“ABŞ və Azərbaycan arasında münasibətlər kifayət qədər güclüdür”.
Bunu Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclasında ABŞ-ın Dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisinin birinci müavini Peter Haas bildirib.
Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq enerji, təhlükəsizlik məsələlərində özünü bariz göstrərir: “ABŞ şirkətləri enerji, neft-qaz sektoru, İKT, nəqliyyat və turizm sahəsində Azərbaycanda işləməyə böyük maraq göstərə bilərlər. Ümumiyyətlə, ABŞ şirkətləri ədliyyə və məhkəmə sistemi güclü olan ölkələrdə işləməyə üstünlük verir. Son illər isə Azərbaycan bu sahədə xeyli uğurlu addımlar atıb və irəliləyişlər əldə edib”.
P.Haas ümid edir ki, Azərbaycan və ABŞ arasında iqtisadi və enerji təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq daha da genişləndiriləcək.
O bildirib ki, bir həftədən sonra ABŞ-ın enerji məsələləri üzrə rəsmiləri Azərbaycana səfər edəcəklər: “Biz Azərbaycanın enerji layihələrini və regionda tutduğu mövqeni yüksək dəyərləndirirk. Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının 7 ildən sonra bərpa etməsi özü çox sevindici haldır”.
Azərbaycanla Meksika arasında əməkdaşlıq mədəniyyət, turizm, ticarət kimi sahələrdə uğurla inkişaf edir.
Bu barədə jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.
“Təkcə 2017-2018-ci illərdə Azərbaycanın Meksikaya ixracı 12,4 faiz artıb. Bu gün Azərbaycanın pivə idxalının 12 faizi Meksikanın payına düşür“, – deyən səfir 2007-ci ildə Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın Azərbaycanda səfirliyi açılandan sonra iki ölkə arasında əlaqələr daha geniş vüsət aldığını qeyd edib.
“Ticarət əlaqələri 2017-ci ildə Azərbaycanın Meksikaya ilk ticarət missiyası təşkil edilməsilə inkişaf etməyə başlayıb. Cari ildə Meksikanın Azərbaycanda üçüncü ticarət missiyası təşkil olunub. Azərbaycan iş adamları ilə iki müqavilə imzalanıb. Həmçinin 2018-ci ildə Bakıda keçirilən “Xəzər Neft və Qaz” Konfransında Meksika Neft İnstitutunun da nümayəndələri iştirak etmişdilər”, – deyən diplomat ikitərəfli əlaqələrin inkişafına 2017-ci ildə imzalanmış hökumətlərarası sazişin də xeyli təkan verdiyini diqqətə çatdırıb.
Meksika-Azərbaycan münasibətlərini möhkəmləndirmək və hər iki xalqı yaxınlaşdırmaq üçün səy göstərilir. Həmçinin Səfirlik tərəfindən görülən işlərdən danışmaq üçün mayın 21-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini mətbuat konfransı keçirib.
Sözügedən tədbir ərzində, diplomat ticarət, turizm və mədəniyyət daxil olmaqla, çoxsaylı sahələr üzrə ikitərəfli əlaqələrdə dinamikanı vurğulayıb.
Hər iki ölkənin qanunverici orqanlarının nümayəndələri, dövlət qulluqçuları və iş adamları tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. Diplomat vurğulayıb ki, ticarət dinamikası özünü ticari missiyalarının səfərlərində əks etdirir, belə ki, Meksikadan Azərbaycana üç, Azərbaycandan Meksikaya isə bir ticari missiya səfər edib. İstehsalçı, idxalçı və distribütorlar arasında əlaqələrin qurulmasına və inkişaf olunmasına nail olan bu missiyalar adıçəkilən sektorda hər iki ölkənin əməkdaşlığına təkan verdilər.
İki xalqın yaxınlaşmasında fundamental element olan mədəniyyət sahəsində, bu Diplomatik Nümayəndəlik mədəni təşviqə dair işləri davam etdirdi, bu isə özünü ölkə paytaxtında və regionlarda baş tutan mədəni tədbir və fəaliyyətlərin sayının artmasında əks etdirdi. Beləliklə, Azərbaycan publikası – yalnız Bakı tamaşaçısı deyil, eyni zamanda, ölkənin müxtəlif regionalarının sakinləri – Meksikanın musiqisi, rəqsləri, rəssamlığı, heykəltəraşlığı, teatrı, mətbəxi və kinematoqrafiyasının zənginlikləri ilə tanış olmaq imkanında oldu.
Hər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına təsir edən digər sektor turizm oldu. Artan qarşılıqlı tanıtım əsasında hər iki ölkəni ziyarət və kəşf etmək istəyi yarandı. Nəticədə, həm Meksikada azərbaycanlı turistlərin, həm də Azərbaycanda meksikalı turistlərin sayı artdı. Növbəti qrafiklərdə müvafiq göstəricilər təqdim olunur:
Eyni şəkildə artmış ikitərəfli ticarət 2018-ci ildə rekord rəqəmlərə çatıb – 26milyon dollardan çox. Həmçinin, Meksika məhsullarının Azərbaycan bazarında iştirakı artıb. Azərbaycanın idxal etdiyi əsas Meksika məhsulları bunlardır: neft sənayesində istifadə olunan borular və alətlər, nəqliyyat vasitələr, pivə və s.
Konfransın sonunda, səfir Labardini yerli mətbuatda ikitərəfli münasibətlərin təşviqi işinə görə jurnalistlərə təşəkkürünü bildirib.
UEFA-nın Avropa Liqasının Bakıda keçirilən final oyununun təbliğatı məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən “Times”, “The Telegraph”, “Press Association”, “Daily Star”, “The Mirror”, “The Sun” kimi dünya üzrə ən çox oxunan mətbuat orqanlarından olan 11 nəfərlik media nümayəndələri üçün tur təşkil edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, media nümayəndələrinə Bakının turizm məkanları tanıdılıb. Ölkəmiz haqqında ətraflı məlumat verilib.
Azərbaycan Turizm Bürosu tərəfindən final oyunu ərəfəsində təbliğat məqsədilə bir neçə maraqlı addım atılbıb. Bunlardan biri də “Snapçat” üçün Azərbaycanın turizm brendi və loqosuna uyğun olaraq final oyununa məxsus, London şəhərində aktiv olan xüsusi filterin hazırlanması olub.
Azərbaycana səyahət edən “Çelsi” klubunun fanatları ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib. Belə ki, dünyanın nüfuzlu “Reuters”, “Yahoo News”, “Daily Mail”, “BBC”, “ITN (Independent Television News)”, “Radio1” kimi kütləvi informasiya vasitələri Londondan İstanbula, oradan Gürcüstan, daha sonra qatarla Azərbaycana oyunu izləmək üçün gələn “Çelsi” klubunun fanatları ata və oğul Kevin Cobb və Jake Ralphın Azərbaycana səyahəti haqqında geniş məqalələr hazırlayıblar.
Müsahibələrində onlar Azərbaycanda xoş qarşılandıqlarını və onlara göstərilən diqqətdən məmnun qaldıqlarını dilə gətiriblər.
Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda turistlər üçün yaradılan xüsusi informasiya mərkəzlərində məlumatlandırıcı broşürlər paylanılıb.
Xatırladaq ki, Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA-nın Avropa Liqasının final oyunu keçirilib. Bununla əlaqədar ölkəyə gəlmiş xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanmışdır. İnformativ xarakter daşıyan, https://bakufinal.azerbaijan.travel/ ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.
Mayın əvvəllərində Bakıda səfərdə olmuş Rusiyanın İrkutsk şəhərinin sakini Olqa Braytın təəssüratlarını “Arqumentı nedeli” qəzeti dərc edib.
Olqa Brayt köhnə və yeni Bakını müqayisə edərək İrkutskda planlaşdırılan renovasiya proqramına “hə” və ya “yox” deməyi araşdırır.
Turist yazır ki, şəhərin yenilənməsi çoxları kimi, onu da narahat edir. Ancaq Bakı səfərindən sonra bu barədə bir daha düşünməyə hazırdır. “May bayramlarında Bakıda idim. Şəhərin rahat prospektlərini və dar küçələrini gəzə-gəzə sosial şəbəkədəki dostlarıma bol-bol şəkillər göndərir, “Baxın, bu şəbəkəli arxitektura ilə şüşəli ultramüasir göydələnlər heç də bir-birinə yad görünmürlər” yazırdım. Şəhərin mavi və qum rəngli görünüşü əhvalıma da təsir etmişdi. Bu şəhərin, həqiqətən, öz əhval-ruhiyyəsi, özgürlüyü var”,- deyə O.Brayt yazır.
İrkutsklı turist qeyd edir ki, memar olmasa da, Bakıda tarixlə yeniliyin vəhdətini çox bəyənib: “Yəqin burada da köhnə ilə təzəni bir məkanda birləşdirib-birləşdirməmək barədə mübahisə ediblər. Ancaq deyim ki, son nəticə və atmosfer şəhərin qonaqlarını məftun edir”.
Müəllif təəssüratını belə yekunlaşdırır: “Mən Bakıya turist gözü ilə baxdım və bəyəndim. Bu “rahatlıq mühiti” şəhərə öz dividendini verir. İrkutskda da köhnə “xruşovka”ları sökmək və şəhəri yeniləmək istəyirlər. Əvəzində nə təklif olunacaq? Məlum deyil. Ancaq bir-birindən fərqlənməyən, çoxmərtəbəli kərpic binalar heç ürəyimcə deyil…”.
Dubay planetimizdə şəkli ən çox çəkilən yerlərdən biridir. Burada təbiətin valehedici gözəlliyi ultramüasir göydələnlər və memarlıq şedevrləri ilə harmoniya təşkil edir, kadra düşməyə layiq olan yerlərin sayı isə daim artır.
Dubayın Turizm və Kommersiya Marketinqi Departamentinin dəstəyi ilə biz “Bürc-Xəlifə” göydələninin, qürublu səmanın şəklini çəkərək parlaq və qeyri-adi kadrlar almaqdan ötrü ən yaxşı lokasiyaları sizin üçün bir araya toplamışıq.
Dubay
“Bürc-Xəlifə”nin beş effektli rakursu
Dubayın ən fotogenik yerlərindən söz düşəndə “Bürc-Xəlifə” qülləsindən – şəhərin memarlıq görünüşünün ayrılmaz hissəsi və “Instagram” üçün fotoların çəkilişində ən populyar yerlərdən birindən başlamamaq düz olmazdı.
Beləliklə, Dubay Fəvvarəsi də kadra düşməklə məşhur “Bürc-Xəlifə”nin şəklini çəkmək üçün qüllə ilə üzbəüz yerləşən Əl-Bahar dəniz bazarındakı balaca restoranlardan birinə gedin. Dünyanın ən hündür binası uzaqdan çəkildikdə heç də az cəlbedici görünmür. Şeyx Zayed şosesindəki “H Hotel” mehmanxanasının damında yerləşən “40 Kong” restoranı lazımi rakurs seçmək üçün ideal nöqtədir.
Dubay
Dauntaun rayonundakı digər binalar üzərindən ucalan “Bürc-Xəlifə” qülləsinin bərq vuran kadrlarını “Business Bay” rayonunda yerləşən restoranların – “Renaissance Downtown Dubai” otelindəki “Morimoto” yapon restoranından, “Taj Dubai”da “Treehouse” Aralıq dənizi restoranından və ya “Steigenberger Hotel Business Bay Dubai” otelindəki “art-street” üslubunda “The Backyard” Tailand restoranının terrasından çəkmək mümkündür.
“Dubai Frame” müşahidə meydançasından “Bürc-Xəlifə” qülləsinə şəhər mənzərəsi fonunda möhtəşəm görünüş açılır.
Qürubu harada izləmək olar?
Dubayda günəşin batması sehrli çalarları ilə fərqlənir: həm isti narıncı, həm şahanə bənövşəyi, həm romantik çəhrayı. Bu gözəlliyi şəhərin çoxsaylı müşahidə meydançalarından seyr etmək olar. Bu yerlərdən şərq səmasına və batan günəşə gözəl mənzərə açılır.
Dubayın qərbə tərəf mənzərəsi ilə “Kite Beach” və “Sunset Beach” kimi qızılı çimərliklər Ərəb Körfəzinin təmiz sularında qürubun əks edildiyi şəkillər üçün ideal yerlərdir.
Dubay
Məşhur “Bürc-Əl-Ərəb” “yelkən-otel”i ilə təsir bağışlayan kadr arxasınca “Madinat Jumeirah” otelinin ətrafında yerləşən hər hansı bir restorana gedin. Siz çoxlu “layk” toplayan fotoşəkil üçün mütləq orada ən yaxşı rakursu tapacaqsınız.
Yeni əyləncə rayonu və axşam gəzintisi üçün əla yer olan “The Pointe” “Cümeyra palması” adasını əmələ gətirən palmanın düz zirvəsində yerləşir. Oradan “Atlantis The Palm” otelinə özəl mənzərə açılır, çəhrayı çalarlar qürub vaxtı daha incə görünür.
“Dubay Creek”ə axşam vaxtı valehedici mənzərə üçün “Park Hyatt Dubai” otelinə gedin. Orada şəhər panoramı fonunda batan günəşin son şüalarının şəklini çəkmək mümkündür.
Dubay
Dubaya səfər zamanı ucsuz-bucaqsız qum təpələrinin fotoşəklini çəkməsəniz, bunun nə ləzzəti? Səhrada gəzmək, vəhşi heyvanların və yerli təbiət mənzərələrinin şəklini çəkmək üçün “Al Marmoom” qoruğuna yola düşün. “Al Qudra” gölünün yanında ayaq saxlayın və gözəl qürub fonunda səhrada vadinin şəklini çəkin!
Dubayın ən görməli yerlərindən biri olan məşhur “Ain Dubai” müşahidə çarxı qürub fonunda daha effektli görünür. “JBR” rayonundakı “The Beach” çimərliyində gəzərkən nəhəng çarxın şəklini çəkin.
Nəhayət, “Raffles” otelindəki “TOMO” yapon restoranının terrası batan günəşin şəfəqlərində Dubay axşamlarına ideal mənzərə üçün əla yerdir.
Dağ yamaclarından sualtı dünyayadək
Günəşin, dənizin və təmiz havada aktiv səyahətin ardınca “La Mer” çimərlik rayonuna gedin. Siz burada təkcə enli meydanlar və səs-küylü dalanlarda gəzmək deyil, həm də rəngarəng qraffitilərlə xeyli parlaq fotolar çəkə bilərsiniz.
“Art-street” həvəskarlarının hökmən “City Walk” məhəlləsinə baş çəkməsi məsləhətdir. Orada dünyada məşhur “art-street” ustalarının əl işlərini görmək, həmçinin Avropa küçələrini xatırladan meydanları və piyada zonaları olan müasir şəhər məhəlləsinin urbanistik üslubda kadrlarını çəkmək mümkündür.
Dubay
Köhnə şəhərdə olanda Əmirliklərin ənənəvi abra qayığında gəzin, su kanalının və ona bitişik “Dubay Creek” rayonunun şəkillərini çəkin. Buradan eyni vaxtda həm köhnə, həm də yeni Dubaya gözəl mənzərələr açılır, göydə uçan qağayılar isə fotoya ideal əlavədir!
Hatta dağı ilə gözəl kadr çəkmək istəyirsinizmi? O zaman yaxın məsafədən foto alınmasından ötrü zümrüd rəngli Hatta gölündə qayıqla dağlara tərəf üzün.
Şəhərin müxtəlif akvariumlarında Dubayın sualtı dünyası ilə yaxından tanış olmaq və gözəl fotolar çəkmək mümkündür. On milyon litr həcmində Dubay akvariumu və sualtı zoopark “Dubai Mall” ticarət mərkəzində yerləşir. Burada 33 mindən çox dəniz canlısı yaşayır. Həmçinin burada qumsal yerlərdə yaşayan pələngəbənzər zolaqlı köpək balıqlarının ən böyük populyasiyasını görmək olar. “Atlantis The Palm” kurortundakı “The Lost Chambers” akvariumu isə ziyarətçiləri batmış gəmilərin və xarabalıqların olduğu itirilmiş sivilizasiyanın sualtı dünyasına aparır.
Ailə ilə birlikdə Dubaydakı çoxsaylı tematik parklardan birinə getmək səyahətdən ən yaddaqalan xatirələr olacaq. Burada sizi hər addımda maraqlı lokasiyalar gözləyir: “IMG Worlds of Adventure”, “Dubai Parks and Resorts” və s.
Dubay
“Dubai Miracle Garden” parkında çiçək kompozisiyalarından parlaq kadrlar çəkin: çiçək açan 50 milyondan çox bitki nəhəng installyasiya formasını, o cümlədən iri “Airbus A380” təyyarəsinin formasını alır.
“Azərbaycan Hava Yolları” (AZAL) bildirir ki, bütün mülki aviasiya strukturları UEFA Avropa Liqasının finalının keçirildiyi dövrdə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyəli xidmət göstərilməsini təmin edib.
Bakı aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb.
Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.
Bakı aeroportu
Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının 30 may tarixində müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək.
Paytaxtın hava limanından mayın 30-da rekord sayda – 100-dən çox təyyarə uçuş həyata keçirəcək.
Bakı aeroportu
Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilmişdir. Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəliblər.
Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək təhlükəsizlik səviyyəsi və mükəmməl xidmət keyfiyyətini təmin etmiş, aeroportun bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bakı aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu bu günlərdə hava limanı üçün yeni olan aviaşirkətlərin – “Enter Air”, “Blue Panorama Airlines”, “Maleth Aero Aoc Limited”, “Hifly Airlines”, “WamosAir”, “Getjet Airlines” və digər çarter aviaşirkətlərinin təyyarələrini qarşılayıb. Onlar arasında Londondan göyərtəsində təxminən 500 sərnişin ilə gələn “Hi-Fly” aviaşirkətinə məxsus ən böyük sərnişin təyyarəsi “Airbus A380” olub.
Təyyarə və qatar biletlərinin axtarışı və rezervasiyası ilə məşğul olan “Biletix” onlayn xidmətinin ekspertləri dünyanın ən “pis” turistlərini müəyyən edib. Həmin kateqoriyaya Rusiya, Çin və ABŞ-dan olan turistlər daxildir. Belə ki, rəy sorğusunda iştirak edənlərin 44%-i “Rusiyalı turistləri nəzakətli və tərbiyəli hesab edirsinizmi?” sualına “Yox“, 33%-i isə “Hə” cavabı verib. Maraqlıdır ki, Rusiya turistlərinə mənfi münasibət bəsləyənlər arasında Rusiya vətəndaşları az deyil. Rusların üzgüçülük hovuzuna yüyürərək hoppanmaları, dəniz qırağında çəkdikləri siqaretin qalıqlarını quma basdırmaları, çinli turistlərin isə ucadan danışaraq asta yerimək vərdişləri əcnəbilərdə daha çox narazılıq doğurub. Dünyanın ən mədəni turistləri kimi isə Yaponiya, Almaniya, Fransa təmsilçilərinin adı çəkilib.
Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub. Bununla bağlı reytinq cədvəlini Ümumdünya Turizm Təşkilatı (ÜTT) açıqlayıb.
Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını 20% səviyyəsində qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edib. Onu “Yeni Dubay“a bənzədib, neftlə zəngin olan ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən haba çevrildiyini bəyan edib.
Qeyd edək ki, siyahıya liderliyi San-Morino edir. Növbəti yerlərdə Gürcüstan (2-ci), İsrail (3-cü), Türkiyə (4-cü), İslandiya (5-ci), Makedoniya (6-cı), eləcə də Moldova (8-ci), Bosniya və Hersoqovina (9-cu) və Ermənistan (10-cu) qərarlaşıb.
Venesiya Şəhər Komunal Şurası mayın 1-dən etibarən şəhərin tarixi mərkəzinə avtomobil girişi üçün ödəniş tətbiq edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə bildirən şura üzvü Covanni Custo həmin vəsaitin gəzintiyə gələnlərin atdığı zir-zibili yığışdırmağa da sərf olunacağını bildirib.
O deyib: “Mayın 1-dən avtomobil girişi pullu olub. Ondan sonra isə azı bir il ərzində bu sınaq tədbirinin nəticələrini diqqətlə izləyə bilərik. Nəticə uğurlu olsa, bunu təkmiləşdirərək pilləli ödənişlər tətbiq edə bilərik”.
Şura üzvü ilkin olaraq avtomobillə gələnlərdən 3 avro alacaqlarını, pilləli ödənişlərin isə 10 avrodan baha olmayacağını qeyd edib.
Yeni rüsumun təyyarə və qatar biletlərinin, şəhər ictimai nəqliyyatında yol haqqının, habelə turların qiymətlərinə daxil ediləcəyi bildirib.