsində itirdiyimiz ən mühüm maddi-mənəvi dəyərlərdən biri atçılıq oldu. Üstəgəl, uzun illər bu sahəyə biganə münasibətin bəslənməsi atçılığın xeyli geriləməsinə səbəb oldu. Ölkə ərazisində mövcud olan atçılıq müəssisələrinin maddi-texniki bazası gerilədi, at cinsləri üzərində davamlı seleksiya işləri aparılmadı, atlarımızın dünya səviyyəli yarış və sərgilərə çıxarılması təmin olunmadı. Baxmayaraq ki, dünya səviyyəsində atçılığa maraq getdikcə artır, bu sahə heyvandarlığın ən vacib sahəsi kimi inkişaf edir, aqroekoturizmin inkişafına öz töhfəsini verir. Bu gün atçılıq böyük həcmdə valyuta gətirən bir sahəyə çevrilib. Sevindiricidir ki, son illər qədim tarixə, ənənələrə malik olan atçılığa münasibət köklü dəyişməkdədir.
Bunu AZƏRTAC-a açıqlamasında aqrar sahə üzrə mütəxəssis Nicat Nəsirli deyib.
Onun sözlərinə görə, iki il əvvəl Qarabağ Atçılıq Kompleksi yüksək səviyyədə qurularaq təsərrüfat həyatının yeni mərhələsinə başlayıb. Bu həftə isə dövlət başçısı tərəfindən Ağstafa rayonunda yerləşən Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisinə böyük həcmdə vəsait ayrıldı. Maddi-texniki bazasının gücləndirilməsi irəlidəki illərdə atçılığın yeni çağırışlar fonunda inkişafını zəruriləşdirəcək.
Bəs, bu çağırışlar hansılardır? Bu barədə danışan ekspert deyib: “İlk növbədə, orta əsrlərdən bəri xalq seleksiyası yolu ilə inkişaf etdirilən atçılıqda damazlıq işinin yaxşılaşdırılması, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin qorunub saxlanması, eləcə də yüksək keyfiyyətlərə və qiymətli irsi əlamətlərə malik cins atların yetişdirilməsi tədbirləri həyata keçirilməlidir. İndiyə qədər həyata keçirilmiş xalq seleksiyası artıq öz yerini elmi seleksiyalara verməlidir. Xüsusi ilə bu Azərbaycanda xalq seleksiyası yolu ilə yaradılmış, ölkənin ayrı-ayrı regionlarında yetişdirilmiş, mənşəyi məlum olan Qarabağ və Dilbaz at cinslərinə aiddir. Bu cinslər bizim milli irsimizi, zəngin tariximizi özündə ehtiva edir. Atçılıq elə bir sahədir ki, ona kommersiya yanaşması ola bilməz, bu sahəni naşı adamların ixtiyarına buraxmaq olmaz. Çünki, cins atçılıq eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən atlar qrupu hesab edilir. Bu sahədə dövlət nəzarətinin ən mühüm istiqamətləri milli və beynəlxalq at cinslərinin genofondunun qorunmasından, təkmilləşdirilməsindən, artırılmasından, atçılıq sahəsinə xarici və yerli investisiyaların cəlb edilməsindən, atçılığın inkişaf etdirilməsi üçün elmi nailiyyətlərin, mütərəqqi texnologiyaların tətbiq edilməsinə əlverişli imkanlar yaradılmasından ibarətdir. Eyni zamanda, bu sahədə dövlət nəzarətinin səmərəli həyata keçirilməsi üçün mövcud atçılıq təsərrüfatlarının uçotu aparılır. Cins atların mənşəyinin təsdiq edilməsi məqsədilə dövlət qeydiyyatı sisteminin qurulması ən vacib istiqamətlərdən biridir. Bu addımlar atçılıqda təmizqanlı cinslərin qorunması, zəngin genefondun yaranmasına imkan verəcək”.
Nicat Nəsirli qeyd edib ki, milli at cinslərimiz maddi-mədəni tariximizin ən zəngin parçasıdır. Atlarımız gözəl eksteryer görünüşü, yüksək balavermə qabiliyyəti, rəng və bədən göstəriciləri, dözümlülüyü, sahibinə qarşı sədaqətli olması ilə bütün dünyada məşhurdur. Bu xüsusiyyətlər onların gələcəkdə dünya bazarında ən yüksək maddi dəyərini müəyyən edəcək.
Türkiyədə işləməyə gedən – AZƏRBAYCANLILARA PİS XƏBƏR – YENİ QADAĞA
Türkiyədə xarici vətəndaşların yaşama izni alması qaydalarında dəyişiklik baş verib. FED.az xəbər verir ki, 2020-ci ildən etibarən xarici vəəndaşların Türkiyədə kirayə müqaviləsi əsasında qalmasına icazə verilməyəcək.
Bu barədə Türkiyənin miqrasiya xidmətinin GOÇ idarəsinin açıqlamasında bildirilir. Xatırladaq ki indiyədək xarici vətəndaşlar Türkiyədə üç əsasla yaşaya bilərdilər – daşınmaz əmlak sahibi olmaqla, Türkiyədəki işəgötürənlə əmək müqaviləsi bağlamaqla və kirayə müqaviləsi ilə. İlk iki şərt əksər xaricilər üçün mümkünsüz olduğundan Türkiyəyə işləməyə gedənlərin əksəriyyəti, o cümlədən Azərbaycan vətəndaşları da qardaş ölkədə kirayə müqaviləsi bağlamaqla yaşayırdılar.
Kirayə kontraktı ilə qalanlara turist kimi qalanlar deyirlər və bunun üçün Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmək tələb olunurdu. İndi isə, qanunverciliyə son dəyişikliklərdən sonra artıq kirayə müqaviləsi ilə yaşamaq mümkün olmayacaq.
FED.az xəbər verir ki, ümumiyyətlə, hazırda Türkiyədə kirayə müqaviləsi ilə bir neçə milyon nəfər xarici vətəndaş yaşayır. Bunların əksəriyyəti keçmiş SSRİ respeblikalarından, eləcə də ərəb ölkələri və Afrikadan gələnlərdir.
Təkcə İstanbulda keçmiş sovet respublikalarının 2 milyona yaxın vətəndaşı yaşayıb işləyir.
Bundan sonra həmin şəxslər Türkiyədə yaşamaq üçün ya daşınmaz əmlak ədə etməli, ya da rəsmi iş taparaq işəgötürənlə rəsmi əmək müqaviləsi bağlamalıdırlar. İkinci variant daha çətin görünür, çünki Türkiyədə işləmək icazəsi olan xaricilərin sayı kvota ilə məhdudlaşır.
Türkiyədə daşınmaz əmlak şirkətlərindən FED.az-a bildirilib ki, hazırda Türkiyədə işləyənlərin 95%-i qanunsuz («qaçaq») işləyir. Belələrinin arasında ən çox türkmənlər, özbəklər, tacik, qırğız və azərbaycanlılar var. Türkiyədə təqribən 300 min Ermənistan vətəndaşı da qeyri-rəsmi çalışır. Belələri bazarlarda, mebel firmalarında, eləcə də zərgər və sair sahələrdə çalışırlar. Bundan başqa, Qara dəniz sahillərindəki kurortlarda gürcülər və Afrika ölkələrindən gələnlər çalışır.
Türkiyənin turizm sektorunda çalışan xaricilərin sayı xüsusilə çoxdur. Antaliyadan tutmuş İzmirə qədər kafe-restoranlarda işləyən qarsonlar, ofisiantlar, meyvə-dondurma, ayaqqabı-geyim satanlar və otel işçiləri xaricilərdir.
Xaricilər buradan öz ölkələrinə küll miqdarda vəsait də göndərirlər. Yeni qanundan sonra rəsmi qurumların bu sahəyə nəzarətinin də kəskin artacağı gözlənilir.
Əmlak şirkətlərindən bildirilib ki, yeni qayda – yəni kirayə müqaviləsinin ödkədə yaşamaq üçün əsas olmaması kirayə evlərə tələbatı və bu sahədən gəlirləri azalda bilər.
Naftalanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ümumşəhər tədbiri keçirilib
Naftalanda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Tədbir iştirakçıları yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxıb. Dekorativ tətbiqi sənətin və el sənətkarlığının müxtəlif istiqamətlərində hazırlanmış əşyalara, rəsmlərə, kitablara, eləcə də milli mətbəximizin nümunələrinə həsr olunmuş şirniyyat və mürəbbələrdən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər sakinlərini qarşıdan gələn əlamətdar gün və Yeni il bayramı münasibətilə təbrik edib.
2019-cu ilin xalqımız, o cümlədən naftalanlılar üçün uğurlu olduğunu qeyd edən V. Novruzov yola saldığımız ildə Naftalanın müalicəvi əhəmiyyətli beynəlxalq turizm mərkəzi kimi şöhrətinin bütün dünyada yayılıldığını diqqətə çatdrıb. Şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən danışıb.
Bildirib ki, 31 dekabr tarixi Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurulur. Onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Həmrəylik gününün dövlət bayramı statusunu alması, dünya azərbaycanlıları birliyinin formalaşdırılaraq bugünkü səviyyəyə çatması üçün ulu öndər Heydər Əliyevə borcluyuq.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə töhfələr verib. Ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarda milli ruhun yüksəlməsi ilə əlaqədar səmərəli və ardıcıl fəaliyyəti ilə, milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.
Yeni ilin personajları Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdıraraq uşaqlarla birgə rəqs edib.
Tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı çıxış edib. Musiqi məktəbinin şagirdlərinin hazırladığı rəngarəng konserti proqramı şəhər sakinlərinə və çoxsaylı xarici turistlərə xoş ovqat bəxş edib.
Yaponiyada “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlığın son mərhələsinə başlanılıb
Yaponiyada cari ildə dünyanın hər yerindən bu Gündoğar ölkəyə təşrif gətirəcək idmançıların və digər qonaqların qarşılanması ilə əlaqədar son hazırlıq işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, yarışların baş meydançası olacaq Tokio Milli Olimpiya stadionu artıq istifadəyə hazırdır. İnşaat işlərinin bir neçə il davam etdiyi yeni idman obyektində tikinti işlərinə ötən ay yekun vurulub. Təşkilat komitəsinin yaydığı məlumata əsasən, iyulun 24-də Milli stadionda Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Bundan sonra bu idman obyektində müxtəlif yarışların keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Tokio 2020” Olimpiya Oyunlarında 33 idman növü üzrə 339 yarış təşkil olunacaq. Bunlardan da 5-i Olimpiya yarışlarına daxil edilən yeni idman növüdür və bu idman növləri üzrə 18 yarış keçiriləcək. Həmin idman növlərinə beysbol, softbol, skeytbordinq, serfinq, karate və idman dağa dırmanması daxildir. Təşkilatçıların qənaətinə görə, bu idman növləri Olimpiya azarkeşlərinin yeni nəslinin diqqətinə səbəb olacaq. Bu idman növlərindən bir neçəsinin “Paris 2024” Olimpiya Oyunlarına daxil edilməsi də nəzərdə tutulur.
Cari ildə yarışlar 43 idman obyektində keçiriləcək ki, bunlardan 8-i məhz Olimpiya Oyunları üçün inşa edilib. Həmin siyahıya daxil olan obyektlər sırasında 1964-cü il Olimpiadası zamanı inşa olunan idman meydançaları da var. Bu obyektlərin əksəriyyəti ya əsaslı təmir edilib, ya da yenidən qurulub. Yarışların təşkilatçıları tamaşaçıların marağını nəzərə alaraq həmin obyektlərin Tokionun mərkəzində, bir-birinə yaxın məsafədə yerləşdirilməsinə çalışıblar.
Bununla yanaşı, bir sıra idman yarışlarının Yaponiyanın şimal-şərqində, 2011-ci il zəlzələsinin və sunaminin böyük zərər vurduğu Miyaqi və Fukuşima prefekturalarında keçirilməsi nəzərdə tutulur. Həmin prefekturalarda futbol, beysbol və softbol üzrə yarışların keçirilməsi planlaşdırılır. Təşkilatçılar bununla təbii fəlakətdən sonra aparılmış bərpa işlərində əldə edilən uğurları nümayiş etdirəcəklərinə ümid bəsləyirlər.
Yaponiyanın şimal-şərqi, həmçinin Oyunların məşəl estafetində mühüm rol oynayacaq. Belə ki, estafetə start verilməzdən əvvəl 5 gün ərzində məşəl “Ümid yolumuza işıq saçır” şüarı ilə təbii fəlakətdən zərərçəkmiş rayonlarda nümayiş etdiriləcək.
Əlavə olaraq, qeyd edək ki, Fukuşima prefekturasındakı “J-Village” Yaponiyanın əsas futbol təlimi mərkəzlərindən biri sayılır. Məşəl estafetinin də məhz bu idman obyektindən başlanması nəzərə tutulur. Həmin obyekt uzun müddət qəzalı “Fukusima-1” AES-də aparılan işlərlə bağlı baza rolunu oynayıb. Ötən ilin aprelində bu obyektin yenidən idman yarışları üçün açılması, həmin prefekturada aparılan bərpa işlərinin nə qədər irəliləməsinin rəmzinə çevrilib.
Yarışların məşəl estafetinin isə ümumilikdə 121 gün davam etdirilməsi və Yaponiyanın 47 prefekturasını əhatə etməsi nəzərdə tutulur. Onun hərəkət marşrutuna Fuci dağından başlamış Tottorinin qum təpələrinə kimi məşhur turizm obyektləri daxil edilib. Həmin tədbirə qatılacaq 10 min insan məşəlin Milli stadiona çatdırılmasına və Olimpiya Oyunlarının açılışı mərasimi zamanı əsas məşəlin yandırılmasına yardım edəcək.
“Tokio 2020” Olimpiya Oyunlarının məşəli sakura ağacının çiçəyi əsasında düzəldilib.
Hazırda dünyanın məşhur idmançıları Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq üçün müxtəlif yarışlarda lisenziya uğrunda mübarizə aparırlar. Onların sırasında azərbaycanlı idmançılar da var.
Lakin bununla yanaşı, təşkilatçıların qarşısında Olimpiya Oyunlarının lazımi səviyyədə keçməsi üçün çoxsaylı problemlər hələ də qalmaqdadır. İqlim dəyişmələri nəticəsində ötən yay Tokioda qeydə alınan istilər təşkilatçıları marafon və idman gəzintisi üzrə yarışları Yaponiyanın şimalında yerləşən Sapporoya dəyişməyə məcbur edib. Artıq həmin şəhərdə yarışların marşrutu dəqiqləşdirilib, yaşayış və təhlükəsizliklə bağlı problemlər də həll olunub.
Beynəlxalq Olimpiya Komitəsinin Sapporoda havanın temperaturunun Tokio ilə müqayisədə 5-6 dərəcə aşağı olacağı barədə meteoroloqlara istinadla yaydığı məlumat yarışların həmin şəhərdə normal təşkilinə ümid yaradır.
Bundan əlavə, hazırda Tokio hökuməti yarışlar zamanı yollarda yarana biləcək tıxaclar, baş verə biləcək təbii fəlakətlər və turistlərin müxtəlif dillərdə xidmətlə təminatı kimi məsələləri də həll etməyə çalışır.
Tokio da daxil olmaqla, Yaponiyanın bütün şəhərləri Olimpiya və Paralimpiya Oyunları zamanı bu Gündoğar ölkəyə səfərə hazırlaşan idmançıları və turistləri səbirsizliklə gözləyir.
Bayram günlərində Qubadakı istirahət mərkəzlərinə gələn turistlərin sayı iki dəfə artıb
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı iki dəfə artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
Qış mövsümündə Quba rayonunda turistlər 10-dan çox istirahət mərkəzinin xidmətindən istifadə edə bilirlər. Hazırda rayona gələn qonaqlara 6 istiqamət üzrə turizm marşrutu təklif olunur. Qubaya gələn turistlər buradan Qusarın Ləzə və Həzrə kəndləri istiqamətində də səyahət edə bilərlər.
Bakı şəhər sakini Firəngiz Mürsəlova hər il ailəliklə Qubaya səyahət etdiklərini bildirib. “Quba paytaxta yaxındır. Cəmi iki saatlıq yoldur. Ötən illərdə Yeni il bayramında qar yağmışdı. Amma bu il mənzərə fərqlidir. Bununla belə Qubanı təbiət mənzərələri, təmiz havasına görə gəlib görməyə dəyər. Qəçrəşdən sonra Xınalıq kəndinə gedəcəyik. Hava münasib olduğundan yol da təhlükəsizdir”, – deyə F.Mürsəlova söyləyib.
İranlı turist Həmid Rzayi ilk dəfədir Qubaya səfər edib. “Mən Təbriz şəhərindənəm. Qardaşım ötən il ailəsi ilə birlikdə Azərbaycana gəlmişdi. Mən də onun tövsiyəsi ilə Qubaya gəldim. Buradan Qəbələyə və Şəkiyə də gedəcəyik. Çox qonaqpərvər, mehriban insanlarınız var. Özümü yad bir ölkədə hiss etmədim. Ən çox bəyəndiyim milli mətbəxiniz oldu”, – deyə iranlı turist söyləyib.
Qubaya gələn əcnəbi qonaqların bir hissəsi kənd evlərində qalmağa üstünlük verirlər. Xınalıq, Amsar, Alpan, Birinci Nügədi kəndlərində turistlərin faydalana biləcəyi evlər var. Həmin evlər ödəniş əsasında turistlərə təqdim olunur. Belə evlərdə gecələmək qonaqlara 15-20 manata başa gəlir. Ev sahibləri turistlərə təsərrüfatlarında becərdikləri məhsullar və hazırladıqları ərzaqları təklif edirlər.
Mehmanxanalarda dincəlmək istəyənlər isə bir gün üçün 40-80 manat ödəməlidirlər. Bura gün ərzində qidalanma və başqa xidmətlər daxildir.
Turizm obyektlərinin sahibləri bildiriblər ki, bu günlərdə rayona gələn turistlərin sayı adi günlərdəkindən iki dəfə çoxdur. Qonaqların əksəriyyətini yerli turistlər təşkil edir. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması da turist axınında böyük rol oynayır.
Qarın yağması bayram tətili ilə əlaqədar Qaxa gələn turistlər üçün xoş sürpriz oldu
Əsrarəngiz təbiəti, iqlimi, zəngin fauna və florası ilə fərqlənən Qax rayonunda son illər turizmin digər növləri kimi, qış turizmi də inkişaf edir. Bayram tətili günlərini burada keçirmək arzusunda olanların sayı ildən-ilə artır. Əvvəlki illərdə olduğu kimi, bu bayram günlərində də rayonun turizm-istirahət mərkəzlərinə gələn turistlərin sayında xeyli artım müşahidə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tətilini rayonda fəaliyyət göstərən “El Resort” otelində, “Yaşıl park”, “Səngər qala”, İlisu”, “Uludağ” və digər istirahət mərkəzlərində keçirən turistlər yaradılan şəraitdən məmnun qalıblar. Yeni il gecəsində turistlərə əyləncəli proqramlar təqdim olunub, uşaqlar Şaxta baba və Qar qızla birlikdə doyunca əyləniblər. Yanvarın 2-dən 3-nə keçən gecə rayonun dağlıq ərazilərinə, xüsusilə İlisu kəndinə qarın yağması isə turistlər üçün xoş bir sürpriz olub. Qarın yağmasına ən çox sevinənlər isə uşaqlar olub.
Bakı şəhər sakini Rəşad Novruzzadə Yeni ilin ilk günlərini ailəsi ilə birlikdə İlisu kəndində keçirir. Ailənin övladları Riyad və qardaşı qarın yağmasına çox sevinirlər. Sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Riyad deyib: “Biz dünən buraya gələndə qar yox idi. Səhər yuxudan duranda gözlərimizə inanmadıq. Hər tərəf ağappaq qarla örtülmüşdü. İndi qardaşımla birlikdə qardan Şaxta baba düzəldirik. Sonra qartopu oynayacağıq”.
Ruslan Əliyev ailəsi ilə birlikdə Rusiyanın Krasnodar vilayətindən qonaq gəlib. Qaxın havasının, iqliminin, təbiət gözəlliklərinin onların çox xoşuna gəldiyini vurğulayan turist deyib: “Rusiyada yaşasam da, bayram günlərini, xüsusilə Yeni ili bir qayda olaraq, doğma Vətənimdə keçirirəm. İstirahət üçün bu dəfə Qax rayonunu seçdik. Qarın yağması lap yerinə düşdü. Buranın mənzərəsi çox xoşumuza gəlir, böyük zövq alırıq. Fürsətdən istifadə edib hamının Yeni ilini təbrik edir, xalqımıza sevinc dolu günlər arzulayıram”.
Vüsal Əliyev isə İmişlidən gəlib. Bir həftədir ki, ailəsi ilə birlikdə rayonun Ağçay kəndində istirahət edir. İxtisasca həkim olan Vüsal bayram tətili təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: “Qax rayonu Azərbaycanın ən gözəl guşələrindən biridir. Buralar ilin bütün fəsillərində gözəldir. İstirahətimiz çox yaxşı keçdi, uşaqlar doyunca əyləndilər. Qarın yağması isə hamımızın ürəyincə oldu. Uşaqlar çoxdan qarda oynamağı arzulayırdılar. İstirahət müddətimiz bu gün başa çatır. Qaxdan çox zəngin təəssüratlarla ayrılırıq”.
Bu il Milli Xalça Muzeyi 120 mindən çox ziyarətçi sayı ilə rekordunu yeniləyib
Bu il Azərbaycan Milli Xalça Muzeyi üçün bir çox önəmli hadisələrlə yadda qaldı.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu il mədəniyyət ocağı 122 min 143 nəfər ziyarətçi sayı ilə öz rekordunu yeniləyərək respublikada ən çox ziyarət edilən muzey olub.
Builki ən önəmli hadisələrdən biri də Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyətə başlaması, hər kəs üçün əlçatan məkana çevrilməsidir. Belə ki, artıq burada fiziki məhdudiyyətli insanların muzeyə daxil olması, ekspozisiya ilə tanışlıq məsələləri öz həllini tapıb. Qeyd edək ki, muzeyin inklüziv proqramları haqqında bəyanatlar ICOM, NEMO kimi nüfuzlu beynəlxalq muzey təşkilatlarına təqdim olunub. Muzeyin uğurlu təcrübəsi xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib. ICOM Kanada, İntercom, NEMO və CAMOC komitələri bunu mühüm xəbər kimi öz saytlarında paylaşıb.

“Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.6 (Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi) bəndinin icrası istiqamətində Azərbaycan Milli Xalça Muzeyinin keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajına düzəlişlər edilib. Belə ki, xalçalar haqqında məlumatda onların toxunduğu yer kimi artıq Azərbaycan göstərilir. Bu proqramın 7.1.3-cü bəndinin (Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun hazırlanması) icrası ilə bağlı Türk İslam Əsərləri Muzeyində olan Azərbaycan xalçalarından ibarət kataloq nəşr olunub.

Bu il ərzində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətində kolleksiyaların zənginləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. Fond əhalidən satınalma yolu ilə altı muzey əhəmiyyətli əşya əldə edib. O cümlədən, muzey tarixində ilk dəfə olaraq “Sotheby’s” hərrac evindən Qacar dövrünə aid iki ədəd qadın bəzək əşyası alınıb. Muzeyə Amerika vətəndaşları Dumas Jones və Jay Jones tərəfindən XIX əsrə aid “Qonaqkənd” xalçası hədiyyə olunub. Bununla yanaşı, muzeyin kolleksiyası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunan altı qiymətli xalça ilə də zənginləşib. Bütün bu eksponatlar gələn il də ictimaiyyətə təqdim olunacaq.

2019-cu il muzeyin keçirdiyi sərgilər respublikamızın mədəni həyatında unudulmaz izlər qoyub. Muzey daxilində on, Rusiya, Çin və Fransada isə üç sərgi açılıb. Əlbəttə ki, bunların sırasında “Azərbaycan mədəni irsi Luvr Muzeyində” sərgisini xüsusilə qeyd etmək lazımdır. Belə ki, muzeyin tarixində ilk dəfə Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir Azərbaycan xalçası vətənimizə gətirilərək nümayiş olunub.
