Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın bəzi vətəndaşlarının Azərbaycana özlərinin daxili pasportları ilə gələ bilməsini təklif edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, F.Nağıyev bildirib ki, o, bu təkliflə bu yaxınlarda Rusiyada keçirilən 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edib:
“Rusiyanın bəzi regionlarında yaşayan Rusiya vətəndaşlarının Azərbaycana özlərinin daxili pasportları ilə gələ bilməsini təklif etmişəm. Bizim turizm münasibətlərimiz yalnız Rusiyanın mərkəzi ilə deyil, regionları ilə əlaqələrin inkişafına yönəlib. Yaxın vaxtlarda Rusiyanın bəzi regionlarının sakinlərinin özlərinin daxili Rusiya pasportları ilə Azərbaycana səfər edə bilməsi ideyası var. Hazırda bununla bağlı danışıqlar aparılır”.
F.Nağıyev bildirib ki, bu il ərzində Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 7,7 faiz, Rusiyadan Azərbaycana gələn vətəndaşların sayı 6,1 faiz artıb. Dinamika müsbət olsa da, biz bu göstəriciləri kiçik hesab edirik. Buna görə də biz işlərimizi davam etdirməliyik”.
F.Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyi vizaların sadələşdirilməsi və bəzi ölkələrlə isə vizaların olmaması marağındadır: “Bizim marağımızdadır ki, vizaların verilməsi prpseduru sadələşdirilsin. Bəzi ölkılər üçün isə vizasiz rejim tətbiq olunsun. Təbii ki, turizmin inkişafı ilə bağlı agentlik tərəfindən təklif edilən məsələlər çoxdur”.
F.Nağıyev əlavə edib ki, hazırda Azərbaycanda elektron vizaların verilməsi uğurıa tətbiq edilir. Onun sözlərinə görə, elektron vizaların olması ölkəyə daha çox turistlərin gəlməsinə imkan yaradır.
“Gələn il ərzində Şəkidəki “Yuxarı Baş”, İsmayıllıdakı “Basqal”, Qubadakı “Xınalıq” qoruqlarında tamamilə yeni idarəetmə modeli təqdim ediləcək”.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Milli Turizm Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, turizm sahəsində ən vacib instusional islahatlardan biri Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasıdır: “Ötən il ərzində tabeliyimizdə olan qoruqlarda idarəetmə prosesinin həyata keçirilməsi, eyni zamanda tarixi irsimizi qorumaq üçün Qoruqların İdarəetmə Mərkəzi yaradıldı. Bu mərkəz Prezident İlham Əliyev tərəfindən yaradılanda qarşıya qoyulan məqsədlərdən biri bu idi ki, qoruqlarımızı, tarixi irsimizi qorumaq, eyni zamanda bunu turizmin inkişafına yönəltmək lazımdır. Bununla bağlı çoxfunksionallı fəaliyyət həyata keçirilməyə başlanıldı. Biz yalnız turistlərin qoruqlarımıza gəlib baxıb qayıtmalarını istəmirik. Eyni zamanda həmin qoruqlarda alternativ xidmətlərin təklif edilməsini təşkil edirik”.
K.Qasımov deyib ki, artıq “Yanardağ” qoruğunda bu islahatlar həyata keçirilib. Şəkidə “Yuxarı Baş”, İsmayıllıda “Basqal”, Qubada “Xınalıq” qoruqlarının strateji konsepsiyaları hazırlanıb və təqdim edilib:
Omanda nüfuzlu “World Travel Awards” müsabiqəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, turizm üzrə “Oskar” sayılan bu müsabiqədə Portuqaliya dünyada ən yaxşı turizm istiqaməti hesab edilib.
Dalbadal üçüncü ildir ki, Lissabon istirahət üçün ən yaxşı şəhər sayılıb. Madeyra isə artıq beşinci dəfə dünyada ən yaxşı ada hesab edilib.
Portuqaliyanın Milli Turizm Agentliyinin prezidenti Luis Araujonun sözlərinə görə, onun ölkəsinin turizm “Oskar”ı alması faktı Portuqaliyada həyata keçirilən “Turizm-2027” strategiyasının uğurlu olmasının təsdiqidir. Bu strategiya Portuqaliya brendinin təbliğini, turizm sektoruna investisiyalar cəlb olunmasını və bu sahə üçün işçilər hazırlanmasına nəzarəti təmin edir.
Portuqaliyanın paytaxtı “Ən yaxşı şəhər” nominasiyasında dalbadal üçüncü dəfə qalib gəlib. Bu, o deməkdir ki, Lissabon qısamüddətli səfərlər üçün ideal seçimdir.
Bu mükafat onlayn sorğu nəticəsində təqdim edilir. Sorğuda geniş ictimaiyyətlə yanaşı, bütün dünyada turizm və səyahətlər sahəsində minlərlə peşəkar iştirak edib.
Qeyd etmək lazımdır ki, Portuqaliyada turistlərin sayı dalbadal 8-ci ildir ki, artır. Portuqaliya Turizm Nazirliyinin hesablamalarına görə, bu il turizm hesabına əldə edilən gəlir 27 milyon avroya bərabər olacaq.
Noyabrın 29-da işə başlayan “Azərbaycan Turizm Sammiti 2019”un açılış mərasimindən sonra 2018 – 2019-cu illərin icmalının təqdimatları keçirilib.
Çıxışçılar ötən ildən etibarən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkə daxilində görülmüş işlərdən söhbət açıb. Ölkə xaricinə istiqamətlənən marketinq fəaliyyətlərindən, onun müsbət nəticələrindən danışıblar. Eyni zamanda 2020-ci ildə nəzərdə tutulan planlar haqda məlumat veriblər.
Təqdimatlarda, həmçinin hotelçilik, turizm agentlikləri, eləcə də bələdçilik sahələri üzrə formalaşdırılmış assosiativ birliklərin fəaliyyətindən söz açılıb. Bu növ ictimai təşəbbüslərin önəmindən və turizmə verdiyi töhfələrdən bəhs edilib.
İnteraktiv sual-cavab sessiyası ilə davam edən sammit zamanı auditoriyadan ünvanlanan suallar Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun rəhbərliyi tərəfindən ətraflı cavablandırılıb.
Bundan əlavə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə baş tutan mətbuat konfransında jurnalistlərin maraq doğuran suallarını cavablandırıb.
Həmçinin Agentlik tərəfindən KİV nümayəndələri və fotoqraflar arasında keçirilən müsabiqənin qaliblərinə mükafatlar və diplomlar təqdim olunub.
Mükafat alanlar sırasında AZƏRTAC-ın əməkdaşı Ceyhun Alışlı da var.
Məqsədimiz 2023-cü ildə Azərbaycana 4 milyona yaxın turist cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti–2019” tədbirində Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid söyləyib.
Bildirib ki, buna ölkədə turizm potensialını artırmaqla nail olmaq olar: “Hələ görüləcək işlər kifayət qədərdir. Bir sıra işlər həyata keçirmək istəyirik. Bəzi proseslərdə çətinliklər yaşanmaqdadır, amma biz bunun həll edilməsi istiqamətində işləyirik”.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 2,7 milyon nəfərə çatıb. Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.
“Kənd evləri turizminin inkişafı imkanlarının artırılması nəzərdə tutulur”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib. Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir. “Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Bunlardan biri münasib kənd evlərinin siyahıya alınması və onların icma şəklində formalaşdırılmasıdır. Digər istiqamət müəyyən islahatlar tətbiq etməklə ev sahiblərini fəaliyyətə cəlb etməkdən ibarətdir”.
İcraçı direktor bildirib ki, əsas məqsədlərdən biri büdcəsi daha münasib olan hotellərin ölkə vətəndaşlarına əlçatanlığını təmin etməkdir. “Müşahidələr göstərir ki, ölkəyə gələn turistlər 4 və 5 ulduzlu hotellərdə qalırlar. Amma Dövlət Turizm Agentliyinin aşağı büdcəli hotellərdə qalmaq istəyən turistlər üçün də müəyyənləşdirilmiş xüsusi dəstək çərçivəsində münasib hotellərin tikilməsi ilə bağlı təklifləri var. Kənd yerlərində yaşayanlar öz evlərini bu şəbəkəyə əlavə etməklə və münasib təlim keçməklə belə bir platforma yarada bilərlər. Təəssüf ki, onların nə belə bir şəbəkəyə qoşulma imkanları mövcuddur, nə də belə platformalar əlverişli şəkildə yerli və xarici turistlərə təqdim edilir. Dövlət Turizm Agentliyi ilə birlikdə münasib mülkiyyət tipli ev təsərrüfatlarının şəbəkəyə qoşulması, xarici və yerli turistlərə bu platformadan istifadə imkanlarının yaradılması müzakirə olunmaqdadır”.
Azərbaycanda digər aviaşirkətlərə də (“AZAI”dan başqa) Bakı ilə yanaşı, ölkənin digər turizm regionlarına uçuş yerinə yetirməsi məqsədilə mütləq dərəcədə subsidiyalar verilməlidir.
Trend-in məlumatına görə, bunu Azərbayan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib.
Onun sözlərinə görə, bu sahədə subsidiya siyasəti tətbiq olunmasa, aviaşirkətləri rayonlara yönəltmək çətin olacaq: “AZAL“ın bu sahədə xidmətlərini unutmaq olmaz. Amma daha aşağı büdcəli digər aviaşirkətləri də rayonlara uçuşlara cəlb etmək çox önəmlidir. Bu da gələcəkdə hava nəqliyyatı ilə ölkəyə turistlərin gəlməsini sürətləndirəcək. Edilən şikayətlər arasında hava yollarının biletlərinin kifayət qədər bahalı olması da mühüm amillərdən biri kimi tərəfimizdən müzakirə olunur. Bu istiqmətdə qiymətlərin aşağı salınması və digər işlərin görülməsi ilə bağlı Dövlət Turizm Agentliyi ilə müzakirə aparılır. Yaxın gələcəkdə tətbiq ediləcək yardım və dəstək mexanizmləri müzakirə olunmaqdadır”.
“İctimai təşəbbüsləri dəstəkləyirik, sağlam rəqabət formasının yaranmasının tərəfdarıyıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri bu gün keçirilən Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O bildirib ki, sağlam rəqabət mühiti qiymət bazarına təsirsiz ötüşmür və bu da turistlərin səyahət üçün ölkəmizi seçməsində mühüm rol oynayır:
“Əhalinin maddi gəlirlərinin artımı da turizm sektorunun inkişafına xeyli töhvə verir və biz hazırda bu istiqaməti seçmişik. Mədəni irs bizim milli sərvətimizdir və onu qorumaq bizim vəzifəmizdir. Turistlərin bir dəfə yox, bir neçə dəfə ölkəmizə gəlməsini təşkil etmək lazımdır. Bizim də əsas məqsədimiz budur”.
Agentliyin Aparat rəhbəri Kənan Qasımov cari ilin icmalını təqdim edən zaman bildirib ki, ən vacib məsələlərdən biri statistik göstəricilərdir ki, qiymətləndirmələrə əsasən ötən ilə nisbətən turist axınında 10 faizə yaxın artım var: “Sorğulara əsasən ölkəmizə səfər edən turistlərin 60%-i ölkəmizə səyahət məqsədilə, 4% turist isə sağlamlıq məqsədilə gəlib.
Səyahət edən turistlər qonaqpərvərlik, milli mətbəx, qonaqlardan razı qalsa da, aviabilet qiymətlərindən, daxili nəqliyyatdan, görməli məkanların əlçatanlılığından narazıdır. Bu nəticələr bizim strategiyamızı müəyyən edir və bununla bağlı işlər aparılır. Hazırda sahibkarların işini asanlaşdırmaq üçün vergi güzəştlərinin tətbiq olunması ilə bağlı layihə hazırlanaraq dövlət orqanlarına təqdim olunub. Düşünürəm ki, gələn ildən siz yeniliklərlə tanış ola biləcəksiz.
Bundan başqa, turistlərə yardım mərkəzlərinin yaradılması yekunlaşmaq üzrədir. Artıq bununla bağlı müzakirələr yekunlaşıb və sistem növbəti ildən tətbiq olunacaq”.
Noyabrın 29-da Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb.
Sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 1500-dən çox iştirakçı qatılıb.
Tədbiri giriş sözü ilə açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ötənilki sammitdən sonra turizm sahəsində görülən işlərdən və agentliyin gələcək planlarından danışıb.
Qeyd edib ki, agentliyin turizm sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi dinamik olaraq artım tempini davam etdirir.
Fuad Nağıyev birillik dövrü əhatə edən statistik göstəricilərə diqqət çəkərək 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz daha çox olduğunu bildirib. Xüsusilə yeni hədəf bazarlardan gələn ziyarətçilərin sayında artım müşahidə edildiyini söyləyib. “Bu ilin 10 ayı ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib. Biz turizmin inkişafında sağlam mühitin yaradılmasının tərəfdarıyıq. Bu istiqamətdə addımlar atmışıq və atırıq. Bir çox ölkələrdən Azərbaycana turist axınına nail olmuşuq. Görəcəyimiz işlər hələ qarşıdadır”, – deyə F.Nağıyev söyləyib.
Qurum rəhbəri, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən turizm sahəsinin inkişafına davamlı diqqət ayrıldığını vurğulayıb. Göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Turizmin inkişafı ilə yanaşı, turistləri ölkəmizə cəlb edən mədəni və tarixi dəyərlərimizi qorumağın vacibliyini vurğulayan Fuad Nağıyev rəhbəri olduğu qurumun tabeliyindəki qoruqların turizm potensialından səmərəli istifadəni təmin etmək üçün kompleks işlər apardığını qeyd edib.
Agentlik sədri formalaşan turizm sənayesinin üzvlərinin müxtəlif assosiasiyalarda birləşməsinin müsbət hal kimi qiymətləndirib. Bu cür ictimai təşəbbüslərin vacibliyini bildirib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bir il ərzində həyata keçirilən fəaliyyətin məhsuldarlığına toxunub. Gələcək planlar və layihələr, qlobal, eləcə də regional bazarlarda aparılan marketinq strategiyası barədə məlumat verib.
O, “Bir daha bax” şüarı ilə Azərbaycanın turizm potensialının və yeni turizm brendinin beynəlxalq platformalarda uğurlu təqdimatından, dünya üzrə 3 milyardadək insana çatdırılmasından bəhs edib.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov təmsil etdiyi qurumun gördüyü işlər, qurumun tabeliyində olan qoruqlarda turistlər üçün tətbiq edilən yeniliklər haqqında danışıb. Habelə regionlarda fəaliyyət göstərən destinasiya mərkəzlərinin fəaliyyəti, turizm təhsili və kadr peşəkarlığının artırılması barədə geniş məlumat verib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov turizm marketinqi, dünyanın 15 turizm bazarında ölkəmizin turizm potensialının təbliğ edilib. Bir çox qlobal turizm platformalarında əməkdaşlığın qurulub. Yeni turizm brendinin təqdimatı, turizm sərgiləri və ölkəmizin turizmini tanıtmaq üçün 50 mindən artıq broşürlərin çap edilərək paylanılması haqda məlumat verib.
Turizm sənayesində son tendensiyaları, o cümlədən ölkədaxili və Azərbaycana səfərlərin marketinq və təbliğat məsələlərini müzakirə etmək məqsədilə keçirilib. Sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar təşkil olunub.
Sessiyalar “Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması”, “Turizm sənayesinə dəstək: çağırışlar və imkanlar”, “Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri”, “Turizmdə rəqəmsal fəaliyyət və marketinq təcrübələri”, “Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi”, “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzuları əhatə edib.
Tədbir zamanı turizm sahəsinin aparıcı iştirakçıları yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərini təkmilləşdirilməsindən danışıblar. Bu sahədə yeniliklər və qarşıda duran maneələri müzakirə etməklə yanaşı, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yolları irəli sürüblər.