Ev Blog Səhifə 93

“Hədəfimiz 4 milyonuncu qonağımızı qəbul etməkdir”

0
Kənan Quluzadə

Azərbaycana 200 mindən çox avropalı gəlib.

“Azərbaycana gələn turistlər əsasən Rusiya, İran, Turkiyə, Gürcüstan vətəndaşlarıdır. Azərbaycana 200 mindən çox avropalı gəlib”.

Bunu Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə “Real İntervyu” verilində bildirib.

“Yaxın şərq bazarını qeyd edə bilərəm, gələn turistlərin sayı çoxdur. Qazaxıstan, Pakistan, Hindistandan gələn turistlərin sayında artım olub. Çindən 63 faizdən çox artım olub. Azərbaycan turizminin potensialı çoxdur. Bunun üçün infastruktur hazırlanmalıdır. Bizim ölkədən də daha çox qonşu ölkələrə, İran. Rusiya, Turkiyə, Gurcustana gedirlər. Azərbaycan vətəndaşları xaricdə dincəlməyə meyillidirlər. Daxili turizm də son illərdə inkişaf edir. Son bir həftə, bayramdan sonra üçün, bayram ərəfəsi 80 faiz dən çox yerlər tutulub. Orada əksəriyyət Azərbaycan vətəndaşlarıdır. Marketinq, yeni məhsulların yaradılması, infastruktur məsələləridir, biznes strukturlarıdır ki, turistlərin cəlb ediməsində rol oynayır. Hansısa insan ölkəyə gələndə 35 nəfər ona xidmət göstərir. Bu bir təcrübədir. Turistin geriyə dönməsi həmin 35 insandan çox asılıdır”, deyə Kənan Quluzadə bildirib.

Gürcüstan Şərqi Avropanın ən demokratik və ən pro-amerikan ölkələrindən biridir – “Washington Times”

0
Washington Times

“Gürcüstan dəvamlı olaraq, Rusiya aqressiyası ilə qarşı-qarşıya qalır və eyni zamanda, demokratik institutlarını və iqtisadiyyatını gücləndirməyə çalışır”. Muxalifet.az xəbər verir ki, bu barədə “Washington Times” tərəfindən yayılan “Gürcüstan yol kəsişməsində” adlı analitik məqalədə qeyd olunub. Məqalənin müəllifi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini və ABŞ-ın Bəhreyndəki sabiq səfiri Adam Erelidir. Müəllifin sözlərinə görə, 2012-ci ildə Gürcüstanda ədalətli seçkilər vasitəsi ilə iqtidar sülh yolu ilə təhvil verildi və o vaxtdan sonra Gürcüstanda ədalətli seçkilər keçirilir. Məqaləyə əsasən, Gürcüstan medya azadlığı, qanunun aliliyi və şəffaflığın bütün parametrləri ilə yüksək dəyərləndirmələr alır. “Bir çox Avropa ölkələrindən fərqli olaraq, Gürcüstan əhalisinin 90 faizi Amerikanı dost hesab edir. 70 faizi NATO və Avropa İttifaqına inteqrasiyanı dəstəkləyir. Əfqanistandaki koalisiya partnyorlarımızdan isə ən çox itkilər Gürcüstanın oldu, ancaq gürcü liderləri irəliyə doğru yoluna davam edirlər” – deyə məqalədə bildirilib. Washington Times yazır ki, əhalinin Avropaya inteqrasiyanı dəstəkləməsinə rəğmən, Gürcüstanın Avro-atlantik strukturlarına tamamilə inteqrasiya edilməsi hələdə sual altındadır. Məqalənin müəllifi Fransa prezidentinin bəyanatını xatırladır və qeyd edir ki, Avropa İttifaqı genişlənmək istəmir. Sözügedən yazıda oda qeyd olunur ki, rus əsgərləri və Rusiyanın marionetləri Gürcüstan ərazisinin 20 faizi işğal etməyə davam etsələr də, eyni zamanda, Rusiya turizminin Gürcüstana qatqısı 89 faizi təşkil edir. Müəyyən şəxslər Gürcüstanın demokratik insitutların inkişafına mane olmağa çalışırlar və Rusiyanın Gürcüstanın daxili siyasətinə qarışması üçün imkan yaradırlar. Əhəmiyyətlidir ki, bu şəxslər ABŞ Dövlət Departamentinin müraciətini nəzərə alsınlar və zorakılıq nümayiş etdirməkdən qaçsınlar. Gələcəyin planlarını qurarkən isə, gürcülər bir tək şeydən əmin ola bilərlər: ABŞ-ın daimi və güclü dəstəyindən” – deyə məqalədə bildirilib. Muxalifet.az

Bakıdakı çayxanalarda soyğunçuluq: “Sadə çay vermirik, 60 manatlıq dəstgahımız var” – AKTUAL

0
çay

Kafe və çayxanalardakı qiymətlərdən narazılıq bitmir. Məsələ, müştəriyə təklif olunan bir çaydan çayın bahalığında da deyil (hərçənd bu da üzərində düşünüləsi məsələdi – red.). Məsələ, müştəriyə zorla nəyinsə sırınmağındadı. Azərbaycan insanı bu cür möhtəkirliklərlə daim qarşılaşır.

Həmkarımız Gülşən Raufqızı paytaxtın “Nizami” küçəsindəki kafelərdən birində rastlaşdıqları hadisə barədə sosial şəbəkədə paylaşım edib:

“Bakı bulvarında çayxanlardakı soyğunçuluqla bağlı dəfələrlə yazılıb, aidiyyəti qurumlara müraciət edilib. Analoji halla dekabrın 23-də həmkar dostlarla birlikdə “Sizdə sadə çay verilirmi” sualını “Torqovı”da (“Nizami” küçəsi – red.) yerləşən “Dafne by Dalida” restoranının girişindəki əməkdaşına ünvanlayarkən biz də qarşılaşdıq. “Bəli” cavabından sonra restorana daxil olub əyləşdik.

Masaya yaxınlaşan ofisianta menyuda seçdiyimiz 15 manatlıq çaydan iki çaynik çay və 2 qəhvə sifarişinin əvəzində eşitdiyimiz “bizdə sadə çay seçə bilməzsiniz, yalnız 60 manatlıq çay dəstgahımız var” cavabına səssiz qala bilmədik. Onlara ərəb turist olmadığımızı xatırlatdıqda, “rəhbərlik belə qərar verib, bizlik deyil” cavabını eşitdik. Həmçinin, ona qapıdakı dialoqu xatırlatdıqda “biz sizə qapıda hörmətsizlik etmək istəmədik” söylədi. “Birdəfəlik çay paketi” ilə dəmlədiyi 2 çaynik çayı bizə 60 manata sırımağa cəhd edən “Dəfnə” restoranı bu azmış kimi, üstümüzə türkcə danışan daha bir ofisiant göndərdi. Ona buranın Azərbaycan olduğunu və bizim dildə danışmasının vacibliyini xatırlatdıqda, üzünü çevirib getdi. Deməli, bizi qapıdan qaytarmağa “qıymayan” ofisiantlar, yanımızdakı azyaşlı uşaqlarla birlikdə masadan qaldırmağı rəva bildilər…”

Qeyd edim ki, oxşar halla bir müddət öncə biz də “Elmlər Akademiyası”ndakı “Padişah” kafesində rastlaşmışdıq. Çay içmək üçün kafeyə daxil olduqda bizə “sadə çay verilmir. Satışda olan şirniyyatlardan da sifariş etməlisiniz” demişdilər və biz də oranı tərk etmişdik. Bə nə deməkdir, yəni? Kafe və çayxanalar “qayğı mıza” qalır və heç bir müştərini damağını şirin etməmiş buraxmaq istəmirlər; çayı mütləq tortla, şirniyyatla, mürəbbə ilə içməlisiniz. Başqa cür olmaz! Müştəriyə bu şəkildə təzyiq edilməsində, görəsən, hansı ölkənin təcrübəsindən istifadə edilir?

Eyyub Hüseynov: “İstehlakçı seçimində sərbəstdir. Heç kim, heç bir sahibkar, satıcı müştərini nəsə almağa məcbur edə bilməz”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında bildirdi ki, müştərinin sərbəst seçim hüququ var:

“Bütün dünyada qəbul olunmuş istehlakçı hüquqları var. İstehlakçı seçimində sərbəstdir. Heç kim, heç bir sahibkar, satıcı müştərini nəsə almağa məcbur edə bilməz. Satıcı nəyisə zorla satmamalıdır. Bu nə deməkdir ki, şirniyyat almasanız, çay yoxdur?! Belə anormal vəziyyət ancaq bizim şəhərdə mümkündür. Dünyanın heç bir ölkəsində belə qayda-qanun yoxdur ki, müştəri çay içmək istəyirsə, mütləq şirniyyat, tort, ya da konfet, mürəbbə də almalıdır. Əslində, bizdə də belə qanun yoxdur. Siz hər hansı ictimai iaşə obyektində belə bir qaydanın yazıldığını görə bilməzsiniz. Bu, mümkün deyil. Sadəcə, bizim bəzi sahibkarlar onlar üçün yaradılmış münbit şəraitdən sui-istifadə edirlər. Cənab Prezident sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti üçün hər cür imkanlar yaradıb. Sahibkarların hüquqları qorunur. Amma təəssüf ki, bəziləri bundan sui-istifadə edir. Və istehlakçının hüquqlarını pozurlar.

Kafe, restoran, əyləncə mərkəzi, şadlıq sarayı və s. bu kimi xidmət obyektləri müştəriyə yalnız menyü təqdim etməlidir. Orada bütün xidmət növlərinin dəyəri göstərilməlidir. Çayın fincanı neçəyədir, konfet, mürəbbə və yaxud şirniyyatların qiyməti neçədir. Eləcə də yeməklər, salatlar, içkilər və s. Müştəri menyüyə baxıb istədiyini sifariş edir.

Sahibkar müştəriyə zorla nəsə təklif edə bilməz. Buna onun hüququ yoxdur. Amma bizdə təəssüf ki, bu hallar təkrarlanır. Sahibkarlar müştərinin zəif tərəfindən «vurur». Tutalım, bir oğlan qızla çay içməyə gəlir, qızın yanında pərt olmamaq üçün şirniyyatdan imtina edə bilmir. Satıcı da fürsətdən yararlanıb masanın üzərini doldurur. Bəzi insanlarda da müəyyən komplekslər var. Utanırlar, desinlər ki, şirniyyat istəmirəm. Elə bilir, yanındakı, pula görə imtina etdiyini düşünəcək. Məgər çay içəndə şirniyyat da yemək məcburiyyətimiz var?!”.

Zorla mürəbbə, şirniyyat satdıran kafe və çayxanalarla mübarizə aparılmalıdır

E.Hüseynov bildirdi ki, istehlakçı hüquqlarının pozulması ilə bağlı dəfələrlə əlaqədar dövlət orqanlarına müraciət edib:

“Bizə bu məsələ ilə bağlı çoxsaylı şikayətlər olur. Biz də öz növbəmizdə dəfələrlə dövlət orqanlarına yazılı müraciətlər etmişik. Lakin dövlət orqanlarının heç birindən bir tərpəniş, bir hərəkət görməmişik. Bizə öz hərəkətsizliklərini sübut edən cavablar göndərirlər. Hesab edirəm ki, bu, istehlakçı hüquqlarının kobud pozuntusudur. İqtisadiyyat Nazirliyi bu istiqamətdə rasional və səmərəli iş aparmalıdır. Bundan əlavə ölkədə turizmin inkişafına da böyük maneədir. Heç bir Avropa şəhərində siz belə halla qarşılaşa bilməzsiniz ki, çay, hansısa içki sifariş etdikdə yanında nəsə başqa təamı zorla sırımağa çalışsınlar”.

E.Hüseynov oxşar təzyiqlərlə üzləşən istehlakçılara İqtisadiyyat Nazirliyinin 195-2 saylı «Qaynar xətt»inə zəng etməyi məsləhət gördü:

“Qoy vətəndaş bu nömrəyə zəng etsin. Cavab almasa da, bu, vətəndaşın öz hüquqlarını müdafiə etdiyini göstərəcək. Zorla mürəbbə, şirniyyat satdıran kafe və çayxanalarla mübarizə aparılmalıdır”.

Bakıdan Əmmana aviareys açılacaq

0
Aviareys

Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehlə görüşüb.

Bu görüş İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin cari ilin dekabrın 10-da Azərbaycana rəsmi səfərinin yekunları əsasında baş tutub. Səfər çərçivəsində Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinə iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması barədə tapşırıq verib.

C.Əsgərov və səfir bütün məsələlərdən danışıblar. Prosedur başa çatdırıldıqdan sonra Bakı ilə Əmman arasında uçuşların 2020-ci ilin may ayının sonundan etibarən həyata keçiriləcəyi barədə razılıq əldə ediblər. Reyslər həftədə iki dəfə “Buta Airways” aviaşirkətinin “Embraer 190” təyyarələri ilə yerinə yetiriləcək.

Danışıqlar zamanı C.Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin qurulması iki ölkə arasında turizmin və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.

Səfir Sami Abdullah Ğoşeh yeni reysin hər iki ölkə vətəndaşları arasında böyük marağa səbəb olacağına inandığını bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə İordaniyanın ən böyük turizm şirkətləri ilə danışıqlar aparılacaq. Həmin şirkətlərin nümayəndələri Bakıya işgüzar səfər edəcəklər.

FHN-in Akademiyasında “Xəmsə” milli intellektual oyunlarına yekun vurulub

0
Xəmsə

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında nazirliyin yaradılmasının 14-cü ildönümü və kollektivin peşə bayramı münasibətilə nazirlik işçilərinin Həmkarlar İttifaqının dəstəyi və akademiyanın Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Xəmsə” intellektual bilik yarışı keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yarışda Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri iştirak ediblər.

Yarış iştirakçıları əvvəlcə akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bilik yarışının açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin inkişafı, onların daha yaxşı təhsil almaları, intellektual səviyyələrinin yüksəldilməsi üçün əlverişli şərait yaradılıb. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə yüksək intellektual hazırlığa malik, müasir innovasiyaları mənimsəmiş, modern və vətənpərvər gənclik yetişir. Yeni əsrin çağırışlarına cavab verən gənc nəsil ölkəmizi həm yerli, həm də beynəlxalq tədbirlərdə uğurla təmsil edirlər. İntellektual bilik yarışlarının keçirilməsi Azərbaycan gənclərinin dünya görüşünün, ictimai və elmi fəallığında, dünya görüşlərinin artmasında mühüm rol oynayır. Akademiyada ənənə halını almış belə tədbirlərdən biri də “Xəmsə” milli intellektual oyunudur. Bu yarış da ölkəmizdə keçirilən digər intellektual oyunlar kimi, tələbə gənclərin zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov keçirilən tədbirin əhəmiyyətindən danışaraq bu sahədə təhsilin və elmin xüsusi rolunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərə daim diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycan Dillər Universitetinin komandası qalib adına layiq görülüb. Bakı Dövlət Universiteti ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti isə üçüncü yerə çıxıb. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar

0
Şahdağ

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

Şahdağ” Turizm Mərkəzinə gələn dövlətimizin başçısı burada xizək sürdü.

Şahdağ

Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi oxşar istirahət məkanlarından bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Son illərdə burada xeyli iş görülüb. Dövlətimizin başçısı ən hündür nöqtədə tikilən “Shahdag 2351” kafesinin qarşısında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, burada baxış meydançası yaradılıb, ərazidə ehtiyat helikopter meydançası inşa edilib, hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb.

Prezident İlham Əliyev yerli və xarici turistlərlə söhbət etdi. Turistlər “Şahdağ” Turizm Mərkəzində yaradılan şəraitdən razılıqlarını bildirdilər.

Şahdağ

Qeyd edək ki, “Welcome Shahdag” ərazisinin giriş hissəsi abadlaşdırılıb, burada yaşıllıq zolağı salınıb. “Welcome Shahdag” turistlərin mərkəzdə qarşılaşacaqları ilk nöqtədir. Bu ərazidə 363 yerlik yeni avtomobil dayanacağı inşa edilib. Qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün “Welcome Plaza” binası da tikilib. Turist avtomobillərinin rahatlığı üçün isə uzunluğu 1 kilometrə yaxın olan yeni alternativ Zirvə yolu inşa edilib.

Şahdağ

Baş Nazirin birinci müavini Yaqub Eyyubov və “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rodderix Leffler bildirdilər ki, 2018-ci ilin martından bu ilin dekabrına qədərki dövrü əhatə edən ikinci faza çərçivəsində “Şahdağ” Turizm Kompleksində ümumi uzunluğu 7,9 kilometr olan 7 eniş zolağı inşa edilib. Bu eniş zolaqlarında 81 yeni qaryaratma avadanlığı quraşdırılıb və qaryaratma üçün lazım olan kommunikasiya xətləri inşa edilib. Şahdağ ərazisində quraşdırılan müasir qaryaratma avadanlıqları ən çox qaryaratma gücünə malikdir. Hazırda kompleksdəki eniş zolaqlarının ümumi uzunluğu 22,8 kilometrə çatır və burada yeni quraşdırılan kanat yolları 1,4 kilometr uzunluğundadır. 5 saylı kanat yolunun yuxarı operator məntəqəsi dəniz səviyyəsindən 2351 metr hündürlükdə inşa edilib. Bu, 1 saylı kanat yolunun yuxarı stansiyasından 250 metr daha hündürdə yerləşir. 600 metrlik 20 saylı kanat yolu “Welcome Shahdag” ərazisi ilə Zirvə lift bazasını, 5 saylı kanat yolu isə 1 saylı kanat yolunun davamı olaraq MTG zonasını 5 saylı eniş zolağının başlanğıcı və ya “Shahdag 2351” kafesi ilə birləşdirir. O da qeyd olundu ki, təbii göl və onun ətrafında tikinti quraşdırma işləri də tamamlanıb. Ərazinin abadlaşdırılması işləri indi də davam edir və 2020-ci ilin yaz aylarında göl ətrafında yeni park zonası istifadəyə veriləcək.

Şahdağ

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, “Şahdağ” Turizm Mərkəzinin “Main Plaza” adlanan ərazisində 2 zalı olan yeni kinoteatr inşa edilib. Zalların biri 36, digəri 72 yerlikdir. Buraya gələn yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında kinoteatr mühüm rol oynayacaq. Kinoteatrın Yeni il bayramında turistlərin istifadəsinə verilməsi planlaşdırılır. Bundan əlavə, dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, “Music Hall” inşa edilib.

Şahdağ” Turizm Mərkəzində görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı dedi ki, bura indi dünya səviyyəli xizək kurortudur. Burada həm peşəkarlar, həm də yeni başlayanlar üçün çox rahat enişlər var. Gələcəkdə kompleksin genişləndirilməsi ilə bağlı əlavə planlar olacaq.

Prezident İlham Əliyev “Şahdağ” Turizm Mərkəzinin üçüncü mərhələsi üzrə layihə işləri ilə bağlı tapşırıqlarını verdi.

Dövlətimizin başçısı və xanımı turistlərlə, kompleksin işçiləri ilə xatirə şəkilləri çəkdirdilər.

Şahdağ

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” Turizm Mərkəzində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına diqqətin göstəricisidir. Bu çərçivədə “Şahdağ” Turizm Mərkəzində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir. Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan “Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak ediblər.

Tam fərqli İstanbul Turu

0
İstanbul turu

?Novruz tətilində tam fərqli İstanbul Turuna sizdə qatılın??.

❇ 19 Mart – 3 gecə (hoteldə gecələmə ilə) 6 gün – 155 $ / 264 AZN.

Qiymətə daxildir ⤵
✅ Komfortlu nəqliyyat ( gediş və dönüş, Bakıdan Qazaxadək, yolüstü bütün rayonlardan turistlərin götürülməsi ).
? 4* Hoteldə 3-gecə gecələmə
✅ Gülərüz tur rəhbəri
✅ Foto çəkiliş
✅ Hoteldə səhər yeməkləri
✅ Yol boyu çay, kofe, və sərinləşdirici sular
Ekskursiyalar ⤵
✅ Marmara dənizində vapur gəzintisi
✅ Sultanahmet camisi
✅ Yerebatan sarnıcı
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Taksim meydanı və s.
QEYD
❇ Qiymət 2 və ya 3 nəfərlik otaqlarda 1 nəfər üçün nəzərdə tutulub.
❇ Hoteldə yerləşmə 2 və 3 nəfərlik otaqlarda nəzərdə tutulub .
❇ Muzeylərə və digər gəzinti yerlərinə giriş pulları turun məbləğinə daxil deyil.
❇ Tur müddətində turistlərimizin alış-veriş etmələri və rahat gəzmələri üçün asudə zamanlarda nəzərdə tutulub.
❇ 0-5 yaş uşaqlar avtobusda yer tutmamaq şərti ilə pulsuzdur.

❇ Şəkillər turdan 1 gün sora link vasitəsilə telefonunuza göndərilir.

✅ Bakıda toplanış 19.03.2020. – – 18:00-da Gənclik Mall-ın qarşısında.Bakıdan çıxış 19:00-da.
✅ İstanbuldan Bakı şəhərinə çatma 25.03.2020. gecə 23:00-da.
❇ QEYD:Sərhədi keçən zaman müəyyən gecikmələr olduğunda Bakıya çatma zamanında fərqlilik ola bilər. ❇ QEYD: Biletin ödənişi günün məzənnəsinə uyğun olaraq alınacaq.
❇ Ekskursiyalar zamanı gediləcək yerlərdə biletlərin qiymətləri barədə ətraflı məlumat üçün qeyd olunan nömrələrimizlə əlaqə saxlaya bilərsiniz.
❇ Əlavə suallarınıza WhatsApp nömrələrimizdə cavab tapa bilərsiniz 070-264-60-30

Azərbaycanda Yeni il bayramı və turizm: otellərdə yer qalmayıb – RƏYLƏR

0
Yeni il

Hər il yeni il ərəfəsində vətəndaşlarımız müxtəlif regionlarımıza və xarici ölkələrə səfərlər edirlər. Eyni zamanda bayram günlərində ölkəmizdə, xüsusilə paytaxtda xarici ölkələrdən olan turistlərə də rast gəlirik. Bu baxımdan deyə bilərik ki, digər əlamətdar günlər kimi, Yeni il bayramı da turizm sektoru üçün mühüm əhəmiyyət kəsb edir.

Yeni il bayramı ərəfəsində ölkənin turizm həyatında baş verən proseslərlə daha yaxından tanış olmaq üçün bu sahənin mütəxəssisləri ilə əlaqə saxlamışıq.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun qeyd etdiyinə görə ölkədə artıq otellərdə yer qalmayıb: “Otellərdə dekabrın 30-undan yanvarın 5-nə kimi bütün yerlər bron edilib. Bu, əslində bizdə otel sayının az olmasını göstərir. Əsasən regionlarda otellərin inşasına ehtiyac var. Hətta 1, 2 və 3 ulduzlu otellər tikilməlidir ki, bayramı hər kəs gözəl keçirə bilsin. Təəssüf ki, bizdə otel qiymətləri çox bahadır. Otellərin çoxu heç aldıqları pulun 50%-i dəyərində xidmət göstərmirlər. Sağlam rəqabət olması üçün otellərin sayı çox olmalı və müxtəlif qiymətlər təklif edilməlidir. Sahibkarlara da vergi ödənişləri və torpaq sahələrinin qiymətində güzəştlər edilməlidir ki, onlarda həm otel inşa etməyə həvəs yaransın, həm də aşağı qiymətə xidmət təklif etsinlər. İki ulduzlu otellər tikib orda normal xidmət göstərsək, 5 ulduzlu otellərin də müştəriləri ora gələcək. 3-5 il müddətinə vergidən azad edilmə də sahibkarlara geniş imkanlar yarada bilər. Belə təcrübələrə qonşu ölkələrdə, xüsusən Türkiyədə çox rast gəlmişik”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun:

“Yeni il bayramı ərəfəsində Azərbaycana əsasən Rusiyadan, Ərəb ölkələrindən, İrandan, Gürcüstandan turistlər gəlir”.

Onun sözlərinə görə, Yeni il bayramı ərəfəsində Azərbaycana əsasən Rusiyadan, Ərəb ölkələrindən, İrandan, Gürcüstandan turistlər gəlir: “Gələn turistlər həm paytaxtda qalır, həm də bölgələrimizə səfərlər edirlər. Ölkəmizdə yaşayan xarici vətəndaşlar da təqribən dekabrın 25-dən etibarən öz ölkələrinə üz tuturlar”.

M. Ağakərimovun qeyd etdiyi kimi, bizim vətəndaşlar ən çox Rusiyaya gedirlər. Bundan əlavə Gürcüstan, BƏƏ, Türkiyə və Fransaya gedən vətəndaşlarımız da az deyil.

“Biz yerli və xarici turistləri cəlb etmək üçün otel qiymətlərini ucuzlaşdırmalı, xidmət səviyyəsini və çeşidini artırmalı, müxtəlif yaş qrupları üçün rəngarəng əyləncəli proqramlar təklif etməliyik. Bu sahədə Türkiyə təcrübəsindən səmərəli istifadə etmək lazımdır”, – Turizm Assosiasiyası sədrinin müşaviri bildirib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev turizm sektorunda yeni ilə hazırlıq prosesinin artıq oktyabr ayından başladığını bildirib: “Regionlardakı otellərdə demək olar ki, artıq yer yoxdur. Biz bu proseslərə oktyabr ayından başlamışıq. Əsasən də Qəbələ və Qusar istiqamətində daha çox intensivlik müşahidə olunur. Xaricdən gələn turistlər arasında Körfəz ölkələrindən, İsraildən, Hindistandan, Pakistandan gələnlər çoxluq təşkil edir. Artlq bütün otel və mehmanxanaların ödənişləri əvvəlcədən edilib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev:

“Noyabr ayından başlayaraq ölkədəki turizm nümayəndələri öz məhsullarını beynəlxalq partnyorlara, təmsilçiliklərə təqdim edirlər”.

Azərbaycan vətəndaşlarının da xaricə getməsi üçün təqdim edilən kampaniyalar artıq bitib. Artıq hava və quru nəqliyyatı vasitəsilə sərnişin daşınması sahəsində demək olar ki, yerlər dolub. Bizim turistlər Yeni il bayramı ərəfəsində əsasən Monteneqro, Türkiyə, BƏƏ istiqamətinə, Avropa və MDB ölkələrini paytaxt şəhərlərinə üz tuturlar. Bakıda bayram təntənəsi heç də MDB ölkələrindən zəif keçirilmir. Bu il də xüsusi hazırlıq aparılır. Artıq noyabr ayından başlayaraq ölkədəki turizm nümayəndələri öz məhsullarını beynəlxalq partnyorlara, təmsilçiliklərə təqdim edirlər”.

“Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyev Azərbaycanda bayram günlərinin Avropa ölkələrindən aşağı səviyyədə keçirilmədiyini vurğulayıb: “Hər il bayram ərəfəsində digər vaxtlar ilə müqayisədə turizm sektorunda xüsusi canlanma olur. Azərbaycana gələn və ya burdan gedən turistlər əlamətdar günlərdə bilet və otaq sifarişlərini mümkün qədər tez edirlər. Xüsusən ölkəyə gələn turistlər öz sifarişlərini artıq oktyabr ayından vermiş olurlar. Azərbaycanın turizm sektorunda ilbəil artım müşahidə olunur. Bu artımın davamlı olması üçün biz Azərbaycana gələn hər bir turistə individual yanaşma tətbiq etməliyik. Çünki onların burdan xoş təəssüratla ayrılması növbəti turist axınının təminatçısı olur”.

R.Quliyev hesab edir ki, turist mübadiləsi olmadan turizm siyasətini qurmaq olmaz: “Məsələn, bu gün Azərbaycandan Dubaya turist getməsə, Dubay Bakıya turist göndərməz. Turizmdə mütləq qarşılıqlı əməkdaşlıq olmalıdır. Burada ölkələrarası münasibətlər də mühüm rol oynayır. Azərbaycanda bayram günləri heç də Avropa ölkələrindən aşağı səviyyədə keçirilmir. Bu cür əlamətdar günlərlə bağlı bizdə təşkilatçılıq çox yüksək səviyyədədir.

Turizm üzrə ekspert Rəhman Quliyev:

“Otellərdə bahalaşmaya yol vermək olmaz”.

Bayram ərəfəsində Azərbaycana gələn turistlər içində ərəb turistləri xüsusi qeyd etmək olar. Ərəb ölkələri isti ölkələr olduğuna görə qışda ərəblər Azərbaycana əsasən qar görmək üçün gəlirlər. Onlar bizim regionlarımızı, təbiətimizi çox sevirlər. Düşünürəm ki, regionlarda festivalların sayını bir qədər də artırmaq, ekoturizm çərçivəsində keçirilən layihələrə heyvandarlıqla məşğul olan insanları da cəlb etmək lazımdır. Ərəblər bizim dağlarda quzu kəsib kabab etməyi çox sevirlər. Onlar üçün ölkəmizin xüsusi cəlbediciliyi buranın tolerant bir ölkə olmasıdır. Avropalılar isə Bakıya daha çox yaz-yay aylarında gəlməyə üstünlük verirlər”.

Onun sözlərinə görə, Azərbaycandan kənara gedən turistlər isə əsasən Dubaya, Türkiyəyə, Gürcüstana, Avropanın dağ-xizək kurortlarına üz tuturlar: “Artıq dünya ölkələrində bayram günlərində tətbiq edilən elə bir turizm təcrübəsi yoxdur ki, biz onu götürüb ölkəmizdə tətbiq etməyək. Zaman getdikcə həmin təcrübələri daha da təkmilləşdirəcəyik. Ölkəmizdə qış turizm mərkəzlərinə misal olaraq Qusarda “Şahdağ” qış-yay turizm kompleksi, Qəbələdə “Tufandağ” qış-yay turizm kompleksini göstərmək olar. Şəkidə də qış turizmi ilə bağlı bir neçə yerə baxış keçirilir və layihələr hazırlanır. Gələcəkdə turistlərin sayı artdıqca müxtəlif alternativ variantları müzakirə edə bilərik. Amma təəssüf ki, biz hələ də Azərbaycanda Türkiyə otellərindəki servis xidmətinin dublikatını yarada bilməmişik. Mən bir neçə il bundan öncə də demişdim ki, biz otel işçilərini Antalyaya pulsuz təlimlərə göndərməliyik”.

Oteldə qonaqlama qiymətlərinə gəlincə isə, R.Quliyev qeyd etdi ki, otel xidmətlərində bahalaşmaya yol vermək olmaz: “Qiymət siyasətini düzgün aparmaq lazımdır. Mən bütün dünyanı gəzdim, yalnız Azərbaycanda iki menu gördüm, biri xaricilər üçün, biri azərbaycanlılar üçün. Bütün bunlarla bərabər turizm sektorunda nəaliyyətlərimiz çoxdur və inkişafa doğru gedirik. Bu istiqamətdə Dövlət Turizm Agentliyi çox ciddi işlər aparır, müxtəlif layihələr həyata keçirir. Biz də turizmçilər olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının ətrafında sıx birləşir, onların göstərişlərinə əməl etməyi özümüzə borc bilirik”.


Azərbaycan Prezidenti: “İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı – bütün bunlar turizmlə bağlıdır”

0
turizm

“İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı – bütün bunlar turizmlə bağlıdır”.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə nitq söyləyərkən deyib.

Dövlət başşısı bildirib:

“O ki qaldı, gələcək fəaliyyətimizə, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcək. Bu baxımdan bu il əlamətdar il olmuşdur. Bir neçə dünya, Avropa çempionatı keçirilmişdir, gimnastika üzrə, digər idman növləri üzrə. O cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilmişdir. Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəlmişlər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstərmişlər, komanda hesabında 4-cü yerə layiq görülmüşlər. Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir.

Gələn il bizdə yenə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulur. Onların arasında bir nömrəli yarış futbol üzrə Avropa çempionatının dörd oyunudur, onlardan biri dörddəbir finaldır. Artıq tarixlər də bəllidir, hazırlıq işləri də aparılıb, xaricdən gələn çox böyük tamaşaçı auditoriyası olacaq. Əminəm ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir.

Ənənəvi olaraq Formula 1 yarışı keçiriləcəkdir. Futbol üzrə Avropa çempionatının oyunları ilə Formula 1 yarışı üst-üstə düşür. Ona görə təşkilati məsələlərlə məşğul olan bütün qurumların üzərinə əlavə məsuliyyət düşür. Gərək bütün bu işləri elə planlaşdıraq ki, bu iki önəmli tədbir bir-birinə maneçilik törətməsin. Ona görə indidən bütün işlər düzgün qurulmalıdır.

Formula 1 yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib. Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir. Mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər. Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyyatını da, – bunun da hesablama metodologiyası var, – hər halda bu, milyardlarla manat səviyyəsindədir. Budur, turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə.

İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı – bütün bunlar turizmlə bağlıdır. İndi ən inkişaf etmiş ölkələr, hansıların ki, böyük sənaye, kənd təsərrüfatı potensialı var, onlar da hər turist uğrunda mübarizə aparırlar. İnkişaf etmiş ölkələrdə, xüsusilə mənzərəli yerləri çox olan ölkələrdə turistlərin sayı on milyonlarla ölçülür və bundan çox böyük fayda görürlər. Bəzi ölkələrin turizm sektoru aparıcı iqtisadi sektordur. Əlbəttə, bizdə elə deyil. Ancaq bu sektorun inkişafı üçün Formula 1 yarışının xüsusi əhəmiyyəti vardır.

Əlbəttə, Yay Olimpiya Oyunlarına az vaxt qalıb. Hazırlıq son mərhələdədir. Əminəm ki, Azərbaycan idmançıları Tokio Olimpiya Oyunlarında Vətənimizi ləyaqətlə təmsil edəcəklər və bizim bayrağımız qaldırılacaq, himnimiz səslənəcək”.

Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil edilib

0
Tədbir

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi (AMM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə mərasim keçirib.

AMM-də keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə qonaqları təbrik edib. Həmrəylik günü haqda məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarına ünvanladığı təbrikini oxuyub. 2019-cu ilin ölkələrimiz üçün uğurlu nəticələrlə yadda qaldığını qeyd edib.

Diplomat Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü və Özbəkistanın bu qurumun tam hüquqlu üzvü olması, Qoşulmama Hərəkatına Azərbaycanın sədr seçilməsi və başqa uğurlarımızı sadalayıb. Bu ilin qardaş Özbəkistanla əlaqələrin dərinləşdirilməsi istiqamətində yaddaqalan il olduğunu vurğulayıb.

Daha sonra səfir hər il Özbəkistanda mətbuatla bağlı ənənəvi olaraq keçirilən müsabiqə haqqında danışıb. Özbək mətbuatında Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, təcavüzkar qonşularımızın ölkəmizə qarşı əsassız ərazi iddiasından danışılıb. Habelə Azərbaycan-Özbəkistan dostluğuna dair çoxsaylı materialların hazırlandığını və televiziya kanallarında nümayiş etdirildiyini qeyd edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, İslam Sivilizasiyaları Mərkəzi Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, professor İsroil Şamsimuxammedov 2019-cu ildə Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığından danışıblar. Elan olunan müsabiqə nəticəsində özbək mətbuatında Azərbaycana dair 500-ə yaxın materialın, məqalənin, tərcümə əsərinin çap edildiyini, televiziya verilişlərinin yayımlandığını söyləyiblər.

Sonra Özbəkistandakı səfirliyimiz, AMM və bu ölkənin Mətbuat və Kommunikasiya Agentliyinin elan etdiyi “Azərbaycana dair ilin ən yaxşı məqalə, televiziya verilişi, dostluğumuzu təbliğ edən ən fəal müəllif” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Qaliblər səfirliyin və Mədəniyyət Mərkəzinin fəxri diplomları, pul mükafatları ilə təltif olunublar.

Tədbirdə iştirakçılara ziyafət verilib, milli rəqslərimiz təqdim olunub