Yeri gəlmişkən, İraq Mərkəzi Bankının “Yeni Babil qülləsi” adlandırılan yeni binasının dizayn müəllifi də Heydər Əliyev Mərkəzinin dizaynının müəllifi olan Zaha Hadiddir. 162,52 metr hündürlüyündə nəzərdə tutulan bina 2021-ci ilin sonuna kimi hazır olacaq və 800 milyon dollara başa gələcək.
Turistlər, meyvə bağları, Lahıc – İSMAYILLIDA ƏMLAK NEÇƏYƏDİR?
Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonu indi də insanların daha çox üz tutduğu yerlərdəndir. Ölkənin şimal-mərkəz hissəsində yerləşən rayon öz füsunkar təbiəti ilə hamını cəlb edir. Rayonun əsas turistik mərkəzlərindən olan Lahıc dünyada öz misgərliyi ilə şan şöhrət qazanıb. Rayonun ərazisində Talıstan kəndində 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. FED.az təbii gözəlliyi, turimz imkanları və kənd təsərrüfatı imkanları ilə məşhur olan İsmayıllının daşınmaz əmlak bazarını təqdim edir.
İstirahət və meyvəçilik bölgəsi
Bol günəş energisi alan İsmayıllı rayonunda meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılıb. İqlim ehtiyatlarının kurort və istirahət məqsədləri üçün də istifadə edilməsi imkanları böyükdür. Son dərəcə mənzərəli olan meşəli dağ yamacları, mülayim iqlim şəraiti sərin mineral bulaqlar şəbəkəsi, olduqca səfalı yaylaqlar ilə fərqlənən rayon ərazisinin kurort- istirahət bölgəsi kimi istifadə edilməsinə böyük imkanlar açır. Buna görə də bu ərazidə daşınmaz əmlak alqı-satqısı əsasən yaz-yay mövsümündə dirçəlir.
Turistlər əmak bazarını dəyişib
İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər – İsmayıllı, ikisi şəhər tipli qəsəbə – Lahıc, Basqal, yüz altısı isə yaşayış məntəqələridir. Dağlarla əhatələnmiş, gur çaylarlariyla zəngin olan rayonun paytaxt Bakıya yaxınlığı (2 saatlıq məsafədir) onun perspektivini daha da artırır. İlin demək olar ki, 3 fəslində bu bölgəyə istirahət üçün gələnlərin sayı ilbəil artır. Bu isə kənd evlərinin kirayə verilməsi, həmçinin alqı-satqı prosesinə müsbət təsir göstərir. Lakin gələnlərn əksəriyyəti xarici turstlərdən çox yerli insanlardır. Əcnəbilər bir qayda olaraq İsmayıllının zəngin tarixi olan Lahıc, Buynuz, Xanəgah, Talıstan, Cülyan, Basqal kimi qəsəbələrə daha çox gəlirlər. Bu kəndlərdə evlərin günlük kirayə qiyməti 50 manatdan başlayır. Həmin məbləğə 4 nəfərin rahat qala biləcəyi 2 otaqlı ev götürmək olar. Evin içərisində yataq dəstləri, televizor, digər mebellər, mətbəxdə lazımi avadanlıqlar, sanitar qovşaqlar yerləşdirilib.
İsmayıllı-Qəbələ yolü üzərində yerləşən ərazilər əcnəbilər üçün daha cəlbedicidir. Bu, həm də infrastrukturun əlverişli olmaması, yolların xarici tursitlərn tələblərinə cavab verməməsi ilə bağlıdır.
Gəlirli sahə – MEYVƏ BAĞLARI
İsmayıllıda daşınmaz əmlak sahibi olmaq həm də əlverişli biznes qurmaq deməkdir. Burada torpaq alqı-satqısında ən əlverişli biznes bağların alınmasıdır. Bu zona alma, fınqıd bağlarıyla məşhurdur. Topcu kəndində satışa çıxarlan 6 hektar torpaq sahəsini almaqla həm evə, həm də biznesə sahib olmaq imkanı yaranır. Ərazinin qiyməti cəmi 60 min manata təklif edilir. Bu halda torpağın bir sotu da 100 manata düşür. Ərazinin 3 hektarında findiq bağıdır. Bağlardakı ağaclar 8 ildir bar verir. 1 ha sahədə fındıq bağından ildə alınan məhsul ortalama 3 tona yaxındır. Bakı səhərində həyət evi ilə də barter olunur.
Torpaq sahələri – hektarı 400-900 manatdan başlayır
İsmayıllıda torpaqlar bahalaşıb. 3-4 il əvvəl 1 hektarı 500-600 manata təklif olunan torpaq sahələrini indi həmin qiymətə tapmaq çətindir. 400-900 manat arası təklif olunan sahələr isə hələ də qalmaqdadır. Pay torpaqlardan artıq müxtəlif təsərrüfatlar yaradılıb. Bununla belə 2 min 500 manata İsmayilli rayon Topçu kəndində 8 sot həyətyanı sahə almaq mümkündür. Ərazidə su, qaz, işıq var, yanından yol keçir, həyətdə meyvə ağacları da var. Qəbələ-Bakı avtomagistral yolunun 10 dəqiqəlik məsafəsində yerləşən sahənin çatışmayan yeganə cəhəti bələdiyyə sənəd ilə olmasıdır.
Bağ salmaq, əkin əkmək üçün hər cür şəraiti olan 400 sot əkin sahəsini isə İsmayıllıda 17 200 manata almaq olar. Ərazi şosse yolunun yaxınlığındadır. Üzüm bağı, badam bağı ilə qonşu olması ərazidə bu meyvə və çərəzin əkilməsi ideyasını diqtə edir. Digər tərəfdən əkin sahəsi olaraq noxud və yonca da əkmək mümkündür. 230 sot torpağı 200 min manata təklif edənlər isə onun istirahət zonasına yararlı olduğunu düşünürlər. Yol kənarında yerləşən bu ərazidə daimi olaraq su, elektrik enerjisi var. Yola nəzarət edən aidiyyatı qurumun icazə sənədi olan ərazi dekorativ ağaclarla bəzədilib.
Lahıcda da torpaq alıb ev tikmək olar
Turistlərin böyük rəğbətini qazanan Lahıc qəsəbəsində ekoloji təmiz mənzərəli ərazidə, meşə ilə üzbəüz, Lahıc su anbarının yanında, hər növ istifadə üçün sotu 1300 manatdan torpaq sahəsi satışa çıxarılıb. Bütöv sahə 12 sotdur. Satıcı ərazini tam alacaq adama qiymətdə endirim də təklif edir. 12 sot bütöv olmaqla hamısı alınsa, 15 000 manatdan satıla bilər. Ərazidə elektrik,telefon xətləri mövcuddur. Ərazi dəmir torla çəpərə alınıb. Həyətdə meyvə ağacları – qoz, fındıq, armud, çaytikanı,böyürtkən kolları və s. var. Çıxarışı var.
Kirayə evlər – turistlər və …ərəblər üçün
İsmayıllının dörd bir yanı dağ, meşə, cay və çəməndir. Təbiətə baxıb zövqlə istirahət etmək istəyənlər üçün hər şəraiti və təchizatı olan yüksək şəraitli evlər əlçatan qiymətə təklif olunur. İsmayıllıda əmlaklar, turizm üçün cəlbedici olan kənd evləri digər regionlarla müqayisədə ucuzdur. Əmlakçının bildirdiyinə görə, ən ucuz və sahibi ilə birlikdə təklif edilən kirayə evlərin qiyməti bir gecə üçün 30 manatdan başlayır. Sahibi olmadan evlərin qiyməti isə 40-50 manata təklif edilir. Ev alqı-satqısı, kirayəsi ilə bağlı internet resurslarında İsmayıllı rayonu kirayə kənd evləri elanlarıyla bağlı 2-ci yerdə qərar tutub.
Villa kirayəsi 100 manatdan başlayır
Villaların günlük kirayə qiyməti bir qayda olaraq 100 manatdan start götürür. Burda həmin villanın yerləşdiyi kəndin ərazisi də rol oynayır. Məsələn, Küpüc dagının ətəyində, təbiət qoynunda Qəbələ yolunun üstündə yerləşən əla təmirli 4 otaqlı evdə 10-12 nəfər qonaq rahat yerləşə bilər. Evdə WIFI internet və hər cür məişət əşyaları da var. Şəraiti isə ən müasir standartlara cavab verir. Evdən 200 metr aralıda hündür şəlalə, Ağarçay və iri göl də var. Bu cür evin bir gecəlik kirayə haqqı cəmi 160 manatdır.
Villaların həyətində də istirahət üçün məkanlar qurulub. Burda qalmağa üstünlük verən şəxslərə manqaldan tutmuş samovaradək, həmçinin çimmək üçün hovuz və meyvə bağları təklif edilir. Həyətdə hovuzu olan evlərin qiyməti 1 gün üçün 200-300 manat arasında dəyişir. Həmin villaların sahəsi də daha geniş olur və bəzən 3-4 ailə də qala bilər. Qeyd edək ki, bu cür villalar son dövrlər daha çox ərəbləri cəlb edir. Onlar bu cür villaları bir neçə ailə olmaqla kirayələyirlər.
Yerli sakinlər mərkəzdəki evləri kirayələyir
Rayon mərkəzində kirayə evlərə tələb əsas turist kəndlərinə nisbətən xeyli aşağıdır. Burada həyət evlərinin 1 gün üçün kirayəsi 40 manatdan başlayır. Bu qiymətə 2 otaqlı yaxşı təmirli və işərisində əşyaları olan evlər kirayələmək olar. Sahəsi böyük olan evlərin qiyməti isə 60-70 manat arasında dəyişir. Rayonda 2 mərtəbəli evlərin günlük kirayəsi 80 manata başa gəlir.
Kirayə üçün bina evlərinin seçilməsinə çox az hallarda təsadüf olunur. İsmayıllıda bina evlərini əsasən yerli sakinlər uzun müddət yaşamaq üçün kirayələyirlər. 2 otaqlı evin bir aylıq kirayə haqqı 150 manatdan başlayır. 3-4 otaqlı evlər isə aylıq 200-250 manata verilir. Bu qiymətə yüksək səviyyəli təmiri və əşyaları ilə birgə təklif edilən evləri kirayələmək mümkündür.
Kommersiya obyektləri
Obyekt alqı-satqısında isə durğunluq müşahidə olunur. Əmlak satışı ilə məşğul olan Asim Nəzərovun bildirdiyinə görə, yol kənarındakı obyektlər 50-60 min manatdan başlayaraq təklif olunur. Qiymətin artımında ərazinin sahəsi, yerləşdiyi yer və içindəki tikilinin kvadrat metri rol oynayır. İsmayıllının mərkəzində obyektlərin satış qiymətləri digər ərazilərə nisbətən baha olur – 1 kvadratmetri 1000 manatdan başlayır. Ticarət mərkəzlərinə və əsas yola yaxın olan ərazilərdə bu qiymət 1500-2000 manat arasında dəyişir.
Bina evləri – 25-30 min manatdan başlayır
İsmayıllıda bina evlərinin qiyməti elə də ucuz deyil. Əsas mərkəz ərazi sayılan Heydər Əliyev prospektində 1 otaqlı evlərin qiyməti 25-30 min manat arasındadır. Qeyd edək ki, bir müddət əvvəl bu qiymət 30-35 minə təklif edilirdi. 2 otaqlılar 35-40 min manat, 3 otaqlı evlərin qiyməti isə 50 mindən yuxarıdır. Evlərin alıcıları isə daha çox yerli sakinlərdir. Başqa yerlərdən gedib İsmayıllıda ev alanların sayı çox azdır.
Yeni tikililərdə isə mənzilin 1 kv metri 500-600 manatdan başlayır. Bina evlərinin satışı çox zəifdir. Bu da başadüşüləndır – elə təbiəti olan rayonda kim həyət evini qoyub binada yaşamaq istəyər ki?
20-30 min manata da ev almaq olar
Həyət evlərinin satış qiyməti isə rayon mərkəzində 70-90 min manat arasında dəyişir. Qiymət fərqi evin ətrafındakı həyətyanı torpağın sahəsindən və yerindən asılı olaraq dəyişir. Mərkəzdən kənarda evlərin satış qiyməti 55-65 min manatdır. Kənddə isə 20-30 min manata da ev almaq olar. İsmayıllıda çox nadir hallarda sakinlər evlərini satırlar. Ona görə də əmlak bazarı bu bölgədə xüsusi aktiv deyil. Pay torpaqları satılıb tükənib, yeni təkliflər azalıb, kənd evlərinin qiymətinin aşağı olması isə onun ümumiyyətlə satılmaması qərarını möhkəmləndrib. Yalniz turistik zonalarda həyət evlərini 60 min manatdan başlayan qiymətlərə almaq olar. Villaların satış qiyməti isə orta hesabla 80 -120 min manat arasında dəyişir.
İrfan Çiftçi iki ölkənin əlaqələrindəki problemlər barədə: “Bu mövzuda kompleks var”
Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən, xüsusi ilə Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin inkşafında xidmətlər göstərmiş Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri, şair-yazar İrfan Çiftçini agentliyimizə dəvət etdik. Bu yaxınlarda yekunlaşmış Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammitinin nəticələri, eləcə də mədəni münasibətlərin gələcək perespektivləri barədə söhbətləşdik.
– İrfan bəy, dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Artıq 3 ilə yaxındır ki, müşavir vəzifəsində çalışırsınız. Bu müddət ərzində hansı layihələri həyata keçrmisiniz, hansılar hələ də həllini gözləyir?
– Yazıçılar Birliyi, ali məktəblər ilə müxtəlif layihələr həyata keçirmişik. Bu layihələr ortaq mədəniyyət və incəsənət sahəsini əhatə edib. Xüsusi ilə ötən il Azərbaycan Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar layihələr keçirilib. Bu çərçivədə sərgilərimiz oldu. Ən böyük sərgimiz “Rənglərin qardaşlığı” adlı layihə idi. İki türk dövlətinin bağlılığından bəhs edirdi. Bununla yanaşı Türkiyədən çox sayda yazarlar bura gəldi. Yazıçı Anarın 80 illik yubileyi ilə əlaqədar Türkiyədə tədbir keçirdik. Bakıdan çox sayda yazıçıları ora göndərdik. Daha sonra gənclərin iştirakı ilə bir neçə layihələrimiz olub. Kayseridə gənclik teatr festivalına, eləcə də Antalyada baş tutan kino festivalına 10-a yaxın gəncləri göndərdik. Mədəniyyətlə yanaşı Türkiyənin tanıdılması ilə bağlı fəaliyyətimiz var. Hər il turizm sərgisinə qatılırıq. 3 gün davam edən bu sərgidə canlı olaraq sənət nümunələri də nümayiş olunur. Həmçinin hər iki dövlətin turizm sahəsində çalışan şəxsləri görüşdürürük. Bu görüşə hər iki tərəfdən 100-dən artıq şəxs qatılır. Gördüyümüz bu işin nəticəsi olaraq Azərbaycandan Türkiyəyə gedənlərin sayı 70 faiz artıb.
– Maraqlıdır, bəs Türkiyədən Azərbaycana gələn turist sayında artım müşahidə edilirmi?
– Təəssüf ki, əksinə azalma var. Bununla bağlı araşdırma apardıq. Nəticələri Dövlət Turizm Agentliyi ilə də bölüşdük. Bunun əsas səbəbi Azərbaycanda turistləri gətirə biləcək agentliklər yox deyəcəyimiz qədər azdır. Türkiyədən digər ölkələrə turist kimi gedən şəxslərin sayı çoxdur. Xüsusilə Orta Avropaya gedən insanları Bakıya yönəltmək olar. İkinci ən böyük səbəb biletlərin çox yüksək məbləğdə olmasıdır.
Türkiyə Səfirliyinin müşaviri İrfan Çiftçi
– Təyyarə biletlərinin qiymətində ucuzlaşdırılması ilə bağlı hansı addımlar atılır? Bu yöndə danışıqlar gedirmi?
– Bütün rəsmi görüşlərdə bu problem dilə gətirilir. Bu işin bir amması odur ki, “Türk Hava Yolları”nın AZAL ilə anlaşması var. Ona görə də ya bu şirkətlər qiymətində endirim etməli, ya da rəqabət üçün digər şirkətlərə icazə verilməlidir. Türkiyədən Azərbaycana bir həftəlik turlar 1200-1400 dollar arasıdır. Türkiyədən Praqaya və ya Budapeştə eyni müddət üçün 500-600 dollar lazım olur. Bakıya gəlməməyə digər bir səbəb isə otellərlə bağlıdır. Düzdür, son illərdə Bakıda çox otellər açılıb. Amma xidmət səviyyəsi aşağıdır. Bu yöndə çalışan insanlar üçün müxtəlif təlimlərin keçirilməsi üçün Dövlət Turizm Agentliyinə təklif vermişik. Onlardan cavab gözləyirik.
– Müsahibələrinizin birində bildirmişdiniz ki, Bakıda türk kitabxanalarının olmaması sizi narahat edir. Hələ də bu fikirdəsiniz?
– 3 il əvvəl mənzrə bu cür idi. İndi bir çox kitab evləri fəaliyyət göstərir. Orada türk yazıçılarının əsərləri də yer alır. Eyni zamanda son illərdə internet üzərindən kitab alma və ya endirmə daha çoxalıb. Ona görə də indi vəziyyəti qənaətbəxş hesab etmək olar. Bununla yanaşı, yeni yazarların təbliği işlərini davam etdirməliyik. Bilirsiniz ki, insanlar daha çox tanınmış yazıçıların kitabını oxuyur. Başqa bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Bu yaxınlarda türk dövlətlərinin zirvə toplantısında da vurğulandığı kimi biz bir millət iki dövlət yox, bir millət çox dövlətik. Ona görə də bizi birləşdirən dəyərlərin təbliği yönündə işlər aparılmalıdır. Bəzən ailənin içində baba şikayət edir ki, nəvə məni niyə sevmir? Amma özünə sual vermir ki, nəvənin səni sevməyi üçün nə etmisən?
– Bu sözünüzdən belə anlaşılır ki, dəyərlərin təbliği yönündə ən böyük yük Türkiyənin üzərinə düşür.
– Haqlısınız. Ona görə də qeyd etdim ki, Türkiyənin bu yöndə çox iş görməlidir. Türk dövlətləri arasında mədəni inteqrasiyanın baş tutması üçün sürətli hərəkət etməliyik.
– Bildiyim qədəri ilə Türk dövlətlərinin sənədli film festivalı keçirilir. Azərbaycanda əvvəl Bakı Dövlət Universitetində daha sonralar isə Mədəniyyət və İncəsənət Universitetində baş tutub. Amma nədənsə bu festivalların tanıtımı çox aşağı səviyyədədir.
– Hazırki prezidentimiz Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə başqanı olduğu zamanda mən mədəniyyət idarəsinə rəhbərlik edirdim. 1994-cü ildə bu işlərin təməlini qoydum. Türk dünyası opera, kino, teatr, ədəbiyyat festivalları keçirdik. Eyni zamanda Azərbaycan, Tatarıstan, Özbəkistan mədəniyyət günlərini təşkil etdim. Kino festivalına Çingiz Aytmatov, Tolomuş Okayev, Şöhrət Abbasov, Oljas Süleymanov, Rasim Balaev, Rüstəm İbrahimbəyov, Rasim Ocaqov qatılmışdı. Davamı olmadı.
– Səbəb nə idi?
– Ümumiləşdirib desək, bu mövzuda kompleks var. Yetəri qədər bir-birimizə sevgi göstərə bilmirik. Açıq deyəcəm. Bakıda keçirilən kino festivalını da, Dədə Qorqud festivalını da “Jara” festivalı kimi keçirməliyik. Yəni, bu işlər qarşılıqlı olmalıdır. Özümüzünkü gələndə çöldə, yad gələndə ən dəbdəbəli sarayda qarşılamaq doğru deyil. Dediyim bu problem Türkiyədə də, Azərbaycanda da, digər türk dövlətlərində də var. Ən böyük arzularımdan biri Bakıda Türk teatrı və mərkəzi yaratmaqdır. Buradan getməmişdən öncə istəyimi reallaşdırmaq arzusundayam.
– Son olaraq zirvə toplantısının nəticələri və gözləntiləriniz barədə fikirləriniz bildirərdiniz.
– Nurlsultan Nazarbayevin çox mühüm bir mesajı oldu. O bildirdi ki, artıq 7 dəfə biz bu zirvə toplantısını keçirmişik. BMT-yə müraciət edərək bu toplantını təşkilat halına gətirməyimiz lazımdır. Bakıda dövlətlər arasına ticarət və sənaye birliyi yaradıldı. Növbəti ilə qədər qarşıya qoyilan bu məqsədlərin həyata keçirilməsi nəzərdə tutulur.
İqtisadi islahatlar ölkənin inkişafını daha da sürətləndirir
İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu ilin doqquz ayı üzrə makroiqtisadi göstəricilərin təhlili Azərbaycan iqtisadiyyatında müsbət meyillərin getdikcə güclənməsindən xəbər verir. Bu meyillər sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, xarici investisiya qoyuluşlarının həcminin artması, tələb olunan miqdarda əcnəbilərə məxsus müəssisələrin yaradılması və s. amillərlə əlaqədardır.
Prezident İlham Əliyevin yanında cari ilin doqquz ayına həsr olunan iqtisadi müşavirədə də hesabat dövründə əldə edilən uğurlar, eyni zamanda, qarşıya qoyulan vəzifələr diqqətə çatdırılıb. Bildirilib ki, bu müddətdə qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayesi 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib. “Doing Business” hesabatına görə, Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 130 milyon manat güzəştli şərtlərlə kreditlər verilib. Minimum əmək pensiyası 200 manata çatdırılıb ki, bununla da ölkəmiz MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə qərarlaşıb. Eyni zamanda, mövcud potensialın ili daha yüksək nailiyyətlərlə yekunlaşdırmağa imkan verəcəyi xüsusi vurğulanıb.
Yeni iqtisadi modelə transformasiya zamanı mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb, həmçinin yeni sənaye, aqro və texnoparklar, sənaye məhəllələrinin yaradılmasına başlanılıb. Vergi və gömrük islahatlarında sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması əsas vəzifələr kimi qarşıya qoyulub. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi olub. Bundan başqa, 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri reallaşdırılıb. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib.
Yeni iqtisadi modelə transformasiya zamanı institusional və struktur islahatları diqqət mərkəzində saxlanılıb. Transformasiya çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edilib, həmçinin KOB-un İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM təsis olunub, turizm, qida, aqrar kredit və inkişaf agentlikləri, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradılıb. Beləliklə, dövlətimizin başçısının yeni iqtisadi modellə bağlı tapşırıqlarına uyğun olaraq institusional strukturlarlar mütəmadi şəkildə yenilənib. Vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədilə dövlət informasiya ehtiyatlarının, həmçinin sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın, standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi üçün “Elektron hökumət”in əhatə dairəsi genişləndirilib, “bir pəncərə” prinsipindən 7/24/365 prinsipinə keçid sürətləndirilib.
Yeni mərhələdə qarşıda duran əsas vəzifələrdən biri də sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Bu məsələ İqtisadiyyat Nazirliyində diqqət mərkəzində saxlanılır. Hazırda nazirlikdə investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır.
Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyində artıq özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alınaraq, iqtisadiyyatın investisiya cəlbediciliyinin stimullaşdırılması üçün investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.
Bundan başqa, Türkiyə, Çin və digər ölkələrdə Azərbaycanın investisiya imkanlarının geniş təqdimatı nəzərdə tutulur. Növbəti illərdə özəl investisiyalarin orta hesabla 11 faizlik artımı gözlənilir.
Son illərdə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kredit ayrılmasına da xüsusi əhəmiyyət verilib. Belə ki, cari ilin 9 ayında özəl sektorun inkişafı, iş adamlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit ayrılıb.
Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşür. Cari ilin 9 ayı ərzində fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib.
Sonda bir məqamı da qeyd etmək yerinə düşərdi. Belə ki, hazırda mühüm önəm verilən struktur islahatlarının gerçəkləşdirilməsi də iqtisadi inkişafı sürətləndirir. Belə bir mühüm məsələyə xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu islahatların aparılmasına ciddi ehtiyac var. Bu səbəbdən də daha çevik, operativ idarəetmə mexanizminin yaradılması bundan sonra da davam etdiriləcək. Çünki hazırda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Belə halda isə struktur islahatlarının həyata keçirilməsi zəruridir. Bu cür şəraitdə şübhəsiz ki, daha səmərəli işləmək və iqtisadi inkişaf templərini daxili resurslar hesabına reallaşdırmaq mümkündür.
“Ölkəmizi tanıyaq”: 360 məktəblinin şimal-qərb bölgəsinə ekskursiyası başa çatıb
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar keçirilib. Bu ilin payızında startı verilən birinci mərhələsi uğurla başa çatıb.
Layihə çərçivəsində noyabrın 13-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayıb. Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xızı və Abşeron məktəblilərindən ibarət qruplar noyabrın 16-da ekskursiyalarını başa vurublar. Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər.
Qəbələ şəhərindəki “Karvansaray” və “Qafqaz Sport” otellərində qalan 360 məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.
Ölkə iqtisadiyyatında önəmli rola malik bölgələrimizdən biri olan Qəbələ-Şəki-Zaqatala zonası inkişaf edir. Turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, eyni zamanda, tarixi məkanları ilə tanınır.
Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, konserv zavoduna, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiyalar, Şəkidəki Heydər Əliyev Mərkəzi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, Qoruğun ərazisində yerləşən muzeylər və sənətkarlıq emalatxanaları ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi, Tarix-Mədəniyyət Qoruğu, “Qaladüzü pilləkənləri”, Dədə Qorqud Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub, fındıq emalı zavodunda istehsal prosesinə baxıb, şəhərin görməli yerlərini gəziblər.
Şagirdlər, həmçinin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olub. Onlarda Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə əyani təsəvvür yaranıb.
Noyabrın 15-də axşam tur-aksiya iştirakçıları “Nə? Harada? Nə vaxt?” intellektual oyununda növbəti dəfə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekun nəticələrinə əsasən, Lerik məktəbliləri intellektual oyunun qalibi adını qazanıblar. İkinci və üçüncü yerləri isə Biləsuvar məktəblilərindən təşkil olunmuş komandalar tutublar. Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıblar.
Doqquz rayonun məktəbliləri respublikamızın şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar.
İtaliya ilə aqrar turizm sahəsində əməkdaşlıq etmək məqsədimiz var
18-24 noyabr tarixlərində dünyada İtalyan mətbəxinin dördüncü həftəsi keçiriləcək.
Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari paytaxtda İtaliya Ticarət Agentliyi ilə birgə təşkil edilən tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, İtaliya mətbəxi günlərinin hər il keçirilməsinin məqsədi keyfiyyətli İtalyan mətbəxinin və İtalyan qida məhsullarının dünya ölkələri arasında tanıdılmasıdır:
“Bu təşəbbüs artıq insanlar tərəfindən böyük maraqla qarşılanır. Artıq gördüyümüz iş kifayət qədər geniş kütləyə çataraq “Made in Italy” üçün vacib bir rol oynayır”.
İtalyan mətbəxi həftəsi çərçivəsində İtaliyanın diplomatik-konsulluq şəbəkəsi var. İtaliyanın mədəniyyət institutları və İtaliya Ticarət Agentliyinin ofisləri birgə əməkdaşlıq çərçivəsində bir çox dünya ölkələrində çoxsaylı tədbirlər keçirçək niyyətindədir.
“Dünyda İtalyan mətbəxtinin “Expo Milano 2015” çərçivəsində gündəmdə olan qida və ətraf mühitin qorunması, sağlam qida mədəniyyəti, qida təhlükəsizliyi, qida hüququ ,qida təlimi, ərazilərin xüsusiyyətləri və biomüxtəliflik kimi böyük aktuallıq kəsb edən mövzulara da toxunulacaq” – deyə tədbirdə bildirilib.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Aralıq dənizi pəhrizi vasitəsilə, sağlam həyat tərzini təşviq etməkdir. İtalyan kulinariya ənənəsini qorumaq məqsədi ilə bütün coğrafi bölgələrin əhatə edilməsi nəzərdə tutulur. Tədbirdə iştirak edən “Aqrar tədarük və təchizat” ASC-nin sədri Leyla Məmmədova isə öz növbəsində İtaliya ilə Azərbaycan arasında həm iqtisadi, həm siyasi əməldaşlığın yüksək səviyyədə olmasını vurğulayıb:
“İtaliya səfirliyi ilə bizim qurum arasında ilk birgə əməkdaşlıqdır. Düşünürəm ki, gözlədiyimizdən də uğurlu nəticələr əldə ediləcək. Yaxın gələcəkdə planlarımız arasında aqrar turizm sahəsində də əməkdaşlıq etmək gözlənilir”.
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
Avstraliyanın populyar “www.theurbanlist.com” saytında cari ilin sentyabrında Azərbaycana səfər edən avstraliyalı jurnalist və bloqer Kassandra Çarlikin məqaləsi yayımlanıb. “Everything You Need To Check Out In Baku, 2020’s Go-To Destination” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə ölkəmizin paytaxtı Bakının əsas görməli yerlərindən bəhs edir. İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Azərbaycan Milli Xalça Muzeyi kimi tarixi və müasir memarlıq abidələri, eləcə də öz görkəmi ilə Parisi xatırladan binalar və tarixi küçələr haqqında ətraflı məlumat verir. Həmçinin jurnalist məqaləsində UNESCO-nun Mədəni İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkı və palçıq vulkanları barədə yazır.
Avstraliyalılara Odlar yurdu Azərbaycanı ziyarət etməyi məsləhət görən K.Çarlik Atəşgah məbədinin və Yanar Dağın turistlər üçün ən maraqlı, görməli yerlər sırasında olduğunu qeyd edir. Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərin, “Eurovision” musiqi müsabiqəsinin və “Formula-1” idman yarışının təşkil edildiyi mərkəzə çevrildiyini xüsusi vurğulayır.
Həmçinin məqalədə ölkəmizin qədim və zəngin mətbəxindən söz açan müəllif milli kulinariyamızın ləziz nümunələrindən olan dolma, qutab, kabab, plov, müxtəlif şirniyyat növləri barədə ətraflı məlumat verir. Ölkəmizdə çay süfrəsinin özünəməxsusluğu ilə diqqəti cəlb etdiyini bildirir.
Məqaləyə Bakının görməli yerləri, Azərbaycanın milli mətbəxi nümunələri və şirniyyatlarının çoxsaylı fotoları da əlavə edilib.
Qeyd edək ki, “www.theurbanlist.com” saytında əsasən dünya ölkələrinin turizm potensialına dair yazılar yer alır. Son statistik məlumatlara görə, hər ay həmin saytı 525 min daxil olur. Onun “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrini isə müvafiq olaraq 945 min və 538 min internet istifadəçisinin ziyarət etdiyi bildirilir.
Otel müsafirlərinin ən qəribə müraciətləri
Britaniyanın “Travelodge” mehmanxanalar şəbəkəsinin personalı 2019-cu ildə müsafirlərdən daxil olmuş ən qəribə müraciətləri sadalayıblar.
AZƏRTAC xəbər verir ki, “Daily Mail” nəşri bu müraciətləri dərc edib.
Turistlərdən biri onu tuluq zurnası ilə yuxudan oyatmağı, digəri öz iti üçün steyk və ikiyaruslu çarpayı hazırlayıb. Üçüncüsü isə yarım saat ərzində qolf oynamağı öyrətməyi və “şimal qütb parıltısının otelə düşməməsi, habelə qaldığı müddətdə mehtab olmasını xahiş edib. Şirkətin nümayəndəsi qeyd edib: “Biz müştərilərin xahişinə əməl etmək üçün əlimizdən gələni edirik. Ən mürəkkəb məsələləri həll etməkdən məmnunluq duyuruq. Lakin bəzən bizim imkanımız daxilində olmayan müraciətlər olur. Məsələn, iri magistralda nəqliyyatın hərəkətini dayandırmaq və ya yuxulamaq üçün bir sürü qoyun gətirmək”.
Bəzi müsafirlər təzə haqqisi (qoyun içalatından şotland milli yeməyi) haradan əldə edilməsi, yerli bayram şənliyində iştirak etmək üçün paltarda saçaq olması, haqqisin yanında kartof püresi və bu ərazidə yetişən turp gətirilməsi kimi xahişlərlə müraciət edirlər. Nəhayət, mehmanxana şəbəkəsinin əməkdaşları bildiriblər ki, səyahətçilər hətta romantik gecə keçirmək üçün otel otağını qanqal rəngində boyamağı və toyda bəyin dostu olmağı xahiş ediblər.
“Travelodge” Britaniyanın bütün ölkə boyu ən çox otelləri olan şirkətidir. Ona məxsus 570 oteldə hər il təqribən 19 milyon turist qalır.
Noyabrda turizm sənayesinin nümayəndələri səyahətçilərin və VIP müştərilərin ən qəribə müraciətləri barədə danışıblar. “Strong Travel” şirkətinin prezidenti Cim Stronqun sözlərinə görə, onun müştərilərindən biri onun qızının dağsiçanı üçün baxıcı tapmağı və onu başqa ştata köçürməyi xahiş edib.
Göygöl Milli Parkında ekotur keçirilib – FOTO
Göygöl Milli Parkında “Fərqli tur, fərqli yanaşma” şüarı altında məcara turu təşkil olunub.
“Kap.az” Fərqli Turizm Klubu və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun dəstəyi ilə keçirilən təbiət yarışmasına 50-dək iştirakçı qoşulub.

APA-nın məlumatına görə, Göygöl Milli Parkının direktoru Xaliq İsgəndərov jurnalistlərə bildirib ki, məcara turuna qoşulan iştirakçılar 7 km məsafəni qət edərək milli parkın füsunkar təbiəti, dağ yolları, meşəsi və ekoturizm marşrutları ilə tanış olublar.
“Tur zamanı ekstremal “offroad”, oxatma, müxtəlif xalq oyunları kimi müsabiqələr keçirilib. Qaliblər mükafatlandırılıb: “Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd milli parklarda ekoloji turizmin təbliğinə nail olmaqdır. İnsanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, eyni zamanda milli parklara turistlərin marağını artırmaqdır”.
