Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasının Pekin şəhərində nüfuzlu “Voyage” jurnalı tərəfindən keçirilən “Voyage Night 2019” tədbirində mükafatlandırılıb. Belə ki, Azərbaycan “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yer üzrə mükafata layiq görülüb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, mükafat Azərbaycan Turizm Bürosunun Çindəki rəsmi turizm nümayəndəliyinin əməkdaşına təqdim olunub. Mükafatlandırma mərasimində 200-dən çox yerli və beynəlxalq turizm sənayesinin nümayəndəsi iştirak edib.
Dünya üzrə geniş oxucu kütləsinə malik olan “Voyage” jurnalı Çinin ən nüfuzlu turizm və səyahət dərgilərindən biridir. Jurnalın əsas oxucuları turizm sektorunun peşəkarları və aparıcı biznes adamlarıdır.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 24394 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 63.1 faiz artım deməkdir.
Azərbaycanın Rumıniyadakı səfirliyi Buxarestdə keçirilən Beynəlxalq Qadınlar Assosiasiyasının ənənəvi diplomatik xeyriyyə bazarında (Charity Bazaar) ayrıca guşə ilə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rumıniyada akkreditə olunan 40-dan çox ölkənin diplomatik nümayəndəlikləri, həmçinin müxtəlif təşkilatlar, fondlar, şirkətlər və KİV nümayəndələri iştirak edib.
turizm
Diplomatik missiyaların rəhbərlərinin həyat yoldaşlarının təşkilatçılığı ilə keçirilən xeyriyyə bazarında ənənəvi olaraq iştirakçı ölkələr öz mədəniyyət, incəsənət, musiqi və milli mətbəx nümunələrini nümayiş etdirib. Satışdan əldə olunan vəsaitlər təşkilat komitəsi tərəfindən xeyriyyə məqsədləri üçün istifadə olunub.
Xeyriyyə bazarında iştirak edən səfirliyimizin əməkdaşları xalqımıza məxsus mədəni, tarixi, milli irs nümunələrini, mətbəximizin ləziz təamlarını nümayiş etdirib. Ziyarətçilərə ölkəmizin tarixi, ədəbiyyatı, milli kulinariya və turizm potensialını əks etdirən müxtəlif kitablar, açıqcalar və bukletlər paylayıb. Eyni zamanda, milli məhsullarımızın təbliği məqsədilə Azərbaycan stendində təqdim olunmuş “Xurcun”, “Farko”, “Ulduz”, “Astaraçay” şirkətlərinin məhsulları iştirakçılar tərəfindən böyük həvəslə alınıb.
turizm
Həmçinin, Azərbaycan stendində paytaxtımızın görkəmli yerlərinin təsvirləri, ölkəmizə aid şəkillər, yerli sənətkarlıq nümunələri tədbirdə iştirak edən minlərlə izləyici olub. O cümlədən hökumət və mətbuat nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun yerli mətbuat nümayəndələrinə müsahibəsi və ölkəmizin xeyriyyə bazarında iştirakı Rumıniyanın aparıcı KİV-ləri tərəfindən işıqlandırılıb.
İran ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etməsi turizm sahəsinə də müsbət təsir göstərir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Əl İşləri Sənayesi və Turizm naziri Əli Əsğər Munisan söyləyib. O bildirib ki, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri intensivləşib.
Nazir təklif edib ki, Bakıda İran sənətkarlarının, Tehranda isə Azərbaycan sənətkarlarının əl işlərindən ibarət sərgilər təşkil olunsun. Onun sözlərinə görə, bu sərgilər xalqlarımızın bir-birini daha yaxından tanımasına kömək göstərməklə yanaşı, turist səfərlərinin artmasına da müsbət təsir edər.
Ə.Munisan nəzərə çatdırıb ki, artıq qarşılıqlı sərgilərin təşkili barədə razılaşma əldə olunub. Bununla yanaşı, turizmlə məşğul olan özəl şirkətlərin nümayəndələrinin də görüşünü təşkil etmək zəruridir. Bu görüşlər əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün səmərəli ola bilər.
Qlobal istiləşmə ilə mübarizə sahəsində təsirli tədbirlər görülmədiyi təqdirdə baş verəcək iqlim dəyişikliyi regional balıqçılığı məhv edəcək. Mərcan qayaları ilə bağlı turizm istiqamətlərinə son qoyacaq.
Bu xəbərdarlıq Madriddə keçirilən iqlim konfransına təqdim edilmiş tədqiqatda yer alıb. “İqlim dəyişikliyinin dəniz iqtisadiyyatına gözlənilən təsiri” adlanan tədqiqat 14 ölkədən olan dayanıqlı dəniz iqtisadiyyatı üzrə yüksəkixtisaslı mütəxəssis qrupu tərəfindən aparılıb. Bu qrup okeanların mühafizəsinə yardım edir. Habelə idarəçilik siyasətini və maliyyələşdirməni müəyyənləşdirir. Onun tərkibinə Portuqaliya, Avstraliya, Kanada, Çili, Fici, Qana, İndoneziya, Yamayka, Yaponiya, Keniya, Meksika, Namibiya, Norveç və Palau nümayəndələri daxildirlər.
Tədqiqatın nəticələrinə görə, cari ssenari üzrə baş verəcək iqlim dəyişikliyi mərcan qayalarında turizmdən əldə olunan gəlirin 90 faiz, eyni zamanda, bir sıra Qərbi Afrika ölkələrində balıq ehtiyatlarının 85 faiz azalmasına gətirib çıxaracaq.
Bundan başqa, tədqiqatçılar iqlim şəraitinin dənizdə məşğulluğun üç əsas böyük gəlir mənbəyinə qlobal və lokal təsirini qiymətləndiriblər. Mərcan qayalarında turizm, balıqçılıq və dəniz mədəniyyəti. Dünyanın hər yerindən ekspertlər, tədqiqatçıları və analitiklər belə qənaətə gəliblər ki, təxirəsalınmaz tədbirlər görməklə karbon qazının emissiyasının qarşısı qlobal səviyyədə alınmalıdır.
Sənədin müəlliflərindən biri olan Stiv Heynsin sözlərinə görə, qlobal istiləşmənin hazırkı səviyyəsinin dəniz iqtisadiyyatına mümkün təsirlərinin miqyasını yalnız indi anlamaq mümkün olub. Qarşıdan gələn dərin iqtisadi böhranın, icmaların geniş yayılmış boşalmasının, aclığın və resurslar uğrunda baş verəcək. Münaqişələrin qarşısını almaq üçün yaxın onilliklər ərzində okeanların mühafizəsi və bərpası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Belə ki, 2050-ci ildə okeanın vəziyyətinin pisləşməsi dünya iqtisadiyyatına 428 milyard dollara, 2100-cü ildə isə 1 trilyon 979 milyard dollara başa gələcək.
Azor adaları Portuqaliyanın dayanıqlı turizm istiqaməti sertifikatı alan ilk regionudur. Bu mükafat dünyada yalnız 13 regiona verilir. Eyni zamanda, Azor adaları bu cür sertifikatı alan dünyanın birinci və yeganə arxipelaqıdır.
AZƏRTAC xəbər verir ki, sertifikat “Earthcheck” Beynəlxalq Turizm Məşvərət Şurası tərəfindən “gümüş” kateqoriyasında təqdim edilib. Bu sertifikatın verilməsi barədə Anqra-du-Eroişmudakı Terseyr adasında dünyanın 42 ölkəsindən 300 iştirakçının iştirakı ilə keçirilən Dayanıqlı Turizm üzrə Qlobal Şurada elan edilib.
Sertifikatlaşma prosesi 2017-ci ildən – BMT-nin dayanıqlı turizm Beynəlxalq ili elan etdiyi vaxtdan başlayıb. Bu sertifikata layiq görülən turizm istiqaməti həmin sənəddən bir il müddətində istifadə edir. Azor adaları indi öz irsini ötürməklə ilə məşğul olmalıdır.
Tədqiqatlar zamanı Azor adaları heyvanlar aləminin ən çox qorunub saxlanıldığı və yaşıllıq zonasının ən geniş olduğu etalon təyinat məntəqəsi elan edilib. Regionun strategiyası kütləvi turizmə deyil, məhz təbiətin və ətraf mühitin mühafizəsinə yönəlib.
2019-cu ilin yanvar-sentyabr aylarında Azor adalarında turist aktivliyi 17 faiz artıb və yerli icra hakimiyyəti orqanlarının hesablamalarına görə, ilin sonunda burada gecələmənin sayı 3 milyona çatacaq.
Dekabrın 6-da Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə başlanılıb. Buna görə də uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu qeyd edib. Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcək. Beləliklə, turistlərə daha keyfiyyətli xidmətlərin təqdim olunmasına vəsilə olacağını bildirib.
“Azərbaycanda ilk dəfə olaraq verilən bu akkreditasiya attestatı ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək”. Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Namiq Əliyev bu haqda məlumat verib.
Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək.
Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb.
Qeyd edək ki, mövcud təcrübə Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə də tətbiq olunur.
Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.
Baş icraçı direktor Florian Zenqstşmid məlumat verib ki, hotellərə udluzların verilməsi prosesi 2020-ci ilin ilk rübündə başlayacaq. İlk mərhələ üçün 100-dən çox hotelin ulduzlaşması həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2017-ci ilin noyabr ayında Avropa Akkreditasiya Təşkilatının və 2018-ci ilin mart ayından Laboratoriyaların Akkreditasiyası təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüs və dəstəyi, həmçinin bu ölkədə fəaliyyət göstərən “GM Travel House” şirkətinin təşkilatçılığı ilə Malayziyanın 220 turizm şirkətinin təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, hər biri 44 nəfərdən ibarət olmaqla nümayəndə heyəti 5 fərqli qrupa bölünüb. İlk hissəsi cari il noyabrın 10-da Azərbaycana yola düşüb. Nümayəndə heyətinin sonuncu qrupunun səfəri dekabrın 15-dən 18-dək planlaşdırılır.
Şirkət nümayəndələri ölkəmizin turizm potensialı, o cümlədən mədəni-tarixi obyektləri, milli mətbəxi, ekoturizm şəraiti, mehmanxana imkanları, ölkədaxili nəqliyyat infrastrukturu ilə yaxından tanış olur. Tərəf müqabili ola biləcək yerli şirkətlərlə görüşlər keçirirlər.
Qeyd edək ki, bu, Malayziyanın turizm şirkətlərindən ibarət ölkəmizə indiyə qədər səfər etmiş ən geniş nümayəndə heyətidir.
Ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev bildirib ki, Azərbaycan-Malayziya münasibətlərində turizm sahəsi xüsusi yer tutur. Bir çox xüsusiyyətlərinə görə, Azərbaycan malayziyalı turistlər üçün yeni və cəlbedici marşrutdur. Xalqlar arasında dostluq əlaqələrinin gücləndirilməsində turizmin xüsusi önəmini vurğulayıb. İki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün Azərbaycan və Malayziyanın dövlət və hökumət başçılarının aydın və güclü iradəsinin mövcudluğunu da vacib amil kimi qeyd edib.
“GM Travel House” şirkətinin direktoru, Malayziyada yaşayan özbək icmasının fəallarından biri olan Gulnora Khamidova isə səfərin uğurla davam etdiyini qeyd edib. Təmsil etdiyi şirkətin belə bir təşəbbüsə qoşulmasından məmnun olduğunu bildirib. O, həmçinin Azərbaycanın malayziyalı turistlər üçün bənzərsiz istirahət və zəngin məkanlar təklif etdiyini vurğulayıb.
“Çin turistlərinin Azərbaycana axınını təmin etmək üçün müəyyən işlər görülməlidir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2020-ci ildə Çindən Azərbaycana yeni hava xətləri açılacaq:
“Bu da potensialın həcmini artırmaqda bizə kömək edəcək. Eyni zamanda, Çin turistlərinə Azərbaycanı təsdiqlənmiş məkan kimi göstərmək üçün yeni müqavilələrin bağlanması nəzərdə tutulur. Öz təcrübəmdən çıxış edərək bildirim ki, Avstriya ilə Çin arasında belə bir müqavilənin bağlanması üçün iş aparmışdım. Çox müsbət nəticə əldə etdik, Çindən Avstriyaya gedən turistlərin sayı xeyli artdı”.
İcraçı direktor onu da qeyd edib ki, Azərbaycan Çindən çoxlu sayda turist kütləsini qəbul etmək üçün yetərincə hazır deyil:
“Bunun üzərində iş aparmalıyıq. Eyni zamanda, çinli turistləri cəlb etmək üçün yeni turizm məhsullarının, o cümlədən Çin dilində danışa bilən turizm xidməti göstərən heyətin hazırlanması üçün də işlər aparılmalıdır”.
“Azərbaycanda orta səviyyəli hotellərin gəlirinin 65%-i otaq, 25%-i iaşə, 10%-i isə digər əlavə xidmətlər hesabına formalaşır”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Hotel Assosiasiyasının (AHA) 2-ci Baş Assambleyasında çıxış edən qurumun hökumətlə əlaqə və tənzimləmə üzrə işçi qrupunun rəhbəri Elgün Məmmədov deyib.
Onun sözlərinə görə, belə otellərin xalis mənfəətinin onların gəlirinə nisbəti 6%-i ötmür. “Hotellər gəlirinin 40%-ni əmək haqqı fonduna, 25%-ni digər fondlara, 10%-ni satış əməliyyatlarına, 9%-ni amortizasiyaya, 8%-ni qeyri-satış əməliyyatlarına, 2%-ni isə gəlir vergisinə yönəldir. Burada onlara qalan cəmi 6% olur. Bu rəqəm də iş adamlarına əsas verir ki, hotel açsınlar yoxsa başqa işlə məşğul olsunlar”.
AHA-nın turizm nöqtələri və məhsulların inkişafı üzrə işçi qrupunun rəhbəri Firuz Süleymanov bu haqda danışıb. O gələcəkdə bütün hotellərin internet saytından nömrə bron etmək mümkün olacağını bildirib.
“Hotellər turistlərin istəklərini də nəzərə almalıdır. Tez-tez eşidirik ki, Çindən gələn turistlər daha az yağlı, Hindistandan gələn turistlər isə daha acı qidalar istəyir”, – deyə o, qeyd edib.
Azərbaycanda ilk dəfə olaraq, hotellər üçün minimal nömrə tələbi qoyulacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.
Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan “Turizm haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
DTA rəsmisinin sözlərinə görə, mehmanxana açmaq istəyən hər bir sahibkar bilməlidir ki, burada ən azı, 11 yer olmalıdır. Əks halda , həmin obyekt yerləşdirmə vasitəsi kimi qəbul edilməyəcək.
Qanun layihəsindəki digər yenilik qonaqların qeydiyyatı ilə bağlıdır.
Agentlik rəsmisi bildirib ki, hazırda yerləşdirmə vasitələrində qonaqların qeydiyyatı müəyyən anketin doldurulması ilə aparılır. Bu anketlər də aidiyyatı qurumlara təqdim olunur: “Biz bu işi asanlaşdırmaq istəyirik. Kağız işinin olmaması üçün qonaqların qeydiyyatının mərkəzləşdirilmiş formada aparılmasını təklif etmişik. Burada qonaqların fərdi məlumalarının təhlükəsizliyinə xüsusi önəm verilir. Heç bir dövlət qurumunun öz səlahiyyətinə aid olmayan informasiyaya çıxış imkanı olmayacaq”.
Q.Xeyirxəbərli bildirib ki, DTA tərəfindən hazırlanan yeni qanun layihəsinin bu ilin sonunda hökumətə təqdim edilməsi nəzərdə tutulub:”Bu layihə turizm sənayesi üçün ağır öhdəliklər yaratmır. Əksinə, turizm sənayesinin işini asanlaşdıran, onların fəaliyyətini stimullaşdırır”.