Qurumun rəhbəri ölkədə turizm reyestrinin yaradılması istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, işlər tamamlanmaq üzrədir. Reyestr yaxın vaxtlarda istifadəyə veriləcək. Reyestrdə həm hotellər, həm də turizm sahəsində göstərilən xidmətlərlə bağlı məlumatlar əks olunacaq.
Alman portalı Azərbaycana səfər etmiş turistlərinin təəssüratlarından yazıb
Almaniyanın “fräulein-draußen” internet portalında yerləşdirilən “Kiçik ölkə, böyük müxtəliflik – Azərbaycana səyahət” adlı məqalədə Azərbaycana səfər etmiş alman turistlərinin ölkəmiz haqqında təəssüratları əks olunub.
Məqalənin əvvəlində Azərbaycanın zəngin təbiətə malik olduğu, ölkənin landşaftının müxtəlifliyi və çoxsaylı iqlim qurşaqlarına malik olması ilə seçildiyi haqqında yazılıb. Burada hündürlüyü dörd min metrdən artıq qarlı Qafqaz dağları ilə yanaşı, iri yarpaqlı ağaclardan ibarət meşələrin, çöllərin, eləcə də palçıq vulkanlarının, ucsuz-bucaqsız qumlu dəniz sahillərinin olduğu nəzərə çatdırılır.
Səyahətin Azərbaycan Turizm Bürosu və idman ləvazimatları istehsalı üzrə ixtisaslaşan “Lowa“ şirkətinin dəstəyi ilə gerçəkləşdiyi qeyd edilən məqalədə turistlərin ölkədən müsbət təəssüratla geri döndükləri, Azərbaycanın təbiətinin gözəlliyinə, insanlarının qonaqpərvərliyinə heyran qaldıqları vurğulanır.
Məqalədə turistlərin əvvəlcə Azərbaycanın İsmayıllı rayonuna səfər etdiyi və rayonun ərazisində yerləşən Qaranohur gölünə piyada getdikləri bildirilir. Gölün dəniz səviyyəsindən 1500 metr hündürlükdə, rayondakı “Talistan” istirahət mərkəzindən 3 saatlıq piyada məsafədə yerləşdiyi qeyd olunur. Piyada səyahət etməyi xoşlayan turistlərin sevimli yerlərindən biri olan Qaranohur gölünün “Lonely Planet” internet portalında da təsvir edildiyi və şəkil çəkdirmək üçün gözəl mənzərə və yerlərə malik olduğu nəzərə çatdırılır.
Azərbaycanın Lənkəran rayonuna səfər edən turistlər buradakı şəlalələrdən, xüsusilə Qələbin şəlaləsindən söz açırlar. Turistlər şəlaləyə aparan yolun yeni planetin kəşfinə bənzədiyini, yol boyunca kol-kosu təmizləməli olduqlarını bildirirlər. Şəlalənin gücünün və buradakı vəhşi təbiətin onları heyran etdiyini qeyd edirlər. Alman turistlər Azərbaycanda bütün kəndlərdə, hətta kiçik kənddə belə məktəbin olduğunu vurğulayırlar.
Səfər zamanı Xınalıq kəndinə səfər edən turistlər, kəndin yüksək dağlıq ərazidə yerləşdiyini, buradan baxdıqda hündürlüyü dörd min metrə çatan dağlara və dağların arasındakı vadiyə gözəl mənzərənin açıldığını nəzərə çatdırıblar. Bu mənzərələri əks etdirən şəkilləri məqalədə yerləşdiriblər.
Laza kəndinə gələn turistlər buranın da xüsusi gözəlliyə malik olduğunu, ətsiz süfrənin təsəvvür edilmədiyi bu kənddə onlara vegetarian süfrənin təklif olunmasından təəccübləndiklərini qeyd edirlər. Buradakı şəlalələrin suyunun qış aylarında donduğunu və xüsusi gözəlliyə malik olduqlarını bildirirlər.
Məqalədə Frankfurt şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçirilir. Azərbaycanda müxtəlif iqlim qurşaqlarının olması səbəbindən buraya hər mövsüm səfər etməyin zövqverici olduğu nəzərə çatdırılır.
Azərbaycanda turizmin inkişaf etməkdə olduğu, ölkədə bahalı mehmanxanalarla yanaşı, sadə mehmanxanaların da sayının gündən-günə artdığı qeyd edilir.
Yerli əhalinin olduqca qonaqpərvər olduğunu qeyd edən turistlər yol boyunca saysız-hesabsız kafelərin fəaliyyət göstərdiyini bildiriblər. Restorana gəlişin meşədə piknik etməyə bənzədiyini və insanda xoş təəssürat buraxdığını vurğulayırlar.
Məqalənin sonunda ölkənin onlarda unudulmaz təəssürat buraxdığını, Azərbaycanda səfərdə olarkən qadın turist olaraq özlərini tam təhlükəsiz hiss etdiklərini qeyd edirlər.
“Lonely Travel”: Azərbaycan 2020-ci ildə səyahətlər üçün ən yaxşı istiqamətlərin ilk onluğuna daxildir
İspaniyanın ən qocaman nəşrlərindən biri olan “La Vanguardia” qəzetində “2020-ci ildə səyahətlər üçün on ən yaxşı istiqamət” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, İspaniya nəşriyyatı ilə əməkdaşlıq edən “Lonely Travel” turoperatoru özünün “Best in Travel” siyahısını təkrar nəşr edib. Gələn il üçün səyahətlərin reytinq siyahısına qiymət və keyfiyyət nisbətləri ən münasib olan ölkələr, regionlar, şəhərlər və istiqamətlər daxil edilir.
“Lonely Travel” nəşrinin müəllifləri növbəti dəfə səyahətə çıxarkən sərf edilən hər qəpiyin müqabilində ləzzət almaq istəyənlər üçün on anklav seçiblər.
Bələdçiyə daxil edilmiş on ən yaxşı istiqamət arasında Azərbaycan da var. Nəşrdə yazılır: “Cənubi Qafqazda yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu məkandır. Bu səbəbdən ölkə daha da cəlbedici olub. Azərbaycan öz təbii gözəllikləri, sahilyanı rayonların fərqli landşaftı ilə qonaqları heyrətləndirir. Respublikanın paytaxtı Bakı şəhəri orta əsrlərə aid qala ilə məşhurdur. Buradakı tikililər ən müasir memarlıq nümunələri ilə heyrətamiz təzad təşkil edir. Bütün bunlar sizə az görünürsə, bunu da əlavə edək ki, Azərbaycan dünyada ən ucuz ölkələrdən biridir”.
Ən yaxşı turizm istiqamətləri siyahısına Şərqi Nusa Tenqara (İndoneziya), Budapeşt (Macarıstan), Madhya-Pradeş (Hindistan), Buffalo (ABŞ), Serbiya (Tunis) və Keyp Uaynlends də (Cənubi Afrika) daxildir.
Bölgələrdə kurortların “Yeni il” qiymətləri – 3 GECƏYƏ 7 536 MANAT – QİYMƏTLƏR
Bayram günlərini ölkə ərazisində olan yerli otellərdə keçirmək də olar. Yeni ili Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi vətəndaşların marağını cəlb edir. Kiçik bir araşdırmadan sonra ortaya maraqlı rəqəmlər çıxıb.
Bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib.
FED.az Banker.az-a istinadən bölgələrimizdə bir otaqlı və iki çarpayıdan ibarət olan kurortları və qiymətlərin siyahısını təqdim edir.
“Quba Palace” Hotel – Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə Qubada yerləşən beşulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşir. “Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace” Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir. Yeni ildə oteldə olan qiymətlər belədir: 31 Dekabr – 2 Yanvar tarixlərinə 2 gecəlik qiymət cədvəli: (Aşağıdakı qiymətlər 1 gün ərzində ödəniş edildiyi təqdirdə keçərlidir) Deluxe Dağ Mənzərəli Otaq (2 nəfərlik) – 1500 AZN, Deluxe Göl Mənzərəli Otaq (2 nəfərlik) – 1600 AZN-dir.
Eləcə də bax: Yeni ildəki qeyri-iş günləri ilə bağlı – DAHA BİR AÇIQLAMA
31 Dekabr – 2 Yanvar tarixlərinə 2 gecəlik qiymət cədvəlini sizə təqdim etməkdən məmnunluq duyuruq (Ödəniş gec olduqda aşağıdakı qiymətlər keçərlidir) Deluxe Dağ Mənzərəli Otaq (2 nəfərlik) – 1700 AZN Deluxe Göl Mənzərəli Otaq (2 nəfərlik) – 1800 AZN-dir. Qiymətlərə dekabrın 31-i nahar yeməyi və qala şam yeməyi, yanvarın 1-i səhər yeməyi və şam yeməyi daxildir. Qiymətlərə vergilər daxildir.
Lankaran Springs Wellness Resort – “Lankaran Springs Wellness Resort” dünyanın ən effektiv balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir. 31 dekabrdan 2 yanvara qədər 2 nəfər üçün hər şey daxil qiymətlər 890 AZN-dən başlayır. Qiymətlərə gündə 3 dəfə qidalanma (açıq bufet); yeni İl gecəsi proqramı da daxildir.
Shahdag Hotel& Spa – Şahdağ Hotel Spa -da 1 nəfərlik Miras zalındakı proqram üçün 900 AZN, 2 nəfərlik 1100 AZN;
Təranə zalındakı proqram üçün 1 nəfərlik 1000 AZN, 2 nəfərlik isə 1300 AZN-dir. 29 dekabrdan 1 yanvaradək 3 gecəlik 2 nəfərlik bir “deluxe” otaq 1300 AZN-dir. Daha ətraflı qiymətlər cədvəldə qeyd edilib.

Qafqaz Tufandag Mountain Resort Hotel – Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. 29-30 dekabr 1 gecəlik 327 AZN, 28-30 dekabr 2 gecə 654 AZN-dir. 31 dekabr, 1 yanvar tarixlərində bütün yerlər rezerv edilib.
Qalaaltı Hotel&SPA – Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. 2 nəfər üçün 2 gecə 3 gün hər şey daxil 1050 AZN-dən başlayan qiymətlərdir. 31 dekabrdan 2 yanvaradək nəzərdə tutulub. Qiymətlərə gündə 3 dəfə qidalanma (açıq bufet) və digər xidmətlər daxildir. 30 dekabrdan 1 yanvara qədər boş yerlər yoxdur.
Sheki Palace Hotel – 30-31 dekabr 1 gecəlik 120 AZN, 29-31 dekabr 2 gecəlik 220 AZN. 28-30 dekabr 2 gecəlik 140 AZN, 28-31 dekabr 3 gecəlik 290 AZN, 28-29 dekabr bir gecəlik 70 AZN-dir. 31 dekabr-1 yanvar yerlər doludur.
Shamakhi Palace Sharadil – “Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektar təşkil edir. 30-31 dekabr 1 gecə 2 nəfərlik 198 AZN, 29-31 dekabr 2 gecəlik 2 nəfər üçün 396 AZN-dir.
Qafqaz Resort Hotel – Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının mənsəbində yerləşir.31 dekabr-1 yanvar tarixlərində 2 nəfərlik 1 otaq 728 manatdır.
Qafqaz Thermal & Spa Resort Hotel – Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Mənbəyi otel ərazisində yerləşən bu mineral sudan Qafqaz Thermal otelinin sağlamlıq mərkəzində termal vannalar şəklində istifadə olunur. Bundan əlavə olaraq Qafqaz Thermal oteldə naftalan nefti ilə müalicə prosedurlarıda mövcuddur. Yeni il qiymətləri: 29-30 dekabr 1 gecə 100 AZN, 29-31 dekabr 2 gecə 324 AZN, 29 dekabr – 1 yanvar 3 gecə üçün 868 AZN, 29 dekabr – 2 yanvar 4 gecə üçün 1,093 AZN-dir. 30 dekabr 1 yanvar tarixlərində 2 gecə üçün 768 AZN nəzərdə tutulub.
Park Chalet Hotel, Shahdag – Bu oteldə 30 dekabr- 1 yanvarda 2 gecəlik iki nəfər üçün deluxe bir böyük yataqlı otaq 1,280 AZN-dir. 31 dekabrdan 1 yanvaradək 1 gecə üçün deluxe bir böyük yataqlı otaq 985 AZN-dir.

Pik Palace Shahdag – 31 dekabr-1 yanvarda oteldə 1 gecəlik deluxe böyük yataqlı otaq 1210 AZN, 30 dekabrdan 1 yanvara qədər iki gecəlik isə 1,630 AZN-dir.

Dünyanın ən bahalı ölkəsi
Eurostat-ın araşdırmalarına əsasən, Avropanın turizm baxımından ən bahalı ölkəsi İslandiyadır.
O, bu sıralamada İsveçrə, Norveç və Danimarkanı geridə qoyur. Daha sonrakı yerlərdə isə İrlandiya, Lüksemburq, Finlandiya, İsveç, Böyük Britaniya və Niderland qərarlaşıb.
Milli.Az fins.az-a istinadən bildirir ki, bu ada ölkəsində qiymətlər, qitədəkindən ən azı yarım dəfədən çoxdur. Məsələn, adi kafedə pendirli pizza 17 avro, bir qədəh şərab minimum 10 avrodur. Burada iki nəfər üçün orta səviyyəli nahar 85 avroya (təxminən 170 AZN) başa gəlir.
Bunun səbəbləri kimi adanın idxaldan çox asılı olmasını, eləcə də, alkoqol üzərinə yüksək vergilərin tətbiq olunmasını, həmçinin yerli valyutanın məzənnəsinin tez-tez “oynamasını” göstərirlər. İslandiyada orta aylıq əmək haqqı isə təxminən 4500 avrodur, yəni 9000 AZN.
Azərbaycanlı turistlərin Gürcüstandakı xərcləri artıb
Bu ilin üçüncü rübündə Azərbaycandan olan turistlərin Gürcüstanda orta xərcləri 524,5 lari (302,32 man) təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük araşdırmasında bildirilib.
Rüblük müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta xərcləri 108,5 lari (62,54 man) və yaxud 26% artıb. Bu ilin ilk doqquz ayı ərzində əcnəbi ziyarətçilərin Gürcüstanda xərclədikləri orta məbləğə görə Azərbaycandan olan turistlər ən az pul xərcləyənlər olublar.
Araşdırmaya əsasən, iyul-sentyabr aylarında Gürcüstanda ən çox pul xərcləyən turistlər arasında Rusiya vətəndaşları 1,323.8 lari (763,04 man) ilə birinci yeri tutublar. Türkiyə və Ermənistandan olan turistlərin orta xərcləri isə müvafiq olaraq 816 lari (470,34 man) və 553,9 lari (319,27 man) təşkil edib.
Qonşu ölkənin bu ilin üçüncü rübündə qəbul etdiyi əcnəbi ziyarətçilərin ümumi xərcləri 3,3 mlrd. lariyə (1,1 mlrd. dollardan çox) bərabər olub. Turistlər bir səfər ərzində orta hesabla 1 182 lari (401 dollar) xərcləyiblər.
Xərclərin 31,1%-i qida və içkilər, 24,6%-i yerləşmə, 14,3%-i mədəni və əyləncə xidmətləri, 20,7%-i alış-veriş, 7,7%-i yerli nəqliyyata, 1,6%-i isə digər xidmətlərə yönəldilib.
Hesabat dövründə Azərbaycandan Gürcüstana 547 114 nəfər səfər edib. Bu da illik müqayisədə 10,6% çoxdur. Azərbaycandan olan turistlərin 92,2%-i qonşu ölkəyə təkrar, 7,8%-i isə ilk dəfə səfər edib.
Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 2,3 gün təşkil edib.
Qonşu ölkəyə səfər edənlərin 53,6%-i səfərindən çox məmnun, 37,4%-i məmnun qalıb. 0,1%-i isə müvafiq sualı cavablandırmaqdan imtina edib.
“Bəhreyn-Azərbaycan turizm forumu” turizm sahəsindəki əməkdaşlıqları genişləndirəcək
Azərbaycan və Bəhreyn Krallığı turizm potensialı baxımından cəlbedici ölkələrdir və qarşılıqlı turist axınının daha da güclənməsi üçün əlverişli imkanları var. Bu fikirlər Bakıda keçirilmiş “Bəhreyn Krallığı və Azərbaycan arasında turizm forumu”nda səsləndirilib. Tek turizm qrupunun təşkilatçılığı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan “Tek Tourism Group”un təsisçisi Mirvüsal Seyidsultanlı bildirdi ki, məqsəd iki ölkə arasında turizm sahəsində imkanları öyrənmək və gələcək əməkdaşlığı daha da gücləndirmək üçün səmərəli fikir mübadiləsi aparmaqdır. O, Bəhreyndən və digər ölkələrdən olan qonaqları görməkdən məmnun olduğunu vurğuladı və bu cür səmərəli fikir mübadiləsinin əməkdaşlığa müsbət təsir etdiyini vurğuladı.
Daha sonra çıxış edən Azərbaycan Turizm Bürosunun nümayəndəsi Leyla Mahmudova Azərbaycanla Bəhreyn Krallığı arasında əlaqələrdən danışdı və bildirdi ki, başqa sahələrdə olduğu kimi, turizm sahəsində də Azərbaycan Behreyn Krallığı ilə uğurla əməkdaşlıq edir. Behreyndən olan turistlərin Azərbaycana marağı ildən ilə artır ki, bu da qarşılıqlı əməkdaşlıq üçün zəmin yaradır. O, ilin bütün fəsillərində Azərbaycanda istirahət etmək üçün əlverişli şəraitin, hər cür turizm potensialının və məkanların olduğunu vurğuladı. Tədbirdə həmçinin Azərbaycan və Bəhreyn Krallığının görməli yerlərini əks etdirən ingilis və ərəb dillərində hazırlanmış tanıtım çarxları nümayiş etdirildi.
“Bahrain Holidays” şirkətinin idarə heyətinin sədri Mahmud Alkadhem Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, iki ölkə arasındakı bu cür əlaqələr turizmin inkişafına öz töhfəsini verəcək. Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıqlarını qeyd edən natiq xalqımızın qonaqpərvliyini, mehribanlığını xüsusi vurğuladı. Əlavə etdi ki, elə bu doğmalıq, oxşar mədəniyyət Bəhreyn vətəndaşlarının diqqətini cəlb edir. “Məqsədimiz Azərbaycan turistlərinin Bəhreynə daha çox gəlməsini təmin etmək, Azərbaycanda ölkəmizin turizm potensialı haqqında daha çox məlumat verməkdir. Eyni zamanda deyə bilərəm ki, Bəhreyndən də Azərbaycana daha çox turistlər gəlir, ölkənizə üstünlük verirlər.”
“Azərbaycan Hava Yolları”nın Bəhreyndəki distribütoru, təmsilçisi, “Firnastravel&Tourism” şirkətinin icraçı direktoru Fatimə Əhməd bildirdi ki, yay mövsümündə “Bahrain Holidays” şirkəti vasitəsi, “Azərbaycan hava yolları”nın (AZAL) dəstəyi ilə Azərbaycana gəlmək, eləcə də Bəhreynə getmək istəyən turistlər üçün həftədə bir dəfə reys var idisə, artıq “Buta Airways” ilə bu reyslər həftədə iki dəfə həyata keçirilir. Bu da turist axınına daha çox müsbət təsir edir. Azərbaycana gəlmək istəyən turistlər bizim ölkədəki turizm bürosuna müraciət edirlər, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat alırlar. Gələcəkdə Bəhreynin turizm potensialını daha yaxından tanıtmaq üçün bloqqerlərin, media nümayəndələrinin səfərlərinin təşkili nəzərdə tutulur.
“Tek Tourism Group”un icraçı direktoru Mirmehdi Seyidsultanlı bizimlə söhbətində bildirdi ki, təmsil etdikləri turizm agentliyi Bəhreynlə yanaşı, bütün körfəz ölkələri ilə də əməkdaşlıq edir.
Forumun sonunda əməkdaşlıqla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
Xarici İşlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Səid Xan Mohmandı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşün əvvəlində səfir Səid Xan Mohmand ölkəmizdəki diplomatik fəaliyyəti müddətindən danışıb. Ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Azərbaycan ilə Pakistan arasında ənənəvi əməkdaşlıq sahələrində müsbət dinamikanın təşviq edilməsinin vacibliyi vurğulanıb. Habelə turizm, tranzit dəhlizləri və s. istiqamətlər üzrə zəngin potensialın mövcud olması qeyd edilib. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində yüksəksəviyyəli səfərlərin həyata keçirilməsi və Hökumətlərarası Komissiyanın fəaliyyətinin xüsusi rol oynadığı barədə ümumi qənaətə gəlinib.
Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki beynəlxalq səylər kontekstində Pakistanın ənənəvi olaraq Azərbaycana göstərdiyi möhkəm dəstəyin iki dost ölkə arasında olan həmrəyliyin bariz nümunəsi kimi qeyd edib.
Pakistan səfiri, öz tərəfindən, Azərbaycanın onun təmsil etdiyi ölkəyə verdiyi dəstəyi və göstərdiyi səmimi münasibəti xüsusi minnətdarlıqla vurğulayıb. Bu xüsusda, tərəflər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin münaqişələrin nizama salınması üçün müstəsna əhəmiyyətə malik olduğunu bildiriblər.
Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov səfir Səid Xan Mohmandın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona uğurlar arzulayıb.
Özbəkistanlı qonaqlar cənub bölgəsində
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti ölkəmizin cənub bölgəsində səfərdədir.
Səfərin üçüncü günü Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət Mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri yaradılıb. Millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyəti Lənkərandan sonra Lerik və Astaraya səfər ediblər.

Nümayəndə heyəti dağlar diyarı Lerikdə mehribanlıqla qarşılanıb. Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Özbəkistanlı qonaqlarla keçirilən görüşdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən danışıb. Bu əlaqələrin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. R.Bağırov nümayəndə heyətinə rayonun sosial-iqtisadi və mədəni inkişafı, turizm potensialı barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə minnətdarlıq edən özbəkistanlı qonaqlar nümayəndə heyətinin Azərbaycanın cənub bölgəsinə səfərinin gələcək əməkdaşlıq üçün geniş perspektivlər açacağını diqqətə çatdırıblar.
Özbəkistanlı qonaqlar səfər çərçivəsində, həmçinin Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində, Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Lerik Uzunömürlülər Muzeyində və “Relax” İstirahət Mərkəzində olublar.
Nümayəndə heyəti günün ikinci yarısında Astara rayonuna səfər edib.

Qonaqlar əvvəlcə “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesi ilə tanış olub. “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlara, çay plantasiyasına baxıblar.
Sonra nümayəndə heyəti Astara şəhərindəki Heydər Əliyev Mərkəzinə gəlib. Burada Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksi ilə tanışlıq da qonaqlarda zəngin təəssürat yaradıb.
Masallı rayonuna səfər zamanı nümayəndə heyəti və rayon rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qonaqlarla keçirilən görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən danışıb.
Ş.Məmmədov nümayəndə heyətinə Masallı rayonunun tarixi, əhalinin məşğulluğu, sosial-iqtisadi və mədəni həyatı, rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, uğurla yerinə yetirilib. İnfrastruktur layihələri barədə ətraflı məlumat verib.
Özbəkistanlı qonaqlar qarşılıqlı səfərlərin, mədəni mübadilələrin gələcək əməkdaşlıq üçün geniş perspektivlər açacağını vurğulayıblar.
Səfər çərçivəsində özbəkistanlı qonaqların iştirakı ilə Masallı Rayon Mədəniyyət Mərkəzində “Özbəkistan Mədəniyyəti Günü”nün açılışı olub. Buxara vilayəti Dövlət Filarmoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimat keçirilib. Özbək suvenirləri və əl işlərindən ibarət sərgi təşkil edilib.
Azərbaycan fermerlərinin məhsulları 24-cü “Global Village” Yarmarkasında nümayiş etdirilir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 24-cü “Global Village” Beynəlxalq Yarmarkası keçirilir. Azərbaycan bu il ilk dəfə olaraq 24-cü “Global Village” Beynəlxalq Yarmarkasında iştirak edir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.

Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində nümayəndə heyəti rəsmi işgüzar görüşlər keçirib. İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Dubay Ticarət və Sənaye Palatasında baş tutan görüşdə Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan, Palatanın digər rəhbər şəxsləri və BƏƏ-ni təmsil edən iş adamları iştirak ediblər.
Görüşdə hər iki ölkədə əmtəə ticarəti zamanı tələb olunan mövcud prosedurlar, Azərbaycanın ixrac və turizm potensialı, investisiya imkanları barədə təqdimat olunub. Gələcəkdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Birləşmiş Ərəb Əmirliklərində satışının təşkili mövzusunda geniş müzakirələr aparılıb.
