Ev Blog Səhifə 224

Mədəni turizmdə klasterləşməyə dair müzakirələr aparılıb

0
Mədəni turizm

Mədəni turizmdə klasterləşməyə dair dəyirmi masa keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, dəyirmi masada sahibkarlar turizm sahəsində klasterləşmə, “Kiçik və Orta Biznes klasteri” (“KOB klaster“) anlayışı, Vergi Məcəlləsində “KOB klaster”lər üçün nəzərdə tutulan vergi güzəştləri barədə məlumatlandırılıb. Turizm sahəsində çalışan sahibkarların və bu sektorda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin, eləcə də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir “Mədəni turizmdə klasterləşmənin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub.

Dəyirmi masada mədəni turizm, turizm sahəsində klasterlərin yaradılmasından danışılıb. Klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər, mədəni turizmdə klasterləşmənin səmərəliliyinin yüksəldilməsi kimi məsələlər müzakirə edilib, sahibkarların müvafiq sahədə təklifləri dinlənilib. Onları maraqlandıran suallar cavablandırılıb.

KOB klaster eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gəlir. Ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması əsas məsələlərdəndir. Vergi Məcəlləsində “KOB klaster“lər üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, “KOB klaster şirkəti” 7 il müddətində mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. “KOB klasterin iştirakçısı” isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur.

Diqqətə çatdırılıb ki, KOBİA “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. Hazırda “KOB klaster şirkəti“nin meyarlarını müəyyən edəcək. Müvafiq sənəd və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” hazırlanır.

Azərbaycanın şərq hissəsində quru ilə dənizin kəsişdiyi nöqtə – Şahdili burnu

0
Şahdili burnu

Abşeron Milli Parkı Azərbaycan Prezidentinin Sərəncamı ilə 783 hektar ərazidə yaradılıb. Paytaxtdan 70 kilometr kənarda yerləşən Milli Park yerli və xarici turistlər üçün maraqlıdır.

 Abşeron Milli Parkı ərazisindən hazırladığı reportaj zamanı ərazinin turizm imkanları ilə tanış olub. Qeyd edək ki, Milli Park ərazisinə gələn hər bir turist üçün rəhbərliyin müəyyən tələb və tövsiyələri var.

Milli Park ərazisində vəhşi heyvanlar məskunlaşdığı üçün turistlərdən ehtiyatlı olmaları tövsiyə edilir. Qeyd edək ki, gəzinti vaxtı Milli Parkda olan vəhşi heyvanların görünməsi ehtimalı yüksəkdir.

Şahdili burnu

Park rəhbərliyinin tələbinə görə, ərazinin 6 kilometrlik məsafəsi avtomobillə gedildikdən sonra, Şahdilinə gedilən 2 kilometrlik yol piyada qət edilməlidir. Park rəhbərliyi bunun ərazidəki canlıların qorunması üçün edildiyini bildirir. Ərazidə endemik bitki növləri çoxluq təşkil edir.

Qeyd edək ki, ərazidə velosiped yolu da var. Piyada getmək istəməyən turistlərin velosipeddən istifadə etməsinə icazə verilir. Turistlər Park ərazisində tək canlı aləmlə deyil, eyni zamanda, keçmiş sovet ordusundan qalan hərbi bunkerlərlə də tanış ola bilirlər. Biz də marşrutumuzun üzərində olan bu bunkeri yaxından görmək istədik. Ancaq bunkerin içərisinə təhlükəsizlik səbəbindən girməyimizə icazə verilmədi. Bələdçinin verdiyi məlumata görə, hərbi bunkerlər 1970-ci illərdə sovet hərbçiləri tərəfindən istifadə olunub.

Şahdili burnu

Bunkerin olduğu ərazidən uzaqlaşaraq yolumuza davam etdik. Qeyd edək ki, yol boyu müxtəlif heyvanların izlərinə rast gəldik. Bundan başqa Milli Park ərazisində ilanlar daha çox idi. Ərazidəki bələdçilər bildirdilər ki, parkda zəhərli ilan kimi yalnız gürzə qeydə alınıb. Digər ilanlar təhlükəli deyil. Bununla yanaşı Milli Parkda Xəzər suitisi, ceyran, canavar, çaqqal, su-bataqlıq quşları və digər canlılar var . 2 kilometrlik yolu qət edib nəhayət Şahdili ərazisinə çatdıq.

Şahdili burnu

Şahdili burnu isə həm təbii-coğrafi mövqeyinə görə unikal mənzərə və təbiət abidəsi sayılır, həm də vizual görünüşünə görə romantik bir ərazi hesab olunur.

Bir rəvayətə görə, çox əvvəllər Abşeron yarımadasının burun hissəsinə yüksək mənsəbli əyanlar, o cümlədən də şahlar şikara gələrlərmiş. Ona görə də bu hissəni yerli əhali Şah dili adlandırarmış.

Qeyd edək açıq dənizə yönələn füsunkar mənzərə Xəzər sahillərinin heç bir nöqtəsində bu qədər heyrətamiz görünmür.

Nəhayət Abşeron Milli Parkındakı bir neçə saatlıq səfərimizi yüksək əhval-ruhiyə ilə başa vurduq.

“Etihad Airways” dövriyyəyə yeni “ekonom-klass” buraxır

0
Etihad Airways

Bakıdan dünyanın 90 istiqamətinə Əbu-Dabi vasitəsilə tranzit uçuşları yerinə yetirən BƏƏ-nin milli aviadaşıyıcı “Etihad Airways” ensiz füzelyajlı 23 “Airbus 320” və “Airbus 321” təyyarələrinin salonunu yeniləyərək “ekonom-klass” transformasiya proqramına başlayıb. Smartfon və planşetlərdə əlçatan olan yeni fərdi simsiz əyləncə sisteminin daxil edildiyi salonların yenidən təchizatı proqramını cari ilin avqustunda başa çatdırmaq planlaşdırılır. Aviaşirkət, həmçinin bütün reyslərdə göyərtədə qidalanma xidmətinin daha geniş təkmilləşdirilməsi proqramının bir hissəsi olaraq “ekonom-klass”ın göyərtəsində yeni təkmilləşdirilmiş pulsuz yemək konsepsiyasını tətbiq edir.

Etihad Airways

“Ərəb səyahət bazarı” (“Arabian Travel Market”) beynəlxalq turizm sərgisində “Etihad” özünün yeniliklərini, həmçinin “Xoşladığınız kimi səyahət edin” (“Go Your Own Way”) adlı yeni reklam kampaniyasını təqdim edib. Aviaşirkətin “Düzgün seçim edin” (“Choose Well”) ümumi brend platformasının bir hissəsidir. Hər kəsin fərdi üstünlük verdiyi dəyərləri nəzərə almaqla qonaqlara sərbəst seçim üçün daha çox imkanlar təqdim edəcək.

“Etihad Aviation Group”un baş direktoru Toni Duqlas deyib: “Etihad” gələcəyi qabaqcadan görənlərə həmişə meydan oxuyan, bazarın daimi dəyişiklikləri ilə ayaqlaşan brend olub. Biz “ekonom-klass”la səyahətə bizim həm “birinci”, həm “biznes-klass”da layiq görüldüyümüz mükafatlara xas olan liderlik və innovasiya stili gətiririk. “Etihad” kompleks xidmətlər göstərən lider aviaşirkətdir. Bütün səyahətçilərin fərdi tələbatlarının təminatı altında onlara rahat uçuş üçün məhz lazım olanı təqdim etməklə uyğunlaşır. Bu, təkcə daha çox seçim və fərdiləşdirmə imkanı deyil. Həmçinin bizim qərəzsiz, kommersiya cəhətdən ağlabatan və etibarlı xidmət təqdim etməyimizi sığortalayır”.

“Etihad” ensiz füzelyajlı “Airbus 320” və “Airbus 321” təyyarələrinin “ekonom-klass” salonlarını ardıcıl surətdə yeniləyir. Salonların yenilənməsi “Etihad”ın 38 istiqamətə Əbu-Dabidən 5 saatlıq uçuş həddində yerləşən yaxınmagistrallı reysləri üçün həyata keçirilir. “Ekonom-klass”ın yenilənməsinin birinci mərhələsi “Sərbəst qonşu yer”, “Economy Space” və “Enli füzelyaj təyyarələrdə arzuedilən yer” kimi yeni oturacaq yerləri tətbiq edilməklə 2017-ci ildə başlanıb.

Etihad Airways

Aviaşirkətin yenilənmiş müasir salonlarındakı erqonomik kreslolar dünyada aviasiya kreslolarının innovasiyalı lideri olan Britaniyanın “Acro” markasına məxsusdur. Yeni nəsil kresloları dizlər üçün rahat geniş məkan nəzərdə tutur. Qonağın mobil cihazının və sürətli yüklənmə üçün USB-sinin yerləşdiyi, həmçinin telefon və planşet üçün tənzimlənən tutqacların olduğu “ağıllı” dizayna malikdir.

Əgər siz ensiz füzelyajlı təyyarədə uçursunuzsa, o zaman “Etihad Panasonic eXW” göyərtə sisteminin köməyi ilə brauzer vasitəsilə öz mobil qurğularınızdan birbaşa 300 saatdan artıq multimedia ala bilərsiniz. Daha geniş əyləncə proqramı uçuşdan əvvəl yükləyə biləcəyiniz yeni “E-BOX STREAM” mobil əlavəsində əlçatandır.

Göyərtədə qarşıdakı kresloların ekranından əlçatan olan əyləncə sistemi “Airbus” və “Boeing” ensiz füzelyajlı təyyarələrin “ekonom-klass” salonlarında qalacaq.

“Etihad”, həmçinin bütün reyslərdə göyərtədə yenilənmiş pulsuz qidalanma konsepsiyasını tətbiq edib. Üç saatdan artıq davam edən reyslərdə müasir “bistro” stilində hazırlanmış, təzə mövsümi inqrediyentlərə və regional mətbəxə üstünlüyün verildiyi yüksəkkeyfiyyətli əsas yemək indi daha çoxdur. Əbu-Dabinin mədəni irsini nümayiş etdirən yeni üçbucaq formasında olan boşqablar emal edilmiş materiallardan hazırlanıb. Yeni masa dəstləri əvvəlkinə nisbətən 85 faiz yüngüldür. Bu, təyyarənin çəkisini və müvafiq olaraq yanacağın istifadəsini azaldır. Aviaşirkət ekologiyanın mühafizəsi və birdəfəlik plastik qabdan istifadənin 2022-ci ilədək 80 faiz azaldılması hərəkatını dəstəkləyərək ildə 27 milyon plastik qapaqdan və digər tutumdan qurtulacaq.

Etihad Airways

Yeni qidalanma konsepsiyası çərçivəsində qonaqlara məcməyidə əsas yemək təqdim edilən zaman ayrıca qəhvə və çay ilə ləziz desertlər veriləcək. Buna əlavə olaraq, göyərtədə əldə edilməsi mümkün olan “Sweet or Salty” qəlyanaltı və içkilərin menyusu əhəmiyyətli dərəcədə genişləndirilib. Tapas, isti yeməklər, yüksək keyfiyyətli şirin və duzlu qəlyanaltılar. Uşaqlar üçün də geniş seçim olacaq. Geniş çeşid “Bateel”, “Starbucks”, “Thorntons”, “Cawston Press”, “Heavenly”, “Perrier” və “Barebells” kimi aparıcı brendlər tərəfindən təqdim olunacaq.

“Etihad” aviaşirkəti, həmçinin göyərtədə daha çox rahatlığın təmin olunması məqsədilə yeni adyallar, yastıqlar, başaltılar təqdim edir.

Görüş üçün ən bahalı şəhərlərin adları açıqlandı

0
Ölkələr

Sürix (İsveçrə) romantik görüşlər üçün ən bahalı şəhər adını alıb.

Belə bir nəticəyə “Deutsche Bank”-ın analitikləri gəliblər.

Analitiklərin apardıqları hesablamalar göstərib ki, kinoya bilet, pabda iki nəfərlik nahar, iki pivə stəkanı və taksidə gedişə görə ümumilikdə 200 avro xərcləmək lazımdır.

Top 5-ə Oslo (164 dollar), Kopenhagen (158 dollar), Helsinki (151 dollar) və Tokio (148 dollar) da daxil edilib. 

CAREC ölkələri vahid turizm məkanının yaradılması məsələsini müzakirə ediblər

0
CAREC

Fici Respublikasının paytaxtı Suva şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı çərçivısində Mərkəzi Asiya Regional və İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda turizmin dayanıqlı inkişafına dair müzakıirələr aparılıb.

AİB-dən  verilən məlumata görə, müzakirələr zamanı CAREC ölkələrindəki iqtisadi dəhlizlərə əlavə olaraq turistlər üçün açıq dəhlizlər yaradılmasının vacibliyi qeyd edilib. Turistik səyahətlər üçün vahid məkanın yaradılması təklifi irəli sürülüb.

CAREC ölkələri regional turizmin inkişafı üçün birgə səy göstərməlidirlər“, – deyə göruş zamanı AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Verner Lipak bildirib.

Qeyd edək ki, CAREC katibliyi 2018-ci ildə CAREC-in 2030-cu ilədək strategiyası çərçivəsində “Regional turizm əməkdaşlığının təşviqi” araşdırmasını aparıb.

Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür. Onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir.

CAREC-ə üzv olan ölkələr sırasında Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, TürkmənistanÖzbəkistan yer alır.

Dövlət Turizm Agentliyi Avropa Liqasının final oyununda gücləndirilmiş rejimdə işləyəcək

0
Avropa liqası

Dövlət Turizm Agentliyi mayın 29-da UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək qonaq və turistlərin rahatlığı üçün digər dövlət orqanları, xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək.

Agentlikdən verilən məlumata görə, 2018-ci ilin dekabr ayından etibarən biletləri satışa çıxarılan finalın hazırlıqları xeyli müddətdir ki, davam edir.

Məlumat üçün bildirək ki, AZAL tərəfindən 29 və 30 may tarixlərində həyata keçiriləcək. Birbaşa London-Bakı– London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil olunacaq. Bundan başqa, AZAL-la klublar arasında əldə olunan razılığa əsasən, əlavə çarter reyslərin də təşkil olunması istiqamətində danışıqlar aparılır.

Bakıda ulduz dərəcəsinə uyğun olaraq beynəlxalq və yerli brendlərə məxsus müxtəlif büdcəli hotellərin mövcudluğu xarici qonaqların yarış ərəfəsində rahatlığını təmin edəcək.

Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.

Yarışla əlaqəli bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəffəqiyyətlə keçirilməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar.

Xatırladaq ki, ölkəmiz Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malikdir.

Azərbaycanın turizm potensialının təbliği ilə bağlı beynəlxalq konfrans keçiriləcək

0
Turizm

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ölkəmizin turizm potensialının təbliği mövzusunda beynəlxalq konfransın keçirilməsi” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın yalnız neft, idman yox, eyni zamanda turizm ölkəsi kimi də beynəlxalq ictimaiyyətə təqdim etməkdir: “Bu gün ölkəmizin inkişaf etmiş sahələrindən biri də turizmdir. Bilirsiniz ki, ölkəmizin turizm potensialı zəngin olduğundan Azərbaycanda turizmin bir neçə növü yüksək səviyyədə inkişaf edib. Digər sahələr isə inkişaf etməkdədir. Buna nümunə olaraq sağlamlıq-müalicə turizmini, qış turizmini, qastronomik, raftinq və s. növləri qeyd etmək olar. Bu layihə vasitəsi ilə keçiriləcək beynəlxalq konfransda ölkəmizin turizm sahəsinin inkişafı qonaqlara təqdim olunacaq. Düşünürük ki, bu konfrans Azərbaycana turistlərin cəlb edilməsinə müəyyən mənada yardım edəcək. Eyni zamanda ölkənin turizm şirkətləri ilə təcrübə mübadiləsi baxımından da əhəmiyyətli olacaq”.

Xatırladaq ki, layihə çərçivəsində iyunun 24-27 tarixlərində beynəlxalq konfransın keçirilməsi və Azərbaycanın bir neçə turizm obyektlərinə səfərin edilməsi nəzərdə tutulub.

Azərbaycan və Çexiya turizm sahəsində əlaqələri genişləndirəcək

0
Radek Vondraçek

Azərbaycan və Çexiya turizm sahəsində əlaqələri genişləndirmək niyyətindədir.

Bakıda səfərdə olan Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek jurnalistlərə açıqlama verib. Açıqlamasında bildirib ki, Azərbaycan çox gözəl ölkədir və onun turizm sahəsinin böyük potensialı mövcuddur. İki ölkə arasında bu sahədə əlaqələr genişləndirilməlidir. “Bizim ölkələr arasında 3 min km məsafə olsa da, Azərbaycan və Çexiyanın bir çox ortaq cəhəti var”.

R. Vondraçek onu da bildirib ki, səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan və Çexiya şirkətləri arasında görüşlər təşkil edilib. Çexiya investisiyalarının Azərbaycana cəlb olunması məsələsi müzakirə olunub: “Ümumiyyətlə, təşkil olunan görüşlər məzmunlu və məhsuldar olub”.

Rusiya Turizm Operatorları Assosiasiyası: Azərbaycana gedən rusiyalı turistlərin sayı 5-8 faiz artıb

0
Turizm

Rusiyalı turistlərin MDB ölkələri arasında ən çox seçdiyi istiqamətlərdən biri Azərbaycandır“. ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze keçirdiyi mətbuat konfransında deyib.

May bayramları ərəfəsində rusiyalı turistlərin ən çox hansı ölkələrə səyahət etdiyini açıqlayan M.Lomidze bildirib ki, bu siyahıda ilk yeri Türkiyə tutur: “Rusiyalı turistlər may bayramları ərəfəsində Kipr, İspaniya, Xorvatiya kimi ölkələrə səyahət etməyə üstünlük veriblər. Bu müddətdə MDB ölkələri arasında ən çox səyahət olunan ölkələrdən biri məhz Azərbaycan olub. Turizm operatorların qiymətləndirmələrinə görə, rusiyalı turistlər arasında Azərbaycana olan tələbat ötən ilin bu vaxtı ilə müqayisədə 5-8 faiz artıb. Turistlər əsasən Bakı şəhərini və ekskursiya üçün Bakı ətrafını seçirlər“.

Maya Lomidze Azərbaycanın daha çox turist cəlb etmək imkanına malik olduğunu, lakin buna bir sıra faktların əngəl törətdiyini bildirib: “Azərbaycan bundan da çox rusiyalı turist cəlb edə bilər. Çünki ölkənizin bunun üçün böyük potensialı var. Əsrarəngiz təbiətə malik Azərbaycanda müalicə kurortları, çimərliklər mövcuddur. Lakin təəssüflər olsun ki, aviabiletlərin baha olması və Azərbaycanın turizm potensialı haqqında informasiyanın, yəni, ölkənin turizm potensialı haqqında reklamın çatışmazlığı buna maneə olur. Azərbaycan çox maraqlı ölkədir və ölkənizə maraq rusiyalı turistlər tərəfindən getdikcə artır“.

Rusiya Turizm Operatorlar Assosiasiyasının icraçı direktoru Azərbaycana gələn rusiyalı turistlərin səyahət üçün turizm operatorlarına müraciət etmədiyini, sərbəst olaraq ölkəmizə səyahət etdiklərini vurğulayıb:” Rusiyalı turistlər Azərbaycan təkcə may bayramları zamanı səyahət etmirlər. Ölkəniz səyahət istiqaməti kimi rusiyalı turistlər üçün il boyu tələbatlıdır. Rusiyalı turistlər yaz, yay, payız, hətta qış dövründə də Azərbaycana gedirlər. Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana müntəzəm reyslərin olması da turistlər üçün əlverişlidir“. 

Azərbaycanın işgüzar turizm imkanları Almaniyada təbliğ olunur

0
tuizm

Azərbaycanın işgüzar turizm imkanları Almaniyada keçirilən sərgilərdə tanıdılır. İşgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IMEX Frankfurt” sərgisində tanıdılır.

turizm

Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaq üçün müxtəlif tədbirlər görülür. Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportu, “Buta Airways”, Bakı Konqres Mərkəzi, “PAŞA Travel” şirkəti ilə yanaşı, “Absheron Hotel Group”, “JW Marriott Absheron Baku” hotelləri də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi vacib məsələlərdəndir. Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansının formalaşdırılması istiqamətində aktiv iş aparılır.

turizm

2002-ci ildən başlayaraq hər il keçirilən “IMEX Frankfurt” sərgisi Almaniyanın görüşlər, konfranslar, tədbirlər və işgüzar səyahətlər sahəsində ən mühüm ticarət sərgisi sayılır. Ötən il 10 minə yaxın ziyarətçi qəbul edən sərgidə bu il dünyanın 150-dən çox ölkəsinin nümayəndələri təmsil olunurlar.