Rusiya hökuməti xarici vətəndaşlara və şirkətlərə Krımda torpaq almağı qadağan edib.
FED.az xəbər verir ki, prezident Vladimir Putinin bu barədə fərmanı təkcə Kramı deyil, Rusiyanın Həştərxan və Kalininqrad vilayətlərinə də aiddir. Bundan sonra həmin ərazilərdə də xaricilərin torpaq alması qadağan ediləcək.
Qeyd edək ki, məşhur turizm bölgəsi olan Krım vaxtilə Ukrayna ərazisi olub. Rusiya 2014-cü ildə bu ərazini işğal edib. Rusiya tərəfi iddia edir ki, burada keçirilən referendumda yerli əhali Rusiyanın tərkibinə qatılmağa səs verib, Ukrayna tərəfi isə bu referendumu tanımır və ərazinin Rusiya tərəfindən işğal edildiyini bildirir.
Rusiyanın Həştərxan vilayəti isə kənd təsərrüfat torpaqları ilə məşhurdur, son vaxtlar burada geniş aqrar layihələr həyata keçirilir, o cümlədən pomidor parnikləri qurulur.
“Koronavirusa görə yaranmış qlobal böhran Azərbaycandakı hotellərin böyük miqdarda maliyyə itkiləri ilə üzləşməsinə səbəb olub”.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, vəziyyətlə əlaqədar həm Bakı, həm də regionlardakı hotellərdə müştərilərin sayı xeyli azalıb:
“Əlbəttə ki, bu cür problemlər ilk növbədə turizmə, hotelçiliyə zərbə vurur. Regionlardakı hotellərin verdiyi məlumata görə, Novruz bayramı ilə əlaqədar insanlar rayonlara getməyə və oradakı hotellərdə yerləşməyə maraq göstərmirlər. Hazırda əsas məsələ insanların sağlamlığının təhlükəsizliyini təmin etmək, Nazirlər Kabineti yanında yanında operativ qərargahın qərarlarına riayət etməkdir. İnsanlar öz səyahətlərinin müddətlərinin müəyyən edilməsi zamanı mütləq bu qərarları nəzərə almalıdırlar. AHA da hotelləri operativ qərargahın qərarlarını təqib etməyə və qaydalara riayət etməyə çağırır. Bu problemə görə hamı bir olmalı və birgə hərəkət etməlidir. Hotelçilər Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən istifadəyə verilən www.koronavirusinfo.az informasiya portalından da məlumat əldə edə bilərlər”.
G.Sağlam əlavə edib ki, yerli turizmə dəstək vermək üçün martın 11-dən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə “Macəra Yaxındadır!” kampaniyasına da başlanılsa da, yaranmış vəziyyətlə əlaqədar bu kampaniya müvəqqəti dayandırılıb:
“Lakin bu kampaniya koronavirusa görə xarici ölkələrə səfərlərin mümkünsüzlüyü ilə əlaqədar başlanılmayıb. Kampaniya uzunmüddətlidir. O, koronavirusla əlaqədar mövcud vəziyyətə görə hələlik dayandırılıb. Vəziyyət normallaşanda turizmə dəstək üçün bu kampaniyaya yenidən başlanılacaq. Ümid edirəm ki, vəziyyət yaxşılaşdıqdan sonra Azərbaycan vətəndaşlarının səfər edəcəyi ilk yer elə öz ölkəmizin maraqlı yerləri olacaq. O zaman hotellər də qonaqları qəbul etməyə hazır olacaq”.
2010-cu ildə Rokfeller ailəsinin fondunun yayımlandığı hesabatda bu gün dünyanı ağuşuna alan ölümcül qlobal virus epidemiyasının baş verəcəyinə dair proqnozlar verilib. Ölkələrin virusla mübarizə aparmasını özündə əks etdirən hesabatda bildirilib ki, epidemiyadan, ilk növbədə, Çin xilasa müvəffəq olacaq. Pandemiyanın qlobal qida və yanacaq çatışmazlığına səbəb olacağı bildirilir.
Peter Şvartzın Rokfeller Fonduna bağlı olaraq yaratdığı Qlobal Biznes Şəbəkəsi (GBN) tərəfindən nəşr olunan “Texnologiyanın gələcəyi və beynəlxalq inkişaf üçün ssenarilər” adlı hesabatda təəccüblü ifadələr yer alıb. Hesabatda inkişaf etmiş ölkələrin alt-üst ediləcəyi iddia olunub. 2030-cu ilə qədər baş verəcək prosesləri təsvir edən hesabatın bir bölməsində ölümcül qlobal virus epidemiyasının baş verəcəyini proqnozlaşdırılıb.
İnkişaf etmiş ölkələr alt-üst olacaq
Maraqlıdır ki, məntdə gələcəyə dair hadisələr təsvir olunsa da, fellər keçmiş zamanda yazılıb. Qeyd olunub ki, inkişaf etmiş ölkələr virusa qarşı mübarizə aparmaqda çətinlik çəkdi: “Sürətlə yayılan virus, hətta ən çox inkişaf etmiş ölkələri də alt-üst etdi”.
Hökumətlərin vətəndaşlarını viruslardan qorumaq üçün “fövqəladə tədbirlər”görəcəklərini ifadə edildiyi hesabatda “Qlobal epidemiya dövründə dünya liderləri səlahiyyətlərini genişləndirdilər. Üz maskalarının istifadəsinin məcburi olmasından, qatar stansiyaları və supermarket kimi sosial sahələrə girişlərdə məcburi temperatur nəzarəti kimi ciddi qaydalar və məhdudiyyətlər tətbiq edildi”.
İlk Çin qurtulacaq
Ölkələrin virusla necə mübarizə apardığını da əhatə edən hesabatda Çinin virusdan ilk olaraq qurtulacağına dair proqnozlaşdırılıb: “Epidemiya dünyanı bürüdü. Tədbirlərin həyata keçirilməsi hətta inkişaf etmiş ölkələr üçün də böyük problem idi. Ancaq bir neçə ölkə bunu daha yaxşı dəf etdi, xüsusilə Çin. Çin hökumətinin bütün vətəndaşlar üçün məcburi karantin tətbiq etməsi və dərhal bütün sərhədləri bağlaması sayəsində milyonlarla insanın həyatını xilas etdi. Virusun yayılmasını digər ölkələrə nisbətən daha erkən dayandırması onların yayıldıqdan sonra tez sağalmasına imkan verdi”.
Bomboş qalacaq
“Qlobal epidemiya iqtisadiyyatlara ölümcül təsir göstərdi” deyilən hesabatda virusun yalnız insanları öldürmədiyini qeyd olunub: “Həm insanların, həm də malların beynəlxalq hərəkətliliyi dayandırıldı, turizm və qlobal tədarük zəncirləri kimi zəif sənaye sahələrinə təsir etdi. Yerli də olsa ən çox işləyən mağazalar və ofis binaları aylarla həm işçisiz, həm müştərisiz bomboş qaldı”.
Ərzaq qıtlığı baş verəcək
Rokfeller hesabatda gələcək texnologiyanın inkişafına dair proqnozu belə ifadə edib:
“Proteksionizm və milli təhlükəsizlik tədbirləri ilə hərəkət edən ölkələr Çini təqlid edərək öz müstəqil, regional olaraq müəyyən edilmiş texnologiya şəbəkələrini yaratdılar. Hökumətlər internet sıxlığına nəzarət etməkdə müxtəlif səviyyələrdə müvəffəqiyyət əldə etdilər, lakin bu səylər “dünya səviyyəsində” hələ də internetin təsirini qıra bilməyib.
İqtisadiyyatda özəl və dövlət səviyyəsində böyük dəyişikliklərin olacağını nəzərdə tutan hesabatda da deyilir: “Qlobal ərzaq və yanacaq çatışmazlığı fonunda ölkələr daxili bazarlarını idxaldan qorumaq və kənd təsərrüfatı mallarını və digər mal ixracatını azaltmaq üçün ticarət maneələrini artırdı. Dünyada öz izini qoyan qlobal əməkdaşlıq və qarşılıqlı asılılığın zəiflədiyi dövrə daxil oldu.
Mübahisəli hesabat Rokfeller Fondunun rəsmi saytında 25 may 2010-cu il tarixində “www.rockefellerfoundation.org/news/publications/scenarios-future-technology” saytında yerləşdirilib. Bir neçə il ərzində hər kəsə açıq olan yazı sonradan naməlum səbəbdən saytdan çıxarılıb.
Qeyd edək ki, Con Davison Rokefeller “Standard Oil”i təsis edərək ABŞ-ın ilk neft maqnatı olub və 1910-1937 illəri arasında dünyanın ən varlı adamı kimi məşhurlaşıb. Rokfeller ölümündən sonra 912 milyon dollar miras qalıb. Bu pullar bugünkü inflyasiya şəraitinə çevrildikdə, təqribən 189 milyard dollar edir. “Forbes” in məlumatına görə, bu günün ən varlı adamı olan Jeff Bezosun 114 milyard dollar sərvəti var. Bu səbəbdən, bir çox mütəxəssisin fikrincə, Rokfeller bəşər tarixinin ən varlı adamı hesab olunur.
Bu gün iddia olunur ki, EXXON-MOBILE, CHEVRON, CITI GROUP, J.P.MORGAN-CHASE kimi çox böyük şirkətlərə sahib olan yəhudi Rokfeller ailəsi dünya iqtisadiyyatını və siyasətini sərvətindən aldığı gücü ilə idarə edir. (publika.az)
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial izolyasiya təbirlərinin tətbiqi qərarına əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan bir sıra mədəni turizm müəssisələrinin, o cümlədən Şəkidə yerləşən Kiş Tarix-Memarlıq Qoruğunun fəaliyyəti martın 14-dən müvəqqəti olaraq dayandırılıb.
Qoruğun direktoru İlhamə Hüseynova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Operativ Qərargahın qərarına ciddi riayət olunur. Həmin vaxtdan Kiş alban məbədi ziyarətçilər üçün tam qapalıdır. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə məbədin daxilində və həyətində sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilib. Qoruğun əməkdaşları arasında zəruri maarifləndirmə işləri aparılıb.
Hazırda Kiş Tarix-Memarlıq Qoruğunda profilaktik sosial izolyasiya tədbirləri davam etdirilir.
Xatırladaq ki, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.
Çoxmənzulli yaşayış binaları, məktəblər, bütün təhsil ocaqları, mədəniyyət müəssisələri dezinfeksiya edilir
Qubada korona epidemiyasının qarşısının alınması məqsədilə ciddi qabaqlayıcı tədbirlərin görülməsi davam etdirilir.
İstiPress-in şimal bürosunun məlumatına görə, Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahdan irəli sürülən bütün tələb və vəzifələr gündəlik olaraq Quba İH-də yaradılmış operativ qərargahda müzakirə olunur.
Qərargahın sədri, rayon İH başçısı Ziyəddin Əliyevin göstərişi ilə şəhərdəki bütün çoxmənzulli yaşayış binaları, məktəblər, bütün təhsil ocaqları, mədəniyyət müəssisələri, ayrı-ayrı təşkilatlar yerləşən binalar, bir sözlə, bütün şəhər ərazisi epidemiyaya qarşı dizenfeksiya olunub. Bu proses təkrar olunaraq da aparılır. Rayonun Zərdabi qəsəbəsində yerləşən xüsusi internat məktəbdə 25 nəfər kimsəsiz uşaq qaldığından təhsil ocağında müntəzəm olaraq dizenfeksiya işləri və digər qabaqlayıcı tədbirlər görülür.
Karantin rejimilə bağlı Qubada da qoyulan tələblərə ciddi nəzarət edilir. İri ticarət, turizm müəssisələri bağlanıb,şəhər və rayon ərazisində yalnız apteklərin və ərzaq mağazalarının işləməsi təmin edilir. Quba operativ qərargahından aldığımız məlumata görə, Quba sakinləri qoyulan qaydalara ciddi əməl etməlidirlər. Hər bir vətəndaş anlamalıdır ki, görülən bütün təbbirlər əhalinin sağlamlığı üçündür.
Hər məsələyə obyektiv baxmaq lazımdır. Karantin sanatoriya deyil. Heç kim elə qəbul etməsin ki, karantinə istirahətə gəlib, onun üçün pulsuz turizm imkanları yaradılıb.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə karantin şəraitindən narazılıq edənlərə cavab olaraq söyləyib.
Prezidentin köməkçisi bildirib ki, koronavirus qlobal bəladır:
“Bəzi dövlətlər bunu qlobal müharibə kimi xarakterizə edirlər. Bu, elə bir müharibədir ki, burada düşmən görünmür, döyüşçüləri, əsgərləri həkimlərdir, tibb işçiləridir. Bunun qarşısında dünyanın aparıcı dövlətləri acizdirlər. Belə olan halda vətəndaşların hər bir məsələdə bəhanə axtarmaları, problem axtarmaları düzgün deyil. Dövlət bütün lazımi addımlar atır, əhalinin sağlamlığının qorunması üçün tədbirlər görür. Ona görə də, əsassız tənqidlərdən uzaq dayanmalıyıq, məsuliyyətli olmalıyıq, dövlətimizin yanında olub, görülən işləri dəyərləndirməliyik. Görün nə qədər insan həyatını risk altında qoyur. Vətəndaşlarımızın xaricdən gətirilməsi, burada karantinə alınmasında iştirak edən insanlar var. Təyyarə pilotlarından, bələdçilərindən tutmuş, orada fəaliyyət göstərən diplomatlara, buradakı həkimlərə qədər, hamısı həyatını risk altına qoyur. Bunu dəyərləndirmək lazımdır. Əhalimizin mütləq əksəriyyəti bunu təqdir edir”.
Koronavirus infeksiyasının qarşısının alınması üçün ölkələrin tətbiq etdiyi səyahət qadağaları və bütün uçuşların dayandırılması son bir ayda uçuş sayının 48 faiz azalmasına səbəb olub.
Moderator.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, yeni növ koronavirusun yayılmasının qarşısının alınması üçün əksər beynəlxalq və daxili uçuşların ləğv edilməsi cari ilin ikinci yarısında təyyarə yanacağına olan tələbatın 70 faiz azalması ilə nəticələnə bilər. Koronavirus dünyada neftə olan tələbatı azaldaraq neftin qiymətini kəskin aşağı salıb. Ehtimal olunur ki , gündəlik 100 miyon barel neftə olan tələbat 10-12 milyon barel azalacaqdır. Əksər ölkələrin koronavirusla mübarizə məqsədilə hətta daxili uçuşları belə dayandırması nəticəsində təyyarə yanacağına olan tələbat kəskin azalıb. Təyyarələrin izlənmə sistemi olan “Flight Radar 24”ün nəticələrinə görə, son bir ayda gündəlik uçuş sayı 196 min 756-dan 95 min 227-ə düşüb. Mütəxəssislər hesab edir ki, koronavirusa görə azalan uçuşların mənfi nəticəsi aprel və may aylarında hiss ediləcəkdir. Londonda fəaliyyət göstərən “Facts Global Energy” şirkətinin əməkdaşı Cüneyt Kazokoğlu mediaya açıqlamasında bildirib ki, vəziyyət belə davam edərsə dünyada bütün uçuşlar tamamilə dayandırılacaqdır. Bu zaman kəsiyi 12-18 ay davam edə bilər. Həmin dövrdə hava yolu şirkətləri, turizm sektoru, qida sənayesi çox ciddi zərərə uğrayacaqdır. O deyib ki, təyyarə yanacağı dünya bazarında satılan neftin təqribən 8 faizinə bərabərdir. Bu da neftə olan tələbatın 8 faiz azalması deməkdir. Müxtəlif ölkələrdə karantin rejiminin tətbiqi avtomobillərdən istifadəni minimuma endirib. Bu da neftə olan tələbatın və neft qiymətlərinin kəskin aşağı düşəcəyinə gətirib çıxaracaqdır.
Norveçdə fəaliyyət göstərən “Rystad Energy” araşdırma şirkətinin əməkdaşı Artyom Tchen isə bildirib ki, enerjiyə olan tələbatın azalması ona gətirib çıxaracaq ki, bu il dünya iqtisadiyyatının inkişafı 2 faizdən çox olmayacaq. Təyyarə uçuşların təxirə sakındığına diqqət çəkən Artyom Tchen bu qeyri-müəyyənliyin ilin ikinci yarısında da davam edə biləcəyini bildirib. Koronavirusun ən çox hava yolu şirkətlərinə ziyan vuracağını da diqqətə çatdırıb.
İki il bundan qabaq təmirə saxlanılan bu muzey görənləri heyrətə salır. Muzeyin təmiri hələ də başa çatmayıb, nə pəncərəsi var, nə də illərdir gələn insanlara xidmət edən zəngin eksponatlar
İlham Əhmədov
Azərbaycanda qədim tarixi abidələri, eləcədə qoruq və kurqanlarının zənginliyi ilə tanınan rayonlardan biri də Qəbələ rayonudur. Rayonun tarixini özündə əks etdirən tarixi muzey və məkanlar həm rayona gələn xarici turistlərin, həm də yerli qonaqların diqqət mərkəzindədir.
Qəbələyə səfər edən turistlər turizm məkanlarını ziyarət etməklə yanaşı, rayonun tarixi ilə də yaxından tanış olmaq və Qədim Qəbələ haqqında yaranan suallara cavab tapmaq istəyirlər. Bunun üçün də qonaqlar əsası 1980-cı ildə qoyulan Qəbələ Tarix Diyarşünaslıq Muzeyinə üz tuturdular.
Qəbələ Tarix Diyarşünaslıq Muzeyinin həyəti
Qeyd edək ki, muzey eksponatlarının zənginliyi ilə seçilirdi. Bu da öz növbəsində rayona səfər edən qonaqların sayına da çox ciddi təsir göstərirdi. Muzey həm də çox maraqlı və zəngin tarixə malik bilik ocağı kimi tanınmaqda idi.
Lakin son zamanlar isə muzeylə bağlı acınacaqlı durum yaranıb. Mədəniyyət Nazirliyi 2018-ci ilin yay aylarında muzeyin yenidən təmir və bərpası edilməsi ilə bağlı təqdirəlayiq qərar verib. Bunun üçün də muzeyin fəaliyyəti dayandırılıb. Amma…
İki il bundan qabaq təmirə saxlanılan bu muzey görənləri heyrətə salır. Muzeyin təmiri hələ də başa çatmayıb, nə pəncərəsi var, nə də illərdir gələn insanlara xidmət edən zəngin eksponatları. Təmir işləri yekunlaşmaq bilməyən bu məkan yerli sakinlərin göz dağına, rayona gələn qonaqlar və turistlərin köks ötürdüyü yerə çevrilib.
Qəbələ Tarix Diyarşünaslıq Muzeyi
Qəbələ Tarix Diyarşünaslıq Muzeyində 2500 illik tarixi əks etdirən 14000-dən çox eksponat nümayiş etdirilirdi. Muzeyin 900 kv.m-lik binası,13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otağı, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası da vardı. Lakin bütün bu sadaladıqlarımızdan ancaq açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası qalır.
Rayon sakinləri də ürək ağrısı ilə təmir və yenidənqurma prosesinin hansısa səbəbdən uzandığını, bundan hamının zərər çəkdiyini bildirirlər. Sosial mediada bir neçə dəfə rayon sakinlərinin, eləcə də qonaqların muzeyin fəaliyyət göstərməməsi, bu prosesin uzanmasından gileyləri əksini tapıb.
Sputnik Azərbaycan yaranmış vəziyyətlə bağlı İsmayıllı Regional Mədəniyyət idarəsinin direktor müavini Azər Abbasovla əlaqə saxlayıb və ondan problemin nə zaman aradan qaldırılacağına aydınlıq gətirməsini xahiş edib.
Qəbələ Tarix Diyarşünaslıq Muzeyi
Azər Abbasov da hələ də qapı-pəncərəsi olmayan muzeydə işlərin yekunlaşmaq üzrə olduğunu iddia etdi: “Muzeydə artıq təmir işləri başa çatıb. Demək olar ki, son tamamlama işləri aparılır. Artıq ekspozisiyanın da yenidən qurulması az vaxta təmin olunacaq”.
Təmirin olduqca bahalı bir proses olduğundan xeyli zaman aparmasını da təbii hal sayan direktor müavini onu da bildirdi ki, yaxın zamanlarda – yay aylarında muzeyin yenidən açılaraq istifadəyə verilməsi nəzərdə tutulub.
Biz də ümid edirik ki, deyilənlər həqiqət olar, bir rayonun tarixi və tarixi abidəsinə olan bu biganəlik yaxın zaman çərçivəsində aradan qaldırılar.
Avstriyanın Tirol federal torpağı koronavirisin Avropada yayılmasının əsas mənbələrindən biri olub. Bu barədə “Der Spiegel” məlumat yayıb.
Bildirilir ki, bir çox turistlər populyar Patsnaun-İşql dağ-xizək kurortunda infeksiyaya yoluxublar. Onlara xəstəliyə tutlan norveçlilərin yarıdan çoxu, danimarkalıların isə üçdə biri aiddir. Avstriyanın özündə hər dörd xəstədən biri Tirolun payına düşür. Ölkədə 20196 xəstə var və onlardan 6 nəfəri ölüb.
İslandiya hələ martın 5-də kurortun təhlükəli olduğunu bəyan edib. Amma region hökuməti turizm mövsümünün bağlanması barədə ancaq martın 14-də qərar qəbul edib. Üstündən 5 gün keçəndən sonra Tirolun bütün ərazisində karantin elan edilib.
Tirolun təhlükəli olduğu barədə Berlindəki Robert Kox institutunun infeksiya xəstəlikləri şöbəsinin əməkdaşları da xəbərdarlıq ediblər. Alimlər buranı dünyada ən təhlükəli 10 ərazi siyahısına salıblar.
“Gilan Holding” korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tibbi-profilaktik və preventiv tədbirlərə öz töhfəsini verib.
“Qafqazinfo”nun məlumatına görə, 1987-ci ildən fəaliyyət göstərən və Azərbaycanın ən iri şirkətlərindən olan “Gilan Holding” şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilmişdir.
Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilmişdir. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərir. Karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərin tətbiq olunmasının ölkədə işgüzar fəallığı zəifləyib. İqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərib. Buna baxmayaraq, “Gilan Holding” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır. Şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verir. Yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.