Qeyd edək ki, jurnalı onlayn formada http://bit.ly/35Qn8qu keçidindən istifadə edərək pulsuz əldə etmək mümkündür.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası bu il üzrə planlarını açıqlayıb
Yanvarın 14-də Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) “2019-cu il üzrə hesabat və 2020-cu il üzrə planlar” mövzusunda toplantısı keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ATBA-nın 2019-cu ildə fəaliyyət istiqamətləri üzrə gördüyü işlərdən, eləcə də Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasına (WFTGA) tamhüquqlu üzv olaraq qəbul edilmənin üstünlüklərindən danışılıb.
Tədbir çərçivəsində turizm bələdçilərinin peşə keyfiyyətlərinin təkmilləşdirilməsi üçün attestasiya prosesinin təqdimatı baş tutub. Həmçinin Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və muzeylərə ödənişsiz giriş üçün respublika üzrə bələdçilərin qeydiyyatının II çağırışı elan edilib.
Bu il üzrə fəaliyyət planı çərçivəsində assosiasiya tərəfindən müxtəlif istiqamət və səviyyələrdə həyata keçiriləcək təlimlər və onların əhatə edəcəyi mövzular açıqlanıb. Bundan əlavə, turizm bələdçisi sənayesinin hüquqi tənzimlənməsi mexanizmi barədə təqdimatla çıxış edilib.
Sonda ATBA tərəfindən keçirilən təlimlərdə iştirak edən bələdçilər sertifikat və şəhadətnamələrlə təltif ediliblər.
Ötən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər
Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.
Prezident bildirib ki, ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib: “Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır.
Beləliklə, əlbəttə ki, 2019-cu ildə əldə edilmiş uğurlar haqqında saatlarla danışmaq olar. Mən, sadəcə olaraq, Azərbaycan vətəndaşlarına əsas hesab etdiyim məsələləri çatdırdım. Bir daha demək istəyirəm ki, biz 2020-ci ildə bu uğurlar yolu ilə gedəcəyik. Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır”.
Serbiya portalında Azərbaycanın turizm potensialı barədə məqalə dərc olunub
Serbiyanın www.pressserbia.com portalında Azərbaycanın turizm potensialı barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın tarixi, Bakı və onun arxitekturası, Neft Daşları və turistlərə maraqlı olacaq digər yerlər barədə məlumat verilir. Bildirilir ki, özündə Şərqi və Qərbi birləşdirən Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, hər il yüz minlərlə turist qəbul edir. Bunun üçün şəhərdə hər turistə uyğun müxtəlif kateqoriyalı otel və qonaq evləri, habelə restoran və kafelər fəaliyyət göstərir. Ümumilikdə, ölkəyə ildə ortalama 3 milyon turist gəlir.
Məqalədə qeyd olunur ki, ölkədə 7500-dən çox qədim abidə, arxeoloji və tarixi yerlər var. Bunların sırasında Atəşgah, Qobustan qayaları, Yanardağ, Gəncə, Lənkəran və digər rayonlardakı arxeoloji məskənlərin adları çəkilir.
Albaniyanın 9 gəzməli-görməli məkanı
Albaniya Avropanın ən xudmani guşəsində – Balkan yarımadasında, isti İon dənizinin və Adriatik dənizin sahillərində yerləşir. Ona qonşu olan ölkələr – Yunanıstan və Monteneqro turislər arasında daha populyardır. Bununla belə, Albaniya istirahət üçün ən cəlbedici yer şöhrətini tədricən onların əlindən alır. Albaniyada istirahətin əsas üstünlüklərindən biri burada qiymətlərin münasib olmasıdır. Turistlərin axını hələlik bu ölkəni korlamayıb, məhsullar və mənzil kirayəsi çox ucuzdur. Albaniyada gəzməli-görməli, istirahət etməli yerlər çoxdur: təmiz çimərliklər, mənzərəli kanyonlar, bakirə təbiət, tarixi yerlər adama “gəl-gəl” deyir. Servis yetərincə yüksəkdir. Avropa səviyyəsindədir desək, yanılmarıq. Yerli sakinlər çox qonaqpərvərdir, səyyahlara mehriban münasibət bəsləyirlər.
Albaniyada, ilk növbədə, yerli mətbəxlə tanış olmaq lazımdır. Yerli təamlar çox dadlıdır və turistlərin xoşuna gəlir. Paytaxt Tirana ilə bərabər, Berat, Poqradets və Saranda şəhərlərinə getməyi məsləhət görürük, çünki baxılası yerlər həmin şəhərlərdə də çoxdur.
Albaniya ərazisinin kiçik olması əslində bu ölkənin üstünlüklərindən biridir. Axı onun bütün gözəllikləri ilə cəmi bir səfər ərzində tanış olmaq mümkündür.
AZƏRTAC “Top10.travel”ə istinadla Albaniyanın ən maraqlı və gözəl görməli məkanlarını oxuculara təqdim edir.
1.Berat şəhərində Milli Etnoqrafiya Muzeyi
Berat şəhərində muzey nisbətən yaxın keçmişdə -1979-cu ildə açılıb. Ənənəvi Berat memarlığı üslubunda inşa edilmiş binanın özü də, onun tam mənası ilə içinə quraşdırılmış qeyri-adi daşınmaz mebeli də diqqəti dərhal cəlb edir. Milli Etnoqrafiya Muzeyi yerli sakinlərin məişəti, onların ənənələri və sənət növləri, o cümlədən zeytun yağının istehsalı prosesi ilə tanış olmağa imkan verir. Muzeyin kolleksiyasında mindən çox eksponat var.
2.Skanderbeq meydanı
Əgər Tirana Albaniyanın əsas şəhəridirsə, Skanderbeq meydanı onun döyünən qəlbi – əsas binaların və görməli yerlərin yerləşdiyi mərkəz hissəsidir. Ətrafda Hacı Ethem Bey məscidi, Tirana Milli Tarix Muzeyi və 1822-ci ildə inşa edilmiş Saat-Kuda saat qülləsi kimi maraqlı tikililər yerləşir. İtalyan klassisizmi üslubunda yaradılmış Skanderbeq meydanını ölçülərinə görə Qızıl meydanla müqayisə etmək olar.
3.Tirana Milli Tarix Muzeyi
Əsası 1981-ci ildə qoyulmuş bu muzey, qeyd etdiyimiz kimi, Skanderbeq meydanında yerləşir. Albaniyanın ən böyük muzeyinin beş min eksponatdan çox kolleksiyası var. Muzeydə, ilk növbədə, Paleolit dövrünün eksponatlarının toplandığı Qədim dövrlər pavilyonu ilə tanış olmağı məsləhət görürük. Burada Orta əsrlər pavilyonu, habelə antifaşizm, müstəqillik və etnoqrafiya bölmələri var. Bütün eksponatlar turistlər üçün çox rahat yerləşdirilib. Bu da Albaniya tarixinin bütün mərhələləri ilə tanış olmağa imkan verir.
4. Skadar gölü
Eyni zamanda, həm Monteneqro, həm də Albaniya ərazilərində yerləşən Skadar gölü Balkan yarımadasının ən iri gölüdür. Bu göl turistləri mənzərəli sahilləri, zəngin flora və faunası, tərtəmiz suyu və dövlət tərəfindən mühafizə olunan, insan əli dəyməmiş təbiət əraziləri ilə cəlb edir. Skadar gölündə gəmiçilik yaxşı inkişaf edib. Buna görə də göldə səyahətə gəmi ilə çıxmaq məsləhət görülür.
5.Ksamil kurortu
Ksamil Albaniyanın ən məşhur kurortudur. Dumduru suyu və qeyri-adi çimərliyi ilə turistləri heyran qoyur. Əvvəlcə adama elə gəlir ki, çimərliyin qumu adi, lakin bəmbəyaz və çox iridir. Lakin diqqətlə baxanda görürsən ki, ayağının altındakı qum deyil, ovuntu şəklində daşlardır. Saranda şəhərinin yaxınlığında yehrləşən Ksamil kurortunun suyu eynən hovuzda olduğu kimi inanılmaz mavi rəngdədir. Bundan əlavə, burada bir neçə kimsəsiz adacıq var. Bu adalara üzə-üzə getmək olar.
6.Berat qəsri
Tirananın 123 kilometrliyində yerləşən Berat şəhərini muzey-şəhər adlandırırlar. Berat həqiqətən qədim memarlığa və tarixə malik əsl muzeydir. Düz mərkəzdə – yüksəklikdə yerləşən Berat qəsri şəhərin ən tanınmış yerlərindən biridir. Hələ XIII əsrdə inşa edilmiş içqala bütün şəhər və çayın məcrası üzərində ucalır. Qaladan ətrafa heyrətamiz mənzərələr açılır, içində isə tarixi artefaktlar kolleksiyası yerləşir.
7.Rozafa qalası
Rozafa qalası Şkoder şəhərinin yaxınlığında, qayalı təpəlikdəki mənzərəli yerdə, Drin və Boyan çaylarının əhatəsində yerləşir. Alimlər hesab edirlər ki, qalanı hələ eramızdan əvvəl III əsrdə inşa etməyə başlayıblar. Qala romalıların işğalının, osmanlıların mühasirəsinin, monteneqrolularla müharibənin şahidi olub. Turistləri, ilk növbədə, mənzərəli və qədim yerlər, bu yerlərin maraqlı tarixi cəlb edir, hərçənd qalanın özü bizim günlərə olduğu şəkildə gəlib çıxmayıb. Salamat qalmış binaların birində muzey yaradılıb.
8. “Mavi göz” karst bulağı
Albaniyanın cənubunda yerləşən bu bulağı çox sadə səbəbə – çox dolğun mavi rənginə görə belə adlandırıblar. “Mavi göz” bulağı hazırda milli parkın bir hissəsidir və dövlət tərəfindən qorunur. Bulağa getmək üçün bir neçə kilometr piyada yol qət etmək lazımdır. “Mavi göz” bəzən turistləri dərinliyinin tədqiq edilməməsi ilə qorxudur. Gölün dibi sözün həqiqi mənasında görünmür. Burada çimmək məsləhət görülmür. Gölün suyu buz kimi soyuqdur və hətta isti yay günlərində də 13 dərəcədən çox qızmır.
9.Butrunti Arxeoloji Muzey Qoruğu
Bu muzey-qoruq Albaniyanın cənubunda, Saranda şəhərinin, Yunanıstan sərhədinin yaxınlığında yerləşir. Qazıntı yerləri və orta əsrlərə aid Venesiya üslubunda qalası ilə məşhurdur. Arxeoloqlar Butrunti ərazisində akropolun divarlarını, eramızdan əvvəl III əsrə aid teatrı, habelə bir çox yaşayış və ictimai tikililərin qalıqlarını, o cümlədən mozaikalı termaları qazıb çıxara biliblər. Butrundi muzeyinə çimərliklərə gedərkən yolüstü baş çəkmək olar. Muzey sahilin iki kilometrliyində yerləşir.
Yer kürəsinin ən qeyri-adi yerləri
Dünyada əcaib, müəmmalı, bəzən isə qorxulu yerlər çoxdur. AZƏRTAC “basetop.ru”ya istinadla oxucuları Yer kürəsinin ən qeyri-adi yerləri ilə tanış edir. Onların bəziləri təbiətin şıltaqlığının nəticəsi, bəziləri isə insan əməyinin bəhrəsidir.
20. Xallı göl, Britaniya Kolumbiyası, Kanada
Yayda Xallı gölün sularının bir hissəsi buxarlanır. Nəticədə minerallardan ibarət rəngbərəng kiçik ləkələr əmələ gəlir və bu ləkələrin üzərində hətta gəzmək olur.
19. Salar-de-Uyuni şoranlığı, Boliviya
Salar-de-Uyuni dünyanın ən böyük “duz qazanıdır”. Qurumuş duzlu gölün səthinə nazik su təbəqəsi çıxanda, o, dünyada ən böyük təbii güzgüyə çevrilir.
18. Natron gölü, Tanzaniya
Dünyanın ən qəribə yerlərini axtarırsınız? Bəs bu qorxulu göl barədə nə düşünürsünüz? Burada tələf olan heyvanlar susuzlaşma nəticəsində heykələ çevrilir. Göldə natrium bikarbonatın miqdarı çox olduğuna görə bura düşən bütün orqanizmlər mumiyaya çevrilir.
17. Rakotsbrüke körpüsü, Almaniya
Planetimizin ən qəribə yerlərinin reytinqində növbəti yeri Almaniyada, Polşa ilə sərhədin 6 kilometrliyində, Kromlau parkının mərkəzində yerləşən Rakotsbrüke körpüsü tutur. Unikal dəqiq konstruksiyası ilə şöhrət qazanmış bu körpü bazaltdan inşa edilib. Müşahidə bucağından asılı olmayaraq, körpünün özü və onun əksi birləşərək ideal dairə əmələ gətirir.
16. Nəhənglər cığırı, Şimali İrlandiya
Altmış milyon il əvvəl püskürmüş vulkan öz təkindən ətrafa ərimiş bazalt kütləsi atıb, sonra bu kütlə bərkiyib və həcmcə kiçilib. Kütlə soyuduqca onda çatlar əmələ gəlib. Həmin çatlar bu gün də görünür. UNESKO-nun Dünya İrsi siyahısına daxil olan bu obyektdə təqribən 37 min ideal həndəsi formalı çoxbucaqlı sütun var.
15. Ölü Vley, Namibiya
Pas rəngli nəhəng qum təpələri ilə əhatə olunmuş susuz oazisdə günəş şüalarına qərq olmuş ölü meşə əsl sürrealist mənzərəyə bənzəyir. Susuzluq nəticəsində ağacların kökləri azacıq rütubət axtarışında sürünərək düz qumun üzərinə çıxır və sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə aparır.
14. Yaşıl göl, Avstriya
Alp dağlarında dəniz səviyyəsindən 776 metr yüksəklikdə füsunkar məkan var. Onun ortasında kiçik göl yerləşir. Aprel ayında bu yerlər əməlli-başlı dəyişir. Dağların yamaclarından gurultu ilə axan sular dərəyə dolur. Ətrafdakı hər şey – skamyalar, çiçək ləkləri, körpülər, çəmənliklər, ağac və kolluqlar suyun altında qalır. Dərinliyi 2-20 metr olan həqiqi sualtı park yaranır. Nə etməli, axı dayverlər də haradasa istirahət etməlidirlər.
13. Pamukkale, Türkiyə
Türkiyənin cənub-qərbində UNESKO-nun Dünya İrsi siyahısına daxil gözəl obyekt – Pamukkale yerləşir. Pamukkale bir vaxtlar möhtəşəm olmuş qədim şəhərin – İyerapolisin xarabalıqları ilə əhatə olunub. Təbii bulaqların əmələ gətirdiyi kalsium bikarbonatla zəngin gur şəlalələr ağappaq travertin terraslardan üzüaşağı axır, dünyada analoqu olmayan bəyaz səthli termal su hövzələri əmələ gətirir.
12. Sevgi tuneli, Ukrayna
Ukraynanın sənaye dəmir yolunun Klevan qəsəbəsi yanından keçən məntəqəsində ağac və kolların bir-birinə dolaşmış budaqlarının əmələ gətiridiyi yaşıl tunel var. Adama elə gəlir ki, bu tunel hansısa gözəl nağıl üçün dekorasiyadır.
11. Hillier gölü, Qərbi Avstraliya
Göl bütün ilboyu tünd çəhrayı rəngdə olur. Bəzi alimlərin fikrincə, bu, gölün suyunun yüksək duzluluğu və burada “Dunaliella salina”, çəhrayı rəngli qalobakteriyalar kimi duzlu yosun növlərinin olması ilə bağlıdır.
10. Mansellanın dəniz istehkamları, İngiltərə
Temza və Mersi çaylarının sularında İkinci Dünya müharibəsi dövründə almanların hava hücumlarından müdafiə olunmaq üçün inşa edilmiş dəniz istehkamlarının dirəklər üzərində qalırları qalır.
Müharibədən sonra istehkamlar piratlıqla məşğul olan bir qrup radiooperatorun sevimli məkanına çevrilib. 1967-ci ildə istefada olan polkovnik Peddi Roy Beyts onları oradan qovub. O, istehkamlardan birini – Rafs-Taueri ələ keçirərək Silend Knyazlığı adlanan müstəqil dövlət yaratdığını elan edib. Bu addımının uşaq oyununa oxşamaması üçün özünə I Roy Beyts adını götürüb, konstitusiya işləyib hazırlayıb və Silendin milli rəmzlərini düşünüb. O, ailəsini və dostlarını bu platformaya gətirib. Sonra “qondarma lemurlar kralının”, yəni yeni knyazın Britaniya hökuməti ilə məhkəmə prosesi başlayıb. Məhkəmənin qərarı Britaniya hökumətinin xeyrinə olmayıb.
Silend Knyazlığı 2006-cı ilə qədər mövcud olub. Sonra generatorda qısa qapanma səbəbindən baş vermiş yanğında məhv olub. Knyazlığın bərpası külli miqdarda vəsait tələb etdiyinə görə onun sahibi miniatür dövlətini satışa çıxarmaq qərarına gəlib.
9. Yeddi nəhəng, Rusiya
Planetimizin ən qeyri-adi yerlərindən biri də Sibirdədir. Bu yer “Yeddi nəhəng”, yaxud Mansı müqəvvaları adı ilə məşhurdur.
30-42 metr hündürlüyündə nəhəng daş sütunlar Uraldan qərbdə – Manpupunyor dağında yerləşir. Bu müqəvvalar insan tərəfindən yaradılmayıb, uzun əsrlər ərzində buz və qardan formalaşıb.
8. Montiçello bəndi, Kaliforniya
Məlumdur ki, göllərdə suyu “canına çəkən” nəhəng “nov” olmur. Amma Beriyes adlanan süni göl istisna təşkil edir
Güclü yağışlar nəticəsində suyun təzyiqi artanda gölün səthində fantastik gözəl, qeyri-adi çökək əmələ gəlir. Amma bu çökək nə qədər gözəl olsa da, çətin ki, ora düşmək istəyən adam tapılsın.
“Şöhrət çuxuru” adlanan unikal suaşırma konstruksiyası bir saniyədə 1370 kubmetrə bərabər artıq suyu buraxmağa imkan verir. Novun dərinliyi 21 metrdir.
7. Ra Poletta mağaraları, Nyu-Meksiko
1990-cı ildə Ra Polett adlı bir nəfər bel və külüng götürərək Nyu-Meksiko səhrasına yollanıb ki, burada şəklini asanlıqla dəyişən qum dağlarından xarüqaladə mağaralar yaratsın. Onun əllə qazdığı mağaralar əcaib naxışlarla bəzədilmiş yeraltı qalerayalardan ibarətdir. Bu naxışlar Ra Polettin ağlına elə iş prosesində gəlir.
6. Qan şəlaləsi, Antarktika
“Bu buzlaqdan qan damır?” Rossa şelf buzlağından şərqdə yerləşən Teylor buzlağına baxanda belə bir tamamilə ağlabatan sual yaranır. Buzlaqdan axan maye onu qırmızı rəngə boyayır. Bu hadisənin məntiqli izahı var. Qırmızı maddə milyonlarla il ərzində buzlağın altında toplaşan mikroblarla dolu yüksəkduzlu sudan ibarətdir. Su səthə yaxınlaşdıqca oksigenlə zənginləşir, nəticədə Yer kürəsinin 20 ən müəmmalı yeri siyasında yer almağa layiq olan pas rəngində şəlalə yaranır.
5. Şən məzarlıq, Rumıniya
İnsanların çoxu üçün ölüm dəhşətli və kədərli hadisədir. Lakin bəziləri hesab edirlər ki, dünyasını dəyişən insanları ağlayaraq deyil, təbəssümlə xatırlamaq lazımdır.
Rumıniyanın Sepıntsa kəndində yerləşən məzarlıq ölümə qeyri-standart yanaşma nümunəsidir. Müxtəlif rəngdə olan başdaşıların hər birində altında basdırılmış insanın həyatından məzəli lətifə yazılıb. Ovqatı yüksəldən illüstrasiya ilə müşayiət olunan lətifələrdə çox vaxt ölənin vəfatının təfərrüatı verilir. Başdaşılarındakı yazılar və onların parlaq rəngləri bu məzarlığı dünyanın qəribə yerlərindən birinə çevirir.
4. Badab-e-Surt, İran
Şimali İranda yerləşən, min illər boyu dəniz səviyyəsindən 1840 metr yüksəklikdə formalaşmış travertin terraslar inanılmaz gözəl təbiət obyektidir. Travertin axar suda kalsium çöküntüsündən əmələ gəlmiş əhəngdaşı növüdür. Terrasların qeyri-adi qırmızımtıl rəngini bulaqların birində dəmir oksidinin miqdarının çox olması ilə izah etmək olar.
3. Naska xətləri, Peru
Peruda Naska yaylasına həkk edilmiş heyvan fiqurları və həndəsi naxışlar Cənubi Amerikanın ən böyük sirlərindən biridir. Onları kim və nə üçün yaradıb? Alimlərin cavabı yoxdur, yalnız müəyyən təxminlər var.
Təsvirlər yalnız səmadan və yaxınlıqdakı müşahidə qülləsindən aydın görünür. Bəzilərinin uzunluğu 200 metrə çatan geoqliflərin hər birinin konturu arasıkəsilmədən yeganə xətlə çəkilib.
2. Sokotra adası, Yəmən
Altı milyon ildən çox əvvəl Afrikanın materik hissəsindən qopmuş bu ada elmi-fantastik filmin dekorasiyasına bənzəyir. Sokotranın bioloji müxtəlifliyinin inanılmazlığı və unikallığı bundadır ki, dünyanın heç bir yerində təsadüf olunmayan bitkilər və ağaclar bu adada bitir. Budaqları bir-birinə sarılmış “Əjdaha qanı” ağacı, habelə “Göbələk ağac” xüsusilə qəribə təəssürat yaradır.
1. Pişiklər adası, Yaponiya
Bəzən zarafatla deyirlər ki, dünyanı əslində pişiklər idarə edir. Bu, bir zarafatdır, amma “hər zarafatın bir ucu həqiqətdir” deyirlər. Çünki Yaponiya adalarından birini həqiqətən pişiklər “ələ keçirib”.
Bunun üçün Yaponiyanın şərq sahilində bərəyə oturub Tasiro adasına getməlisiniz. Təqribən 100 sakini olan bu adada pişik əlindən tərpənmək olmur.
Məsələ bundadır ki, yerli sakinlər ipəkçiliklə məşğul olurlar. Baramanın təbii düşməni isə siçanlardır. Odur ki, adada pişik saxlamaq həmişə təşviq edilib. Təbii ki, itlər bu adaya buraxılmır.
Böyük Misir Muzeyi ildə 5 milyon ziyarətçi cəlb edəcək
Misirin Nazirlər Kabineti ildə 5 milyon ziyarətçi qəbul edəcək Böyük Misir Muzeyinin infoqrafik məlumatını dərc edib. “Traveler Conde Nast” və “Architectural Digest” nəşrlərində göstərilir. Dünyanın bu ən böyük arxeologiya muzeyində bütöv bir sivilizasiyaya həsr edilmiş 49 603 artefakt nümayiş etdiriləcək.
AZƏRTAC MENA informasiya agentliyinə istinadla xəbər verir ki, muzeydə işlərin 90 faizi başa çatdırılıb. Onun bu ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir. İnfoqrafik məlumatda qeyd olunub ki, Böyük Misir Muzeyi ilə yanaşı, İskəndəriyyə şəhərindəki Baron Palasda, Yəhudi Məbədində (Eliyahu Hanbi), Luksorda və Giza piramidalarında da bərpa işləri yekunlaşmaq üzrədir.
Misirin Qədim Abidələr Nazirliyinin məlumatında bildirilir ki, 2019-cu ildə 25 arxeologiya layihəsinin, o cümlədən Fayumdakı Mortar piramidasının bərpasının inauqurasiyası keçirilib. Müqəddəs Yekaterina monastırında bərpa işlərinin birinci fazası başa çatdırılıb. Bundan başqa, “Business Insider” nəşrinə görə, Luksorda 30 tabutun olduğu Assassif yeraltı anbarının tapılması ötən ilin ən mühüm elmi kəşflərindən biri olub. Digər əhəmiyyətli tapıntı Misir fironlarının beşinci sülaləsinin Saqqara yaşayış məskənində aşkar edilmiş sərdabası olub. ABŞ-ın “Archeology” jurnalı bu sərdabanı 2019-cu ilin 10 ən yaxşı arxeoloji kəşflərindən biri hesab edib. “Live Science” nəşri isə Luksorda yerləşən Krallar Vadisində aşkar edilən qədim dəfn mərasimləri alətlərini ötən ilin ən yaxşı tapıntısı elan edib.
Qeyd olunub ki, muzeydə müxtəlif xarici ölkələrdən geri alınmış 23 qədim abidə də yerləşdirilib. Muzeyin girişində isə Misirin ən görkəmli fironlarından biri II Ramzesin abidəsi qoyulub.
Tarixi xəcalətə salan “usta”ların ölkəsi: abidəni turistə göstərməyə üz qalmır
“Adını restavrasiya qoyub, abidənin tarixini siliblər. Mən qonağı oraya necə aparım? Qala sanki yaxın zamanlarda tikilib”
Restavrasiya köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və s.-nin ilkin formasına uyğun olaraq yenilənməsi deməkdir. Başqa sözlə, restavrasiya – köhnə, tarixi, hər hansı hadisəyə şahid olmuş əsərin, əslinə uyğun olaraq, elə özünün materialı və inşa texnikası ilə ən az dərəcədə müdaxiləyə məruz qoyaraq yenilənməsidir.
Tariximiz nəzarətsiz qalıb – Buradakı eksponatları asanlıqla oğurlamaq mümkündür.
Ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrimizin restavrasiyası üçün müəyyən məbləğdə pul ayrılır. 2000-ci illərdən bu yana Azərbaycanda 60-a yaxın abidə restavrasiya olunub. Xub, bəs görəsən, ölkəmizdə restavrasiya olunmuş abidələrimiz yuxarıda sadalanan tələblərə cavab verirmi?
Azərbaycan Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə birlikdə restavrasiya olunmuş abidələrimizə qiyabi səyahət etdi. Səyahətə Qax rayonunun İlisu kəndində yerləşən, bir növ İlisunun simvolu olan Sumuq qala ilə başladıq. XVIII əsrə adi olan qalada Azərbaycanda, eləcə də keçmiş Sovet respublikalarında məşhur olan, Yuli Qusmanın rejissorluğu ilə çəkilən “Qorxma, mən səninləyəm” filmi çəkilib. Bu gün filmdə gördüyümüz o abidədən əsər-əlamət qalmayıb desək, yanılmarıq.
Elə həmsöhbətimiz də bu məsələni ürək ağrısı ilə danışdı:
“Yayda Türkiyədən qonağım gəlmişdi. İlisuya heyran qaldı. Oranın təbiətinə, orada yerləşən abidələrə… Baxmayaraq ki, həmin abidələrin çoxu bu dəqiqə baxımsız durumdadır. Amma mən onu İlisunun rəmzi sayılan Sumuq qalaya apara bilmədim, utandım, bir növ xəcalət çəkdim. Bu gün o abidəyə baxa bilmirəm. Adını restavrasiya qoyub, abidənin tarixini siliblər. Mən qonağı oraya necə aparım? Qala sanki yaxın zamanlarda tikilib”.
Tarixçi abidələrimizə qənim kəsilənlərə qarşı kəskin iradını bildirdi: “Xarici ölkələrdən qonaqlarım gəlir. Mən o insanlar üçün bələdçilik edib, onları tarixi abidələrimizlə tanış edirəm. Amma heç vaxt Sumuq qalaya aparmıram. Qala restavrasiya olunmuş halı ilə mənim üçün yad bir tikili olub.
Turizm cənnətini cəhənnəmə çevirənlər – niyə ancaq cəriməyə reaksiya veririk? Mən onun əvəzinə uçulub-tökülmüş, baxımsız abidələrimizə aparıram. Həmin abidələrə gedəndə sanki o tikilinin ruhunu duyuram. O abidə dağılmış olsa da, o, özüdür. Bunun səbəbi odur ki, restavrasiya işini tarixi anlamayan, bu işə yad olan insanlar həyata keçiriblər. Bu, mütəxəssislərə həvalə olunmalı idi. Kiminsə dostuna, tanışına, qohumuna tapşırılmamalı idi. Çox xahiş edirəm, abidə olduğu kimi qalsın, nəinki Sumuq qala halına salınsın”.
Onun sözlərinə görə, restavrasiya güdazına gedənlər sırasına Naxçıvanda yerləşən Əlincə qalasını, paytaxt Bakıda və digər bölgələrimizdə yerləşən bir çox abidələri də daxil etmək olar. “Necə düşünürsünüz, bunun qarşısını necə ala bilərik?” sualına tarixçinin cavabı belə oldu: “Biz bir vətəndaş mövqeyi ortaya qoymalıyıq. KİV, tarixçilər və vətənini sevən insanlar bu işdə həmrəy olmalıyıq ki, bu işə yad olan insanlar cəlb olunmasınlar. Başda dövlət və Mədəniyyət Nazirliyi bu məsələdə son dərəcədə diqqətli olmalıdır. Əks halda, digər abidələrimiz də restavrasiyanın qurbanına çevriləcək”.
“Balakəndə V əsrdə tikilmiş Qafqazın ən böyük səddi olan 120 km uzunluqdakı abidənin bərpası ilə bağlı Mədəniyyət naziri ilə 2 dəfə görüşdüm. Memarlar gəlib, abidəyə baxış keçirdilər. Amma restavrasiya məsələsi üç ildir dayanıb. Heç bir metr yeri də restavrasiya olunmadı. Mən belə başa düşürəm ki, həmin abidəyə də tarixdən anlayışı olmayanları göndərəcəklər, əgər elə bərpa olunacaqsa, heç olmasın. Heç olmasa, olduğu kimi qalsın”, – deyə tarixçi əlavə edib.
“Tarixi abidələrimizi qorumaqla həm də ölkəmizdə turizm sektorunu inkişaf etdirmiş olarıq, – deyən alim qonşu Gürcüstanın praktikasından istifadə etməyə çağırdı. – Çox uzağa getməyək, baxaq qonşu Gürcüstana, oranın praktikası bəs edər. Paytaxt Tbilisiyə baxaq, bütün abidələr qorunub-saxlanıb. Turizm sektorundan milyonlarla gəlir əldə edən ölkələrin vətəndaşları ölkələrinə turistləri cəlb etmək üçün tarixi abidələrindən istifadə edirlər. Bu, həm də ölkənin tarixinin tanınmasına rəvac verər. Dünyanın inkişaf etmiş ölkələri öz abidələri hesabına milyonlar qazanır. Biz isə abidələrimizlə tanış etməyə belə xəcalət çəkirik. Laqundalanmış, fakturasını itirmiş, tarixi itmiş abidəyə gələn turisti necə aparasan?”
Pul göydən töküləcək, yaxud “hava azadlığı”ndan necə yararlanmalı
“Azərbaycana uçuş gerçəkləşdirmək istəyən yeni aviaşirkətlər birinci ildə ölkənin hava limanlarının xidmətlərinə görə ödənişlərdən azad ediləcəklər. Növbəti ildə bu endirimlər tədricən azalacaq. Artıq belə bir qərar var” – Əhməd Qurbanov
Son illər Azərbaycana bir neçə istiqamətdən – Rusiyanın Soçi, Hindistanın ən böyük şəhəri olan Dehli, Misirin Şarm əl-Şeyx, İsveçrənin Cenevrə, Gürcüstanın Batumi şəhərindən – aviareyslər açıldı.
Ötən ilin sonunda Rusiyanın 9 şəhərindən Bakıya müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsinə dair razılıq əldə edilib. “Pegas Fly” həftədə iki dəfə Yekaterinburq, Kazan, Krasnodar, Mineralnıye Vodı, Orenburq, Perm, Rostov, Samara və Ufadan Azərbaycan paytaxtına uçuşları həyata keçirəcək. Artıq Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı da planlaşdırılır.
Bundan başqa, artıq Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq. Məlumata görə, 2020-ci ilin yanvarın 1-dən etibarən sözügedən “hava azadlığı” qrupları ölkəmizin hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.
Hava məkanının azadlığı ilk növbədə səyahətlərə təkan verir. Yəni bu hadisənin turist axınını artıracaq. Yeni gəlirlər gətirəcəyini gözləmək normaldır. Üstəlik, burada adi vətəndaş üçün maraqlı olan bir məqam da var – təyyarə biletinin qiymətləridir.
Bu və turizmlə bağlı digər məsələləri Sputnik Azərbaycan-a Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov şərh edib: “Bəzi ölkələrdən Azərbaycana birbaşa uçuşların olmaması turistlərin ölkəmizə gəlməsində müəyyən çətinlik yaradırdı. Lakin yeni qərar bütün bu maneələri aradan qaldırır. Səmanın açılması həm ölkəmizə gələn, həm də ölkəmizdən gedənlər üçün münbit şərait yaradacaq. Bu baxımdan düşünürəm ki, 2020-ci il Azərbaycan turizmi üçün sıçrayış ili olacaq”.
“Aviaşirkətlərin rahatlıqla bizim hava limanımızda eniş edərək yenidən uçuşları həyata keçirməsi AZAL-ın qiymətlərinə təsir edəcək. Çünki aşağı büdcəli şirkətlərin də ölkəmizə daxil olması AZAL-ın qiymətlərində də enmələrin ola biləcəyini proqnozlaşdırmağa əsas verir”, – deyə o əlavə edib.