Ev Blog Səhifə 219

Qəbələdə ən sərfəli OTELLƏR – QİYMƏTLƏR

0
Otellər

Azərbaycan turizmində böyük çəkiyə malik olan Qəbələ rayonunda istirahət, əyləncə obyektləri hər il artır. Əlverişli təbiəti, gözəl iqlimi bu rayonda iş quranların sayını ildən ilə çoxaldır. Rayonda turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Təsüdüfi deyil ki, Qəbələ həm yaz-yay, həm də qış turizmi üçün ideal bölgə hesab edilir. Bu rayonda istirahət etmək üçün böyük məbləğlərə ehtiyac yoxdur. Siz öz büdcənizə uyğun otel, kotec, qonaq evi və ya mehmanxana tapa bilərsiniz.

Bu dəfə Qəbələ rayonundakı otel və qonaq evlərinin sərfəli otaq qiymətləri barədə yazır…

“Qafqaz Tufandag Mountain Resort Hotel”

“Qafqaz Tufandag Mountain Resort Hotel”

“Qafqaz Tufandag Mountain Resort Hotel”in 2 nəfərlik 40 kvm-lik otağının bir gecəlik qiyməti 292 AZN-dir. Geniş yataqdan əlavə otaqda minibar, seyf, kondisioner, telefon, televizor, yumşaq mebel, dolab da var. Mərkəzi istilik sistemi ilə isidilən otaqda elektrik çaydan, qəhvəbişirən, ütü, əlavə açılıb-yığıan yataq mövcuddur. Hamamda gigiyenik vasitələr, fen, xalat və dəsmallar, saç kremi qoyulur. İnternet istifadəsi ödənişsizdir. Səhər yeməyi otaq qiymətinə daxildir. Otelin xizək meydanına birbaşa yolu var. Xizəklər və lazımı geyimlə otel pulsuz təmin edir. Türk hamamı -buxar vannası, Spa və sağlamlıq mərkəzi, Fitness mərkəzi və sauna xidmətləri ödənişsizdir. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. Tel: (024) 205 43 83

“Qafqaz Sport Hotel”

“Qafqaz Sport Hotel”

“Qafqaz Sport Hotel”in 32 kvm-lik standart ikinəfərlik otaqları 168 AZN-dir. Kondisionerli otaqlarda iki təknəfərlik yataqdan (istəyə görə ikinəfərlik taxtla əvəzlənə bilər) əlavə dolab, yumşaq mebel, mini bar, televizor, telefon, seyf, ventilyator, ütü var. Hamamında ehtiyacınız olacaq xırdalıqlar düşünülüb, geniş hamam vannası var. Ödənişsiz internet və avtoparkı var. Səhər yeməyi, uşaqlar üçün oyun otağı, SPA və sağlamlıq xidmətləri, fitness, hovuz, buxar hamamı otaq qiymətinə daxildir. Otelin yerləşdiyi yer də əlverişlidir – Kərim Kərimov küçəsi. Avtomobillə Qəbələnd əyləncə mərkəzinə 5 dəqiqəlik məsafədə yerləşir. Tel: (024) 205 43 50

“Qafqaz Karvansaray Hotel”

“Qafqaz Karvansaray Hotel”

“Qafqaz Karvansaray Hotel”in 26 kvm-lik ikinəfərlik otaqları 128 AZN-dən təklif edilir. Klassik görünüşlü otaqlarda iki ədəd təknəfərlik və ya bir ədəd ikinəfərlik çarpayıdan əlavə mini bar, televizor, yumşaq mebel, seyf, yazı masası var. Hamamı ehtiyacınız olan gigiyenik vasitələr və hamam dəsmalları ilə təmin edilib. İnternet və avto parkı, uşaqlar üçün oyun otağı, masa tennisi, böyüklər və kiçiklər üçün hovuz, Spa və Sağlamlıq xidmətləri, fitness, sauna, buxar vannası, türk hamamı otaq qiymətinə daxildir. Otel Qədim Qəbələ Qalasından cəmi 15 km məsafədə yerləşir – Elçin Kərimov küç. 10. Tel: (024) 205 44 55

“Qafqaz Gabala City Hotel”

“Qafqaz Gabala City Hotel”

“Qafqaz Gabala City Hotel”in 25 kvm-lik ikinəfərlik otaqları 96 AZN_dir. İki təkadamlıq çarpayının olduğu otaqlarda yumşaq mebel, kondisioner, mini bar, televizor, dolab, istilik sistemi, hamamında saçqurutma feni, hamam ləvazimatları mövcuddur. İnterneti və avto parkı üçün ödəniş tələb edilmir. Səhər yeməyi otaq qiymətinə daxildir. İstirahətinizi təmin etmək üçün kitabxana da mövcuddur. Otel Tufandağın 3 km-liyində yerləşir – İ. B.Qutqaşınlı 135. Tel: (024) 205 43 75

“Qafqaz 7 Gözəl Otel”

“Qafqaz 7 Gözəl Otel”

“Qafqaz 7 Gözəl Otel”inin 30 kvm-lik otaqları 104 AZN müqabilində təklif edilir. 2 nəfərlik balkonlu standart otaqda çarpayılardan əlavə tv, kondisioner, telefon, istilik sistemi, paltar dolabı, mini bar var. Hamamda ev başmaqları, xalat və dəsmallar, eləcə də gigiyenik vasitələr mövcuddur. Səhər yeməyi otaq qiymətinə daxildir, internet və avto park isə ödənişsizdir. Açıq və qapalı hovuzlar, uşaq hovuzu, buxar-türk hamamı, SPA və sağlıq xidmətləri, sauna, fitness xidmətləri üçün əlavə edəniş ödənilmir. Otelin xizək meydançasına birbaşa çıxşı var. Xizək meydanı üçün istifadə kartı da otel tərəfindən təmin edilir. Otel Vəndam kəndində yerləşir. Tel: (024) 209 17 96

“Qafqaz Riveside Otel

“Qafqaz Riveside Otel”

“Qafqaz Riveside Otel”in 35 kvm-lik otaqlarının ikinəfər üçün qiyməti 246 AZN-dir. Yataqlardan əlavə kondisioner, televizor, telefon, seyf, istilik sistemi, geyim dolabı, soyuducusu olan otaqların hamamında xalat, dəsmal, hamam üçün gigiyenik ləvazimatlar, fen, ev başmaqları var. İnterneti və avtoparkı ödənişsizdir. Səhər yeməyi qiymətə daxildir. Qapalı və açıq hovuzları, türk hamamı, Spa və sağlıq mərkəzləri, sauna və fitness xidmətləri var. Masaj ödənişli xidmətdir. Uşaqlar üçün ödənişsiz oyun otaqları mövcuddur. Dəmiraparan çay 5 km, Nohur Göl 20 km yaxınlıqdadır. Otel Qəbələnd əyləncə mərkəzinin yaxınlığındadır. Tel: (24) 205 43 30

“Gabala Home”

Gabala Home

“Gabala Home” kotej-evlərin 2 nəfərlik kotejində bir gün üçün tələb edilən qiymət 50 AZN-dir. Kotecin böyüklüyü 50 kvm-dir. Yataq otağında 2 nəfərlik taxt çarpayısı olan ev isitmə sistemi, kondisioner ilə təmin olunub. Hamamında ehtiyacınız olan xırdalıqlar düşünülüb. Dəmiraparan çayın yanı, Nohur Gölün 8 km-liyi, Qəbələ Luna Parkının 1 km-liyində yerləşən koteclərin ödənişsiz internet və avtoparkı var. Koteclər S.Ə. Şirvani küçəsində yerləşir.

“Gabala Suit Cottage”

Gabala Suit Cottage

Gabala Suit Cottagein 100 kvm-lik kotecləri 110 AZN-ə təklif edilir. Hər bir kotejin balkonu, dağ mənzərəsi, həyətdə bisetkası, kondisioner, televizor, ütü, yazı masası, yumşaq mebel, ventilyator, buxarı, paltar dolabı, mətbəx mebeli və məişət avadanlığı, mikrodalğalı soba, yemək masası, manqal, hamaında ehtiyac olan hər şey, hidromasaj vannası mövcuddur. Koteclərdə ödənişsiz internet var. Avtomobil parkı üçün əlavə ödəniş alınmır. Səhər yeməyi verilmir. Ünvanı – İsmayıl Bəy Qutqaşınlı, Döngə 11. Şəhər mərkəzinə 1.6 km yaxınlıqda yerləşir.

“Qafqaz Termal Hotel

Qafqaz Termal Hotel

“Qafqaz Termal Hotel”in 40 kvm.-lik ikinəfərlik otağı 131 AZN müqabilində təklif edilir. Dağ və ya çay mənzərəli otaqda çarpayılardan əlavə tv, telefon, seyf, kondisioner, ventilyator, istilik sistemi, geyim dolabı var. Mini bar, elektrik çaydanı, yemək masası olan otağın hamamı istəyinizə görə vanna və ya duş kabin ola bilər. Qiymətə səhər yeməyi də daxildir. İnternet ödənişsizdir. Qapalı və açıq üzmə hovuzu, türk hamamı, buxar vannası, masaj, SPA və sağlıq mərkəzləri, fitnes, sauna xidmətləri də mövcuddur. Qəbələ Beynəlxalq Hava Limanına 13 km yaxınlıqda, Yengicə kəndində yerləşir. Tel: (024) 205 43 93

“Duyma Hotel”

“Duyma Hotel”

“Duyma Hotel”in 20 kvm-lik otaqları istəyə görə dağ və bağça mənzərəli təklif edilir. Bir gecə üçün 85 AZN ödəniş tələb edilən otaqlarda tv, telefon, ventilyator, istilik sistemi, qarderob, masa mövcuddur. Hamamı ehtiyacınız olan əşyalarla təmin edilib. Qiymətə səhər yeməyi də daxildir. Ödənişsiz interneti, açıq və qapalı avtoparkı var. Masaüstü oyunlar ödənişsizdir. Yaxınlıqdakı göldən başlıq tutmaq imaknı var. Otel şəhər mərkəzindən 5 km uzaqlıqda yerləşən Vəndam kəndindədir. Tel: (024) 209 16 00

Azərbaycanın 6 əfsanəvi qalasını tanıyırsınız? -SİYAHI

0
qala

Qalalar, bürclər, qalaçalar və digər istehkam tikililəri əsrlər boyu Azərbaycan şəhərləri və xanlıqlarının sərhədlərini qoruyub. Onların neçə düşmən hücumunun qarşısını və neçə məkrli planı pozması saya gəlməz. Azərbaycanın böyük hökmdarlarını taleyi bu tikililərin çoxu ilə sıx bağlıdır, qalaların öz tarixləri isə zaman keçdikcə əfsanəyə çevrilib.

Cavanşir qalası

İsmayıllının qüruru olan bu qala görkəmli alban sərkərdəsi və hökmdarı, 642-681-ci illərdə hakimiyyətdə olmuş Cavanşir Mehraninin adı ilə bağlıdır. Əsası Mehranilər sülaləsi tərəfindən qoyulmuş Girdman knyazlığı müasir İsmayıllı ərazisində yerləşirdi. Sülalə öz hakimiyyətini sonralar bütün Albaniya ərazisində yaymışdır.

Qala Ağçayın sağ sahilində, rayon mərkəzindən 7 kilometr və İsmayıllının ən qədim yaşayış məskənlərindən olan Talıstan kəndindən 4 kilometr məsafədə yerləşir. “Talıstan” toponimi “tala məskəni” mənasını verir. Kəndin ətrafında dörd qədim yaşayış məskəni və beş qəbiristanlığın izləri qalıb. Ötən əsrin 60-cı illərində burada aparılmış ilk arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, bu ərazinin azı 2 minillik tarixi var.

Kənddən Cavanşir qalasına ya atla, ya da piyada getmək olar. Erkən orta əsrlərin bu möhkəm müdafiə sistemi xarici və daxili (içqala) hissələrdən ibarətdir. Cənub divarının eni 2 metrə, hündürlüyü 10 metrə çatır. Sahəsi 2 hektar olan İçqala ən hündür qayanın üstündə ucaldılıb.

Cavanşir qalası

Hesab edilir ki, məhkum olunan insanları bu qayadan atırdılar. Cavanşir qalasından 7 kilometr məsafədə yerləşən Qız qalasına yeraltı yol çəkilmişdi. Zaman keçdikcə bu yol dağılıb, lakin onun bəzi hissələri dövrümüzə gəlib çatıb.

Cavanşir uzun illər apardığı mübarizədən sonra 667-ci ildə ərəb xilafətinin vassallığını qəbul etmişdi. Bu, Azərbaycan tarixində dönüş mərhələsi olub və İslamın ölkənin hər yerində yayılmasına şərait yaradıb.

Qalanın ərazisində sıx meşə ilə əhatə olunmuş şəlalə var. Bu meşəlik piknik üçün ideal yerdir.

Şəki qalası

Şəhərin şimal-şərqində ucaldılmış Şəki qalası Şəkinin ilk xanı Hacı Çələbinin hakimiyyəti dövründə (1743-1755) tikilib. Qala xanın iqamətgahı olub. Qala üçün yer nəinki hərbi-strateji, həm də şəhərin bu hissəsində əlverişli mikroiqlim baxımından uğurludur. Qala divarlarının ümumi uzunluğu 1300 metr, şimal divarının hündürlüyü 4 metr, cənub divarının hündürlüyü 8 metr, qalınlığı 2,2 metrdir.

Şəki qalası

Qalanın cənub və şimal tərəfdən iki darvazası və müdafiə bürcləri var. Qalanın dağıdılmış hissələri sovet dövründə bərpa edilib. Qalanın içərisində müxtəlif dövrlərdə 40-dək tikili olub. Onlardan ən başlıcası 1762-ci ildə mismarsız tikilmiş Şəki xan sarayıdır.

Gələrsən-Görərsən qalası

Şəkinin ən məşhur tarixi məkanlarından biri olan “Gələrsən-Görərsən” qalası qala Kiş çayının yuxarı axınının sol sahilində şəhərin 4 kilometr şimalında Qaratəpə dağının zirvəsində yerləşir. Ehtimallara görə, qalanın təməli XV əsrdə Şəki hökmdarı Əlican tərəfindən qoyulub.

Qalanın adı Nadir şahın Şəki xanlığına hücumu ilə bağlıdır. 1743-cü ildə özünü Şəki xanı elan edən Hacı Çələbi həmin qalaya sığınıb və Nadir şahın tələblərini rədd edib. Qəzəblənmiş şah, Çələbinin itaət göstərməməsinin səbəbini öyrənmək istəyib. Qalanın möhkəmliyinə arxayın olan Çələbi xan Nadir şaha “gələrsən-görərsən” cavabını göndərib. Həqiqətən də 1744-cü ildə böyük ordu ilə Şəkiyə gələn Nadir şah qalanı fəth edə bilməyərək geri qayıtmağa məcbur olub. Bu hadisədən sonra qala xalq arasında “Gələrsən-Görərsən” adlandırılıb.

Gələrsən-Görərsən qalası

Qala bu gün Şəkiyə gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Onun xarabalıqları alatoranlıqda xüsusilə sirli görünür. Qalanın ərazisində dibi görünməyən çoxlu dərin quyular var. Bəzi mülahizələrə görə, bu, düşmən üçün tələdir. Habelə qalada yeraltı yolun olması da ehtimal edilir.

Qala divarlarından təbiətə – yaşıl meşələrlə örtülü uca dağlara və Kiş çayına gözəl mənzərə açılır.

Gəncə qalası

Qədim Gəncənin zəngin və maraqlı tarixi şəhərin çoxsaylı memarlıq abidələrində əksini tapıb. Belə abidələrdən biri Gəncə qalasıdır. Onun möhkəm divarlarının qalıqlarını ən qədim şəhər parkı olan “Xan bağı”nın ərazisində görmək mümkündür.

Qeyd edək ki, XVI əsrin ikinci yarısında Gəncə Osmanlı və Səfəvilər dövlətləri arasında döyüş meydanına çevrilmişdi. Elə o zaman da möhkəm istehkam tikilməsinə ehtiyac yaranıb. Bütün Asiyanın sipəri kimi tanınan Gəncə Qalası türk sultanı III Muradın göstərişinə əsasən Qafqazda türk ordusuna rəhbərlik edən Fərhad paşa tərəfindən 1588-ci ildə tikilib. Gəncənin tarixi mərkəzindən 7 kilometr məsafədə yerləşən qala divarlarının ümumi uzunluğu 13,7 kilometr, hündürlüyü 12 metrdir. Qalanın tikintisində əsasən yerli çay daşı və gildən istifadə edilib. Onun cənub-qərb, şimal-qərb və şərq divarları çay daşı ilə yanaşı, qırmızı kərpicdən istifadə edilməklə daha çox möhkəmləndirilib. Divarboyu hər 200-500 metrdən bir 30 müdafiə bürcü tikilib. XVI əsrin əvvəlində – XVII əsrdə qala ilə bölünmüş Gəncə dörd hissədən ibarət olub: Bayır şəhər, Şəhristan, İçqala və Narınqala.

Əlverişli coğrafi mövqeyinə görə, Gəncə həmişə hərbi-strateji əhəmiyyət daşıyıb. Bunu general Sisyanovun mülki hökumətin nümayəndəsi Qasparova məktubunda da görmək olar: “Bütün Azərbaycanı vahimədə saxlayan Gəncə qalasının alınması Rusiya üçün çox vacibdir”. 1804-cü ildə rus qoşunları Sisyanovun rəhbərliyi altında Gəncəni mühasirəyə aldılar. Şəhəri təslim etmək barədə dəfələrlə edilmiş təklifə Gəncə hökmdarı Cavad xanın son cavabı belə olub: “Sən Gəncəyə yalnız mənim meyitimin üstündən keçib girə bilərsən”. Bundan sonra Sisyanov şəhər üzərinə dörd tərəfdən hücuma keçir. Qanlı döyüşdə Cavad xan və oğlu Hüseynqulu ağa öldürülür, Gəncə düşmən tərəfindən işğal edilir.

Gəncə qalası

Rusiyaya birləşdirildikdən sonra Gəncə eyniadlı qəzanın, daha sonra isə quberniyanın mərkəzi olur. Memar İqnati Kşiştaloviçin hazırladığı və 1873-cü ildə II Aleksandrın imzaladığı yeni plana əsasən şəhərin tarixi hissəsi xeyli dəyişikliyə məruz qaldı. Qala dağıdıldı, yerində Avropa tipli məhəllələr salındı.

Gəncə qalasının çox kiçik hissəsi olan Şirəlibəy bürcü dövrümüzədək gəlib çatıb. 2007-ci ildə bu qala divarında bərpa işləri aparılıb.

Yeri gəlmişkən, şəhərin girəcəyində Gəncə çayı boyunca qədim Gəncə qalasının yarıuçuq divarlarını görmək olar.

Gülüstan qalası

Şamaxıdakı əfsanəvi Gülüstan qalası Azərbaycan dövlətçiliyinin ən böyük abidələrindən biridir. Adını yerləşdiyi gül-çiçəkli ərazidən götürən qala VIII-IX əsrlərdə Şamaxının şimal-qərbində 200 metr yüksəklikdəki dağ zirvəsində tikilib. Bu müdafiə istehkamı doqquz əsr ərzində Şirvanşahlar dövlətinin əsas müdafiə məntəqələrindən biri olub. Gülüstan qalası alınmazlığına görə el arasında Qız qalası adlandırılıb. Xarici işğalçıların basqını zamanı Şamaxı əhalisi qala divarları arxasında sığınacaq tapıblar. Qala ərəb, səlcuq, monqol, osmanlı qoşunlarının zərbələrinə tab gətirib.

Gülüstan qalasının ərazisi çoxsaylı yumru və dördkünc bürclərlə dövrəyə alınıb. XII–XIII əsrlərdə qala əsaslı şəkildə yenidən qurulub və möhkəmləndirilib. XIV-XV əsrlərdə Gülüstan qalası Şirvan hökmdarlarının iqamətgahlarından biri olub.

Gülüstan qalası

2011-ci ildə arxeoloji qazıntılar zamanı qalada Şirvanşahlar dövləti (IX-XVI) vaxtında tikilmiş yeraltı yol aşkarlanıb. Tarixçilərin fikrincə, bu yol düşmənə arxadan qəfil zərbə vurmaq, habelə qala ələ keçiriləcəyi təqdirdə Şirvanşahın qaçması üçün nəzərdə tutulubmuş. Yeraltı yol yaxınlıqda axan Zoğalavay çayının sahilinə gedib çıxırdı. Ərazidə, həmçinin körpü qalıqları tapılıb.

XVI əsrdə Gülüstan qalası səfəvi hökmdarı I Təhmasib tərəfindən ələ keçirilib. Şirvanşahlar dövlətinin mövcudluğuna son qoyan şah Şirvanın müstəqillik rəmzi olan Gülüstan qalasını dağıdıb. Səfəvi-osmanlı müharibəsi dövründə osmanlıların əlinə keçən qala bərpa edilib və orada türk qarnizonu yerləşdirilib.

Gülüstan qalası XVI əsrin sonunadək mövcud olub. Onu təkcə müharibələr deyil, həm də çoxsaylı zəlzələlər zədələyib, nəticədə dövrümüzə qalanın yalnız xarabalıqları gəlib çatıb. Şamaxının girişindəki bu xarabalıqlar şəhərin zəngin tarixi keçmişindən xəbər verir. Buradakı təpədən şəhərə və ətraf yerlərə füsunkar mənzərə açılır.

Əlincə qalası

Əlincə qalası Naxçıvanda eyniadlı dağın zirvəsində yerləşir. Yazılı mənbələrdə Əlincə qalası VI əsrə aid edilir. Bəzi tədqiqatçılar isə hesab edirlər ki, qala 2 min il əvvəl tikilib.

Vaxtilə bu möhtəşəm qala Naxçıvan hökmdarı Zahidə xatunun iqamətgahı olub. Eldənizlər sülaləsinin hakimiyyəti dövründə qalada dövlət xəzinəsi saxlanılıb.

İstehkamın böyük divarları bişmiş kərpic və böyük daşlardan tikilib. Atabəylər dövləti dövründə Əlincə qalasının müdafiəsini möhkəmləndirmək məqsədilə su hovuzları və qala bürcləri tikilib. Sıldırım qaya və qalanın möhkəm divarları onu uzun müddət alınmaz edib. 1387-1401-ci illərdə Əlincə qalası Teymurun qoşunlarına müqavimət göstərib.

Əlincə qalası

Müasir dövrdə qalada əsaslı bərpa işləri aparılıb. Bu zaman evlərin xarabalıqları, maddi mədəniyyət nümunələri, VII əsr və sonrakı dövrlərin sikkələri tapılıb. Qalada qayadan oyulmuş təxminən 8 hovuz aşkarlanıb. Onlardan biri – 5 metr dərinliyi olan hovuz bərpa edilib.

Hazırda arzu edən hər kəs Əlincə qalasına gedə bilər. Lakin oraya yetişmək və gözəl mənzərədən zövq almaq üçün iki min pilləkən qalxmaq lazımdır.

Sözardı

Azərbaycanın müdafiə istehkamlarında əksini tapan çoxəsrlik tarixini kiçik bir icmalda vermək çətindir. Axı biz hələ Bakının möhtəşəm Qız qalasından, monqol hücumlarına məruz qalmış Şəmkir qalasından, Sasanilər və Qafqaz Albaniyası dövlətlərinin istinadgahı olmuş Qəbələ qalasından danışmamışıq. Azərbaycan memarlığının bu və digər inciləri barədə siz növbəti yazılarımızda tanış olacaqsınız.

Bakıdakı oteldən şok qiymət – GÜNÜ 8 MANATA

0
Baku Palace Hotel

“Bakıda qalmaq bahadı” deyənlər bu qiymətləri görsələr yəqin şok olarlar. 3 ulduzlu oteldə günə 8 manata qalmağa yer var.

Səyyah.az turizm portalının əldə etdiyi məlumata görə “Baku Palace Hotel”-də bir gecəsi 8 manata qalmaq olar. Oteldən verilən xəbərə görə bu qiymət yalnız 6 çarpayısı olan hostel tipli otaqda bir nəfərlik yerin qiymətidir. Ümumiyyətlə isə oteldə 1 nəfərlik otaqda tək çarpayı ilə qiymət 40 manatdır.

Qeyd edək ki, qiymətlərə səhər yeməyi daxil deyil və ümumiyyətlə adı çəkilən oteldə səhər yeməyi verilmir. Oteldən bunu yaxınlıqda çox sayda kafe və restoranarın olması ilə əlaqələndiriblər.

“Asena Hotel”-də isə günü 16 manatdan bir otaqlı nömrə götürə bilərsiniz. Oteldən Səyyah.az-a verilən məlumata görə qiymətə səhər yeməyi də daxildir. Üstəlik də çay və kofe pulsuz. Otaqda isə isti-soyuq su ilə təmin olunan hamam otağı var. Bundan başqa otaqlar televizorla da təmin olunub.

Qeyd edək ki, Ziya Bünyatov prospektində yerləşən “Asena Hotel” əvvəlki “Riva Hotel” olub.

Ucuzluğu ilə təəccüb yaradan digər otel isə “Təbriz Hotel“dir. Günü 25 manata olan otaqlarda pulsuz WiFi, vanna otağı, televizor, kondisioner var. Qiymətə səhər yeməyi də daxildir.

Misir ehramlarının insanlar tərəfindən inşa edildiyi təsdiqləndi

0
Piramida

Qədim Misir Tədqiqat İnstitutunun amerikalı alimləri Giza ehramının tikintisi zamanı xətaya yol verildiyini ortaya çıxarıb. Araşdırmaya görə, onun təməli heç də ideal kvadratdan ibarət deyil.

Bu barədə “Science Alert”də məqalə dərc olunub. Alimlər hesab edir ki, misirlilərin yüksək memarlıq biliklərinə baxmayaraq, ehramın tərəfləri uzunluq baxımından bərabər olmayıb. Ehramların qədim misirlilər tərəfindən inşa edildiyi haqqında konkret elmi sübutlara baxmayaraq, alternativ versiyalar da, məsələn, bu tikililərin yüksək inkişaf etmiş sivilizasiyalar tərəfindən ucaldıldığı ilə bağlı ehtimallar da mövcuddur. Belə ki, ideal həndəsi göstəriciləri olduğu deyilən ehramların – yadplanetlilərin “memarlıq işi”  olduğu iddia olunurdu.

Ancaq Giza ehramının 4500 il əvvəlki xarici görünüşünün rekonstruksiyası zamanı alimlər müəyyən qüsurlar aşkarlayıb. Ehramlar inşa olunduqdan sonra əhəng daşından üzlük vurulub. Qahirənin ərəblər tərəfindən yandırılmasından sonra (1168-ci il) bu materialdan yeni evlərin inşasında geniş istifadə olunub.Tədqiqaçtılar əhəngdaşı bloklarının olduğu yerləri axtarır. Ümumilikdə üz çəkilmiş ehramın kənarlarına uyğun olan 84 nöqtə tapılıb. Həmin nöqtələr geometrik şəbəkəyə köçürülüb və statistik təhlil metodu ilə alimlər tikilinin hər bir tərəfinin uzunluğunu hesablayıb. Məlum olub ki, qərb tərəf şərq tərəfdən 14 santimetr uzun olub. Alimlərin sözlərinə görə, bu məlumatlar qədim misirlilərin, həqiqətən, dahi inşaatçılar olduğunu  və ehramların insanlar tərəfindən inşa edildiyini isbat edir. Hər bir insan kimi, misirli inşaatçılar da səhvdən sığortalanmayıb.

Habelə onların belə dəqiq geometrik göstəriciləri olan ehramları nə məqsədlə tikdiyi indiyə kimi müəmma olaraq qalır.

Turistlərin Azərbaycanda gəzdiyi ərazilər

0
turistlər

Azərbaycana gələn turistlərin sayının artmasına təsir edən əsas amil ölkəmizdə mövcud olan sabitlikdir.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimov bildirib ki, turistlərin özlərinin də dediyi kimi onları bura gətirən digər bir səbəb isə Azərbaycan xalqının tolerant və qonaqpərvər olmasıdır:

Digər amil ölkədə gözəl turizm insfrastrukturunun yaradılmasıdır. Dördüncü amil isə Azərbaycanda yeni turizm növlərinin meydana çıxmasıdır”.

O qeyd edib ki, dövlətin turizmə göstərdiyi dəstək, sadələşdirilmiş viza rejiminin tətbiq olunması ölkəyə çoxlu turist cəlb edir.

Onun sözlərinə görə, turistlər daha çox Abşeron yarımadası və Bakı şəhərini gəzməyə üstünlük verirlər. “Turistlər Azərbaycan regionlarını, o cümlədən Şamaxı, Qəbələ, Şəki, Quba, Qusar, Xaçmazı da görmyə maraqlıdırlar. Çünkü regionlarda da gözəl turizm infrastrukturu yaradılıb, gözəl hotellər fəaliyyət göstərir”.

M.Ağakərimov bildirib ki, Azərbaycana gələn turistlər əsasən mədəni istirahət növünü seçirlər: “Onlar tarixi abidələr ilə tanış olurlar, ekskursiyalara gedirlər, sonra istirahətə üstünlük verirlər”.

Səyahətinizi asanlaşdıracaq 10 pulsuz tətbiqetmə

0
proqram

Wifi Map

Dünyanın hər yerində simsiz internet nöqtələrini şirfəsi ilə birlikdə toplayan proqram, səyahətiniz əsnasında internetə ehtiyacınız olan zaman böyük dəstəkçiniz olacaq.

Citymapper


Xəritə üzərində bir nöqtədən, digər nöqtəyə, hansı ictimati nəqliyyatdan istifadə edərək, nə qədər vaxta gedə biləcəyinizi göstərən möhtəşəm proqram.

XE Currency


Bütün pul vahidlərini internet olmadan konvertasiya edə biləcəyiniz proqram. Online olduğunuz anda hal-hazırkı məzənnələr yenilənib, təqdim olunur.

PackPoint Travel Packing


Haradan, haraya, xizək tətili və ya dəniz tətilinə getməyinizdən asılı olaraq, çamadanınıza hansı əşyaları daxil etməyinizin lazım olduğunu göstərən proqram, tətil zamanı “kaş ki, unutmasaydım” kimi təəssüf hisslərindən qoruyur.

Waze


Çox faydalı naviqasiya proqramı. Sürücülərin yol məlumatlarını GPS vasitəsi ilə öyrənərək, sizə ən optimal yolu göstərən proqram.

Foursquare


Kafe, restoran, bar və s. axtarışı zamanı ən yaxın yerləri tapıb, sizdən öncə kimlərin hansı şərh və qiymət verdiyini göstərir.

Tripit


Təyyarə bileti, otel bronu və səyahətinizlə əlaqəli bütün sənədləri Tripit ilə bir nöqtədə cəmləyin. Bundan başqa online məlumatlandırma sistemi ilə, gecikmə, uçuşun ləğvi və qapı dəyişikliyi kimi məlumatları xəbərdar edir.

Triposo


Getdiyin şəhərdə haraları gəzməli?!, haraları görməli?! necə vaxt keçirməli?! suallarına cavab verən bələdçi proqramı. İnternetsiz işlədiyi üçün ehtiyac zamanı xəritəsindən də faydalanmaq mümkündür.

Flush Toilet Finder


Proqram şəhərdə ehtiyacınızı qarşılamaq üçün ictimati ayaqyoluları göstərir. Google Map üzərindən ən yaxın ayaqyolunu istiqamətləndirərək, sizin ora getməyinizi təmin edir.

Google Translate

90 dildə tərcümə edən Google-nın online tərcümə xidmətidir. Artıq kamera görüntüsünü də tərcümə edə bilən proqram, səyahət zamanı bəlkədə ən vacib proqramnız sayıla bilər.

ETSN rəsmisi: “Ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər”

0
Ov

“Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən etibarən açıq elan edilib. Lakin ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir: “Biz kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl emədiklərini nəzərə alaraq il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk“.

İ.İbrahimova qeyd edib ki, qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir: “Məqsəd ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir“.

Qeyd edək ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən, ilk növbədə, onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir. Bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir. Bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar. Ov qaydalarına ciddi əməl etməli, icazə olmayan yerlərdə – sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır.

Fuad Nağıyev: “Biz başa düşürük ki, nöqsanlar var”

0
Fuad Nağıyev

“Hazırda Azərbaycanda 2 000-dən çox turizm şirkəti fəaliyyət göstərir”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən onların fəaliyyətinə nəzarət etmək bir qədər çətindir: “Turizm şirkətlərinə nəzarət mexanizmləri olmalıdır. Biz başa düşürük ki, nöqsanlar var. Bu səbəbdən də mövcud qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlamışıq. Qanun bu işi tənzimləyəcək”.

F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır: “Çünki şirkətin fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir. Beynəlxalq təcrübə onu göstərir ki, bu kritetiyalardan biri bu sığorta mexanizminin yaradılmasıdır. Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, sabah riskləri qarşılaya bilsin. Çünki sabah hər hansı risk hadisəsi baş verdikdə, dövlət onu öz üzrəinə götürməsin. Bu, çox vacib məsələdir. Məsələn, Çin şirkətləri üçün məsuliyyət sığortası tələbini qoymuşuq. Çin bazarı ilə işləyən turizm şirkətlərinə mülki sığorta tələbi qoyulub və bu tələbi ödəyən şirkətlərə Çin bazarına daxil olmağa icazə verilir. Çin hökuməti özü də bu tələbi qoyur”.

Agentlik sədri: “Azərbaycanda ictimai çimərliklər olmalıdır”

0
çimərlik

“Azərbaycanda ictimai çimərliklər olmalıdır. Bu, olduqca vacib məsələdir”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

Özəl çimərliklər fəaliyyət göstərir, ancaq ictimai çimərliklərin sayının az olması bizi narahat edir. Dünyada çimərliklərin demək olar ki, hamısı ictimai çimərliklərdir. Hansısa qurumlar orada öz xidmətlərini təklif edə bilərlər”, – o deyib.

F.Nağıyev onu da deyib ki, Azərbaycanda yeni otellər də açılmalıdır: “Biz bunun üçün sahibkarlara dəstək veririk. Azərbaycanda yeni otellər, eyni zamanda hostellər açılır”.

Agentlik sədri vurğulayıb ki, hazırda otellərə ulduz verilməsi ilə bağlı iş aparılır: “Bu işə yaxın zamanlarda başlanılacaq. Biz müşahidə edirik ki, hostellər və 3 ulduzlu otellərin sayı artır”.

Leyla Məmmədova: “Şəhərdən kəndə” layihəsi fermerlərə əlavə gəlir mənbəyi yaradacaq və gəlirlərini artıracaq”

0
"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova

“Şəhərdən kəndə” layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova bu gün “Şəhərdən Kəndə” layihəsinin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq. Bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq. Əlavə gəlir mənbəyi yaranacaq və gəlirləri artacaq.

O bildirib ki, “Şəhərdən kəndə” layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır. “Şəhərdən kəndə” layihəsinin iştirakçısı olan həm yerli, həm də əcnəbi turistlər isə maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı əldə edəcəklər”.

L. Məmmədova vurğulayıb ki, bütövlükdə layihənin icrası aqrar sahibkarlığın, kənd təsərrüfatının daha da inkişafına, turizm potensialının güclənməsinə, kənd yerlərində yeni xidmət sahələrinin yaranmasına, əhalinin sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək. “Həyata keçiriləcək ekoloji və aqrar maarifləndirmə sayəsində əhalinin iri şəhərlərə axınının qarşısının alınmasına və insanların torpağa bağlılığının artırılmasına nail olunacaq. Bu layihə çərçivəsində şagird və tələbələrin kəndlərə ekskursiyaları nəzərdə tutulur. Düşünürük ki, bununla da gənclərin kənd həyatına marağını artıra biləcəyik”.

O qeyd edib ki, artıq bu layihə üçün iki sayt hazırlanıb. Bu sayt vasitəsilə fermerlər qeydiyyatdan keçərək layihədə iştirak edə bilərlər. İyul ayından isə seçilən fermerlərə təlimlər keçiriləcək.