Dekabrın 4-də Bakıda Azərbaycan Hotellər Assosiasiyasının İkinci Baş Assambleyası keçirilib.
Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam tədbirin təşkilində məqsədin Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə təqdim olunması, milli ulduz təsnifat sistemi ilə əlaqədar planların açıqlanması, 2020-ci il üzrə nəzərdə tutulan strategiya, eyni zamanda hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsi olduğunu qeyd edib.
Assambleyada çıxış edən Assosiasiyanın prezidenti Martin Klaynman rəhbərlik etdiyi təşkilatın ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədi daşıdığını diqqətə çatdırıb.
O, qonaqpərvərlik sənayesindəki mövcud çətinliklər və fürsətlərdən bəhs edərək təşkilatın 2019-cu il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.
Martin Klaynman hotel sənayesinin inkişafında dövlət qurumları ilə birgə fəaliyyətin səmərəliliyindən söz açıb. Assosiasiyanın işində Dövlət Turizm Agentliyi, eyni zamanda Azərbaycan Turizm Bürosunun dəstəyini xüsusi vurğulayıb.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid çıxışında qarşıya qoyulan məqsədlərdən danışıb. O otel və qonaqpərvərlik sənayesinin inkişaf etdirilməsinin əsas məqsədlərdən olduğunu bildirib.
F.Zenqstşmid Assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Tədbir zamanı “Milli ulduz təsnifatı”, “Hüquqi qanunvericilik, Turizm qanunu, təsnifat və reyestr”, “Qonaqpərvərlik sənayesində rəqabət və gəlirlilik”, “Turizm məhsulu perspektivləri”, “Qonaq şikayətlərinin idarəsi” və s. mövzular üzrə azərbaycanlı və xarici mütəxəssislərin fikirləri dinlənilib.
Assambleya çərçivəsində BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun Kür II Proqramının “H2Otel Suya Qənaət Mükafatları” adlı layihəsinin qalibləri mükafatlandırılıb.
Layihə əsasında dekabradək innovasiyalar və qabaqcıl texnologiyalardan səmərəli istifadə edərək ən az su sərfiyyatı edən hotellər təltif edilib.
Dekabrın 3-də Bakıda Çin Xalq Respublikasının Fuciyan əyalətinin turizm potensialının təqdimatı keçirilib.
“Hilton Baku” otelində gerçəkləşən təqdimat mərasimi “China Travel” LLC turizm şirkətinin təşkilatçılığı ilə reallaşıb.
Fuciyan əyalətinin Fuco şəhərinin Mədəniyyət və Turizm Bürosunun vitse-prezidenti Luo Şujong çıxış edərək son illər Azərbaycan ilə Çin arasında iqtisadi, siyasi, mədəni və turizm sahəsində əməkdaşlıq əlaqələrindən söz açıb. Bildirib ki, Çin hökumətinin həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan hökuməti tərəfindən dəstək göstərilir. Qeyd olunub ki, əlaqələrin daha da inkişaf etdirilməsi gələcəkdə də müxtəlif layihələrin birgə icrası ilə davam edəcək.
Fuco səhərinin turizm imkanlarından danışan Luo Şujong deyib ki, turizm imkanları inkişaf edən Fuciyan əyaləti və Fuco şəhərinə hər zaman turistlərin gəlişi maraq doğurur: “Biz yerli və digər ölkələri təmsil edən turist şirkətləri ilə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Bizim məqsədimiz qarşılıqlı turizm potensialının yüksəldilməsinə xidmət edir. Azərbaycan ilə Çin arasında turizm sahəsində əməkdaşlıq üçün münbit şərait və böyük potensial var. Biz istəyirik ki, azərbaycanlılar Fucoya turist kimi səfər etsin, biz də Azərbaycana çoxsaylı çinli turistin gəlişi üçün çalışaq. Biz bu sahədə qarşılıqlı olaraq belə tədbirlər keçirmək, təqdimatlar reallaşdırmaqla əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik”.
Bildirilib ki, Fuciyan əyalətini il ərzində 3 milyonu xarici olmaqla, ümumilikdə 90 milyon turist ziyarət edir. Bu rəqəmi yaxın gələcəkdə daha da artırmaq üçün bir çox layihələr icra olunur, işlər görülür.
Azərbaycan Turizm Bürosunun regional meneceri Rüfət Sadıxov deyib ki, Azərbaycan Çin ilə turizm sahəsində əməkdaşlıqda maraqlıdır. Bildirib ki, artıq Azərbaycanın bu ölkədə turizm nümayəndəliyinin açılması çinli turistlərin ölkəmizə gəlişini sürətləndirib. Bu ilin oktyabr ayınadək olan dövrdə ölkəmizə 25 min çinli turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artım deməkdir. Vurğulanıb ki, qarşılıqlı əməkdaşlıq üçün lazım olan addımlar bundan sonra da tərəflərin səyi nəticəsində davamlı olacaq.
Sonra Fuciyan əyalətinin turizm potensialını əks etdirən videocarx təqdim edilib.
Bir çox dünya ölkələrində, eyni zamanda qardaş Türkiyədə turizm (səyahət) jurnalistikasına maraq böyükdür. Belə ölkələrdə səyahət yazarları və jurnalistləri federasiyaları, assosiasiyaları, təşkilatları fəaliyyət göstərir. Bu təşkilatların həm yerli, həm də xarici minlərlə üzvü var. Onların bəzilərinə qeydiyyat ödənişlidir. Bu sahəyə göstərilən böyük marağın arxasında isə reklamdan gələn gəlirlər dayanır. Turizm sahəsinə aid olan bütün şirkətlər – agentliklər, otellər, turizm kompleksləri və s. turizm üzrə ixtisaslaşmış KİV-lərdə öz məlumatlarını yayımlamaqda hər zaman maraqlı olurlar. Bu həm də ondan irəli gəlir ki, həmin ölkələrdə nəinki bu sahənin insanları daxilində, eləcə də cəmiyyət arasında belə xəbərlərə təlabat var.
Hətta belə ölkələrdə bir çox jurnalistlər “freelancer” yəni sərbəst fəaliyyət göstərməyə üstünlük verir. Bunun nəticəsində onlar bir neçə KİV orqanı ilə işləyib, gəlirlərini artıra bilirlər. Bundan başqa bu sahə üzrə ixtisaslaşmış jurnalistlərin bir çoxu beynəlxalq təşkilatlara – FİJET, ITWPA və s. üzv olaraq həmkarları ilə fikir mübadiləsi aparmağa, özlərini inkişaf etdirməyə çalışırlar. Belə təşkilatların üzvləri dünyanın bir çox yerində keçirilən tədbirlərdə görüşür, eyni zamanda öz ölkələrinin turizm potensialı barədə digərlərinə məlumatlar verirlər.
Bu mənada Azərbaycan haqqında nə demək olar?
Azərbaycan turizmi keçən illərə nisbətən sürətlə irəliləyir. Yeni otellər, agentliklər, komplekslər və bu sahəylə əlaqədar bir çox şirkətlər fəaliyyətə başlayır. Turizm və Media necə, bir-birini tamamlaya bilirmi?
Ondan başlayım ki, Azərbaycan universitetlərinin heç birində bu sahədə (Turizm jurnalistikası) ixtisaslaşmış dərslər keçirlmir. Ona görə də, həm jurnalistika fakültəsinin tələbələri, həm də turizm üzrə ixtisaslaşmış fakültələrdə oxuyan tələbələrin bir-birindən, dərslərdən xəbərləri yoxdur. Demək ki, bu sahədə yalnız özümüz-özümüzü ixtisaslaşdıra bilərik. Belə olan halda ya gərək ayrı-ayrılıqda hər iki ixtisasa uyğun təhsil alaq, ya da ixtisasın birini nəzəriyyədə, digərini isə təcrübədə öyrənək. Bu məsələnin həlli yolunu digər bir sahə üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tapdılar. Akademiyada “İdman Jurnalistikası” üzrə ixtisas yaradıldı və fəaliyyət göstərir. Fikrimcə,turizm jurnalistikasını da belə ixtisaslaşdırıb fakültə halına gətirmək mümkündür.
Bu sahə üzrə ixtisaslaşmış insanlar hardan iş tapacaq?
Azərbaycanda turizm jurnalistikası üzrə ixtisaslaşmış saytlar, jurnallar və qəzetlər çox azdır. Televiziya kanallarında və radiodan danışmağa dəyməz. Nəzərə alsaq ki, bir çox digər KİV-lərin həm də turizm bölməsi var, eyni zamanda bu sahədə ixtisaslaşmış jurnalistlər çox azdır, effektivaxtarışdan sonra iş tapmaq olar. Hətta bu sahəni dərindən öyrənmiş tələbələr gələcəkdə turizmlə bağlı yeni sayt, qəzet, jurnal, televiziya və s. yarada bilərlər
Növbədə isə yeni suallar dayanır:
– Azərbaycan cəmiyyəti turizm xəbərləri, səyahət məlumatları və s. oxumağa nə qədər maraqlıdır? – Bu KİV-lər yalnız bu sahənin insanları üçün olmalıdır? – Oxunma sayı az olanda hansı şirkətlər ixtisaslaşmış KİV-lərə reklam vermək istəyəcək? – Ümumiyyətlə, şirkətlər belə saytlarda reklam verməyə maraqlıdılarmı?
Bu sualların cavabını növbəti yazılarda tapmağa çalışacağam.
Azərbaycanın turizm imkanları Türkiyədə nümayiş etdirilir
Turizmplus.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə iştirak edir.
İstanbul şəhərində keçirilən sərgi fevral ayının 3-dək davam edəcək.
Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Hava Yolları, Heydər Əliyev Hava limanı ilə yanaşı müxtəlif turizm şirkətləri və hotellər iştirak edir. 70 kv. metrlik stenddə Azərbaycanın turizm potensialını əks etdirən foto və video çarxlar nümayiş etdirilir, broşürlər paylanılır.
Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli işgüzar görüşlər keçirilir.
Sərgidə Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycan stendini ziyarət edib. Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar departamentinin rəhbəri Sevinc Zeynallı iki ölkə arasındakı cari turizm əlaqələri barəsində nazirə məlumat verib. Öz növbəsində Mehmet Nuri Ersoy Türkiyə və Azərbaycan arasında turizm əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və hər kəsə uğurlar arzulayıb.
1997-ci ildən etibarən hər il keçirilən “EMİTT” sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Keçən il sərgidə dünyanın 85 ölkəsindən 1065 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 54000-dən çox ziyarətçi qəbul edib.
Ölkəmiz 2003-cü ildən etibarən sözügedən sərgidə iştirak edir.
“Bakı 5 ulduzlu hotellərin sayına görə liderdir. Onlardan 52-də 1 gecənin qiyməti 374 manatdan başlayır. 5 ulduzlu hotellərin sayı Bakıda 109, Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tbilisidə 13-dür”.
Bu barədə məlumatı iqtisadçı-alim Qubad İbadoğlu açıqlayıb. O, Bakıda 5 ulduzlu hotellərin sayının çoxluğunu aşağıdakı səbəblərlə izah edib:
“Hesab edirəm ki, Azərbaycanın paytaxt şəhərində 5 ulduzlu hotellərin sayının 100-dən çox olması Neft Fondundan və büdcədən oğurlanan vəsaitlərin bir hissəsinin əmlak bazarına yatırılmasından xəbər verir. İkincisi, bu hotellər büdcədən beynəlxalq tədbirlərin təşkilinə ayrılan vəsaitin silinməsində əhəmiyyətli rol oynayır. 2020-ci ilin büdcəsindən bu məqsədlə 221,5 milyon manat ayrılıb. Bakıya gələn qonaqlar da əsasən hakim dairələrə məxsus olan 5 ulduzlu hotellərdə yerləşdirilir. Üçüncüsü, ölkə paytaxtında 5 ulduzlu hotellərin çoxluğu gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinin göstəricidir. Ölkədə 100 minlərlə gənclər mənzilsiz yaşadığı halda bu hotellər yalnız beynəlxalq tədbirdən tədbirə doldurulur. Dördüncüsü, böyük ehtimalla Bakıdakı 5 ulduz hotellərin hamısı həmin standartlara uyğun xidmət göstərməsə də, rüşvətin müqabilində həmin statusu qazanıb. Nəhayət, Bakıda 5 ulduz hotellərin sayının 2 və 3 ulduz hotellərin sayına bərabər olması (onların birlikdə sayı 112-dir) Azərbaycanın turizm cəlbediciliyini aşağı salır və ölkəni rəqabətdə uduzdurur. Çünki turistlər adətən aşağı ulduzlu, ucuz hotelləri olan ölkələrə səyahət edirlər. Araşdırma göstərdi ki, dekabrın ortalarında Bakıdakı hotellərin 52-də 1 gecənin qiyməti 220 dollar və ya 374 manatdan başlayır”.
❤ Sevdiklərinlə həftə sonunu Təbiət qoynunda keçir ❤ Sizə, Payızın son Qarlı Qışınsa ilk günlərini Sevdiklərinizlə birlikdə təbiət qoynunda keçirməyi təklif edirik ? Əsrarəngiz 1 gecə / 2 günlük Şəki – Qəbələ turu Qiymət 59 Manat Tarix 7-8 Dekabr ❄❄❄❄❄❄❄❄ Qiymətə Daxildir: ▶ Vip nəqliyyat ▶ Oteldə Gecələmə (Kaspia City Hotel Gabala) ▶ Gülərüz tur rəhbəri ▶ Foto Çəkiliş ▶ Səhər yeməyi ( 2 dəfə yolda və Oteldə) ▶ Çay süfrəsi ▶ Yol boyu əyləncəli oyunlar Ekskursiyalar: ▶ Əvəzsiz görüntüsü olan – Nohurgöl ▶ Qəbələ, Tufandağ ▶ Şəki Xan Sarayı ▶ Azərbaycanın məhşur karvansaraylarından biri olan Şəki Karvansarayına ekskursiya ▶ Əlövsət Şirniyyat evində ən dadlı Şəki paxlavasınnan dadmaq imkanı ❄❄❄❄❄❄❄❄ QEYD1: Otelin bütün xidmətləri qiymətə daxildir. (Ödənişsiz Xidmətlər) QEYD2: Oteldə yerləşmə 2-3 nəfərliklərdə nəzərdə tutulub.Turist otaqda tək qalmaq istəsə əlavə olaraq 30AZN ödəməlidir. QEYD3: 0-5 yaş uşaqlar heç bir xidmətdən istifadə etməsə ödənişsizdir. QEYD4: 5-10 yaş arası uşaqlar 30% endirim. ❄❄❄❄❄❄❄❄
Ölkənin paytaxtı Buenos-Ayres şəhərinə gəlmək istəyən bütün turistlər bu şəhərdə keçirdikləri hər gecə üçün bundan sonra 1,5 dollar məbləğində vergi ödəməli olacaqlar. Bu təklifi irəli sürən hökumətin əsas məqsədi “Visit Buenos Aires” adlı müəssisə yaradıb, onu maliyyələşdirməkdir. Bu müəssisə açıq cəmiyyət olacaq. Beynəlxalq turizmin inkişaf etdirilməsinə məsuliyyət daşıyacaq.
Ekspertlərin qeyd etdikləri kimi, belə bir təcrübə artıq Avropanın, demək olar ki, bütün şəhərlərində tətbiq olunur. Verginin dərəcəsi otelin səviyyəsindən asılı olaraq 0,45 avro ilə 1,36 avro arasında dəyişir.
Son vaxtlar Buenos-Ayres şəhərinə hər il 3 milyon civarında turistin gəldiyi nəzərə alınsa, yeni vergidən şəhər büdcəsinə 5 milyon dollara yaxın vəsait yığılacağı gözlənilir.
Dekabrın 1-də Qətərin paytaxtı Dohada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
İclasda Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Qətəri isə Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi təmsil ediblər.
İclas zamanı Azərbaycan ilə Qətər arasında ikitərəfli əməkdaşlığın bir sıra məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Qətərin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclasının Doha şəhərində keçirilməsini sevindirici hal kimi qiymətləndirib. Bu görüşlərin gündəmdə olan mühüm məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını diqqətə çatdırıb. Əl-Mureyxi Qətərin Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.
Öz növbəsində, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Qətər arasında yüksəksəviyyəli siyasi əlaqələrin mövcudluğunu qeyd edib. Siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafı və diplomatik münasibətlərin daha da gücləndirilməsində roluna toxunub. Nazir müavini iki ölkə arasında yüksəksəviyyəli səfərlərin mübadiləsinin əhəmiyyətindən bəhs edib. Bu xüsusda, Prezidenti İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfərlərini xatırladıb. R.Həsənov, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən tədbirlər barədə qarşı tərəfə məlumat verib.
Ramiz Həsənov Ermənistanın işğalçı siyasətinin bölgədə təhlükəsizliyə ciddi hədə olduğunun bildirib. O Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti və danışıqlar prosesi barədə həmsöhbətinə müfəssəl məlumat verib. Nazir müavini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi, eləcə də qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, həmçinin digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarını xatırladıb. Bu xüsusda, R.Həsənov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllində ölkəmizin yanında olduğuna görə Qətər Dövlətinə minnətdarlığını ifadə edib.
S.Əl-Mureyxi Qətərin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini tam dəstəklədiyini və münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. O, münaqişənin təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitlik üçün təhlükə yaratdığı fikri ilə razılaşıb. Münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib. Dövlət naziri bildirib ki, Qətər məsələ ilə əlaqədar bütün qərar və qətnamələrdə Azərbaycanın yanında olub.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, siyasi məsləhətləşmələrin hər il keçirilməsi barədə razılıq əldə olunub.
“Əjdahaları”, vulkanları, mərcan adaları və çəhrayı çimərlikləri olan məşhur ada tezliklə turistlər üçün bağlana bilər. İndoneziya 5120×1760 kilometr ərazisi olan dünyanın ən böyük arxipelaqıdır. Müxtəlif məlumatlara görə, onun tərkibinə 13 mindən 17 minədək ada daxildir və onların yalnız 9 mindən çoxunun adı var. Dünya onlardan bəzilərini tanıyır: Yava, Bali, Kalimantan, Sumatra və Komodo. AZƏRTAC “Moya planeta” portalına istinadla onların bir neçəsinə səyahət etməyi təklif edir.
Bali adası unikal coğrafi mövqeyə malikdir. Onun cənub sahillərini Hind okeanı, şimalını Sakit okeanın tərkibinə daxil olan Bali dənizi yuyur. Burada çimərliklər və vulkanlar var, bitki aləmi dörd meşə növü ilə təmsil olunub, banan ağacı müqəddəs sayılır, çoxsaylı fauna nümunələri arasında isə Beynəlxalq Qırmızı Kitaba daxil edilmiş “Karstama balicum” nadir mağara yengəci xüsusi diqqətə layiqdir.
Adanın qeyri-adi Satonda vulkanı 3 min əvvəl eyniadlı vulkanın püskürməsi nəticəsində yaranıb. Akvatoriyada çox gözəl mərcan qayaları var, qonşu adalarla birlikdə isə milli dəniz təbiət parkı yaradılıb. Adanın mərkəzində həddindən artıq duzlu suyu olan göl mövcuddur: burada duzun miqdarı okeandakı analoji göstəricidən də çoxdur. Hesab edilir ki, bu suyun mənbəyi 10 min ildən çox yaşı olan qədim vulkan kraterləridir.
Nəhayət, Komodo adasına gəlirik. Bu ada ən iriləri sırasına daxil olmasa da, öz təbiəti ilə məşhurdur. Komodonun sahəsi 390 kvadrat kilometrdir və adada 2 mindən çox insan yaşayır. XIX əsrin ortalarından XX əvvəlinədək qonşuluqdakı Flores adası Niderlandın idarəçiliyi altında olub, lakin ilk avropalı adaya yalnız 1910-cu ildə ayaq basıb.
Adanın yaxınlığında üzərkən holland dənizçilər Floresə “canlı əjdahalar” haqqında nağıllarla qayıdırdılar. Guya onlar sahildə gördükləri yeddi metr uzunluğunda olan və alov nəfəsi olan bu canlıya yaxınlaşmağa qorxublar. Bu hekayələr müstəmləkənin başçısı leytenant Jak Karel Anri van Steyn van Hensbruku maraqlandırıb və o, sərəncamında olan silahlı əsgərlərlə Komodonu araşdırmağa başlayıb.
Ekspedisiya dənizdə bir canlı yaxalayıb və dənizçilər onu əjdaha hesab ediblər. “Komodo kərtənkələsi” adlanan bu canlını Yava adasında bioloqlar diqqətlə öyrəniblər. Onların vəhşi təbiətdə çox az qaldığını nəzərə alan Niderland hökuməti kərtənkələlərin qorunması haqqında qanun qəbul edib. Planetin bu ən nəhəng kərtənkələsinin uzunluğu 3 metr, çəkisi isə 90 kiloqramdır. O, siçovullardan tutmuş atlara qədər bütün ölçülərdə olan heyvanları ovlayır, pusquda duraraq onları uzun quyruğu ilə yaxalayır və iti dişləri ilə parçalara ayırır. Lakin holland dənizçilərinin dedikləri kimi, kərtənkələnin ağzından alov çıxmır. 1980-ci ildə onların mühafizə edilməsi məqsədilə milli park yaradılıb. Turistlər burada kərtənkələlərə baxmaqla yanaşı, həm də təbiətin gözəl mənzərəsini seyr edirlər.
Burada dünyada cəmi yeddi bənzəri olan nadir çəhrayı rəngli çimərlik var. Qumlara qeyri-adi rəng verən isə kiçicik birhüceyrəlilər olan və mərcanqulu nümunələri ətrafa səpələnmiş foraminiferlərdir.
1991-ci ildə Komodo Milli Parkı UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Burada iqlimin və coğrafi məkanın heyrətamiz vəhdəti unikal landşaft və ekosistem yaradıb. Lakin İndoneziya hökumətinin flora və faunanın mühafizəsi məqsədilə adanın turistlərə bağlanılması planını elan etməsi təbiətsevənlər üçün kədərli xəbər olub. Bu ideyanın çoxlu əleyhdarı var, hər şeydən əvvəl, yerli sakinlər işsiz qalacaqlar. İnsanlar bunun əvəzinə təklif edirlər ki, Komodoya səyahəti məhdudlaşdırmaq üçün onu pullu etsinlər.
Küveytdə ingilis dilində gündəlik nəşr olunan “Arabi Times” qəzetinin 1 dekabr tarixli nüsxəsində “Bu qış fəslində təbii gözəlliyi, tarixi və qədim mədəniyyəti ilə zəngin Azərbaycanın ən gözəl yerlərini özünüz sınayın” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Azərbaycanın qış istirahəti və bayram tətilləri, ailə ilə birgə gözəl vaxt keçirmək olduğundan yazılıb. Bir sözlə, bütün növ səyahət üçün xüsusi gözəlliklərə malik ölkə olduğu vurğulanır. Məqalədə deyilir: “İstirahət və macəranın qeyri-adi vəhdəti ilə Azərbaycan çox maraqlı yerləri və təklifləri ilə sizdə uzunmüddətli dərin təəssüratlar yaradacaqdır. Qafqaz sıra dağlarını bir qış cənnətinə çevirən Azərbaycandakı qış mövsümü çox füsunkar və məftunedicidir. Xizək həvəskarları bura gələnləri heyran edəcək nəfəskəsici gözəl və insan əlləri dəyməyən yerlər tapa bilərlər. Təcrübəli və ya yeni xizək sürən olmağınızdan asılı olmayaraq dünyaca məşhur iki xizək istirahət mərkəzində istirahət edə bilərsiniz. Qusar şəhərindəki Şahdağ dağ-xizək və Qəbələ şəhərindəki Tufandağ istirahət mərkəzində yamaclara meydan oxuya və xizək yollarının dadını çıxara bilərsiniz.
Avropa və Asiyanın kəsişməsində yerləşən, heyranedici təbii mənzərələrə, dinamik qış festivallarına və dünya səviyyəli xizək istirahət mərkəzlərinə malik olan Azərbaycan əsl bir qış istirahət zonasıdır”.
Məqalədə mədəniyyət paytaxtı kimi adıçəkilən Bakı şəhərində qış mövsümündə keçirilən festivallar barədə məlumat verilmişdir. Şəhərin işıqlandırılmasının, təqdim olunan dadlı yeməklər və isti içkilərin yüksək səviyyədə olduğu bildirilmişdir. Həmçinin Xəzər dənizinin sahillərində yerləşən Bakı şəhərinin UNECKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qədim hissəsi olan İçərişəhər və orada ziyarətçilərin rahatçılığı üçün nəzərdə tutulmuş mehmanxana və iaşə obyektləri barədə oxuculara məlumat verilir. Daha sonra Şahdağ və Tufandağ istirahət mərkəzlərində təşkil olunan turist turlarının qiymətləri, göstərilən xidmətlər var. Həmçinin digər bir şəhərimiz olan Şamaxının turistik imkanları barədə məlumat verilir.